Geriyə | Mündəricat | Növbəti |
İnsan daim axtarışda olan bir varlıqdır. O, daim sə’y göstərir ki, cəhalətdən qurtulub, öz mə’lumatlarını artırsın. İnsan, xüsusi ilə də uşaq cəhalətdən əzab çəkir. Ona görə də həqiqətlərlə tanış olmaqdan ötrü ata-anasına, müəllimlərə və ətrafdakılara suallar verir. Çünki o öz iste’dadını, hünərini nümayiş etdirmək arzusundadır.
Uşağın ətrafındakılar onun suallarına cavab verməli, iste’dadlarının inkişafı üçün şərait yaratmalıdırlar. Onun suallarından yorulub, danlamaq olmaz. Əksinə, sə’y göstərib səbr və dözümlə uşağa sadə bir dildə, məntiqi cavablar vermək lazımdır. Yayınmaqdan, səhv cavablardan ehtiyatlı olmaq lazımdır. Əgər cavab tapılmırsa, bu e’tiraf olunmalıdır. Yalnış cavablar uşağın zehnini korlaya bilər. Onların iste’dad və bacarığını inkişaf etdirmək üçün onlara özünü nümayiş etdirməyə şərait yaradılmalıdır.
Ata və anaya, tərbiyəçilərə vacibdir ki, müsabiqələrlə, rəqabət yolu ilə uşaqları həvəsləndirsinlər. Sağlamlıq üçün idman növləri faydalıdır. Əl işləri iste’dadı artırır. Üzgüçlük, at çapmaq, atıcılıq, müsabiqələr iste’dadı üzə çıxarıb, fiziki və mə’nəvi sağlamlığı tə’min edir.
Ona görə də valideynlər bu məsələlərə e’tinasız yanaşmamalıdırlar. Öz qüvvələri daxilində övladlarının bacarığının artmasına sə’y göstərməlidirlər.
Dini əsərlərdə sağlamlıq üçün faydalı, eləcə də, insana nicat verən üzgüçülüyün tə’liminə lazımi diqqət yetirilib. Övladlarınıza müdafiə vasitəsi olan atıcılığı öyrədin. Həzrət Peyğəmbər (s) buyurur ki, övladlarınıza üzgüçülük və atıcılıq öyrədin. («Vəsail» cild 15).
Əlbəttə ki, elə bu iki növlə kifayətlənmək olmaz. Hər dövrün özünə uyğun idman növləri vardır. Amma yuxarıda zikr olunmuş həmin iki növ bütün dövrlər üçün aktualdır.
Demək, dini tərbiyə üsullarından biri istəklərə diqqət, suallara cavab verilməsi və iste’dadların ikişafı üçün şərait yaradılmasıdır. Cəmiyyət, xüsusilə də ata və ana bu məs’uliyyətlərini unutmamalıdırlar.
Bütün hadisələr kimi cəmiyyət də daim dəyişikliklərə mə’ruzdur. Adət-ən’ənələr, münasibətlər, mədəniyyətlər, sənət, texnika daim hərəkətdədirlər. Bu dəyişiklər sür’ətlə həyata keçir. Təqribən otuz ildən bir nəsil dəyişiklikləri ilə yanaşı adət-ən’ənələr, ictimai münasibətlər də sür’ətlə dəyişir. Növbəti nəsildən əvvəlki nəslin mədəniyyətini gözləmək olmaz və bu mədəniyyət yeni nəslə zorla qəbul etdirilməməlidir. Ona görə də ata-ana övladlarından öz uşaqlıq dövrələrinin adət-ən’ənəsini gözləməməlidir. Çünki artıq bir nəsil dəyişilmiş və yeni mühit yaranmışdır.
Gözləmək olmaz ki, övladlar valideynlər kimi geyinsin, onlar kimi bəzənsin, onlarla eyni ictimai münsibətdə olsunlar. Hər kəsin öz səliqəsi vardır. Valideynlər və tərbiyəçilər diqqətli olmalıdırlar ki, keçmişin mədəniyyətini gənclərə zorla qəbul etdirmək olmaz.
