Aşura hadisəsinin tarixi şəraiti;
Cəmiyyətin yolunu azmasında tə`sirli olan ictimai şərait;
Cəmiyyətin yolunu azmasında tə᾿sirli olan amillər;
Bizim dövrümüzlə imam Hüseynin (ə) dövrü şəraitinin oxşarlığı;
Şeytani siyasətlərlə mübarizə yolları.
Keçən bəhslərimizdə qarşılaşdığımız suallara cavab verməklə, həm cavanların bu mövzu ilə əlaqədar mə`lumatlarını artırdıq, həm də Aşura mədəniyyətinə xidmət göstərmiş olduq.
Buna baxmayaraq qaranlıq, mətləblərinin araşdırılmasına ehtiyac duyulan suallar çoxdur. Bunlardan biri də - “Peyğəmbər (s)-ın vəfatından uzun müddət keçməsinə baxmayaraq, onun əziz nəvəsinin bu cür faciəli şəkildə qətlə yetirilməsinə şərait necə yaranmışdır?” - sualıdır.
Bu növ faciəli hadisələrə tarixdə çox az təsadüf olunur. Müəyyən səhnələrin üst-üstə düşməsi mümkün və təbii bir haldır, lakin bütövlükdə Kərbəla hadisəsinə bənzər bir faciə tapmaq çox çətindir. Bə`zi məsələlərin mərsiyəxanlar tərəfindən şişirdildiyi və sənəd baxımından e`tibarlı olmadığı söylənilsə də, Kərbəla hadisəsinin faciəli olması faktı danılmazdır. Bu faciəyə az da olsa diqqət etsək, Kərbəlada insanlıqdan uzaq və hətta ərəb xarakterinə yaraşmaz vəhşiliklər törədilib.
Bildiyimiz kimi, ərəblər dünya xalqları arasında özlərinə nisbət verdikləri bir çox müsbət, insani xüsusiyyətləri ilə həmişə fəxr etmişlər. Məsələn, qonaqpərvərlik ərəblər arasında geniş yayılmış məşhur xüsusiyyətlərdəndir. Düzdür, başqa millətlərin də qonaqpərvərlik xüsusiyyəti vardır. Lakin bu xüsusiyyət ərəblərdə daha qabarıqdır. Məsələn, ərəbin evinə gələn qonağın süfrə başında heç bir ne`məti dadmaması onlara müharibə e᾿lan etmək kimi qiymətləndirilir. Təəccüblü burasıdır ki, bu cür qonaqpərvərliyi olan bir xalq on iki min məktub yazaraq, bir dəstə qonağı öz yerlərinə də᾿vət edir, lakin hətta altı aylıq körpəyə belə su verməkdən imtina edirlər. Belə bir rəhimsizliklə tarixin heç bir səhifəsində rastlaşmaq mümkün deyildir.
İndi də bu faciənin kim tərəfindən törədildiyinə nəzər yetirək. Məhəmməmd peyğəmbərin (s) əziz övladları ilə bu cür rəftar edən kimlər idi? Kafirlər, müşriklər, məsihilər və ya yəhudilər? Tarix cavab verir ki, yox! Bunların heç biri deyildi. Heç kəs indiyə qədər deməmişdir ki, Kərbəla hadisəsini törədənlər yəhudilər olmuşdur. Baxmayaraq ki, Maidə surəsinin 82-ci ayəsində buyurulur:
“Həqiqətən müsəlmanların ən qatı düşməni yəhudilər və müşriklərdir.”
Amma bu hadisəni törədənin, imam Hüseyn (ə)-ın qatilinin yəhudi olduğunu deyən yoxdur. Həmçinin də heç kim imam Hüseyn (ə)-ın qatillərinin məsihi, zürdüşt, müşrik olduğunu söyləmir. Necə oldu ki, müsəlmanlar özləri belə bir çirkin işə yol verərək, tarixin ən böyük bir faciəsini törətdilər?
Bu çox yerində verilən mühüm bir sualdır. Bu səbəbdən də suala aydın və hərtərəfli cavab verilməlidir. Kamil və dolğun cavab vermək üçün ilk növbədə İslam tarixinin heç olmasa, Peyğəmbərin (s) zühurundan o həzrətin (s) vəfatına qədər, daha sonra isə, xəlifələr hakimiyyəti dövrünə ötəri də olsa nəzər salmalı və bu tarixi dövrü təhlil etməliyik. Lakin bu cür təhlil və araşdırma söhbətin həcmindən və mövzusundan daha genişdir. Buna görə də bu tarixə icmali şəkildə nəzər salacağıq. Daha ətraflı mə`lumat əldə etmək istəyənlər bu barədə yazılan kitablara müraciət edə bilərlər.
Peyğəmbərin (s) zühuru və həyatı dövründə məcburiyyət üzündən, müxtəlif səbəblərə görə zahirdə müsəlman olub, İslam dinini qəbul edənlər çox idi. Bu barədə Qur᾿anda ayələr də mövcuddur. Hətta “Münafiqlər” adlı surə də nazil olmuşdur. Onlar zahirdə iman gətirər, batində isə yalan danışarlar. Hətta imanlarının izharı üçün and da içərlər.
Qur᾿ani-Kərimin digər surələrində də müsəlmanlar arasında belə insanların olduğu və onların qəlbən iman gətirmədiklərinə işarə edilir. Qur᾿an hətta bə᾿zi yerlərdə zəif imanlıları, imanında süst olanları da bu dəstədən hesab edir. Məsələn, bir yerdə onlar haqqında belə buyurur:
“Münafiqlərin sifətlərindən biri də, namazda könülsüz iştirak etmələridir. Məsciddə namaz qılarlar, amma ibadət zamanı çox halsız və süst olarlar. Riyakarlıq üzündən namaza durar, lakin qəlblərində Allaha diqqət etməzlər.”
