Müaviyənin cəmiyyətə tə`sir edə bilməsinin səbəbləri;
Dini fəaliyyətlərə qarşı diqqətsizlik;
Tayfabazlıq və qohumbazlığın göstərdiyi tə`sirlər;
Cəmiyyəti azğınlığa sürükləyən amillərlə mübarizə yolları;
Xalqın düzgün və yüksək səviyyədə mə`lumatlandırılması;
İmanın və mə`nəviyyatın gücləndirilməsi.
Tarixin müəyyən fərqlərlə təkrar olunduğunu və onun oxşar cəhətlərinin müxtəlif dövrlərdə cüz`i dəyişikliklərlə baş verdiyini nəzərə alsaq, başqa bir sual meydana çıxır. Müaviyə təbliğat aparıb xalqı aldadırdı və xalq da sadəlövhcəsinə aldanırdı. Görəsən, xalqın belə rahatlıqla tə`sir altına düşməsinin səbəbi nə idi?
Tarix bizə dərs olmalıdır. Biz ondan təcbürə götürməli, ibrət almalıyıq. Müsəlmanların, eləcə də ayrı-ayrı xalqların etdiyi səhvləri təkrarlamamalıyıq. Bu silsilənin davam etməməsi üçün özümüzü yad ünsürlərin, nahaq sözlərin tə`siri altına düşməkdən qorumalıyıq. Nəzərdən qaçırmaq olmaz ki, o zamanın şəraitinə oxşar bir vəziyyətlə biz də üzləşə bilərik. Əlbəttə, bu o demək deyil ki, hökmən ayrı bir Müaviyə, Yezid, Şimr və ibni Ziyad kimi adamlar ortalığa çıxmalıdır. Tarixi hadisələr olduğu kimi təkrarlanmır. Onun oxşarı olan hadisələr baş verir. Mö`təbər sənədlərə əsaslanan, həm sünnü, həm də şiə mənbələrində Peyğəmbərdən (s) nəql olunmuş belə bir rəvayəti eşitməmiş olmazsınız. Peyğəmbər (s) buyurur: “Bəni-İsrail qövmünün başına gələnlər, mənim də ümmətimin başına gələcəkdir.” Sonra o həzrət (s) belə bir cümləni də artırır: “Əgər Bəni-İsrail kərtənkələ yuvasına girməli olsa, siz də girəcəksiniz.”
Bu rəvayətin mə᾿nası o demək deyil ki, hökmən bizim də zamanımızda bir nəfər Fir᾿on peyda olacaq və deyəcəkdir ki, mən sizin allahınızam.
Yə᾿ni, Peyğəmbərin də ümməti ya Fir᾿on kimi bir bəlaya düçar olacaq və ya Qarun kimi birisi peyda olacaq, ya da bir nəfər Samiri kimisi bir buzov düzəldib, camaatı ona sitayiş etməyə də᾿vət edəcəkdir. Mə`lum məsələdir ki, bu hadisələr eynilə təkrar olunmayacaq. İslam peyğəmbəri həzrət Məhəmmədin (s) zamanında baş verən hadisələr mümkündür sonralar da baş versin. Lakin, bu o demək deyildir ki, Şamda yenidən Müaviyə adlı bir diktator meydana çıxacaq, özündən sonra oğlunu vəliəhd tə`yin edəcəkdir. Yə`ni, hədəf və məqsədi eyni olan hadisələr baş verə bilər. Müaviyəni o faciələri törətməyə vadar edən amillər başqalarında da tapıla bilər. Onun öz məqsədinə çatmaq üçün istifadə etdiyi üsullardan digərləri də eyni məqsəd üçün istifadə edə bilərlər. O dövrdə cəmiyyətdə yaranmış süstlük, iradəsizlik, məs`uliyyətsizlik, biganəlik mümkündür sonrakı zamanlarda da yaransın.
Bu mövzunu o zamanın şəraitindən başlayaraq, təhlil edib araşdırmaq olardı. Güman edirəm nəzərdə tutulan nəticəni əldə etmək üçün sadə yollardan biri, imam Hüseyn əleyhissəlamın bu sözlərindən istifadə etməkdir.
İmam Hüseyn əleyhissəlamın həcc mərasimi zamanı Minada nüfuzlu şəxslər, sayılıb-seçilən bə᾿zi alimlərlə olan söhbətinin bir hissəsini ötən bəhslərimizdə qeyd etmişdik. İndi də onun nəzərdə tutulan məsələ ilə bağlı olan hissələrinə toxunmaq istərdim. İmam Hüseyn (ə) söhbət əsnasında belə buyurur: “Baxmayaraq ki, Allah sizə bu cür ali ictimai mövqe nəsib etmişdir, amma öz mövqeyinizdən istifadə edib iş görmürsünüz.”
