Geriyə Mündəricat Növbəti

Burada onun bu barədə olan sözlərindən bir hissəsini qısa şəkildə nəql edəcəyik:

«Amma Әbul-Xəttab Məhəmmədin ardıcılları və ona tabe olanlar imam Cə᾽fər Sadiq (ə)-ın ona (Әbul-Xəttaba) lə᾽nət söylədiyini eşidəndə, onun ətrafından dağılaraq neçə dəstəyə bölündülər. Bunlardan bir firqə deyibdir ki, imam Cə᾽fər Sadiq (ə) (nəuzubillah) Allah, Әbul-Xəttab isə peyğəmbərdir. Bir firqə də deyibdir ki, imam Cə᾽fər Sadiq (ə) Allah və bir nurdur ki, Peyğəmbərin (s) canişinlərinin bədənlərinə daxil olur. Bu nur imam Cə᾽fər Sadiq (ə)-dan xaric olduqdan sonra Әbul-Xəttabın bədəninə girmişdir»[153]

Sonra Növbəxti belə davam edir:

«Bunlar özlərini şiə bilib, ğülüvvə düşən firqələrdir ki, Xürrəmilik, Məzdək,[154] Zindiq[155] və Dəhriyyənin[156] yolunu davam etdirirlər. Bunların hamısı Allah-taalanın «Rübubiyyətini» inkar etmək və Onun bir nur və ruh kimi bir məxluqun bədəninə daxil olaraq qarışdığını və bir bədəndən digər bədənə keçdiyini iddia edirlər. Әlbəttə bu firqələr, tabe olduqları başçılar cəhətindən bir-birlərindən ayrılırlar və hətta bir-birləri ilə düşmənçilik də edirlər».[157]

Növbəxti daha sonra zəlalətə düşmüş firqlərədən bə᾽zilərinin qərəzli olduqlarını nəql edir. Məsələn, bu firqələrdən biri həzrət imam Әli (ə)-ın oğlu Məhəmməd ibni Hənəfiyyənin «Məhdi» olduğunu və onun ölmədiyini və ölməyəcəyini demişlər. Onlar onun bir gün qalib gələcəyini, yer kürəsinin hər bir tərəfinə hakim olacağını və ondan sonra bir imamın olmayacığı fikrini yaymışlar. Bunların başçısı İbni Kərb adlı bir şəxsdir.[158]

Sonra qeyd edir ki, Həmzə ibni Әmmar Bərbəri də bu firqədən idi. Mədinəli olan bu şəxs sonralar bu firqədən ayrılıb özünün imam və peyğəmbər və Məhəmməd ibni Hənəfənin (nəuzubillah) Allah olduğunu iddia etdi... Və Mədinə və Kufə əhalisindən bə᾽ziləri də ona tabe oldular. İmam Məhəmməd Baqir (ə) ona lə᾽nət oxuyub ondan uzaq olduğunu e᾽lan etdi. Şiələr də bu şəxsdən uzaq olduqlarını e᾽lan etdilər».[159]

Eləcə də imam Sadiq (ə) da bu firqəyə tabe olan Said Nəhdiyə lə᾽nət oxumuş və onu şeytanlardan saymışdır. Bir ayrı rəvayətə görə də imam Cə᾽fər Sadiq (ə) adı çəkilən şəxsi, imamın dilindən yalan rəvayətlər uyduranlardan olduğunu bildirmişdir.[160]

Aşağıda şiə alimlərinin imam Sadiq (ə)-dan zəlalətə düşən «Ğülat» firqələri barəsində nəql etdikləri açıq nəzərlərini və imamın onlara lə᾽nət oxuyaraq, onları özündən uzaqlaşdırdığı barədə söylənən sözləri qısa bir şəkildə nəql edəcəyik.

