Geriyə Mündəricat Növbəti

Fatimə (s) və layiq övlad tərbiyəsi

Övlad ata-ananın ixtiyarında qoyulmuş ilahi əmanətdir. Allah ata-anadan övlad tərbiyəsində çalışqanlıq istəyib. Eləcə də tərbiyə yolunu öyrədib. Doğru və düzgün tərbiyə üsuluna yiyələnib, onu həyata keçirmək ailə üçün böük müvəffəqiyyətdir. Həmçinin övlad tərbiyəsində səhlənkarlığın məs’uliyyəti, acı nəticələri vardır. Əgər düzgün tərbiyə üsulunu öyrənməsək, Allah qarşısında cavabdeh olacağıq.

Həsən, Hüseyn, Zeynəb və Gülsüm kimi ləyaqətli övladlar tərbiyə etmək Fatimə və Əliyə (ə) nəsib olmuş böyük müvəffəqiyyətdir. Çünki Əli və Fatimə (s) onların həyatı bütün müsəlmanlara örnək olduğu kimi onların övladları da bütün cəhətlərdən nümunədirlər. Əlbəttə, Zəhra (s) övladlarının həyatını və fəzilətlərinin araşdırılması müstəqil bir işdir. Lakin bunu əhəmiyyətli bilib, Fatimənin (s) bərəkətli ağuşunda tərbiyələnmiş şəxslərin həyatından bə’zi məqamları xatırlayırıq.

Fatimənin (s) oğlanları

İki oğul övladı, risalət və imamət bağının gülləri, hər iki məs’um və islami cəmiyyətin imamı, rəhbəri, müxtəlif şəraitlərdə son nəfəsədək haqqın müdafiəçiləri, nəhayət, hər ikisi bu yolda şəhid! Fatimə (s) övladlarının əzəmətini vəhy dilindən eşitmək gərəkdir. Həzrət Peyğəmbər (s) buyurub: «Həsən və Hüseyn mənim gülümün şaxələridirlər». («Bəhar» cild 43). Yenə də onların məqamı haqqında buyurur: «Onlar behişt cavanlarının sərvəridirlər». . («Bəhar» cild 43). Peyğəmbər (s) onların haqqı olması barədə buyurur: «Onlara məhəbbət haqqa məhəbbət, Allaha yaxınlaşmaq səbəbidir. Onlarla ədavət və düşmənçilik haqla ədavətdir». («Bəhar» cild 43).

Yenə buyurur: «Onlar Allahın seçilmişləridir. Elə həmin ölçüyə görə də cəmiyyətə imam və rəhbər, peyğəmbər xəlifəsi, canişinidirlər». («Bəhar» cild 43).

Fatimənin (s) qızları

Fatimənin (s) iki qızından biri «Bəni-haşim əqiləsi» ləqəbli Zeynəbi-kübra, ikincisi Zeynəbi-suğra, yə’ni Ümmül-gülsümdür. Hər ikisi mö’min, hər ikisi islam şünas, Qur’andan xəbərdar, Qur’an təfsirçisi, Qur’an müdafiəçisi, həyat boyu haqq, ictimai və siyasi səhnələrdə daim hazır! Əhli-beytin bu iki qızının böyüklüyünü, şücaətini Kərbəla şəhidləri, imam Hüseynlə (ə) birgə yaratdıqları Kərbəla tarixindən öyrənmək olar. Məhz onlar yanıqlı Aşura inqilabını yaradıb, şəhid qanları üstə tarixə haray çəkiblər.