İmam Hüseyn (ə) bu insanları, xalq arasında hörmət-izzət sahibi olmalarına baxmayaraq, öz nüfuz və elmlərindən haqq yolunun göstərilməsində onlardan gözlənilən sə`yi göstərməmək və yığdıqları mal-dövlətdən Allah yolunda xərcləməməkdə ittiham edirdi.
Adətən, İmamın həmsöhbət və ünsiyyətdə olduğu insanlar xüms, zəkat və digər vacib şər᾿i xərcləri vaxtı-vaxtında ödəyirdilər. İmamın - maddi yardım göstərmirsiniz - deməsində məqsədi bunlardan daha artıq şeylərdir. Çünki, bə᾿zən dinin qorunması üçün şəxsi var-dövlətdən xərcləmək zəruri olur.
Demək olmaz ki, mən vacibi vegilərimi ödəmişəm, daha boynumda heç bir şər`i borc yoxdur. Bizim ilk addımımız, dinin qorunub-saxlanılması, ona qarşı yönəlmiş təcavüzlərin qarşısının alınması yolunda maddi-mə`nəvi imkanlarımızdan yetərincə istifadə etməyimiz olmalıdır.
Bə`zi alimlərin nəzərinə görə, insanın boynunda olan vacibi təkliflər ona zərər vuracaq həddə yetişərsə, bu təklifin vacibliyi aradan gedir. Bu barədə imam Hüseyn (ə) həmin alimlərə buyurur: “Siz öz canınızı, onu yaradanın yolunda təhlükəyə salmaq istəmədəniz.” Yə᾿ni, din təhlükədə olarkən, özünüzü qorumaq üçün, ilahi hökmləri deyil, öz canınızı müdafiə etdiniz. Əvvəldə də demişdim ki, bizim zəmanəmizdə ancaq İmam Xomeyni (r) bu məsələni lazımınca təhlil edib açıqlamış, mühüm işlərdə təqiyyənin mümkün olmadığını buyurmuşdu. Təqiyyə, əmr be mə᾿ruf və nəhy əz münkərin adi məsələlərinə aiddir. Belə adi hallarda insan özünə qarşı təhlükə hiss etsə, təqiyyə etməlidir. Amma İslam dünyası və müsəlman bir cəmiyyətin taleyüklü məsələlərində təqiyyədən söhbət belə gedə bilməz. Bu məsələlərdə təqiyyə haramdır; hətta iş ölümlə nəticələnsə belə. Əvvəldə də mən öz həmkarlarımdan gileylənmişdim ki, İmam Xomeyninin (r) bu cür qətiyyətli buyuruğundan sonra təqiyyə məsələsi ətrafında təhlil aparıb, bu mühüm məsələyə öz mövqelərini bildirməli, onun sərhəddini müəyyənləşdirməli idilər. Bununla da, təqiyyə ətrafında dolaşan şübhələrə aydınlıq gətirmiş olardılar.
İmam Hüseyn (ə) görüş zamanı tayfanın nüfuzlu şəxslərinə öz e`tirazını bildirir, bu məsələdə göstərdikləri süstlüyü onlara nöqsan tuturdu: “Əvvəla, Müaviyənin İslamı öz həqiqi mehvərindən çıxartmaq üçün apardığı siyasətin, xərclədiyi milyardlarla pulun qarşısında, sizlər öz malınızdan xərcləmək istəmədiniz. İkincisi, düşmən öz batil yolunda canını təhlükəyə saldığı halda, sizlər haqq yolunda öz təhlükəsizliyini xətərə salmaq istəmədiniz. Sizi bir az təhdid edən kimi, geri çəkildiniz”.
Cəmiyyətin, yaradılan müsibətlər qarşısında acizlik göstərməsinin səbəbləri, sözü gedən cəmiyyətdə kök salmış tayfabazlıq və yerlibazlıqdan qaynaqlanır.
İmam Hüseyn (ə) buyurur: “Sizlər haqq yolunun mübarizəsində Allahın razılığını qazanmaq üçün, batil yolda olan qohum-əqrəbalarınızla, yaxınlarınızla üz-üzə gəlmək istəmədiniz.”
O zamanlar ərəb mədəniyyətində tayfa və qəbilə bağlılığı köklü məsələlərdən idi. Bu günün özündə də bə᾿zi xalqlar arasında bu əhval-ruhiyyə gözə dəyməkdədir. Qohumbazlıq, tayfabazlıq sanki bir xəstəlik olub, insanları sağlam düşünməyə, müstəqil qərar çıxarmağa qoymur.
