Ümumi mə`na kəsb edən əmr be mə`rufun aid edildiyi ünvanlar;
Cahilin tə`lim və tərbiyəsi;
Təzəkkür və nəsihət;
Düşmənin məkirli planlarına qarşı ictimai mübarizə;
Cəmiyyətin oyanış və dirçəlişi üçün edilən cihad.
Keçən bəhsimiz əmr be mə’ruf və nəhy əz münkər barəsində oldu. Soruşulurdu ki, imam Hüseynin (ə) icra etmək istədiyi əmr be mə’ruf necə bir əmr be mə’ruf idi ki, biz onun oxşarına tarixdə rast gəlməmişik və hökmünü da bilmirik? Əvvəlki bəhsimizdə müqəddimə olaraq bə’zi sözlərin hərdən ümumi mə’nada, bə’zən də xüsusi mə’nada işlədilməsinə aid müxtəsər izah vermişdik. Əmr be mə’rufun Qur’anda və rəvayətlərdə nəzərdə tutulan mə’nasına əsasən, belə nəticəyə gəldik ki, əmr be mə’rufun da iki istilahi mə’nası var. Onlardan biri ümumi, digəri isə, xüsusi mə’nadır. Əmr be mə’rufun xüsusi mə’nası onun həmin istilahi mə’nası olub, bizim şər`i məsələlərdə rastlaşdığımız əmr be mə’rufa şamil edilir və onun üçün xüsusi şərtlər nəzərdə tutulur. Əmr be mə’rufa əməl etməyin şərtlərindən biri də, qarşıda zərər təhlükəsinin olmamasıdır. Amma əmr be mə’rufun daha geniş mə’naları da vardır; onlar həm şər`i məsələlərə, həm də digər başqa ünvanlara şamil olur, hətta bə’zən cihad məsələlərinə də aid edilir. Hazırkı bəhsimizdə əmr be mə’rufun aid edildiyi ünvanları yığcam şəkildə izah edəcək, imkan daxilində onların hər birinin hökmləri haqda ayrı- ayrılıqda müxtəsər açıqlamalar verməyə çalışacağıq.
Ümumi mə’nada göstərilən əmr be mə’ruf və nəhy əz münkər, bir şəxsin digər şəxsə tə’sir etməsi üçün göstərdiyi hər cür fəaliyyət sahəsi deməkdir. Bu fəaliyyətdən məqsəd, fərdi və ya vacibi əmrlərə sövq etmək, ya da onu pis əməllərdən çəkindirməkdir. Bu fəaliyyət müxtəlif yollarla məsələn, hökmün tə’limi, ya da nəzərdə tutulan əməlin mövzusunun tə’limi olaraq həyata keçirilə bilər. Yə’ni, hər hansı bir şəxsə müəyyən bir əmrin İslamda vacibliyini başa salmaq və ya həmin vacibi həyata keçirməyin necəliyini öyrətmək kimi ola bilər.
Mümkündür, tə’lim-tərbiyənin özü ümumi mə’na kəsb edən əmr be mə’rufun ən mühüm ünvanlarından biri olsun. Başqa bir tərəfdən, ümumi mə’nada olan əmr be mə’rufun, imam Hüseynin (ə) Kərbəlada şəhadəti ilə nəticələnən digər bir ünvanını da tanıyırıq. Beləliklə, ünvan baxımından əmr be mə’ruf üçün üç qism başlıq nəzərdə tutmaq olar.
Əmr be mə’ruf və nəhy əz münkərin şamil olduğu ünvanlardan biri tə’lim və tərbiyədir. Bə’zən bir fərd müxtəlif səbəblər üzündən öz şər`i vəzifəsini bilmir. Və ya həddi-büluğa yaşına yenicə çatıbdır və hələ kifayət qədər İslam qanunları ilə tanışlığı yoxdur; və yaxud da ümumiyyətlə yaşadığı mühütün şəraiti ona bu imkanları verməmişdir. Məsələn, yerləşdiyi ictimai mühit ya İslami mərkəzlərdən uzaq olmuşdur, ya da kafir qüvvələrin tə’siri altında düşmüşdür. Bu şəxs İslam hökmlərinə nisbətdə “qasir cahil” adlanır. Yə’ni, bu şəraitdə olan bir kəs ya hökmü, ya da onun icra yollarını bilmir. Onun üçün İslam maarifini öyrənmək mümkün olmamışdır və bu işdə onun bir günahı da yoxdur. Belə bir adama İslami hökmləri tə’lim edib öyrətmək vacibdir. Amma bu şəxslərin tə’lim-tərbiyəsi kimlərə vacibdir, neçə növ tə’lim yolları var, bu tə’limlər fərdi və ya ictimai şəkildə olmalıdır, rəsmi və ya qeyri-rəsmi olmalıdır və s. Bu qəbildən olan suallara cavab vermək bəhsimizin genişlənməsinə gətirib çıxarar və hələlik bu kimi məsələlərə imkan yoxdur.
İcmali olaraq, aydın olan məsələ burdur ki, qasir cahilin tə’limi vacibdir. Belə bir tə’lim olduqca mülayimlik, səbr və mehribanlıqla həyata keçirilməlidir. Çünki, tərbiyə olunan tərəfin öz mə`lumatsızlığında heç bir təqsiri olmamışdır. Həmçinin, bu tə`lim-tərbiyədə maarifləndirilən tərəfin yaşına, cinsinə, həyat şəraitinə, iste`dadına uyğun tə’lim metodu seçilməlidir. Belə olduqda, yenəyetmə mövzuları daha yaxşı və sür’ətlə qavrayar. Dediklərim əmr be mə’rufun bir qismidir. Deməyin ki, biz indiyə qədər belə bir əmr be mə’ruf eşitməmişik.
Qarşıda duran məsələ, ümumi mə’na kəsb edən əmr be mə’rufun ünvanlarını araşdırmaqdır. Bu cəhətdən, cahilin tə’limi də əmr be mə’rufa şamil olur.
Başqa bir məsələ da budur ki, cahil öz mə`lumatsızlığında müqəssir olsun. Yə’ni öyrənmək, mə`lumat əldə etmək, maariflənmək imkanları olduğu halda ya tənbəllik, ya da bu elmlərə əhəmiyyət verməmək ucbatından cahillik damğasının alnına vurulmasına razı olub. Bu çox dəhşətli, faciəvi bir haldır. Bu cür insanların maarifləndirilməsi üçün ilk görüləcək iş, diqqəti nəzərdə tutulan məsələlərə yönəltmək, onda elmlərə və bəndə kimi boynunda vacib olduğu hökmlərə qarşı maraq hissi oyatmaqdır. Yə’ni, müqəssir bilinən cahilin tərbiyələndirilməsindən əvvəl bu iş üçün hazırlıq işləri aparılmalıdır. Müqəssir cahilə edilən əmr be mə’ruf metod baxımından olduqca mürəkkəb bir işdir.
Əmr be mə’rufun tə’lim qisminin başqa bir halı da budur ki, bir nəfər öz xəyalında hökmü bildiyini və onun yerinə yetirilməsi qaydalarına da düzgün əməl etdiyini düşünür. Amma həqiqətdə səhv edir. Məsələn, fərdi məsələlərdə bə’zi adamlar namazda qiraətləri səhv olduğu halda, onun düzgün olduğunu güman edirlər. Və ya bir başqası ictimai vəzifəsinə düzgün əməl etdiyini güman edir, halbuki səhv yoldadır. Məsələn, götürək üzərində bəhs etdiyimiz əmr be mə’ruf vəzifəsinə necə ynaşılmasına.
Yaxşı xatırlayıram, şah zamanında cəmiyyətin dini, ictimai, mədəni baxışları bu günkündən çox fərqlənirdi. Yadıma bə’zi şeylər düşür ki, əlbəttə buna oxşar hadisələri indinin özündə də müşahidə etmək olar. Bə’zi adamlar əmr be mə’ruf etdiklərini düşünərək, başqalarına çox acıqla, üz-gözlərini turşudaraq, əsəbi halda yanaşır, bə’zən hətta təhqir və söyüşlə pis əməl sahiblərini tutduqları pis yoldan çəkindirməyə çalışırdılar. Bu zavallı, öz vəzifəsinə düzgün əməl etdiyini güman edir, halbuki bilmədən əmr be mə’ruf kimi vacib təklifi yerinə yetirməklə yanaşı, həm də günaha batır. Bu iş mö’mini alçaltmaq, təhqir etmək sayıldığı üçün haram hesab edilir, hətta həmin mö’min şəxs günahkar olsa belə. Belə bir vəziyyətdə - həmin şəxs cəhl- mürəkkəbdədir – deyirlər. Yə’ni, öz vəzifəsini bilmir və bu mə`lumatsızlığından da xəbəri yoxdur, şər`i hökmləri bildiyini zənn edir. Beləsinin tədrisə ehtiyacı var. Lakin bu cür adamın maarifləndirilməsi yolu, əvvəldə söylədiyimiz iki metoddan daha mürəkkəbdir. Belə şəxslərlə incəliklə, mülayimliklə davranmaq lazımdır ki, qarşı tərəf bu kimi işlərə özündə hazırlıq və maraq hissi etsin. Öncə ehtimal versin ki, səhv etmişdir. Çünki, bizim fərz etdiyimiz məsələdə öz vəzifəsinə düzgün əməl etdiyini zənn edir. Bu səbəbdən əvvəlcədən elə bir iş görülməlidir ki, həmin adam vəzifəsini yerinə yetirdiyi zaman səhvə yol verdiyini ehtimal edə bilsin. Sonra düzgün yolu ona başa salıb, öyrətmək olar.
Hamınız eşitmiş olarsınız. İmam Həsən (ə) və imam Hüseyn (ə) haqqında belə rəvayət edirlər ki, uşaqlıq dövründə qoca bir kişinin düzgün dəstəmaz almadığını müşahidə edirlər. Dəstəmazın düzgün yolunu ona demək istəyirlər. Amma görürlər ki, bu adam yaşlıdır və ona nə isə birbaşa bir şey öyrətmək nəzakətdən kənardır. İslamda ədəb qaydaları vardır; ona əsasən yaşlılara başqalarından daha artıq ehtiram göstərilməlidir. Hər iki qardaş qocanın yanına gedib salam verirlər. Deyirlər: “Biz iki qardaşıq və dəstəmaz almaq istəyirik. Siz baxın görün bizlərdən hansı birimiz daha düzgün dəstəmaz alır.” İmamların qocaya yanaşma üsuluna diqqət yetirin. Əstəğfirullah, kobudluq edərək demirlər, sənin aldığın dəstəmaz səhvdir, niyə bu vaxta qədər öyrənməmisən? Ona ehtiram göstərib, salam verirlər. Sonra deyirlər ki, biz dəstəmaz alaq, siz baxın görün hansımız daha yaxşı dəstəmaz alır. Qoca dayanıb baxır. Yaşlı kişi onların dəstəmazını müşahidə etdikdə, özünün səhv dəstəmaz aldığını başa düşür. Başa düşür ki, onlar bu yolla ona dəstəmazın düzgün qaydasını öyrətmək istəyirlər. Qoca hər iki qardaşa deyir: “Əhsən, siz hər ikiniz çox yaxşı dəstəmaz alırsınız, deyəsən səhv eləyən elə mən özüməm.”
Hər üç məsələnin – qasir, müqəssir və mürəkkəb cahilin tə’limə ehtiyacı var. Onlara bu məsələləri öyrtmək lazımdır. Amma tə’limin metodları bu üç növə aid olan insanların cinsi, yaşı, iste’dadı, yaşadıqları ictimai mühit və s. tə`siredici amilləri nəzərə alınmaqla tətbiq edilməlidir. Əks təqdirdə, əmr be mə’ruf işində müvəfəqiyyət əldə edilməyəcəkdir.
