1. Cəmiyyəti bürümüş ictimai qanunsuzluqların islahı;
2. İslahatın mə᾿nası;
3. İslahatın tə᾿rifində dəyərləndirmə sisteminin tə᾿siri;
4. Münafiqlərin islahat haqqındakı nəzərləri;
5. Həqiqi islahat.
Keçən bəhslərimizdə Aşura hadisəsi və imam Hüseynin (ə) qiyamı barədə müəyyən sualları açıqlayıb, imkan daxilində bu mövzu ətrafında söhbətlər aparmışdıq. Belə əzəmətli və misilsiz bir tarixi hadisə ətrafında yaranan suallardan biri də, imam Hüseynin (ə) bu qiyamdakı hədəfləri barəsindədir. “O həzrətin bu qiyamı etməkdə məqsədi, dinin dirçəldilməsi və ümmətin islah olunması idi” sözlərini dəfələrlə eşitmişik. Amma ümumi şəkildə qarşıya çıxan bu sualdan doğan bir neçə qaranlıq nöqtələr də mövcuddur ki, onların haqqında da bəhs etmək zəruridir. Onlar aşağıdakılardan ibarətdir:
İmam Hüseynin (ə) bu hərəkatının tə`siri ilə sonradan hansı islahatlar baş verdi?
Bu islahatların həyata keçirməlisi məhz bu yolla olmalı idimi?
Belə bir üslubun həyata keçirilməsi dinin dirçəldilməsində rol oynadımı?
Görəsən imam Hüseyn (ə) öz hədəfinə, məqsədinə nail ola bildimi?
Öz qiyamı ilə İslam hökumətini və müsəlman ümmətini islah edə bildimi?
İctimai qanunsuzluqların qarşısını ala bildimi?
Bu suallar ətrafında imkan daxilində bəhs etməyə çalışacağıq.
İmam Hüseynin (ə) qiyamının səbəbini o həzrətin öz kəlamlarından eşidib başa düşək deyə, əvvəlcə bir neçə cümlə o həzrətin buyurduqlarından yad edəcək, daha sonra qeyd olunan məsələlər haqda geniş söhbətə başlayacağıq.
İmam Hüseyn (ə) öz qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı vəsiyyətnamədə belə buyurmuşdur: “Mən nə gəzib dolanmaq üçün Mədinədən yola düşürəm, nə də yer üzündə zülm edib fəsad törətmək üçün. Mənim bu səfərim ancaq cəddimin ümməti arasında islahat aparmaq üçündür.”
Buna oxşar tə᾿biri o həzrət alimlərlə olan xüsusi görüşündə də buyurmuşdu: “Mən islahat fikrindəyəm, onu həyata keçirmək üçün çalışıram.” Diqqət etsək görərik ki, hər bir yerdə “islahat” kəlməsi xüsusi vurğu ilə gətirilmiş, hər dəfə xüsusi mə᾿na qeyd edilmişdir.
İmam bu çıxışı etdiyi zaman hələ Yezid əleyhinə mübarizə və qiyamdan əsər-əlamət belə, yox idi. O həzrət bu çıxışının axırında dua edir və Allaha xitabən belə deyir: “Pərvərdigara! Sən özün bilirsən ki, bizim mübarizəmizin məqsədi Sənin dininin nişanələrini və İslami me᾿yarları xalqa tanıtdırıb göstərməkdir. Yə᾿ni, dinin nə olduğunu göstərək və hansı nişanələrlə, hansı me᾿yarlarla dindar adamı dinsizindən ayırd edib seçə bilməyi tanıtdıraq. Həmçinin bizim hədəflərimizdən biri də, Sənin ölkəndə islahat işləri aparıb, həqiqəti üzə çıxarmaqdır.
“İslah” kəlməsinin iki mə᾿nası ola bilər.
Biz gələcək bəhslərimizdə onun hər iki mə`nasına aydınlıq gətirməyə çalışacağıq.
“İslah” kəlməsinin gündəlik siyasi ədəbiyyatımızda çox işlədilən kəlmələrdən biri olduğunu və əziz rəhbərimizin son çıxışlarında bu termini xüsusi şəkildə vurğuladığını nəzərə alaraq, onun üzərində dayanmaq istəyirəm. Əvvəlcə bu kəlmənin leksik mə᾿nasını, daha sonra Qur᾿anda və rəvayətlərdə istifadə edildiyi nöqtələri açıqlayacağam. Bundan sonra isə, günümüzdə daha çox qarşılaşdığımız mətləbləri izah etməyə çalışacağam.
Ərəb kəlməsi olan “islah” sözünün kökü üç samit hərfdən (s, l, h) təşkil olunmuşdur və əsasən iki mə᾿na verir; birincisi, “sülh”, ikincisi isə “səlah”. Bə`zi sözdüzəldici şəkilçilər artırmaqla “sülh” kəlməsindən götürülən “islah” sözünün mə᾿nası, barışıq, iki nəfər, ya da iki dəstə arasında olan çəkişməni, ixtilafı aradan qaldırmaq mə`nasını daşıyır. Bu mə᾿nada anlaşılan islah kəlməsindən Qur᾿anda, kişi ilə qadın arasında barışıq yaratmaq ifadəsi kimi istifadə olunmuşdur. Qur᾿anda buyurulur: Bir-biri ilə ixtilafları olan kişi və qadın arasında bir nəfər hakim qadın tərəfindən, bir nəfər də kişi tərəfindən tə᾿yin edin. Əgər kişi və qadın həqiqətən barışmaq istəsələr, Allah onların arasında sülh qərar verəcəkdir.
Başqa bir ayədə kişi və qadının barışığı barədə buyurulur: “Barışıq daha yaxşıdır...”