Həmin dövrlərdə də öz tayfasına havadar çıxmaq qəbilələr arasında hakim olan adət-ən`ənələrdən biri sayılırdı. Bu günlər buna oxşar halları biz daha çox millətçilik cərəyanlarında, ayrı-ayrı partiya, cəmiyyət, təşkilat və kriminal qruplaşma tərəfdarları arasında müşahidə edirik. Belə bir əqidəyə malik olan şəxslər daha çox siyasi cəhətdən vahid cəbhədə birləşirlər. Bu, o dövr əhalisinin təfəkküründə olan qəbilə təəssübkeşliyinin müasir təzahür formasıdır. Bu günlər qəbilə şəklində yaşamasaq da, həmin boşluğun yerini siyasi qruplaşmalarla və mənsub olduğumuz partiyanın təəssübünü çəkməklə doldurmuş oluruq.
Fikrimizi daha aydın ifadə etmək üçün sizə sadə bir misal çəkmək istərdim. Məsələn, qohum-əqraba üzvlərindən biri nöqsanlı, xoşagəlməz bir əməl, daha qabarıq desək, cinayət törədərsə, bunu tez ört-basdır etməyə çalışırıq. Əgər bu iş, bizimlə heç bir qohumluq əlaqəsi olmayan başqa biri tərəfindən görülərsə, ona töhmət vurar, qeybətini edərik. Əgər bu əməl sahibi ilə düşmənçiliyimiz vardırsa, artıq başqa tədbirlərə əl atır, onun cəmiyyətdə rəzil, rüsvay olması və üzərində üstünlük əldə etməyə çalışarıq. İşlətdiyi əməl və ya törətdiyi cinayətdən öz məqsədlərimiz üçün sui-istifadə edərik.
Müaviyənin dövründə də vəziyyət belə idi. Onun cinayətləri qohumluq əlaqəsi olan şəxslər tərəfindən ört-basdır edilirdi. Sözsüz ki, bu işdə satın alınmışların rolu da az deyildi. Bu səbəbdən imam Hüseyn (ə) o zamanın alimlərinə belə buyururdu: “Sizlər Allah xatirinə öz qohumlarınızla, müxalifət etmək istəmədiniz.”
Bə᾿zən insanın şər᾿i vəzifəsi ondan öz qohumları, yaxınları ilə müxalifətçilik etməyi tələb edir. Düzdür, İslamda “sileyi rəhm”, yə`ni qohumlara, yaxınlara baş çəkib, yoxlamaq, ehtiram və qayğı göstərmək vacib, bu işi tərk etmək isə haramdır. Amma bu iş haqqın zəifləməsi, kiminsə hüququnu tapdamaq hesabına olacaqsa nə edilməlidir? Belə yerdə haqqı üstün tutmalısan, yoxsa qohumluq əlaqələrini? Əgər haqqın əleyhinə fəaliyyət aparsalar necə? Yenə də haqqı tapdalayıb qohum-əqrəbalarımızın, övladlarımızın mənafeyinə üstünlük verməliyikmi?
Qohumbazlıq və tayfabazlıq düşmənlərin bu məsələdən sui-istifadə etməsinə imkan yaradır. İmam Hüseyn (ə) öz xütbəsində bu cür halları pisləyir, cəmiyyəti uçuruma sürükləyən bu bəlanı haqqın, ədalətin ən aşkar düşməni adlandırır; ictimai ədalətin bərpasında onu əsas maneələrdən biri hesab edir.
Belə şəraitdə xalqın haqqı tapdanır, yeraltı-yerüsütü sərvəti talanıb, bir dəstə adamın əlinə keçir, dövlət malından sui-istifadə olunur. İnsanların Müaviyənin əks-təbliğatının tə᾿siri altına düşməsinin səbəblərindən biri də, onların mal-dövlətə, tayfalarına olan hədsiz bağlılıqları idi.
Bütün bunların məcmusuna İslam mədəniyyətində «dünya məhəbbəti» deyilir. Dünya məhəbbəti dedikdə nə nəzərdə tutulur? Görəsən ulduzları, günəşi, dənizi, gözəl təbiəti və ya Allahın yaratdığı məxluqatı sevmək günahdırmı?
Müsəlmanların Əməvilərin şeytani təbliğatlarının tə᾿siri altına düşmələrinin əsas səbəbi də, onların dünya malına olan hədsiz bağlılıqları idi.
Dünya məhəbbətinin əsas nişanələrindən biri də budur ki, insanın həyatı müəyyən təhlükə ilə üzləşdikdə, artıq, gözü heç nəyi görmür. Belə insan yalnız təhlükəsizliyi təmin olunduqda xalqına, ailə-uşağına xidmət edir, fədakarlıq göstərir. Buna görə də həm Qur᾿ani-Kərim, həm Peyğəmbər (s), həm də imamların kəlamlarında xudpəsəndlik, dünyapərəstlik və bu kimi digər xüsusiyyətlər kafirlərin əsas xisləti, fədakarlıq, şəhadəttələblik, əliaçıqlıq, səxavət isə mö᾿minlərin əsas sifətləri kimi göstərilmişdir. Yə᾿ni, ölümlə üzləşmək mö`minlərin öz hədəflərinə qovuşmasında maneçilik törətmir. Dünya həyatı onlar üçün əsas hədəf sayılmır. Əgər səadətləri, amalları, ürəkdən bağlı olduqları müqəddəs dəyərləri onlardan bu yolda ölüm tələb edərsə, rahatlıqla canlarını qurban verər, zərrə qədər də olsa, tərəddüd etməzlər.
