Geriyə Mündəricat Növbəti

4. İslam dininin təzə zühur etdiyi vaxtlarda bə’zi imansız adamlar pul almaqla özlərindən yalan hədis quraşdırırdılar. Bu şəxslərdən biri Səmərət ibni Cündəb idi. O, Müaviyədən aldığı pulun əvəzində İmam Əlinin qatili ibni Mülcəmin şə’ninə özündən hədis düzəltdi. Bundan əlavə Qur’anda İmam Əlini mədh edən ayənin onun qatilinə aid olduğunu söylədi, İmam Əlinin qatili barəsində olan ayəni isə İmam Əlinin adıyla bağladı.

5. Ömər Sə’d Rey şəhərinə hakim olmaq üçün düşmən qoşununun sərkərdəsi olub, İmam Hüseynə qarşı vuruşurdu.

6. İmam Kazimin vəfatından sonra müsəlmanların malı, İmamın Osman ibni İsa adlı bir səhabəsinin yanında idi. Bu şəxs pulları İmam Riza (ə)-a təhvil verməli idi. Lakin o, pullara sahib olmaq üçün camaata e’lan etdi ki, İmam Kazimdən sonra daha İmam yoxdur. Bununla da islamda yeni bir dəstə, yə’ni «Vaqifiyyə» (yeddi İmamlılar) dəstəsi yaratdı.

7. Qur’anda dəfələrlə yoxsulluq qorxusundan uşaqlarını öldürən şəxslər tənqid olunublar. («Ən’am» surəsi, ayə 151, «İsra» surəsi, ayə 31)

8. İslam Peyğəmbəri paxıllıq üzündən müsəlmanlara süd verməyən bir çobana belə buyurdu: «Allah sənin varını çox etsin!» Lakin südünü müsəlmanlara bağışlayan çobana buyurdu: «Allah sənə ehtiyacın qədər mal-dövlət versin». Bu vaxt bir kişi təəccüblə soruşdu: «Nə üçün paxıl çobana yaxşı dua etdin?» Peyğəmbər cavabında buyurdu:

اِنَّ ما قَلَّ وَكَفى خَيْرٌ مِمّا كَثُرَ وَاَلْهى

«İnsanı qafil edən çox var-dövlətdənsə, ehtiyacı ödəyən az var-dövlət yaxşıdır».

Bu bəhsdən sonra belə nəticə alırıq ki, günaha şərait yaradan amillərdən biri də var-dövlətə vurğun olmaqdır.

HÖVSƏLƏSİZLİK GÜNAHIN DAHA BİR İQTİSADİ AMİLİDİR

«İnşirah» surəsinin 7-ci ayəsində oxuyuruq:

فَاِذا فَرَغْتَ فَانْصَبْ

«Bir işi bitirdikdən sonra başqa bir işlə məşğul ol!»

İslamda bu göstərişdən məqsəd budur ki, insan mühüm bir iş bitirdikdən sonra daha tam istirahətlə məşğul olmasın. (İstirahət etsə də, cü’zi bir işlə məşğul olsun) Çünki tam bekarçılıq insanı ruhi cəhətdən yorur. Bir sözlə bə’zi hallarda tam bekarçılıq müxtəlif cür günahlara səbəb olur. Elə buna görədir ki, tə’til vaxtları cinayətlərin sayı başqa vaxtlara müqayisədə 7 dəfə artır. Bu səbəbdən islam dinində insanın daimi əmək fəaliyyəti üçün gözəl təkliflər verilib bekar qalmamaq və süst olmaq pislənib: Bu barədə bir neçə hədisə diqqət yetirək.

1. İmam Sadiq (ə) buyururdu:

«Fəhlənin Allah dərgahında savabı cəbhədə vuruşan əsgərin savabı ilə bərabərdir».[40]

2. O Həzrət başqa bir hədisdə buyurur:

اِيّاكَ وَالْكَسَلَ وَالضَّجْرَ فَاِنَّهُما يَمْنَعانِكَ مِنْ حَظِّكَ مِنَ الدِّنْيا وَالاْخِرَةِ

«Hövsələsiz olmaqdan çəkin. Çünki bu səni dünya və axirət ləzzətindən məhrum edər».[41]

3. Yenə o Həzrət buyurur:

وَمَنْ كَسَلَ عَمّا يُصْلِحُ بِهِ اَمْرَ مَعِيشَتِهِ فَلَيْسَ فِيهِ خَيْرٌ لاَِمْرِ دِينِهِ

«Güzaranını tə’min etməkdə tənbəllik edən şəxsin dini əməllərində də heç bir fayda yoxdur».

