Geriyə Mündəricat Növbəti

Tərbiyə üsulu: Uşağın tərbiyə qəbulu

Uşaqlıq dövrü insanın formalaşdığı, tərbiyə qəbul etdiyi ən həssas dövrlərdəndir. Uşağın xoşbəxtlik və ya bədbəxtlik və’də edən şəraitdə doğulmasına baxmayaraq, onun tərbiyə qəbulunda həssaslığı hər şeyi dəyişə bilər. Uşaq xoşbəxtlik və’d edən şəraitdə doğulub, tərbiyə üsulunun pozulması ucbatından yolunu aza da bilər. Hər şey əksinə də ola bilər – şərait bədbəxtlik və’d edər, tərbiyə xoşbəxtliyə aparar.

«Vəsail»də uşaqlıq dövrü haqqında buyurulur: «Uşaq qəlbi hər toxumu qəbul edən torpaq kimidir». Tə’kid olunur ki, insanın tərbiyəsinə uşaqlıq dövründə əhəmiyyət verilməlidir. Əgər boş qəlb sahibi olub, ona toxum səpsən, sahibi də sənsən. Yubansan başqaları onu öz ixtiyarına alacaq. Uyğun bir misal: Ölü torpağın sahibi onu dirildəndir.

İmam Sadiq (ə) buyurmuşdur ki, azğın güruhlar sizin uşaqlarınızı və cavanlarınızı ələ keçirməmiş özünüz onlara sahib olub, ilahi maariflərlə tanış edin. («Vəsail» cild 15). Digər bir rəvayətdə isə buyurulur ki, uşaqları, gəncləri ələ alın, onlar xeyr və səadətə yaxındırlar və tərbiyəni asan qəbul edirlər.

Əgər bu dövrdə düzgünlük və ya azğınlıq şəraiti yaranarsa, onu aradan qaldırmaq çox çətindir. Çünki rəvayətlərdə xəbərdarlıq olunub ki, uşaqlıq dövründəki bir təhrikedici səhnə həmişəlik qalacaq. («Vəsail» cild 14). Ər-arvadın yaxınlıq etdiyi otaqda uşaq oyaqdırsa və ya onları görürsə, nəfəslərini eşidirsə, o uşaq heç zaman doğru yolda olmayacaq. Tərbiyə məsələlərində səhlənkarlıq, hətta bir əsasa əməl etmək qarşısıalınmaz nəticələrə gətirir. İslam tərbiyəyə o qədər əhəmiyyət verir ki, hətta uşağın hüzurunda təhrikedici səhnəni də qadağan edir.

Uşağın asan tərbiyə götürdüyünü nəzərə almaqla tərbiyə üsuluna diqqət edilməlidir. Bu işdə səhlənkarlıq rəva deyil. Bu böyük ilahi bir məs’uliyyətdir. Heç bir iş Allah yardımı olmadan həyata keçmir və bu işdə də Ondan lazımınca yardım diləmək lazımdır. İmam Səccad (ə) bu işdə Allahdan yardım istəyərək ərz edir: «Xudaya, bizə övlad tərbiyəsində onlara ədəbdə və yaxşılıqda yardım et». («Səhifeyi səccadiyye»).

Allah-taala inkişafın müxtəlif mərhələsində pillə-pillə bizə yollar göstərir. Ümid var ki, Onun köməyi ilə bu üsulu öyrənib, tətbiq etməyə müvəffəq olaq. İndi uşağın müxtəlif inkişaf mərhələləri üçün tərbiyə üsullarının bə’zilərini bəyan etdirik.

İnsan və təbii ehtiyaclar

İnsan bütün təbii istəklərdə – yemək, içmək, yatmaq, cinsi ehtiyacın tə’minində heyvanlarla müştərək olsa da, din insanın bütün bu istəklərinə ilahi rəng verir. Bütün hallarda insanın diqqətini Allaha yönəldir ki, insan heç vaxt öz Allahından qəflətdə olmasın.

Məsələn, göstəriş verilir ki, yeməyə Allahın adı ilə başlanılsın və Onun adı ilə yemək tamamlansın. («Vəsail» cild 16).