Əli (ə) buyurur: “Allaha and olsun ki, Əlinin ölümə olan bağlılığı, südəmər körpənin ana südünə olan bağlılığından daha şiddətlidir.” Sizcə, Əli əleyhissəlamın sözlərində qeyri-həqiqi bir məqam tapmaq olarmı?
Aşura gecəsi şəhidlər sərvəri öz əziz bacısı Zeynəbə (ə) belə buyurmuşdu: “Mənim silahdaşlarım da belədirlər.” Yə᾿ni, Allah yolunda ölməyi özləri üçün böyük şərəf bilirlər.
Diqqət edin, İmam Hüseyn (ə) necə insanlar tərbiyə etmişdi. Düzdür ki, iyirmi il müddətində çox mə᾿nəvi əzablara mə᾿ruz qalmışdı. Lakin o həzrət Aşura üçün belə şəxsiyyətlər də yetişdirə bilmişdi. Əgər bu şücaətli insanlar olmasaydı, Aşura hadisəsi tarixə yazılmaz və biz də İmam Hüseyni (ə) lazımınca tanıya bilməzdik. Əgər o həzrəti təklikdə, gizli şəkildə terror etsəydilər, bu gün şahidi olduğumuz Aşura hadisələrinin xatirə mərasimləri də olmayacaqdı.
Diqqət edin, Aşura gecəsi imamın silahdaşları öz rəhbərlərinə nə deyirlər. Anlayanda ki, sabah şəhadət günüdür, hamı şəhid ediləcək, qardaşının yanına gedib deyir: “Qardaşım, ətrafında toplaşmış dostlarının sənə vəfadar qalacaqlarına əminsənmi?”. Həzrət imamın mübarək gözlərində yaş gilələnib, mübarək yanaqlarına süzüldü. İmam buyurur: “Allaha and olsun, mən onları sınayıb yoxlamışam. Nəinki sınamaq, bəlkə dəfələrlə onları bu işin nəticəsindən xəbərdar edib, özümdən uzaqlaşdırmağa çalışmışam. Demişəm, ailənizi götürün çıxın gedin, burada qalmayın. Bunlar mənim qanımı axıtmaq istəyirlər, sizinlə işləri yoxdur.”. İmamın bu sözlərlə dostlarını sınamaq istədiyi aydın bir məsələdir. İmam Hüseyn (ə) öz bacısı həzrət Zeynəbə (ə) xitabən buyurur: “Öz dostlarımı sınamışam. Qalanlar imanları xalis, əqidələri möhkəm olanlardır. Allaha and olsun ki, mən onları sınayıb yoxladım, özümdən uzaqlaşdırmağa çalışdım, amma gördüm onlar mənimlə qalıb şəhid olmağı daha üstün tuturlar. Ölümə olan bağlılıqları körpənin ana südünə olan hərisliyindən daha şiddətlidir. Bunlar mənim gözlərim önündə, yanımda şəhid olmağı daha üstün tuturlar və artıq heç vaxt məndən ayrılmazlar.” Aşura gecəsi imamın silahdaşları o həzrətə belə deyirlər: “Əgər yetmiş dəfə öldürülsək, yandırılıb külümüz göyə sovrulsa və təzədən dirilməli olsaq da belə, yenə də sənin yanına qayıdıb, səninlə birlikdə qalarıq ki, yenidən şəhid olaq!”
İmam Hüseyn (ə) 20 il əziyyət çəksə də, belə insanlar tərbiyə etməkdə müvəffəq olmuşdu. Bunların müqabilində elə kəslər də var idi ki, imam (ə) onlardan gileylənirdi: “Sizin probleminiz dünyaya bağlılığınızdandır. Əlinizi, qolunuzu bağlayan isə, ölümdən qorxmağınızdır.” Üzünü öz əsrinin alimlərinə, ağsaqqallarına tutaraq deyir: “Sizlər zalımları razı salaraq, hakimiyyəti ələ keçirmələrinə imkan yaratdınız. Allahın işlərini onların öhdəsinə qoydunuz. Allahın əmirlərini, Onun saleh bəndələrinə tapşırmalı olduğunuz halda, Allah düşmənlərinə tapşırdınız. Onlara səs verib, dövlət başına gətirdiniz. Dövlət başına gətirdiyiniz adamlar işlərini düzgün və qanuni izahı olmayan, şübhəli şəkildə aparırlar. Onlar öz şəxsi istəklərinin tə᾿min edilməsi üçün çalışırlar. Bununla da, yolu dünya düşkünlərinin üzünə açmış olurlar.”