4. İmam Kazim (ə) buyurur:

اِنَّ اللهَ عَزَّ وَجَلَّ يَبْغُضُ الْعَبْدَ النَّوّام الْفارِغ

«Allah-taala çox yatan və bekar adamdan qəzəblidir».

5. O Həzrət başqa bir hədisdə buyurur:

اِيّاكَ وَالْكَسَلَ وَالضَّجْر فَاِنَّكَ اِنْ كَسَلْتَ، لَمْ تَعْمَلْ وَاِنْ ضَجَرْتَ لَمْ تُعْطِ الْحَقَّ

«Hövsələsiz və süst olmaqdan çəkin. Çünki hövsələsiz olsan, iş dalınca getməzsən və süst olsan, özünün və başqalarının haqqını yerinə yetirməzsən».[42]

6. İmam Əli (ə) buyurur:

«Hövsələsizliyin axırı yoxsulluqdur».[43]

İnsanın şəxsiyyətini alçaldan və nəticədə onu bir neçə günaha çəkən ən pis işlərdən biri başqalarına əl açmaqdır:

İslam Peyğəmbəri buyurur:

مَسْئَلَةُ النّاسِ مِنَ الْفَواحِشِ

«Ən pis işlərdən biri camaata əl açmaqdır».

Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, bekar olmaq və süstlük həm yoxsulluğa gətirib çıxarır, həm də günahın yayılmasına şərait yaradır.

GÜNAHIN İCTİMAİ AMİLLƏRİ

Günahın ictimai amillərinə nəzər saldıqda aşağıdakı mövzuları açıqlamağa ehtiyac duyulur:

1. Pozğun mühit.

2. Azğın rəhbərlər.

3. Pis yoldaş.

4. İctimai məhrumiyyətlər.

Çirkin tullantılardan mikrob yarandığı kimi, şübhəsiz pozğun mühit də günahın yayılmasına və çoxalmasına bir vasitədir. Mühitin keyfiyyət və kəmiyyət cəhətindən bir neçə növü var: Misal olaraq: Məktəb mühiti, ev mühiti, mədəni mühit, şəhər mühiti, xəstəxana mühiti, məclis mühiti və...

Qur’anda «Ə’raf» surəsinin 138-141-ci ayələrində Musa peyğəmbərin və onun səhabələrinin haqqında oxuyuruq:

Musa peyğəmbər və onun tərəfdarları Fir’onun zülmündən qaçıb dəryadan keçdikdən sonra öz bütlərinin ətrafına toplaşıb onlara ibadət edən bir dəstə camaatla üzləşdilər. Musa peyğəmbərin tərəfdarları bu səhnəni gördükdə dedilər:

قالُوا يا مُوسى اجْعَلْ لَنا اِلهاً كَما لَهُمْ آلِهَةٌ

«Ey Musa, bunların bütləri kimi bizə də bir tanrı düzəlt»

Bütə pərəstiş edən şəxslərin hərəkətləri Musanın tərəfdarlarında elə tə’sir qoymuşdu ki, onlar yeganə Allaha sitayiş etsələr də, bu sözləri Musaya dedilər. Musa peyğəmbər isə onları bu sözlərinə görə tənbeh edib buyurdu:

اِنَّكُمْ قَوْمٌ تَجْهَلُونَ ـ اِنَّ هؤُلاء مُتَبَّرٌ ما هُمْ فِيهِ وَباطِلٌ ما كانُوا يَعْمَلُونَ

Musa dedi: «Siz həqiqətən cahil bir qövmsünüz dini artıq yıxılmış, gördüyü işlər də batil və bihudədir». («ə’raf» surəsi, ayə: 138-139)

QUR’ANDAN DAHA BİR NÜMUNƏ

Musa peyğəmbərin zamanında azğın sərvətlilərdən biri də Qarun adlı bir şəxs idi. Günlərin bir günü o, özünün var-dövlətini və qüdrətini camaata göstərmək üçün böyük bir məclis təşkil edib təm-təraqla insanların qarşısına çıxdı.

فَخَرَجَ عَلى قَوْمِهِ فِي زِينَتِهِ

«Qarun zər-zinət içində qövmünün önünə çıxdı». («Qəsəs» surəsi, ayə: 79)

Bu mərasim orada olanların hərəsinə bir cür tə’sir etdi. Onlardan bə’ziləri həsrətlə «Kaş bizim də belə bir var-dövlətimiz olaydı» deyirdilər.

