Geriyə Mündəricat Növbət

ZEYNƏBİN İMAMI SAKİTLƏŞDİRƏN SÖZLƏRİ

Ümmü-Əymən çox möhtərəm bir qadındır. Zahirən Xədicəyə kənizlik eləmiş, sonralar isə, azad buraxılaraq Peyğəmbərin evində o həzrətin hörmət etdiyi şəxslərdən olmuşdur. O, bir kəsdir ki, Peyğəmbərdən hədis rəvayət edir. Bu qadın uzun illər Peyğəmbərin evində idi. Peyğəmbərdən Zeynəbə bir rəvayət etmişdi.

Bu rəvayət ailəlik, yə`ni bu ailənin gələcəkdəki talehinə aid olduğu üçün, Zeynəb onun doğruluğuna əmin olmaqdan ötrü Əli (ə)-ın ömrünün sonlarında atasının yanına gəldi: Ey ata, mən Ümmi-Əyməndən bu cür bir hədis eşitmişəm, istəyirəm bir dəfə də sizdən eşidəm, görüm elədir, ya yox? Hamısını danışdı. Atası təsdiq edib buyurdu: Ümmü Əymən düz deyib, elədir. Zeynəb o şəraitdə bu hədisi imam Zeynəlabidin üçün nəql edir. Bu hədis də gəlmişdir ki, bu hadisənin bir fəlsəfəsi vardır. Olmaya, bu şəraitdə xəyal edəsiz ki, Hüseyn öldürülüb, aradan getdi. Qardaşoğlu! Babamızdan belə rəvayət olunmuşdur ki, Hüseyn (ə) indi onun cəsədini gördüyün yerdə kəfənsiz dəfn olunacaq və bura – Hüseynin qəbri təvaf yeri olacaqdır.

Kələcəkdə buranın pak müxlis insanların Kə`bəsi olacağını Zeynəb imam Zeynəlabidin (ə) üçün rəvayət edir.

Zeynəbi-Kubranın babasından sonra ona çatmış xəbər gerçəkləşdi. Seyyidüş-şühədanın pak məqbərəsi tarix boyu Allah eşqi və Allah yolunda cihadın cilvələndiyi məkana çevrildi. Mö`minlər, azad insanlar və ədalət aşiqləri Hüseynin kə`bəsinin dövrəsini təvaf etməklə düzgün yaşayış üsulunu o Həzrətdən ilham alırlar.

4-CÜ FƏSİL

TƏBLİĞAT KARVANINDA

Təbliğat karvanında

Kufəyə doğru

Kufə və kufəlilər

Minbər üzərində

İbni Ziyadın sarayında

Zeynəb məktəbindən dərslər

İmamın əzəməti

Gözəl baxış

İmamı xilas etmək

Şama doğru

Yezidin qarşısında

Əbədiyyat danışığı

Qorxmazlıq zirvəsində

Zeynəbin sözlərinə bir neçə işarə

Qar qovluq və murdarlığın kökləri

Allah və şeytan dəstələri

Hicab və iffətin qiyməti

Düzgün fikir

Zeynəb-Kubra və başqa bir vəzifə

Bundan sonra Kərbəla tarixi və Zeynəbin davranışında təzə bir səhifə açılır. İndi Zeynəb, rəhbəri Seyyidüş-şühəda (ə) və himayəçiləri Əbbas, Əliəkbər, Bəni Haşimin və imam Hüseyn (ə)-ın vəfalı səhabələri olan karvana başçıdır. Həmin kişilər ki, karvandakı uşaqların, xanımların ümidi və sığınacaqları idilər, onların vücudu Əhli-beytə təssəli idi. Bu himayələr sayəsində Seyyidüş-şühəda (ə)-ın həyatının son anlarına qədər düşmən xeymələrə yaxınlaşmağa və Əhli-beytə bir şey etəməyə cür`ət etmirdi. Əba Əbdillahın döyüş anındakı «La hovlə vəla qüvvətə illa və billah» fəryadları onların ürəyinə sakitlik bəxş edir və onlara təsəlli verirdi.

