Geriyə Mündəricat Növbət

DÜŞMƏN QARŞISINDA MÜQAVİMƏT

İmam Hüseyn (ə)-ın və dostlarının bu meydanda şücaət və müqavimətləri düşmənin öz gücünü artırmasına və nəhayət ayın 7-də su yollarını bağlamasına səbəb oldu. Bir neçə dəfə İmam, dostları su gətirsələr də şücaət və şəhadət günü olan Aşuraya qədər bu vəziyyət davam etdi. Suyun olmaması üç gün Kərbəlanın isti və quru çölündə Hüseyn (ə)-ın xeymələri qarşısında əsas problemlərdən biri olmuşdur.

Bu fəsildə bütün çətinliklərə baxmayaraq İmamın əhli-əyalının, uşaqların və xeymələrin idarəsini öhdəsinə götürmüş həzrət Zeynəb (s) bu məsələnin həllində tədbir və isar ilə uşaqları sakitləşdirmək üçün çalışmalı və düşmənin bu alçaqlığı qarşısında zəiflik və zillət büruzə verməməli idi.

TASUA GÜNÜ

Tasua doqquzuncu gün deməkdir. Şiə lüğətində Məhərrəm ayının doqquzuna Tasua deyilir. Tasua, imam Sadiq (ə)-ın sözünə əsasən imam Hüseyn (ə) və səhabələrinin Kərbəlada mühasirəyə düşdüyü gündür.

Əhli-beyt düşərgəsinin mühasirəyə düşməsi ilə vəziyyət daha da ağırlaşdı, hər növ kömək və qüvvə çatdırılması qeyri-mümkün oldu.

Kufə şəhərindən, Ubeydullah ibni Ziyaddan Ömər Sə`də rəsmi bir məktub çatdı. Məktub tezliklə qiyamçılara təzyiq göstərmək əmrindən ibarət idi. Bu məktubun ardınca Tasua günü, günortadan sonra Ömər Sə`d rəsmən hücum fərmanı verdi. Bu zaman İmam xeyməsinin qabağında qılınc əlində, başını qollarına qoyub yuxuya getmişdi.

Düşmənin hərəkətini görüb, səslərini eşidən Zeynəb qardaşının yanına gəlir: «Qardaş, düşmən ordusunun səsini eşitmirsən? Onlar artıq yaxınlaşıblar.» İmam Hüseyn (ə) başını qaldırıb deyir: «İndicə Peyğəmbəri yuxuda gördüm. O, mənə deyirdi ki, sən bizim yanımıza gələcəksən.»

Zeynəb bunu eşitcək ağlamağa başladı, İmam isə buyurdu: «Sakit ol bacı, Allah sənə rəhm etsin.»

Bu zaman İmam üzünü bayraqdarı və qəhrəman əsgəri Əbbasa tərəf tutub buyurdu: «Canım sənə qurban, düşmənlə görüş, gör nə istəyirlər.»

Əbbas, Züheyr və Həbib ibni Məzahir olmaqla iyirmi nəfərdən ibarət dəstəylə düşmənin yanına gəldi. Onların vuruşmaq niyyətində olduqlarını bildikdən sonra isə, qardaşının yanına qayıdıb əhvalatı danışdı.

İmam buyurdu: Onlara deyin bu gecəni möhlət versinlər ki, namaz, dua və tövbə ilə məşğul olaq. Allah şahiddir ki, mən namaz və Qur`anı, dua və tövbəni çox sevirəm.

Beləliklə Aşura gecəsini düşməndən möhlət alıb, dua, namaz və zikr ilə özlərini mə`bud və mə`şuqlarının görüşlərinə hazırlayırdılar.

Bəli, Aşura gecəsi İmam və dostları üçün son fürsət idi. Tarix bu gecə haqqında gözəl və parlaq səhnələr nəql etmişdi.

AŞURA GECƏSİNDƏ ZEYNƏB ŞƏFQƏTİ

Aşura gecəsi son gecədir ki, İmamın mübarək vücudu Əhli-beyt xeymələrinə nur saçır. O gecə hamı öz ilahi vəzifəsi ilə məşğul idi. Bir hərəkat rəhbəri kimi, imam Hüseyn (ə)-ın məs`uliyyəti hamıdan ağırdır. Ondan sonra isə, həzrət Zeynəb (s) İmamın vəfalı bacısı bu ağır və məs`uliyyətli vəzifəni öhdəsinə götürmüşdü.