Bu məsələdə sübuta ehtiyac olmasa da, Əlidən (ə) bir rəvayətə müraciət edirik: «Ataların adət-ən’ənəsini övladlara qəbul etdirməyin. Çünki onlar sizinkindən fərqli bir dövr üçün yaradılmışdır.
Dinin öyrədilməsi diqqətediləsi tərbiyə məs’uliyyətlərindəndir. Əvvəlki hissələrdə deyildi ki, anadan olan uşağın sağ qulağına azan, sol qulağına iqamə deyilsin. Bu uşağı səthi də olsa, ilahi maariflə tanış etmək, qəlbində Allah eşqini cücərtmək üçündür.
Bu qayda uşağın inkişaf mərhələlərinə uyğun olaraq davam etməlidir. İnsan fiziki və mə’nəvi cəhətdən inkişaf etdikcə pillə-pillə ilahi hökmlərlə tanış olmalıdır. İmam Sadiqdən (ə) belə nəql olunur: «Uşaq üç yaşına çatdıqda ilahi maariflə tanış etdirilməlidir. Dörd yaşa yaxınlaşanda peyğəmbərlik maarifi ilə tanış olmalı, beş yaşa çatanda sağ əli soldan ayıra biləndə üzü qibləyə dayanıb səcdə etməli, altı yaşda namaz qılıb, rüku və səcdəni yerinə yetirməlidir. Yeddi yaşa çatmış uşağa dəstəmazın bə’zi qaydaları öyrədiləməli, xülasə, doqquz yaşda dəstəmaz və namaz tam tə’lim olunmalıdır». («Vəsail» cild 15).
Diqqət edirsinizmi ki, rəvayətdə dinin öyrədilməsinə necə əhəmiyyət verilir? Əlbəttə ki, bu iş ehtiyatla, tədricən, uşağı dindən soyutmadan həyata keçməlidir. Həvəsləndirməklə, asta-asta dini məfhumlar anladılmalıdır.
Digər bir rəvayətə görə yeddi il oyun, yeddi il Qur’an öyrədilməsi, yeddi il də halal və haramın tanıtdırılmasıdır. («Vəsail» cild 15).
Əlbəttə, rəvayət bu işdə vaxt qoymur, sadəcə işin tədricliyini nəzərə çatdırır. Məsələn, ilk yeddi ildə mümkündür ki, uşaq oynamaqla yanaşı dini biliklərə də yiyələnsin. İkinci yeddi ildə Qur’anı üzünə oxumaqla yanaşı dini elmlərdən də faydalanmaq olar. Qısası bu prosesin tədricən, pillə-pillə inkişafı nəzərdə tutulur.
Belə ki, Peyğəmbərdən (s) bir rəvayətdə buyurulur: «Övladını öpən şəxsə bir savab yazılar, övladını sevindirən şəxsi Allah-taala qiyamət günü sevindirər, övladına Qur’an öyrədən şəxsin qiyamətdə ata-anası çağırılar, onlara elə libaslar hədiyyə olunar ki, behişt əhlinin çöhrəsi işıqlanar». («Vəsail» cild 15).
Başqa bir rəvayətə görə Peyğəmbər (s) buyurub ki, övladlarınızı yeddi yaşında ikən namaza vadar edin. («Bəhar» cild 101).
Bu nöqtə həzrət Fatimənin (s) həyatından xatırlanılır ki, həzrət (s) öz övladlarının tərbiyəsində onların dini elmlərlə tanış olmasına nə qədər əhəmiyyət verib, hətta Qədr gecəsi uşaqları sübhədək oyaq saxlamağa çalışırdı.
Uşaqlara və gənclərə din öyrədilməsi olduqca əhəmiyyətlidir. İlahi maarifi hamıdan asan onlar qəbul edirlər. Ona görə də bu nəsil üçün büdrəmə qorxusu çoxdur. Bunun qarşısını almaq üçün tə’kid olunub ki, öz uşaqlarınıza və gənclərinizə sahib olun, nə qədər ki, azğınlar onların sorağına gəlməyib. («Vəsail» cild 15). Bunun səbəbini imam Əli (ə) belə bəyan edib: «Uşağın və cavanın qəlbi boş torpaq kimidir». («Vəsail» cild 15).