Buna oxşar başqa tə᾿birləri yəqin ki, dəfələrlə eşitmisiniz və Qur᾿anda da vardır. Bu həmin “zatul-beyn” arasında olan islahdır. Bu növ islah, mübahisələri olan iki dəstəni barışdırmağa deyilir.
Hədislərdə də bu iş barəsində çoxlu savab zikr edilmişdir. Əgər iki mö᾿min və ya iki dəstəni, ya da bir ailəni bir-biri ilə küsülü görsəniz, onları barışdırmağa çalışın. Bu işin savabı namazın, orucun savabından üstün göstərilmişdir. Münaqişəli tərəflər arasında sülh yaratmaq məsələsi Qur᾿anda geniş əhəmiyyət kəsb edir. Ayənin ardı cihad məsələsinə aid olduğundan, hələlik bu barədə bəhs etmək istəmirəm.
Deməli aydın oldu ki, islah kəlməsi sülh anlamında, iki fərd və ya iki dəstə arasında olan münaqişəni barışıq yolu ilə həll etməyə deyilir. “Səlah” sözündən alınan “islah” kəlməsi isə “fəsad» sözünün antonimidir. Yə᾿ni, bu sözü fəsad və qanunsuzluq sözünün qarşısında gətirirlər. Adətən bizim dildə bu söz “bəyənilmiş”, “ləyaqətli” kimi tərcümə edilir. İslah bu anlamada bəyənilən bir iş görüb, fəsadı aradan qaldırmağa deyilir. Belə bir ləyaqətli işi öhdəsinə götürüb eyblərə, naqisliklərə, fəsadlara qarşı mübarizə edən adama “müslih”, fəsad törədib qarışıqlıq yaradan insana isə “müfsid” deyirlər.
“Yer üzünün müfsidi” tə᾿biri də buradan götürülmüşdür. Bu mə᾿nada olan islah sözü ilə iki münaqişəli tərəf arasında barışıq mə᾿nasında işlədilən islah sözü arasında fərq vardır. Fəsadı aradan qaldırıb ləyaqətli iş görmək istəyən şəxslərin qarşısında xüsusi bir fərd olmur. Deməli, “səlah” maddəsindən olan islah kəlməsinin özü iki mə`na daşıyır: Biri ləyaqətli, bəyənilən iş görmək, digəri fəsad, möhtəkirlik, cəmiyyətdə hər cür pozğunluq əleyhinə mübarizə aparmaq anlamı. Bu sözün hər iki mə᾿nasından Qur᾿anda istifadə edilmişdir. Məsələn: “O kəslər ki, tövbə və islah etdilər.” Yə᾿ni, əvvəldə etdikləri günahların əvəzində tövbə etdilər. Əvvəldə gördükləri səhv və batil işlərin yerinə əməllərini islah edib, yaxşı işlər gördülər.
Amma islah sözünün ictimai anlamda və həmçinin imam Hüseynin (ə) buyurduqlarında, eləcə də bu günümüzdə, xüsusilə də siyasi ədəbiyyatda, xalq arasında daha çox işlədilən mə᾿nası fəsad və qanunsuzluqların islahıdır. Bura qədər “islah” kəlməsinin ərəb lüğəti baxımından, Qur᾿anda və dini ədəbiyyatda istifadə edildiyi mə᾿nalarını aydınlaşdırdıq.
Amma bu günümüzdə islah kəlməsi yeni bir mə`nada işlənərək, siyasi istilahda özünə yeni mə᾿na kəsb etmişdir. Bu söz yeni məfhumda “reforma” (Reform) sözünün sinonimi kimi başa düşülür və “inqilab” sözünün qarşısında işlədilir.
Cəmiyyətdə baş verən dəyişikliklər bə`zən tədrici şəkildə, zəif gedişatla həyata keçirilir ki, bu halda ona “reforma” deyilir. Cəmiyyətdə bu üsulla dəyişiklik aparmaq istəyən şəxsləri “islahatçı” adlandırırlar. Müasir istilahda belələrinə “reformist” (Reformist) deyilir. Bunun müqabilində ölkənin siyasi-ictimai durumunu birdən-birə, partlayış formasında dəyişmək istəyən kəslərə “inqilabçılar” deyirlər. İnqilab, gözlənilməz ictimai-siyasi çevriliş mə᾿nasında olub, sür᾿ətli və şiddətli halda olması ilə yanaşı, bə`zən fiziki güc tətbiq etmək və zor gücündən istifadə etməklə də baş verir.
İslah sözü bu mə᾿nasında siyasi istilah kimi inqilab sözünün qarşılığı olub, xüsusi mə᾿nada işlədilir. Bu istilahın lüğəti kökü yoxdur və dini termin də sayılmır. Aydındır ki, bu yeni bir istilahdır, Qur᾿anda və rəvayətlərdə də həmin söz bu mə᾿nada işlədilməmişdir. İmam Hüseynin (ə) kəlamında gətirilən söz də bu mə᾿nada deyilməmişdir. Onun apardığı mübarizə də tədrici və sakit olmamışdır. Əziz rəhbərimiz də öz çıxışlarında bu nöqtəyə işarə edərək deyirdi: “Biz islah deyəndə, bu sözün bu günkü siyasi istilahını nəzərdə tutmuruq.” Bu sözü söyləməkdə, nəzərimiz onun hər cür fəsad və qanunsuzluqlara qarşı mübarizə olan mə᾿nasıdır. İstər tədrici şəkildə olsun, istərsə də inqilabi şəkildə. Ona görə də buyururdu: “İran İslam İnqilabının özü ən böyük islah idi”. Hərçənd bu günkü siyasi istilahda ona islah demirlər. Demək istəyirdi ki, biz Qur᾿an istilahına əsasən islah kəlməsindən bəhs edəndə, nəzərimizdə bu sözün ümumi mə᾿nasını nəzərdə tuturuq. Buna görə də İslam İnqilabı böyük islah idi. Çünki cəmiyyətdə bir sıra fəsadların aradan getməsinə səbəb olmuşdu. Baxmayaraq ki, bu iş inqilabi şəkildə baş verdi, amma bu hərəkat on beş il mübarizədən sonra qələbəyə çatdı. Əlbəttə, inqilab qələbə çalan anda ölkənin keçmiş dövlət sistemi bir andaca devrildi və ölkənin dövlət orqanları gözlənilməz şəkildə dəyişikliyə uğradı. Yeni konsititusiya yarandı və yeni amallar əsasında dövlət quruldu.
