Aşura qiyamının şəraiti (2)

1. Əli əleyhissəlamın ilahi hökmlərin icrasındakı diqqəti;

2. Əli əleyhissəlamın nümunəvi İslam dövlətinin qurulmasında hədəfi.

Bismillahir-rəhmanir-rəhim

Əvvəlki bəhsimizdə müsəlmanların dinə e᾿tiqadlı olması, namaz qılıb-oruc tutması, cihad etməsinə baxmayaraq, birdən-birə Hüseyn ibn Əlini (ə) faciəli surətdə şəhid etmələrinin səbəbləri barədə söhbət etdik. Bu məsələnin daha da aydınlaşması üçün bir daha geri qayıdıb, İslam tarixinin ilk illərini səhifələməliyik. Bu məqsədlə keçən bəhsimizdə İslam ölkəsinin Əli əleyhissəlamın şəhadətindən sonra, Müaviyə zamanından başlamış, Yezidə qədər olan dövri vəziyyətinə qısa da olsa, işarə etmişdik. Söylədiklərimizin xülasəsi bu oldu ki, Müaviyə öz əsrinin tanınmış şəxsiyyətləri arasında fövqəladə, şeytani siyasətdə xüsusi iste᾿dada malik olan bir sima idi. Belə ki, ona “ərəbin dahisi” ləqəbi verilmişdi. Hətta siyasətdəki məharət və bacarığı o həddə dillər əzbəri olmuşdu ki, belə deyirdilər: “Müaviyədə olan siyasət Əli əleyhissəlamda yoxdur. Əgər olsaydı, Müaviyəyə qalib gələrdi! Hökumət də Müaviyənin əlinə keçməzdi”. Bəlkə də Əli əleyhissəlamın aşağıdakı sözləri deməsi bununla əlaqədardır: “Allaha and olsun ki, Müaviyə siyasətdə, tədbirdə, fərasətdə məndən üstün deyildir. Mənim yolumu kəsən təqvadır. Buna görə də istədiyim işləri görə bilmirəm”.

İlahi hökmlərin icrasında Əli əleyhissəlamın diqqəti

Burada söhbətdən yayınaraq bir məsələni də xatırlatmaq istərdim. Mümkündür, belə bir şübhə yaransın ki, əgər Əli (ə) Müaviyə və digər nüfuzlu adamlarla saziş etsəydi, bəlkə də iş bu yerə gəlib çıxmazdı. Bu günlər ümumi olaraq vilayət məqamını, xüsusən də Peyğəmbər (s) və imamların mə᾿sumluqlarına şübhə yaradaraq, gələcək nəsillərin onların ismətinə olan imanını şübhə altına almaq istəyirlər. Bu səbəbdən də belə deyirlər: “Bəlkə də daha yaxşı yollar var idi, amma mümkündür böyüklərimiz bə᾿zi məsələlərdə səhvə yol veriblər”. Bu “bəlkə” sözü də şübhə əlaməti olub, təfriqə yaratmaqda ən çox istifadə edilən sözlərdəndir. (Əlbəttə, şübhəni belə bir şəkildə təsvir etməyimi üzürlü sayın). Məsələn, deyirlər: “O zaman xalq Əli əleyhissəlama misli görünməmiş bir şəkildə bey᾿ət etdi. Hücum çəkib Əli əleyhissəlamı məscidə gətirdilər ki, mütləq xəlifə olmalısan”. Əli (ə) özü bu barədə belə buyurur: “Az qalmışdı Həsən və Hüseyn izdihamın içərisində həlak olsun.” Xalqın arasında o zamanın çox nüfuzlu şəxsiyyətləri var idi. Təlhə və Zübeyr heç də adi şəxsiyyət deyildilər. Bildiyimiz kimi, ikinci xəlifə vəfat etməzdən əvvəl altı nəfərdən ibarət şura tə᾿yin edərək, onlara aralarında məsləhətləşib bir nəfəri özlərinə xəlifə tə᾿yin etmələrini vəsiyyət etmişdi. Təlhə və Zübeyr də həmin altı nəfərdən idilər və xəlifəliyə namizəd sayılırdılar. Əli əleyhissəlama ilk bey᾿ət edən şəxslər də onlar oldu.