Müxtəlif mədəniyyət mərkəzləri yaratmaqla, həqiqətdə günah və fəsad mərkəzləri açırlar. Bu adla xalqın büdcəsindən öz şəxsi maraqları üçün milyonlarla pul xərcləyir, günah işləri təşviq və təbliğ edən mətbuat dərgilərinə, informasiya vasitələrinə maddi-mə᾿nəvi yardımlar göstərirlər. “Bunların qarşısında nə etmək lazımdır?” sualının çox sadə bir cavabı vardır. Necə ki, 13 əsrdən bəri əzadarlıq etmək, qara geyinməklə imam Hüseyn (ə) yaddaşlarda yaşadılıb, siz də bu yoldan istifadə edin. Düzdür, bundan başqa üsullar da vardır. Lakin yuxarıda qeyd etdiyimiz üsul, hər halda daha tə`sirli olub, ən çox təcrübədən keçirilmişdir və nəticəsi də mə`lumdur.
Bu üsul sizin İslama, Hüseyn məktəbinə olan hədsiz bağlılıq və məhəbbətinizi nümayiş etdirir. Çirkin üsullardan istifadə etmək, biz müsəlmanlara yaraşmaz. Bu işlərin əvəzində İmam Hüseynə (ə) olan məhəbbətinizi izhar etməyiniz kifayətdir. Bu tarixi hadisədən lazımınca yararlanmalı və özünüzdə cəsarət, şücaət, fədakarlıq kəşf etməlisiniz; gələcək nəsillərə də bu gözəl hissləri aşılamalı, müsəlmanların qarşılaşa biləcəyi bu növ hadisələrdə daha tədbirli olmaları üçün gəncləri hərtərəfli hazırlamalısınız. İslam yolunda öz canınızdan, övladınızdan, yaxınlarınızdan və mal-dövlətinizdən keçməyə hazır olmalısınız. Bu hazırlıq çox mühüm və həyati əhəmiyyət daşıyır.
Qur᾿ani-Kərimin Ənfal surəsinin 60-cı ayəsində buyurulur: “Bacardığınız qədər hərbi və nizami güc toplayın.” Sözü gedən ayədən məqsəd, heç də bu gücün hamısından istifadə edilməsi deyildir. Burada məqsəd vardır: «Bu gücü və təchizatı, düşmən qorxuya düşsün deyə, toplayın. Siz şəhid olmağa hazırlığınızı e᾿lan edin ki, düşmən də qorxub geri çəkilsin. Onlar heç vaxt öz canlarını təhlükəyə salmazlar.”
Bir içimlik şərab üçün qarışıqlıq törədən insanlar, heç vaxt canlarını xətərə salmaq istəməzlər. Əgər sizlər mərdi-mərdanə meydanda dursanız, onlar qurd görmüş dovşan kimi qaçıb canlarını qurtarmağa çalışarlar. Bu cür insanlar mətanət, əzmkarlıq hissindən məhrumdurlar. Bu səbəbdən də öz amalları uğrunda şəhid olmağa hazır olan mərd insanlar qarşısında müqavimət göstərə bilmirlər.
Ümumiyyətlə, insanları öz məqsəd, amal və yollarından döndərmək üçün ya rüşvət vasitəsindən istifadə edir, ya da ölümlə hədələyirlər. Əgər bu şəraitdə düşmənlərə əzmkarlıq nümayiş etdirilsə, sonda müvəffəqiyyət qazanmaq olar. Çünki ölümü, şəhadəti özlərinə nicat, iftixar, səadət vasitəsi bilən cəsarətli insanları yollarından döndərmək üçün başqa bir təhrikedici üsul qalmayacaqdır; bu yolda ölüm də, sağ qalaraq müvəffəqiyyət əldə etmək də qələbədir. Haqq yolunda məğlubiyyət yoxdur. Bu ideya və iradə sahibləri insanların yaddaşlarında yaşadılmağa layiqdirlər. Bu səbəbdən də üstündən 13 əsr keçməsinə və unutdurulması naminə saysız-hesabsız sə`ylərin göstərilməsinə baxmayaraq, imam Hüseyn (ə) məhəbbəti insanların qəlbindən silinməmişdir.
Tarixə nəzər salsaq, qələbələrin əksəriyyətinin də bu cür əldə edildiyini görərik. Bu şərtlə ki, onlar hiss etməlidirlər ki, siz meydanı tərk etmək niyyətində deyilsiniz. Bu çox önəmli bir məsələdir. İmam Hüseyn (ə) da buyurur: “Əgər xalq Bəni-Üməyyənin onlara hökumət etməyini istəmirsə və dinlərinin salamat qalmalarını arzulayırlarsa, üç mühüm amilə diqqət etməlidirlər:
Din yolunda öz mallarından, pullarından xərcləməli;
Haqq uğrunda canlarından qorxmayıb, şəhadətə hazır olmalı;
Tərəfkeşliyi buraxıb haqqı tutmalı, qohumbazlıq, yerlibazlıq, təəssübkeşlik hisslərindən uzaq olmalı.
