Geriyə Mündəricat Növbət

Beləliklə İmam (ə) səhabələrin qarşıdakı yollarını göstərmək, ölüm və dünya həqiqətlərini bəyan etməklə onların imanını möhkəmlədib qəhrəmanlıq və şücaət dastanı yaratmaq üçün hazır etdi.

ÜÇÜNCÜ FƏSİL

ZEYNƏB AŞURA HADİSƏLƏRİNDƏ

Zeynəb Aşura hadisələrində

Əliəkbərin cənazəsi kənarında

Zeynəb övladlarından şəhid

Eşqin nümayişi

Aram və dözümlü olmağın sirri

Əhli-beytlə vida

İmamın son istəyi

İmam (ə)-ın şəhadəti

Zeynəbin fəryadı və düşmənin daş qəlbi

Ürək ağrıdan xəbər

Hadisədən sonra

Düşmənin qarət və talanı

Əzizlərinin cəsədi kənarında

İmam Səccad (ə)-ın müdafiəsi

Məni də onunla öldürün

İmam Səccad (ə)-a tibbi yardım

Zeynəbin imamı sakitləşdirən sözləri

Döyüş başlanır. Kərbəla çölünü dolduran hadisələr, burulğanlar bir-birini əvəz edir. Hər qəhrəmanlıqdan sonra yeni bir qəhrəmanlıq, hər şəhadətdən sonra yeni bir dərd gəlir. Zeynəb bu meydanın tamaşaçısıdır. Sözsüz ki, bu səhnələr onu incidir, hər biri yeni bir dərd olur. Vəfalı Hüseyn bacısının qəlbini ağrıdan və belini sındıran da məhz bu səhnələr idi.

Toz-torpaq kimi üstünə səpələnən bü müsibətlər Zeynəbə nüfuz edib onu yolundan azdıra, islam və imamına olan təəssübünü qıra bilmirdi. çünki, o, Əli qızı və onun səbr məktəbinin davamçısıdır. Bütün yeri-göyü və Allah mələklərini ağlar qoyan, hamını matəmə qərq edən Kərbəla faciələri, əzəmətli və böyük Zeynəb ruhunu sındıra bilmədi. Dərd və müsibətlər odlu oxlar kimi onun qəlbinə sancılıb, qana boyadı, lakin canında olan eşq və ruhi böyüklük onu eləcə, möhkəm saxlamışdı.

Hələ Zeynəb yolun əvvəlindədir. Qarşıda aləmin ən böyük qəm-qüssələri ilə dolu uzun bir yol vardır. Bu uzun yol, Əməvi hökumətinin kin və düşmənçiliyi ilə dolu mənfur viranəlikdən ibarətdir. O, elə məhz bu yolları keçməli və qanlı Kərbəla hərəkatının [qalibiyyət] bayrağını tarixə təqdim etməlidir. Gərək elə bir karvana başçılıq etsin ki, hamısı Kərbəla qaranquşları və Aşura yadigarlarıdır. Bu qandallı məzlumların macərası isə, bu xülasəyə sığmayan geniş bir dastandır.

Aşura hadisələrinin çoxu Zeynəbə dəyən müsibət sillələri olmasına baxmayaraq, biz bu kitabda müraciət edib, Zeynəbin birbaşa iştirakı olan səhnələri təsvir etməyə çalışacağıq. Bununu üçün də geniş Kərbəla tarixindən bir neçə səhnə haqqında söhbət açacağıq.

ƏLİƏKBƏRİN CƏNAZƏSİNİN KƏNARINDA

İmam Hüseyn (ə)-ın qeyrətli oğlu Əliəkbər onun başqa övladları arasında həzrət Peyğəmbərə daha çox oxşayırdı. Onun nurlu çöhrəsi, pak təbiəti və gözəl əxlaqı Zeynəb və Seyyidüş-şühədanın əziz babası həzrət Peyğəmbəri xatırladırdı. Heç şübhəsiz ki, bu xüsusiyyətlər Zeynəbin ona Allah Rəsulunun bu pak sülaləsinə olan məhəbbət və bağlılığını daha da artırmışdı. Bütün bunlar onu, Əliəkbərin imamı ağladan ağrılı-acılı şəhadətində qardaşına şərik etdi.