Təsəvvür etmirik ki, bu əzəmətdə ruh və bu əhəmiyyətdə vəzifəsi olan Zeynəbin, belə bir həssas zamanda gözünə yuxu getmiş ola.

İmam Səccad (ə)-ın canını qorumaq, ona tibbi yardım göstərmək Aşura gecəsi və ondan sonra Zeynəbin ən böyük vəzifəsi idi. Bu köməklərdən bə`ziləri imam Səccaddan nəql olunmuşdur.

Zeynəb düşmənin cinayət və zülmləri qarşısında imamət keşikçisidir. İmamət xətti həzrəti imam Səccad (ə) vasitəsi ilə davam etməli idi. Və bəlkə elə ona görə də Allahın məsləhəti ilə xəstələnmişdi. Düşmən istər Aşura günü, istərsə də ondan sonrakı mərhələlərdə dəfələrlə imam Səccad (ə)-ın canına qəsd etməyə cəhd göstərmişdi, lakin hər dəfə də Zeynəbin amansız təzyiq və e`tirazlarına məruz qalmışdı.

ZEYNƏB BƏNİ-HAŞİM MÜDRİKİ

Əli və Fatimə məktəbində, Həsən və Hüseyn yanında böyümüş Zeynəb, həyatın mə`nasını, insani təkamülü yaxşıca dərk edir və könül verdiyi bu yolda hərəkət edirdi. Elə ona görə də, keçdiyi məqsəd yolunda əsla tərəddüd etmədən, özünə məxsus əzəmət və vüqarı ilə diqqəti cəlb edir.

O böyük və tə`sirli hadisələrdə hissiyata qapılıb, duyğularının tə`siri altına düşmür və öz mühüm vəzifəsini unutmurdu. O, ən isti məhəbbət duyğularına malik olmaqla yanaşı, həm də müdrik bir insandır. Yə`ni qadın və qadına məxsus insani hisslərə malik olmasına baxmayaraq, bütün acı və dərdli səhnələrdə aqilanə mövqe tutur və vəzifəsinin icrasını unutmur. Bu xüsusiyyət, Zeynəbə öz yolunu sonacan davam etdirməkdə, Kərbəla şəhidlərinin qanlarını səmərəyə yetirmək və Aşura hərəkatının əsil ideya və məqsədlərini hamıya çatdırmaqda kömək edirdi. Bu məqamı Kərbəlada və ondan sonrakı dövrdə baş verən bütün hadisələrdə müşahidə etmək olur.

ZEYNƏBİ ÜZƏN XƏBƏR

İmam Səccad (ə) buyurur: Atam şəhid olan günün gecəsi mən xəstə idim. Bibim Zeynəb mənimlə məşğul idi. Atam öz xeyməsinə getdi. Əbuzərin azad etdiyi qul Con onun yanında qılıncını tə`mir edirdi. Atam neçə dəfə bu şe`ri oxuyurdu:

Ya dəhru uffin ləkə min xəlil

Kəm ləkə bil işraqi vəl əsil

Min sahibin və talibin qətil

Vəd-dəhru la yəqnəu bil bədil

Və innəməl əmru iləl cəlil

Və kullu həyyin salikun səbil

«Ey ruzigar bezmişəm səndən. Sən nə pis dostsan! nə vaxtacan səhər və axşam qanına qəltan olmuş (insan) arzu edəcəksən? Ruzigar heç kimi başqasının yerinə qəbul etmir. ölüm Allahın əlindədir və hamı ölüm yolu keçəcəkdir.»

Atamın bu şe`rləri oxumaqdan məqsədini anladım. Məni ağlamaq tutdu, amma sükut etdim və bildim ki, bəla və müsibət gəlmişdir. Lakin, bunları eşidən bibim özünü saxlaya bilmədi. Pərişan halda atamın yanına gəlib dedi: «Kaş ölüm gəlib, mənim həyatıma son qoyaydı. Bu gün anam Fatimə, atam Əli və qardaşım Həsən dünyadan getdikləri gün kimidir. Ey qardaş! Ey gedənlərin canişini və qalanların pənahı!»