Hər halda bu ayədən görünür ki, müəyyən qədər də olsa, qəlblərində Allaha diqqət olubdur. Qur᾿anda imanları kifayət qədər yetərli olmayanlar, zəif imanlıların da münafiqlər dəstəsindən olduğuna dəlalət edən bir çox dəlillər mövcuddur. Əlbəttə, məqsədimiz bu ayələri araşdırmaq deyildir. Onlardan bir dəstəsi Məkkə fəth edildikdən sonra müsəlman olmuşdular. Peyğəmbərlə (s) uzun müddət düşmənçilik edib kin-küdurət saxlamalarına baxmayaraq, o həzrət (s) öz məhəbbət əlini onların başlarına çəkir, onları “tuləqa”, yə`ni azad olunmuşlar adlandırırdı. Bəni-Üməyyə tayfasının əksəriyyəti də bu dəstədəndirlər. Sonradan müsəlmanlara qaynayıb-qarışmış, əlaqə yaradıb, qız alıb, qız vermişdilər. Amma əksəriyyətinin doğru-düzgün imanı yox idi. İmansızlıqları bir tərəfə, qəlblərində Peyğəmbərə (s) nifrət hissi bəsləyir ona paxıllıq edirdilər.
Bunların bə᾿ziləri Qüreyş tayfasından idilər. Əlbəttə, adlarını çəkmədiyim üçün məni üzürlü hesab edin. Dediklərimi təsdiq edəcək çoxlu sənədlər vardır ki, Peyğəmbərin (s) adı azanda çəkiləndə, o adamlar narahat olurdular.
Qüreyş qəbiləsi arasında bir-birinə çox yaxın olan iki tayfa var idi; onlar əmioğlu kimi idilər. Peyğəmbər (s) haqqında isə belə deyirdilər: “Bu əmioğluna baxın siz; yetimin biri idi, kasıb ailədə böyümüşdü, indi iş o yerə çatıb ki, adını Allahın adının yanında çəkirlər”. Bu məsələdən çox narahat olurdular. Nə isə...
Bunlardan bə᾿ziləri Peyğəmbərin (s) vəfatından sonra 25 il müddətində İslam cəmiyyətində müxtəlif böyük vəzifə və məqamlara yiyələndilər. Nəhayət, növbə Əli (ə)-ın xilafət dövrünə çatdı.
Bildiyimiz kimi, Əli (ə) zahiri hökumətə yetişməzdən əvvəl, Müaviyə Şamda ikinci xəlifə tərəfindən oraya rəhbər tə᾿yin olunmuşdu. Necə deyərlər, Şamın icra hakimi və ya valisi idi. Üçüncü xəlifənin də zamanında öz hakimiyyətində qalmış, hətta üçüncü xəlifə ilə qohumluq əlaqələrinə görə əlavə səlahiyyətlər də almışdı. Buna görə də Müaviyə Şamda özü üçün yeni bir icra aparatı qurmuşdu. Şam Mədinədən xeyli aralı idi və Rum ölkəsi sərhədlərində yerləşirdi. Özü də qismən Rumun nüfuz dairəsində idi.
Şam əhalisi fəthlərdən sonra islamı qəbul etmişdi və bir növ yeni müsəlman sayılırdı. Rabitələri də rumlularla idi və bir-birləri ilə sıx iqtisadi əlaqələri var idi. Şam camaatı yerləşdikləri coğrafi məntəqədən və on illərlə onlara hakimiyyət etmiş hakim rejimin tə᾿sirindən asılı olaraq, İslam maarifini yetərincə mənimsəyə bilməmişdilər. Müaviyə isə onların İslamı dərindən öyrənib, hökmlərin icra edilməsində maraqlı deyildi. Onun yeganə məqsədi hakimiyyət əldə edib, səltənətdə qalmaq idi. Ümmətin imanlı olub-olmaması onu bir o qədər də maraqlandırmırdı. Nəhayət, Əli (ə) xilafətə çatdıqdan sonra Müaviyə Osmanın qətlini bəhanə edərək, Əli (ə)-a qarşı üsyana başladı. Mən bütün baş vermiş hadisələri təfsilatı ilə danışmaq deyil, sadəcə mühüm nöqtələri göstərməklə, tarixin keçid mərhələlərinə işarə etmək istərdim.
Müaviyə bir müddət Əli (ə)-la müharibə şəraitində öz qanunsuz hakimiyyətini davam etdirdi. Nəhayət, Əmr Asın, İslamdan qabaq Qüreyş qəbiləsinin böyükləri olan digər qohum-əqrəbasının, dostlarının və müxtəlif hiylələrin yardımı ilə həlledici savaş olan Süffeyn müharibəsini Əli (ə)-ın zərəri hesabına xitam verdi. Həmin savaşda «həkəmiyyət» məsələsi meydana çıxdı və müharibə danışıqlar yolu ilə həll olundu. İki tərəf arasında tə᾿yin olunmuş hakim məharətlə aldadıldı və xilafət Müaviyəyə verildi. Nəhayət, Əmirəl-mö᾿minin Əli (ə) xəvaricin əli ilə şəhid edildi.
O həzrətdən (ə) sonra növbə imam Həsənə (ə) çatır. İmam Həsən (ə) da bir müddət Əli (ə)-ın başladığı mübarizəni davam etdirdi. Müaviyə müxtəlif üsullardan istifadə edərək, imam Həsəni (ə) məcburi sülh danışıqlarına vadar etdi. Tarixin bu anından yavaş-yavaş Kərbəla hadisəsinə yaxınlaşırıq. Bundan sonra Müaviyənin hakimiyyətini əldə saxlamaq üçün çəkdiyi planlar olduqca məharətlidir. Əgər o zamanın bacarıqlı siyasətçilərinin adını çəkmək istəsək, deməliyik ki, şeytani siyasətdə Müaviyə birinci olacaqdır. Əlbəttə, bu təhlili bir araşdırmadır. Bu məsələni tarixi baxımdan geniş şərh etmək üçün mö`təbər mənbələr və sənədlər araşdırılmalıdır. Lakin bu vaxta qədər aprılan təhlillər bunu göstərir ki, Müaviyə öz hökumətinin qorunub-saxlanılması üçün bu işin xeyrinə olan bütün üsullardan istifadə edirdi. Onların hökuməti «xilafət» adlanırdı. Amma həqiqətdə rumda və farsda olduğu kimi, şahlıq üsul-idarəsi idi. Həqiqətdə onların arzusu krallıq, imperatorluq etməkdən ibarət idi. Onlar hökumətlərinin davamı üçün yaşadıqları cəmiyyətin imkan verdiyi bütün şəraitlərdən istifadə edirdilər.