Boş torpağı dirildən onun sahibidir. Çalışın ki, uşaqlarınızın qəlbini dini elmlərlə dirildin, onların iman nurunu və fitrətini çiçəkləndirin. Belə olsa, günahdan qorunar, azğınların toruna düşməz.
Qur’ani-kərim ardıcıl olaraq ailə məsələləri, ailə əsasları, ailə hökmləri və əxlaqı haqqında söhbət açır. «Nur» surəsində paklıqdan, evlənmədən əvvəlki qorunmalardan danışılır. Ailə qurmaq göstərişi də bu surədə buyurulub. Eləcə də qadın və kişi baxışlarının naməhrəmdən qorunmasından söhbət gedir. Xanımların biganə nəzərlərdən çəkinməsindən danışılır. Ailə və cəmiyyətin iffətinə təcavüz edən günahkarların tənbehi qeyd edilir. İftira deməklə ailə hörmətini ləkələyənlərdən söhbət açılır. Qısası, bu surədə uşağın psixoloji sağlamlığının qorunması, ən kiçik qıcıqlandırıcı hallardan pəhriz olunması tapşırılır. Ona görə də demək olar ki, «Nur» surəsi ailənin qurulmasını nəzərdə tutur. Ailəyə toxunulmazlıq verən bu mövzu ilahi ayətlərdən bilinir. Surənin əvvəlində bu nöqtəyə işarə olunur ki, bunlar ilahi dəlillər və insanın tənbeh olma səbəbləridir.
Mübarək «Nur» surəsi ailə haqqında bir çox məsələlərə toxunub. Bunların bir hissəsi birbaşa tərbiyə üsulu haqqındadır. Buna görə də surənin 57-ci ayəsi ətrafında bir neçə mühüm tərbiyəvi məsələyə toxunuruq.
Tarixin təfsir etdiyi «dünənki» və bizim şahid olduğumuz «bu günkü» cəmiyyət insanı hörmətdən salmış, həya pərdəsini yırtmış, zahirən insani həyat, əslində isə heyvani bir həyat olmuşdur.
Dünənin abırsızlığı o yerə gedib çatmışdır ki, Allahdan xəbərsiz insan çılpaq şəkildə bayıra çıxır, hətta bu şəkildə Allah evinin təvafına gedirdi!
Bu günsə mədəni adlanan bir cəmiyyətdə həmin cahil mədəniyyət qiyafəsini dəyişərək üzə çıxmış, bəşəriyyətin əxlaq və hissiyatı məhv olmaq təhlükəsi ilə üzləşmişdir.
Bu gün elmi-texniki tərəqqinin nailiyyətləri sayəsində bütün cəmiyyətlər rabitə və mədəniyyət nöqteyi-nəzərindən bir ailə formasını almışdır. Allahdan, vəhydən xəbərsiz əxlaqsızlıq mədəniyyəti ciddi bir təhlükə olmuşdur. İlahi dəyərlər unudulmuş, onların yerini azğınlıq tutmuşdur.
Pozğun qərb mədəniyyəti nəzərincə hansı qəzet və jurnal əxlaqsızlığa daha çox yer verirsə, o qəzet, o jurnal ən böyük tirajla çap olunmalıdır. Hansı televiziya şəbəkəsi əxlaqsızlığı daha aşkar nümayiş etdirirsə, ətrafına daha çox tamaşaçı toplayacaq.
Bu gün peyk antenələri bir qüvvələrin ixtiyarındadır ki, insani dəyərləri nəzərə almadan ən qısa zamanda istədikləri filmi, səhnəni bütün cəmiyyətlərə nümayiş etdirirlər. Təhrikedici səhnələr əxlaqa zidd məsələni açıq-aşkar tə’lim edir. Bu həyasızlıq bir həddə çatıb ki, Allahın and içdiyi qələm bunları yazmağa xəcalət çəkir.