Bə᾿ziləri şübhə yaratmaq üçün belə deyirdilər: “Əli (ə) yaxşı olardı ki, həmin nüfuzlu şəxsləri də᾿vət edib ürəklərini ələ alardı. Onlara hədiyyə verər, görüş vaxtı istəyəndə həmin an qəbul edərdi. Bey᾿ət etdiklərinə görə onları öz başına toplayıb deyərdi ki, əziz qardaşlarım, çox xoş gəlmisiniz, səfa gətirmisiniz! Məni bu yerə çatdıran sizlər olmusunuz, siz olmasaydınız mən xəlifə ola bilməzdim. Sizə çox-çox təşəkkür edirəm! Bir az şirin söz deməyin nə eybi var idi ki?" Əli (ə) ki, bunların ürəklərindən keçəni bilirdi. Demirəm imamət elminə əsasən gələcəyi bilirdi, ən azı bu adamları uşaqlıqdan tanıdığına görə, xasiyyətlərinə, istəklərinə bələd idi. Bilirdi ki, bunları razı salmasa, Cəməl müharibəsini törədəcəklər. Ən azı bu məsələni ehtimal verə bilərdi ki, bu qədər pul xərclənib, qan axıdılıb, müsəlmanların öldürülməsi əvəzinə, onlara bir az beytul-maldan pul verib, mənafelərini tə᾿min etməklə ölkənin daha da inkişaf etməsini tə`min edə bilərdi. Yaxşı olardı müharibəyə xərclənən pulları ölkənin iqtisadi inkişafına yönəldib, müsəlmanları işə cəlb edər, onlara da - gəlin əl-ələ verib, birgə dolanaq - deyərdi. Hansı şəhəri istəyirsinizsə, götürün idarə edin. Kufə, Şam, Misir və Bəsrə vilayətini istəyirsinizsə qurbandır sizə, mənim heç bir e᾿tirazım yoxdur. Gərək, onlarla belə söhbət edəydi. Sonra da beytul-malın bir miqdarını onların ixtiyarında qoyardı. Beytul-maldan bir az sui-istifadə etmək yaxşıdır, yoxsa beytul-malın yarısını müharibəyə xərcləyib qan axıtmaq?”.

Belə bir sazişçi təfəkkür o zamanın camaatı arasında geniş yayılmışdı və onlar Əli əleyhissəlama irad tutaraq deyirdilər: “Əli əleyhissəlamın siyasəti yoxdur və ya Müaviyə ondan daha siyasətçidir”. Bu cür sözlər o həzrəti narahat edirdi; hətta bə`zən yaxın dostlar belə, onunla razılaşmaq istəmirdi.

Müaviyəni yaxşı tanıyır, hansı xislət sahibi olduğunu çox yaxşı bilirdi. Bütün beytul-malı mənimsəyib, səxavətlə yaxın adamlarına dağıtdığından xəbərdar idi.

Bəs görəsən nəyə görə Əli (ə) həmin “üzə gülmək”, “yaltaqlanmaq” siyasətindən istifadə etmədi? Niyə bu qədər ciddi rəftar edirdi? O həzrət buyururdu: “Müaviyəyə bir gün də olsa belə, hökumətdə qalmağa icazə verməyəcəyəm. Nə qədər ki, mən xəlifəyəm, heç kim özbaşınalıq edə bilməz.” Bu suala aydınlıq gətirmək üçün sizə bir əhvalat nəql etmək istərdim.

Bir gün Təlhə və Zübeyr Əli əleyhissəlamın yanına qonaq gəlirlər. Əli (ə) onları qəbul edir, sonra mizin üstündə yanan çırağı söndürüb, başqa bir şam yandırır. Onlar bir çırağı söndürüb, digər çırağı yandırmağın səbəbini soruşduqda, Əli (ə) belə buyurdu: “Birinci yanan çıraq ümumi büdcədəndir, beytül-malındır; siz gələnə qədər mən dövlət büdcəsinin hesab işləri ilə məşğul idim, ona görə də dövlətin öz hesabından olan çıraqdan istifadə edirdim. Amma indi ki, siz gəlmisiniz, mənim qonağımsınız və mənimlə şəxsi söhbətiniz var, dövlət çırağından istifadə etməyə haqqım yoxdur.” Təlhə və Zübeyr bu cavabı eşitdikdə, bir-birinin üzünə baxıb duruxdular. Bir söz demədən, xudafizləşib getdilər. Yol boyu bir-birinə deyirlər: “Bizim kimi böyük şəxsiyyətlər gəlmişik ki, Əli ilə yüz mindən, yüz milyonlardan danışaq, İslam ölkəsinin müqəddəratından bəhs edək, dövləti, hökuməti bölüşdürək; bu rəhmətliyin oğlu isə, dövlətin üç qəpiklik çırağını da bir-iki dəqiqəliyə bizim üçün yanmağa qoymadı”.