Yatmaq barədə buyurulur ki, ilahi bir insan dəstəmaz alıb, üzü qibləyə yatmalı və «Ayətəl-kürsü», «Ayeyi-şəhidəllah», «Tohid» və «Kafirun» surələrini oxumalı, Zəhra təsbihatını zirk etməli, tövbə etməli, Peyğəmbər (s) və Əhli-beytə salavat göndərməlidir. Qısası, öz nəfsini yuxu halında ruhları çıxaran Allaha tapşırmalıdır. «Allah canlarını onlar öldüyü zaman, ölməyənlərin canını isə yuxuda alar». («Zumər» 42). Oyandıqdan sonra isə təşəkkür və həmdlə yanaşı dualar oxunmalıdır. Bütün şəraitlərdə, hətta təmizlik zamanı (çölə gedəndə) Allah xatırlanmalı, dildə Onun adı zikr edilməlidir. («Bəhar» cild 1).

Yaxınlığın ədəbi

Cinsi ehtiyacların tə’minində məqsəd təkcə heyvani şəhvətin söndürlməsi olmamalıdır. Bu işdə də ilahi rəng vardır. Ona görə də müəyyən olunmuş qaydalara əməl etmək lazımdır. Yaxınlıq zamanı dəstəmazlı olmaq, üzü və ya arxası qibləyə dayanmamaq lazımdır. Allah xatırlanmalı, Ondan saleh övlad istənilməlidir. Yaxınlıqdan əvvəl iki rək’ət namaz qılınmalıdır. Səhv düşüncələrdən, xəyaldan uzaq olmaq lazımdır. («Vəsail» cild 14). Bütün iztirablı hallar uzaqlaşdırılmalıdır. («Bəhar» cild 57).

Beləcə, cinsi istəklərin tə’minində, evlənmənin müqəddəs hədəfinə çatmaqda, layiqli övlad tərbiyəsində bu göstərişlərə əməl olunmalıdır. İnsanı heyvandan fərqləndirən bu qaydalara əməl etmək övladın talehində tə’sirlidir və tərbiyə üçün şərait yaradır.

Hamiləlik dövrü

İndi isə müxtəlif mərhələlərə aid dini göstərişlər: Haqqında danışdığımız ailə seçiminə, ailə əxlaqına və yaxınlıq qaydalarına əməl etməklə uşağın nütfəsi (mayası) Allahın xatırlanması ilə layiqli kişidən layiqli qadın bətininə köçür. Lakin uşağın formalaşdığı hamiləlik dövründə o, ananın bədənindən, ruhiyyəsindən qidalanır. Uşağın xoşbəxtliyi və ya bədbəxtliyinin müəyyənləşməsində başlıca rolu ana ifa edir. Pak bir bətn, ilahi düşüncəli təqvalı bir ana övladın səadəti üçün tə’minatdır. Əgər hamiləlik dövründə ana halal-harama baxmadan nə gəldi yeyirsə, bədbinlik, araqarışdırmaq, qeybət, böhtan, kin, yalan kimi günahlara batırsa, övladını azğınlıq və bədbəxtliyə aparır. Qısası, insanın formalaşmasında hamiləlik dövrü xüsusi əhəmiyyət kəsb edir. Həzrət Peyğəmbər (s) buyurur: «Hər bir insanın xoşbəxtlik və ya bədbəxtliyi ana bətnində müəyyənləşir». («Bəhar» cild 5).

Bu dövrün əhəmiyyətini nəzərə alaraq, girami analar üçün vacibdir ki, hamiləlik dövründə qidalarına, düşüncələrinə diqqət etsinlər.

Uşaq doğulandan sonra

Uşağın tez tə’sirlənməsi nöqteyi-nəzərindən islam dini göstəriş verir ki, uşaq tohid nidası və ilahi maariflə tanış edilsin. Bu uzaq görənliyin səbəbi insanın həyata Allah adı ilə başlamasıdır. Bə’ziləri güman edə bilər ki, doğulan uşağın şüuru yoxdur və o yaxşını pisdən ayıra bilməz. Əslində isə belə deyil. İnsan dərkinin çox mərhələləri təbii və özündən xəbərsiz halda formalaşır. İnsan hələ kəşf olunmamış, sirli bir məxluqdur və onun daxili aləminə varmaq üçün xeyli tədqiqatlar lazımdır. İnsan dərkinin necəliyi aydın deyilsə, bu o demək deyil ki, insanın dərki yoxdur. Bir sözlə, uşaq şüurunun əsası elə doğulan ana aiddir. Ona görə də Allah-taala göstəriş verir ki, doğum halında uşağın qulağına tohid nidası deməklə uşaq ilahi maariflə tanış edilsin. Həzrət Peyğmbər (s) buyurur ki, uşaq anadan olanda onun sağ qulağına əzan, sol qulağına iqamə deyin. Bu uşağın Şeytandan qorunmasına səbəb olar. Əzan və iqamə ilahi maarif üsulunu əks etdirir. («Vəsail» cild 15)