İmamın səhabələri şəhadətə çatmayınca Əhli-beytdən heç kimi meydana buraxmadılar. Bütün səhabələr şəhid olandan sonra Əhli-beytdən meydana gedən ilk döyüşçü imam Hüseyn (ə)-ın böyük oğlu Əliəkbər idi.

Əliəkbərin gözəlliyi, əxlaqı fəzilətləri və digər xüsusiyyətləri məşhur idi. Bu vilayət mövludunun əsl vəsfini İmamın (ə) dilindən eşidək. İmam Hüseyn (ə) oğluyla vidalaşan zaman onun gözəl üzünə və uca qamətinə məhəbbət dolu nəzər salaraq, üzünü göyə tutub buyurdu:

«Əllahümməşhid əla haulail qovmə qəd bərəzə iləyhim ğülamun əşbəhunnasi xəlqən və xulqən və məntiqən bi rəsulikə. Kunna izəştəqna ila nəbiyyikə nəzərna ila vəchihi».

«İlahi, şahid ol ki, xilqətdə, əxlaqda və danışıqda Peyğəmbərinə ən çox oxşayan cavan onlara tərəf gedir. Bir cavan ki, Peyğəmbər üçün darıxanda onun üzünə baxırdıq.»

Təbii ki, belə bir övladdan ayrılmaq imam Hüseyn (ə) üçün heç də asan deyildi.

Heç bir tarix kitabında görünməmişdir ki, imam Hüseyn (ə) Əliəkbərdən başqa bir nəfər üçün ağlamış olsun: Vidalaşan zaman, meydandan qayıdıb atasından su istəyəndə və doğranmış bədəni yanında.

Seyyüdüş-şühədanın dilavər oğlu meydana gedir. Yorğunluq və möhkəm susuzluqla yanaşı düşmənə çoxlu zərbələr endirir. Sonra, aldığı çoxlu yaralarla atasının yanına gəlib su istəyir: İstəyir ki, su içib, düşmənə qarşı yeni qüvvə ilə vuruşsun. İmam Hüseyn (ə) ağlayıb deyir: «Oğlum, get meydana. Tezliklə cəddim Rəsulullahın əlindən su içəcəksən.»

Əliəkbər yenidən meydana gedir. Amma bu dəfə çox keçməmiş onun səsi ucalır. O, atası ilə vidalaşırdı. İmam Hüseyn (ə) özünü meydana çatdıraraq oğlunun cəsədi yanında üzünü onun üzünə qoyub buyurdu: Allah səni öldürənləri öldürsün. Səndən sonra kül olsun dünyaya və onun həyatına.

İstəkli övladının müsibətinə İmamın ürəyi yanır, göz yaşı tökür. O vaxtacan heç kim imam Hüseyn (ə)-ın ağlamaq səsini eştməmişdi.

Zeynəb hər şeyi görür və qardaşının ağlamasını eşidirdi. Qəzəb və nifrət qəhri boğazını tutduğundan, qəm ürəyinə ağırlıq edir, qardaşının ağlar səsi isə canına od salır. Qəmli sifətlə tələsik xeymədən çıxıb Əliəkbəri “Ey əziz, ey əziz qardaş oğlum” – deyə novhəylə çağırırdı. Tez özünü ona çatdırır. Onu qucaqlayır ki, qəlbi təskinlik tapsın və dərdələri sakitləşsin. Amma neyləmək ki, bu ağır müsibətə də dözmək məcburiyyətindədir. Qardaşı imam Hüseyn (ə) ona toxtaxlıq verərək, oğlunun cəsədi başından qaldırıb xeymələrə tərəf qaytarır.

Beləliklə, Zeynəb çox sevdiyi bir əzizini əldən verir və bununla da onun dağlı sinəsinə daha böyük dərd əlavə olunur. Bundan az və yüngül müsibət hər bir insanı təslim etməkdə kifayət idi. Lakin, Zeynəb üçün bütün bunlara dözməyi asanlaşdıran, onun islama və zəmanənin imamına təəssübü idi. O, yalnız ilahi vəzifəsini düşünür, Allahın məsləhəti və imamının fərmanına tabe olurdu. Elə bütün bunlar Zeynəbə səbr, dözüm və arxayınlıq bəxş edir, pak əqidəsi, xalis imanı və mə`nəvi qüdrəti, sonacan onu möhkəm və dözümlü saxlayırdı.