Bu iki şəxs qabaqkı xəlifələrin zamanında beytül-maldan sui-istifadə etmiş, çoxlu sərvət, mal-dövlət toplaya bilmişdilər. Deyilənlərə görə çoxlu mülkləri, qulamları, kənizləri var idi. Lakin indi Əli əleyhissəlamın ciddi nəzarəti ilə üzləşmişdilər. Sizcə bütün bu sualların cavabı nədir? Əgər desək ki, Əli (ə) mə᾿sum idi, gördüyü bütün işləri Allahın göstərişi ilə edirdi; bununla məsələ bitmiş hesab olunardı. Lakin bə᾿zilərinin bununla qane olmayıb, daha aydın cavab tələb etmələri də mümkündür.

Mənim başa düşdüyüm cavab budur ki, Əli (ə) da onlar kimi siyasət yürütsəydi, o zaman biz Əli əleyhissəlamı necə tanıyacaqdıq? Bizə desəydilər ki, bir gün Təlhə və Zübeyr Əli əleyhissəlamın yanına gedib ölkənin idarə edilməsi barədə söhbət edərək belə qərara gəlirlər ki, İraq valiliyini birinə versinlər, Misiri də digərinə. O zaman Əli (ə) ilə Təlhə, Zübeyr, Müaviyə və Əmr As arasında nə fərq olacaqdı?

İlk növbədə birinci xəlifə Müaviyəni Şama vali tə᾿yin etmişdi. Onun ardınca digər iki xəlifə də bu qərarı təsdiq etdilər. İndi də Əli (ə) ürəyi istəsəydi, Təlhə və Zübeyri vali olaraq Bəsrəyə, Kufəyə göndərərdi. Belə olan təqdirdə milyonlarla müsəlman və qeyri-müsəlmanın qəlbində yer tutmuş Əli əleyhissəlamın digərləri ilə nə fərqi olacaqdı?

Neçə əsrlərdir ki, alimlərimiz bizə Əli əleyhissəlamın şəxsiyyəti, fəziləti, digər insanlarda olmayan və ya az tapılan xüsusiyyətlərindən danışırlar. Tarix Əli əleyhissəlamı məhz belə bir üstün fəzilətlərə malik bir şəxsiyyət kimi tanıtdırmışdır. Əli (ə)-ın nə vaxtsa bir neçə nəfərlə oturub hökumət bölüşdürdüyünü eşidənlərdə sizcə hansı təəssürat yarana bilərdi? Belə bir təqdirdə ya o həzrəti özündən əvvəlki xəlifələr, təlhələr, zübeyrlər, müaviyələrlə bir tutacaq, ya da ən yaxşı halda aralarında cüz`i fərqin olduğunu deyəcəkdilər. Əli (ə) Müaviyə ilə müqayisə olunduğuna görə nalə çəkirdi.

O zamanlar Peyğəmbərin (s) bə᾿zi səhabələri, hətta Əli (ə) ilə çiyin-çiyinə vuruşmuş bə᾿zi şəxslər belə deyirdilər: “Hər halda Müaviyənin də özünə görə müsbət xüsusiyyətləri vardır. Səxavətlidir, tədbirlidir, o boyda İslam ölkəsini idarə edir”.

Bu adamlar Əli əleyhissəlamdan inciyəndə Müaviyənin yanına gedirdilər. Hətta Əli əleyhissəlamın yaxın adamları belə, o həzrətdən bir şey istəyib, ala bilmədikdə küsür, Müaviyəyə üz tuturdular. Əgər Əli (ə) da hökuməti Müaviyə kimi idarə etsəydi, onun digər imperatorlarla nə fərqi olardı? Öz mənafeyi üçün siyasətin hər üzünə müraciət etsəydi, Əli əleyhissəlamın müasir hökumətlərlə nə fərqi olacaqdı? Bizim bu günlər İslam həqiqətini tanıyaraq, insanlıq məktəbinə sahib olmağımız, tarix boyu Əli əleyhissəlamın həqiqətə, ədalətə sadiq qalması sayəsindədir. Əli (ə) Müaviyəni məğlub edə bilməsə də, bizlərə insanlıq və şərəf yolunu bəxş etdi. Bizə insani dəyər, milli mənafe, vətən, xalqın talehi və bu kimi digər taleh yüklü məsələlrlə alver etməyin mümkünsüzlüyünü aşıladı. İslam yolunda bə᾿zi xırda mənafeləri böyük amallara qurban vermək olar. Amma müqəddərati məsələlər bu mənafelərə daxil deyildir. Əli (ə) zərrə qədər də olsa, onlara xətər yetirməmişdi.

Əgər Əli (ə) belə rəftar etməsəydi, bizlər haradan biləcəydik ki, İslamın də özünəməxsus hökumət proqramı vardır? Və qərb demokratiyasının İslam ölkəsində hakimiyyətinə icazə vermir? Haradan biləcəkdik ki, İslam yalnız ilahi qanunların icra olunmasına yol verir?