1. Cəmiyyətin mədəni-mə᾿nəvi səviyyəsi;
Cəmiyyəti uçruma sürükləyən ilk zəminə, onların mə᾿nəvi səviyyəsinin aşağı olmasıdır. İslam mədəniyyətinin cəmiyyətdə yer tutmasından 50 ilə yaxın vaxt keçməsinə baxmayaraq, din Mədinədən ucqar Rum sərhədlərinə qədər yayılıb möhkəmlənməmişdi. Hamının İslam mədəniyyəti ilə tərbiyə olunub, İslam maarifinə yiyələnmələri bizim düşündüyümüz qədər də sadə iş deyildi. Həmin ucqar ərazilərdə hakimiyyətin Müaviyə kimilərin əlində olması vəziyyəti bir neçə dəfə ağırlaşdırırdı. Bir sözlə, Müaviyənin öz siyasətində üzərində dayandığı mühüm nöqtələrdən biri, hakimi olduğu camaatın mədəni səviyyəsini inkişafdan saxlamaq, ümumi maarifləndirmə məsələsinə məqsədyönlü şəkildə zərbə vurmaq idi.
2. Qəbilə ruhlu həyat tərzi;
Müaviyənin öz siyasətində diqqət yetirdiyi mühüm məsələlərdən biri də, o zamankı həyat tərzinin qəbilə, tayfa ruhunda olması idi. Belə ki, bu cür qəbilə qanunlarının hakim olduğu bir cəmiyyətdə son qərarı çıxardıb, müqəddəratı tə`yin edən qəbilə başçısı idi. Qəbilə üzvlərinin hamısı olmasa da, əksəriyyəti başçının göstərişləri əsasında hərəkət edərdilər. Bu xüsusiyyətin özünə görə həm müsbət, həm də mənfi cəhətləri vardır. Əgər bir qəbilə başçısı İslam peyğəmbəri həzrət Məhəmmədə (s) iman gətirirdisə, qəbilənin digər üzvləri də müqavimətsiz, çox sadəliklə müsəlman olurdular. Qəbilənin başçısı mürtəd olurdusa, qalan üzvləri də mürtəd olub dindən çıxırdılar. Necə ki, Peyğəmbərin (s) vəfatından sonra belə bir hadisə baş verdi; bə`zi qəbilələr İslamdan dönüb öz əvvəlki ayinlərinə qayıtdılar. İnsanlar qəbilə başçısına itaət etdiyindən Müaviyə bu fürsətdən yerində bəhrələnə bilirdi.
3. İmanın zəifliyi;
Başqa bir məsələ də xalqda imanın zəifliyi idi. Xüsusilə də Şamda camaata düzgün tə᾿lim verəcək bir müəllim və tərbiyəçi yox idi. Buna görə də zəif imanlılıq Şamda daha çox hiss olunurdu. Hətta Mədinənin özündə; baxmayaraq ki, camaat Peyğəmbərin (s) şəxsən özünün nəzarəti altında İslami biliklərə yiyələnmişdilər, lakin o həzrətin (s) vəfatından az bir müddət sonra Qədir-Xum məsələsini unutdular. Cəhalətdə ad çıxarmış Şam camaatının vəziyyətini yəqin ki, təsəvvür etmək çətin deyildir. Bunlar ictimaiyyəti azğınlığa sürükləyən, o zamankı mühitin formalaşmasına zəmin yaradan amillər idi və Müaviyə məharətlə bunları öz siyasətinin xeyrinə yönəldə bilirdi. Sadaladığım bu amillər, yə᾿ni xalqın cəhalət və nadanlığı, mədəni səviyyəsinin aşağı olması, qəbilə ruhlu həyat tərzi sürmələri, imanın zəif olması qeyd olunan dövri şəraitin izahı idi.
Müaviyənin belə bir mühitdən lazımınca faydalana bilməsi üçün istifadə etdiyi üç mühüm amil çox tə᾿sirli idi. Əlbəttə, belə amillərdən istifadə etmək təzə bir şey deyil. Lakin Müaviyə bunları yaxşı başa düşür və onlardan yerindəcə istifadə edirdi. Adətən, qədim zamanlardan bu günümüzə qədər, elə indinin özündə də dünya siyasətçiləri bu üç amildən istifadə etmişdir:
1. Təbliğat;
Birinci amil təbliğat olub, siyasətçilərin xalqın fikrini dəyişməkdə, yeni ictimai fikir formalaşdırmaqda və onları istədikləri səmtə yönəltməkdə istifadə etdikləri əsas üsullardan sayılır. Müxtəlif cəmiyyətlər və mədəniyyətlər bir-birindən fərqləndiyi kimi, təbliğat amilindən istifadə yolları da fərqlidir. O vaxtkı İslam cəmiyyətində təbliğat amillərinin ortaya atdığı məsələlər, bu günlər tez-tez eşitdiyimiz humanizm, plüralizm, insan hüquqları, vicdan azadlığı kimi məsələlər deyildi. Həmin cəmiyyətdə hakim ideologiya İslam idi. Müsəlmanlar Allaha və Peyğəmbərə (s) inanırdı; müxtəlif məzhəblər və islami təfsirlər də yox idi. Amma başqa amillər var idi ki, təbliğatda onlardan istifadə edirdilər.