ZEYNƏB ÖVLADLARINDAN ŞƏHİD

Mə`lum olduğu kimi, Zeynəbi-Kubranın əri Əbdullah ibni Cə`fər, imam Hüseyn (ə) Məkkədən çıxarkən, o Həzrətə bir məktub yazıb, oğulları Məhəmməd və Ounu məktubla birgə İmamın yanına göndərdi ki, ona qulluq etsinlər. Bu iki nəfər Kərbəla vaqiyəsində iştirak etmiş və hər ikisi şəhid olmuşlar. Məhəmməd haqda dəqiq mə`lumat olmasa da, qəti surətdə mə`lumdur ki, Oun, Əbdullahın həzrət Zeynəbdən olmuş oğludur.

Aşura günü Məhəmməd şücaətli bir döyüşdən sonra şəhid oldu. Ondan sonra isə, qardaşı Oun döyüşə hazırlaşır və bir rəcəz oxuyaraq özünü belə təqdim edir:

«Əgər məni tanımırsınızsa, mən Cə`fərin - həqiqi şəhidin oğluyam ki, behiştdə parıldayaraq, yaşıl qanadlarla uçacaqdır. Məhşər günü şərafət üçün isə elə bu qədər kifayətdir».

Sonra düşmənə hücum edib, atlılardan üçünü piyadalardan isə on səkkizini öldürdükdən sonra şəhadətə yetişir.

Zeynəbin oğlu Ounun şəhid olduğu vaxt yaşı haqda dəqiq mə`lumat yoxdur. Amma, Seyyid Mürtəzanın onun üçün nəql etdiyi bir ziyarətnamədən mə`lum olur ki, yeniyetmə olmuşdur. çünki, o ziyarətnamədə belə oxuyuruq: «Salam olsun sənə, ey Oun ibni Əbdullah ibni Cə`fər ibni Əbu Talib! Salam olsun sənə, ey Peyğəmbər qucağında böyümüş və onun əxlaqına iqtida edənin oğlu! Və salam olsun sənə ki, yeniyetmə vaxtında, hələ bədəni güclənib, möhkəmlənməmiş Peyğəmbər hərəmini müdafiə etdin, arxayın qəlb və aram ürəklə düşmən nizələrinin istiqbalına getdin və nəhayət ən yaxşı əməllə Allaha qovuşdun!»

Zeynəb (s)-ın öz şücaətli oğlu Ounun şəhadətini necə qarşılaması tarixdə qeyd olunmamışdır. Amma, Zeynəb kimi insandan bu müsibətin qarşısında da yalnız səbr gözləmək lazımdır. Övlad şəhadəti, onun üçün Seyyidüş-şühəda və onun övladlarının şəhadəti qarşısında çox asandır. Çünki, Zeynəbin nəyi olsa da, o, özünü Hüseyn (ə) yolunun fədaisi bilir. O, həqiqətən də vilayətə e`tiqadlı idi və «Ənnəbiyyu ovla bil mö`mininə min ən fusihim» ayəsinin mə`nasını çox gözəl başa düşürdü.Bilirdi ki, Peyğəmbər (s) övladlarını hər şeydən, hətta öz canı və övladlarından da üstün tutulmalıdır.

EŞQİN NÜMAYİŞİ

Aşura gününün hər anı, Allah yolunda fədakarlıq və mübarizənin ən böyük qəhrəmanlarını özüylə meydana aparır. Seyyüdüş-şühədanın səhabə və köməkçiləri bir-bir eşq və isarın ən əzəmətli səhnələrini tamaşaya qoyur və Kərbəla çölünü elə kişilərin canfəşanlıqlarının tamaşasına çevirir ki, onlardakı vəfa və paklığın misli tarixdə görünməmiş və görünməyəcəkdir. Belə bir tamaşa və Zeynəb kimi bir tamaşaçı ki, hər şəhadət ürəyinə bir dağ qoyur, yalnız qamətinə müsibət zərbəsi endirir. Lakin, bu zərbələr onun müqavimət və möhkəmliyi qarşısında sınır, aram, böyük ruhuna baş əyir.