İslami cəmiyyətdə bu işi öhdəsinə götürmüş xüsusi adamlar və ya orqanlar olmalıdır ki, tə’limi münasib metodlarla apara bilsinlər. İşarə edilən məsələlərin hər biri mühit və şəraitə görə fərq edir. Tə’lim-tərbiyə işini kim aparmalıdır? Kimlərə tə’lim-tərbiyə edilməlidir? Bu orqanların məs`ul şəxsləri kimlər olmalıdır? Hansı üsullarla və necə icra edilməlidir?
Hər hansı təşkilat bu işi boynuna götürərsə, bütün deyilən şəraitə riayət etməli, tə’lim-tərbiyədə hərtərəfli və ümumi bir metod seçməlidir. Bütün bu işlərdən məqsəd öyrənməkdir. Yol düzgün seçilərsə, öyrənən də düzgün öyrənəcəkdir. Hədəf cahilin tə’limidir. Yoxsa, insanın bir sözü deyib, höccəti tamamlamaqla işi bitmir. Bunların hər üç qismi əmr be mə’ruf və nəhy əz münkərdir ki, hər üçünün də adı “cahilin tə’limi” adlanır. Qasir cahil, müqəssir cahil, mürəkkəb cahil barəsində kəskin, sərt rəftardan, fiziki təzyiqlərdən istifadə etməyə ehtiyac yoxdur. Belə məsələlərdə cahilə kömək göstərib tə’lim-tərbiyə verilməli və metodoloji qaydalara düzgün riayət edilməlidir.
Əmr be mə’rufun digər qisminə dəlalət edən növlərindən biri də, moizə və nəsihət etməkdir. Bu qismin bir neçə forması vardır və onun nümunələri bir-birindən fərqlənir. Məsələn, siz təsadüfən bir nəfərin bilərəkdən, lakin xəlvətdə günah etdiyindən xəbər tutursunuz. Həmin adam əslində heç kəsin onun nə kimi günah iş gördüyündən xəbərdar olmasını istəmir. Hətta əgər onun işindən xəbər tutmanızı bilsə, narahat olub utanar. Belə yerdə siz ona əmr be mə’ruf və nəhy əz münkər etməlisiniz. Amma bu iş elə aparılmalıdır ki, o xəcalət çəkməsin. Çünki, başqasına xəcalət vermək, həmin adama əziyyət etmək kimi bir şeydir və mö’minə də əziyyət vermək haramdır. Onunla elə rəftar edilməlidir ki, o, sizin onun günahından xəbərdar olduğunuzu bilməsin. Məsələn, ümumi şəkildə danışmaqla ona nəsihət edə bilərsiniz. Lakin siz qətiyyən, əsla onun etdiyi pis əməli başqalarının yanında aşkar etməməlisiniz. Başqasının günahlarını faş edib yaymağın özü böyük günahdır. Və ya onu başqalarının yanında əmr be mə`rufa də`vət etməklə digərlərini də etdiyi günahdan agah edirsiniz. Bu təqdirdə həmin adam xəcalət çəkəcək ki, bunun özü də digər bir günahdır. İkincisi, başqalarını da onun günahından agah etdiyiniz üçün daha böyük bir günaha batmış olursunuz. Mümkündür ki, o sadə bir günaha batmışdı, amma siz vacib təklifə əməl etmək adı ilə iki böyük günaha mürtəkib oldunuz.
Deməli, əgər bir kəs xəlvətdə günah etmiş olsa, hətta böyük günah olsa belə, əvvəla sizin haqqınız yoxdur onun sirrini faş edib, başqasına deyəsiniz. Hətta sizin haqqınız yoxdur ki, onun sirrini atasına və anasına deyəsiniz. Çünki, həmin adam xəcalət çəkəcək, abır-həyası gedəcəkdir. Mö’minin abrını aparmaq haramdır. Bu məsələdə ancaq bir istisnai hal ola bilər. O da budur ki, həmin günahkar şəxsin islah yolu, düzəlməsinin çarəsi ancaq başqasına deyilməklə mümkün olsun. Yə’ni, heç bir yolla günahından əl çəkmək istəməsə və onu bu işdən çəkindirmək başqasının əli ilə mümkün olsa, deyə bilərsiniz, o da aram-aram günahkar şəxsin islahı ilə məşğul olsun. Ancaq bu yerdə bir kəsin günahı başqası üçün açıqlana bilər. Ancaq mümkün qədər səbr edib, özünüz onun islahı ilə məşğul olmalı, onu tutduğu əyri yoldan çəkindirməlisiniz. Amma onun islahına elə məharətlə çalışmalısınız ki, sizin vəziyyətdən xəbərdar olduğunuzu bilməsin. Bununla siz onun abır-həyasını qorumuş olursunuz. Allah-taala «Səttar-əl-uyub»dur (eyibləri örtəndir). Və razı olmaz ki, mö’minin sirri başqasının yanında faş olsun.
Əksəriyyətin bu məsələdən xəbəri yoxdur. Elə bilirlər ki, bir kəs günaha batmışsa, həmin saat ifşa olunmalıdır. Tez gedib əlaqədar orqanlara xəbər verməli, ya da günahına görə yerindəcə məhkum olunmalıdır. Və ya şəriətdə nəzərdə tutulan qanunlarla cəzalanmalı, tutduğu işə görə xalq arasında məhkum olunmalıdır. Mə`lum məsələdir ki, fiziki cəzalara səbəb olan günahı bu sadəliklə ifşa etmək caiz deyildir. Bunun üçün həmin günahı dörd nəfər şəxsin bir yerdə görməsi lazımlı şərtlərdən sayılır. Bu halda həmin dörd nəfərin əhvalatı səlahiyyətli orqanlara bildirməyə haqqı çatır. Amma əgər üç nəfər mö’min bilsələr ki, bir nəfər günah işi görübdür və bu işə görə də cəza düşür, gedib məhkəmədə məsələni açıqlayıb şəhadət versələr, əgər bunların sözünü təsdiqləyən dördüncü şəxs olmazsa, qazi həmin üç nəfərin özünü cəzalandırmalıdır. İslam bu dərəcədə xalqın sirrinin faş olmasına diqqət yetirir. Əlbəttə, əgər rüsvayçılıq o həddə çatmış olsa ki, günahı dörd nəfər adil şəxs birlikdə görmüş olsalar, özü də elə bir halda ki, dörd nəfərin heç birində azacıq da olsa, şübhə yeri qalmasın, belə olan surətdə günahkar tərəfə ilahi hədd icra olunmalıdır. İlahi hədd və cəza icra edilməlidir.
Əmr be mə’ruf və nəhy əz münkərin başqa bir növü də budur ki, günahkar şəxs ipə-sapa yatmaz bir adamdır. Düzdür ki, indi günahı xəlvətdə edir, amma əgər başqaları da onun işindən xəbər tutsalar, nə həya edər və nə də xəcalət çəkər. Belə adamın haqqında öz günahından xəcalət çəkən adamda olduğu kimi sirri saxlamaq lazım deyil. Amma yenə də onu tutduğu pis işdən elə çəkindirmək lazımdır ki, xəbəri olmayanlar bu işdən agah olmasınlar. Onunla xüsusi şəkildə söhbət edilməlidir. Hay-küy salıb, xəbəri hər tərəfə yaymaq lazım deyil. Düzdür ki, onu belə işlər narahat etmir, amma siz yenə də xəbəri yaymaqdan çəkinməlisiniz. Əvvəlki məsələdə günahkar başqalarının onun tutduğu işdən agah olmasını istəmirdisə və açıqca günaha yol vermirdisə, siz də çalışıb onun sirrini gizli saxlamalısınız. Ehtiramını gözləmək şərti ilə ona nəsihət edib doğru yola yönəltməlisiniz. Məsələn, hədis söyləməklə, əxlaqi məclislərə də’vət etməklə onu tutduğu işin pis bir əməl olmasından agah etməlisiniz.
Amma bir nəfər utanmadan, açıqcasına camaatın gözü qarşısında günah edirsə, belə adam barəsində nəzərdə tutulan əmr be mə’ruf daha kəskin şəkildə qoyulmalıdır. Bununla belə onunla necə rəftar etməyin də müəyyən mərhələləri vardır. Bu yerdə artıq sirrin qorunması əsas məsələ sayılmır. Sözünüzü ona xəlvətdə deməyiniz və ya sizin də onun tutduğu günahı bilməyinizi gizləməniz lazım deyil. Çünki o, günahını aşkar edir, ictimai yerlərdə yaramaz işlər görür; özü öz həyasını aparır. O camaatın hüzürunda günah etməkdən çəkinmir. Burada da əmr be mə’ruf işini mərhələli şəkildə aparmanızı nəzərdən qaçırmamalısınız. Əvvəl mülayimliklə, ehtiramla ona nəsihət edib, tutduğu günahı tərk etməsinə çalışmalısınız. Tutduğu əməlin dünya və axirət tə’sirlərini ona aydınlatmaqla, aqibətinə diqqət yetirməklə, təşviq vasitəsilə günahının tərkinə sə’y edilməlidir. Hətta dillə edilən təşviqdən əlavə, əməli yollarla da onu doğru yola cəzb etmək olar. Əlbəttə, bu, hər kəsin bacara biləcəyi iş deyil. Amma bə’zi imkanlı şəxslər həmin adama maddi köməklik göstərməklə, müxtəlif əməli tə’sirlərlə, onu əyri yoldan döndərə bilərlər. Məsələn, qonaq çağırıb könlünü almaqla, səfərə aparmaqla və s.
Bu kimi təşviqlərin özü də ayrı-ayrı şəxslərin hansı növ günaha və mə’lumata sahib olmalarından asılıdır. Bu tip adamların əmr be mə’ruf və nəhy əz münkər edilməsi birinci mərhələdə çox aram, yumşaqlıqla, ədəbli və təşviqlə yanaşı aparılır.
Əgər birinci mərhələ tə’sir etməzsə, ikinci mərhələdə nisbətən sərt üsuldan istifadə edilir. Yə’ni, bu mərhələdə qaş-qabaqlı davranıb, qarşı tərəfə nisbətən sərt e’tirazını bildirirsən. Əvvəldə qeyd etdiyimiz rəvayətdə oxuduğumuz “ləm yətəmə`ər vəchuhu ğəyzən li qəttu” cümləsi məhz bu kimi şərait üçün nəzərdə tutulur.
Elə ki, gördünüz yumşaq dillə qəbul etmir, qaş-qabaqlı və acıqlı tərzdə ondan tələb edin. Bu kimi yerlərdə günahkar şəxsin qarşısında kəskin mövqe tutmaq lazımdır. Məsələni onlara amiranə şəkildə deməlisiniz. Deyin ki, bu işi etməməlisən! Əgər görsəniz sizin amiranə sözünüz də ona tə’sir etmir, onu, əməlindən əl götürməzsə, səlahiyyətli orqanlara müraciət edəcəyinizlə hədələyə bilərsiniz. Amma günahı gördüyünüz ilk addımda gedib şikayət etmək lazım deyil. Əvvəl xoş dillə, sonra sərt danlamaqla, daha sonra isə təhdid etməklə xəbərdarlıq edin. Bu tədbirlər nəticə verməsə, onda gedib lazımi yerlərə şikayət edə bilərsiniz. Yə’ni, əmr be mə’ruf və nəhy əz münkər işində mərhələləri gözləmək lazımdır. Yersiz heç kəsi danlayıb, təhqir etmək olmaz.