Yə`ni, müsəlmanlar diqqəti Allahın, peyğəmbərin, vəliyyi-fəqihin əmrlərinə yönəltməli, onun hər əmrinə «Ləbbeyk» deyərək, itaət göstərməlidirlər.
Bu amillər bizim təhlükəsizlik və birliyimizi möhkəmlədib, düşmənlərin sıralarımıza nüfuz etməsinin qarşısını alar.
Həzrət İmam hüseyn (ə) buyurur: “Əməviləri qüdrətli edən sizin arının şirəyə yapışdığı kimi, dünyaya bağlılığınız oldu. Bu bağlılıq sizlərin igidcəsinə meydanda durmağınıza maneçilik törətdi. Sizin bu zəifliyiniz düşməni tamaha saldı. Dünyaya ürək bağlamasaydınız, axirət dünyasına inamınız olsaydı və əbədi səadətə qovuşmaq üçün dünyanın ötəri ləzzətlərindən əl çəksəydiniz, düşmən sizə qələbə çala bilməzdi. Sonda Allahın razılığını əldə etmiş olardınız.”
Bu mövzu ilə əlaqədar qarşıya - “Əgər o dövrdə xalqı Əməvilərin zülmünə düçar edən zəifliklərin bizim də zamanımızda baş verməsini istəmiriksə nə etməliyik?” və ya “Belə zəifliklər varsa, hansı yolla aradan qaldırmalıyıq?” - sualları çıxır.
Əvvəldə qeyd etdik ki, zalımların üç növ fəaliyyəti var idi:
Azdırıcı və yalançı təbliğat;
Təhdid edib qorxu yaratmaq;
Tamahlandırmaq.
Bu sualların cavabı, xalqın düzgün və yüksək səviyyədə mə`lumatlandırılması, imanın və mə`nəviyyatın gücləndirilməsindədir ki, gələcək bəhslərimizdə bu mövzuları ətraflı şəkildə araşdırmağa çalışacağıq.
Azdırıcı təbliğatın qarşısında nə etməliyik?
Bunun üçün İslama, imam Hüseyn (ə) məktəbinə olan mə᾿lumatımızı genişləndirməli, bu məsələlərlə əlaqəli biliyimizi artırmağa çalışmalıyıq. Bununla düşmənlərin fürsət tapıb, öz batil fikirlərini zehnimizə yeritmələrinin qarşısını almış olarıq. Bu cür işləri Müaviyə öz zamanında etmişdi, indi də dövrün müaviyələri bu üsuldan istifadə etməkdədirlər.
Müasir dövrdə də İslami hərəkata və onun aparıcı liderlərinə arxadan zərbə vurmaq üçün bu üsullardan istifadə edir, gözqamaşdırıcı əlvan sözlərlə insani dəyərlərlə hər yerdə mübarizə aparırlar. Hal-hazırda daha çox istifadə edilən metod azadlıq, insan hüquqları, söz və mətbuat toxunulmazlığı şüarlarıdır. İslam əleyhinə ürəkləri istəyən sözləri danışırlar, onlara qarşı tənqidi fikirlər söyləyənlərə isə azadlıq düşməni damğası vururlar. Bir gün Tehranda keçirilən Cümə namazının xütbələrindən qabaqkı çıxışlarımın birində qeyd olunan təxribat sahiblərinə iradımı bildirərək, axı bunların istəyi nədir? - dedim. Bundan sonra əleyhimə onlarla məqalə yazmaqla məni, guya imam Xomeyninin xalqa bəxş etdiyi azadlığın ziddinə çıxmaqda ittiham etdilər. İranın Zərdüştlükdən qalma adət-ən`ənələrini dirçəltməyə çalışırlar, bunun üçün ümumi büdcədən kifayət qədər pul da ayırırlar. Bununla kifayətlənmir, hələ üstəlik iddia edirlər ki, imam Xomeyni də elə bunları istəyirdi. Bu insanlar imamın azadlıq, istiqlal şüarlarının öz nəzərlərindəki məfhumlarla bir olduğunu zənn edirlər. Məgər imam (r) bunlar üçün inqilab etmişdi. Səhv fikirdədirlər; imam (r) düşmən əlindən azad olmaq istəyirdi, Allahdan, dindən, müqəddəs dəyərlərdən uzaqlaşmaq yox! İmam uşaqlıq çağlarından başlayaraq son nəfəsinə qədər bütün ömrünü İslami dəyərlərin qorunub-saxlanılması üçün sərf etmişdi. Onun qiyamı bu dəyərləri qorumaq üçün idi, xalqı bu dəyərlərdən azad etmək üçün yox!