Bu iki nurlu çöhrə Bəni-üməyyənin cəhənnəm şəraitində qardaş və dostları ilə birgə haqqa köməyə tələsdilər. Cəmiyyətdə əsil islamı diriltdilər. Qardaşları, övladları, dostlarının ürək yandıran dağına dözərək şəhid yadigarlarına qəyyumluq edib, düşmənin zəncirləri, qandalları, min cür işgəncələri altında fəryad etdilər. Kərbəladan Şama, Mədinəyə əsirlik səfərinə dözüb, tarixdə misli görünməmiş bir əzəmət yaratdılar. Bəni-üməyyə zülmü qarşısında dağ kimi dayanıb, öz işıqlı nitqləri ilə zalımların üzündən pərdəni açdılar, küfrü aşkar etdilər. Əməvi zalımlarını elə rüsvay etdilər ki, onların rəzaləti qiyamətədək bəşəriyyətin qulağında gurlayacaq. Onlar əməvi muzduru Ubeydullahın qələbə naminə şadlıq məclisini rüsvayçılığa döndərdilər. Alçaq Yezidin məclisində elə bir inqilab yaratdılar ki, Yezid və tərəflarları öz yaşıl saraylarında zillətə uğradılar. Onlar hamıya möhkəmlik, səbr, Allah yolunda müsibətə dözüm dərsi verdilər və üzücü müsibətlərə sinə gərdilər. Hər biri haq yolda çətinliyi şərəf saydığından ləyaqəti üstün tutdular. Zeynəbdən (s) soruşulanda ki, səfəriniz necə keçdi? Buyurdu ki, biz gözəllikdən başqa bir şey görmədik!

Bəli, budur Fatimə övladlarının böyük və sarsılmaz ruhu. Onlardır Fatimə (s) südündən içib, onun ağuşunda tərbiyə alanlar. Bu həmin Fatimədir ki, daim zülm, namərdlik, haqsızlıq müqabilində məğrur dayandı.

Bu iki xüsusiyyət – ər qayğısı və övlad tərbiyəsi Fatimə (s) həyatının özünəməxsus parlaqlığıdır. O xanımın nümunə olması baxımından ailə qurluşunda, övlad tərbiyəsində onun səliqəsinə əməl etmək cəmiyyətin inkişafına və ilahiliyinə səbəb olacaq. Bu üsul yalnız Fatimədə yox, bütün peyğəmbərlər və imamların həyatında bir ailə əsası tək diqqəti cəlb edir.

Dini göstərişlərə əməl etmək

Əgər Fatimə həyatında ərə qayğı, övlad tərbiyəsi nümunədirsə, bunun səbəbi dini göstərişlərə əməl olunmasıdır. Vəhy göstərişlərinə əməl etməklə ev mühiti səfa və səmimiyyətə bürünür, övladlar islama eşq ruhunda tərbiyə olunur. Fatimə (s) dini göstərişlərə o qədər əhəmiyyət verirdi ki, hətta öz övladları yetkin yaşa çatmamış onların haqqında qaydalara diqqət göstərirdi. Beləcə, övladları ilahi feyzlərdən bəhrələnirdilər.

Qədr gecəsinin əhəmiyyəti və Fatimə (s)

Qədr gecəsinin əhəmiyyəti hamıya aydındır. İlin gecələri arasında onun tək şərafətlisi yoxdur. Qədr gecəsi bir il üçün talehlərin yazıldığı, ilahi bərəkətin nazil olduğu gecədir. Onun fəziləti min ayın fəzilətindən artıqdır. («Qədr» surəsi, ayə 3).

Bu gecədə ilahi mələklər haqqın layiq bəndəsinə nazil olar. Bu gecədə Allahın xüsusi mərhəmət qapıları hamı üçün açıqdır. Layiq insan ibadət və bu gecəni oyaq qalmaqla bəhrələnmək ümidindədir.

Gərək özü «Qədr gecəsi» adlanan Fatimə (s) bu gecəni necə keçirir. Fatimə (s) bu gecəyə o qədər əhəmiyyət verir ki, gecə oyaq qalmaları üçün azyaşlı övladlarını əvvəlcədən hazırlayır. İstəyir ki, körpələr sübhədək ibadət edib, öz gələcək səadətlərinə tə’minat alsınlar. («Bəhar» cild 94).