İndi, əzizlərinin ən yaxşısı şəhid olduqdan, qarət olunduqdan, xeymələrə od vurulduqdan, düşmənin amansız cəlladlığından çəkilən əzab-əziyyət, iztirab və pərişanlıqlara dözdükdən sonra və şəhidlərin qana boyanmış parça-parça olmuş cəsədlərinə tamaşa etdikdən sonra, bu qəlbi dağlılar bəşər tarixi boyunca uzanan bir hərəkət və əbədiyyət ucalığı qədər fəryad karvanına bənzəyirdi. Bunlar ən böyük, ən ilahi bir qiyamın müjdəçiləridirlər. Onun dəyəri Allahın ən yaxşı məxluq və vəfalı dostlarının qanı ilə verilibdir. Bu karvanın rəhbəri imam Səccad (ə)-dan sonra, Peyğəmbərin xanədanından olan böyük bir qadındır ki, dağlar onun möhkəmliyi qarşısında heyrətə gəlir. O, Əlinin rəşid qızı və Fatimənin elmli övladıdır ki, Bəni Üməyyənin zülm və cinayət saraylarını bir-birinə vurub alt-üst edir. O, Zeynəbdir ki, öz imamının fərmanı ilə Fatimənin əzizlərindən ibarət karvana böyüklük edir və ən böyük müsibətlərə dözdükdən sonra, imam Hüseyn (ə) və onun fədakar dostlarının qanlı xəbərini insanların qulağına yetirir.

İndi bu karvan, əziyyət çəkmiş, öz əzizlərini əldən vermiş qadın və uşaqlarla, Zeynəbin rəhbərliyi ilə öz əzəmətli və tarixi hərəkatını başlayır.

KUFƏYƏ DOĞRU

Hicrətin 61-ci ili, Məhərrəm ayının on birinci günü, Əhli-beyt əsirləri karvanını Kərbəladan Kufəyə yolladılar. Əhli-beyt barəsində qərara gəlmək imam Səccad (ə)-ın öhdəsinə idi. çünki, o, imamdır və ona itaət etmək hamıya vacibdir. Karvanın icraçı rəhbəri Zeynəbi-Kubradır. O, imam Səccada ən yaxın adam və Aşura qadınlarının ən böyüyüdür.

Aydındır ki, Aşura günü hər cür çətinlik, dərd-bəlaya dözmüş və çox ürək ağrıdan səhnələri gözləri ilə görmüş, əzizlərinin qəm yükünü öz ürəyinə almışdı. İndi isə çılpaq miniklərlə düşmənin amansız mühasirəsində, kafir əsirləri kimi aparılan cəmiyyəti idarə etmək asan bir iş deyildi.

Bəli, qadınların, uşaqların istək və arzularına, hisslərinə cavab vermək, eyni halda imam Səccad (ə)-ın canını qorumaq Zeynəbin karvanda olan ən böyük məs`uliyyəti olub onun risalət yükünü ağırlaşdırırdı. Amma Zeynəbin böyük ruhu, çətinliklərin amansız dalğaları və müsibətlərin qorxunc tufanı qarşısında geriyə oturacaq qədər müqavimətsiz deyildi. O, çiynində olan yükün öhdəsindən yaxşı gəldi və böyük karvanı tədbir, mehribanlıq və amansız mücahidliklə idarə edib mənzil başına yetirdi.

KUFƏ VƏ KUFƏLİLƏR

Əhli-beyt əzizlərinin başıuca və iftixarlı karvanı Kufəyə yetişdi. Karvanın yolu, tamaşaya gələn camaatla dolu idi. Kufə, Əmirəl-mö`minin və imam Müctəba (ə)-ın xilafəti dövrünün mərkəzi, şiə cəmiyyətinin mühüm məntəqələrindən olduğu üçün tamamilə İbni Ziyadın qoşunlarının mühasirəsində idi.

Kufə camaatı vəfasızlıqda məhşur idi. Bu ruhiyyə Əmirəl-mö`minin və imam Mücətbanın dövründə, Allah Rəsulunun övladlarının qarşısında sıraya düzülüb, Kərbəla faciəsini törətməklərində, yaxşıca sınaqdan keçdi.

Kufə camaatı həmin camaatdır ki, Fərəzdəq, imam Hüseyn (ə)-ın Kufə camaatının vəziyyəti barədə verdiyi suala belə cavab verdi: «Kufə camaatının ürəkləri sizinlə, qılıncları isə sizin əleyhinizədir.»