Südəmərlik dövrü

Əsrimizdə ana südünün körpənin inkişafına, fiziki və mə’nəvi sağlamlığına tə’siri aşkardır. Əgər bu günkü elm aləmi ana südünün tə’sirini illərlə təcrübədən sonra dərk etmişsə, Peyğəmbər və onun Əhli-beyti (s) əsrlərcə əvvəl ana südünün əhəmiyyətini xatırlamışlar. Həzrət Peyğəmbər (s) buyurur: «Körpə üçün ən yaxşı qida ana südüdür». («Bəhar» cild 100). Həzrət Əli (ə) buyurmuşdur ki, övlad üçün heç bir şey ana südü tək bərəkətli deyil. («Vəsail» cild 15).

Bu gün elmin uşaq qidalanması ilə məşğul olan bölməsi ana südü olmadan sağlamlığı qeyri-mümkün hesab edir. Beləcə islamın fiqhi hökmlərinin əhəmiyyəti üzə çıxır. Şəhidi-əvvəl kimi şiə fəqihləri övladına doğuş südü verməyə onlara vacib buyururlar.

Ana südü qida maddələri ilə zəngin bir ne’mət olmaqla yanaşı ananın fiziki və mə’nəvi keyfiyyətlərini övlada ötürür. Bu təkcə uşağın öz anasına aid deyil. Ümumiyyətlə söhbət uşağa süd verən qadından gedir. Ananın döşündə süd olmaması və ya digər səbəbdən uşağa süd vermək üçün dayə də tutula bilər. İslam dayənin xüsusiyyətlərini bəyan edir. Övladınız üçün ləyaqətli, pak, ağıllı dayə seçin. Çünki südün rolu o qədər böyükdür ki, xarakteri dəyişə bilər. («Vəsail» cild 15).

Həzrət Əlidən (ə) nəql olunur ki, övladlarınıza kimin süd verdiyinə diqqət edin. Çünki uşaq südlə inkişaf edir. («Vəsail» cild 15).

Buna görə də süd verən qadın öz ruhi vəziyyətinə və yeməklərinə nəzarət etməlidir. Pak ruh, pak niyyət, günah xatirlərdən uzaq, imkan olsa dəstəmazlı halda süd verilməlidir. Uşaq süd yeyərkən yaxşı olar ki, ana Allahı zikr etsin, Qur’an oxusun. Ana şübhəli, haram yeməklərdən çəkinməlidir. Haram tikə ana ruhiyyəsində, övlad tərbiyəsində pozuculuq işi aparır. Ona görə də qadın hamiləlik dövründə pis fikirlərdən, haram qidalardan ciddi şəkildə pəhriz etməlidir. Ananın hər növ nöqsanlardan çəkinməsi övlad tərbiyəsində böyük rola malikdir. Mə’lumdur ki, ilahi göstərişlərə e’tinasızlıq uşağa mənfi tə’sir göstərəcək və cəmiyyətin nifrətinə səbəb olacaq.

Uşağa məhəbbət

Əvvəlki hissələrdə qeyd edildi ki, ailə bünövrəsinin əsasını məhəbbət təşkil edir. İslam məhəbbəti möhkəmlədəcək bütün amilləri alqışlayır və əksinə soyuqluq yaradan səbəbləri pisləyir. Ailə uşaq üçün o zaman münasib olur ki, dərin sevgi ilə əhatələnsin. Ər və arvad bir-birinə sevgili olduqları kimi övladlarına da məhəbbət göstərməlidirlər.

Uşağa məhəbbət sakitlik, iste’dadların inkişafı, onun şəxsiyyətinin hifzi səbəbidir. Bu məhəbbət onun ruhi sağlamlığını tə’min edir.