İbni Nədim «Fehrest» adlı kitabında yazır ki, «imam Cə᾽fər Sadiq (ə) Said Nəhdiyə lə᾽nət söyləyərək buyurubdur ki, «Onun bəsirət gözü kordur...» Kəşşi də onun İmam (ə) tərəfindən pislənməsini bildirən rəvayətlər nəql etmişdir.[161]

İmam Cə᾽fər Sadiq (ə)-ın lə᾽nətlədiyi şəxslərdən biri də Ğülat tayfasından olan Әbu Mənsur Әcladır. Kəşşi öz «Rical» kitabında (səh.196) yazır ki, imam Cə᾽fər Sadiq (ə) bu şəxsə üç dəfə lə᾽nət oxuyubdur. Hişam ibni Әbdül Məlikin səltənəti vaxtında İraqın hakimi Yusif ibni Ömər Səqəfi onu e᾽dam etdirmişdir.[162]

Bu qeyd olunan firqələrdən başqa yenə bir çox «Ğülat» firqələri vardır ki, imam Cə᾽fər Sadiq (ə) onlardan uzaq olduğunu bildirmiş və hətta onların bə᾽zilərinə lə᾽nət oxumuşdur.

Seyyid Məhəmməd Sadiq Ali Bəhrül-ülum, «Firəqüş-şiə» kitabının haşiyəsində qeyd edibdir:

«İmam Cə᾽fər Sadiq (ə) Bəzi ibni Musa Haik, Müğəyrə ibni Səid, Səri, Әbul-xəttab, Məhəmməd ibni Әbi Zeynəb, Müəmmər, Bəşşar Şəiri, Həmzə Bərbəri və Said Nəhdiyə belə lə᾽nət oxumuşdur:

«Allah onlara lə᾽nət eləsin; Biz (əhli-beyt) həmişə adımıza söylənən yalanlara, yalançılara və ya ağlı zəif olan insanların hücumlarına mə᾽ruz qalmışıq. Allah bizləri yalançıların şərindən qurtarsın və onlara isti dəmir göstərsin» (Yə᾽ni, onları qızarmış dəmirlə cəzalandırsın).[163]

Yenə imam Cə᾽fər Sadiq (ə)-dan, onun Ğülatdan uzaq olduğunu e᾽lan etmək barəsində belə nəql olunubdur:

«Ey şiələr, Ali Məhəmmədin şiələri, orta mövqe tutun ki, ğülüvvə düşən (Әhli-beyti öz məqamından yuxarıya çıxaran) sizə tərəf qayıtsın və (onların məqamını tanımaqda) sizdən geri qalanlar da sizə yetişsin».

Sə᾽d adlı bir şəxs imam Cə᾽fər Sadiq (ə)-a dedi ki, «Ğali» (ğülüvvə düşən) kimdir? İmam (ə) buyurdu:

«Onlar bir dəstədirlər ki, bizim öz haqqımızda demədiyimiz şeyi (özümüzə aid etmədiyimiz məqamı) bizim haqqımızda deyərlər. Onlar bizdən deyillər və biz də onlardan deyilik».

O şəxs dedi ki, bəs «Tali» (geridə qalan) kimdir? İmam buyurdu:

«O, xeyiri istəyəndir ki, xeyirə çatar və onun qarşısında (Allah tərəfindən) mükafat alar».[164]

Səhabələrdən biri deyir: «İmam Cə᾽fər Sadiq (ə)-a Әbul-Xəttabın onun haqqında dediyi sözlər nəql olunanda, gördüm ki, imam Sadiq (ə)-ın gözlərindən yaş axır və belə deyir:

«Ey mənim Rəbbim, «Bəni-Әsəd»in nökəri olan Әcdəin (Әbul-Xəttabın) mənim haqqımda etdiyi iddiadan uzaq olduğumu Sənə bildirirəm, (Sənə sığınıram). Mənim tüküm və dərim də belə sənə boyun əyir. Mən sənin bəndən və sənin bəndənin oğluyam və (mən sənin müqabilində) itaətkar və zəliləm».