Bə`zi tədqiqatçıların dediyinə görə, Kufə camaatı tez sakitləşərdilər. Bir söz eşitcək qəzəblənər və bir hadisə görcək yumşalırdılar.

Onlar Hüseyn ibni Əlinin nümayəndəsini elə həvəslə qarşıladılar və belə namərdliklə də onu İbni Ziyadın əlinə verdilər. Elə qeyrətsizcəsinə evlərinin qapısını bağlayıb sakit oturdular ki, İbni Sə`d və onun qoşunları imam Hüseyn (ə) və onun dostlarını öldürdülər. İndi də onun qadın və uşaqlarını şəhərlərə əsir aparırlar.

Bəli, Kufə camaatı o vaxt ayılıb öz işlərinin çirkinliklərini görürlər ki, Hüseyn (ə)-ın qadın və qızlarını, Əli övladlarını və Peyğəmbər nəvələrini kafir əsir kimi bu şəhərə gətirdilər. Peyğəmbərin xəlifəsi və müsəlmanların əmiri olan Əli (ə)-ın bu şəhərdə beş illik hakimiyyətindən iyirmi ildən çox keçməzdi. Yaşı otuzu keçməyən qadınlar həzrət Zeynəbi belə günlərdə görmüş və Əli (ə)-ın gözündə isə onun həya əzəmətini müşahidə etmişdilər. Bu mənzərəni görmək keçmiş xatirələri diriltdi. Küçələr, məhəllələr, tinlər, bazar şivənlə doldu. Qadınların şivəni uşaqları ağlatdı və uşaqların ağlamağı qocaların bərk ürəyini yumşaltdı. Bir dəfəyə hər tərəfdən fəryad və fəqan qalxdı. Bu cəmiyyətin içində öz sözləri ilə həyacanı zirvələrə yetirə biləcək şəxs Əlinin qızı Zeynəb idi.

MİNBƏR ÜZƏRİNDƏ

İmam Zeynəlabidin (ə) o günlərdə bərk xəstələndiyindən taqətsiz idi. Camaatın şivən qoparıb ağladığını gördükdə yavaşca belə buyurdu: Bunlar bizə ağlayırlar?! Bəs bizi kim öldürdü?

Bu vaxt Zeynəb (s) əli ilə işarə edib hamını sakitləşdirdi. Bütün səslər kəsildi. Dəvələrin zınqırovları işdən düşdü. Belə ki, yalnız nəfəslər eşidilirdi.

Zeynəb (s) xütbə oxuyub kufəlilərin yatmış vicdanını oyatdı. Kufəlilər hələ indi gözlərini açıb, Əhli-beytin haqqında çox böyük cinayət işlətdiklərini və heç bir yolla aradan getməyəcək böyük bir rüsvayçılıq törətdiklərini gördülər.

Zeynəb (s) elə bəlağətlə danışırdı ki, elə bil Əli (ə) nitq söyləyirdi.

Ravi belə deyir: Mən heç vaxt belə şücaət və əzəmətlə danışan iffətli və həyalı qadın görməmişdim.

Ustad Şəhid Mütəhhəri demişkən: Əli şücaəti, qadınlıq həyası ilə qarışmışdı.

Zeynəb (s) iffət və həya ilə öz sözlərini Allaha həmd və səna etdikdən, Peyğəmbərə, onun pak, seçilmiş xanədanına salamdan sonra belə buyurdu:

Ey Kufə camaatı! Ey hiyləgər və xəyanətkar camaat! Heç bir zaman gözlərinizin yaşı qurumasın. Siz o qadına bənzəyirsiniz ki, öz əyirdiyi ipləri bir dəfəyə zay edir. nə sizin peymanınızın dəyəri var, nə də sizin andınızın e`tibarı. Faydasız sözdən, özünə pərəstişdən və üzdə yaltaq kənizlər kimi yaltaqlanıb, arxada düşmənlə saziş etməkdən başqa nə varınızdır. Siz peyinlikdə bitən yaşıl və təzə bitkiyə oxşayırsınız. Siz bəzənmiş qəbrin divarlarının suvağına oxşayırsınız. O dünya üçün pis azuqə hazırlamısınız! Allah qəzəbi, Cəhənnəm əzabı! Ağlayırsınız? Bəli, ağlayın, and olsun Allaha ki, ağlamağa layiqsiniz. çox ağlayın və az gülün. Qazandığınız çirkinliklərə niyə ağlamayasınız? Heç bir su ilə yuyulmayan çirkinlik! Peyğəmbər balasını və behişt cavanlarının ağasını öldürməkdən pis nə çirkinlik ola bilər?! Sizin yolunuzun çırağı və qara gününüzün dostu olan bir insanı! ölün və xəcalətli başınızı aşağı salın. Bir anda öz keçmişinizi bərbad etdiniz və gələcəyiniz üçün heç bir şey əldə etmədiniz.

Bundan sonra siz gərək xar və məğlub yaşayasınız, çünki siz özünüzə Allah qəzəbi qazandınız. Elə bir iş gördünüz ki, az qalıb göy yerə düşə və yer parçalana, dağlar bir-birinə dəyə. Bilirsiniz ki, necə bir qan axıdıbsız? Bilirsiz, hicabsız halda küçə və bazarlara gətirilmiş qadın və qızlar kimlərdir? Bilirsiz ki, Peyğəmbər ciyərini parçalamısınız? Nə qədər çirkin və ağılsız iş görmüsünüz. Elə bir iş ki, onun çirkinliyi dünyanı başdan-başa doldurub. Göydən qan damlalarının yağmasına təəccüb edirsiniz?! Amma bilin ki, axirətin əzab və xarlığı çətin olacaq. Əgər etdiyiniz işə Allahın qəzəbi tutmursa rahatlanmayın. Allah günahın cavabını dərhal vermir, amma məzlumların qanını da yerdə qoymur. Allah hər şeyin hesabını edir.

Zeynəbin dağlı qəlbindən və imanlı ürəyindən gələn təkanverici və bəlağətli sözlər Kufə camaatına od vurdu. Ravi belə nəql edir: And olsun Allaha, o gün camaatı çox heyran və pərişan gördüm. narahatlıqdan əllərini ağızlarına qoyub təəssüf edir və ağlayırdılar. öz yanımda bir kişini gördüm ki, ağlamaqdan üzünün tükləri göz yaşı ilə islanmışdı və Əhli-beytə xitab edərək belə deyirdi: Anam-atam sizə qurban olsun, sizin yaşlılarınız yaşlıların ən yaxşısıdır, cavanlarınız, cavanların ən yaxşısıdır, qadınlarınız, qadınların ən yaxşısıdır və nəsliniz, nəsillərin ən yaxşısıdır. Onlar hamıdan üstün və ucadırlar.

Zeynəbin sözü qurtarmağa az qalmış imam Səccad (ə) buyurdu: Bibican! Sakit ol, gərək qalanlar keçmişlərindən ibrət alsınlar. Həmd olsun Allaha ki, sən tə`lim görməmiş alim və öyrədilməmiş müdriksən. Ağlamaq və nalə çəkmək gedənləri qaytarmaz.

İmamın bu sözləri Zeynəbin vəhy çeşməsindən içmiş və bəşər elmindən yuxarı səviyyəli bir elmdən bəhrələnmiş əzəmət və cəlalını aşkar edirdi. O, vilayət məktəbində dərs oxumuş və ürəyi elm, mə`rifət nuru ilə işıqlanmışdı.

Zeynəbin, Əli sözlərinə oxşar sözlərində bə`zi məqamlar var ki, onun bilikli və ziyalı olmasına sübutdur. Onlardan bə`zisinə toxunuruq:

1.Onun əhatəli kəlamı və bəyanının bədiiliyi o qədər idi ki, bə`ziləri danışanın Əli (ə) olduğunu zənn etdilər.

2.Kufə camaatını tanıtdırması, onların şəxsiyyətlərini bəyan etməsi, cəmiyyət, ruhiyyə və geriyə oturmalarının amillərinə olan dərin elmini göstərir. Bu fərasət cəmiyyət və camaatı tanımaqda atasından yetişən mirasdır. Ərəb ədiblərindən biri olan Cahizin dediyi kimi ki, Əli (ə) hər bir tayfanın ruhiyyə və xislətini yaxşı tanıyır və onlara uyğun danışırdı.