Bütün insanlarda, bəlkə də heyvanlarda da övlad sevgisi var. Lakin bu sevgini dərinləşdirmək, tərbiyə əsaslarını möhkəmləndirmək üçün ciddi göstərişlər verilmişdir. Övlada məhəbbət ata və ananın mə’nəvi dərəcəsinin yüksəlməsidir. İmam Sadiqdən (ə) rəvayət olunub ki, hər öpüş müqabilində behiştdən bir dərəcə nəsibiniz olacaq. («Vəsail» cild 15). Başqa bir rəvayətə görə övladı öpmək ata və ana üçün savab gətirir. («Vəsail» cild 15).

Məhəbbətdə ifrat, həddi aşma

Məhəbbət həddi aşıb ifrata varmamalıdır. Uşağa biganəlik (təfrit) onun tərbiyəsinə mənfi tə’sir göstərdiyi kimi, ifrat məhəbbət də uşağı ata-anaya sıx bağlayır və bir müddət sonra uşağ sərbəst, azad yaşamaqda çətinliyə düçar olur. İfrat məhəbbət uşağı inkişafdan saxlayır, onun ruhuna dağıdıcı tə’sir göstərir, nəhayət, onu puça çıxarır.

Məhəbbət o zaman müsbət hesab olunur ki, orta həddə olsun.

Uşağa ehtiram

Uşağın şəxsiyyətini qaldırmaq üçün ona ehtiramla yanaşılmalıdır. Uşaq zərif ruhuna görə öz kəramətinin izharına meyllidir. Ona ehtiram göstəriləndə diqqət cəlb olunur, daxili istəklər ödənir.

Dini tərbiyə üsulunda uşağın təhqiri, sərtliklə danlanması pislənir. Çünki danlamaq nəinki uşağı islah etmir, həddi aşanda onu sırtıqlaşdırır. Həzrət Əlidən (ə) nəql olunub: Əgər uşaq səhv etmişsə, onun səhvini sadə və məntiqi bir dillə anlatmaq gərəkdir. Səhvə görə danlaq onun iste’dadını məhv edir və bundan çəkinmək lazımdır.

Əksinə uşağı tə’rif etmək, ona hörmətlə yanaşmaq iste’dadları çiçəkləndirir. Ona görə də dini göstərişlərdə bu nöqtəyə əhəmiyyət verilir və bizə buyurulur: «Övladlarınıza ehtiram göstərin. İmam Sadiq (ə) buyurur ki, övladlarınıza ehtiram göstərin, onları yaxşı tərbiyə edin ki, sizin mükafatlanma və bağışlanmanıza səbəb olsun». («Bəhar» cild 101).

Həzrət Peyğəmbər (s) uşaqlara ehtiram göstərərdi. Rəvayət olunur ki, Həzrət (s) məhəllənin uşaqlarına salam verərdi. Aydındır ki, Peyğəmbər (s) kimi bir şəxsiyyətin uşaqlara və cavanlara salam verməsi onlarda necə müsbət bir tə’sir qoyurdu. Bu əməl onların şəxsiyyətini ucaldırdı. Onu da qeyd edək ki, Peyğəmbərin (s) salam verməsi təsadüfi olmayıb, bir-başa onun xarakteri ilə bağlıydı. Nəql olunur ki, Peyğəmbər (s) buyurub: «Mən beş şeyi heç vaxt unutmuram ki, məndən sonra qayda olsun – onlardan biri uşaqlara salam verməkdir». («Bəhar» cild 16).

Özünü uşaqla eyni tutmaq

Uşağın diqqətini cəlb etmək, onun şəxsiyyətini ucaltmaq üçün doğru tərbiyə üsullarından biri özünü uşaqla eyni tutmaqdır. Ata-ana, tərbiyəçi özünü uşaqdan yuxarı tutanda və onunla ünsiyyətdən qaçanda qarşılıqlı olaraq uşaq da bu e’tinasızlığı hiss edib, onlardan uzaqlaşır. Beləcə, uşaq ehtiyac duyduğu ünsiyyətdən məhrum olur.

Uşaqda məhəbbət və ünsiyyət azlığının qarşısını almaq üçün ata-ana, tərbiyəçi özünü uşaqla eyni səviyyədə tutmalı, onunla uşaq dilində danışmalıdır. Hətta onlarla birgə oynamaq da lazımdır. Bu əməl uşağın fövqəladə sevincinə bais olacaq və onların məhəbbəti qat-qat artacaq.