Fatimənin (s) qaydası bu idi ki, Qədr gecəsi ailədən kimsə yuxuya getməsin. Bir gün əvvəldən ailəni azca yedirməklə, istirahətlə gecəni oyaq qalmağa hazırlayırdı. Buyurardı ki, məhrum Qədr gecəsinin xeyr və fəzilətindən əli çıxan şəxsdir.

Deyilənlər o xanımın övlad tərbiyəsində dini əmrlərə nə qədər əhəmiyyət verdiyini göstərir. Aydın və bariz nümunələrdir – hətta körpələri Qədr gecəsində oyaq qalmasına çalışır. Hansı ki, xalqın əksər hissəsi belə bir gecədə öz cavanlarını yaddan çıxarır.

Demək, övlad tərbiyəsi o zaman düzgün olar ki, dini göstərişlərə əməl edilsin. Ailə məsələləri, tərbiyə üsulu bu şərtlər daxilində əhəmiyyətli olur.

Əslində mövzudan çıxıb, islamda bə’zi ailə və tərbiyə məsələlərinə toxunmağımız yəqin ki, faydalı olacaq.

Ailə və ər-arvad münasibətləri

Daimilik, əbədilik eşqi bütün varlıq aləminin batinində gizlənmişdir. Buna görə də aləmin bütün zərrələri Allahın ifadəsi və dəlilidir (məzhər və həyat).

Şəhadət aləmində bu həqiqət (əbədilik eşqi) evlənmə qanunları ilə həyata keçir. Bu qanun bütün şəhadət nizamında tətbiq edilir və cinsin davamı, həyatın gedişi, hamiləlik, doğum bu yolla mümkündür.

Qur’ani-kərim bu sirrin üstündən pərdəni qaldırıb, insanın diqqətini bu həqiqətə yönəldir ki: «Yerin yetişdirdiklərindən, onların özlərindən və bilmədiklərindən cütlər yaradan Allah pak və müqəddsdir». («Yasin» surəsi, ayə 36). Yenə buyurulur: «Biz hər şeydən cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb, ibrət alasınız». («Zariyat» ayə 49). İnsan da bu qanunlardan kənarda qalmayıb. Nəslini davam etdirmək üçün o da bu qanunlarla yaşayır. Bu qanun da digər ilahi qanunlar kimi sabitdir. «Sən Allahın qoyduğu qanunlarda heç bir dəyişiklik görməzsən». («Fatir» ayə 43).

Şəriət qanunları inkişaf qanunlarına uyğun olduğundan şəriət nizamında da ictimai və fərdi həyat həmin qanunlara riayətlə davam edir. Cəmiyyət o zaman həyatdan faydalanır ki, ilahi qanunlara uyğun hərəkət etsin. Çünki ilahi qanunlar inkişaf qanunları kimi cəmiyyətə həyat verir. «Ey iman gətirənlər, Peyğəmbər sizi dirildəcək haqqa də’vət edəndə Allahın və Onun peyğəmbərinin də’vətini qəbul edin». («Ənfal» 24).

Əgər cəmiyyət ilahi qanunlardan kənarlaşarsa, insani həyatdan məhrum olar. Həzrət Peyğəmbər (s) buyurur: «Dini qanunlardan imtina edib, kənarlaşan şəxs vəhy göndərişindən uzaqlaşmışdır». Bu şəxs heç vaxt dini həyatdan faydalanmayacaq. Dini həyatdan məhrum olan şəxs diri olmayacaq. Çünki yalnız ilahi və dini qanunlar insani cəmiyyətə həyat verir. Bu şəriət qanunları da inkişaf qanunları tək dəyişməzdir.

