Geriyə Mündəricat Növbət

Uşaqlarda olan bu əks tə`sirə görə onların tərbiyəsi, eləcə də fikri, əxlaqi və ideoloji inkişafı sahəsində çoxlu tövsiyələr olmuşdur. Bu tərbiyələrin tə`siri o həddə qədərdir ki, Əli (ə) uşaq qəlbini istənilən toxumu qəbul etməyə hazır olan boş və əkilməmiş torpağa bənzədir.

Buna görə də uşağın şəxsiyyət və gələcəyini ata və ananın əməli tərbiyələrindən asılı hesab etmək olar.

Lakin Zeynəb elə bir nümunəvi ailədə böyüyüb boy atmışdır ki, tarix belə böyük əzəmətli ailənin şahidi olmayıb və olmayacaq da. Zeynəbin şəxsiyyəti elə bir evdə formalaşdı ki, onda iman nuru parlayırdı, səfa-səmimiyyət, eşq və mə`nəviyyət dolu idi. Bir ev ki, Əli kimi atası, Fatimə kimi anası vardı. Bu mə`sum ata və ananın nəfsani və şeytani istəkləri onlara tabe idi və bütün duyğu və istəklər, iş və hərəkətlər yalnız ilahi vəzifəni yerinə yetirməyə xidmət edərdi. Onlar Allahın razılığından başqa bir şey düşünmür, islamın inkişafı və bəşəriyyətin nicatı üçün hərəkət edirdilər.

Zeynəb bu mühitdə və belə bir ata-anasının tə`siri altında böyüyür, belə bir məktəbdə ilahi elmləri və islami qaydaları öyrənir, dini tərbiyə və əxlaqi fəzilətlər əldə edib kamilləşirdi.

Beləliklə Həzrət Zeynəb ailə, evdarlıq, uşaq tərbiyəsi, məişət idarəsi və ümumiyyətlə davranış qaydalarını anasından öyrənmişdi ki, gələcəkdə ərinin evində anası kimi öz vəzifəsinin icra etsin.

O, anasının evdə sabitlik, mehribanlıq, səmimiyyət və mə`nəviyyət yaratmaq üçün necə çalışdığını görürdü. O, atasının bu sözlərini eşitmişdi: «Həmişə evə gəlib Zəhraya baxanda qəm-qüssələrim yaddan çıxırdı. O, heç vaxt məni qəzəbləndirmədi».

Zeynəb yoldaşlıq və səmimiyyət nümunəsinin öz mehriban ata-anasının timsalında görmüşdü. O, anasının evdarlıq zəhmətlərini və qabarlı əllərini görmüş, ev işlərinin Allah yanındakı əcr və savabına vaqif olmuşdu.

O, evdə birlik və həmkarlığı ata-anasından öyrənmiş, atasının çırpı və su gətirdiyini, anasının xəmir hazırlayıb çörək bişirdiyini görmüşdü. O bilirdi ki, qadının cihadı ərinin qulluğunda durub yaxşı evdarlıq etməkdir.

Zeynəb anasının övladlarına olan məhəbbətini unutmur, bunu öz həyatının ən şirin xatirələrindən hesab edirdi.

O, anasının Peyğəmbər məscidindəki çıxışından dindarlıq, şücaət və islami dəyərləri qorumaq dərsi alıb bu yolda fəaliyyət və mübarizəni özünə vacib bilirdi.

Beləliklə, Zeynəbi-Kubra vilayət evində böyüdü, onun şəxsiyyəti bu tərbiyələr sayəsində formalaşdı. Onu, ata-anasından öyrəndiyi əxlaq, tərbiyə, mə`rifət və insani fəzilətlər simvolu hesab etmək olar. O, indi ailə quraraq ər evinə gedir, sonralar isə bu müqəddəs səngərdə nümunə olaraq öz vəzifəsini yerinə yetirib, İslam üçün mübariz övladlar tərbiyə edəcəkdi.