Özünü uşaqla həmyaşıd kimi aparmaq onun şəxsiyyətli olmasına gətirib çıxarır. Əgər bir şəxs özünü uşaqla eyni tutub oynadığı vaxt uşaq səhv edirsə, bu vaxt onun islah edilməsi üçün əlverişli şərait yaranır. Onun şəxsiyyətinə hörmətlə yanaşıldığı bir vaxt həmişəkindən daha asan tərbiyə etmək mümkündür.

Bir sözlə, övlad tərbiyəsində dini göstərişlərdən biri özünü uşaqla eyni tutmaqdır. Peyğəmbərdən (s) nəql olunub ki, yanında uşaq olan şəxs özünü onunla eyni tutub, uşaq dilində danışmalıdır. («Vəsail» cild 15).

Həzrət Əlidən (ə) nəql olunmuşdur: «Uşağı olan şəxs onunla uşaq kimi davranmalıdır».

Böyük islam Peyğəmbəri (s) və İmamlar (ə) da uşaqlarla mehriban, səmimi olub, özlərini onlarla eyni tutmuşlar. Peyğəmbər (s) Həsən və Hüseynlə (ə) oynayar, onlar Həzrətin kürəyinə minərkən O, deyərdi: Nə yaxşı atınız var! («Bəhar» cild 43).

Danışıqda, rəftarda uyğunluq

Uşağın qəlbi və ruhu güzgü kimi əks götürür. Nəinki söhbətdən nümunə götürür, hətta ətrafındakıların rəftar və əməlləri də onda tə’sir qoyur.

Buna görə də istər ata-ana, istərsə də tərbiyəçi layiqli övlad tərbiyə etmək istəyirsə, onun təqvaya, paklığa çağırmaq arzusundadırsa, əvvəlcə özü təqvalı, pak olub, əməllərinə nəzarət etməlidir. Belə ki, onda kiçik də olmuş olsa, nöqsan müşahidə edilməməlidir. Çünki uşaq ata-anada nöqsan, yalan, e’tibarsızlıq, və’də xilaflıq görəndə özü də əxlaqa zidd addımlar atır. Bundan sonra saatlarla nəsihətin heç bir tə’siri olmur.

Bu səbəbdən də övladını fəzilətə çağıran valideyn özü fəzilət nümunəsi olmalıdır. Dedikləri ilə əməlləri arasında uyğunluq hökm sürməlidir. Güc çatmayan şeyə uşağa və’də verməmək, və’də verdikdə onu yerinə yetirmək lazımdır. Peyğəmbər (s) buyurur: «Övladlarınızı sevin, onlarla mehriban davranın, onlara və’də verəndə yerinə yetirin. Onlar sizi özlərinə qəyyum bilmirlər, sizə göz dikmişlər». («Vəsail» cild 15).

Danışıq və rəftarda ədalət

Hər bir insanın, xüsusilə uşaqların fitrəti me’yarları tapdayan nahaq ayrıseçkilikdən narazıdır. Fəzilət və kəramət istəyən hər bir adam danışıq və rəftarlarındakı ədalətsizliklərdən əzab çəkir. Uşaq lətif ruha malik olduğundan ədalətsizlik onu daha çox incidir. Xüsusilə ata-ana və ya tərbiyəçinin ədalətsizliyi uşağın sınmasına, təhqirinə, iste’dadlarının ölməsinə gətirib çıxarır.

Buna görə də uşaqlar arasında ədalətə riayət olunması düzgün tərbiyəvi və dini üsullardandır. Ata-ana geyim, yemək, oyuncaqla tə’minatda, hətta baxmaqda, öpməkdə belə övladlar arasında fərq qoymamalıdırlar.

Müəllim və ya tərbiyəçi də uşaqlara məs’uldur. O da öz rəftarında me’yarları gözləməli, elmdən kənar bir şeyə görə uşaqları fərqləndirməməlidir.

Bundan əlavə uşaq nümunə götürəndir. O, müəllimin yaxşı xüsusiyyətləri ilə birgə pis xüsusiyyətlərini də ölçü götürür. Uşaq valideynlərindən və ya müəllimlərindən ədalətsizlik görəndə özü də ədalətə, me’yarlara e’tinasız olur.

İmam Sadiqdən (ə) nəql olunub ki, övladlarınıza yaxşılıq edərkən ədalətə riayət edin. Necə ki, öz aranızda ədalətin bərqərar olmasını istəyirsiniz. («Bəhar» cild 101).