Bu günlər bə᾿zi dövlət məs᾿ulları bizə minnət qoyurlar. Onlara irad tutanda ki, siz mədəniyyət işlərində İslami dəyərlərə, me᾿yarlara riayət etmirsiniz, deyirlər: “Azadlıqdan daha yaxşı bir dəyər vardırmı!”
Bu söz Müaviyənin imam Hüseynə (ə) qarşı işlətdiyi həmin məntiqdir. Müaviyə də deyirdi: “Sən Yezidin qeybətini edirsən, xalqın azadlığını istəmirsən!”
Danışıqda müğalitə və cədəl üslubundan istifadə etmək belə olur. Belə müğalitələrin tə᾿sirinə düşməmək üçün xalqın dini-elmi mə`lumatlarını genişləndirmələri lazımdır. Əziz cavanlar! Hər gün vaxtınızdan heç olmasa bir saatın da dini maarifə və dini elmləri öyrənməyə sərf edin. Dinin dəyər və əhəmiyyətinin yeyib-içməkdən, filmlərə baxmaqdan, idman etməkdən o qədər də az bilməyin. Dini elmləri öyrənmək üçün xüsusi proqram tutmalı, məclislər təşkil etməli, günün müəyyən vaxtını bu sahəyə ayırıb mütaliə etməlisiniz. Allaha şükürlər olsun ki, bu sahədə son zamanlar kifayət qədər kitab yazılmışdır. Yığıncaq təşkil edib, elmi bəhslər də aparmaq olar. Lazım deyil, hökmən müəllim ya da ruhani də᾿vət edəsiniz. Ustad Mütəhhəri kimi şəxsiyyətlərin kitablarını istədiyiniz mövzu üzrə mütaliə üçün seçib müzakirə edə bilərsiniz. Hər mövzu ətrafında elə öz aranızda fikir mübadiləsi aparmaqla, istənilən qaranlıq məsələni aydınlaşdıraraq düzgün nəticə əldə edə bilərsiniz. Həllini tapa bilmədiyiniz qaranlıq məsələyə rast gəlsəniz həftədə, ya da ayda bir dəfə bu məsələlərdə daha elmli olan münasib bir şəxsi də᾿vət etməklə, suallarınızın cavablandırılmasına nail ola bilərsiniz. Bu boşluqları dini yığıncaqlarda iştirak etməklə də doldurmaq mümkündür. Bu azdırıcı və şeytani təbliğatın qarşısında mütaliə və dərs lazımdır. Bunsuz insanın müxtəlif məsələlər haqda olan tanışlığı inkişaf etməz. Dini özümüzə əziz və lazımlı biliriksə, ona vaxt ayırmalıyıq. Din özünə məcburiyyətlə qəlblərdə yer açmaz, iman da öz-özünə yetişməz. İctimai amillər iman yaratmırlar, əksinə imanı dağıdırlar. Xüsusilə də, indiki mədəni əlaqələr və humanitar yardımlar adı altında müxtəlif siyasətli iş adamlarının ölkəmizə ayaq açdığı bir zamanda.
Bir sıra mədəni-ictimai birliklər adı altında əslində xalqı öz mədəniyyətindən, kökündən uzaqlaşdırıb, dini uçruma sürükləyir, ictimaiyyətin milli, dini köklərini, həqiqi çöhrəsini yabanı fikri kol-koslarla örtürlər. Müntəzəm olaraq bu təbliğatı aparır və xalqı öz dinindən uzaqlaşdırırlar.
İkinci amilin, yə᾿ni təhdid və tamahlandırmanın qarşısında imanı gücləndirmək lazımdır. İnsanın bu amillərin tə᾿siri altına düşməsinin əsas səbəbi imanın zəif olmasıdır. İmanı zəif olan insanlar haqq səslərini ucaldacağı təqdirdə, öz mövqelərini itirəcəklərindən qorxur, işlərində maneələrin yaranacağından ehtiyat edirlər. Bu neçə ildə haqqı tələb etdiklərinə görə neçə-neçə universitet rəhbərliyi vəzifədən azad edilib. Bə᾿zi yerlərdə hətta bütün idarənin işçilərini, süpürgəçisindən tutmuş rəisinə qədər, işdən kənarlaşdırıblar. Nə üçün? Çünki, bunlar hakimiyyətdə olanlarla eyni siyasi xətdə deyillər! Bu bəlaların hamısı imanın zəifliyi, iradəsizlik və süstlükdən qaynaqlanır. Axı nə vaxta qədər sizinlə belə rəftar edəcəklər? Əlbəttə, müqavimət görsəydilər, sizinlə bu şəkildə rəftar etməzdilər. Biz süstlük edib zəiflik göstərdik ki, arzuolunmaz şəxslər də bizə hakim kəsildilər. Səhv başa düşülməsin, mən bütün dövlət idarələrini nəzərdə tutmuram. Nazirlik və idarələrdə bə᾿zi üzdəniraq ünsürlərin apardığı siyasət eynilə Amerikanın apardığı siyasəti tamamlayır. İndi bu işdən ya başqalarının xəbəri yoxdur, ya onları bir cür aldadırlar, ya da özlərini aldadılmış kimi göstərirlər.