Əlbəttdə, işinizdə ifrat və təfritə yol verməməyi yaddan çıxarmamalısınız. Bizim əksər problemlərimiz bu iki məsələyə düzgün əməl edə bilməməyimizdən doğur. Hərdən bə’ziləri ifrata, başqa bir tərəfdən isə bə’ziləri təfritə varırlar. Əksər hallarda hadisələr başqa işlərin əks-reaksiyasından yaranır. Buna görə də hərdən birinin ləngiməyi, digərinin sür’ətli hərəkətinə səbəb olur. Və ya bə’zilərinin yersiz rəftarı, qarşı tərəfi vacib sayılan islami əməlin inkarına gətirib çıxarır. Lakin İslam hər şeyi öz həddində qərar vermişdir. Mümkün olduğu qədər sülhlə davranılmalıdır. Amma bu o demək deyil ki, bir nəfər islah olunmaq niyyətində olmayan günahkara görə cəmiyyətin asayişi pozulmalıdır. Cəmiyyətin məsləhət bilinən nizam-intizamı hər şeydən və hər kəsdən üstündür. İslam cəmiyyətində müqəddəs qayda-qanunlar qorunmalıdır. İslam cəmiyyəti elə olmalıdır ki, bu cəmiyyətdə günah iş tutan şəxs xəcalət çəksin. Əgər bu dəyərlərə əməl edilməzsə, İslam cəmiyyətində başqa problemlər ortaya çıxacaqdır. Hər halda söylədiklərimiz təqribən moizə və nəsihətin nümunələridir.
Moizə, bir kəsi dillə yaxşı işlərə də’vət və təşviq etməkdir. Yaxşı işin nəticəsi olaraq, faydası və ya tərk edildiyi surətdə insana verdiyi zərərlərini bə’yan etməkdir. Eləcə də, bir çox günah işlərin sonda insanı bədbəxtliyə sürüklədiyini tutarlı dəlillərlə izah etməkdir.
Lakin əmr - təhrik etmək, o şəxsi məcbur etmək mə`nasına gəlir. Bütün müsəlmanlar xətakar şəxsə əmr verməlidirlər. Bu məsələdə onunla söhbət etməyin, ona moizə oxumağın yeri deyil. Bəlkə bir cümlədə konkret olaraq ona deməlisən ki, bu işi tərk etməlisən. Bu əmr be mə’ruf və nəhy əz münkərin aşkar nümunəsidir. Burada «üluvv» və «istila» şərtdir. «Üluvv» və «istila» yuxarıdan, uca məqamdan, yüksəkdən aşağıya doğru əmr etmək deməkdir. Bu mərhələ başa çatarsa və günahkar şəxs yenə də öz işindən əl götürməzsə, onda məxsus şərtləri olan başqa bir mərhələ başlanır.
Bə’zən şəriətin, İslam cəmiyyətinin ziddinə olan bir iş adi və sadə bir şəkildə, hansısa bir şəxsin fərdi istəyi ilə həyata keçirilir. Bə’zən də şəriətin xilafına olan bu işlər fərdi və sadə şəkildə deyil, çox mürəkkəb və planlı şəkildə, məqsədyönlü və düşünülmüş surətdə həyata keçirilir. Söhbət bir nəfərin camaat qarşısında günaha batıb əxlaqız hərəkətlərə qurşanmasından getmir. Bu daha tədbirli bir plan əsasında həyata keçirilir. İslam cəmiyyətini sarsıdıb dağıtmaq üçün məhz bu cür işləri idarə edən, bu kimi dağıdıcı şəraitə zəmin yaradan kəslər var. Məqsəd, İslam dinini və onun qüdrətini zəiflətməkdir. Məsələn, deyirlər ki, əxlaqsız işləri cəmiyyət arasında o qədər yayıb genişləndirin ki, nəhayət bu işlər camaatın gözündə adi hala çevrilsin. Bunu qabaqcadan proqramlaşdırırlar və artıq bu proses fərdi xarakter daşımır.
Ümumiyyətlə, bu növ işləri görənlər İslam dininə bir o qədər də e’tiqadlı olmurlar; ya münafiqdirlər və imanları yoxdur və ya başqalarına satılmaqla biganələrin muzduruna çevriliblər. Hər nə vasitə ilə olursa-olsun, cəmiyyətdə İslam hakimiyyətinə zərbə vurmaq istəyirlər. Belə olan surətdə İslam cəmiyyəti müxtəlif zərbələrə mə’ruz qalır ki, onlarla da mübarizə aparılmalıdır. Bu zərbələr mümkündür, hansısa mədəniyyət mərkəzlərinin özəyinə və ya iqtisadi-elmi mərkəzlərə və hətta hərbi müəssisələrə yönəldilsin. Bu zaman daha geniş mübarizə növü tələb olunur. Bu artıq əvvəldə izahını verdiyimiz əmr be mə’ruf və nəhy əz münkərin növlərindən deyildir, şər`i baxımdan da risalələrdə bu barədə bir şey yazmayıblar. Bu qəbildən olan əmr be mə’ruflar iri həcimli düşmən hücumları qarşısında mübarizə olub, bir nəfərin öhdəsindən xaricdir. Sadə bir üsulla bir nəfər xətakar ünsürə “etmə” deməklə nəticə vermir.
Bu hücumlar şeytancasına düşünülmüş və planlaşdırılmışdır. Qarşılıqlı olaraq bu hücumların dəf edilməsi üçün planlı şəkildə iş aparılmalıdır. Mümkündür bu hücumlar iqtisadi çərçivədə aparılsın. Yəqin ki, «tənbəki» əhvalatını və buna oxşar hadisələri çoxunuz eşitmisiniz. Buna aid çoxlu misallar çəkmək olar ki, hətta onlardan bə’ziləri olduqca mürəkkəb məsələlərdir; ancaq həmin sahənin mütəxəssisləri bu kimi məkirli planları təhlil edə bilmişlər. Məsələn, belə məkirli oyunlardan biri, bu günlərdə İslam düşmənləri tərəfindən müsəlmanlara iqtisadi təzyiq olsun deyə, neftin qiymətinin dünya bazarlarında aşağı endirilməsidir. Bu məsələ sadə insanların baş çıxara biləcəyi bir iş deyil. Bu məsələ qarşısında necə mövqe tutmalıyıq? Bu iş ictimai, iqtisadi, dünya miqyasında planlaşdırılan bir münkərdir. Hətta bir ölkə təklikdə belə münkərə mürtəkib ola bilməz. Müsəlmanlar əleyhinə bu növ iri miqyaslı planı həyata keçirmək üçün gərək müxtəlif ölkələrin “şeytan”ları bir-biri ilə ittifaqa girsinlər. Bu məsələ bir ölkənin xalqına, bəlkə də bütün müsəlmanlara endirilmiş zərbədir və bunun qarşısını almaq lazımdır. Bu münkəri həyata keçirməklə kafirlərin müsəlmanlar üzərindəki üstünlüyü, onların bazarları üzərindəki gücü sübuta yetir. «Allah-taala heç vaxt kafirlərin mö`minlərə müsəllət olması üçün bir yol qoymamışdır.» Yə`ni, Allah-taala heç vaxt kafirlərin müsəlmanlar üzərindəki üstünlüyünə icazə vermir.
Bu kimi məsələlərdə bütün müsəlmanlar bir araya gəlib, yekdil qərar çıxarmalıdırlar. Əlbəttə, bu sadə qərar olmamalıdır. Bu qəbildən olan münkərlərin nəhyi elmi araşdırmalara ehtiyac duyur. Münasib yollar tapmaq üçün xüsusi mütəxəssislər uzun müddət tədqiqat aparmalıdırlar. Əgər bu münkərin qarşısında duracaq münasib həll yolu tapılarsa, bütün müsəlmanlar onun həyata keçirilməsində sə’y etməlidirlər. Xüsusilə də, bu planın siyasətlə işləndiyi nəzərə alınmalıdır.
Məsələn, bir çıxış yolu budur ki, müsəlmanlar da öz ölkələrində Amerika məhsullarının satışına qadağalar tətbiq etsinlər. Bu əmrin icrası bütün müsəlmanlara vacibdir. Amerika mallarının alınması haram sayılsın. Hətta qadağan edilən malı başqa dövlətdən iki qat qiymətə əldə etsək belə, yenə də düşməndən alınmamalıdır. Bu mühasirəni yaratmaq nəhy münkər ünvanı ilə bütün müsəlmanlara vacib olur. İslami cəmiyyətdə əmr be mə’ruf və nəhy əz münkər bu qədər geniş sahəni əhatə edə bilər.
Hər halda cəmiyyətdə günahla mübarizə aparılmalıdır. Bu iş fərdi deyil, ictimai şəkildə həyata keçirilməlidir. İlk növbədə bu sahənin mütəxəssisləri məşvərət edib, ümumi mübarizə planı hazırlamalıdırlar. Sonra həmin planın icrası İslam dövləti tərəfindən xalqa çatdırılmalıdır. Bu mərhələdən sonra hazırlanmış plana əməl etmək bütün xalqa vacib olur. Bu layihəyə əməl etmək həm nəhy münkər, həm də İslam dövləti və müsəlmanların rəhbərinə itaət etmək deməkdir.
Deməli, müsəlmanlar xarici, ya daxili düşmənlər tərəfindən cəmiyyətin müxtəlif sahələrinə yönəldilmiş təhlükədən agah olduqda, bütün xalq öz alimlərinin elmindən, mütəxəssislərinin təcrübəsindən bəhrələnərək həmin təhlükə qarşısında mübarizəyə qalxmalıdırlar. Bu təhlükələrdən ən qorxulusu, müsəlmanların mədəni-ictimai hücumlara mə’ruz qalmasıdır. Əlbəttə, biz məsələnin adını əcnəbi mədəniyyətlərin hücumu qoymuşuq. Biganə mədəniyyətlərin hücumlarına mə’ruz qalmağımızın əsas səbəblərindən biri, müəyyən dərəcədə öz mədəniyyətimizin zəifliyidir. Bu zəiflik həm özümüzdə, həm də cəmiyyətimizdə mövcuddur. Mədəniyyətə olunan hücum dinə edilən hücum kimi qiymətləndirilməlidir. Vəliyyi-fəqihin buyurduğu kimi, düşmənlər xalqın imanını hədəf götürüblər. Bu zarafat deyil; bu kimi məsələləri hər kəsdən daha yaxşı bilən bir mütəxəssisin sözüdür. Bu şəraitdə mən deyə bilərəm ki, mənə nə var, mən namazımı qılıb, dərsimi oxuyuram! Bu çox səhv bir fikirdir. Bu cür vacib məsələləri tək dövlətin və ya vəliyyi-fəqihin öhdəsinə buraxmaq ədalətsizlikdir. Müsəlmanların rəhbəri nə qədər fəryad edib – ey millət, mədəni-ictimai həyatınıza olan hücumlar barədə düşünün, universitetlərdə yaranmış vəziyyət barədə fikirləşin, bizim təhsil ocaqlarımız hələ də İslami rəng almayıb – deməlidir. Bu qədər tə’kiddən sonra biz heç bir məs’uliyyət hiss etməməliyik? Bilə-bilə özümüzü uçuruma sürükləyirik.
Çox qəribədir, insanlar şəxsi işlərində daha ayıq olurlar. Sadə bir misal çəkmək istərdim. Məsələn, siz evinizdə oturduğunuz vaxt, birdən kimsə məhəllənizdə fəryad çəkib, küçənizi su basdığı və ya zəlzələ baş verəcəyini deyir. Bu anda nə edəcəksiniz? Əlbəttə, məsələyə ciddi yanaşacaqsınız. Tez evlərinizdən çıxaraq təhlükəni sovuşdurmağa, həlli yollarını tapmağa çalışacaqsınız. Daha sonra fəryad çəkib, işin təhlükəsini xəbər verən insana öz təşəkkürünüzü bildirəcəksiniz. Baş verəcək təhlükənin aradan qaldırmasında o şəxsin rolunu e`tiraf edərək, ona dəyər verəcəksiniz. Bəs nə üçün vəliyyi-fəqih sizə xəbərdarlıq etdiyi təqdirdə bu dəyəri ona vermir, sözlərini qulaqardına vurursunuz? Axı maddi zərərin boşluğunu doldurmaq mümkündür, lakin bu sözləri mə`nəvi zərərlərə aid etmək olmaz.