ATA MƏKTƏBİNDƏ

Həzrət Əlinin (ə) şəhadətində Zeynəbin təqribən 35 yaşı var idi. O, şübhəsiz atasının həyat tərzindən, əxlaqi və siyasi görüşlərindən bəhrələnmişdi. Onun atası ilə bağlı çoxlu xatirələri var idi. Bu acı və şirin xatirələr onun bir şəxsiyyət kimi formalaşmasında öz dərin tə`sirini buraxmışdı.

SƏBR VƏ DÖZÜM

O, atasının məzlumiyyət günlərinin şahidi idi. O, Peyğəmbərdən (s) sonra atası ilə necə rəftar edildiyini, onun tə`yin olunduğu vilayətin necə qəsb olunub haqqı tapdalandığını yaxşı xatırlayırdı. Zalımlar xilafət başında oturub özlərini Peyğəmbərin (s) canişini adlandırdıqları halda, Əli (ə) İslamın qorunması və müsəlmanların məsləhətindən başqa bir şey düşünmür, iyirmi beş il səbr etməklə Allahın razılığını hər şeydən üstün tuturdu.

Bu dövrdə Zeynəb hadisələri diqqətlə izləyir, bir növ təcrübə toplayırdı. çoxlarının mənsəbpərəstlik və həvəsbazlığını görüb, dostla düşməni tanıyır, Əbu Süfyan və Müaviyələrin iyrənc əməllərini və siyasi hoqqabazlıqlarını görür, zahirdə İslam libasına bürünüb, döşünə Allah nişanı taxan, əslində isə İslam və Əhli-beyti məhv etmək üçün plan cızıb həqiqəti əksinə göstərən mənfur sifətlərinin şahidi olurdu.

Zeynəb bütün bu haqsızlıqları görüb, atasının səbrinin böyüklüyünü anlayırdı. Atası belə demişdi: «Mən gözündə çöp, boğazında sümük qalmış bir adam kimi səbr edib dözdüm.»

Zeynəb onun səbrindən ilham alıb fədakarlıq dərsini öyrənirdi. Öyrənirdi ki, necə Allah yolunda əzab və məhrumiyyətlərə dözüb şəxsi mənafeyini ilahi və islami mənafelərə qurban verməlidir.

ƏDALƏT

İyirmi beş illik sükut və məzlumiyyət dövrü sona çatmışdır. Haqq və ədalətdən savayı fikri olmayan Əli (ə) camaatın tə`kidi ilə xilafət kürsüsünə əyləşib ümmətə rəhbərlik edirdi. Əlinin (ə) beş illik xilafəti Zeynəb üçün çox mühüm və maraqlı olmuşdur. Ədalətin bərqərar olduğu o dövrdə Əliyə müraciət edən, rəyasət və məqam eşqi ilə yanan dünyapərəstlərin çoxu onun qatı düşmənlərindən oldular. Onlar həzrət Əlinin (ə) buyurduğu bu ədalətli kəlamı eşitməyə qadir deyildilər: «And olsun Allaha! Osmanın haqsız olaraq müsəlmanların beytül-malından bağışladığı bütün hədiyyələri geri alacağam, hətta bu vəsaitlə izdivac etmiş və ya kəniz almış olsalar belə».

Onlar gördülər ki, Əli (ə) yoxsulluq ucbatından beytül-mala göz dikən qardaşı Əqilin bədəninə isti dəmiri yaxınlaşdırdı və onun naləsi qarşısında buyurdu: «Vay olsun sənə, Əqil! İnsanın qızdırdığı adi dəmirdən nalə edirsən, amma məni qəhhar Allahın öz qəzəbi ilə odladığı atəşə çəkirsən. Sən bundan nalə etdiyin halda, mən Cəhənnəm odundan qorxmayım?»

Həzrətin beytul-maldan bir boyunbağı əmanət almış qızına «Əgər bu boyunbağını beytül-maldan əmanət şəklində almasaydın oğurluq üstündə əli kəsilən ilk Haşimi qadın olacaqdın» - deyə buyurması onların xam-xəyalını alt-üst edirdi.