Nəql olunur ki, bir şəxs övladlarını öpərkən fərq qoydu. Həzrət Peyğəmbər (s) e’tiraz etdi ki, nə üçün fərq qoyursan! («Vəsail» cild 15).

Uşaqlar arasında təşviq və rəqabət

İnsan fitrəti kamillik və fəzilət sorağındadır. İslam da kamillik və fəzilət dini olduğundan bəşəriyyətin fitrətinə uyğundur. İslam uşağın tərbiyəsində, onun kamillik və fəzilətə də’vətində tənbeh və zora yol vermir. Uşağı öz dilində başa salmaqla, təşviq etməklə onun iste’dadları kamilliyə yönəldilir. Əgər bir uşaq bilməzlikdən səhv etmişsə, onu dərhal tənbeh etmək olmaz. Onu pis işlərin nəticəsi ilə tanış etməklə, kamilliyə həvəsləndirməklə səhvlərdən çəkindirmək lazımdır.

Əgər bu işlər cavanı pis işlərdən çəkindirməkdə tə’sirsiz olarsa, islam heç vəchlə günahla razılaşmadığından son tədbir kimi tənbehdən istifadə etmək olar. Ona görə də islami hökumət, hakim göstəriş verir ki, günahkar şəxs yetkinlik yaşına çatmasa da tənbeh olunsun. İmam Sadiqdən (ə) belə nəql olunur ki, yetkinlik yaşına çatmamış günahkar tənbeh olunsun. («Vəsail» cild 18). Əlbəttə ki, burada tənbeh hakimdən və həmin gəncin tərbiyəsinə məs’ul olan şəxsdən aslıdır.

Amma islamın üsulu, tərbiyə yolu təşviqdir. İstər fəzilətə də’vətdə, istərsə də günahdan çəkindirməkdə təşviqin rolu böyükdür. Təşviq yalnız sözdə məhdudlaşmır. Kamilliyə yiyələnmək üçün uşaqlar arasında rəqabət yaratmaq, onlara özlərini aşkarlamaq üçün imkan vermək lazımdır. Onlara lütf və məhəbbət göstərmək, kamillik və hünərə görə fərqləndirmək məqsədəuyğundur. Qabiliyyətə görə fərqləndirmə özü bir ədalətli tərbiyə üsuludur. Sənət öyrədilməsi bəhsində deyiləcək ki, üstünlük göstərən uşaqlara hədiyyə verilməsi necə də zəruridir. Peyğəmbər (s) və imamların həyatında da bu qaydanı müşahidə edə bilərsiniz. Mə’nəviyyat və fəzilətcə başqalarından fərqlənənlərə daha artıq məhəbbət göstərilməsi mənfi fərqləndirmə deyil. Qur’anda həzrət Yə’qubun (s) övladları haqqında buyurulur: Bir zaman belə demişdilər: «Biz bir dəstə olduğumuz halda Yusif və onun qardaşı atamıza daha əzizdirlər». Qur’an bu fikri inkar etmədiyindən mə’lum olur ki, malik olduqları ləyaqətlərə görə Yə’qub bu iki övladını daha artıq sevmiş və düzgün ölçülərlə onları fərqləndirmişdir. Yə’qub (ə) mə’sum peyğəmbərlərdəndir və günahdan uzaqdır. Onun mövqeyini, yolunu Qur’an təsdiq edir.

İmam Sadiqin (ə) həyatından nəql olunur ki, İmam (ə) oğlu Abdullahı nəsihət edəndə Abdullah ərz etdi: «Məgər Musa ilə mən eyni kökdən deyilikmi?! Atamız və əslimiz birdir. Bəs nə üçün Musaya daha çox diqqət yetirilir?»

Abdullahın bu sualı Yusifin qardaşlarının mövqeyinə uyğundur. İmam Sadiq (ə) Musaya daha çox diqqət yetirməsinin səbəbini belə izah edir: «Musa mənim canımdır, amma sən mənim övladlarımdan birisən». İmam (ə) bu cümlə ilə Musanın ləyaqətini bildirir.

Bu həqiqət imam Museyi Kazimin (ə) (Musanın) öz dilindən də nəql olunmuşdur. Ondan soruşulanda ki, övladlar arasıda fərq qoyula bilərmi? Belə buyurub: «Bəli, atam mənimlə qardaşım Abdullah arasında fərq qoyardı». Bu qayda başqa imamların haqqında da nəql olunub. («Vəsail» cild 15).