O zamanın təbliğat amillərindən biri, incəsənət və ədəbiyyat, xüsusilə də şe᾿r idi. O dövrdə ərəblər arasında şe᾿r xüsusi yer tuturdu. Hamınız eşitmisiniz ki, Müaviyə öz mədhində və eləcə də müxaliflərinin həcvində məşhur şe᾿rlər yazdırıb, camaatın arasında yayırdı. Belə şairlərdən ən çox tanınmışı Əxfəl Nəsrani idi; olduqca məharətli bir şair olan Əxfəl, bu kimi işlər üçün xüsusi şagirdlər də tərbiyə edirdi.
Amma İslama daha çox meyilli olan dindarlar arasında ən mö᾿təbər və mühüm məsələ Qur᾿an və hədis idi. Buna görə də Müaviyə bir sıra adamları bu sahədə ələ almaqla, onları yalandan hədis uydurmağa təşviq edirdi. Belə uydurma hədis söyləyənlərdən biri də Əbu Hüreyrə idi. Bu adam haqqında sünni qardaşlarımız bir neçə kitab da yazıblar. Əbu Hüreyrə özündən çox qəribə hədislər uydurur və onları Peyğəmbərə (s) nisbət verirdi. Sadə camaat da sadəlövlükləri üzündən ona inanardılar. Bundan başqa, o zamanlar bir sıra yaxşı Qur᾿an tilavət edən kəsləri “qurra” adlandırırdılar. Qari olmaq, yə᾿ni yaxşı Qur᾿an qiraət edə bilmək o zaman mühüm məqamlardan sayılırdı. Əlbəttə, qiraət ancaq Qur᾿anı gözəl səslə, təcvid qaydaları üzrə oxumaqla bitmirdi. Dinin böyük alimlərini o zaman “qari” adlandırırdılar. Bu adamlar həm Qur᾿anı yaxşı oxuyar, həm ayələri təfsir edər, həm də ayələrin mə᾿nalarını açıqlayardılar. Əksəriyyəti də bütün Qur᾿anı əzbər bilərdilər. Müaviyə xüsusi olaraq bu üç dəstədən – qari, şair və hədis söyləyənlərdən öz təbliğat maşınının güclənməsi və hərtərəfli olması üçün istifadə edərdi.
2. Təşviqat;
Müaviyə xüsusi bir dəstəni şe᾿r, hədis, Qur᾿an vasitəsi ilə aldatmağa müvəffəq olurdusa, xalqa ümumi şəkildə yalnız təbliğatın bu vasitəsi ilə tə᾿sir edə bilmirdi. Qəbilə başçılarına vəzifələr və᾿d etmək, müxtəlif bahalı hədiyyələr bağışlamaq və qızıl dolu kisələr verməklə də onları ələ alardı. Bir sikkə qızılın bu gün bizim üçün dəyəri çox böyükdür. İndi təsəvvür edin bir kisə qızıl, yüz min dinar qızıl və hətta bir milyon qızıl nə deməkdir. Bu rüşvət müqabilində razı olmayanlar çox az idi.
3. Təhdid.
Nəhayət, yerdə qalan camaatı da qorxutmaq və hədələməklə öz itaətində saxlayırdı. Müxalifət edənləri, ağızlarından Müaviyə əleyhinə bir söz çıxaranları tutub kötəkləyir, zindana salır və ya e`dam edirdilər. Müaviyə bu üç mühüm amilinin köməyi ilə cəmiyyəti öz şeytani hədəflərinə doğru istiqamətləndirə bilirdi.
Müaviyə Şam əhalisini bu amilllərin və öncə işarə etdiyimiz şəraitlərin vasitəsi ilə idarə edirdi. Bu işin nəticəsi nə oldu? Xalq necə yetişib tərbiyə olunurdu? İndi bunları geniş surətdə izah edəcək fürsətimiz yoxdur.
Dəfələrlə eşitmisiniz ki, Müaviyə öz arzuladığı cəmiyyəti Əli (ə)-ın şəhadətindən sonra, bir müddət də imam Həsənin (ə) vaxtında, təqribən iyirmi il müddət ərzində qura bilmişdi. Əli (ə)-ın şəhadətindən qabaq da təqribən iyirmi il Ömər ibni Xəttabın zamanında Şamda hakimiyyətdə olmuşdu. Bu müddət ərzində də həmin məqsəd uğrunda çalışmış, lazım olan şəraiti yarada bilmişdi. Belə işlər üçün kifayət qədər təcrübəsi var idi. Bir sıra şəxsləri yaxından tanıyıb, təcrübədən çıxarmışdı. İstədiyi planı həmin üç amilin köməyi ilə reallaşdırırdı. Ömrünün axırları yetişəndə, uzun illərin zəhməti nəticəsində qurub-yaratdığı padşahlığı öz oğluna ötürmək üçün bütün gücünü səfərbər etmişdi; vəsiyyət edərək, oğlu Yezidi öz yerinə canişin qoymaq istəyirdi. Özü bilirdi ki, Yeziddən hökumət başçısı çıxmaz. Amma bununla belə, ona idarəçilik işlərini öyrətmək üçün xüsusi müəllimlər və siyasətçilər tutmuşdu. Deyilənlərə görə öz vəsiyyətində Yezidə xitabən belə demişdi: “Mən sənin hakimiyyətdə qalmağın üçün heç bir atanın oğluna edə bilməyəcəyi bütün şəraiti hazırlamışam. Taxt-tac səni gözləyir, bunun üçün hər bir şey hazırdır. Amma bir neçə məsələyə diqqət yetirməlisən”. O, Yezidə Mədinə və Hicaz camaatını, oranın öz xarakterinə uyğun idarə etməsi üçün göstərişlər verərək deyir: “İraq camaatının xüsusiyyəti belədir ki, onlar tez-tez hakimlərinin dəyişməsini istəyirlər. Əgər onlar gündə