Sonra başını aşağı salıb ahəstə nə isə dedi, sonra başını qaldırıb buyurdu:

«Bəli, bəli, öz Rəbbinə xüzu-xüşu edən (boyun əyən) kiçik və zəlil bir qulam. Mən öz Rəbbinin müqabilində torpağa sarılmış və qorxaq (bir bəndəyəm). And olsun Allaha ki, mənim bir «Rəbb»im vardır. Hansı ki, Ona ibadət edirəm və Ona heç bir şeyi şərik tutmaram. Allah onu (Allahlıq məqamını mənə nisbət verdiyi üçün) xar eləsin və onun qəlbinə qorxu salsın ki, qiyamət günü qorxusunu rahatlığa dəyişməsin...

Nə peyğməbərlərin, nə rəsulların və nə də mənim Təlbiyəm (ləbbeyk deməyim) belə deyildir (yə᾽ni Әcdədin dediyi kimi deyildir.) Mən belə Təlbiyə deməmişəm».[165]]

Sədirdən də rəvayət olunubdur ki, mən imam Cə᾽fər Sadiq (ə)-a dedim:

«Bir dəstə insan sizlərin ilahi olduğunuzu xəyal edir və bu barədə bizə Qur᾽an ayəsini oxuyurlar ki, Allah buyurub: «O (Allah) elə bir kəsdir ki, həm göydə və həm də ilahdır». İmam (ə) buyurdu:

«Ey Sədir! Mənim qulağım, gözüm, dərim, ətim, qanım, tüküm onlardan uzaqdır və Allah da onlardan uzaqdır. Onlar mənim və mənim babalarımın dinində deyillər. And olsun Allaha ki, Qiyamət günü Allah məni və onları bir yerə toplayanda qəzəb edəcəkdir».[166]

Bə᾽zi dəstələr imam Məhəmməd Baqir və imam Cə᾽fər Sadiq (ə)-ın adlarına yalan uydurduqları və o iki imam bunlardan uzaq olduqlarını söylədikləri kimi, bə᾽zi firqələr də imam Musa Kazim (ə)-a vəfat etdikdən sonra yalan nisbətlər vermişlər. Məsələn, demişlər ki, imam Musa Kazim (ə) vəfat etməyibdir. O, həzrət İsa (ə) kimi göyə aparılıb və bir müddətdən sonra yenə qayıdacaq. İmam Musa Kazim (ə)-ın oğlu imam Riza (ə)-da bunlardan uzaq olduğunu bəyan etmiş və onlara lə᾽nət etmişdir. Beləcə Әhli-beyt (ə) bu firqələrdən narazıdırlar və onlara nifrət edirlər. Amma imam Cə᾽fər Sadiq (ə)-ın buyurduğu kimi, Әhli-beyt (ə) məktəbini yıxmaq üçün hər bir dövrdə daimi olaraq Әhli-beyt (ə)-a yalan nisbətlər verən yalançılar mövcud olacaqdır.

Әlbəttə, Әhli-beyt (ə)-ın onların müqabilində açıq-aşkar əks mövqe tutmaları və onlardan uzaq olduqlarını e᾽lan etmələri, onlara Әhli-beyt (ə)-ın məktəbini ləkələndirmək kimi pis hədəflərinə mane olmuşdur.

Burada qeyd etmək lazımdır ki, bu firqələrdən çoxu Allahın lütf və kərəmi nəticəsində yox olub gediblər və tarixdə onların pis adlarından başqa bir şey qalmayıb...

Amma təəccüblüdür ki, qəlblərində çirkin niyyətləri olan bə᾽zi şəxslər həqiqətləri ayrı cür göstərməyə çalışaraq Әhli-beyt (ə) məktəbini, o firqələrin xurafat və batil inancları ilə ittiham etmək istəyirlər. Bunlar Әhli-beyt (ə) məktəbinə tabe olanları rədd olunan və batil «Ğulat» firqələrinin tabeləri kimi göstərməyə və bu yolla xalqın Әhli-beyt (ə) məktəbinə olan meylini qırmağa sə᾽y edirlər. Buna görə də müsəlmanların vəhdətini aradan aparmaq və həqiqətləri ayrı cür göstərməyə çalışanların bu kimi mürtəce və təhlükəli plan və oyunları müqabilində müsəlmanları oyatmaq lazımdır...