ZÜLMLƏ MÜBARİZƏ

Əlinin (ə) hakimiyyət dövrü düşmənlərlə döyüş və mübarizədə keçmişdir. Onlar öz maddi məqsədlərinə çatmaq üçün avam və həris insanlardan məharətlə istifadə edirdilər. Əlinin (ə) qarşısında Müaviyə kimi təhlükəli və hiyləgər düşmənlər dururdu. Bu rəzil insanlar öz məqsədləri naminə bütün vasitələrdən istifadə edirdilər. Əli (ə) istər bu zəhərli ünsür, istər dünya eşqi ilə yanan və Peyğəmbərin həyat yoldaşı Aişədən istifadə edən Cəməl süvariləri (Təlhə və Zübeyr) və istərsə də təqva adı altında onunla düşmənçilik edən, qətlini vacib bilən avam və yazıq Xəvaric dəstəsi ilə mübarizədən başqa bir yol görmürdü.

Zeynəb Peyğəmbərdən sonra baş verən qəmli hadisələri müşahidə edib ondan dərs alır, öz ictimai-siyasi və tarixi görüşünü artırır, atasının tükənməz fəzilətləri, ibadət və şücaətindən ilham alırdı. O atasının məktəbində öyrəndiklərinin hamısını Kərbəla, Kufə, Şam kimi böyük səhnələrdə nümayiş etdirib, öz ibadət və tədbiri, səbr və şücaəti ilə bir daha Əli qızı olduğunu sübut etdi. Elə bir Əli ki, bütün ömrünü Allah və Onun razılığı yolunda sərf edib, malik olduğu böyük qüdrətlə yanaşı səbr edib, şücaətlə düşmənini məğlub edərək ədalətə rəvac verib və nəhayət, hər şeyini öz sevgili rəbbinə qurban etmişdir.

ATA MÜSİBƏTİ

Hicrətin 40-cı ili Ramazan ayının 19-cu gecəsi müdhiş bir səda Kufə şəhərinin bütün fəzasının bürüdü: «Ədalət və düzlük imamı Əli (ə) ibadət mehrabında qətlə yetirilmişdir.»

Kufə şiələri nigaran halda özlərini imama çatdırıb halını bilmək istəyirdilər. Zeynəb isə, o həzrətin başqa övladları kimi atasının yanında idi.

O, özünü atasına necə çatdırmışdı? Onun yaralı başını, qanlı üzünü gördükdə nə etmişdi? Bu sualların cavabı dəqiq mə`lum deyil. Amma onun ürək ağrıdan oxşamaları və üzücü nalələri bu müsibətdən necə tə`sirləndiyindən xəbər verir. Daş ürəkləri əridən, həzrətin dostlarını əldən salan bu hadisə, gör Zeynəb kimi bir qızın incə və lətif qəlbinə nə edəcəkdi.

Əlinin (ə) şəhadəti və onun kimi bir atadan ayrılmaq Zeynəbə çox ağırdır. O, babası Peyğəmbərin ölümü və anası Fatimənin şəhadətindən sonra atasına daha çox bağlanmışdı. Belə bir atanın sayəsi onun qəlbinə sükunət və sərinlik gətirirdi. Amma, indi o, bu ocaqdan da məhrum olub öz dərdləri üstünə bir dərd də əlavə etməliydi. O isə, bu atanın məktəbində tərbiyə aldığından yalnız Allahın razılığını düşünüb, səbr edirdi.

İMAM HƏSƏN (Ə)-IN İMAMƏT DÖVRÜ

İmam Həsənin (ə) imamət dövründə xalqın vəziyyətini təsəvvür etmək üçün Əlinin Kufə əhli barəsində fikirlərinə diqqət etmək kifayətdir. çünki, ondan qabaq bu xalqın rəhbər və hakimi o Həzrət olmuşdur. Bu xalq Əlinin (ə) tə`biri ilə desək ağıl və şüur cəhətdən uşaq kimi, vəfasızlıqda elə bir səviyyədədirlər ki, həzrət özü «kaş onları görməyəydim» deyə arzu edir.