İmam Hüseyn (ə) Zeynəbə baxıb buyurdu: «Əziz bacım! Sə`y et ki, Şeytan səbrini əlindən almasın.»

Sonra isə gözləri dolmuş halda bu məsəli dedi: «Əgər ovçu Qəta quşunu rahat qoysaydı, yuvasında yatardı.» (Yə`ni düşmən bizdən əl çəkməyəcək.)

Sonra bibim dilləndi: «Bizi daha çox ağrıdan odur ki, sənin üçün çıxış yolu olmaya və çarəsiz ölüm şərbətini içəsən.» Bunu deyəndən sonra o, huşunu itirib yerə yıxıldı.

SEYYÜDÜŞ-ŞÜHƏDA MÜSİBƏTİNİN ƏZƏMƏTİ

Hzərət Zeynəbin taqətsizliyi və huşdan getməsi, onun imam Hüseyn (ə)-a olan sonsuz məhəbbəti və habelə seyyüdüş-şühəda müsibətinin əzəmət və böyüklüyündən xəbər verir. Bu əzəmət və böyüklük Allah kəlamı olan «Aşura ziyarətində də aydın nəzərə çarpır.»

«Ya Əba Əbdillah, ləqəd əzumətir-rəziyyətu. Vəcəllət və əzumətil musəbtu bikə ələyna və əla cəmii əhlil islami vəcəllət və əzumət musibətukə fissəmavati əla cəmii əhlis-səmavat».

«Ey Əba Əbdillah! Həqiqətən sənin müsibətin böyük müsibətdir. Sənin müsibətin bizə və bütün islam əhlinə böyük və əzəmətlidir.»

Sənin müsibətin göylərdə bütün səmavi mövcudlara da böyük və əzəmətlidir.

Həzrət imam Hüseyn (ə)-ın müsibətinin əzəmət və böyüklüyünü imam Zaman (ə)-ın müqəddəs nahiyə ziyarətindəki yanıqlı sözlərindən də başa düşmək olar. O, seyyidüş-şühədaya xitabən deyir: «Baxmayaraq ki, dövran bizi ayrı saldı və Allahın təqdiri məni sənə kömək etməyə qoymadı. Mən o vaxt olmadım ki, səninlə döyüşənlərlə döyüşüb, sənin döüşmənlərinlə düşmənçilik edəm. Amma, sənin müsibətlərin üçün təəssüf və həsrətlə gecə-gündüz ağlaram. (Və əgər gözlərimin yaşı qurusa) sənin üçün yaş yerinə qan ağlaram, qəm və qüssənin şiddətində can verənədək!»

İmam Hüseyn (ə)-ın şəhadətinin ağırlığı imam Rza (ə)-ın kəlamında da əks olunmuşdur.

«Ləqəd bəkətis-səmavatis-səb`i vəl ərəzunə liqətlihi».

«Seyyidüş-şühəda (ə)-ın şəhadətində yeddi asiman və yerlər ağladılar.»

Həmçinin buyurur:

«Ləmma qutilə cəddiyəl Husəyn əmtərət-tisəmau dəmən və turəbən əhmərə».

«Cəddim Hüseyn ölən zaman səmadan qan və qırmızı torpaq yağdı.» Əcəba! Bu nə müsibətdir ki, yer və göyləri, cin və mələkləri, aləmin bütün mövcudatını matəmə qərq etdi!

Zeynəbin böyük qəlbi isə əzəmət və təntənə ilə bu müsibətlərə tamaşa edir və öz təmkini ilə hamını heyrətə salır.

Bəli, Zeynəb ruhu kimi əzəmət və cəlallı bir ruh, Zeynəb qədəmləri kimi möhkəm qədəm, Zeynəb qəlbi kimi böyük qəlb və Zeynəb ürəyi kimi geniş ürək lazımdır ki, bütün bu müsibətli yolları qət edib axıracan hərəkət etsin.

İMAMIN ZEYNƏBƏ TÖVSİYƏLƏRİ

Gördük ki, imam Hüseyn (ə)-ın acı şəhadət xəbəri Zeynəbə necə tə`sir etdi. Bu xəbər o qədər ağır idi ki, onun taqətini alıb bihuş edərək yerə yıxdı.