O dövrün insanları Əli əleyhissəlama bey᾿ət edərkən belə deyirdilər: “Sən də əvvəlki xəlifələrin yolu ilə get, məgər onlar müsəlman deyildilər? Məgər onlar Peyğəmbərin yaxın qohumları deyildi? Məgər müsəlmanlar onlara bey᾿ət etməmişdilər?”.

Həzrət Əli (ə) buyurur: “Mən siz dediyiniz şərtləri qəbul etmirəm. Əgər mənə bey᾿ət etmək istəyirsinizsə, gərək Allahın kitabına, Peyğəmbərin (s) əməllərinə uyğun şəkildə hökumət edəcəyimə bey᾿ət edəsiniz. Allahın hökmü olan yerdə, başqalarının nəzəri ilə işim yoxdur. Hətta siz müxalifət etsəniz belə, mən hökuməti Allah-taalanın buyurduğu şəkildə idarə edəcəyəm”.

Bu cür siyasət demokratik üsullarla uzlaşmır. Əli əleyhissəlamın bu cür rəftarı olmasaydı, bu gün biz - İslamın da özünə görə dövlət sistemi var - deyə bilməzdik. Əgər belə olmasaydı, İslam dini müxtəlif nəzər və fikirlərin çarpazlaşdığı bir din olardı. Birinci xəlifənin öz nəzəri, Əli əleyhissəlamın da öz nəzəri olardı. Belə bir vəziyyətdə necə iddia edə bilərdik ki, Əli əleyhissəlamın nəzəri düz, digərlərinin nəzəri isə batildir? Belə olan surətdə hansı əsasla deyə bilərdik ki, ixtiyarımızda mə᾿sum şəxsin İslamla tam uyğun olan nəzəri vardır?

Əvvəlki xəlifələr Müaviyəni, onların planlarına mane olmamaq və eləcə də öz rahatlıqları xatirinə Şama göndərmişdilər. Əli əleyhissəlama irad tutanlar deyirdilər: “Əli əleyhissəlam da gərək onlar kimi edəydi. Əvvəlki xəlifələr daha tədbirli, daha uzaqgörən idilər. Onların tədbiri nəticəsində Şamda və İraqda qan tökülmədi. Məgər İslam qardaşlıq, mehribanlıq, sülh dini deyilmi? Əli (ə) Cəməl, Nəhrəvan və Siffeyn müharibələrini aparmaqda səhv edibdir. Xəlifə olduğu dörd il doqquz ay ərzində ancaq müharibə edibdir. Buna görə də Əli əleyhissəlamın siyasəti düz deyildi.”

Unutmaq olmaz ki, Əli (ə) siyasətini təkcə öz zamanı üçün proqramlaşdırmamışdı. Onun məqsədi bütün dövranlar üçün, qiyamətə qədər İslami hökumət sistemini tanıtdırmaq idi. İslam ədalət tərəfdarıdır. Əgər ədalət sülhlə, barışıqla hasil olursa, belə olan şəraitdə bir damla belə, qan axıdılmamalı və eləcə də heç kəsə, azacıq da olsa, töhmət vurulmamalıdır. Əli (ə) həmin şəxsiyyət idi ki, bir nəfər müsəlmanın yəhudi qızını qarət etdiyini eşitdikdə belə buyurmuşdu: “Əgər belə bir biabırçılıqdan sonra müsəlmanın ürəyi partlayıb ölsə, yeri var.” Əli (ə) hətta yəhudi qızının haqqının tapdalanmasına dözə bilmirdi. (Əli (ə) yəhudi qızının iffət və namusuna qarşı edilən ehtiramsızlığa dözə bilmirdi, amma bu günlər bə`zi müsəlman ölkələrində on minlərlə qız-gəlin öz namusunu əcnəbilərə satır; hamı bu dəhşətli faciəni cansıxıcı soyuqqanlılıqla müşahidə edir və heç nə olmamış kimi sükut edir.)

Belə bir insan necə razı ola bilərdi ki, nahaq yerə yetmiş min nəfəri qılıncın altına göndərsin? Əgər biz bu günkü düşüncə tərzi ilə bu məsələyə yanaşsaydıq, Əli (ə) barəsində nə deyəcəkdik? Məgər o həzrəti daşürəklilik və siyasətsizlikdə ittiham etməyəcəkdikmi?

Amma Əli (ə) təkcə öz hakimiyyətini düşünmürdü. O həzrət İslami bir dövlət qurmaq istəyən kəslərə qiyamətə qədər nümunədir.