İmam Həsən Müctəba (ə) belə bir xalq və belə bir ruhiyyələrlə üzləşmişdir və təbii ki, bu xalqla işləmək, onlarla düşmənə qarşı mübarizə aparmaq faydasızdır. Onlardan gözləmək olar ki, imamın ayağı altından səccadəni çəkib, özünü təhqir etsinlər və ya onu öldürməyə çalışıb, qılıncla yaralasınlar.

Zeynəb qardaşı Müctəbanın imaməti dövründə də atasının məzlumiyyəti günlərində olduğu kimi xalqın vəfasızlığı, düşmənlərin hiyləsi, Müaviyənin dəqiq və geniş təbliğatı və nəhayət qardaşının məzlumiyyət və tənhalığından başqa bir şey görmədi. O, öz zaman mühitini yaxşı tanıyır və bilirdi ki, zalım əleyhinə qiyam etmək mə`sum imam ünvanında kamil insan və saleh bir bəndənin rəhbərliyi ilə yanaşı, vəfalı və müti bir xalqa da möhtacdır.

O, şahid oldu ki, Əhli-beytin müdafiə iddiaçıları çətinlik və imtahan zamanı zəiflik göstərir, dini və mə`nəvi dəyərləri fani dünyaya satıb mə`sum və ilahi rəhbərlərini öz şeytani arzularına qurban edirlər. Zeynəb dost və düşməni tanıyır, imamının istəklərini icra etməkdən başqa bir şey düşünmürdü.

Zeynəb bu müddətdə özünü qardaşı imam Həsənin (ə) bütün dərdlərinə şərik bilir, zəhərlənərkən necə ciyar qanı içdiyinin şahidi olur, onun məzlumanə şəhadətini, cənazəsinin oxlanaraq təhqir olunmasını öz gözü ilə görürdü. Nə qəmli yaşlar axdı gözündən və nə dağlar çəkildi onun dağlı qəlbinə!!!

Bu dərd və müsibətlərin, qəm və qüssələrin əzəmət və böyüklüyünü Zeynəb Aşura gecəsi dilinə gətirdi. Qardaşı imam Hüseynin (ə) oxuduğu şe`rlərdən onların da şəhadətini duyaraq fəryad etdi. «Həzər bu müsibətdən kaş ölüm həyatıma son qoyaydı. Bu gün, anam Fatimə, atam Əli və qardaşım Həsənin dünyadan gedən günlərinə bənzəyir».

Bəli, bütün bu müsibətlərdə Zeynəbin şüarı həmən Seyyidüş-şühədanın şüarıdır ki, Kərbəlanın ağır müsibət dalğalarında dodaqaltı zümzümə edirdi:

«...Səbrən əla qəzaikə, la ilahə sivakə, ya ğiyasəl mustəğisin».

«Sənin qəza və qədərinə səbr edirəm, İlahi! Səndən başqa Allah yoxdur. Ey kömək istəyənlərin fəryadına çatan!»

2-Cİ FƏSİL

ŞƏHADƏT KARVANINDA

Şəhadət karvanında

Yezid hökumətinin başlanması

İmamın Yezidin qarşısında mövqeyi

Hicrət

Məkkədən Mədinəyə hicrət

Gecə karvanı

Hüseynlə yanaşı

Karvanda məs`uliyyət

Məkkəyə giriş

Müslim ibni Əqilə tapşırıq

Hərəkat qəsdi

Müslümün qiyamı və İmamın hərəkatı

Ümumi də`vət

Əbdullah ibni Cə`fərin məktubu

Acı xəbər

Zeynəb nə eşitdi?

Kərbəla və əbədiyyət

Kərbəlaya giriş

Zərurətin sübutu

Yezidlə bey`ət heç zaman!