bir dəfə belə bir fikrə düşsələr, qəbul et; onların hakimlərini tez-tez dəyişdir. Bu sənin üstünə yüz min siyirmə qılıncın çəkilməsindən daha yaxşıdır. Hicaz camaatına ehtiram və qayğı göstər. Çünki, onlar özlərini əsil İslam övladları hesab edirlər. Nə vaxt sənin yanına gəlsələr, onları yaxşı qarşıla, hədiyyələr ver. Yanına gəlməsələr, sən öz tərəfindən onlara baş çəkib, vəziyyətlərini xəbər alacaq nümayəndələr göndər”. Daha sonra əlavə edir: “Bir neçə nəfər vardır ki, asanlıqla sənə tabe olmazlar: Əbu Bəkrin oğlu, Ömərin oğlu, Zübeyrin oğlu və nəhayət, Əlinin oğlu. Bu dörd nəfərdən üçü xəlifə oğlu olublar. Onlardan biri xəlifə oğlu olmasa da, xəlifəliyə namizədin övladıdır. Zübeyr xəlifəliyə namizəd göstərilən altı nəfərdən biridir. Bu dörd nəfərdən özünü gözləməlisən”. Müaviyə bunların hər birisi haqqında necə rəftar etməli olacağını Yezidə başa salır. İmam Hüseynə (ə) çatanda belə deyir: “Heç vaxt Hüseyn ibn Əli ilə qarşıdurma yaratma! Bacardığın qədər ondan bey᾿ət almağa çalış. Bey᾿ət etməyib səninlə döyüşə başlasa, qalib gəlsən belə, yenə də onunla mehriban rəftar et. Onunla düşmənçilik sənə xeyir gətirməz. Hətta iş müharibəyə gətirib çıxarsa və sən müharibəni qazansan belə, onunla pis rəftar etməməlisən. Çünki o, Peyğəmbərin (s) əziz-xələf nəvəsidir. Xalq arasında xüsusi ehtiramı var və onun şəxsiyyəti digərlərindən fərqlənir”.
Baxmayaraq ki, Müaviyə nəsihət edərək, Yezidə bu kimi tövsiyələr etdi; amma bildiyimiz kimi, o, bunlara da riayət etmədi. Yezid xilafətə gələn kimi, Mədinə hakiminə bu dörd nəfərdən bey᾿ət alınmasını, əks təqdirdə, boyunlarının vurulmasını əmr etdi. Əlbəttə, bu hadisələri təfsilatı ilə söyləmək istəmirəm. Bütün tarixlərdə yazılmış bu hadisələri dəfələrlə eşitmisiniz. Mümkündür ki, yeniyetmələr bu məsələni bir o qədər də təfsilatı ilə bilməsinlər. Hər halda, bu barədə geniş surətdə danışmaq istəmirəm. Məqsədim, camaatın asanlıqla, qısa bir müddətdə İslamdan nə üçün üz döndərdiklərini təhlil edib göstərməkdir.
Bəli, həmin insanlar az bir müddət ərzində hər şeyi unudub, Peyğəmbərin (s) əziz nəvəsini qətlə yetirdilər. Özü də belə əziz və sevimli bir şəxsi. Elə bir şəxsi ki, zahirini görən heyran qalır, əxlaqını görən məftun olurdu. Əgər biri ondan bir şey istəsəydi, ona o şəkildə lütf edərdi ki, əl açan adam nə boynunu bükər, nə də xəcalət çəkərdi. Bu cür insanı vəhşicəsinə öldürdülər. Niyə belə olmalıydı?
Bütün bunları müqəddimə olaraq söylədik ki, o zaman xalqın necə bir mədəniyyətə sahib olduğunu və təfəkkür-tərzini biləsiniz. İmamət nuru qəlblərinin dərinliyinə nüfuz etmiş həqiqi mö᾿minlər nəinki o zamanda az idilər, bəlkə həmişə az olmuşlar və az olacaqlar da.
Rəhbərin cəmiyyətdə müvəffəqiyyəti budur ki, ümumi və orta səviyyəli təbəqənin əqidə və fikrinə cəhət və istiqamət verə bilsin. Ali səviyyəyə yüksəltmək əməli olaraq, mümkün deyildir. Ləyaqətli bir ölkə başçısının hünəri budur ki, günbəgün orta səviyyəli adamların fikrini müsbət, xeyirli səmtə yönəldə bilsin; onları hər gün haqqa doğru yaxınlaşdırsın. Hər halda, bütün şəraitlərdə imanlarını qoruyub-saxlaya biləcək kamil mö᾿minlər azdır. O zamanlar da belə şəxslər var idi.
Əgər imam Hüseyn (ə), imam Həsən (ə) və yaxud digər bir imam bu şəraitdə Müaviyə ilə üz-üzə dayansaydı, ona gizli şəkildə sui-qəsd ediləcəkdi.
Sonra Müaviyə öz təbliğat vasitələrini işə salaraq, şe᾿rlər yazdırmaq və hədislər uydurmaqla imamlar əleyhinə ittihamlar, töhmətlər yağdıracaqdı. Bütün dövrlərdə olduğu kimi, o zamanda da bir sıra saray axundları, hökumət mollaları var idi ki, işləri xalqı azdırmaq, hakimlərin xeyrinə fikir formalaşdırmaq idi. Elə indi də belələri var. Həmişə və hər yerdə bunların zalım hökumətlərin siyasətini həyata keçirməkdə rolu digərlərindən daha çox olmuşdur. Xüsusilə də, dindar bir cəmiyyətdə camaatın gözü alimlərə dikildikdə bunların atı daha sür`ətli gedir.
Qur᾿anda bütün dinlərdə ortaya çıxan hər cür əxlaq və fəsadların, məhz belə satqın ruhanilərin əli ilə həyata keçirildiyi qeyd olunmuşdur.