Bu yalanları yayanların özlərinə diqqət olunsa, mə᾽lum olar ki, onlar Әhli-beyt (ə)-ın məktəbi haqqında belə yalanları yaymaqla bərabər özlərini himayət etdikləri bə᾽zi məzhəbləri müdafiə edirlər. Məsələn, «Cəbr» və «Təcəssüm» məsələsi kimi ki, onlar Allahın cism olduğuna Onun bir kürsü üstündə oturduğuna, kürsünün eninin yeddi qarış olduğuna, Allahın qiyamət günü ayağını cəhənnəmə daxil edib cəhənnəmin atəşini azaldacağına və Allahın (nəuzubillah) fil və ya eşşək üstündə oturub göydən yerə endiyinə inanırlar.

Bunların tövhid əqidəsinə müxalif və batil inam olmasına baxmayaraq, onlar bu barədə heç bir şey deməzlər. Bu da göstərir ki, öz təriqətlərində bu kimi mürtəce əqidələri qoyub, Әhli-beyt (ə)-ın məktəbinə dil uzadanların məqsədləri həqiqətləri ayrı cür göstərmək və islama zərbə vurmaqdır.

ƏHLİ-BEYT (Ә)-IN ÖZ SӘHABӘLӘRİNӘ QARŞI TӘRBİYӘ ÜSULLARI

İmam Cə᾽fər Sadiq (ə) buyurmuşdur:

«Həqiqətən mən sevirəm ki, bir adam Peyğəmbərin (s) xislətlərindən (sünnələrindən) birini belə icra etmədiyi halda dünyadan getməsin, (yə᾽ni, insan çalışmalıdır ki, Peyğəmbərin (s) gördüyü və ya görülməsini məsləhət etdiyi işləri ən azı ömründə bir dəfə yerinə yetirsin)».[167]

Әhli-beyt (ə) öz səhabə və tələbələrinin tərbiyə və tə᾽liminə xüsusi bir maraq göstərirdi. Yə᾽ni öz dostlarının yaşayış tərzində islami əqidə, əxlaq və əhkamın həqiqi bir şəkildə tətbiq olunmasına və əməldə özünü göstərməsinə əhəmiyyət verirdilər.

Onlar sə᾽y edirdilər ki, ümmət arasında hidayət məş᾽əlini daşıya bilən, xalqın içərisində alim, xeyirxah və haqqa bağlı olan sədaqətli şəxsiyyətlər vücuda gətirsinlər. Elə şəxsiyyətlər ki, fəsad, pozğunluq amillərinin çoxaldığı bir vəziyyətdə xalqın süqut etməsinin qarşısını alsın və haqq əleyhinə aparılan mübarizələri dəf edərək, islah qiyamları vücuda gətirə bilsinlər. Biz bu həqiqətlərin Әhli-beyt (ə)-ın davranış və əxlaqlarında, söz və əməllərində aşkar olmasını görürük. Onların tövsiyə və nəsihətlərində bu məsələyə yüksək əhəmiyyət verdikləri aşkardır. Məsələn, islamı təhrif edib əhli-beyt məktəbini yıxmaq istəyən bə᾽zi şəxslər, təkcə Әhli-beyt (ə)-ın məhəbbətinin insana kifayət etmədiyini və Allah əmrlərinə əməl etməyin və dinin əhkamına bağlı olmağın zəruri və lazım olmadığını yaymaq istəyirdilər. İmam Məhəmməd Baqir (ə) onlara buyurdu:

«Hər bir müsəlman doğru bir əqidə ilə Qur᾽anın gətirdiyi, Peyğəmbərin (s) bəyan etdiyi və ömür boyu əməl etdiyi işləri icra etməlidir».