قالَ الَّذِينَ يُرِيدُونَ الْحَياةَ الدِّنْيا يا لَيْتَ لَنا مِثْلُ ما اُوتِيَ قارُونَ اِنَّهُ لَذُو حَظٍّ عَظِيم

«Dünya həyatını arzulayan şəxslər dedilər: Kaş Qaruna veriləndən bizə də veriləydi. Şübhəsiz, dünyanın xoşbəxti odur». («Qəsəs» surəsi, ayə 79)

Lakin orada olan alim və dərrakəli şəxslər cahillərə e’tiraz etdilər. «Qəsəs» surəsinin 80-cı ayəsində belə oxuyuruq:

وَقالَ الَّذِينَ اُوتُوا الْعِلْمَ وَيْلَكُمْ ثَوابُ اللهِ خَيْرٌ لِمَنْ آمَنَ وَعَمِلَ صالِحاً وَلا يُلَقّاها اِلاّ الصّابِرُونَ

«Elm almış kəslər dedilər: «Vay olsun sizə, iman gətirib yaxşı əməllər görən şəxslər üçün Allahın verdiyi mükafat bundan yaxşıdır. Onu da yalnız səbr edən adamlar ala bilər».

POZĞUN MÜHİTDƏN KÖÇ ETMƏK

İslam dinində maraqlı mövzulardan biri də pozğun mühitdən köç etmək məsələsidir. Elə bir mühit ki, orada insanın dini xətərdədir. Bu vaxt insan o mühitdən uzaqlaşmalı və münasib bir yerə köç etməlidir. Deməli, hər hansı bir insan pozğun mühitdə bilərəkdən qalıb günah işlər törətməkdə davam etsə, günahını mühitin tə’siri ilə üzrləndirə bilməz. Elə buna görədir ki, Qur’anda belə şəxslərə xəbərdarlıq edilmişdir, Tarixdə oxuyuruq: Məkkə şəhərində İslam dinini zahirdə qəbul etmiş müsəlmanlardan bir dəstəsi öz yığdıqları mal-dövlətə görə Peyğəmbərlə Mədinə şəhərinə köç etmədilər. Sonralar isə bu şəxslər Bədr döyüşündə kafirlərin dəstəsinə qoşuldular və müsəlmanlara qarşı müharibədə iştirak edib həlak oldular. «Nisa» surəsinin 97-ci ayəsində bu şəxslər barəsində belə oxuyuruq:

«Özlərinə zülm eləyən şəxslərə, mələklər canlarını almağa gələn zaman «Vəziyyətiniz necə idi?»-deyəndə, onlar dedilər: «Biz yer üzündə sıxılmış vəziyyətdə qalan şəxslər idik». Mələklər isə dedilər:

«Bəs Allahın yeri geniş deyildimi? Barı bir köç edəydiniz». Cəhənnəmdir onların sığınacağı. Ora necə də pis yerdir!».

Qur’anda 26 dəfə köç etmək barədə danışılmışdır. Bu ayələrin bə’zisində dinsiz mühitdən köç edənlərə Allah tərəfindən çoxlu mükafat veriləcəyi qeyd olunmuşdur.

Qur’an ayələrində olduğu kimi, hədislərdə də dini qorumaqdan ötrü köç etməyin əhəmiyyəti haqqında çoxlu ibrətamiz ifadələr işlənmişdir.

İslam Peyğəmbəri (s) buyurur:

مَنْ فَرَّ بِدِينِهِ مِنْ اَرْض اِلى اَرْض وَاِنْ كانَ شِبْراً مِنْ الاَْرْضِ اِسْتَوْجَبَ الْجَنَّةَ وَكانَ رَفيقَ مُحَمَّد وَاِبْرهِيمَ عَلَيْهُمَا السَّلامُ

«Öz dinini qorumaqdan ötrü bir yerdən başqa bir yerə, bir qarış da olsa belə, köç edən şəxs behiştə layiqdir. Və belə bir şəxs (behiştdə) Məhəmməd və İbrahimlə bir yerdə olacaqdır.»[44]

Məhəmməd (s) və İbrahim (ə) tarixin ən böyük köç edənləri olduqları üçün hicrət edən şəxs də bu peyğəmbərlər cərgəsinə daxil olur.

Başqa bir hədisdə oxuyuruq:

İmam Sadiq (əleyhissəlam)-ın hüzurunda fəsad və günahla dolu bir şəhərin adı çəkildi. İmam orada olan Müfəzzəl adlı bir şagirdinə buyurdu:

وَفَرَّ مِنْها اِلى قُلَّةِ الْجِبالِ وَمِنَ الْحَجَرِ اِلَى الْحَجَرِ

«Dinini qoruyub saxlamaq istəyirsənsə, orada yaşama. Çünki ora pozğunluq və çaxnaşma yeridir».[45]

Bu hədisdən də aydın olur ki, qarışıq, pis mühitin insanın günaha düşüb pozulmasında mühüm rolu var. Və insan öz dininə ehtiram əlaməti olaraq belə mühitlərdən uzaqlaşmalıdır.