Bütün ixtilaf, qarşıdurma, azğınlıq və fitnə-fəsad kələfinin ucu da bu işdə təcrübəli olanların əlində olmuşdur. Elə oğrular var idi ki, çıraqla gəlmişdilər və Müaviyə kimi hakimlər belələrini kəşf edib, pul və tamahlandırma yolu ilə ələ almışdılar. Əgər bu alimlərdən biri qeyrətli çıxsaydı, onu təhdid etmək və öldürməklə səhnədən xaric edirdilər. Necə ki, Əli (ə)-ın bir çox böyük səhabələri bir-birinin ardınca qətlə yetirilirdi.
Hücr ibni Ədi (Üdey), Meysəm Təmmar və imanlarında möhkəm olub, heç bir amilin tə᾿sirinə qapılmayan digər şəxslərin axırı ya zindan, ya da e᾿dam olurdu. Bu qətllər ya rəsmi, ya da terror şəklində icra olunurdu.
Xalqın İslam qanunlarından üz döndərib yolunu azması, hətta dini heysiyyətlərini əldən verməsi, milli qürurunu itirməsi, tayfa əxlaqına belə məhəl qoymaması yuxarıda söylədiyim üç amilin tə᾿sirindəndir ki, Müaviyə onlardan məharətlə istifadə edirdi. Bütün zamanlarda bu üç amil həmişə fitnə-fəsada səbəb olmuş, olur və olacaqdır.
Əgər biz Məhərrəmlikdən dərs almaq istəyiriksə, gərək bu cür dərs alaq. Fikirləşək, necə ola bilər ki, camaat Peyğəmbərin (s) əlləri üstündə böyümüş imam Hüseyni (ə) qətlə yetirir? Həmin insanlar dəfələrlə müşahidə edib görmüşdülər ki, Peyğəmbər (s) minbərə çıxıb danışanda, imam Hüseyn (ə) minbərə yaxınlaşsaydı, uşağın qəlbi inciməsin deyə, bir anlığa sözünü saxlayıb aşağı enər, o həzrəti qucağına götürüb yenidən minbərə çıxar, onu öz dizləri üstündə oturdardı. Peyğəmbər (s) onun ağlamasına dözə bilmirdi. İmam Hüseyni (ə) dönə-dönə ümmətinə tapşırardı... Amma həmin ümmət imam Hüseynlə (ə) belə rəftar etdilər.
Bu günün özündə də bir nəfər İslam cəmiyyətini öz həqiqi yolundan azdırmaq istəsə, həmin üç amil olan tamah, təhdid və təbliğ vasitələrindən istifadə etmək məcburiyyətində qalacaq. Siz elə fikirləşməyin ki, bir millətin taleyini dəyişmək üçün hökmən ayrı-ayrı dövlətlər rol oynamalıdır. Xeyr, o millətin öz arasında olan münafiqlər, İslamın əvvəllərində olan münafiqlərin imam Hüseynin (ə) başına gətirdikləri işdən az iş görmürlər. O zamanın özündə də ehtiyac yox idi ki, Rum, Çin və ya İrandan gəlsinlər. İmam Hüseyn əleyhissəlamın qatilləri öz əmioğlanları idi.
Qüreyş qəbiləsinə çatan tayfaları nəzərdə tutmuram. Bəni-Üməyyə və Bəni-haşimdən olanlar əmioğlu idilər. Bu günkü cəmiyyətdə özümüzkülərin xəyanəti az imiş kimi, xaricdən də bunlara kömək edirlər. Amma birbaşa rolu daxildəki amillər ifa edirlər. Düşünməyin ki, bir millətin dəyərlərini əzmək üçün hökmən kənardan kimsə gəlməlidir. Xaricilər daxili amilləri araşdırıb üzə çıxardıqdan sonra onlara təbliğatın himayəsi, maddi köməklik göstərmək və ya digər formalarda yardım edirlər; məsələn onu aranı qarışdırıb, suyu bulandırmaq və fitnə-fəsad törətməklə gücləndirirlər. Düzdür ki, belə fitnələrin çoxu daxili qüvvələrin əli ilə olur. Amma münafiqlər xarici deyillər? Elə burada doğulub, boya-başa çatan adamlardır. Bunların çoxu din və millətin xidmətçisi adı ilə ortalığa çıxıblar. Bu gün İslamın, imam Hüseynin (ə) əleyhinə çıxış edən düşmən öz cəmiyyətimizdə böyümüş adamlardan seçilir. Bu şəxslər bir müddət İslam adından danışıb, din və milləti müdafiə edən şəxslər olur. Amma bu gün bu dəyərləri inkar edir, ona qarşı çıxır! Deyir: “İslam dini bu günün tələblərinə cavab vermir”. Belə şəxslərin Amerikadan gəlməsi lazım deyil; özümüzdə də bu kimi mənfur simalar tapılır. Qeyd etdik ki, bunlar adi şəxslərdən olmur, onlar bir zaman millətin hamisi sayılırdılar. Belələri demokratiya adı, azadlıq şüarı ilə istədikləri xəyanəti edirlər. Əgər bu arada xarici qüvvələr də at oynadıb, meydan sulayırlarsa, məhz bu cür xainlərin hesabına olur. Təəssüflər olsun ki, belələri yüksək məqamlara asanlıqla yiyələnir, hökumət dairələrinə nüfuz edir, kütləvi informasiya vasitələrində tez-tez peyda olaraq, din haqqında öz qərəzli mövqeyini bildirirlər. Əgər İmam Hüseyn (ə) “hidayət nuru”dursa və bu nur xalqın ürəklərinə saçaraq, onların yolunu aydınlaşdırırsa, bu zamanda həmin nurdan istifadə olunmalıdır. İslam düşmənləri o zaman dinimizi necə təhrif edib, başqa cür qələmə vermiş, böyük şəxsiyyətlərə töhmət vurub, nəhayət İmam Hüseyn əleyhissəlamı qətlə yetirmişdilərsə, bu gün də İslam düşmənləri həmin üsulla zamanın Hüseynini öz yolundan döndərməyə çalışırlar. Bu gün də həmin amillərdən, vasitələrdən istifadə edirlər. Ümumi yolları da həmin təbliğ, təhdid və tamahlandırmadır. Mən nə qədər fikirləşdimsə də, dördüncü amili tapa bilmədim. Əlbəttə, şəraitlər mühitdən asılı olaraq, bir-birindən fərqlənir. Mümkündür, indi başqa şəraitlərdən istifadə olunur. Amma istifadə olunan amillər qeyd edilən üç amildir.