Biz mə’nəvi təhlükələrə qarşı həssas deyilik. Nəzərimdə ancaq mö’minləri tutmuram. Əslində insanın təbiəti daha çox dünyəvi işlərlə ünsiyyətdədir. İnsan öz hisslərinin fövqündə dayanan şeylərə bu asanlıqla inana bilmir. Bizə deyəndə ki, dinimizə qarşı əks hücuma keçiblər, deyirik hanı? Bir şey olmayıbdır ki! Əgər malımızı aparsalar, o saat inanırıq. Amma əgər desələr dinimizi aparırlar, deyirik: “Xeyr, biz ki, namaz qılırıq, oruc da tuturuq?!” Diqqət etsək görərik ki, keçən ilki imanımız bu ilkindən fərqlənir. Fikirləşirik ki, ola bilər axundların sözü doğru olmasın? Kəmiyyət və keyfiyyətcə olan dəyişikliklərə qarşı tez reaksiya veririk. Çünki, bunu canlı şəkildə müşahidə edirik. Lakin dində və imanda olan dəyişikliklərin, zahirdə olanlar istisna olmaqla, əksəriyyəti gözlə müşahidə edilmir. Bu səbəbdən də insanlar qəflət içərisində olurlar. Ayıldıqda dindən əsər-əlamətin qalmadığı görülür.
Uzaqgörən insanlar isə, düşmənin silahını hansı hədəfə tuşladığını tə’yin edə, müəyyən qədər də olsa, gələcək fəaliyyəti barədə ehtimal verə bilirlər.
Hər halda bu da nəhy münkərin bir növüdür. Fəryad edənlərin çağırışını hüsnü niyyətlə qarşılamaq və bu çağırışlara qoşulmaq lazımdır. Əks təqdirdə, müəyyən müddətdən sonra iman əldən gedəcək, əxlaqsızlıq cəmiyyətdə vüs`ət tapacaqdır. Gənclər sərxoşluq, narkomaniya və bu kimi digər bəlalara tutulacaq, beləliklə də, cəmiyyət süqut edəcəkdir.
Bu onların dünyəvi əzablarıdır. Məsələn, ailələrin dağılması, qadın kişi arasında daimi ixtilafların yaranması, uşaqların tərbiyəsiz böyüməsi, murdar adətlər, narkomaniya və neçə-neçə bu cür bədbəxt və çarəsi olmayan bəlalar.
İman əldən gedərsə, ardınca da sadaladığım problemlər gələcəkdir. Cəmiyyətin belə uçurumlara yuvarlanmasını istəmirsinizsə, əvvəldə onun qarşısını almalısınız. Cəmiyyətdə mədəni-ictimai, tə’lim-tərbiyə işlərinə xüsusi diqqət yetirməlisiniz. Deməyin ki, hər şeyin başında pul durur, hər şey iqtisadi vəziyyətdən asılıdır. İctimai problemlərin həllini ancaq iqtisadi problemlərin aradan qaldırılmasında görənlər, çox böyük səhv edirlər. Əlbəttə, öz yerində iqtisadi məsələlərə də diqqət yetirilməlidir. Çünki, cəmiyyətdə baş verən əxlaqsızlıqlar adətən iki səbəbdən baş verir. Birinci səbəb ehtiyac üzündən yaranır. İnsanlar öz nəfsani, şəhvani və maddi ehtiyaclarını tə`min etmək üçün müxtəlif əxlaqsız əməllərə qurşanır, cəmiyyətdə günahın geniş vüs`ət tapmasına şərait yaradırlar. Digər bir səbəb isə bə`zi sərvət, pul meyilli insanların maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün qeyri-qanuni, haram yollardan istifadə etmələridir. Məsələn, kriminal qruplaşmalar, uyuşdurucu maddələrin ticarəti, qadınlardan gəlir mənbəyi kimi istifadə edilməsi və s. Bu mənfi hallar cəmiyyət üzvləri tərəfindən törədilir. Xarici qüvvələrin rolunu yuxarıda qeyd etdiyim üçün bu səbəbin izahına ehtiyac duyulmadığını zənn etdim.
Təəssüflər olsun ki, son zamanlar müxtəlif informasiya vasitələri ilə bizə təlqin edirlər ki, bizim iqtisadi problemlərimiz həll olarsa, qalan problemlərin həlli yollarını tapmaq asan olar. Xeyr, heç də belə deyil. Bu sözləri deyənlər ancaq özlərini aldatmış olurlar; siz aldanmayın. İqtisadi vəziyyətin düzəlməsi bütün çətinliklərin həll olunması demək deyildir. Hamı bilir ki, Amerika dünyada ən dövlətli ölkələrdən biridir. Ölkəsinin illik gəliri əksər dövlətlərdən çoxdur. İqtisadi inkişaf baxımından da bütün dövlətlərdən irəlidədir. Ən azı iqtisadi inkişafına görə Amerika qabaqcıl ölkələrdən biridir. Sizcə bu ölkənin ictimai və əxlaqi problemləri yoxdur? Amerikanın mətbuat xidmətlərinin verdiyi mə`lumatlara əsasən, bu ölkədə hər saniyədə bir cinayət baş verir. Məktəbli uşaqlar dərsə xüsusi mühafizə dəstəsinin müşayəti ilə gedirlər. Amerikanın bütün məktəblərində silahlı polislər təhlükəsizliyə nəzarət edirlər. Son vaxtlarda zorlama faktlarının çoxalması dediklərimizə əyani bir sübutdur.
Mən bununla əksər ictimai problemlərin maddi çətinliklərdən doğduğunu inkar etmək istəmirəm. Ən azı fəqirlik bu problemləri daha da şiddətli edir. Lakin belə də təsəvvür etməyin ki, iqtisadi çətinliklər həll edilərsə, yerdə qalan problemlər özü-özlüyündə aradan gedəcəklər. Hərdən pulun çoxluğundan da problemlər yaranır.
Tutaq ki, bə`zi şəxslər və ya İslam dövləti yuxarıda söhbəti gedən problemlərin həllini öz üzərinə götürdülər. Və ya İslam dövləti olmasa belə, müsəlman xalqın özü bu problemlərin həllinə qalxdı, çətinlikləri aradan qaldırıb İslam düşmənləri ilə mübarizə apardılar və düşmənin planlarını alt-üst etdilər, çox gözəl. Lakin heç bir iş görülməsə, dediyimiz münkərlə mübarizə aparmaq müsəlmanların öhdəsinə düşür. Amma həmişə müsəlmanlar öz vəzifələrini dərk edib onları yerinə yetirirlərmi? Görəsən elə bir gün olacaqmı ki, müsəlmanlar öz İslami vəzifələrinə süst yanaşmasınlar? Məgər bizim tarixdə müsəlmanların vəfasızlığına aid nümunələrimiz azmı olub?
Əmirəl-mö’minin Əli əleyhissəlamın şəhadətindən İmam Hüseynin (ə) şəhadətinə qədər iyirmi il vaxt çəkdi. Bu müddət ərzində İmam Hüseyn (ə) Mədinədə nə edirdi? Hakimiyyətdə olanlar bütpərəst idilər, ya zahirdə Allahı, Rəsulallahı (s) və şəriəti danırdılar? Xeyr, belə deyildi. Onlar özlərini həzrəti Məhəmmədin (s) xəlifəsi bilirdilər, ibadət edirdilər, cümə günləri cümə namazı qılır, xalqa pişnamaz olurdular. Ancaq bə`zən də çaşıb cümə namazını cümə axşamı qılırdılar! Hərdən də camaat namazına kefli halda dayanırdılar! Mə’lum olan budur ki, namaz qılırdılar. Hətta Aşura günü Ömər ibn Sə’d əvvəl namaz qılır, sonra deyir: “Ya xəyləllahi irkəbi və bil cənnəti əbşiri.”
İmam Hüseyn (ə) dövründə yaşayan camaatın hamısı namaz qılırdı. Müsəlmançılıq iddiasında idilər. Necə deyərlər hökumət, İslam hökuməti idi. Amma İmam Hüseyn (ə) iyirmi il müsibətlər çəkdi və anlada bilmədi ki, bu hökumət nahaqdır. Az bir dəstə istisna olmaqla, əksəriyyət bu kimi məsələləri anlaya bilmədi.
Digər imamların məsələn, həzrət Musa ibn Cəfər (ə) və İmam Sadiq (ə) və digərlərinin zamanında açıqca deyə bilirdilərmi ki, hökumətimiz batil hökumətdir? Bəs bu böyük şəxsləri nə üçün zindana salır, sürgün edir, şəhadətə yetirirdilər? Xəlifələr dini inkar etsələr də, zahirdə müsəlman görsənir, Allah rəsulunun xəlifəsi adı ilə hakimiyyət edirdilər. Əksər rövzəxanların nəql etdiyi belə bir əhvalatı yəqin ki, eşitmiş olarsınız: “Harun ər-Rəşid Həzrət Musa ibn Cəfəri (ə) zindana salmaq istəyəndə peyğəmbərin (s) qəbri üstünə gəlir və üzürxahlıq edərək deyir: “Ey peyğəmbər, mən sənin övladını zindana salmaq məcburiyyətindəyəm. Bunu məndən İslam cəmiyyətinin əmin-amanlığı tələb edir! Ölkədə əmin-amanlıq olsun, ixtilaf düşməsin deyə, bu işi görməliyəm!” Peyğəmbərdən (s) bu işinə görə üzr istəyirdi.
Elə düşünməyin ki, bu hökumətlər kafir və dinsiz idilər. Yaxşı, belə vəziyyətdə nə etmək lazımdır?
Bə’zi pərakəndə ictimai-mədəni fəaliyyətlər sayəsində dinin əslini qorumaq olur. Bu ümidlə ki, bir gün gələr xalqın səviyyəsi yüksələr və daha mühüm işlərə gücləri çatar. İmam Səccadın (ə) vaxtından müxtəlif səbəblər üzündən bütün imamlarımızın proqramı bu tərtiblə olmuşdur. Xüsusi şəkildə hazırlanmış bir qrup müsəlman İmam Hüseynin (ə) qanının bərəkətindən haqqı tanıyıb, İslam ölkələri ətrafında pərakəndə şəkildə yaşayırdılar. Müxtəlif yerlərdə rast gəldiyimiz imamzadələr həmin əhli-beyt məktəbində tərbiyə almış kəslərdir ki, xalqın hidayəti ilə məşğul idilər. Onların əksəriyyəti Peyğəmbər (s) sülaləsindən idilər. Bu şəraitdə ancaq xalqın maarifləndirilməsi işi ilə kifayətlənirdilər. Çünki, başqa sahələrdə fəaliyyət göstərmək imkanı yox idi. Görə biləcəkləri iş ancaq bundan ibarət idi və bununla da dinin əslini qoruyub saxlaya bilirdilər. Lakin Minada İmam Hüseyn (ə) görkəmli şəxsiyyətlərlə görüşəndə, onlara buyurduğu fərmanın bir hissəsi belə idi: “Mən qorxuram haqqın əsli itsin!” Söhbət bir hökmün itməsi məsələsi deyil. Düşünün, mən haqqın özəyinin itməsindən qorxuram. Qorxuram ki, xalq artıq haqla batili bir-birindən ayıra bilməsin. Haqla batili bir-birindən ayıracaq başqa bir yol qalmamışdır!”