Siz əziz oxucular bu «mədəniyyəti» Qur’an və Əhli-beyt mədəniyyəti ilə müqayisə edin. Bir mədəniyyət ki, uşağın hüzurunda qızışdırıcı səhnələrə, əxlaqa zidd hərəkətlərə yol verilir, bu mədəniyyəti müqayisə edin. Qoy, islamla bu günkü mədəniyyətin fərqi aydınlaşsın. Əslində onlar müqayisə ediləsi deyil.
Hər halda bu məqsədlə mübarək «Nur» surəsindən qısaca zikr edək: «Ey iman gətirənlər, göstəriş verin ki, qulam və kənizləriniz, eləcə də yetkinlik yaşına çatmış övladlarınız gündə üç dəfə otağınıza daxil olmaq istəyəndə icazə alsınlar – biri sübh namazından əvvəl, ikincisi günorta, üçüncüsü şam namazından sonra. Çünki bu üç vaxt sizin istirahət vaxtınızdır və yataq paltarında olursunuz».
Bu üç vaxtda elə bir haldasınız ki, kimsənin bu halda sizi görməyi xoşagəlməzdir. İcazə alınmalıdır. Aydındır ki, bu üç vaxtın xüsusiyyəti yoxdur. Yə’ni istənilən vaxt sizin istirahət vaxtınız ola bilər və övladlarınız otağa icazəsiz daxil ola bilməzlər.
Bütün hallarda ata və ana yataq paltarı ilə övladlarına görünməməlidirlər. Qeyri-münasib geyimdə övladların hüzuruna çıxmaqdan ata da, ana da çəkinməlidirlər. Onların hüzurunda ən kiçik qızışdırıcı səhnəyə də icazə verilmir. İmam Sadiq (ə) buyurur: «Bu üç vaxt sizin istirahət vaxtınız olduğundan icazə alınmalıdır». («Vəsail» cild 14).
Qur’ani-kərim tərbiyə üsuluna o qədər əhəmiyyət verir ki, Qur’an ağuşunda böyüyən uşaqlar mə’nəviyyatca sağlam tərbiyə olunurlar. Qur’an psixoloji sağlamlığa diqqət olunmasını vacib bildirir.
Növbəti ayədə yetkin cavanlar haqqında buyurulur: «Onlar da sair yetkinlik yaşındakılar kimi daxil olanda icazə almalıdırlar». («Nur» 59). Qur’ani-kərimin ciddi əhəmiyyət verdiyi bu mühüm tərbiyə qaydası Qur’an bilicisi Əhli-beyt tərəfindən daha ətraflı şərh olunmuşdur. Onların bə’zilərini qeyd edirik.
İslamın ciddi göstərişlərindən, tərbiyə üsullarından biri budur ki, uşaq olan otaqda qadın və kişi yaxınlıq etməməlidirlər. Bu hərəkət uşağın talehini təhlükəyə salır. Olsun ki, bu əməl uşağı çaşqınlığa salar və heç zaman zehnindən silinməz. Diqqət edin: İmam Sadiqdən (ə) nəql olunur: «Heç kəsin haqqı yoxdur ki, uşaq olan otaqda yaxınlıq etsin. Çünki bu əməl uşağı azdırıb, günah və zinaya səbəb olar». («Vəsail» cild 14).
Yenə də həzrət Peyğəmbərdən (s) nəql olunur: «Bir şəxs uşağın oyaq olduğu otaqda yoldaşı ilə yaxınlıq etsə, uşaq onları görüb, nəfəslərini eşitsə, heç zaman doğru yol tutmaz. İstər bu uşaq oğlan olsun, istərsə də qız fərqi yoxdur». («Vəsail» cild 14).
Bu barədə rəvayət çox olsa da, onlardan yalnız ikisi ilə kifayətlənirik. Çünki bu tərbiyə üsulunun əhəmiyyəti həmin iki rəvayətdən yaxşıca anlaşılır. Ən əsası budur ki, cəmiyyət bu dəyərli üsula bağlanıb, ona riayət etsin.