Görün İslam düşmənləri bu gün dünyada İslama qarşı hansı yollardan istifadə edirlər. Təbliğat üsullarına və məzmunlarına diqqət yetirin? Görəsən vurmadıqları iftira, töhmət qalıbdırmı? Bu xalqın büdcəsi hesabına əksər informasiya vasitələrində istədikləri iftira, töhməti yazıb-danışır, camaata yayırlar. Əksər xəbərsiz cavanlar da bunların tə᾿siri altına düşür. Sizcə bunların günahı imam Hüseyni qətlə yetirən adamların günahından azdırmı? Bunların onlardan nə fərqi var ki? Bu adamların günahı Müaviyənin və tərəfdarlarının günahından azdırmı? Din pərdəsi altında bu cür fitnə-fəsad yayan şəxslərin Əbu Hüreyrə və onun kimilərdən nə fərqi var? Bəlkə də İslamın geniş yayıldığı, İslama diqqətin artıdığı bir vaxtda belə adamların günahı, eləcə də xalqına xidmət göstərən şəxslərin əcr və savabı daha çoxdur. Çünki, istər xidmət olsun, istərsə də xəyanət, hər ikisinin tə᾿sir əhatəsi çox böyükdür. Müaviyə hakimiyyətə gəldikdə, xalqın səviyyəsi də aşağı idi. Necə deyərlər, iki ulağın arpasını bölə bilmirdilər.
Müaviyə bə`zən bu xalqın nadanlıq və ya “itaətkar”lığını sübuta yetirmək üçün cümə namazını çərşənbə günü qılır, heç kəs də ona e᾿tiraz etmirdi. Hətta Əməvi xəlifələrindən biri kefli halda camaat namazına durub, sübh namazını iki rəkət əvəzinə dörd rəkət qılmışdı; ona sübh namazının iki rəkət olduğunu söyləyəndə, belə demişdi: “Bu gün kefim kökdür, istəyirsiniz bir-iki rəkət də artıq qılım”. O zamanlar İslam düşmənləri bu cür avam kütlə üzərində hakimiyyət edirdilər. İndiki zamanda cavanları belə asanlıqla aldatmaq olmaz. Amma müasir dövrdə düşmənlərin hiylələri də insanların səviyyəsinə mütənasib şəkildə artmışdır.
Siz hətta İslamdan qabaqkı cahiliyyət dövrünə də nəzər salsanız görərsiniz ki, ərəblər arasında Hərmələdən daha rəhimsiz adam tapmaq olmaz. Son nəfəslərini yaşayan altı aylıq bir körpəni boğazından zəhərli oxla vuran belə yırtıcı harada tapmaq olar? İslamdan qabaq bu həddə qədər adam var idi? Mən inanmıram İslamdan qabaq törədilən vəhşiliklər arasında bundan alçaq bir hərəkət olsun.
İslamın zühur və inkişafından sonra Yezid, Şimr və Hərmələ kimi şeytanlar meydana çıxaraq, İslam əleyhinə mübarizəyə başladılar. Çox qəribədir, Qur᾿an nazil olmağı ilə bir tərəfdən mö᾿minlər hidayət olunur, digər tərəfdən də zalımların zülm, küfr və azğınlığı daha da artırdı.
Yağış suyunun tə`siri də belədir. Bir yerdə xoş ətirli gözəl güllər bitirir, digər yerdə zəhərli ot və tikanlara can verib, qüvvətləndirir.
İslam cəmiyyətində bir tərəfdən salmanlar, əbuzərlər, əmmarlar, meysəm təmmarlar, səid ibni cübeyrlər kimi xalis mö᾿minlər yetişir. Elə kəslər ortaya çıxır ki, Aşura gecəsi deyirlər: “Bizi əgər yetmiş dəfə qanımıza qəltan edib yenidən diriltsələr, yenə də sənin bayrağın altında şəhid olmağı arzu edərik”. Digər tərəfdən də rəhimsiz və azğınlar baş qaldırır. Elələri tapılır ki, ilahi hidayəti ayaqlar altına salır, Allahın rəhmətindən üz döndərir, get-gedə azğınlaşıb, daha da qəddarlaşırlar.
Bizim özümüzdə də bir tərəfdən elə ürəkaçan güllər yetişib ki, İslam tarixi boyunca belələrinə rast gəlmək çox çətin olar. Tələbəlik illərində İslam tarixini yenicə öyrənməyə başladığım vaxtlarda, rast gəldiyim bir hadisə məni həddən artıq mütəəssir edib təəccübləndirmişdi. Dediyim hadisə Hənzəleyi Qəsil adlı bir nəfərdən bəhs edir:
İslamın əvvəllərində Hənzələ adlı bir cavan oğlan olur. Bu cavan özünə toy edir, toyun səhərisi qalxıb Ühüd müharibəsinə gedir. Toy axşamının səhərisi fürsət tapıb qüsl ala bilmədiyinə görə, elə cənabətli halda da şəhid olur. Peyğəmbər (s) onun şəhadəti zamanı bir anlığa ayağa qalxıb buyurur: “Bu anda mələklərin asimandan su endirib, Hənzələyə qüsl verdiklərini müşahidə edirəm”. Bu münasibətlə də ona tarixdə “mələklərin qüsl verdiyi Hənzələ” deyirlər. “Hənzəleyi-Qəsil” qüsl verilmiş Hənzələ deməkdir. Bir cavanın öz bəxt gecəsinin səhərisi müharibəyə gedib şəhid olması məni çox təəccübləndirdi. Amma bizim inqilabda yüzlərlə, minlərlə Hənzələ kimi cavanlarımız var idi. Neçə-neçə şəhidlərimiz vardır ki, şəhadətə yetişən zaman tikələrinin belə, tapılmamasını arzu edirdilər.