Zeynəb (s) elə danışdı ki, hamıda dəyişiklik yaratdı və onlar öz əməllərindən peşiman oldular.

3.Düşmənin Kərbəlada Peyğəmbər xanədanına rəva qıldığı cinayətlərin əsərini bəyan etməsi və həmçinin o cinayətin böyüklüyünü izah etməsi camaatı bu cinayətin dərinlikləri ilə daha çox agah edib onların ayılmasına səbəb oldu və onları düşmənlə mübarizəyə qaldırdı. Elə qiyamlar baş verdi ki, Bəni Üməyyə səltənətini alt-üst edib, Kərbəla canilərindən qanlı qisas aldı.

Bu həzrət Zeynəbin aşura təbliğatının bir nümunəsi idi.

Bə`zi tarix kitablarında belə nəql olunub ki, Zeynəbdən sonra kiçik Fatimə və Ümmü Gülsüm də xütbə oxuyaraq, Kufə camaatını məzəmmət edib danladılar və həmçinin bə`zi başqa kitablarda həzrət Səccad (ə)-dan da xütbə nəql olunub.

İBNİ ZİYADIN SARAYINDA

Qürur badəsi ilə məst olan İbni Ziyad özünü həmişəkindən qüdrətli görürdü. öz qüdrətini göstərib Kufə camaatını qorxutmaq üçün onların hamısına öz sarayında keçirdiyi məclisdə iştirak etməyə icazə verdi. O, hər şeyin tamamlandığını güman edib Yezidin qoşununun qələbəsini bu məclisin keçirilməsi ilə bayram etmək istəyirdi. Ona görə də Seyyidüş-şühəda (ə)-ın mübarək başının gətirilməsinə fərman verdi. İmamın başını onun qarşısına qoydular. İbni Ziyad gülür və əsası ilə o Həzrətin dişlərinə vururdu. O, öz xam xəyalı ilə böyük qələbə əldə etmişdi.

Əsirlərin karvanını İbni Ziyadın məclisinə gətirdilər. Zeynəb (s) köhnə paltarda tanınmaz şəkildə bir guşəyə çəkildi və orada əyləşdi. Əhli-beytin başqa qadınları da onun ətrafına yığışdılar.

İbni Ziyad dedi: O qadın kim idi ki, öz kənizləri ilə kənarda oturdu? Zeynəb (s) cavab vermədi. İbni Ziyad ikinci və üçüncü dəfə də həmin sualı təkrar etdi. Qadınlardan biri dedi: Bu Peyğəmbər balası Fatimənin qızı Zeynəbdir. İbni Ziyad üzünü Zeynəbə tutub dedi: «Şükr olsun o Allaha ki, sizi rüsvay etdi, öldürdü və göstərdi ki, sizin dedikləriniz yalandan başqa bir şey deyildir.»

«Zülmdən başqa dayağı olmayan bir zülümkar üçün, onun qüdrətini saymamazlıqla məsxərə etməkdən dərdli danışıqları üçün məzəmmət olunmazlar.»

İbni Ziyad özünü Zeynəbin sözünün qarşısında aciz görüb dedi:

Sənin qohumlarının və nəslinin böyük itaətsizliyi ürəyimdə bir dərd idi. Allah o dərdə şəfa verdi. Bu sözlə Zeynəbin qəlbi sındı və ağlayaraq dedi: Mənim sərvərimi öldürdün, xanədanımı məhv etdin, bizim kök və budağımızı vurdun: Əgər sənin şəfan bundadırsa, şəfa tapdın.

İbni Ziyad dedi: Bu qadın gözəl danışır. Atası da mahir idi, gözəl üslub və ahənglə danışırdı.

Zeynəb (s) buyurdu: Qadınların ahənglə nə işləri? İndi mənim şe`r söyləmək vaxtımdırmı? Ürək yanğısından başqa dilimə bir şey gəlmir.