Düşmən qarşısında müqavimət

Tasua günü

Aşura gecəsində Zeynəb şəfqəti

Zeynəb Bəni-haşim müdriki

Zeynəbi üzən xəbər

Seyyidüş-şühəda müsibətinin əzəməti

İmamın Zeynəbə tövsiyələri

Zeynəbdən öyrəniləsi dərs

Gecənin qaranlığında

Zeynəbin İmamla söhbəti

Sübh açılır

Eşq namazı

İmamın sözü

Həzrət Zeynəb həyatının ən mühüm və əzəmətli dövrü imam Hüseynin (ə) dövrünə, eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf edir. Həzrət Zeynəbin təvəllüddən imam Hüseynin (ə) hərəkatına qədərki həyatının tarixdə qeyd olunmasına baxmayaraq, bu dövrə aid olan bə`zi nöqtələr qaranlıq qalmışdır. Lakin onun həyatının son illəri, yə`ni imam Hüseynlə (ə) birgə mübarizədən sonrakı dövr aydın surətdə qeyd olunmuş, özünə məxsus əzəmət və cəlalı ilə nəzərə çarpmışdır. Sanki, imam Hüseynin (ə) qiyamını Zeynəbsiz və Zeynəbi qiyamsız təsəvvür etmək mümkün deyil. çünki, imam Hüseyn (ə) qiyamının hər tərəfli təhlili üçün Zeynəbi öyrənmək lazımdır və əgər belə demək mümkünsə, Zeynəb Seyyidüş-şühəda hərəkatının canlı tarixi, ölməz natiqidir.

Zeynəb Kərbəla tarixi ilə hərəkətdədir və bu tarixin bütün hadisələrinin Zeynəblə sıx əlaqəsi vardır. Bu səbəbdən Zeynəbin həyat tarixini Kərbəlasız təsəvvür etmək mümkün deyil.

Zeynəb imam Hüseyn (ə) hərəkatının bütün səhnələrində nəzərə çarpır. Bu əsasla demək olar ki, Kərbəla hadisəsi imam Hüseyn (ə) həyatının böyük bir hissəsini təşkil etdiyi kimi, həzrət Zeynəb həyatının da izzət və əzəmətli dövrünə təsadüf edir.

Həzrət Zeynəbin tarixinin Kərbəla tarixi ilə sıx bağlılığını nəzərə alaraq imam Hüseyn (ə)-ın əzəmətli və əbədi hərəkatının xülasəsini bəyan edir, Zeynəbin böyük vəzifəsi, habelə şücaət və fədakarlığı ilə daha yaxşı tanış oluruq:

YEZİD HÖKUMƏTİNİN BAŞLANMASI

Müaviyənin ölümü ilə onun 20 illik alçaq və rəzil hökuməti dövrü sona çatdı. O, bu 20 il ərzində xalqın ürəyinə elə qorxu və vəlvələ salmışdı ki, heç kim Peyğəmbər Əhli-beytindən danışmır, onları müdafiə edə bilmirdi.

Onun hökuməti illərində şiələrin vəziyyəti olduqca ağır idi. Müaviyə ya onları öldürür, ya həbs edir və ya vətənlərindən didərgin salırdı. Həzrət Əli (ə) və Əhli-beytin fəzilətləri barəsində hədis deyənlərin tə`qib olunacağını isə rəsmi surətdə e`lan olunmuşdu.

O, Əhli-beyt əleyhinə hər növ fitnə və fəsaddan istifadə edirdi. Onlara qarşı təbliğat və şayiələr elə bir həddə idi ki, Şam əhli həzrət Əli (ə)-ın namaz mehrabında şəhid olmasını eşidəndə təəccüblə soruşurdular: Məgər Əli namaz qılardı?

Müaviyə bu mühiti oğlu Yezidin hakimiyyətə gəlməsi üçün hazırlamışdı. Heç kəsin onun qarşısında e`tiraz etmək iqtidarında olmadığını oğluna söyləmiş, yalnız imam Hüseyn (ə) tərəfindən təhlükə gözlədiyini ona xatırlatmışdı.

Yezid belə bir vəziyyətdə hökumətə çatdı və ilk növbədə atasının hökumət nümayəndəsinə məktub yazıb imam Hüseyndən onun üçün bey`ət almasını əmr etdi.

İMAMIN YEZİD QARŞISINDA MÖVQEYİ

İmam Hüseyn (ə) bilirdi ki, xalqın Əhli-beytə meyli var və onun Yezidlə bey`əti bütün müsəlmanların onunla bey`əti deməkdir.