İmam Məhəmməd Baqir (ə) bu barədə buyurubdur:

«And olsun Allaha ki, bizim vücudumuz sizi Allahın əzabından qurtarmayacaqdır. Bizim ilə Allah arasında nə bir qohumluq və nə də onun müqabilində bir höccətimiz yoxdur.(Yə᾽ni, bir nəfəri cəhənnəmə atsa, bizim əlimizdə bir sübut yoxdur ki, onu qurtarmaq üçün Allaha göstərək). Fəqət, insan itaət etməklə Allaha yaxın ola bilər. Sizlərdən kim (Allahın əmrlərinə) itaətkar olsa, bizim vilayətimiz ona fayda verər. Әgər bir kəs üsyan edərsə, (yə᾽ni, Allahın əmrləri ilə müxalifət edərsə) bizim vilayətimiz ona bir fayda verməz».[168]

Yenə Әmr ibni Səid ibni Hilal da rəvayət edibdir ki:

«Mən imam Məhəmməd Baqir (ə)-a dedim ki, sənə fəda olum, mən səni neçə ildə ancaq bir dəfə görə bilirəm. Mənə bir vəsiyyət elə ki, ona daim əməl edim». O Həzrət, mənə belə buyurdu:

«Mən sənə Allahın təqvasını (Allahdan qorxmağı), vərə᾽ (günahlardan çəkinməyi) və bəndəlik etməkdə çalışmağı vəsiyyət edirəm. Bil ki, «vərə᾽» bəndəlikdə çalışmaqla birlikdə olmasa, bir faydası olmaz...»[169]

İmam Cə᾽fər Sadiq (ə)-ın öz səhabələrindən olan Әbu Osaməyə, digər şiələrə də çatdırılmasını istədiyi vəsiyyətin bir hissəsi belədir:

«(Ey şiələr!) Allahdan qorxun və biz Әhli-beytə eyb yox, zinət olun. Xalqın məhəbbətini bizə cəlb edin və bizi hər cür pislikdən uzaq bilin... Bizim, Allahın kitabında (bəyan edilmiş) haqqımız, Onun Peyğəmbərinə əqrəbalığımız, pərvərdigar tərəfindən müqəddəsliyimz (hər cürə pislikdən uzaq və pak olmağımız) və pak bir vilayətimiz vardır. Hər kəs bunların bizdən ayrı olmasını iddia edərsə, yalançıdır. Allahı və ölümü yad eləməyi, Qur᾽anı tilavət eləməyi və Peyğəmbərə (s) salavat göndərməyi mümkün qədər çoxaldın. Çünki, Peyğəmbərə (s) salavat göndərməyin on savabı vardır».[170]

İmam Cə᾽fər Sadiq (ə) öz səhabələrindən olan İsmail ibni Әmmara da belə vəsiyyət edibdir:

«Mən sənə Allahdan qorxmağı (təqvalı olmağı), «vərə᾽li» olmağı (haramlardan çəkinməyi), doğru danışmağı, əmanətə sadiq olmağı, (qonşuların ilə) yaxşı qonşuluq etməyi və çox səcdə etməyi vəsiyyət edirəm. Bu işləri görməyi Məhəmməd (s) bizlərə əmr edibdir».

Hişam ibni Salim də rəvayət edibdir ki:

«İmam Cə᾽fər Sadiq (ə)-ın Həmrana belə buyurduğunu eşitdim:

«(Dünyanın mal və sərvətində) özündən aşağıya bax, özündən yuxarı olana baxma. Bu sənin üçün öz qismətindən qane olmağa və Allahdan daha artıq (ruziyə) layiq olmağına vasitə olar. Bunu da bil ki, yəqin ilə olan daimi və az əməl Allah yanında yəqinsiz olan daimi əməldən daha yaxşıdır. Həmçinin bilməlisən ki, Allahın haram etdiyi işlərdən çəkinməkdən, müsəlmanlara əziyyət etməməkdən və onların qeybətlərini danışmamaqdan faydalı bir «vərə᾽» (çəkinmək) olmaz. Eləcədə heç bir şey gözəl əxlaq kimi qiymətli, heç bir mal insaniyyətdən və az mala qane olmaqdan faydalı və heç bir cəhalət özünü bəyənmək kimi pis və acı deyildir».[171]

İmam Cə᾽fər Sadiq (ə) mö᾽minlərin xüsusiyyətləri barədə Həzrət Peyğəmbərdən (s) rəvayət etmişdir ki:

«Hər kim gördüyü pis işdən narahat olsa və yaxşı işlər etsə, mö᾽mindir».[172]

Bunlar kimi onlarla, bəlkə yüzlərlə mövcud olan hədislərdən anlaşılır ki, Әhli-beyt (ə) ümmətinin fərdləri bütün cəmiyyətlərdə nümunəvi insanlar kimi tərbiyə olunmaqda çalışıblar. Onların saleh və nümunəvi insanlar yetişdirməkdəki üslublarının əsas mehvəri, məhz Allahın kitabına və Peyğəmbərin (s) sünnəsinə həqiqi mə᾽nada bağlı olmağın vacibliyi və ictimai həyatı bu mehvər əsasında qurmaqdır. Beləliklə, hər bir müsəlmanın üzərinə düşən vəzifə odur ki, haqq yolunu tapa bilmək üçün, onların hər cür şübhə və şəkdən uzaq olan hidayətlərinə inansınlar və vəsiyyətlərinə əməl etsinlər.

ƏHLİ-BEYT (Ә)-IN SİYASİ FӘALİYYӘTLӘRİ

Әhli-beyt (ə)-ın məqamları və onların cəmiyyətə lazım olan ictimai-siyasi məsələlərdə fəaliyyət göstərməkləri müsəlmanlara az-çox mə᾽lum idi. Buna görə də Әhli-beyt (ə) islamın siyasi tarixində müntəzəm olaraq fəaliyyət göstərmiş və çox mühüm rol və tə᾽sirə malik olmuşlar. Әhli-beyt (ə) həmişə Peyğəmbəri-əkrəmdən (s) sonra meydana gələn xurafatlara qarşı islam hökmlərini icra etmək və ədalətin hakim olması üçün aparılan mübarizələrin ön cərgəsində olmuşlar.

İslamın siyasi tarixini tədqiq edənlərin nəzərində aşkardır ki, Peyğəmbərin (s) vəfatından qısa bir müddət sonra xilafət və islam ümmətinin idarəsi məxsus sülalələrin əlində olan səltənətlərə çevrildi. Bu səltənətlərdə islam hökmlərinin icrası dondurulub bir kənara qoyuldu və xilafət məqamı mal toplamaq və mənsəb əldə etmək vasitəsinə döndərildi. Bununla da xalqa hər cür zülm və haqsızlıq rəva görüldü.

İslam dininin bir oyuncağa çevrilməsi səbəb oldu ki, çox qiyamlar vücuda gələ və nahaq yerə qanlar tökülə və təfriqə, fitnə çoxala. Hətta, düşmənlər bu fürsətdən istifadə edərək, qeyri həqiqi fikirlər yaymaqla islamı bünövrədən yox etmək istəyirdilər. Məsələn, dindəki haramları halal e᾽lan edən, mal və qanuni nikahı inkar edən və vacibatı saya salmayan «Qəramətə», «Məzdəkiyə» və «Xürrəmdiniyə» kimi inamlar yarandı. Bə᾽ziləri də tamamilə hərc-mərcliyə və qan tökməyə də᾽vət edirdilər və özlərindən başqa hamını kafir bilirdilər. Bunlar tarixdə «xəvaric» adı ilə məşhurdurlar.

Bu zülmlərin və ilahi hökmlərin mahiyyətinin dəyişdirilməsinin müqabilində ümmətin rastlaşdığı dəyişiklik və fikri iztirab, çalışmalar və müharibələrin qarşısında islamın doğru yolunu, haqq məktəbini bütün şəraitlərdə açıq bir şəkildə işıqlandıran və saleh müsəlmanların rəhbərliyini öhdələrinə alan yalnız Әhli-beyt (ə) olmuşdur.

Bu bəhsimizdə müxtəsər bir şəkildə Әhli-beyt (ə)-ın siyasi sahədə tə᾽qib etdikləri hədəf və üslublardan söz açmağa çalışacağıq.

Geriyə Mündəricat Növbəti