İmam Səccad (ə) buyurur: «Atam Hüseyn bibimin üzünə su səpib ayıltdı və buyurdu: Ey bacım! Təqvanı uca tut, səbirli ol! Bil ki, bütün yer və göy sakinləri öləcəklər və Allah-təalanın müqəddəs zatından başqa hər şey fani olacaqdır. Babam, atam, anam və qardaşım məndən üstün idilər, lakin onlar da getdilər. Hər bir müsəlman Peyğəmbərə iqtida edib, onu özü üçün nümunə bilməlidir. Bacı səni and verirəm və istəyirəm ki, bu andıma əməl edəsən: Olmasın ki, mənim müsibətimdə üz və yaxanı cırasan və ya mənim şəhadətimdə ucadan nalə və fəqan edəsən.»

İmam Səccad (ə) buyurur: Atam bu tövsiyələrdən sonra bibimi mənim yanımda oturtdu:

Zeynəbin vəhy və vilayət evində tərbiyə olmasına baxmayaraq, qardaşı və imamının dilindən eşitdiyi tövsiyələr onda dərin tə`sir qoydu. Zeynəbin ruhunu daha müqavimətli, qamətini daha mətin, müsibətlər qarşısında iradəsini daha möhkəm etdi və həqiqətdə ona böyük iman bəxş etdi.

ZEYNƏBDƏN ÖYRƏNİLƏSİ DƏRS

Tarix göstərir ki, Zeynəb zəmanə imamının göstəriş və tövsiyələrinə sözsüz əməl edirdi. Bu qısa cümələlər onun lətif və möhkəm ruhunda elə ciddi tə`sir buraxdı ki, nəinki təkcə heç bir müsibət qarşısında sarsılıb şikayət etmədi, hətta dağ kimi, dağdan da möhkəm müqavimətlə mübarizəni davam etdirdi. Baxmayaraq ki, onun dağlı sinəsinə oturan hər təzə dərd, müsibətlərinə əlavə olan hər yeni müsibət güc və taqətini əlindən alırdı, lakin Zeynəb var qüvvəsi ilə çalışırdı ki, bu müsibətlər onu əldən salmasın, bu saysız-hesabsız dərd-bəlalar onu mühüm vəzifəsinin icrasından saxlamasın.

O, qiyamın hədəf və məqsədlərini çatdırmaq barədə öz imamının tövsiyələrinə əməl etməklə sübut etdi ki, həqiqi mö`min kimi dağdan möhkəmdir, zillət və müsibətlərə boyun əyməz. Bəli, Zeynəbin tükənməz müsibət dalğaları qarşısında səbr və yenilməzliyi, əbədi olaraq onun adını ilahi vəzifənin icrası yolunda səbr və yenilməzlik simvoluna çevirdi.

Şəhid və yaralıların anaları, onların həyat yoldaşları Zeynəbi-Kubranın hərəkət yollarını diqqətlə izləməklə öz mühüm vəzifələrindən agah olmalıdırlar. Onlar müsibət və çətinliklər qarşısında ən gözəl və nümunəvi səbr nümayiş etdirərək Zeynəbdən dərs alıb özlərini onun məktəbinin davamçısı bilsinlər və Allah yolunda olan bütün çətinlikləri Zeynəb kimi asan və gözəl hesab etsinlər.

GECƏNİN QARANLIĞINDA

Aşura və Aşura gecəsinin əzəməti demək, eşitmək, oxumaq-yazmaqla dərk olunası deyil. Onun zirvəsinə fikir çatmaz. Ürək bu əzəməti dərk etməyə acizdir.