Bu şərait artıq xüsusi iş tələb edir. Nə təbliğat işləri, nə pulla iş görmək, nə də hərbi qoşun toplamaq mümkündür. Haqq cəbhəsinin tərəfdarı yoxdur, güc batil cəbhənin əlindədir və pul da onların ixtiyarındadır. Saysız-hesabsız təzyiqlər xalqı süst etmişdi. Müxalifət edənləri ya dara çəkir, ya terror edirdilər. Bu səbəbdən də xalqın mübarizə ruhu ölmüşdü. Bir kəsin nə qiyam etməyə cür’əti çatırdı və nə də bu işə qüdrəti qalmışdı; təbliğat da tə’sir etmirdi. Bütün təbliğat mexanizmi əməvilərin əlində idi. Çox az adam imamın fəryadını eşidirdi. Əlbəttə, söhbət etməyə də qoymurdular. İyirmi ildə onu bu imkandan da məhrum etmişdilər.
Belə bir şəraitdə nə etmək lazımdır? İmam Hüseynin (ə) gördüyü iş İslam cəmiyyətində elə bir təəssürat yaratdı ki, qiyamət gününəcən öz tə’sirini saxlayacaqdır. Bu titrəyiş həmişəlik qalacaq, sakitləşməyəcəkdir. Bu hərəkatı nə təhrif etmək olur, nə də başqa yerə yozmaq. Hədis olsa deyə bilərlər ki, məsələn yalandı və ya qondarmadır. Ya da ən azı deyərlər ki, bu sizin nəzərinizdir! Alimlərə də deyərlər: “Siz öz anlayışlarınızı mütləq şəkildə cilvələndirməyin. Başqa nəzərlər də ola bilər!” Allah yolunda, dinin dirçəlişi üçün bir dəstə insan öz canlarını və əzizlərini fəda etmişdilər. İndiyə qədər nə bir tarixçi, nə alim və nə də bir insaflı şəxs Kərbəla faciəsini başqa cür təfsir etməmişdir.
Bəli, bu günlər mümkündür kimsə Kərbəla hadisəsinə təzə rəng verməyə çalışsın! Nəuzubillah desinlər: ”Hüseyn (ə) çox yersiz iş görübdür! Kərbəla hadisəsi bir çox kobud hərəkətlərin əks-reaksiyası idi! Burda yezidlərin təqsiri yoxdur. Hüseynin (ə) babası vaxtilə onların atasını öldürmüşdü, onlar da Kərbəlada əvəzini çıxıb peyğəmbərin (s) övladını öldürdülər!”
Bu növ izah indiyə kimi Kərbəla hadisəsi haqqında edilən təfsirlərin bəlkə də ən alçağıdır ki, eşidirik. Belə təfsiri ancaq şeytanın özü edə bilər. Belə bir təfsir hələ indiyə qədər görünməmiş bir şeydir. Müsəlman da, kafir də, müşrik və bütpərəst də Kərbəla hadisəsi qarşısında ehtiramla tə’zim edirlər. Bu səbəbdən Hüseyn (ə) hidayət çırağı olmuşdur. Bu elə bir çırağdır ki, heç vaxt sönməz. Bunun əleyhinə görüləcək bir iş də yoxdur. Bu hadisə İslam cəmiyyətinin nicat tapmasına səbəb oldu.
Bu da ümumi mə’nada olan nəhy əz münkərin başqa bir nümunəsidir. O həzrət buyurmuşdur: “Mən əmr be mə’ruf və nəhy əz münkər etmək üçün qiyam etdim”. Əgər kimsə, “Öz hədəfinə çatdımı?” sualını versə, cavab budur: Bəli! İstədiyini etdi və niticəyə də çatdı. Bu işin nəticəsi nə oldu? Bu oldu ki, xalq haqla-batili bir-birindən ayıra bildi.
İlahi peyğəmbərlərin və övliyaların əsas vəzifəsi hidayət edib yol göstərməkdir. Hidayətdən sonra xalq hazır olub onların rəhbərliyini qəbul edərsə, hökumət də təşkil olunar. Hökumətin təşkili onların vəzifəsidir, bir şərtlə ki, xalq da yardım etsin. Necə ki, Əli (ə) Şiqşiqiyyə xütbəsində buyurur: “Xalq hazır olub köməklik göstərsə, mən də öz vəzifəmə əməl edəcəyəm.” Hazır olmasalar, hökumət qurmaq vəzifəsi qüvvədən düşür; hidayət vəzifəsi qüvvədə qalır. Hidayət etmək peyğəmbərlərin və övliyaların vəzifəsidir. Onların qeybəti zamanı bu vəzifə başqalarının üzərinə düşür. Onlar (üləmalar) peyğəmbərlərin varisləridir. Bu vəzifə həmişə var və heç bir halda heç kimin üstündən götürülmür.
İmam Hüseynin (ə) şəhidlik məktəbi tədris olunmalıdır. Hər hansı bir insaflı şəxs onu təhlil edə bilsə, bu nəticəyə çatacaq ki, o həzrət öz dini vəzifəsini yerinə yetirmək üçün bu işi görmüşdür. Deməli, əmr be mə’ruf və nəhy əz münkərin belə bir nümunəsi də ola bilər. Amma bu cür hallar çox nadir olur. İkincisi də, belə bir vəzifə borcunu müəyyənləşdirmək olduqca böyük agahlıq tələb edir. İnsanın hər bir şeyindən keçməsi çox böyük fədakarlıq tələb edir ki, vəzifədən boyun qaçırmaqdan ötrü öz işlərinə yalandan şər’i don biçməsin, əmr be mə’rufu tərk etməkdən ötəri bəhanə axtarmasın. Belə bir şəxsiyyət çox nadir hallarda olur. Amma hər halda Allah-taala öz höccətini bizim hamımıza tamam etmişdir. Heç kəs olmasa da, Hüseyn ibn Əli (ə) var idi.
Bizim canımız, övladlarımız sənə qurban, ey Hüseyn! Hidayət çırağını bu dünyada yenidən sən alışdırdın. Dünya durduqca bu çıraq sönməyəcəkdir!
Əmr be mə’ruf və nəhy əz münkərin istilahi mə’nası;
Əmr be mə’ruf və nəhy əz münkərin mərhələləri;
Başqalarına qarşı mə’suliyyət hiss etmək;
Qur’an niyə mö`minlərin qarşısında münafiq tə’birini işlətmişdir.
Qur’ani-Kərimdə əmr be mə’ruf və nəhy əz münkər barəsində müxtəlif tə`bir və ifadələrlə onlarla ayə nazil olmuşdur. Bu ayələr arasından Tövbə surəsindən iki ayə`ni seçdim və imkan daxilində həmin ayələr ətrafında bəhs edəcəyəm.
Əlbəttə, söhbətimizin mövzusu ətrafında bu ayələrdə mətləblər olduqca çox olduğundan, onları tərtiblə söyləməyə çalışacağam.
“Əmr be mə’ruf və nəhy əz münkər” anlamı nədir? Əmr be mə’ruf və nəhy əz münkərin mə’nası bizim üçün çox aydındır. Əmr be mə’ruf yaxşılıqlara də’vət və əmr etmək, nəhy əz münkər isə, pisliklərdən çəkindirib, yaramaz işlərin qarşısını almaq deməkdir. Amma sözlərin dəyişilmə axarında onların mə’nası gah genişlənir, gah da qısalır. Bə’zi hallarda bir kəlmənin işlədilməsi ilə onun məfhumu öz əsli tələblərindən daha geniş mə’na kəsb edir. Burada da onun kimidir. Fəqihlər və alimlər əmr be mə’ruf və nəhy əz münkər mövzusu ətrafında bəhs edərkən deyirlər, əmr kəlməsində «üluvv» (ali məqam) və ya «istila» (yüksəklik) məfhumu gizlənmişdir. Yə’ni, əmr edən adam ya əmr edilən adamdan üstün olmalıdır, ya da belə bir məqamda qərar verməlidir və yüksək mövqedən əmr etməlidir. Xahiş və də’vət əmr sayılmır. Məsələn, “mən xahiş edirəm bu işi görün” cümləsi əmr deyildir. Əmr forması amiranəliklə danışmağı tələb edir. Hətta bə’zi fəqihlər ehtiyat edib deyirlər: ”Əmr be mə’ruf və nəhy əz münkəri o zaman etmək olar ki, əmr edən sözünü istilasız (yə’ni mülayim şəkildə, səsini yüksəltməmək şərti ilə) desin.
Əmr bu mə’ruf və nəhy əz münkərin qarşıya çıxma fəlsəfəsi və onun tətbiq edildiyi hallarda Qur’an və rəvayətlərə diqqət etsək, bu kəlmənin bir növ geniş mə’na kəsb etdiyinin şahidi olacağıq. Misal olaraq, əmr be mə’ruf və nəhy əz münkərin rəvayətlərdə göstərilən bə’zi mərhələlərindən danışacağam.
1. Atifi hiss;
Əmr be mə’ruf və nəhy əz münkərin mərhələlərini rəvayətlərdə araşdırarkən görürük ki, bu vəzifənin ilkin mərhələsi nəhy əz münkərin qəlblə olunan inkarıdır. Yə’ni, insan cəmiyyətdə bir günah əməli, azğınlığı gördüyü zaman ürəyində o əməli pisləyib, narahatçılıq hissi keçirməlidir. Bu nəhy əz münkərin ilkin mərhələsidir.
2. Narahatçılığı biruzə vermək;
Hədis və rəvayətlərə əsasən, insan sonrakı mərhələdə öz narahatçılığını üzdə biruzə verməlidir. İnsan cəmiyyətdə azğın bir əməllə üzləşərsə, daxili inkardan əlavə, öz narahatlığını izhar etməlidir. Rəvayətlərdə göstərilir ki, insan günah bir əməllə üzləşdikdə küskün vəziyyət alıb e’tirazını zahirdə biruzə verməzsə, alnında qəzəbdən qırışlar yaranmazsa, həmin adamın alnı cəhənnəm atəşində qırışacaqdır. Deməli, qəlbi inkardan sonra ikinci mərhələdə e’tirazı üzdə biruzə verməkdir.
3. İnkarı dildə izhar etmək;
Üçüncü mərhələ e’tirazı dilə gətirib, təzəkkür verməkdir. Bunun da öz mərhələləri var. Birinci mərhələdə şərait münasib olarsa, sözün qarşı tərəfə necə tə’sir edəcəyini nəzərə alıb şirin dillə və yumuşaqlıqla mə’ruf və münkər edilməlidir. Amma mülayimliklə nəticə hasil olmasa bir qədər şiddətli formada yeni bir mərhələni başlamaq lazımdır.
4. Fiziki müqavimət;
Şifahi şəkildə edilən nəsihət günahkar şəxsə tə`sir etməsə, sonrakı mərhələdə fiziki tə`sir göstərmək lazımdır. Bu da əmr be mə`ruf və nəhy əz münkərin digər bir mərhələsidir.
5. Cihad;
Bu vaxta qədər qeyd olunan mərhələlər əmr be mə`ruf və nəhy əz münkərin adi dərəcələrindəndir. Amma onun digər mərhələləri də vardır ki, cihada da şamil olur. Ümumi olaraq cihadın bütün növləri, əmr be mə’ruf və nəhy əz münkərin nümunələrindən sayıla bilər. Hətta xalqın hidayəti yolunda maneələrin qaldırılması üçün nəzərdə tutulan ibtidai cihad növü də həqiqətdə əmr be mə’rufun bir növüdür. Çünki, ibtidai cihadda cəmiyyət haqq yola istiqamətləndirilir və doğru yola hidayət olunur. Həmçinin müdafiə ünvanı ilə aparılan cihad da münkərdən çəkindirməyin bir növüdür. Müdafiə xarakterli cihadda haqqın cəmiyyətdə küfrdən müdafiə olunması nəzərdə tutulur. Cihadın başqa bir növü də üsyankar tayfa, haqq əleyhinə qiyama qalxmış dəstə ilə edilən cihaddır. Üsyankarlar o kəslərə deyilir ki, onlar İslam ölkəsində təfriqə ilə məşğul olub, adam öldürməklə, qarışıqlıq salmaqla ölkənin nizam-intizamını pozurlar. Bu dəstə ilə müharibə aparılmalıdır. Bu da nəhy əz münkərin bir başqa nümunəsidir. Cəmiyyətdə öz azğın əməlləri ilə fəsad törədən kəslərlə mübarizə aparılmalıdır, onun qarşısı alınmalıdır.