Və indi Zeynəb Əhli-beytin məzlumiyyəti və yezidlərin alçaqlığı üçün fəryad qoparan ən acı səhnələrdən birinə şahiddir.

İmam Hüseyn (ə) son anlarda Zeynəbin xeyməsinin yanına gəlir.

Bacı, kiçik uşağımı mənə ver, onunla vidalaşım.

Zeynəb qardaşının südəmər oğlunu ona verir. Susuzluğun əldən saldığı bir südəmər körpənin halını kim təsvir edə bilər? Və kim ağır müsibətlərdən sonra kiçik uşağının öldürücü susuzluğu və qızdırmasına baxan bir atanın halını doğru-düzgün təsəvvür edə bilər?

Ata, belə susuz bir körpə ilə necə vidalaşsın? Vidalaşmaq üçün onu öpməkdən başqa bir yolu varmı? Amma, atanın dodaqları uşağın hərəkətsiz üzünə çatmamış düşmən Hərmələnin oxu onun kiçik boğazını deşib, qəmli Kərbəla torpağına qan toxumu səpir. Bir ərəb şairinin tə`biriycə desək, düşmənin oxu uşağın boğazını Hüseynin dodaqlarından tez öpür.

İmam Hüseyn (ə) uşağı Zeynəbə qaytarır. Hər iki əlini körpənin boğazının qanı ilə doldurub, göyə səpir və bu gözəl kəlamı buyurur:

«Hovnun ələyyə ma nəzələbi ənnəhu bi əynillah».

“Mənə nə (müsibət və çətinlik) olsa asandır. çünki, Allah onu görür və bütün bunlar, onun gözləri qarşısındadır.”

İmam Baqir (ə) buyurmuşdur: “O qandan bir damcıda da yerə qayıtmadı.”

Əliəsgərin atasının qucağında acı şəhadət səhnəsi çox ağır və tə`sirli ola bilərdi, amma bütün bunları asanlaşdıran yalnız imam Hüseyn (ə)-ın eşqi idi. Aşura – Allaha eşq günü, Kərbəla isə Hüseynin öz Allahı ilə ən böyük eşq meydanıdır.

Seyyüdüş-şühəda (ə) hər şeyini öz mə`şuquna qurban etmək üçün meydana gətirilmişdi və bütün bunları özünə asan bilirdi. çünki, o, öz məhbub və mə`şuqunu öz yanında və hadisələrə şahid bilirdi.

ARAM VƏ DÖZÜMLÜ OLMAĞIN SİRRİ

Bəlkə də imam Hüseyn (ə)-ın südəmər körpəsinin şəhadət səhnəsi, Zeynəbin Aşura günü öz gözləri ilə gördüyü ən qəmli səhnələrdən biri idi. Amma, Zeynəbi möhkəm saxlayan, ona aramlıq və arxayınlıq verən, dözümünü artıran və Hüseyn (ə) yolunun davamına hazırlayan Seyyüdüş-şühədanın müsibəti vaxtı dilinə gətirdiyi sözlər idi. Allahın işi qarşısında razılıq və təslimçilikdən dolu bir ürəkdən axan bu sözlər ixtiyarsız olaraq Zeynəbin pak qəlbinə oturmuşdu.

«Hovnun ələyyə ma nəzələbi ənnəhu bi əynillah».

Seyyüdüş-şühəda bu qısa cümləylə bir dünya mə`rifət, tovhid, iman, təvəkkül, təslim və razılıq nümayiş etdirirdi. Zeynəb də qardaşının göyün mələklərini təəccübə gətirən səbrindən ilham alır. Öyrənir ki, ən ağır dərd və əzablar da Allah yolunda asandır.

Doğrusu haqqa və Allah hüzurunda vəzifə icraçısına olan eşqdən savayı hansı e`timad yeri imam Hüseyn (ə)-ın və bacısı Zeynəbin ruhuna aramlıq bağışlaya bilər?! İndiyə qədər şəhid və ya əlil olmuş, zərər çəkib, müsibət görmüş insanların anaları, bacıları, həyat yoldaşları, qohumları, uşaqları Aşura tarixinin bu zirvəsi barədə düşünüblərmi? Təsəvvür ediblərmi ki, Əliəsgərin üzücü şəhadət səhnəsi nə qədər ağır və çətindir. Doğrusu, nəyə görə Hüseyn və Zeynəb bu qədər aramdırlar? Belə deyilmi ki, onlar Allahın razılığını hər şeydən önə salıb, öz ürəklərini Allahın zikri ilə aram edir və özlərini Allahın qarşısında bilirlər.