Qeyd etdik ki, Qur᾿anda göstərilən “islah” kəlməsi ya “sülh”, ya da “səlah” mə᾿nasındadır. Bizim üzərində dayandığımız islah sözü “səlah” mə᾿nasında olub, fəsadın əks mə`nası kimi işlənir. Səlah və fəsad Qur᾿anda ən geniş istifadə olunan dəyər məfhumlarından sayılır. Əksər oxucuların bu istilah haqqında mə᾿lumat məhdudluğunu nəzər alaraq, dəyər məfhumu barəsində qısa izah vermək istərdim.
Bizim rastlaşdığımız əksər məfhumların həyatda varlığı və mövcudluğu vardır. Bə`zən də bir sıra məfhumlara rast gəlirik ki, xaricdə vücudu olmur və biz belə məfhumlar haqqında danışarkən “belə olmalıdır” və “olmamalıdır” sözlərindən istifadə edirik ki, bu kimi mə᾿naları doğuran məfhumlara dəyər məfhumları deyilir.
Səlah mə`nasının daşıyıcısı olan söz, görülməsi və olması ləyaqətli, bəyənilən və müsbət olan bir işdir. Fəsad isə qarşısı alınası, görülməsi və həyata keçirilməsi bəyənilməyən mənfi bir işdir. Səlah və fəsad dəyər məfhumlarındandır. Yə`ni, onları təhlil etdiyimiz zaman mə᾿nalarını “gərək olsun” və “gərək olmasın” kimi inkar və ya təsdiq formasında olan köməkçi fe᾿llərin vasitəsi ilə dərk edirik. Bu cür dəyər məfhumları hərdən məhdud olub, xüsusi hallarda işlədilir, hərdən də geniş olub, bütün yaxşı və pis işləri əhatə edirlər. Bütün yaxşı və pis işləri özündə əhatə edən məfhumlara ümumi dəyər məfhumları deyilir. Qur᾿anda mövcud olan “səlah” və “fəsad” kəlmələri də ümumi dəyər məfhumlarındandır. Qur᾿anda digər ümumi dəyər məfhumu “mə᾿ruf” və “münkər” məfhumlarıdır. Mə᾿ruf, bütün yaxşı, münkər isə hər hansı bir pis işdir. “Xeyr” və “şər” də Qur᾿anda bu qəbildən olan məfhumlar sırasında durur.
Dəyər məfhumlarının xüsusiyyətlərindən biri, onların təcrübi me᾿yarlarının olmasıdır. Məsələn, hava istidir və ya bura işıqlıdır, dedikdə, sözlərimizi təcrübədə göstərə bilirik. Havanın istiliyindən bədənimizdə hərarət artır, tərləyirik və bir növ narahat oluruqsa, deməli havanın istiliyini duyur və təsdiq edirik. Eyni zamanda üşüyür və titrəyiriksə, bunu da havanın soyuqluğundan bilirik. Bu tərtiblə anlatmaq, çatdırmaq istədiyimiz bə᾿zi məfhumları təcrübədə müşahidə etməklə, göstərməklə digərlərinə çatdırmış oluruq.
Amma dəyər məfhumları belə deyillər. Biz hansı hisslə bir işin yaxşı və ya pis olmasını təcrübə edə bilərik? Deyirlər yaxşı və pis, səlah və fəsad, mə᾿ruf və münkər dəyər sisteminə daxildirlər. Hər cəmiyyətin, hər dəstənin özünün e᾿tiqadlı olduğu belə dəyər sistemləri vardır. Yə`ni, bir sıra işləri yaxşı və dəyərli, digərlərini isə, pis bilirlər. Mümkündür, bir iş bir cəmiyyətdə yaxşı hesab edilsin, amma digər bir cəmiyyətin dəyər sistemində həmin işə pis baxılsın. Məsələn, bir cəmiyyətdə digərlərinə ehtiram göstərmək xüsusi şəkildə həyata keçirilir; halbuki, həmin işi başqa cəmiyyətdə mənfi qarşılayırlar. Buna görə də səlah və fəsad məsələsi hər cəmiyyətin dəyər sistemində bir-birindən fərqli şəkildə başa düşülür.