Cihadın xüsusi bir nümunəsi də var. Bu cihad çox nadir hallarda meydana çıxır. Məsələn, dünyanın bir yerində, xüsusi şəraitdə İslamın əsasları təhlükəyə düşərsə, İslam dövləti və müsəlmanlar həmin fəsadın qarşısını almalıdırlar.
Əgər hansısa bir ölkədə İslam dövləti olmazsa, ya mövcud İslam dövləti zəifləyib əlindən bir iş gəlməzsə və xalq dinin ciddi təhlükə ilə üzləşdiyini hiss edərsə, belə yerdə həmin xalq münkər əleyhinə qiyama qalxmalıdır. Bu qiyam İslam həqiqətlərinin, İslam hökmlərinin qorunub saxlanması və insani dəyərlərin cəmiyyətdə dirçəldilməsi üçündür.
Ola bilər ki, cəmiyyətdə istər əqidədə olsun, istərsə də əməldə zülmün qarşısını alacaq qədər güclü İslam dövləti olmasın. Və ya dövlət kafir və ya islami dövlət adı altında hökumət edənlər əslində münafiq olsunlar. Ya hakim qüvvəyə əmr be mə’ruf və nəhy əz münkəri həyata keçirməyə maneə yaratsınlar. Həmçinin, cəmiyyətdə sağlam islahat aparıb, fəsadın qarşısını almaq istəyən bə’zi insanların güclü təzyiqlər qarşısında mübarizə gücləri çatmasın. Belə şəraitdə mümkündür ki, bu vacib əməli həyata keçirmək üçün elə hərəkətə əl atsınlar ki, hərəkətləri onların məzlum şəkildə şəhadətə yetişib, islamın nicat tapması ilə nəticələnsin.
Bu hərəkətin bariz nümunəsi İmam Hüseynin (ə) etdiyi hərəkatdır. O həzrət buyurmuşdur: “Mən bu qiyamı ondan ötəri etdim ki, cəmiyyəti əmr be mə’ruf və nəhy əz münkər vasitəsi ilə islah edim.”
İmam Hüseynin (ə) şəhadəti ilə nəticələnən belə bir hərəkat əmr be mə’ruf və nəhy əz münkərin kamil bir nümunəsidir. Bu cür əmr be mə’ruf və nəhy əz münkər ancaq qaş-qabaq sallamaq, öyüd-nəsihət etmək və ya məhdud fiziki güc göstərməklə olmayıb, əslində tarixdə dərin izlər qoymuş, yeni səhifələr açmış əzəmətli, şövkətli bir hərəkat idi. Bəşəriyyət durduqca bu izlər də duracaqdır. Əlbəttə, bu cür hadisələr tarixdə çox nadir hallarda baş verir.
İkinci bir məsələ insanların cəmiyyətdə bir-birinə qarşı məs’uliyyətli olmalarıdır; bir-birinin rəftarına bir növ nəzarət etmələridir. Bu məsələ az-çox sivilizasiyalı cəmiyyətlərdə mədəni inkişaf fərqi və aralarındakı ixtilafa baxmayaraq, həmişə mövcud olmuşdur. Elə bir cəmiyyət tapmaq olmaz ki, mədəni inkişafa qədəm qoysun, lakin o xalq arasında qarşılıqlı həmkarlıq və məs’uliyyət hissi olmasın. İnsan başqalarının hərəkət, rəftar və davranışlarına qarşı məs’uliyyətli olmalıdır. Amma müxtəlif cəmiyyətlərdə bu məsələ həmin cəmiyyətlərin hakim olduğu dəyər sisteminə görə bir-birindən fərqlənir. Müxtəlif cəmiyyətlərdə “yaxşı” və “pis” anlayışı həmin cəmiyyətlərin dəyər sisteminə görə fərqli olduğu kimi, başqalarının rəftarına qarşı məs’uliyyətin keyfiyyəti də hər xalqın dünyagörüşündən asılı olub, onların cəmiyyətə və insana baxışlarına əsaslanır. Bu məsələ geniş açıqlama tələb etdiyi üçün onun haqqında da tərtibi ardıcıllıqla danışacağam.
Cəmiyyətlərə hakim olan nəzəriyyələri ümumi bir bölgüdə iki dəstəyə ayırmaq olar: Fərdyönlü cəmiyyətlər və ictimayönlü cəmiyyətlər. Bu iki dəstədən hər biri də öz növbəsində müxtəlif dəstələrə bölünürlər.
Həyatda bə’zi insanlar ancaq özlərini düşünürlər; rahatlıq iddiasındadırlarsa, bunu ancaq özləri üçün tələb edirlər. İnkişafı, tərəqqini dəstəkliyərlərsə, bunu da ancaq özləri üçün nəzərdə tuturlar. Onların fikir və fəaliyyətlərinin mehvəri şəxsi mənafeyinə qarşı olan zərərin dəf edilməsi və mənfəətin cəzb olunmasıdır.
Digər bir dəstənin nümayəndələri özlərini ictimai həyatda başqaları ilə şərik bilirlər; onların e’tiqadına görə, cəmiyyət vahid bir toplumdur. Cəmiyyətin bütün fərdləri bir-birinə bağlı olub, vahid bir ictima yaradırlar. Bu baxımdan onlar, yalnız özlərini fikirləşmirlər. Bu dəstəyə mənsub olanlar xeyr və mənfəət tələb edirlərsə, bunu hamı üçün istəyirlər. Hətta mə’nəvi inkişaf və axirət səadətini də ümumi xalq üçün arzu edirlər.
Peyğəmbərlər və xüsusilə də müqəddəs İslam dini ictimayönlü nəzəriyyəni təsdiq edib qüvvətləndirir. Bu din insanı elə tərbiyə etmək istəyir ki, onun tə`siri altında insan öz həyatının bütün mərhələlərində bütün bəşəriyyətə, və eləcə də İslam cəmiyyətinə qarşı məs’uliyyət dərk etsin. Misal üçün, bilirik ki, namaz fərdi bir ibadətdir. Bütün insanlar öz əqidələrinə uyğun olaraq, Allah qarşısında bəndəçiliklərini izhar edirlər. Amma biz müsəlmanlar Allah qarşısında öz bəndəçiliyimizi namaz şəklində izhar edirik. Namaz qılanda həmd surəsini oxuyan şəxs ibadət məqamında bəndəçiliyini bildirərkən Allaha xitab olaraq demir: “Mən sənə ibadət edirəm.” Deyir: “Biz sənə ibadət edirik”. Əgər bir nəfər gecə də olsa, tək ibadətə dayanıb namaz qılmaq istəsə, deməlidir: “Biz sənə ibadət edirik.” Bir nəfər müsəlman, insan olmayan səhrada da tək namaz qılsa, deməlidir: «İyyakə nə`budu və iyyakə nəstəin» Namazda heç vaxt demək olmaz: «İyyakə ə`budu və iyyakə əstəin» (Yə`ni, mən sənə ibadət edirəm və mən səndən yardım diləyirəm.) Hökmən, «biz sənə ibadət edir və biz səndən kömək istəyirik» - deməlidir. Bu o deməkdir ki, mö’minlər bir-birlərini həmişə öz ətrafında bilməlidirlər. İnsan namaz qıldıqda davamlı olaraq, mö’minləri öz kənarında görür. Həmçinin namazdan xaric olanda da bütün mö’minlərə salam verməlidir. Bu İslam tərbiyəsidir. Bütün İslam göstərişlərində - istər fərdi və ictimai ibadətlərdə, istərsə də iqtisadi və ictimai-tərbiyəvi məsələlərdə, hətta cihad və müdafiə məsələlərində müsəlman özünü digər mö’minlərə şərik və bağlı bilməlidir. Bu İslam dininə məxsus olan bir tərbiyədir.
Amma qərb ölkələrində hakim olan tərbiyə üsulu- xüsusilə də axırıncı iki əsrdə - fərdyönlü dəyər sisteminə əsaslanır. Ona görə də bu cəmiyyətlərdə insanın yalnız öz xeyrini güdməsi normal hal hesab olunur. Bu cəmiyyətlərdə ən yaxın insani əlaqələr, qarşılıqlı münasibətlər çox soyuq olur. Ailələr dağılır, qadın və kişi çox vaxt müstəqil yaşayıb, müstəqil hərəkət edirlər. Ata və oğul da bə’zən yad münasibətdə olurlar. Qonşunun-qonşudan xəbəri olmur. Bu xüsusiyyətin hakim olduğu cəmiyyətlərdə insani əlaqələr zəif olur. Bu məktəbdə insanın fikri mehvəri, şəxsi mənafe ətrafında fırlanır.
Amma özündə olan çirkinliklərə və çatışmazlıqlara baxmayaraq, fərdyönlü nəzəriyyə sahibləri yaxalarını başqalarının əməllərinə nəzarət və məs’uliyyətdən tamamilə kənara çəkə bilməzlər. Çünki, praktiki olaraq xaricdə insanların mənfəəti, ləzzəti, acılıq və şirinlikləri cəmiyyətin digər fərdləri ilə sıx şəkildə bağlıdır. İnsan nə qədər öz şəxsi mənafeyini düşünsə də, axırı anlayır ki, onun şəxsi problemləri digərlərinin mənafeyinə kömək etmədən tə’min olunmur. İnsan həyatdan ləzzət almaq istəsə, təklikdə bu hissini doyura bilmir. Bunun üçün başqa fərdə də ehtiyac duyur. İnsan ictimai, iqtisadi, ticarət və digər sahələrdə irəliləyiş əldə etmək istəyəndə də təklikdə müvəffəqiyyət əldə edə bilmir. Başqaları ilə əməkdaşlıq etmək məcburiyyətindədir. İnsan sağlam mühitdə yaşamasını arzu edəndə də, təklikdə bu işi tənzim etməyi bacarmır. Mühit o zaman sağlam qalır ki, başqaları da bu sahədə köməklik göstərsinlər. Bildiyiniz kimi, bu gün dünyada hər bir şəxs siqaretin insana necə zərərlər vurduğunu dərk edir. Əksər yerlərdə siqaretin ümumi ictimai mühitdə, bağlı salonlarda çəkilməsi qadağan edilib. Bir kəs siqaret çəkmək istdikdə, salonu tərk edib, siqareti açıq fəzada çəkir. Çünki, qapalı mühitlərdə siqaretin çəkilməsi digərlərinin də müəyyən qədər həmin tüstünü udması deməkdir və bunun da onlar üçün zərəri vardır. Ona görə də siqaret çəkən şəxslər bunu nəzərə alıb, onların sağlamlıq hüquqlarına riayət etməlidirlər. Fərdyönlü əhval-ruhiyyəyə baxmayaraq, onların arasında bu kimi məsələlər mövcuddur və ona tabe olmaq məcburiyyətindədirlər.
Əmr be mə’ruf və nəhy əz münkər barəsində çox gözəl bir misal var: Bir dəstə adam gəmiyə minir. Sərnişinlərdən biri öz oturduğu yeri deşməyə başlayır. Başqaları ona irad tutub deyirlər: “Niyə gəmini deşirsən?” Deyir: ”Gəminin bu yeri mənim ixtiyarımdadır, bu yerə pul verib oturmuşam, mən öz oturduğum yeri deşirəm, sizin yerinizlə heç bir işim yoxdur.” Sərnişinlər ona e`tiraz edib deyirlər: “Düzdür ki, sən öz oturduğun yeri deşirsən, ancaq su gəmiyə dolanda artıq sənə, mənə baxmayacaq, hamımızı batıracaq.”