İmam (ə) Yezid hökumətini qeyri-şər`i və fasiq bilirdi. Bunun üçün də Mədinə hakiminə cavabında buyurdu: Biz kəramət Əhli-beyti və risalət xəzinəsiyik... Mən babam Rəsulullahdan eşitdim ki, buyurdu: «Əbu Süfyan övladlarına xilafət haramdır,» belə olan halda mən bu sülalə ilə necə bey`ət edə bilərəm.

Bu hadisədən sonra Mədinə hakimi Yezidə cavabında yazdı: Hüseyn ibni Əli səni xilafətə layiq bilmir və səninlə bey`ət etmək fikri də yoxdur. Əmrin nədir?

Yezid cavab yazdı ki, məktubu alan kimi dərhal mənim müvafiq və müxaliflərimi müəyyən edib, Hüseyn ibni Əlinin başı ilə birgə mənə göndər.

HİCRƏT

Hicrət kəlməsi gözəl bir ifadə olub, Qur`anda “iman”“cihad” kəlməsi ilə yanaşı işlənilmişdir.

Əgər İslamın tərəqqi amillərindən biri də həmin hicrət olub desək yanılmarıq. Peyğəmbərin təklifi ilə bə`zi müsəlmanların Məkkədən Həbəşəyə və Peyğəmbər və müsəlmanların Məkkədən Mədinəyə ümumi hicrəti çoxlu əsər və bərəkətlərin mənşəyi olmuşdur.

Peyğəmbərin hicrəti islam və müsəlmanlar üçün ciddi dəyişiklik yaradıb, onun ilkin islam hökumətinin bərqərar etməsinə zəminə yaratdı. Sonra isə müsəlmanların mübarizə və fədakarlığı ilə islamın izzət və əzəməti gün-gündən artdı və beləliklə, hicrət müsəlmanların tarix başlanğıcı hesab olundu. Bu elə bir hicrət idi ki, islam hökumətinin möhkəm sütunlarını bərpa etdi və onun vasitəsi ilə islam ayaq tutub yeriməyə başladı.

MƏKKƏDƏN MƏDİNƏYƏ HİCRƏT

Lakin, islam tarixində bir hicrətlə də rastlaşırıq ki, Mədinədən Məkkəyə olmuşdur. Böyük bir hicrət ki, onun əsası islam dini və Peyğəmbərin ali məqsədlərini qorumaq idi. Qanlı-qadalı bir hicrət ki, imam Hüseyn (ə) öz Əhli-beyti və yoldaşları ilə dini heysiyyət və Peyğəmbərin zəhmətinin nəticələrini qorumaq üçün başladı.

Həzrət Mədinədən çıxarkən qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı vəsiyyətnaməsində öz hicrətinin məqsədini belə bəyan edir.

«Mən istirahət və rahatlıq, zülm və ədalətsizlik, təkəbbür və ya fəsad xatirinə Mədinədən çıxmıram. Mənim məqsədim cəddim Peyğəmbər ümmətini islah etməkdir. Mən istəyirəm yaxşılıqa də`vət edib pislikdən çəkindirəm, babam Peyğəmbər və atam Əli ibni Əbi Talibin yolu ilə gedəm.»

GECƏ KARVANI

Hicrətin 60-cı ili, Şə`ban ayının üçüdür. Qaranlıq öz kölgəsini Peyğəmbər şəhəri Mədinəyə salmışdır. Gecə qaranlığı, zülm və istibdad qaranlığı, cəhalət və nadanlıq qaranlığı. İmam qaranlıqları sevməz. Bu gecə imam Hüseyn (ə) onları nura çevirmək niyyətindədir.

Mədinə daha Hüseynin (ə) yeri deyil. Mədinədə qalmaq məhv olmaq, islam düşüncəsinin, Peyğəmbər və Əli zəhmətlərinin əldən çıxması deməkdir. İmam isə din keşikçisidir. Bu səbəbdən buradan getmək, hicrət etməkdən başqa çıxış yolu görmür. Gecənin qaranlığında düşmənlərin gözündən uzaq, camaatın xəbəri olmadan.

Geriyə Mündəricat Növbət