Səlah və fəsadın dəyər məfhumlarından olduğunu nəzərdə alaraq, yerindəcə soruşa bilərik ki, əgər bu kəlməni müəyyən bir məsələdə istifadə etməli olsaq, islahı hansı dəyər sisteminə əsasən açıqlamalıyıq? Amerika islahı baxımından, yoxsa İslami islah nəzərindən? Nəyə görə inqilab rəhbəri buyururdu: “Bizim cəmiyyətimizdə İslami islahı hər kəs qəbul edir, amma Amerika tipli islahı heç kəs qəbul etmir.” Görəsən, bu iki islah arasında nə fərq vardır? Buna görədir ki, hər ölkənin dəyər sistemində, mədəniyyətində islah kəlməsini, bu kəlmənin tabe olduğu dəyər sisteminə əsasən istifadə edirlər. Onların hansı işi yaxşı və bəyənilən, hansı işi isə pis və ləyaqətsiz adlandırmalarına diqqət etməliyik ki, yaxşılığı və pisliyi ölçmək üçün hansı me᾿yarları əsas götürürlər. Buna görə də, hər hansı bir işin pis və ya yaxşı olmasını bilmək üçün əvvəl ölçü me᾿yarlarımızı tə᾿yin etməli və hansı dəyər sistemini qəbul etdiyimizi araşdırmalıyıq. Görəsən İslami dəyər sistemini qəbul etmişikmi və islahatı bu dəyər sistemi əsasında aparmaq istəyirikmi? Biz İslamın müsbət hesab edərək əmr etdiyi işləri həyata keçirmək və pis buyurduğu işlərə qarşı mübarizə aparmaq istəyirikmi?
Bunu da xatırladaq ki, əksər xalqlar bütün şəraitlərdə, adət-ən᾿ənələri, mədəniyyətləri arasında olan ixtilaflara baxmayaraq, ümumi olaraq, bə᾿zi şeylərin pis olmasını anlayır və qəbul edirlər. Məsələn, əgər bir adam yersiz olaraq kimisə incitsə, vursa, heç nəyə görə bir nəfərə xəsarət varid etsə, öldürsə və yaxud digərinin malını səbəbsiz mənimsəsə, başqasının namusuna təcavüz etsə, kimliyindən asılı olmayaraq, hamı onun pis iş tutduğunu söyləyər. Həqiqətdə, hər kəs zülmün bu kimi nişanələrini başa düşür və bütün xalqlar arasında da bu cür işlərə pis baxılır. Eynilə, bir sıra işlərin yaxşı olmasını bütün xalqlar qəbul edir. Məsələn, xalqın sağlamlığını nəzərdə tutan xidmət növləri kimi. Əgər bir adam hər hansı xəstəliyin əlacında yeni bir dərman növü kəşf etsə və xalqın ixtiyarına qoysa, hamı onu tə᾿rifləyər və yaxşı iş gördüyünü deyər. Buna oxşar məsələlərdə ixtilaf yaranmır. Amma bütün yaxşı və pis işlər bu cür deyil. Bu günlər bizim ehtiyac duyduğumuz bə᾿zi məsələlər müxtəlif cəmiyyətlərdə fərqli baxışlarla qarşılanır.
Son vaxtlar yəqin ki, “svilizasiyalar arasında dialoq”, “vahid svilizasiya”, “mədəniyyətin dünyəviləşdirilməsi” və bu kimi digər sözlərlə rastlaşmısınız. Bu qərb siyasəti olub, xalqların milli-mədəniyyətlərinin aradan aparılması məqsədilə həyata keçirilir. “Qərb inteqrasiyasına qovuşmaq” ifadəsi də bu qəbildəndir.
Onların nəzərinə görə İslamın bə᾿zi cəza qanunları - məsələn, əl kəsmək, şallaq vurmaq, e᾿dam etmək kimi kəskin cəza tədbirləri pis və bəyənilməzdir. Müasir ifadələrlə desək, insanlığa ziddir. Buna görə də “Beynəlxalq İnsan Hüquqlarının Bəyannaməsi”ndə göstərilir ki, bütün ölkələr bu cür ağır cəza növlərini ləğv etməlidirlər. Yə`ni, İslamın bütün cəza hökmləri onların nəzərində vəhşilik və qeyri-insani qayda-qanunlar sayılır. Xüsusi ilə də şallaq vurmaq, e᾿dam etmək məsələlərində. İnsan hüquqları bəyyənnaməsində belə qeyd olunmuşdur: “Bütün ölkələr çalışıb, bu kimi ağır cəzaları ləğv etməlidirlər.” Onlara görə bu kimi cəza tədbirləri fəsad hesab edilir və islah olunmalıdır. Hansı mə᾿nada islah olunmalıdır?
Biz İslam mədəniyyətinə əsasən deyirik: ”Qur᾿anın buyurduğu hər bir şeyə əməl edilməlidir. Əgər əməl edilməsə fəsaddır.” Fəsad ilahi hökmlərin dayandırılması deməkdir. Onların dediklərinə nəzər salaq: “İslami hökmlərin icrası fəsaddır. Onunla mübarizə edilməli, bu qəbildən olan hökmlərin icrasının qarşısı alınmalıdır. Bu təqdirdə islahat həyata keçmiş olur.”
Bu qərb mədəniyyəti əsasında olan islahatdır. İnsan hüquqlarının bəyənnaməsində, “Biz hər cür vəhşiliklə mübarizə aparırıq” deyəndə, bunları nəzərdə tuturlar. Yoxsa hər hansı cəmiyyətdə törədilən adi zorakılıqları hamı pisləyir və onların pis iş olmasını da hamı qəbul edir. Yersiz söyüş söyməyi, əxlaqsız hərəkətlər etməyi kim yaxşı iş hesab edir ki?! Lakin onlar İslamın cəmiyyətin sağlam mühitinin qorunub-saxlanılmasında nəzərdə tutduğu və icrasına tə᾿kid etdiyi cəza tədbirlərini bəyənmirlər. Deyirlər: “Belə cəza tədbirləri qeyri-insani hərəkətdir, indiki zamanda müasir dünyamız belə şeyləri qəbul etmir. İslahatın aparılması üçün onları tərk edib, belə qanunlara qarşı mübarizə aparılmalıdır. Əgər hər hansı bir qanun toplusunda bu cür hökmlərə yer verilmişdirsə, həmin qanun toplusu qərbin svilizasiyalı həyat tərzinə layiq deyildir. Buna görə də islah edilməlidir.” Amma bizim dediyimiz islah bunun tam əksinədir. Əgər bir qanun İslam qanunun ziddinə olarsa, dəyişdirilməlidir ki, islah edilmiş olsun. Əgər qanun İslamla müvafiq olarsa islah, əgər İslamın ziddinə olarsa fəsad sayılır.