Bu mövzuda digər əhəmiyytli bir məsələ cavan şəxsin yatması və oyanmasına diqqət etməkdir. Hətta həddi-büluğa (yetkinlik) çatmış, cinsi istəklər oyanmamış oğlanların və ya qızların çarpayısını ayırmaq göstərişi verilmişdir. On yaşından e’tibarən yataqlar ayrılmalıdır. Həzrət Peyğəmbərdən (s) belə nəql olunub: «Oğlanların, oğlan və qızın, eləcə də qızların yatağı on yaşından ayrılmalıdır». («Vəsail» cild 15).
İmam Sadiqdən (ə) digər bir rəvayətdə nəql olunub: «On yaşından e’tibarən uşaqların yatağı ayrılmalı, onlar bir yerdə yatmamalıdırlar». («Vəsail» cild 15).
Bu qayda böyüklərə də aiddir. Ata altı yaşından yuxarı qızı ilə bir çarpayıda yata bilməz. Ana isə on yaşdan yuxarı oğlu ilə birgə yatmamalıdır. İmam Sadiqdən (ə) altı yaşlı qız barədə soruşulanda buyurub: «O kişi çarpayısında yatmamalı, kişi onu öpməməlidir». («Bəhar» cild 101).
Yenə də həzrət (ə) buyurub ki, on yaşından e’tibarən oğlanlar və qadınlar ayrı olmalıdır. («Vəsail» cild 15).
Rəvayətdə bəyan edilmiş digər bir əsas atanın altı yaşlı qızı ilə təmasını pisləyir. Qız altı yaşına çatdıqda heç bir kişi ilə təmasda olmamalıdır. İmam Sadiqdən (ə) rəvayət olunur ki, qız altı yaşına çatdıqda heç bir kişi, hətta atası onu öpməməlidir. («Vəsail» cild 14). Oğlan uşağı yeddi yaşından e’tibarən heç bir qız və qadınla təmasda olmamalıdır. («Vəsail» cild 14).
Deyilənlər Peyğəmbər (s) Əhli-beytindən nəql olunmuş xüsusi diqqət haqqında göstərişlərdir. Əlbəttə ki, tərbiyə üsulu bu qədər yığcam deyil və biz bə’zi məqamlara toxuna bildik. Bu mövzunu tam əhatə etmək ayrıca bir tədqiqat işidir.
Bu hissədə deyilənlər: Həyat yoldaşı seçiləndə me’yarlar, evlənmədən məqsəd, ailə əxlaqı, ailə bünövrəsi, ər-arvad münasibətləri, doğulanadək və anadan olandan sonrakı tərbiyə üsulu. Bu hissədə evlənənin, ailə əxlaqının, tərbiyə üsulunun, əhəmiyyəti barəsində imkan qədərində danışıldı. Sevimli oxucular islam dininin ailə və övlad tərbiyəsinə nə qədər əhəmiyyət verdiyinə şahid oldular. Övlad tərbiyəsinə necə başlamağı öyrəndilər. Dini və əxlaqi məsələlərin necə pillə-pillə öyrədilməsi valideyn və tərbiyəçilərin nəzərinə çatdırıldı.
Bu hissədə sizə aydın oldu ki, islam uşaqların paklığına, psixoloji sağlamlığına nə qədər diqqət yetirir, hansı proqramları təqdim edir və necə tə’kid edir.
İndi özünüz fikirləşin, bütün bu deyilənlərə əməl olunarsa, uşaqlar və gənclər düşmən «mədəniyyətlərin» tə’siri altına düşərlərmi? Bu qaydalara əməl etmək biganələrin «mədəni» hücumları ilə mübarizə aparmaq deyilmi? Bu üsullara əməl olunması ailələri, övladları və cəmiyyəti təhlükələrdən qorumurmu?
Əgər doğrudan da dini göstərişlərə əməl olunması cəmiyyəti təhlükədən qurtarırsa, gəlin, bu göstərişlərə bağlanaq. Gəlin, evlənmə, ailə təşkili, ailə əxlaqını islami me’yarlar əsasında quraq. Gəlin, düşmənin hücumlarına qarşı cihad edək və bu cihad həmin qaydalara əməl etdikdə bəhrə verir. Gəlin, cəmiyyətimizi əxlaqsızlığa sürükləyən qərb və şərq mədəniyyətlərinə göz dikməyək.