İmam Xomeyni (r) Parisdə sürgündə olduğu günlərdə, dünyanın müxtəlif yerlərindən onun ətrafına toplaşmış jurnalistlər belə bir sualla müraciət etmişdilər: “Əgər siz qələbə çalsanız və şah rejimi devrilsə, İranda necə bir hökumət qurmaq istəyərdiniz? Cavabında buyurmuşdu: “Əli (ə) hökumətini. Bizə nümunə olacaq hökumət, yalnız Əli əleyhissəlamın hökumətidir.” Qələbədən sonra belə buyurmuşdu: “Çəkdiyimiz bu qədər zəhmətlərə baxmayaraq, hələlik İslamın qoxusunu duya bilməmişik. İdeal hökumət Əli əleyhissəlamın göstərdiyi hökumətdir; xalq bizi himayə etdiyi təqdirdə, şəraitin icazə verdiyi qədər ona doğru hərəkət edəcəyik”.

Əli (ə) beş il ərzində İslam hökumətini təkcə danışıqda deyil, əməldə tə`sis etmişdi. Müaviyə isə Əli əleyhissəlamın şəhadətindən sonra müxtəlif siyasi oyunlardan istifadə etməklə və cəmiyyətin zəif xüsusiyyətlərindən bəhrələnməklə bu təfəkkür tərzini başqa cür mə᾿nalandırmağa çalışırdı. Hakimiyyətdə olduğu iyirmi il müddətində xalqa saysız-hesabsız əziyyətlər verməklə yanaşı, beytül-malı xərcləyərək, müxtəlif adamları satın alırdı. Digər tərəfdən də, mübarizə əhval-ruhiyyəli insanları ya həbs edir, ya da öldürtdürürdü. Bir sözlə, camaatın nə bir söz deməyə, nə də bir iş görməyə cür᾿əti yox idi. Başqa tə`birlə desək, insanların gözünün odunu almışdı. Əlbəttə, bütün bu çətinliklərə baxmayaraq, Əli (ə)-ın səhabələrindən Müaviyə rejiminə qarşı çıxanlar da var idi. Lakin onlar azlıq təşkil edirdilər. Bu şəxslərin camaat arasında müəyyən qədər də olsa, ehtiramları var idi. Hətta özlərini imanda zəif bilən və dünyaya bağlı olan kəslər də bu cür şəxsiyyətləri yüksək fəzilətlərinə görə sevirdilər.

Bu insanların fitri hisslərindəndir. Günaha batmağımıza baxmayaraq, dindar, təqvalı insanları sevirik. Qanunlara riayət etmir, lakin nizam-intizamlı, sözü ilə əməli düz olan insanları gördükdə, fitri olaraq onlara hörmət bəsləyirik.

O zamanlar Əli əleyhissəlamın səhabələrindən bir neçə nəfəri bu adla tanınırdılar. Yə᾿ni, onlar əməli-saleh insanlardan idilər. Əlbəttə, Əli (ə)-ın bə᾿zi səhabələri vardır ki, ictimai mövqelərindən əlavə, həm də böyük mə᾿nəvi dəyərlərə malik idilər. Adi insani keyfiyyətlərdən əlavə, zöhd, təqva sahibi idilər. Batinlərinin saf olması onların qeybdən xəbər verməsinə səbəb olurdu. Əli (ə)-ın bə᾿zi səhabələri həm özlərinin, həm də digərlərinin şəhadətini qabaqcadan bilib, bu barədə xəbər verirdilər. Belə səhabələrdən dörd nəfəri digərlərindən daha çox seçilirdi: Hücr ibni Ədi, Əmr ibni Həmiq Xəzai, Rüşeyd Həcəri və Meysəm Təmmar. Bu dörd nəfəri susdurmaq heç cür mümkün deyildi. Müaviyə bu dörd nəfəri ələ almaq üçün onlara nə qədər ehtiram göstərib, tə᾿rifləyib, hədiyyə təklif etmişdisə də, heç bir müvəffəqiyyət əldə edə bilməmişdi. Bu şəxsiyyətlər Peyğəmbəri (s) tanıyır və Əli əleyhissəlama da hədsiz məhəbbətlə bağlanmışdılar. Bütün vücudları Əli əleyhissəlamın məhəbbətindən yoğrulmuşdu. Hər zaman və hər yerdə Əli əleyhissəlamın fəzilətlərindən danışıb, xalqı oyatmağa çalışırdılar.