ƏHLİ-BEYTLƏ VİDA

İmam Hüseyn (ə) öz ətrafına baxır. Bütün səhabə və köməkçiləri şəhadətə çatıblar. O, ən yaxşı və vəfalı insanlardan ibarət olan Əhli-beyti ilə vidalaşmaq üçün xeymələrə sarı gedir. Əhli-beytin ən əziz və ən istəkliləri olan Hüseyndən ayrılmaq onlar üçün necə də ağırdır! çox çəkməyəcək ki, Allahın ən yaxşı məxluqu və özlərinin ən böyük hamilərini Kərbəlanın isti torpaqları üzərində görəcəklər.

Bu ayrılığın İmam (ə)-a Əhli-beytdən hansı biri üçün daha çətin olmasını söyləmək olmaz. Lakin, bu iddianı etmək olar ki, bu, tarixin ən dərdli vidası olmuşdur. İmam Hüseyn (ə) nida edir: «Ey Səkinə! Ey Fatimə! Ey Zeynəb! Ey Ummu Gülsüm! Salam olsun sizə! Bu görüşün son anlarıdır!» İmamın istəkli qızı Səkinə qışqırır. Ey ata! ölümə gedirsən? İmam buyurdu: Heç bir dostu, köməyi olmayan şəxs, necə ölümə getməsin?

Sonra Əhli-beyt qadınları şivən edir və İmam (ə) onları sakitləşdirir.

İmam (ə) Səkinəni çox sevir. Onu sinəsinə sıxıb, gözlərinin yaşını silir və buyurur: «Ey Səkinə, bil ki, məndən sonra çox ağlayacaqsan, amma hələ ki, bədənimdə can var, göz yaşlarınla məni həsrətdən ayırma!»

Aşura günüdür. İmam Hüseyn (ə) anbaan öz mə`budunun görüşünə yaxınlaşır. Köməkçi və müdafiəçilərindən, daha heç kəs qalmamışdır. İmamın mübarək bədəninin çoxlu yarası vardır. Susuzluq onu çox zəiflətmiş, əzizlərinin dağlı ürəyini sındırmışdır. Qardaşı Əbbasın şəhadəti onu hər şeydən daha çox kədərləndirmişdir və Hüseyn (ə) düşmənin zahiri baxışında tənha və yalqızdır. Lakin, bütün bunlarla yanaşı, onun qəlbi arxayın və aramdır. O, dodaqaltı və batində öz Allahı ilə danışır, aşiqanə pıçıldayır. Düşmən özü də e`tiraf edir ki, müsibət və təzyiqlər onun səbr və müqavimətini azaltmamışdı.

Hər an şəhadətə yaxınlaşdıqca imam Hüseyn (ə)-ın çöhrəsi daha şad və işıqlı görünür.

Bu təklik hərəm xanımları və uşaqları üçün çox ağırdır. necə dözmək olar ki, yer üzünün ən əziz və şərafətli insanı, Allahın höccəti heç bir köməksiz düşmən mühasirəsində qala?!

Bu vaxt imam Həsən (ə)-ın kiçik oğlu Əbdullah xeymələrin arasında idi. O, əmisinin tənhalığını görüb, ixtiyarsız olaraq xeymədən çıxır. Tələsik özünü düşmənlərin arasına salır. Zeynəbi-Kubra, hərəm xanımları və uşaqlarından çox muğayatdır və öz imamının fərmanını yerinə yetirir. Amma deyəsən qardaşının başına gələnlərin ağırılığı ona hər şeyi unutdurmuşdur. O, birdən görür ki, Əbdullah İmam Hüseyn (ə)-a tərəf qaçır. Zeynəb sür`ətlə onu tə`qib edir. İmam Hüseyn (ə) da əmr edir ki, Zeynəb onu saxlasın. Amma Zeynəb bir şey edə bilmir. Əbdullah and içir ki, əmimdən ayrılmaram. Bu vaxt düşmənlərdən biri İmama qılınc çəkir. Əbdullah öz qolunu düşmənə qalxan edir. Qılınc zərbəsindən qolu möhkəm zədələnib dəridən asılı qalır. Uşaq qışqırır. İmam onu qucaqlayıb dözməyini istəyir. Birdən Hərmələ ona tərəf bir ox atıb, Əbudullahı İmamın qucağında şəhadətə yetirir. Zeynəb isə eləcə səhnəyə baxır. Dağ üstə dağ, səbr üstə səbr.