İslam dini insanlara öz işlərini Allahın razılığı əsasında görmələrini tə’lim edir. Bu dində ən mühüm məsələlərdən biri də ixlasdır. Yə’ni bütün işləri ancaq və ancaq Allahın razılığına çatmaq üçün görmək lazımdır. Deməli, insanlar iş görən zaman yaşadıqları mühiti və yaxud avam camaatı yox, Allahın fərmanını nəzərə almalıdırlar. Amma əgər bu cür olmazsa, yaşadığımız mühit ilahi və mə’nəvi ab-havadan çıxıb, camaatın istəkləri ilə qatışacaqdır.

İmam Musa Kazim (ə) özünün çox dərrakəli bir şagirdi olan Hişam ibni Həkəmə buyurur:

يا هِشامُ! لَوْ كانَ فِي يَدِكَ جَوْزَةٌ وَقالَ النّاسُ لُؤْلُؤَةٌ ما كَانَ يَنْفَعُكَ وَاَنْتَ تَعْلَمُ اَنَّها جَوْزَةٌ، وَلَوْ كانَ فِي يَدِكَ لُؤْلُؤَةٌ وَقالَ النّاسُ اِنَّها جَوْزَةٌ ما ضَرَّكَ وَاَنْتَ تَعْلَمْ اَنَّها لُؤْلُؤَةٌ

«Ey Hişam! Əgər sənin əlində bir qoz olsa camaat isə onu qiymətli daş olduğunu desə, onların bu sözü sənin fikrində heç bir dəyişiklik yaratmaz. Çünki sən onun qoz olduğunu bilirsən. Əksinə sənin əlində qiymətli bir daş olsa, camaat isə onun qoz olduğunu desə, bu vaxt da sənə heç bir ziyan dəyməz. Çünki sən onun qiymətli daş olduğunu bilirsən».[46]

Loğmanın oğluna etdiyi vəsiyyətində belə oxuyuruq:

لا تُعَلِّقْ قَلْبَكَ بِرَضَى النّاسِ فَاِنَّ ذلِكَ لا يَحْصُلُ

«Özünü camaatın razılığına bağlama. Çünki hamının səndən razı qalması mümkün deyil».

Sonra Loğman bu sözü əməldə də oğluna başa salmaq istədi. Onlar evdən çölə gəlib tövlədən ulağı çıxartdılar. Loğman ulağa minib hərəkət etdi. Oğlu isə piyada atasının ardınca yola düşdü. Onlar yarı yolda bir dəstə adama rast gəldilər. Camaat onları görəndə dedilər: «Bu kişi çox daş ürəkli və rəhmsiz kişidir.» Bu sözü eşidəndə Loğman oğlunu ulağa mindirib, özü piyada hərəkət etməyə başladı. Bu dəfə onlar ayrı dəstə camaatla üzləşdilər. Camaat Loğmanla oğlunu görəndə dedilər: «Bu ata və oğul çox pis adamdırlar. Atanın pisliyi ona görədir ki, oğluna yaxşı tərbiyə verməyib. Oğulun pisliyi isə ona görədir ki, atasına hörmətsizlik edir.» Bu sözü eşidəndə onlar hər ikisi birlikdə ulağa minib yola düşdülər. Onlar yenə də bir dəstə camaatla rastlaşdılar. Camaat bunları görəndə dedilər: «yaman rəhmsiz adamdırlar, çünki bunlar dilsiz heyvana birlikdə minib onu incidirlər.» Bu sözdən sonra onlar hər ikisi ulaqdan düşüb piyada getməyi qərara aldılar. Lakin bundan sonra onlar daha bir səhnə ilə üzləşdilər. Bu dəfə onların rastına çıxan camaat onları piyada görəndə dedilər: «Bu iki nəfərin işi çox qəribədir. Belə bir gözəl miniyi qoyub piyada yol gedirlər.» Bu vaxt Loğman üzünü oğluna tutub dedi: «Oğlum! Gördün ki, müxtəlif fikirli camaatın razılığını toplamaq mümkün deyil?». Sonra buyurdu:

فَلا تَلْتَفِتْ اَلَيْهِمْ وَاشْتَغِلْ بِرَضى اللهِ جَلَّ جَلالُهُ

«Deməli, onların razılığının yox, ancaq böyük Allahın razılığını fikirləş».