Bununla Əlinin şücaətli qızı Zeynəb (s) ürəyində qorxuya yol vermədi, tə`sirli və kəsərli sözləri ilə, İbni Ziyadı öz qüdrətini göstərmək üçün məclisə yığdığı camaatın gözləri qarşısında rüsvay etdi, Peyğəmbər xanədanına rəva qıldığı cinayətlərini ifşa etdi. Əli qızı dilləndi. Dilləndi amma elə bil indiyəcən heç nə baş verməmişdir. Nə onun bir adamını öldürüblər, nə də özünü əsir tutublar. Elə bil, cavabını vermək istədiyi bu kişi ən adi bir işarə ilə onu və bütün yoldaşlarını öldürə bilməzdi.

 - Şükr olsun o Allaha ki, öz peyğəmbəri Məhəmməd (s) ilə bizə kəramət buyurub, çirkinliklərdən pak etdi. Yalnız günahkar rüsvay olar və günahkar yalan danışar. Şükr olsun o Allaha ki, o biz deyilik, başqasıdır.

İbni Ziyad dedi: Allahın Əhli-beytlə davranışını necə gördün?

Zeynəb cavab verdi: Onlar bir dəstə idilər ki, Allah, şəhadəti onlara müqəddər etmişdi. Onlar öz qəbrlərinə tərəf tələsdilər və mən burada gözəllikdən başqa bir şey görmədim. Allah səninlə onları bir araya gətirəcək və sən onlarla üzləşəcəksən. İndi gör qalib və xoşbəxt kimdir. Ey Mərcanənin oğlu! Anan matəmində otursun.

Ravi deyir: Bu sözlərdən sınan İbni Ziyad elə atıldı ki, guya Zeynəbi öldürəcəkdi. İbni Ziyadın ətrafındakılardan biri dilləndi: Ey Əmir! Bu qadındır.

ZEYNƏB MƏKTƏBİNDƏN DƏRSLƏR

İMANIN ƏZƏMƏTİ

Zeynəb (s) İbni Ziyadla rəftarında göstərdi ki, mö`min insan, əsir olmasına baxmayaraq heç vaxt güclü və qüdrətli düşmənin qarşısında başını zillətlə aşağı salmayacaq.

Zeynəbin İbni Ziyadın qüdrəti qarşısında yenilməzliyi, əzəməti və iftixarı, onun Allaha olan imanından və xatircəmliyindən qaynaqlanırdı. O, imam Hüseyn (ə) kimi xatircəm bir nəfsə malik idi. Bütün bu xatircəmlik və qorxmazlığı qəlbində ilahi təfəkkürü diri saxlamaqla əldə etmişdi. Allahı düşünüb Onu yad edən insan heç vaxt sərgərdan qalmaz və məğlub olmaz. necə ki, imam Hüseyn (ə) heç bir tərəddüd etmədən Yezidlə bey`ət zillətini qəbul etmədi, qəlbləri ələ alıb qələbə çaldı, mö`minlərin, Allah dostlarının ürəklərinə malik oldu və Aşura, imanlı qəlblər üçün ən böyük cazibə oldu. İmam Hüseyn (ə) yolunu davam etdirən və onun məktəbinin şagirdi olan Zeynəb (s), öz sözləri ilə qanlı Kərbəla hərəkatının izzət və əzəmətini artırdı.

GÖZƏL BAXIŞ

Zeynəbdən öyrəniləsi dərslərdən biri, Allah yolunun çətinlik və müsibətlərini gözəl görməsi, onun belə çətinliklərə ilahi baxışıdır.

Necə ki, gördük, Zeynəb (s) İbni Ziyadın, «Allahın Əhli-beytinlə rəftarını necə gördün» sualının cavabında buyurdu:

«Ma rəəytu illa cəmila».

Allah yolunda gördüyüm çətinliklər, müsibət və müşküllər, hamısı mənim üçün gözəl idi.

Doğrusu! Əliəkbərin, Qasimin, Əbbasın, südəmər uşağın şəhadəti və Seyyidüş-şühəda (ə)-ın şəhadəti gözəl idimi?! Xeymələrin yandırılması və qarət olunması, uşaqların pərişan və sərgərdan olmaları və Allah Rəsulunun övladlarına üz verən müsibətlər gözəl idimi?! Peyğəmbər Əhli-beytinin əsir olub küçə və bazarlarda naməhrəmlərin gözü qarşısında gəzdirilməsi gözəldirmi?!

Geriyə Mündəricat Növbət