Evlənmədə məqsəd

İlahi qanunlardan hər birinin müəyyən faydası vardır. Bu faydanı həmin qanunun məqsədi kimi qəbul etmək olar. Evlənmə, nikah qanununun da diqqət ediləsi çox mühüm və müqəddəs məqsədləri var. Hansı ki, bə’ziləri evlənmənin məqsədini cinsi ehtiyacların tə’mini kimi başa düşürlər. Əslində isə nikahda bir çox məqsədlər vardır.

Birnci:  Paklıq

İnsanın təbii və fitri istəklərindən biri cinsi ehtiyacdır. Bu istəyin tə’mini üçün başqa hallarda olduğu kimi insanın öz həmnövünə ehtiyacı vardır. Bu istək ya qanuni nikah, evlənmə yolu ilə, ya da günah və azğınlıq yolu ilə ödənə bilər.

Allah-təala insanın fitri ehtiyaclarının ödənməsi üçün düzgün, şər’i yollar müəyyənləşdirib. Vaxtında Müqəddəs evlənmə hökmünü yerinə yetirməklə cəmiyyət müxtəlif pozğunluqlardan qorunur. Cəmiyyətin təmizliyi və paklığı üçün Qur’an bu hökmün yerinə yetirilməsini tə’kid edir: «Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməli-saleh kölə və cariyələrinizi evləndirin». («Nur» 32).

İslam Peyğəmbəri cəmiyyətin əxlaqının qorunmasında evlənmənin rolu barədə buyurur: «Evlənən şəxs dininin yarısını hifz etmiş olur, digər yarısı üçün isə təqva seçilməlidir». Başqa bir rəvayətdə isə buyurulur: «Allaha ibadətin yarısı evlənməklə tə’min edilir». («Bəhar» cild 100). Müstədərk»də deyilir: «Allaha pak ruhla ibadət etmək istəyən şəxs evlənməlidir. Evlənməklə paklıq əldə edilər».

Deməli, evlənmənin mühüm məqsədi fərdin və cəmiyyətin saflığını tə’min etməkdir.

İkinci:  Layiqli övlad tərbiyəsi

Dini mətnlərdə əsas yer tutan evlənmə məqsədlərindən biri saleh və layiqli övlad tərbiyəsidir. Bu ailənin ən böyük məs’uliyyəti hesab olunur. Bu işdə müvəffəqiyyət qazanmaq üçün isə böyük ilahi ne’mətlərdən faydalanmaq lazımdır.

Dini əsərlərdə evlənməyə rəğbətləndirilir ki, valideyn ilahi tərbiyəyə nail olsun. Evlənmədə məqsəd şəhvət alovunu söndürmək deyil və bu məqsəd heyvanlara məxsusdur. Qur’ani-kərim buyurur: «Qadınlar sizin tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin». («Bəqərə» surəsi ayə 223). Peyğəmbər (s) və onun Əhli-beyti də bunu tə’kid etmişlər.

İmam Sadiqdən (ə) rəvayət olunub ki, insanın səadəti layiqli övladdadır. («Vəsail» cild 15). Həzrət (ə) buyurur ki, layiqli övlad Allahın ata-anaya hədiyyə etdiyi güldür. («Vəsail» cild 15). Yenə nəql olunur ki, mö’min bəndənin yadigarı, mirası onun üçün bağışlanma istəyəcək layiqli övladdır. («Vəsail» cild 15). Buna əsasən demək olar ki, evlənmənin digər bir müqəddəs məqsədi layiqli övlad tərbiyəsidir. Bunu tə’kid edən ayə və rəvayətlərdən nümunələr göstərdik.

Üçüncü: Sakitliyin tə’mini

İnsanın maddi həyatı iş, sə’y, qarşılıqlı əlaqələr, yorğunluq, ruhi iztirablarla müşayət edilir. Qur’an buyurur: «Biz insanı məşəqqətdə yaratdıq». («Bələd» 4).