İmam Baqir (ə) buyurur:

«Allahın razı olmadığı bir işi görüb camaatın razılığını qazanmaq istəyən kəs, bir zaman camaatın qəzəbinə düçar olacaqdır. Əksinə, Allahın razı olduğu bir işi görüb camaatın qəzəbinə düçar olan şəxs hər bir düşmənçilik, həsəd və zülmdən amanda olacaqdır və Allahın dininə kömək edəcəkdir».

MÜHİTİ POZAN AMİLLƏR

İslam dinində aşkarda günah etmək, günahı yaymaq, günah işlərə kömək etmək, günah işlərə razı olmaq, «əmr be mə’ruf» və «nəhy əz münkəri» tərk etmək, ilahi hüdudların (cəza tədbirlərinin) icrasını ləğv etmək və bu kimi mühit pozğunluğuna şərait yaradan işlər qadağan olunmuşdur. Eləcə də mühit sağlamlığını məhv edən hicabsızlıq, seks kinoların yayılması, narkotik maddələrin istifadəsi və bu kimi günahların qadağan olunmasından əlavə İslam hökumətində onların qarşısını almaq əmr olunmuşdur. Bundan əlavə müsəlmanlara yaşadığı mühitdə «əmr be mə’ruf və nəhy əz münkər» vacib olunmuşdur. Yə’ni başqalarını yaxşı işlərə də’vət etmək və pis işlərdən çəkindirmək əmri verilmişdir. Çünki bu iki dini vəzifənin müsəlmanlar tərəfindən düzgün icrası mühitin sağlam qalmasında mühüm rol oynayacaqdır. Başqa sözlə insan ictimai bir məxluqdur. Yaşadığı cəmiyyət bir cəhətdən onun evi hesab olunur. İnsan yaşadığı cəmiyyətin ehtiramını, evinin ehtiramı kimi saxlamalıdır. Cəmiyyətin sağlamlığı onun özünün ruhən sağlam olmasına kömək edir, pozğunluğu isə onun şəxsiyyətində mənfi tə’sir qoyur. Elə bu səbəbə görə də islam dinində cəmiyyəti mə’nəvi cəhətdən xarab edən işlər qadağan olunmuşdur. Bu dində ictimai günahın pisliyi, fərdi günahın pisliyindən qat-qat üstündür. Çünki günahın müntəzəm surətdə edilməsi cəmiyyətdə günahın adi şəklə düşməsinə gətirib çıxarır. Misal üçün, evin bir tərəfi od tutub yansa, onun qabağını almaq lazımdır. Yoxsa, onun şö’lələri bütün evi bürüyəcəkdir.

İslam Peyğəmbəri ictimai günahın tə’sirini bir misalda belə izah edir: Bir dəstə adam dənizdə gəmi ilə səfərə çıxdılar. Bütün sərnişinlər öz yerlərində oturmuşdular. Bu vaxt sərnişinlərdən biri özünün oturduğu yeri baltayla yarmağa başladı. Bu vaxt ona «nə edirsən?!» -dedilər. O isə cavabında dedi: «öz yerimdir, nə istəsəm edə bilərəm». Bu vaxt sərnişinlər baltanı onun əlindən alsalar həm onu, həm də özlərini ölümdən xilas edəcəklər. Amma onu öz başına buraxsalar, o həm özünü, həm də başqalarını həlak edəcəkdir.

Bəhsimizin bu hissəsində mühit pozğunluğuna şərait yaradan günahları, onların mahiyyəti ilə daha dərindən tanış olmaq üçün ayrılıqda araşdırırıq:

AŞKARDA GÜNAH ETMƏK

«Nur» surəsinin 19-cu ayəsində oxuyuruq:

اِنَّ الَّذِينَ يُحِبُّونَ اَنْ تَشِيعَ الْفاحِشَةُ فِي الَّذِينَ آمَنُوا لَهُمْ عَذابٌ اَلِيمٌ في الدُّنْيا وَالاْخِرَةِ

«O kəslər ki, istəyirlər mö’minlər arasında əxlaqsızlıq yayıla, onları dünyada və axirətdə ağrılı bir əzab gözləyir».

Maraqlısı budur ki, əxlaqsızlığın yayılmasını istəyən şəxs də əzaba düçar olacaqdır. Bu isə məsələnin ciddi olmağını göstərir. Hər halda sağlam bir cəmiyyət qurmağın yollarından biri də, həmin cəmiyyətdə günahın qarşısını almaqdır. Mətləbin daha aydınlaşması üçün aşağıdakı hədislərə diqqət yetirin:

Geriyə Mündəricat Növbəti