Qədim zamanlardan üzü bəri bu kimi çoxmə`nalı kəlmələrdən sui-istifadə etmək, onları düzgün mə᾿nasında işlətməmək, mə᾿nalarında müğalitə etmək münafiqlərin əsas metodlarından biri olmuşdur. Münafiqlər ikiüzlüdürlər. Həmişə elə danışırlar ki, sözlərini hər iki tərəfə yozmaq mümkün olsun. Nifaq, həmin ikiüzlülükdür. Onlar həmişə haqq və batil arasında sərhəd üzərində hərəkət edirlər. Nə sırf batili tuturlar, nə də sırf haqqı. Əgər işin nəticəsi haqqın xeyirinə tamamlanarsa, özlərini bu dəstənin adamı kimi tanıtdıraraq deyirlər: “Məgər biz sizinlə deyildikmi?! Əlbəttə ki, biz sizinlə olmuşuq və mö᾿minik.” Əgər işin qarşı tərəfin xeyirinə qurtardığını görərlərsə, tez deyərlər: “Biz də elə əvvəldən siz deyəni deyirdik. Onlara da bu işləri görməmələrini deyirdik, amma bizə qulaq asmadılar.
Haqq və batil arasında sərhəd zolağında hərəkət etmək münafiqlərin əsas xüsusiyyətlərindən biridir. Qur᾿an bu barədə belə buyurur:
”(Onlar həmişə) iki fikirli və tərəddüdlü olarlar; nə mö`minlərin yanına sabit bir fikirdə gedərlər və nə də ki, kafirlərin; Allah hər kəsi yolundan azdırsa, heç vaxt hidayət yolunu tapa bilməz.”
Bu cür adamlar həmişə münasib fürsət gözləyirlər. Həqiqətdə nə bu tərəfi qəbul edirlər, nə də o biri tərəfi. Öz xeyirlərini güdürlər. Əgər bu gün külək bu tərəfdən əssə, mö᾿min olurlar; sabah iş başına başqa dəstə gəlsə, özlərini islahatçı adlandırır və qarşı tərəfə keçirlər. Gündə bir dona girirlər. Şəraitin, vəziyyətin tələbinə uyğun olaraq rəngdən-rəngə düşürlər. Bunlar hamısı nifaqın xüsusiyyətlərindəndir. Nifaqın digər xüsusiyyətlərindən biri də, onların özlərini səlah əhli bilmələridir. Qur᾿ani-Kərimdə bu barədə buyurulur:
“Münafiqlərdən bir dəstəsi deyərlər ki, biz Allaha və qiyamət gününə iman gətirmişik, halbuki iman gətirməyiblər.”
“Onlar Allahı və mö`minləri aldatmaq istəyirlər, halbuki onlar yalnız özlərini aldadırlar və nadanlıq üzündən bunu başa düşmürlər.”
Bə᾿zi insanlar deyirlər: “Biz Allaha və qiyamət gününə iman gətirdik, bizim də dinimiz, imanımız vardır.” Lakin yalan deyirlər. Münafiqlərin digər iddialarından biri də budur. Qur᾿anda bu barədə belə buyurulur:
“Elə ki, (mö`minlər) onlara deyər: Yer üzündə fəsad etməyin, deyərlər ki, biz yalnız islahat aparırıq.”
Əgər onlara deyilsə, fəsad etməyin, cinayət törətməyin, qanunu pozmayın, camaata yersiz töhmət vurmayın, gizli işlərə əl atmayın, deyərlər: “Biz islah əhliyik; biz islahatçıyıq.” Bunların “islah”dan məqsədləri tamam başqa şeydir. Allah onlara buyuranda ki, fəsad etməyin, onlar öz bildiklərini edərlər. Allah onların işlərini ilahi dəyər sistemində və Qur᾿anda fəsad adlandırır və buyurur: “Fəsad etməyin.” Ancaq onlar digər dəyər sistemini qəbul edirlər. Bu günlər onların bəyəndikləri dəyər sistemini Amerikanın və qərbin dəyər sistemində mücəssəm etmək olar. Peyğəmbərin (s) dövründə də İslam dəyərləri müqabilində batil nəzəriyyələr mövcud idi. Heç bir fərqi yoxdur, İslamdan qeyri bütün nəzəriyyələr küfr və batildir. İstər ingilisin olsun, istərsə də qeyri millətlərin, heç bir fərqi yoxdur. İslam olmasa, bütün kafirlər vahid millət sayılırlar.
Qur᾿an - yer üzündə İslamın fəsad hesab etdiyi işləri görməyin - dedikdə, onlar - bizim gördüyümüz işlər fəsad deyil, islahdır - deyərlər. Bu məsələnin sirri, hər iki nəzəriyyənin öz bünövrəsi və qaynağı olmasındadır. Allah bir şeyi islah hesab edir, onlar da ayrı bir şeyi. Allah bir şeyi fəsad qəbul edir, onlar başqa bir şeyi. Elə buna görədir ki, Qur᾿an onların qarşısında cavab verir: “Həqiqi müfsidlər (fəsad edənlər) münafiqlərdir. Həmin o kəslərdir ki, özlərini islahatçı adlandırırlar. Belələri zahirdə özlərini dindar göstərirlər: “Biz də Allaha inanırıq, bizim də imanımız var, ziyalı olmaqla yanaşı, həm də dindarıq.” Həqiqətdə isə, dindən xəbərsizdirlər.