Allah-təalanın insanı iztirablardan qurtarmaq yollarından biri evlənmədir. Mehriban ailə mühiti, ər-arvadın xoş ünsiyyəti yorğunluğu aradan qaldırır, sakitlik, rahatlıq yaradır. Ailə ilə ünsiyyətdən duyulan rahatlıq heç bir yolla hasil olmur. Heç bir əlaqə, heç bir məhəbbət ər-arvad əlaqəsindən üstün deyil. Məhəbbət dolu ailə mühitindən məhrum olan insanlarda bədbinlik yaranır və bu hisslər iztiraba səbəb olur.

Bu səbəbdən sübhan Allahın evlənmə üçün müəyyən etdiyi mühüm bir hədəf ruhən sakitliyin tə’minidir. Qayda-qanunlara riayət etdikdə evlənmə rahatlığa səbəb olur. Qur’an buyurur: «Onlarla ünsiyyətdə olasınız deyə sizin üçün zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir». («Rum» 21)

Qeyd etdiyimiz üç məqsəd Qur’an və Əhli-beytin diqqət yetirdiyi evlənmə hədəfləridir. Əlbəttə ki, bu hədəflərə hər evlənmədə müvəffəq olunmur. Evlənmənin müqəddəs amallarına çatmaq üçün Allah-təala üsul və qaydalar tə’yin etmiş, zəruri göstərişlər vermişdir. Yalnız bu dini göstərişlərə əməl etməklə həmin üç hədəfi tə’min etmək olar. Ailə məsələləri və tərbiyə üsullarına əməl etməyən şəxs nə bu üç hədəfi, nə də layiqli övladı gözləyə bilməz.

İndi isə əsas ailə məsələsi və tərbiyə üsullarını araşdıracağıq.

Ailə əsasları

Ailə iki fiziki və iki mə’nəvi əsasa malikdir. Fiziki əsaslar bir-birinə bağlıdır. Bu iki əsası ər-arvad təşkil edir. İki mə’nəvi əsasdan biri məhəbbət, digəri isə bağışlamaq və güzəştə getməkdir. Birinci əsaslar ailənin qurluşunu təşkil edirsə, ikinci əsaslar ailə üçün ruh və can kimidir. Bir ailə bu iki ne’mətdən məhrum olarsa, heç bir əhəmiyyət daşımayan ruhsuz bədən olcaqdır.

İslam iki mə’nəvi əsasın varlığı üçün iki fiziki əsasın seçilməsində ölçülər tə’yin edib. Həyat yoldaşı bu ölçülər əsasında seçilmişdir. Bu halda ailə əsasları möhkəm olar və ailənin təşkili hədəfləri üçün şərait yaranar.

İslam kimsəyə gözübağlı, nəfs istəklərinə xatir ailə qurmağa icazə vermir. Çünki bu halda ailə nakam və səmərəsiz ola bilər. İnsana yol göstərilir və insan həvəsləndirilir ki, həyat yoldaşı seçilərkən dini ölçülərə lazımınca diqqət yetirilsin.

Haradan başlayaq?

Bu ölçülərə riayət olunarsa layiqli övlad tərbiyəsi üçün şərait yaranar. İslam insanın tərbiyəsi üçün xüsusi bir yaş qeyd etmir. Həyat yoldaşı seçilərkən övlad tərbiyəsi barədə düşünülməlidir. Övlad tərbiyəsində ata və ananın tə’siri nəzərə alındığından bu iki fiziki əsas üçün ölçülər müəyyənləşdirilmişdir. Belə olsa evlənmə ölçülər əsasında həyata keçər və tərbiyə üçün şərait yaranar. Demək, islam uşağın tərbiyəsinə anadan olandan sonra yox, həyat yoldaşı seçilən zaman başlayır.

Həyat yoldaşı seçimində ölçülər

İndi dini əsərlərdə həyat yoldaşı seçimi üçün müəyyənləşmiş ölçülərdən danışacağıq. Onlardan bə’zisi hər iki cinsə, bə’zisi isə ya təkcə qıza, ya da oğlana aiddir.