Müaviyə bu cür insanları yollarından döndərə bilmədiyi üçün, onları öldürmək qərarına gəldi. Bir tərəfdə Hücrü öldürür, digər tərəfdə də Həmiqi. Həmiqin başını kəsib arvadına göndərir. Həmiqin mətanətli arvadı bunun müqabilində Müaviyəyə sərt cavab göndərir. Müaviyə bərk əsəbləşib əmr verir ki, həmin xanımı ölkədən sürgün etsinlər.

Bu cür insanların İmam Əli əleyhissəlama olan məhəbbət və vəfalarını çatdırmaq üçün bir rəvayət nəql etməyimiz yerinə düşərdi.

Günlərin bir günü Əmr ibni Həmiq Əli (ə)-ın yanına gələrək deyir: “Mənim Mövlam, sizin yanınıza xəlifə və ya əlinizdə geniş imkanlar olduğu üçün gəlməmişəm. Mən sizin yanınıza, Allah sizə itaət etməyi bizlərə vacib buyurduğu, sizi bizlərə rəhbər qərar verdiyi üçün gəlmişəm. Ya Əli! Əgər sizin əmrinizlə bütün dağları yerindən oynatsam və ya ömrüm boyu əlimdə qılınc sizin düşmənlərinizlə mübarizə aparsam, yenə də haqqınızı ödəyə bilmərəm. Sizin mənim boynumda olan haqqınız bunlardan daha böyükdür”. Əmirəl-mö᾿minin (ə) xoşhal olub, onun üçün dua edir və buyurur: “Kaş ki, müsəlmanlar arasında sənin kimi yüz nəfər olaydı”.

Müsəlmanlar arasında bu cür imanlı insanlar çox az idi. Müaviyə bu iki möhtərəm şəxsi, yə᾿ni Hücri və Həmiqi işgəncə ilə qətlə yetirdi. Onları öldürmək Müaviyəyə sərf etməsə də, ayrı çıxış yolu yox idi. Çünki o, müsəlmanlar arasında bədnam olmaqdan ehtiyat edirdi.

Əli (ə)-ın digər iki səhabəsi – Həcəri və Meysəm Təmmar sağ qalmışdılar. Müaviyə Şamda öləndə Meysəm Təmmar qeybi olaraq, bu hadisədən xəbərdar olub, dostlarına demişdi: ”Tufan baş qaldırmışdır və hiss edirəm ki, Müaviyə Şamda ölübdür”. Meysəmi tanıyanlar bilirdilər ki, o, heç vaxt yalan söz danışmazdı.

Bir müddətdən sonra Übeydullah ibn Ziyad Kufənin hakimi oldu və Meysəmin başına mə`lum hadisələr gətirildi. Meysəm bir tərəfə çəkilib, öz işi ilə məşğul idi. Əsas işi isə, Əli əleyhissəlamın fəzilətlərindən danışıb, xalqı Peyğəmbər (s) sülaləsinin itaətinə də᾿vət etmək idi. Übeydullah nə qədər sə`y göstərdisə də, onu yola gətirə bilmədi; mə`lum üsulların heç biri nəticə vermədi. İmam Hüseyn əleyhissəlamın İraqa daxil olmasına bir-iki gün qalmış, Müslüm Kufədə olduğu günlərdə Übeydullah Meysəmi öldürmək qərarına gəldi. Bu barədə belə nəql edirlər: “Günlərin bir günündə Meysəm və Həbib ibn Məzahir at üstündə səhrada bir-biri ilə rastlaşıb yaxınlaşır və söhbət etməyə başlayırlar. Onlar hərdən bir zarafatlaşırdılar da. Bir-birləri ilə qəribə zarafatları var idi. Meysəm Həbibə deyir: “Mən bir nəfər hənayi saçlarını hörükləyib iki çiyninə salmış adam tanıyıram ki, bir-iki gündən sonra öz peyğəmbərinin övladına kömək etdiyi üçün öldürüləcəkdir”. Məqsəd Həbib ibn Məzahir özü idi və o, bununla öz dostuna şəhid olacağı haqda müjdə verirdi. Həbib də cavabında deyir: “Mən də bir nəfər keçəl tanıyıram, başının qabağından tükləri tökülmüş və qarnı da bir az qarşıya çıxmışdır. Çox çəkməz ki, onu xurma ağacında dara çəkərlər; bir gün sonra ağzına yüyən vurarlar ki, daha danışa bilməsin; dilini kəsərlər ki, bir daha haqqı deməsin. Üçüncü gün isə nizəni qarnına soxub öldürərlər.” Bu iki böyük şəxsiyyət biri digərinin gələcəyindən xəbər verirdi. Onların da bir-biri ilə zarafatları bu cür idi. Dostlarından biri onların bu söhbətlərini eşitdikdən sonra Rüşeyd Həcərinin yanına gedib deyir: “Mən qəribə bir söhbətin şahidi oldum. Meysəm Həbib ibn Məzahir haqqında deyirdi: “Mən hənayi saçlarını hörükləyib iki çiyninə salmış bir nəfəri tanıyıram ki, tezliklə peyğəmbərin övladını müdafiə etdiyi üçün şəhid olacaqdır”. Rüşeyd deyir: “Allah Meysəmin köməyi olsun, elə də bir şeyi deməyibdir. O söhbətin davamı budur ki, sonra onun başını kəsib, hakimə göndərəcəklər və onun başını gətirən şəxsə mükafat olaraq yüz dirhəm pul təqdim edəcəklər.”