Beləliklə, ilahi me’yarlara, ləyaqətlərə görə uşaqları fərqləndirmək peyğəmbərlər məktəbinin tə’kididir. Əgər qardaşları Yusifi sevimli olmasına dözməyib, günah etdilərsə, bu onların öz səhvləridir. Əgər onlar öz fitrətlərinin, vicdanlarının səsinə qulaq assaydılar, həmin mövqedə dayanmazdılar. Çünki hər bir insanın vicdanı düzgün ölçülərlə fərqi qəbul edir. Uşaqlar arasında biri öz bacarığına görə fərqləndirilirsə, bu diqqət o biri uşaqları naharat etmir. Əksinə, onlar da daha çox məhəbbət qazanmaq, fərqlənmək üçün həvəslənir, sə’y göstərirlər. Uşaqlara və cavanlara əzab verən haqsız, yersiz fərqləndirmədir.

Buna görə də tərbiyə üsullarından biri uşaqları kamillik və fəzilətə həvəsləndirmək, müsabiqələr keçirmək, düzgün ölçülər əsasında onları fərqləndirməkdir.

Uşağı azad buraxmaq

Uşağa nəzarət etmək, onu nöqsanlı işlərdən çəkindirmək ata və ananın vəzifələrindəndir. Amma bu nəzarətdə ifrata varıb, uşağın oyunlarına məhdudiyyət qoymaq olmaz. Uşaq azad buraxılmalıdır ki, öz meyli istədiyi zaman oyuncaqlarla və ya uşaqlarla oynasın. Yə’ni hansı oyunu seçmək onun öz ixtiyarında olmalıdır. Bu azadlıq onun iste’dadını inkişaf etdirər, şəxsiyyətini ucaldar. Uşaqlarda oyuna böyük meyl var və onları azad buraxarkən razı qalırlar. Dini göstərişlərdən biri də uşağı yeddi yaşınadək azad buraxmaqdır. İmam Sadiq (ə) buyurur ki, övladlarınızı yeddi yaşınadək azad buraxın, oynasınlar. («Vəsail» cild 15).

Dost tapmaq

Dost və ya yoldaşın insana, xüsusi ilə uşaqlara böyük tə’siri vardır. Uşaq öz yoldaşından daha tez qəbul edir, rəng götürür.

Dostun tə’sirinin nəzərə alaraq, islam ləyaqətsiz adamlarla yoldaşlıqdan çəkindirir və mə’rifətli adamlarla yoldaşlığı tövsiyə edir. Yoldaşlığın mənfi və ya müsbət tə’sirindən, xüsusi ilə bu yoldaşlıq uzun sürdükdə, insan öz əqidəsini dəyişə bilər. Axirət dünyasında həqiqətlər üzə çıxarkən dostların azğınlığa çəkdiyi adamlar əzaba düçar olar və arzu edərlər ki, kaş günahkarlarla yoldaşlıq etməyəydilər. «Vay halıma, kaş filankəsi özümə yoldaş etməyəydim». («Fürqan» 28). Həzrət Peyğəmbərdən (s) nəql olunub ki, insan öz dost və yoldaşlarının dinində, məsləkindədir. («Vəsail» cild 8).

Qeyd edildiyi kimi uşaqların və gənclərin mə’nəviyyatında dostların rolu böyükdür. Onların ruhu lətif olduğundan tə’sir altına tez düşür. Ona görə də uşağın dostlarına diqqət yetirilməlidir. Küçəyə, məktəbə yola salınan uşağa başa salınmalıdır ki, ləyaqətsiz adamlarla yoldaşlıq etmək olmaz. Dini tərbiyə üsullardan xəbərdar ailədə böyümüş uşaq və gənc cəmiyyətə çıxıb, pozğun adamlarla əlaqədə olduqda bütün dəyərləri unudub, günaha rəğbətlənir.

Bəli, uşaqlar və cavanlar daim bu təhlükə ilə üzbəüzdürlər. Bu sahədə valideynlərin vəzifəsi çox ağırdır. Uşağın yoldaşları təhqiq olunmalı, dini və əxlaqi cəhətdən müsbət uşaqlarla yoldaşlığa icazə verilməlidir. Övladlar pusquda dayanmış «Şəyyad» tələsindən qorunmalıdırlar.

Geriyə Mündəricat Növbəti