O gecə və o günün əzəmətini Aşuraçılar dərk edərlər. Onlar ki, Hüseyn və Allahına iman gətirmiş və onun üçün can vermək intizarında onları sayırdılar. Onlar ki, Büreyr və Əbdürrəhman kimi Aşura gecəsinin son saatlarında çox şad idilər. Onlar ki, Aşura gecəsi sübhəcən dua, münacat və istiğfarla məşğul idilər. Onların razi-niyaz səsləri arı pətəklərinin səsləri kimi fəzanı doldurmuşdu. Hərəkatın rəhbərliyi və ən ağır məşğuliyyətlər çiyininə düşmüş imam Hüseyn (ə) o gecənin qaranlığında xeymələrdən uzaqlaşır. İmamın dostlarından Nafe` ibni Hilal adlı birisi özünü imama çatdırıb onun bu qeyri adi hərəkətindən narahat olduğunu bildirir. İmam cavabında buyurur: «Gəlmişəm xeymələrin ətrafının alçaq-hündürlüyünə baxam. Olmaya, orada bir pusqu ola, düşmən oradan hücum edə və ya müdafiə oluna.»

Sonra imam Nafe`nin əlini ovcunda tutduğu halda buyurdu: Bu gecə həmin və`d olunmuş gecədir, labüd bir və`d!

Sonra imam uzaqdan görünən iki daşı ona göstərib buyurdu: Bu gecənin qaranlığında özünü xilas etmək üçün bu iki daşın arsından qaçmaq istəmirsən?

Nafe` bu sözləri eşidən kimi özünü imamın ayaqlarına salıb dedi: Anam matəmimdə otursun! Mən qılınc və atımı, hərəsini min dirhəmə almışam. Məni sənin vücudunun ne`məti ilə bəhrələndirən Allaha and olsun, onlar durduqca səndən ayrılan deyiləm.

ZEYNƏBİN İMAMLA SÖHBƏTİ

Həzrət ətrafı yoxladıqdan sonra xeymələrə tərəf qayıdıb bacısının xeyməsinə girir. Nafe` deyir: «Mən xeymənin çölündə durmuşdum. Eşitdim ki, Zeynəb İmama belə deyirdi: Qardaşım dostlarını sınamısanmı? Olmaya çətinlikdə səni tək qoyalar? Həzrət, Zeynəbin cavabında belə buyurdu: Allaha and olsun, onları sınadım, onlar hamısı şücaətli, dilavər və möhkəmdirlər. Onların mənim yolumda ölümə olan həvəsləri südəmər uşağın öz anasının sinəsinə olan həvəsi kimidir.

Nafe` deyir: Bu söhbəti eşitdim və ağlamaq boğazımı tutdu. Həbib ibni Məzahirin yanına gəlib eşitdiyimi ona söylədim. Həbib dedi: And olsun Allaha, əgər İmamın hücum fərmanını gözləməsəydik elə bu gecə düşmənə hücum edərdik.

Nafe` deyir: Həbibə təklif etdim ki, indi imam bacısı Zeynəbin xeyməsindədir. Bəlkə qadın və uşaqlar da oradadırlar. Yaxşı olar ki, sən bir az adam götürüb onların xeyməsinə get və öz vəfadarlığınızı bildir ki, onlar da rahat və arxayın olsunlar. Həbib uca səslə İmamın dostlarını səslədi. Hamısı xeymələrdən çıxdılar. Həbib Bəni-haşimdən olanları xeymələrə qaytarıb, əhvalatı danışdı. Bütün səhabələr öz hazırlıqlarını e`lan etdilər. Həbib dedi: Gəlin, xanımların xeyməsinə gedib, onları arxayın edək. Xeymələrə çatanda isə, Həbib Bəni-haşim qadınlarına xitabən dedi: Ey Peyğəmbər qızları və ey Allah Rəsulunun hərəmi! Bunlar sizin fədakar cavanlarınız, bu da onların parıldayan qılınclarıdır. Hamısı and içiblər ki, bu qılınclar sizin düşmənlərinizin boynundan başqa qına salmasınlar. Bu iti və uca nizələr də sizin qullarınızın ixtiyarındadır. Onlar da and içiblər ki, onları sizin düşmənlərinizdən başqa bir yerə sancmasınlar. Bu vaxt hərəm xanımlarından biri onlara cavab verdi: «Ey pak və mərd insanlar! Peyğəmbər qızlarını və Əmirəl-mö`minin ailəsinin qadınlarını müdafiə edin.» Bu söz səhabələrin qulağına dəyən kimi hamısı uca səslə ağlayıb, hərəsi öz xeymələrinə qayıtdılar.