İctimai həyatda da insan ancaq öz xeyrini güdə bilməz. “Qoy mən salim olum, cümlə cahan batsa da batsın!» deməklə, heç kəs canını qurtara bilməz. İnsan bir kimsənin cəmiyyətə zərər vurduğunu görəndə, onu həmin işdən çəkindirməlidir. Cəmiyyət üzvləri baş verəcək zərərin hamıya toxunacağını hiss etdikdə, şəxsi maraqlarını güdmələrinə baxmayaraq, bu təhlükənin aradan qaldırılmasında güclərini səfərbər edirlər. Deməli, fərdyönlü nəzəriyyənin də tam hakim olduğu cəmiyyətlərdə az-çox xalq nəzarəti mövcuddur.
Qərb ölkərində bu nəzarət o həddədir ki, kimsə cəmiyyətə zərər yetirmək istədikdə, hamı onun əməllərinə nəzarət etməyə başlayır. Daha doğrusu, bu işi görməyə məcburdurlar. Çünki, əks təqdirdə zərər onların özünə də toxunacaq. Bu səbəbdən də cəmiyyət bu hallarda başqasının işinə dəxalət edir. Əgər bu işin onlarla heç bir bağlılığı olmasa, onların maddi mənafeyinə təhlükə törətməsə, məsələyə qarışmırlar. Bu adamların e’tiqadına görə pis əməllə məşğul olan insan sonda özü zərər çəkəcəkdir və belə yerdə cəmiyyət həmin işə biganə qalıb deyir: “Mənə nə, sənə nə!”. Bu tə’birlər həmin fərdyönlü cəmiyyətin sözləridir. Amma bu zərər başqalarına da yönəldikdə, əks-reaksiya göstərirlər.
Bura qədər söylənilənlər ictimayönlü və fərdyönlü məktəblərin insanın maddi işlərinə qarşı olan baxışları idi. Amma görəsən onlar mə’nəvi məsələlərə necə baxırlar? Əgər bir rəftar cəmiyyətin mə’nəviyyatına zərər vursa, burada da başqalarının işinə nəzarət olunmalıdır, ya yox?
İndiyə qədər söhbət maddi məsələlərdən gedirdi. Fərdyönlü cəmiyyətin iqtisadi görüşləri bu idi ki, bir kəsin gördüyü işin xeyrinin və ya zərərinin bizə aidiyyəti yoxdursa, həmin adama mane olmaq lazım deyil. Bu məsələ az-çox qərb cəmiyyətinə hakim baxışlardır. Elmi dildə buna individualizm deyilir. Qərb ictimaiyyətçiləri başqalarının işinə nəzarəti ancaq maddi məsələlərdə düzgün bilirlər; mə’nəvi məsələlərdə, yə’ni iman, küfr, haqq, batil kimi işlərdə bu dəstə deyir: “Sənə nə! Bu artıq başqasının işinə dəxalət etməkdir!”
Qərbdə ayrı-ayrı fərdlərin işi dini, əxlaqi və digərlərinin mə’nəviyyatına aid olduqda, bunu tamamilə onların toxunulmaz haqqı bilirlər. Və heç kəsin həmin məsələyə dəxalət etməyə haqqı yoxdur.
İslam yuxarıda deyilən hər iki baxışla müxalifdir. İslam dini insanları elə tərbiyə edir ki, fərdlər təkcə özlərinin deyil, başqalarının da fikrində olsunlar. Hətta namazda fərdlə Allahın arasında olan rabitədə belə müsəlmana “biz” demək buyurulur. “Mən” deməməlidir. Maddi işlərdə olduğu kimi, insanlar bir-birlərinin mə’nəvi işlərinə diqqət yetirməlidirlər.
Bir kəs cəmiyyətdə mə’nəvi pozğunluğa səbəb olacaq bir iş görərsə, onu həmin işdən çəkindirmək lazımdır. Bəlkə də mə’nəvi məsələlərdə nəhy əz münkər etmək daha vacibdir. Çünki, insan ruhunun maddiyyatdan daha üstün dərəcəsi var. Maddiyyat fanidir, amma mə’nəviyyat əbədidir və heç zaman itmir. Günaha batıb əbədi əzaba məhkum olmuş şəxsi, maddi atəşdə yanan birisi ilə müqayisə etmək olmaz. Bir nəfərin özünü yandırmaq və ya suda boğmaq istədiyini gördükdə, vicdanımız bu işə razı olurmu? Deyəcəksiniz ki, ürəyi belə istəyir, özü bilər?! Deməli, özünü odun içərisinə atmaq istəyən şəxsi zorla tutub saxlamalısınız. Bu ki, dünyəvi atəşdir və yaxıb-yandırmağı da bir neçə saatlıqdır. Bir neçə saatlıq əzab-əziyyətdən sonra yanıb məhv olursan və ağrılar da ölümlə qurtarır. Amma əbədi olaraq yanmağa səbəb olan bir işin qarşısını almaq daha vacib və zəruridir.
Qur᾿an bu barədə buyurur: “Onların dəriləri yanıb qurtardıqca, əzabı dadsınlar deyə, yeni dərilərlə əvəz edərik.”
Allah-taala buyurur ki, kafirləri cəhənnəmdə yandıranda dəriləri yanar və külə dönər. Yenidən əzab təkrarlansın deyə, onların bədənində yeni dəri bitirilər. Bu halın sonu olmaz; yandıqca yanarlar. Görəsən, bu insanların günahı nə imiş? Rəbbimiz buyurur: Onlar mənim buyurduğumdan boyun qaçıranlardır, günahkarlardır. Siz görəndə ki, bir nəfər belə əzaba səbəb olacaq günah iş tutur, vicdanınız onun əlindən tutub saxlamağa, günahdan çəkindirməyə vadar etməyəcəkmi? İslamda əmr be mə’ruf, nəhy əz münkər ancaq maddi zərərlərə aid edilmir. İslam günahın da qarşısının alınmağını tələb edir. Çünki, günahkar şəxs əbədi axirət əzabına düçar olur.
Əmr be mə’ruf və nəhy əz münkər haqqında Qur’anda olan ayələr arasında Tövbə surəsində olan 67 və 71-ci ayələr xüsusi yer tutur.
Allah-taala bu ayələrdə buyurur: Mö’min kişilər və mö’minə qadınların bir-birinə vilayət haqları var. Üzərlərində olan bu haqqa görədir ki, əmr be mə’ruf və nəhy əz münkər edirlər. “Vilayət” kəlməsini hansı mə’nada götürsək, istər məhəbbət, dost, istərsə də, qanuni qüdrət və üstünlük, rəhbər mə’nasında və ya hər hansı digər mə’nada, bu, başqalarını pis əməllərdən çəkindirmək üçündür. İnsan hər hansı bir şəxsi günahdan çəkindirmək istəsə, gərək həmin adam üzərində bir növ qanuni haqqı olsun.
Qərb mədəniyyətində bu haqqı heç kimə vermirlər. Heç kim qalxıb günaha mane olmur və ya başqalarının maddi və mə’nəvi işlərinə dəxalət etməyə haqqı yoxdur. Əgər bir nəfər bu işi görmək istəsə, deyirlər: “Sənə nə!” Lakin İslam hamının bir olması iddiasındadır. Bir nəfər özünü günahdan, zərərdən qoruduğu kimi, başqalarını da qoruyub, çəkindirməlidir. İslam özünü yandırmaq istəyənin əlindən tutub saxlamağı insanların ilahi vəzifəsi bilir. Bu iş bəlkə də vaciblərin vacibidir: “Həqiqətən əmr be mə`ruf və nəhy əz münkər böyük vaciblərdən biridir ki, onun vasitəsilə digər vaciblər də həyata keçirilir.” Bundan əlavə, insanlıq hissləri də bu kimi işlərə laqeyid yanaşmamağı tələb edir.
Allah-taalanın öz bəndələrinə buyurduğu ən vacib vəzifələrdən biri, əmr be mə’ruf nəhy əz münkərdir. Əgər əmr be mə’ruf və nəhy əz münkər vəzifəsinə əməl edilməzsə, insan digər vəzifələrini də tərk edər. Deməli, bu vəzifəsini icra etmək istəyən şəxsin bir növ qanuni haqqı olmalıdır ki, pis əməlin qarşısını ala bilsin. Əmr edənin qarşı tərəfə vilayət haqqı çatır. Allahın buyurduğu “vəl mu`minunə vəl mu`minatu bə`zuhum əvliyau bə`zin” ayəsindən əsas məqsəd, bəlkə də müsəlmanların bir-birinə əmr be mə’ruf və nəhy əz münkər edə bilmələri üçün verdiyi vilayət haqqıdır.
Vilayət üçün nəzərdə tuta bilmədiyimiz mə’nalardan biri də, tez-tez zikr edilən “dost” mə’nasıdır. Yə’ni, mö’minlər bir-birinin dostudur, bir-birinə məhəbətləri olduğu, ürəkləri yandığı üçün kimsənin günaha düşməsini istəmirlər. Dostlarının sonu əbədi əzabla qurtaran bir işə qol qoymasına razı olmurlar.
Amma Allah-taala mö‘minlərin qarşısında münafiqlərdən söhbət edəndə buyurur: “Əl munafiqunə vəl munafiqatu bə`zuhum min bə`zin.” Diqqət yetirsəniz görərsiniz ki, “bə`zuhum əvliyau bə`zin” sözlərini demir. Eləcə də “vəyə`murunə və bil mə`rufi” kəlməsinin yerinə “yə`murunə bil munkəri və yənhəvnə ənil mə`rufi” sözlərini deyir. Burada qarşıya çıxan bir neçə sual var ki, imkan daxilində onları təhlil edəcəyik.
Sual yaranır ki, Qur’an nə üçün mö’minlər qarşısında “kafir kişilər və kafir qadınlar” demir? Yə’ni, “Mö’min kişilər və mö’minə qadınlar hər zaman yaxşılığa də’vət edib, pisliklərdən çəkindirirlər” ayəsinin qarşısında “kafir kişilər və kafir qadınlar isə pisliyə əmr edib, yaxşı işlərdən çəkindirərlər” tə’birini işlətməmişdir? Kafir sözünün yerinə münafiq sözündən istifadə etmişdir.
Mə`lum məsələdir; münafiqlər müsəlman cəmiyyətində yaşayıb, fəaliyyət göstərir və zahirdə müsəlmançılığın bütün şərtlərini qəbul edirlər. Üzdə bütün İslami dəyərləri qəbul edir, amma qəlblərində həmin dini inancların heç birinə e’tiqad bəsləmirlər. Zahirdə müsəlmanlarla həmrə’ydirlər, lakin gizlində düşmənçilik edirlər. Münasib zamanda əllərinə fürsət düşəndə, müsəlmanlara zərbə endirirlər.
Amma kafirlər İslam cəmiyyətinə qarışmırlar. Əgər müsəlmanlar arasında yaşamalı olsalar, İslam əleyhinə öz mövqelərini açıq şəkildə e’lan edirlər. Ona görə də müsəlmanlar onları tanıyır, onlarla olan münasibətlərinin həddi-hüdudunu müəyyənləşdirə bilirlər. Kafir cəmiyyətdə əksəriyyət kafir olur və açıqca İslami dəyərləri qəbul etmədiklərini bildirirlər. Buna görə də yalandan özlərini müsəlman göstərməyə ehtiyacları da olmur. Münafiqlər isə İslam cəmiyyətinə nüfuz etmək üçün zahirdə bütün İslami dəyərləri e’tiraf edirlər, amma əslində hədəfləri dinə qarşı mübarizə aparıb, ona arxadan zərbə vurmaqdır. Ona görə də Qur’an buyurur: “Mö’minlər öz dinlərindən muğayat olsunlar, münafiqlərin əsas işi pisliyə də’vət edib, yaxşılıqlardan çəkindirməkdir.”