Vəhydən söhbət düşdükdə deyərlər: “Ümumiyyətlə, din, bir adamın öz şəxsi işlərindəndir, dinin ictimai işlərə heç bir aiddiyyatı yoxdur. Dinin nə iqtisadiyyat haqqında nəzəri var, nə də siyasət işləri barədə görüşləri. Heç əxalaqi dəyərləri də yoxdur! Belə dəyərlərin dinlə heç bir əlaqəsi yoxdur! Bəs din nədir? Hər xalqın öz arasında tə᾿yin etdiyi bir sıra adət-ən᾿ənələr toplusu. Şəxsin ibadət ünvanı ilə fikirləşdiyi şey, onun Allahıdır! Bu məfhum bütpərəstlik çərçivəsində də ola bilər, Allah çərçivəsində də. Mümkündür, bir nəfər iki şeyi Allah bilsin, digəri üç şeyi, din deyilən şey budur. Bunların bir-birindən heç bir fərqi yoxdur. Bu ayrı sirati müstəqimdir, o da ayrı bir yol. Daşdan yonulmuş bütə pərəstiş etmək bir yoldur, İslamın dediyi Allaha ibadət etmək isə başqa bir yol. Heç bir fərqi də yoxdur!”
Necə yə`ni fərqi yoxdur? Mə`lum məsələdir, onların nəzərinə görə, bunların heç birinin həqiqəti yoxdur. Bütün dinləri yalan hesab edəndə, daha onların arasında bir fərq qalmır ki! Bu cür adamlar dindarlıq iddiası edirlər: “Biz rəhbərik, yol göstərənik! Başqalarına yol göstərib, onlara din öyrədirik.” Belələri islahatçılıq iddiası da edirlər. Görəsən, hansı dəyər sisteminə əsasən islahat aparmaq istəyirlər?! Özləri, aləmdə sabit, daimi olacaq heç bir dəyər sistemi olmadığını iddia edirlər. Əlbəttə, İslam hökmlərindən söhbət gedəndə, başqalarının gözündən pərdə assınlar deyə, deyirlər: “Bəli, bu İslamın buyurduğu hökmdür, lakin 1400 il bundan qabaqkı cəmiyyət üçün gəlmişdir. Bu gün şərait dəyişib, zamanın öz tələbləri var. İslam da mütəhərrik, dəyişkən din olduğu üçün hər bir zamanın tələbinə uyğun olaraq, öz şəklini dəyişir. Əgər İslam varsa, biz də onun tərəfdarıyıq və İslam sisteminin bərpasını istəyirik.” Amma hansı İslamı deyirlər? 1400 il bundan öncəki Peyğəmbərin (s) buyurduğu İslamı, yoxsa Amerikadan gətirdikləri İslamı? Görəsən yüz minlərlə şəhidin canını qurban verdiyi din sizin dediyiniz dindir? Yoxsa adını İslam qoyduğunuz kafirliyə din deyirsiniz? Bəlkə, islahat adı ilə törətdiyiniz bu fəsad və pozğunluqları din adlandırırsınız?! Qız-gəlinləri yarıçılpaq vəziyyətdə küçələrə salıb mədəniyyət adı ilə səhnələrə çıxarmağı islahat, cürbəcür spritli içkilərin küçə vitrinlərini bəzəməsini inkişaf adlandırırsınız?! Sizin arzusunda olduğunuzu azadlıq cavan oğlan və qızların küçə və xiyabanlarda çıxartdıqları hoqqabazlıqlardımı?! Mənə deyirlər niyə belə şeyləri danışırsınız? Bəs indi danışmasam, nə vaxt danışmalıyam? Bu bəylərin həyata keçirmək istədikləri islahatdan yeganə məqsədləri, kafirlərin 2500 illik adət-ən᾿ənələrinin yenidən dirçəldilməsidir. Bu da olur islahat! İlahi hökmlərin yığışdırılıb, yerində şeytani oyunları hakim etməsini islahat adlandırırlar! Qur᾿an qanunlarının dəyişdirilməsini islahat adlandırırlar!
İndi görək imam Hüseyn (ə) niyə qiyam etdi? Zamana, şəraitə görə dəyişən yeni dövlət yaratmaq istəyirdi. İslahat bu idimi? Buyurur: “Cəddimin gətirdiyi hökmlərə əməl edin!”
Xilafət iddiasında olan isə şərab əhli idi. Hətta bu xəstəliyə o qədər aludə olmuşdu ki, camaat namazına belə içkili halda gəlirdi. İmam Hüseyn (ə) isə başqalarından fərqli olaraq onun bu əməlinə göz yummur və buyururdu: “Şərabxora cəza verilməlidir!”
İmam Hüseyn (ə) buyurmuşdur: “Mən cəddimin ümməti arasında islahat aparmaq üçün xüruc etmişəm.” Gəlin imamın bu sözləri deyərkən hansı məqsəddə olduğunu araşdıraq və “İslahat nədir?” sualını aydınlaşdıraq. İlk növbədə o həzrətin çıxışından bə᾿zi hissələri qeyd etmək istərdim.