Əli (ə) belə şəxsiyyətlər yetişdirmişdi. Nəhayət, Übeydullah Meysəm Təmmarı və Rüşeydi qətlə yetirir. Niyə? Çünki bu iki nəfər təslim olmaq istəmirdilər. Tarixçilər, mühəddislər Meysəmdən belə nəql edirlər ki, Əmirəl-mö᾿minin (s) ona belə buyurmuşdu: “Səni xurma ağacına bağlayıb, dilini kəsəndə, daha sonra nizəni qarnına soxub şəhadətə yetirəndə nə düşünəcəksən?” Meysəm bu sözləri eşitdikdə o həzrətdən sual edir: “O anda mən müsəlman olaraq öləcəyəm? Həzrət Əli (ə) buyurur: “Bəli!”. Meysəm deyir: “Şad olaram!” Əli (ə) yenə buyurur: “Bil ki, səni məndən üz döndərməyə də᾿vət edəcəklər. Sən bu işi görəcəkmisən?” Meysəm deyir: “Allaha and olsun ki, nə qədər canımda nəfəs var, bu işi görməyəcəyəm. Əli (ə) ona müjdə verib buyurur: “Bil ki, behiştdə mənimlə bir yerdə olacaqsan!”

Mənim bu barədə ruhani yoldaşlarımdan giley-güzarım var. Biz “əmr be mə᾿ruf və nəhy əz münkər”, yə᾿ni “yaxşılıqlara də᾿vət və pisliklərdən çəkindirmə” məsələsində me᾿yarı o həddə qədər göstəririk ki, insanın həyatı üçün təhlükəsi olmasın. Əgər bu işdə insanın canı təhlükə altında olarsa, onun boynundan məs`uliyyət götürülmüş olur. Amma görəsən, Meysəm bilmirdi ki, insanın həyatı təhlükədə olduqda ehtiyatlı olmaq vacibdir? Və təqiyyə etmək lazımdır? Məgər deyilməyib ki, canın salamatlığı vacibdir? Bu məsələdə biz Hücr ibni Ədi, Rüşeyd ibni Həmiq və sonralar, Səid ibni Cubeyr və digər böyük şəxsiyyətlər barəsində də deyə bilərik.

Həccac ibni Yusif Səid ibni Cubeyri çağırıb belə deyir: “Əli (ə) ilə düşmənçiliyini e`lan et.” Cavab verir: “Mən heç vaxt belə bir iş tutmaram!” Dilini kəsib şəhadətə yetirirlər, lakin vilayətdən üz döndərmir. Rüşeyd Həcrinin əlini, ayaqlarını kəsirlər. Demişdi ki, mən öz mövlam Əli əleyhissəlamdan eşitmişəm ki, əvvəlcə əllərimi, ayaqlarımı, sonra isə dilimi kəsəcəklər. Bunun müqabilində Übeydullah ibn Ziyad belə demişdi: “Əlinin sözü yalan çıxsın deyə, belə etməyəcəyəm.” Rüşeydin əlini, ayaqlarını baltalayandan sonra, sakit durmayıb, aşiqanə Əli əleyhissəlamın fəzilətlərindən danışmağa başlayır. Übeydullah hirsindən məcbur olub, Rüşeydin dilinin qopardılmasına əmr verir. Əvvəlcə bu işi görmək istəmirdi; məqsədi də Əli əleyhissəlamın sözünü yalana çıxarmaq idi. Amma öz meylinin xilafına olaraq, bu işi görmək məcburiyyətində qalır.