İMAMIN SON İSTƏYİ

Kərbəla və Aşuranın iki cəhəti vardır. İnsaniyyət, kamal və fəzilət zirvələrini göstərən cəhət Seyyüdüş-şühəda cəbhəsində yaranmışdır. Bu qanlı çöhrədə iman, cihad, eşq, isar və bütün yaxşılıqlar görünür. Digər üzündə isə rəzalət və alçaqlığın son həddi vardır.

Düşmən cəbhəsinin rəzalət və əyriliyini sübut edən səhnələrdən biri, imam Hüseyn (ə)-ın köhnə paltar istədiyi səhnədir. İmam onu altdan geymək istəyirdi ki, şəhid olandan sonra, daha düşmən onları da qarət etmək fikrinə düşməsin. O həzrət üçün dar paltar gətirdilər. Həzrət buyurdu: Bu zillət libasıdır. Başqa bir paltar gətirdilər.

İmam fəzilət nümunəsidir. O, izzətlidir və heç vaxt zillətə boyun əyməz. Onun şüarı:

«Heyhat minnəz-zillət».

“Heyhat, alçaqlıq bizdən uzaqdır” sözləri.

İmamın istədiyi son paltarı kimin gətirdiyi tarixdə qeyd olunmamışdır. Amma, güman etmək olar ki, o, Zeynəb olmuşdur. çünki, İmama ən yaxın adam o idi.

O, İmamın sözlərini xeymələrə çatdıran və onunla Əhli-beyt arasındakı rabitəçi idi. Onun bir qulağı hərəm əhlinin “Əl-ətəş” nalələrində, o biri qulağı isə döyüş meydanında, Hüseyn (ə) səsindədir. Bir gözünü xeymələrə, o biri gözünü isə Hüseyn (ə) tərəf dikmişdir. O, Zeynəbdir, Hüseyn bacısı və onun istəyəni. Onun cismi xeymələrdə, qəlbi isə Hüseynlədir. Hüseyn (ə)-ı xatırlamaqla ürəyi sakitləşir. çünki, Hüseyn varlıq dünyasının aramlığı, Allahın höccətidir və yer-göy hamısı onun vücudu ilə aramdırlar.

İmam, düşmənin pisliyinə agahdır. Köhnə paltar istəyir və bundan əlavə onun neçə yerini cırır ki, tamamilə dəyərsiz olsun. Sonra onu paltarlarının altından geyir. Amma, düşmən o qədər alçaqdır ki, bu tədbirlər onu fikrindən daşındırmaz.

«Fələmma qətələ cərrəduhu minhu».

“İmam şəhadətə yetişən kimi həmən köhnə paltarı da mübarək bədənindən çıxartdılar.

Paltarının altından köhnə libas geyindi ki,

rəzil və alçaq düşmən onu da əynindən çıxarmasın.

Axı atların dırnağı altında paltara nə ehtiyac var?

Daha bədən qalmadı ki, paltar və ya kəfənlə örtsünlər.

İMAMIN ŞƏHADƏTİ

Kərbəla çölü, tarixin ən böyük hadisələr yatağı, Aşura isə bəşəriyyət və varlıq aləminin ən acı və qəhrəman günüdür. Yer və göyü, aləmin mələk və mövcudlarını ağladan bir hadisə sona çatır. Qan göydən yağıb, yerdən qaynayır. Səma qaralır, qırmızı küləklər əsir və üfüq qan içində batır. İnsanlar əzab gözləyirlər. Peyğəmbərin vəfatından sonra ən böyük müsibətlərdən biri Əhli-beytə üz tutur. İmam Həsən (ə)-ın sözü ilə desək: Aləmdə onun kimi bir gün yoxdur.

Geriyə Mündəricat Növbət