Əgər uşaqlar yetkinlik yaşına çatanadək bu qaydalara əməl etsək, münasib fürsətdə evlənmə və ailə təşkilinin başlanğıc şərtlərini onlar üçün hazırlayırıq. Evlənmənin ilkin şərtlərini övlad üçün hazırlamaq valideynin və tərbiyəçinin vəzifəsidir. İmam Sadiq (ə) buyurur ki, atanın öhdəsində olan övlad hüquqlarından biri də onu yetkinlik yaşında evləndirməsidir. («Vəsail» cild 15).
Evlənmənin xərclərini azaltmaqla cəmiyyətimizin gənclərini yerbəyer edib, onları biganələrin mədəniyyət tələsindən qurtara bilərik. Gənclərin pozulmasının səbəbi uyğun məsələlərə biganəlik, tərbiyə gedişindəki səhlənkarlıqlarımızdır. Bə’zilərimiz övladlarımızı öz başına buraxır, onlara istədiyi kimi boy atan bitki kimi yanaşırıq. Sanki bunun bizim üçün heç bir fərqi yoxdur. Uşağın geyiminə, ayaqqabısına, papağına onun tərbiyəsindən daha çox diqqət yetiririk.
Hər halda bu zəruri üsul tanıtdırıldı. Mövzudan kənara çıxsaq da imkan daxilində ailə və tərbiyə məsələlərindən danışıldı. Ümid edirik ki, alimlər, qələm sahibləri, bu barədə məs’uliyyət hiss edən əzizlər daha yaxşı və daha artıq çalışacaq və bu mövzunun əhəmiyyəti cəmiyyətimiz üçün aydınlaşacaq. Bu gün və gələcəkdə cəmiyyətimizin başlıca məs’uliyyəti tərbiyə üsulları ilə tanışlıq və ona əməl olunmasıdır. Təəssüf ki, cəmiyyətimizin müxtəlif təbəqələri üçün bu mövzuda ədəbiyyatlar çox azdır. Ümid edirik ki, bu sahədə daha çox diqqət yetiriləcək.
İndi isə əsas söhbətimizə, kamillik nümunəsi olan bir xanımın – Fatimənin (s) həyatının bəyanına qayıdaq.
Qərb mədəniyyəti və qərbpərəstlər tərəfindən islama yönəlmiş ittihamlardan biri budur ki, islam qadını dörd divar arasında, hicab altında həbs edib, ictimai-siyasi hüquqlardan məhrum edir.
Bayağı qərb mədəniyyəti insanlar arasında azadlıq adı altında kök salıb, bütün qanun-qaydaları qadın azadlığına zidd bildirir. İslami cəmiyyəti iftira və istehza atəşinə tutub, dini qaydaları, adət-ən’ənələri insan mədəniyyətini və azadlığının düşməni e’lan edir. Nəhayət ardıcılları ilahi qanunlara tabe olan zəngin islam məktəbini bəşəriyyətin tərəqqisində əngəl hesab edir. Eləcə də, islami cəmiyyətin geri qalmasının səbəbi kimi onların mədəniyyətini, elm və sənətini, dini görüşlərini göstərir.
Bu qərbin islam və müsəlmanlara qarşı manevrələrindən biridir. Bu suala cavab verməzdən əvvəl uyğun ittihamların kökünü tapmaq gərəkdir. Belə olsa, bayağı qərb mədəniyyətinin iç üzü açılar. Aydın olar ki, islamın ictimai və siyasi fəaliyyətlər üçün qoyduğu qaydalar qadın üçün məhdudiyyət olmayıb, ona toxunulmazlıq bəxş edir.