Zeynəb imam Hüseyn (ə)-ın dostları barəsində ona verdiyi arxayınlığı Aşura günü müşahidə etdi. Zeynəb gördü ki, onlar öz imamlarının qarşısında şəhid olmaq üçün bir-birindən qabağa düşmək üçün çalışırdılar. Gördü nə qədər ki, onların bir nəfəri belə sağdı, qardaşına heç bir zərər dəymir və gördü ki, yarım gün ərzində Əhli-beyt (ə) və şiə məzlumiyyəti tarixinin əsla unudulmayacaq qanlı səhifəsi yaşandı.

SÜBH AÇILIR

Aşura gecəsi özünün son anlarını yaşayırdı. Bir gecə ki, İmam və dostları üçün Allah münacatı və mənəviyyatla yanaşı Allaha qovuşmaq və dost görüşünün asudə və rahatlığı, sevinc və şadlığı ilə dolmuşdu. Bir gecə ki, Ömər Sə`d və əsgərləri üçün iztirab, həyacan və nigaranlıq gətirmişdi. Sabah Peyğəmbər övladı ilə vuruşmaq lazımdırmı? Doğrudanmı imamı və onun dostlarını qətlə yetirməliyik? Bəs Allaha nə cavab verəcəyik? Görəsən Yezid, İbni Ziyad başqa Əməvi hökumət başçıları öz və`dlərinə əməl edəcəklərmi?

Hər iki cəbhə gecəni oyaq qaldı. Bir cəbhə sevinc, şadlıq və şəhadət eşqindən, o biri cəbhə isə qorxu, iztirab və həyacandan yata bilmirdi.

Nəhayət sübh açıldı və imamın səhabələri bütün vücudlarıyla Allah düşmənləri ilə qarşılaşmaq üçün özlərini hazırladılar.

Əba Əbdillah səhabələrinin gecə yatmaq və istirahət əvəzinə namaz və Qur`an, Allaha istiğfar və münacatla keçirmələrinə baxmayaraq, onların cismi və fiziki gücü azalmamış, eşq onlara yeni güc və qüvvə bəxş etmişdi. Allah, Allah yolunda və Allahın Höccəti, zamanın imamı həzrət Hüseyn (ə)-ın qarşısında şəhadətə olan eşq!

EŞQ NAMAZI

İmam və səhabələr sübhi camaat namazı və Allah dərgahına dua və münacatla başlayırlar. Bu namaz çoxları üçün son namaz olacaqdır: Eşq və vida namazı.

Canlarını Allah yolunda qurban etməyə hazırlaşan bu ilahi insanların və xalis Allah bəndələrinin bərpa etdiyi camaat namazının əzəmət və cəlalı yeri-göyü doldurmuşdu.

İndiyə qədər heç bir səhabə üçün belə me`rac nəsib olmamışdı. nə gözəldir Aşura gününün Kərbəla çölündəki sübh namazı: İmamı Seyyüdüş-şühəda, mə`mumları isə onun vəfalı dostları, imam Hüseyn (ə) Aşura gecəsində belə buyurmuşdu:

«Fəinni la ə`ləmu əshabən ovfa vəla xəyrən min əshabi».

«Mən öz səhabələrimdən yaxşı və vəfalı səhabələr tanımıram.»

İMAMIN SÖZÜ

Camaat namazı sona çatdı. İmam namaz qılanlara üz tutub, Allaha həmd-səna edərək buyurdu: «Allah mənim və sizin ölümünüzü bu gün üçün imza etmişdir».

«Ey kəramətli və böyük insanların övladları! Səbr edin. ölüm, sizi çətinliklərdən qurtarıb, geniş və əbədi behiştlərə çatdıran bir körpüdən başqa bir şey deyildir. Bəs sizin hansı biriniz zindandan qəsrə getmək istəmir? Bu ölüm sizin düşmənləriniz üçün isə qəsirlərdən zindan və işgəncələrə getmək deməkdir. Atam, Peyğəmbərdən nəql edirdi ki, o həzrət buyurub: «Dünya mö`minin zindanı, kafirin öz cəhənnəmlərinə tərəf körpüləridir. nə yalan eşitmişəm və nə də yalan deyirəm».

Geriyə Mündəricat Növbət