Bütün bu bəlaların qarşısını almaq üçün imanımızı gücləndirməliyik. İmanın gücü təkcə mütaliə deyil, əməl ilə də bağlıdır. Əlbəttə, ilkin növbədə öyrənib mə᾿lumat əldə etmək lazımdır. Lakin öyrəndiklərinizi real həyatda tətbiq etməsəniz, bir nəticə əldə etməyəcəksiniz. Əksinə, elmləri mənimsəmək üçün sərf etdiyiniz enerjini israf kimi qiymətləndirəcəksiniz. Əgər bir insan namaz qılmasa, namaz haqqında nə qədər kitab oxusa belə, imanı güclənməyəcəkdir. Hətta bu sahədə yüzlərlə kitab mütaliə etsə belə, imanına heç bir tə᾿siri olmayacaqdır. İman əməlin, tə`limin sayəsində qüvvət tapır. Özünüzə təlqin etməlisiniz ki, millətim, dinim məndən onun yolunda canımı fəda etməyimi istəsə, mən bu şəhadətə hazıram.
Bu yerdə yaxşı olardı ki, imam Hüseynin (ə) öz tə᾿limatından istifadə edək. Həzrət (ə) Aşura günü səhabələrinə belə buyurdu: “Ey azad insanların övladları və ey şərafət sahibləri, dözümlü olun!” Əvvəl xitab edir ki, sizlər şərəfli və böyük şəxsiyyətlərin övladlarısınız. Daha sonra buyurur: “Ey igidlərin qəhrəman övladları! Bir az səbr edin, bu ölüm sizi hər cür çətinliklərdən, dərdlərdən, pisliklərdən qurtarıb ucsuz-bucaqsız cənnətlərə, tükənməz ne᾿mətlərə çatdıracaqdır.”
Bu cümlələr üzərində az da olsa, fikirləşin! Sizcə, ölüm sizi mö᾿minlərin zindanı olan bu dünyadan çıxarıb behişt qəsrlərinə çatdırarsa, bu işi sevmək lazımdır, ya ondan qaçmaq? Bundan qorxmalı, yoxsa ona tərəf tələsməliyik? Ölümün siz müsəlmanlara nəsib etdiyi ne`mət cənnət, düşmənlərinizə nəsib etdiyi isə, cəhənnəmdir. Çünki bu dünya, axirətlə müqayisədə mö᾿minə necə zindan olduğu halda, kafir üçün də bütün bədbəxtliklərinə, çətinliklərinə baxmayaraq, cənnət yerindədir. Çünki kafirin axirətdəki əzabı bu dünyanın əzabı ilə müqayisədə şiddətli və çətin olduğundan, bu dünyanın əzablarına dözmək onun nəzərində cənnətə bərabərdir. Kafirlərə görə, ölüm onları cənnətlərindən çıxardıb cəhənnəmə götürür. Lakin mö`min üçün ölüm, cənnətə yetişmək üçün bir vasitədir. Bu halda qorxub, çəkinmək nəyə gərəkdir?
İmam Hüseyn (ə) bu sözlərlə öz dostlarının ruhiyyəsini gücləndirirdi. Cavan bir yeniyetmənin bu sözləri deməsi dəlilsiz deyildi: “Ölüm mənim üçün baldan da şirindir.” O, İmam Hüseynin (ə) əli altında böyümüşdü. Biz də əgər özümüzü Hüseyndən (ə) hesab ediriksə, bu tə᾿limlərdən istifadə etməli, zillət altında yaşamaqdansa, ölümün üstün olduğuna iman gətirməliyik.
Törədilən sitəm və zülmlərə, uydurulan bid᾿ətlərə, çıxarılan hoqqabazlıqlara nə qədər dözməliyik? Əgər bütün bunlara son qoyacaq ölümdürsə, şərəfli, ləyaqətli bir ömür yaşaya bilmiriksə, onda ölüm yaşadığımız həyatdan daha yaxşıdır.
İmam Hüseyn (ə) buyurur: “Mənim cəddimə, atama, qardaşıma qovuşmaq istəyim necə də çoxdur! Yusif peyğəmbərin qardaşları tərəfindən quyuya salınıb çətinliklərə mə᾿ruz qaldığı günlərdə atası Yəqub onu görməkdə nə qədər həvəsli idisə, mənim də cəddimə, atama qovuşduracaq ölümə şövqüm bir o qədərdir.”
Biz Peyğəmbərin (s) və imamların həyatından bu dərsləri öyrənib, başqalarına da öyrətməliyik. Biz Allah yolunda ölümə hazır olduğumuz təqdirdə, heç kəs bizim üzərimizdə hökmranlıq əldə edə bilməz.