İslam haqqında bu sayaq düşüncə tərzinin, ittihamların kökünü iki amildə axtarmaq olar. Birincisi, ideoloji məktəbi yaxından tanımadan həmin məktəbi onun ardıcılı olan ayrı-ayrı şəxslərin əqidəsinə görə qiymətləndirmək. Bir şəxsin əqidəsini ölçü götürmək ümumi məktəbə qarşı pis fikirlər və ittihamlar yaradır. Ona görə də bir dini, məzhəbi tanımaq üçün həmin məktəbin dünya görüşü və ideoloji əsaslarını tədiqiq etmək lazımdır. Dindara baxıb dini qiymətləndirmək səhv bir addımdır. Çünki bə’zi ardıcıllıq iddiasında olan şəxslər yalnız dildə, şüar səviyyəsində uyğun məktəbə bağlıdırlar. Bu addımların iddiaları əməlləri ilə uyğun gəlmir. Bə’ziləri də onlara baxıb məntiqsiz qərara gəlir, bütöv bir məktəb haqqında səhv fikir yürüdürlər. Müxtəlif dini cəmiyyətlərə nəzər salmaqla bu həqiqət hamı üçün aydınlaşır.
Bu gün bir şəxs xristianlığı öyrənmək istəyirsə, kilsə və kilsədə olanların təfəkkür tərzinə əsaslanmalıdır. Çünki kilsə təhrif olunmuş İncilə e’tiqad edirsə, həqiqi İsa dini ilə bu e’tiqad arasında xeyli məsafə vardır. Demək olar ki, məsihi ruhanilər ilahi dinlə rəqibdirlər. Çünki həqiqi dinin ölçüsü təkallahlıq olduğu halda, kilsə müqəddəs üçlüyə inanır və xalqı da bu e’tiqada çağırır. Kilsə məad, Behişt və Cəhənnəmi oyuncağa döndərib, müəyyən məbləğ almaqla günahkarların günahını guya bağışlayır! Əslində bu hərəkət dinlə oynamaqdır. Guya, Allah dininin ixtiyarı, Behişt və Cəhənnəm keşişin əlindədir. Özünüz deyin, bu yolla həqiqi İsa dininə qovuşmaq olarmı?!
Həmin bu kilsə Peyğəmbəri (s), həvariləri, yaxın tərəfdarları zülmlə vuruşmuş bir dini sazişçi, zülmü qəbul edən bir məslək kimi tanıtdırır və deyir: «Əgər bir üzünə zülm silləsi vurulsa, o biri üzünü çevir ki, birini də vursunlar». Əslində, kilsə istismarçı zalımların əlində bir vasitəyə dönmüşdür. Dini bütün ictimai-siyasi proseslərdən ayırmış kilsə «din siyasətdən ayrıdır.» şüarını irəli sürür. Bu tərzdə ilahi din təqdim ola bilərmi?!
Yəhudilikdə də eyni problemlər mövcuddur. Asimani kitablara görə Bəni-israil yolu təhrif olunmuş, dünyapərəstlik onları din alverinə vadar etmişdir. «Vay olsun o kəslərə ki, öz əlləri ilə yazdıqlarını Allaha aid etsinlər, ucuz satsınlar. Vay olsun onlara o yazılardan, ələ gətirdiklərindən». («Bəqərə» 79).
Onlar səmavi kitab olan Tövratı təhrif etməklə ilahi dinə bir çox iftira və böhtanlar qoşdular. Hətta bəşəriyyətə ağalığı öhdəsinə götürmüş sionistlər zülm və təcavüzü özlərinə bayraq etdilər. Həmin bu insanlar Musa (ə) dinindən dəm vururlar, hansı ki, Musa zülm və zalımlara, Fir’on və fir’onlara qarşı mübarizə simvoludur. Bu günkü yəhudi və sionistlərin yolu ilə həzrət Musa (s) dininə yetişmək olarmı?! Həmin sionist ki, zülm və sitəm simvoludur. Ona görə də bir dəstə adamın e’tiqadi din məktəbini tanımaq üçün yol ola bilməz və olmamalıdır. Bir dini tanımaq üçün onun təhrif olunmamış səmavi kitabı əsil ölçü və me’yardır.
Geriyə | Mündəricat | Növbəti |