Kərbəla yolunda çıxışlarının birində həzrət buyurur: “Əgər bir nəfər, zalım bir sultanın zor gücünə hakimiyyət sürdüyünü, əldə etdiyi iqtidarı hesabına bəndəçilik əhdi olan ilahi peymanı sındırdığını, Allah hökmlərindən boyun qaçıraraq, peyğəmbərin (s) əmrlərinə itaət etmədiyini və xalqla rəftarında həddini aşdığını görsə və onu öz sözü və əməli ilə düz yola də᾿vət etməsə, onu əyri yoldan döndərməyə çalışmasa, Allahın haqqıdır ki, onu da həmin zalımla birlikdə cəhənnəmə daxil etsin. Beləliklə də, zalımlər cərgəsində qərar tutsun.”
Yə᾿ni, zalımın zülmünü görüb, onunla mübarizə aparmayan müsəlmanın yeri cəhənnəmdir. Həmin zalım zülmə əl atdı, bu şəxs də sükut etdi. Xilaf işin müqabilində sükut etmək, onun gördüyü işi imzalamaq deməkdir. Bununla da o, həmin işi təsdiq etmiş olur və onların həmdəminə çevrilir. Sonra buyurur: “Mənim qarşı-qarşıya dayandığım adamlar (Bəni-üməyyə) şeytanın itaətinə keçib, onun həmdəmi olublar. Allah-taalanın öz bəndələri ilə əhdi bu idi: “Şeytana ibadət etməyin ki, o sizin aşkar düşməninizdir.” Bu əhdin əksinə əməl etdilər. Şeytana itaət edib, Allahdan üz döndərdilər; onlar fəsadı üzə çıxartdılar.”
Bu kəlmələr mənim sözlərimin əsas dəlilidir. Fəsadı zahir edib, cəmiyyətdə aşkara çıxartdılar; ilahi hökmlərin icrasını dayandırdılar. Allahın hökmlərinin ziddinə getdilər. Bunlar fəsad və qanunsuzluqlardır. Hüseyn (ə) məktəbində də fəsad bunlara deyilir: “Beytül-malı ata malı bilib, öz yaxınları, qohumları arasında bölüşdürdülər. Bütün müsəlmanlara məxsus olan dövlət büdcəsini, ixtiyarlarında olan ümumi imkanlarını öz tərəfdarlarının ixtiyarına qoydular.”
Allahın haram buyurduqlarını halal etdilər. Allahın haram buyurduğu şeylər haqqında belə deyirlər: “Nə haram? Bir az istifadə etməyin eybi yoxdur! Ya da indi eybi yoxdur, dolanmaq olmur, acından öləsi deyilik ki? İslam da şəraitə, zamana görə dəyişir, yeni şəkil alır. Bizə fəal din lazımdır, dünən haram idi, bu gün halal!” İşi elə yerə gətirib çıxarıblar ki, hətta dindar cavanlar belə soruşurlar: “Nə vaxt oğlanın qızla dostluğu caiz olacaq? Hələ müctehidlər icazə verməyiblər?” Onlara deyəndə ki, bunlar halal olacaq işlər deyil, Allah haram buyurduğu şeylər haramdır. Cavabında deyirlər: “Yox, çox şeylər var idi ki, haram idi, lakin indi halaldır.” Dinin zamana görə dəyişməsini bu cür fikirləşirlər; yə᾿ni, bir gün yetişəcək ki, Allahın hökmləri əvəz olunacaqdır. Kim əvəz edəcəkdir? Hakimin qüdrətimi!
İmam Hüseyn (ə) zalım qarşısında e᾿tiraz etməyin hər müsəlmanın borcu olduğunu xatırladıb, sözünü belə davam etdirir: “Məgər Allahın Rəsulu (s) deməyibdir ki, zalım hakimin rəftarına e᾿tiraz edib, onu doğru yola səsləməyənin yeri cəhənnəmdir?! Belə bir zamanda zalımlar əleyhinə qiyam etməyə məndən ləyaqətli daha kim olacaqdır? Bu islahatları aparmağa hamıdan çox mənim haqqım vardır. Mənim xürucumun səbəbi bu islahatlar üçündür.”
Mən cəddimin ümməti arasında islahat aparmaq istəyirəm – deyə buyurduqda, aşağıdakı mətləbləri nəzərdə tuturdu:
İlahi hökmlər əvvəlki vəziyyətinə qayıtmalıdır;
Beytül-mal və ümumi imkanlar müsəlmanların arasında ədalətli şəkildə bölünməlidir;
İnsanların hamısı bərabər hüquqa malik olmalıdır;
İqtisadi, idari, hüquqi imtiyazlardan bərabər şəkildə istifadə edilməlidir.
Qohum-əqrəbalara, dost-tanışlara üstünlük verilməməlidir. Bunlar hamısı fəsad və qanunsuzluqlardır. Belə fəsadların qarşısını almaq lazımdır, qiyam edilməlidir. İmam Hüseyn (ə) bu cür fəsadların kökünü kəsmək üçün qiyam etmişdi. Əgər islahatçıların nəzəri bu növ islahat olarsa, elə biz də bunu istəyirik. Bu növ islahatın düzgün olduğunu hamı qəbul edir. Əlbəttə, müxalif olanlar da var. Onlar ya müsəlman deyillər və ya müsəlman olsalar da, Allaha və ilahi hökmlərə imanları yoxdur. Onların İslam dini iddiasında olmaları gözdən pərdə asmaq üçündür. İslamın dəyər sisteminə əsaslanan islah, yaxşı əməldir. Bütün kafirlər bir zümrədəndirlər. İslami dəyərlərlə müxalifətçilik edən hər bir şəxs bizim düşmənimizdir. Biz İslami dəyərlərin həyata keçməsi və ilahi qanunların icra olunmasını istəyirik. Amerika və onun əlaltıları isə, bütün bunların insan hüquqlarına zidd olduğunu iddia edirlər. İddialarında hansı dəyər sisteminə əsaslandıqları da mə`lumdur.