Yuxarıdakı bəhslərdən aydın oldu ki, mö’minlərin bir-birlərinin üzərində vilayət haqqı var. Allah onlar üçün bu qanuni haqqı qərar vermişdir ki, bir-birlərinin əməllərinə nəzarət edib, mə’suliyyət hissi daşısınlar.
Amma münafiqlər “pisliyə çağırış” (əmr be münkər) və “yaxşılıqdan çəkindirmə” (nəhy əz mə’ruf) vasitəsi ilə xalqın dini əsaslarına həmlə etdikləri üçün Allah onlara vilayət haqqı verməmişdir. Münafiqlərin vilayətə ehtiyacları da yoxdur. Çünki, vilayət qanuni bir haqdır və qanun heç bir cəmiyyətdə “münkərin əmrinə” icazə vermir. Münafiqlər mö’minlər kimi bir-birinə məhəbbət bəsləməzlər. Onlardan hər biri öz mənfəətini düşünür. Qur᾿ani-Kərimdə bu barədə buyurulmuşdur:
“Təhsəbuhum cəmiən və qulubuhum şətta”
Qur’ani-Kərim bu ayədə münafiqlər barəsində buyurur ki, siz onları müştərək bir cəbhədə yığışmış görərsiniz. Zahirdə onların arasında birlik, həmrə`ylik müşahidə olunur. Amma qəlbləri bir-birindən ayrıdır. Onlar ürəklərində bir-birinə yanmaz, məhəbbət bəsləməzlər. Hətta şəxsi mənafeləri tə’min olmayanda bir-birini məhv etməkdən belə, çəkinməzlər. Çünki, hər kəs ancaq öz xeyrini düşünər. Bir yerə yığışıb təşkilat yaratmaq istəsələr və ya bə’zi işlərdə birlikdə fəaliyyət göstərsələr də, həqiqətdə bunu öz mənafelərinə çatmaq xatirinə tələ olaraq qururlar. Bunların təşkilatında, birliyində hər hansı birinin şəxsi mənafeyinə qarşı problem meydana çıxarsa, hər şeyi alt-üst edib kənara çəkilərlər. Deməli, münafiqlərin bir-birinə məhəbbəti olmaz, əmr və nəhy etmək üçün də onlara qanuni qüdrət verilməmişdir.
Münafiqlər ancaq batil işlərdə birləşib, batil əməllərdə iş birliyinə girərlər.
Qarşıya çıxan müəmmalı suallardan biri də budur: Necə olur ki, hər hansı bir cəmiyyətdə bə’zi adamlar münkər və pis işlərə əmr edirlər? Halbuki, hər bir cəmiyyətdə münkər pis və alçaq iş mə’nasındadır. Hər bir cəmiyyətdə, xüsusilə də İslam ölkələrində müsəlmanlar müqəddəs dəyərlərə, insani keyfiyyətlərə e’tiqadlı olduqlarını e’tiraf edirlər.
Necə olur ki, İslam cəmiyyətində kimlərsə cür’ət tapıb, xalqa pis əməllərlə məşğul olmaq göstərişi verirlər. Yəqin ki, belə adamların öz hədəfləri olur və inanırlar ki, bu sözü deyəndə onların sözünə dəstək verəcək adamlar da tapılacaq. Çünki bilsələr ki, onların sözünün ardınca gedənlərə - oğurluq edin, fəsad törədin - deyilsə, qulaq asan olmayacaq, bütün bu zəhmətlərə qatlaşmazlar. Labüd gördükləri işin cəmiyyətdə tə’sir qoyacağına ümidvardırlar. Müəmmalı sual da budur ki, cəmiyyətdə alçaq işlərə zəmin yaradan belələri necə müvəffəqiyyət qazanırlar? Niyə bu işləri görürlər? Və xalq niyə bu üzdəniraq təklifləri qəbul edir?
Burada aydınlaşdırmaq lazımdır ki, əmr be mə’ruf və nəhy əz münkər dedikdə nə nəzərdə tutulur? Yə’ni, bir adamın xalq arasında - gəlin pis işlər görün, yaxşı işlərdən çəkinin - deməsi ilə aydındır ki, şüur sahibilərinin belə işi görməsi və camaatın da onun sözünü qəbul etməsi ehtimalı sıfra bərabərdir. Çünki, xalq bütün müqəddəs dəyərlərə inanır və bir kəsin gəlib açıqcasına belə sözləri deməsinə icazə vermir. Qur’anda münafiqlərdən bəhs edib - onlar münkər işlərə əmr edərlər - dedikdə, nəzəri münkər sözünün ilkin məfhumu deyil. Məqsəd budur ki, münafiqlər münkərin aldadıcı nümunələrinə əmr edərlər. Yə’ni, münkərin məfhumuna yox, onun aid olduğu həyati bir işə əmr edərlər. Onlar xalqı üzü yaxşı işlə pərdələnmiş, batini isə həqiqətdə münkər olan işlərə əmr edərlər.
Münafiqlər xalqı aldadıcı təbliğat işlərindən, gözqamaşdırıcı variantlardan istifadə etmək və məfhumların yerini dəyişməklə münkər işlərə sövq etdirərlər. Əvvəl zəmin yaradıb xalqa bə’zi işləri “yaxşı” göstərərlər, daha sonra onları həmin işi görməyə təşviq edərlər. Başqa bir tərəfdən, bə’zi yaxşı əməlləri xalq arasında pis cilvələndirər, davamlı təbliğ etməklə, xalqı həmin işlərdən çəkinməyə də’vət edərlər. Heç vaxt birbaşa cəmiyyət arasında, pis işlər görün, yaxşı işlərdən çəkinin, deməzlər. Mə’lumdur ki, hər bir ağıllı insan nə belə işlər görər, nə də belə sözü qəbul edər.
Məsələyə aydınlıq gətirmək üçün bir neçə kiçik misal çəkəcəyəm. Əvvəllər bizim cəmiyyətdə qadınlar arasında “həya” deyilən bir dəyər məfhumu var idi. Hamımız yaxşı bilirik ki, qadın üçün xüsusi imtiyaz və üstünlük sayılan sifətlərdən biri də həyadır. Əlbəttə həyalı olmaq kişi üçün də yaxşı sifət sayılır, amma qadınlar üçün xüsusi əhəmiyyət kəsb edir. Qur’anda da bu kəlmə yeri gəldikcə işlədilmiş və yüksək qiymətləndirilmişdir. Hətta Şüeyb peyğəmbərin qızlarının əhvalatında qızların ataları tərəfindən Həzrəti Musanı evlərinə də’vət etmələri məsəlində Qur’an belə buyurur:
“Fəcahəthu ihdahuma təmşi əla istihyain...”
Qızlardan biri utancaq və həyalı halda Musanın (ə) yanına gəldi. Başı aşağı yavaşca dedi: “Atam sizi çağırır, çəkdiyiniz zəhmətin haqqını ödəmək istəyir. Allah-taala bu yerdə qızın həyasını xüsusi bir tərzdə bəyan edir. Buyurur: “Həzrəti Musanın (ə) yanına utancaq və həyalı halda gəldi.”
Həyanın bizim mədəni adət-ən’ənələrimizdə öz yeri var. Münafiqlər həya barəsində belə deyirlər: ”Sizin dediyiniz bu utancaqlıq və həya həmin xəcalət hissidir.” Onlara görə, bir qadının həyalı olması, onun xəcalət çəkib geri çəkilməsi, cəsarətsizliyi deməkdir. Deyirlər: “Utancaq adamın dünyada əlindən heç bir iş gəlməz. Ona görə də utancaq adamlar fərsiz olurlar. Və psixologiya elmi də utancaqlığın insan üçün mənfi və pis xüsusiyyət olduğunu bildirir. Hər hansı bir qızın yad bir oğlan qarşısında utanıb çəkinməsini normal hal hesab etmirlər. Çünki, o, ürəyindən keçənləri ona söyləməyi bacarmır, öz haqqını ondan ala bilmir. Beləliklə, qız oğlandan utanıb, çəkinməməlidir. O ki, camaat arasında deyirlər, insanda gərək həya, abır olsun, qız yad kişilərin yanında gərək özünü həyalı aparsın, bütün bunlar cəfəngiyatdır; səhv fikirdir. Qız üzlü olmalıdır ki, başqalarının qabağında da sözünü deyə, öz haqqını müdafiə edə bilsin. Qız və oğlanlara qaynayıb-qarışmaları üçün şərait yaradılmalıdır.” Hətta öz axmaq fikirlərini əsaslandırmaq üçün tarixdən, həzrəti Zeynəbin (ə) mübarizə hərəkətini nümunə də gətirirlər. Deyirlər: “Həzrəti Zeynəb (ə) Şamda düşmən qarşısında necə mətanət göstərib, öz haqqını müdafiə etmək üçün çıxışlar edirdisə, bizim qızlarımız da eynilə öz şər`i vəzifələrini bilib, haqqlarını qorumağı bacarmalıdırlar”.
Dediklərim, münafiqlərin nəzərində müsbət cəhətlər sayılır. Ailə həyatı qurmamış qız, yad kişi qarşısında həyalı davranmalıdır. Bu özü bir dəyərdir. Münafiqlər bu ikisini qatıb-qarışdırırlar. Həyalı olmağı utancaqlıq, yə’ni fərsizlik adlandırırlar. Deməli, münafiqlər əvvəl qız və oğlan arasında olan əlaqələri mədəniyyət kimi cilvələndirir, həyanın xəcalətlilik və fərsizliyə gətirib çıxardığını ictimaiyyət arasında yaymağa çalışırlar. Hətta əgər münafiqlər hökumət dairələrinə nüfuz edə bilsələr, həmin dairələr tərəfindən bu kimi işlərin yayılması üçün sifariş edərlər. Məsələn deyirlər, filan tarixi mərasim hətta küfr olsa belə, mədəni keçmişimizin qorunub-saxlanması üçün lazımdır. Münafiqlər heç vaxt gəlib birbaşa “pis iş tutun” deməzlər. Əvvəlcə zəmin hazırlayaraq mənfi halları xalqın gözündə müsbət kimi qələmə verərlər. Sonra xalqı həmin işə də’vət edərlər.
Deməli, cəmiyyətdə mədəni zəmin yaranmayınca, münkərə əmr də mə’na kəsb etmir. Başqa bir tərəfdən, cəmiyyətdə elə dəyərlərə, mədəniyyətlərə rəvac verirlər ki, artıq əmr be mə’rufa da yer qalmır. Yə’ni qəzetlərdə, çıxışlarda və digər informasiya vasitələrində xalqın beyninə yeridirlər ki, başqasının e’tiqadı, ictimai, əxlaqi işlərinə qarışmaq düzgün iş deyil. Bu sözdən sonra xalq da pis əməllərə qurşanmaqda cəsarət tapır. Kimsə onlarda nöqsan tutmağa cəhd göstərsə, onlardan ictimaiyyətdə etika qaydalarına riayət etməyi tələb etsə, üzlərinə bozararaq, deyəcəklər: “Məgər, azadlıq, demokratiya deyil, sən kimsən ki, mənim şəxsi işlərimə dəxalət edib, haqqımı tapdalayasan. Mən azad insanam, istədiyim kimi geyinib gəzə bilərəm. Sərbəst olmaq, istədiyim kimi hərəkət etmək mənim haqqımdır. Sən kimsən ki, mənim insanlıq haqqımı əlimdən alasan!”
Əvvəl cəmiyyətdə belə mədəniyyət normalarının vüs`ət tapması üçün şərait yaradır, daha sonra xalqı mə’ruf işlərdən nəhy edirlər. İş o yerə çatır ki, bütün insani dəyərlər öz yerini, insana zidd olan dəyərlərə verir. Vay o kəslərin halına ki, cəmiyyətdə belə şəraitə zəmin yarardırlar.