1-İman

Evlənmə mühüm və ömür boyu insana yoldaşlıq edən bağlılıqdır. Ər-arvad ailənin əsasıdırlar. Buna görə də həvəsbaz fərdlərlə ailə bünövrəsi qoymaq olmaz. Həyat yoldaşı seçərkən ən mühüm ölçü iman və təqvadır. Həmişəlik həyat yoldaşı iman nöqteyi-nəzərindən dəqiq qiymətləndirilməlidir. Arxayın olduqdan sonra evlənmək olar. Dinsiz adamlarla ailə qurmaqdan çəkinmək lazımdır. Rəvayətlərdə bu ölçüyə xüsusi diqqət yetirilib və günahkarlarla evlənmək qadağan olunub.

Həzrət Peyğəmbərdən (s) nəql olunub: «Dindar insanlarla ailə qurun». («Vəsail» cild 14). İmam Baqir (ə) buyurmuşdur: «Elçi gələnin dinindən razısınızsa, onunla bağlanın». Evlənmədə üstünlük və fəzilət ölçüsü iman və iffətdir.

«Ən yaxşı qadınlar doğumlu, mehriban və pak qadınlardır». («Vəsail» cild 14). Digər tərəfdən dinsiz şəxslə evlənmək qadağan olunur: «Şərab içən və günahkar adamla evlənən öz qohumluq əlaqələrini kəsir». («Kafi» cild 5). Həzrət Məhəmməddən (s) də bu səpkili hədislər nəql olunub.

2-Gözəl əxlaq

Evlənmə zamanı imandan əlavə əxlaq da nəzərə alınmalıdır. Gözəl əxlaqlı insanla bağlanmaq, alçaq, mənfur xasiyətlilərdən çəkinmək lazımdır. Çünki ünsiyyət yaranmasında, ailə əsaslarının möhkəmlənməsində gözəl əxlaqın rolu böyükdür. Əksinə, alçaq sifətlər ixtilaf yaradır, layiqli övlad tərbiyəsində ilahi yardımı kəsir. Ona görə də rəvayətlərdə iman şərt qoyulanda əxlaq da ölçü kimi göstərilir. Bu iki sifət bir-birindən ayrıdır. Ola bilər ki, e’tiqad nöqteyi nəzərindən mö’min və təqvalı olan bir şəxs gözəl əxlaqa malik olmasın. Söz yox ki, bəyənilməz əxlaq imanın zəifləməsindən doğur. Həqiqi mö’minin əxlaqı da gözəl olacaq. Əxlaq iman əslində ayrılır. Gözəl əxlaq barədə həzrət Peyğəmbərdən (s) nəql olunub ki, əxlaqından, dindarlığından razı olduğunuz adamlarla evlənin. («Vəsail» cild 14). Pis əxlaqlı şəxslə evlənmənin mümkünlüyü haqqında imam Rzadan (ə) sual olundu. Rəvayətə əsasən buyurub ki, beləsi ilə evlənməyin. («Vəsail» cild 14).

3-Ailədə əsil-nəsil məsələsi

Həyat yoldaşı seçilərkən digər bir me’yar onun əsil-nəsil məsələsidir. Təkcə bir nəfərin iman və əxlaqını öyrənməklə iş bitmir. Nəslin, alilənin övlada tə’sirini nəzərə almaqla bu məsələlərə də diqqət yetirilməlidir. Əsilli, təqvalı, əxlaqlı, şücaətli, səxavətli ailə ilə bağlanmaq lazımdır. Çünki yaxınların, valideynlərin xasiyyətləri genetik yolla, ünsiyyət yolu ilə övladlara keçir. Buna görə də həmin mövzu rəvayətlərdə nəzərə alınıb ki, həyat yoldaşı saf, gözəl xasiyyətli ailələrdən seçilsin. Qarşı tərəfin ailəsinin övlada tə’siri barədə həzrət Peyğəmbər (s) buyurub: «Həyat yoldaşı seçərkən onun ailə əslinə diqqətli olun, çünki sizin övladlarınızın xasiyyətlərində dayıları da şərikdir». («Vəsail» cild 14). Peyğəmbər (s) açıq-saçıq ailələrdə böyümüş gözəl qız və qadınlarla evlənməkdən çəkindirir. («Vəsail» cild 14).