Biz Avropa parlamenti, Amerika konqresi və buna bənzər qurumların deyil, Qur᾿anın, Allah Rəsulunun sünnəti üzrə əməl edirik.
İmam Hüseyn (ə) başqa bir çıxışında buna oxşar məsələ haqqında buyurur: “Bunlar Allahın qanunlarını batil etdilər.”
Qanunu batil etmək, onun icrasını dondurmaqdan daha pisdir. Müasir İslam iddiasında olanlar İslam hökmlərinin yersiz, insani dəyərlərə zidd və ya mövcud şəraitlə uyğunlaşmadığı fikrini irəli sürürlər. Daha doğrusu, fikir yox, cəfəngiyat uydururlar. İslamın hökmləri daimi olub, bütün dövrlər üçün nəzərdə tutulmuşdur. Bu iddia sahiblərinə məsləhətim budur ki, hökmlərin Allah-taala tərəfindən verildiyini nəzərdən qaçırmasınlar. Bu hökmlər insan təfəkkürünün nəticəsi deyildir ki, icrası müəyyən dövrə münasib olsun. Bu sizin qəbul etdiyiniz aktlar, qərarlar deyil ki, gilavar küləyi kimi hər saatdan bir istiqamətini dəyişsin. İlahi hökmlər dövrün tələblərinə uyğun dəyişdirilməməlidir. Əksinə, hər dövrün problemlərinin həlli Qur᾿ana, ilahi hökmlərə əsaslandırılmalıdır.
Bir zamanlar milli cəbhə “Qisas” layihəsi haqqında da bu sözləri deyirdilər. Berlin konfransında rəsmi surətdə - “Bu qanunlar dəyişilməlidir!” - şüarı ilə çıxış edənlər İslam hökmlərini məhkum etmək istəyirlər. Təəssüflər olsun ki, adını ruhani qoyan bə᾿ziləri də belə biabırçılıqlara səbəb olurlar. Özünü konstitusiya tərəfdarı adlandıranlar, heç olmasa həmin qanunlara hörmət qoyub, belələrini mühakimə etməlidirlər. Siz İslamın vacib buyurduqlarını inkar etdiniz! Siz xarici ölkələrdə İslamın, müsəlmaların nüfuzuna xələl gətirdiniz. Bəs insafınız, şərəfiniz harada qaldı? Görəsən e᾿tiqadlı olduğunuz konstitusiya bunlar barədə bir söz demirmi? Qəzetlər və s. kütləvi informasiya vasitələrində xalqın heysiyyatına toxunaraq, bu əməlləri “Söz və mətbuat azadlığı” adlandırırlar.
İmam Hüseyn (ə) buyurur: “Mən Allahın dininə yardımçı olmaqda, şəriəti dirçəltməkdə hər kəsdən daha öndəyəm, bu işə hər kəsdən daha çox mənim səlahiyyətim çatır. Bunlar Allahın şəriətini bir tərəfə qoyub onu təhqir etdilər. Mən Peyğəmbərin (s) övladı olduğum üçün ilahi şəriəti dirçəltməkdə hamıdan artıq məs`uliyət daşıyıram. Mən Allah yolunda cihad etməliyəm!”
İmam Hüseyn (ə) başladığı hərəkatı “Allah yolunda cihad” adlandırır. Bu hədəflə cihad edir ki, ən uca, ən üstün söz Allahın sözü olsun! Bir kimsə ilahi kəlamdan yüksək söz danışmaq iddiasında olmasın. Allah sözü gələndə heç kəs dillənməsin. Deməsinlər ki, nəuzubillah, Allahın buyurduqları 1400 il bundan əvvəlki dövr üçün yaxşı idi. Bu gün biz özümüz hər şeyi Allahdan da yaxşı başa düşürük!
İmam Hüseyn (ə) qardaşına yazdığı vəsiyyətnaməsində hədəfini belə açıqlayır: “Mən cəddimin ümməti arasında islah tələbi ilə xüruc etmişəm!” Mümkündür ki, bu cümlədə imam Hüseyn (ə) tələb sözünə işarə etməklə nəzərində bu mətləbləri tuturdu: “Mən demirəm hökmən bu işin öhdəsindən gələcək, bütün problemləri həll edib, fəsadı aradan qaldıracağam. Amma bu yolda addım atıb, əlimdən gələni edəcəyəm. Əgər xalq da öz vəzifəsinə əməl edib, mənə köməklik göstərsə, bu iş baş tutacaqdır. Məqsədimizə nail olub, fəsadı islah edəcəyik. Amma xalq kömək göstərməsə, yenə də mən öz vəzifəmə əməl etmiş oluram.”
Görəsən, bu insanın və ya kiçik bir dəstənin əlindən bundan artıq nə iş gələ bilərdi? Öz inqilabı ilə elə bir oyanışa səbəb oldu ki, üstündən 1300 il keçməsinə baxmayaraq, dünyanın əksər xalqları bu əzəmətli hərəkatdan ilham alıb zülmə, ədalətsizliyə qarşı mübarizə aparırlar. Xüsusi şövqlə, həyəcanla qərbdən tutmuş, şərqə qədər İmam Hüseyn (ə) müsibətinə göz yaşı axıdırlar. Bu məktəbin bəhrələrindən biri də İran İslam İnqilabıdır. Buna oxşar nailiyyətlərə İslam tarixində çox rast gəlmək olar. Düzdür, tarix boyunca baş vermiş belə hadisələrin heç biri İran İslam İnqilabı qədər şövkətli, bərəkətli olmayıb; belə də olmalı idi. Çünki təcrübələr təkrar olunur, xalq olub-keçənlərdən daha çox ibrət götürür.