Mənim yaxın tələbə yoldaşlarımdan biri neçə il müharibədə vuruşduqdan sonra batalyon komandiri oldu. O deyirdi: “Allahdan ancaq bir arzum var; seyyid bir qızla evlənmək istəyirəm“. Nəhayət on min tümən borc tapıb, seyyid bir qızla toy edir. Neçə il müharibədə can qoymasına baxmayaraq, toyunun üçüncü günü cəbhəyə qayıdır və qayıdan kimi də şəhid olur. Allahdan arzu etmişdi ki, şəhid olan zaman tikə-tikə olsun, cəsədindən əsər-əlamət qalmasın...; belə də oldu...
Bu inqilabda bir tərəfdən elə cavanlar çıxırdı ki, ariflərin yüz ilə getdiyi yolu bir gecədə başa vururdular. Bunun müqabilində elə münafiqlər də üzə çıxırdı ki, nifaq salmaqda, şeytanlıqda tayı-bərabəri yox idi. Təəssüflər olsun ki, bu günlər belə münafiqlər cəmiyyətimizdə böyük ehtiramla yaşayıb fəaliyyət göstərirlər.
Niyə? Ona görə ki, əvvəldən təbliğat maşınını işə salıb zorakılığı pisləyir, demokratiyadan dəm vurub, azadlıqdan danışır, sazişçilik hisslərini aşılayaraq, xalqın qeyrətini süstləşdirib, istədikləri işi görürdülər ki, namərdcəsinə bütün dini əsaslara zərbə vura bilsinlər. Əgər bir nəfər cür᾿ət tapıb onlara e᾿tiraz etsə, o saat “mürtəce”, “zorakı”, “fundamentalist”, "şovinist” adı ilə damğa vurub səhnədən silə bilsinlər.
Bu, təbliğatın ilkin mərhələsidir. Hələlik bu yol nəzərdə tutduqları son mərhələyə qədər davam etməkdədir. Bu Müaviyənin və bütün dünya şeytanlarının siyasət kürsüsünə çatdıqda, oynadıqları həmin roldur. Müxaliflərini zorakılıqda günahlandıran belələri, öz siyasətləri tələb etdikdə onları hər cür təhdid etmək və hər cür zorakılıq göstərməkdən belə çəkinmirlər. Eynən Müaviyənin apardığı siyasət kimi.
Əgər mübariz şəxslər bu növ siyasi oyunlar qarşısında dayanmaq istəsələr nə etməlidirlər?
Mübarizə və müqavimət yolu İmam Hüseyn əleyhissəlamın göstərdiyi yoldur. Bu cür siyasətbazların qarşısında durmağın birinci şərti, dünyaya bağlanmamaqdır. İmam Hüseyn (ə) öz övladlarını və dostlarını elə tərbiyə etmişdi ki, on üç yaşlı bir yeniyetmə şəhid olub-olmayacağını imamdan xəbər alır; həzrət buyurur: “Səncə ölümün dadı necədir?”. Cavan deyir: “Ölümün dadı mənim üçün baldan da şirindir”.
Bu zahirdə deyilmiş bir şüar deyildi. Qasim ibn Həsən öz əmisinin yanında öyünərək şüar demirdi. Söylədikləri qəlbinin dərinliyindən süzülüb gələn sözlər idi. Ölümün on üç yaşlı bir yeniyetmənin kamında baldan şirin olmasını təsəvvür edə bilirsinizmi? Ələbəttə, hər ölüm belə olmur. Vəzifə borcu, İslama xidmət yolundakı ölüm belə bir xüsusiyyətə malikdir. Heç ölümün də şirinliyi olarmı? Söhbət şəhadətdən getdiyi üçün həzrət soruşdu: “Ölümə necə baxırsan?”.
Biz İmam Hüseyn əleyhissəlamın yolu ilə getməyimiz üçün bu cür şeytani oyunlar qarşısında müqavimət göstərməliyik. Lakin ilk əvvəl bu ruhiyyəni özümüz üçün kəşf etməliyik.
Əgər Allahı sevirsinizsə, şəhadət arzusunda olun. Şəhadəti arzu edən, məhbubunun görüşünü arzu etməzmi? Biz gərək bunları öyrənək. Gərək bu yolla hərəkət edək. Dünya arzularına o qədər də bel bağlamamalı, bər-bəzəklərinə aldanmamalıyıq. Allah yolunda, müqəddəs amallar uğrunda şəhadəti ən böyük iftixar bilməliyik. Belə olan surətdə dini və milli dəyərlərimizi qoruya bilərik. Bu, imam Hüseyn əleyhissəlamın bizə öyrətdiyi dərsdir. Necə ola bilər ki, biz Hüseynçi olmaq istəyir, ona ehtiram göstərir, xatirəsini əziz tuturuq, amma bununla belə ondan bu cür dərsləri öyrənə bilmirik? Bizim yeniyetmələr arasında Qasim ibn Həsəndən nümunə götürəcək adamlar çoxdur. Eləcə də, Həbib ibn Məzahirə yoldaş olacaq yaşlılarımız da var. Biz bu karvandan geri qalmamalıyıq. Allah yolunda, millət uğrunda şəhadəti şərəf, iftixar bilmək bizim qəlblərimizin açarıdır. Əgər müharibə olsa, şəhadətə hazır olmalıyıq. Təəssüflər olsun ki, bu günlər belə dəyərləri unutdurmağa çalışırlar. Ancaq Hüseyn əleyhissəlamın adının bərəkətindən bu dəyərlər yenidən dirçəldilməlidir.