4-Məhəbbət

Evlənərkən digər bir me’yar evlənənlərin bir-birinə meyli, məhəbbətidir. Bu me’yar ödəndikdə ailənin bünövrəsi möhkəm olur, ailə hadisələr qarşısında dözümlə dayanır.

Əgər oğlan və ya qızda evlənməyə meyl yoxdursa, ata-ana onu məcbur etməməlidir. Məcburi evlənmə e’tibarsız və dözümsüzdür. Təəssüf ki, bə’zi ailələrdə mövcud olan belə yanlış qayda yeni ailənin ruhsuzluğuna, bədbinliyinə səbəb olur. Nəticədə ya ömür boyu peşimanlıq hökm sürür, ya da qalmaqallar ailə ocağını dağıdır. Çünki məhəbbət olmayan yerdə ən kiçik nöqsan böyük bir ixtilafa çevrilir. Məhəbbət zor gücünə yaranmadığından kimsə ər-arvad arasında ülfəti bərpa edə bilmir. Rəvayətlərdə qeyd edilib ki, evlənmədə əsas ər-arvad arasındakı məhəbbətdir, başqalarının müdaxiləsi faydasızdır.

Bir şəxs imam Sadiqdən (ə) sual edir ki, mən bir nəfərlə evlənmək istəyirəm, amma atam başqa birini nəzərdə tutub. İmam buyurur: «Me’yar atanın yox, sənin istəyindir». («Kafi» cild 5). Başqa bir rəvayətdə imam Kazimdən (ə) rəvayət olunur ki, meylin olan adamla evlən. («Vəsail» cild 14). Ailə qurmaq üçün ən yaxşı qızlar ağıllı, kamallı, ədəbli qızlardır. Eləcə də evlənərkən meylin olsun!

5-Gözəllik

Həyat yoldaşı seçərkən me’yarlardan biri də gözəllikdir. Necə ki, Peyğəmbər (s) buyurur: «Mənim ümmətimin ən yaxşı qadınları onların ən gözəlidir ki, mehriyyəsi az olsun». («Vəsail» cild 14). Yenə buyurulur: «Xeyr və səadəti xeyirxahlar arasında axtarın». «Gözəl və dindar qadın insan səadətinin tə’minatçısıdır». («Bəhar» cild 23). «Səfinətül-bəhar» da nəql olunur ki, iti ağıllı və qara gözlü qadınlarla evlənin.

Əsil me’yar

Bəli, cismani gözəllik rəvayətlərdə me’yar kimi göstərilib. Lakin əsil me’yar tamam başqadır. Cismani gözəlliyə görə digər keyfiyyətləri nəzərdən qaçırmaq olmaz. Çünki gözəllik ailə əsası olan məhəbbəti yaratmağa qadir deyil. İmam Sadiq (ə) buyurur: «Bir fərdin gözəlliyinə görə onunla evlənən şəxsi Allah həmin me’yarın öhdəsinə buraxar [onun gözəlliyi bir vaxt gedəcək]. Amma dininə görə evlənərsə, ona gözəllik, var-dövlət əta olunacaq». («Vəsail» cild 14).

6-Maddi tə’minat

Həyat yoldaşı seçərkən nəzərə alınası me’yarlardan biri maddi tə’minat məsələsidir. Ər-arvadın uyğun olması haqqında imam Sadiq (ə) buyurur: «Uyğun olmaq budur ki, dindar və imanlı olsun». («Vəsail» cild 14).

Geriyə Mündəricat Növbəti