Maraqlıdır, görəsən biz hansı yerdə, hansı zamanda təqiyyə etməliyik? Hansı günaha təqiyyə vasitəsi ilə əl bulaşdırmaq cayizdir? Görəsən elə bir məsələ vardır ki, icra məqamında təqiyyə onun qarşısını ala bilməsin? Əgər varsa, hansı şərtlər əsasındadır? Nəhayət təqvada, imanda, batini və zahiri elmlərdə böyük məqamları olan, mə᾿sum imamların hikmət bulağından su içmiş neçə-neçə böyük şəxsiyyətlər hansı dəlilə əsasən Əli əleyhissəlamdan təqiyyə ilə olsa da, üz döndərmədilər və beləliklə də, canlarını təhlükədən qorumadılar? Məgər onlar bilmirdilər ki, canlarını qoruyub diri qalsaydılar, xalqa həqiqi yolu göstərməkdə, insanların tə᾿lim-tərbiyə məsələsində daha çox işlər görə bilərdilər? Bilmirdilərmi ki, öldürülməklə belə bir müqəddəs vəzifə imkanı onların əlindən çıxmış olur? Ən azı şəraitə görə təqiyyə etmək daha münasib idi. Bəs niyə bu şəxsiyyətlər təqiyyə etmədilər? Onların şər᾿i dəlilləri nə idi? Bəlkə təqiyyə məsələsindən xəbərləri yox idi? Bəs Əli (ə) niyə onların gələcək aqibətlərindən xəbər verəndə deməmişdi ki, sizi mənimlə qarşı-qarşıya qoymağa çalışsalar eybi yoxdur, canınız sağ qalsın deyə, bu işi görün! Təəssüflər olsun ki, biz bu məsələlərdə çox az iş görmüşük. Bu məsələdə ən çox tədqiqat aparıb, məsələni dərindən araşdıran İmam Xomeyni (r) olmuşdur. Onun həmin məsələdə ilk açıq fətvası bu oldu ki, mühüm işlərdə təqiyyə etmək haramdır!

Başqaları belə bir fətva vermirdilər. Çünki, bu məsələdə araşdırma aparmamışdılar və bu səbəbdən də belə bir fətvanı verməyə cür᾿ət etmirdilər. Həqiqətən də bu məsələdə çox az iş görülübdür. Belə bir cəsarət təkcə İmam Xomeynidə (r) var idi. Həm araşdırma aparmışdı, həm də sözünü cəsarətlə açıq deyə bilmişdi: “Əgər həyatınız təhlükədə olsa belə, hətta yüzlərlə, minlərlə insan öldürülsə belə, gərək İslamın müqəddərati məsələləri öz yerini tapa!

İslamı məhv etmək istəyənlər, İslami əqidə və dəyərlərə düşmən kəsilən şəxslər məhv edilməlidir. Bu məsələdə təqiyyə haramdır!

Bunlar imam Xomeyninin (r) söylədikləridir. Amma onun şagirdləri olan biz ruhanilər - əlbəttə onun şagirdi olmağa ləyaqətimiz varsa – lazımınca sə`y göstərmirik, onun yolunu düz getmirik. Biz bu məsələnin fiqhi köklərini düzgün açıqlamalıyıq. Aydınlaşdırmalıyıq ki, hansı yerdə təqiyyə etmək caiz, hansı yerdə vacib və hansı yerdə haramdır? Bu suallar üzərində az-çox işlənilib, lakin mənim nəzərimə görə, bu barədə daha geniş araşdırmalar aparılmalı və xalqın ixtiyarına qoyulmalıdır. Məgər bunlar dini hökmlər sayılmırlarmı? Məgər bizim bu kimi məsələlərə ehtiyacımız yoxdurmu? Ehtimal vermək olarmı ki, bu kimi məsələlərə ehtiyac yoxdur və ya gələcəkdə bu problemlərlə rastlaşmayacağıq?

Əmirəl-mö`minin Əli əleyhissəlamın xilafəti zamanı valilərdən biri qanunsuz bir iş görsəydi, o saat Həzrətin yanına gəlib e᾿tiraz edirdilər.

Yə᾿qin ki, bu macəranı eşitmiş olarsınız. Bir gün Əli (ə) namaza hazırlaşırdı; təzəcə iqaməni qurtarmışdı və namaza başlamaq istəyirdi. Bu halda uzaq vilayətlərin birindən gəlmiş bir qadın ona yaxınlaşıb deyir: “Ya Əli, mənim sizinlə bir işim var!” Həzrət Əli (ə) namazın təkbirini deməyib soruşur: ”Sözünü söylə, işin nədir?” Qadın deyir:” Şəhərimizə göndərdiyin vali bizə zülm edir. Göz yaşları Əli əleyhissəlamın gözlərindən bulaq kimi axır. Həmin anda buyurur: “Pərvərdigara! Sən bilirsən ki, mən razı deyildim bu xalqa zülm olunsun”. Kağız-qələm gətirilməsini əmr etdikdən sonra, məktub yazıb həmin valini işdən azad edir.