Geriyə Mündəricat Növbəti

Şəbravi Şafeyi «Әl-ithafu bihubbil-əşrəf» kitabında yazır: «Müslim, Termezi və Hakim öz kitablarında Zeyd ibni Әrqəmdən rəvayət ediblər ki, (bir gün) Peyğəmbər (s) bizim aramızdan qalxıb xütbə oxudu və Allaha həmd-səna etdikdən sonra belə buyurdu:

«Ey insanlar! Mən də bir bəşərəm və yaxın vaxtlarda Rəbbimin elçisi (ölüm mələyi) mənim yanıma (canımı almağa) gələr və mən də ona cavab verərəm (dünyadan köçərəm.) Mən sizin aranızda iki qiymətli və ağır əmanət qoyuram. Onlardan birincisi içərisində nur və hidayət olan Allahın kitabı (Qur᾽an)dır. Bəs Allahın kitabını tutun və ona sarılın.» Sonra buyurdu: «Digəri isə mənim Әhli-beytimdir (ə). Sizdən istəyirəm ki, onlar barəsində düşünərkən və rəftar edərkən Allahı yaddan çıxarmayasanız».[49]

Şəbravi yenə yazır: Ayrı bir rəvayətdə belə deyilmişdir:

«Mən sizin aranızda iki şey qoyub gedirəm. Әgər onlara tabe olsanız, heç bir zaman yoldan çıxıb azmazsınız. O iki şey Allahın kitabı və mənim Әhli-beytimdir.»

Ayrı bir yerdə bu hədisin axırı bu şəkildə nəql edilmişdir:

«O iki şey Cənnət hovuzunda mənə qovuşana qədər bir-birlərindən ayrılmazlar. Baxın görün məndən sonra onlarla necə rəftar edəcəksiniz.»

Yenə də Şəbravi ibni Həcərin «Səvaiq» kitabından belə nəql edir: «Peyğəmbər (s) Qur᾽an və Әhli-beytə «Səqələyn» adını verdi. Çünki, «Səql» minnət ilə verilən dəyərli və ağır şeyə deyilir.

Qur᾽an və Әhli-beyt də bu xüsusiyyətə malikdirlər. Məhz buna görə də Peyğəmbər (s) öz ümmətini onlara tabe olaraq yolları ilə getməyə təşviq edir. Bə᾽ziləri isə deyirlər: «Onların hüquqlarının qorunması və riayət edilməsi vacib olduğu üçün onlara «Səqələyn» adı verilib. Onlar Allahın kitabını hamıdan artıq bildikləri üçün və Cənnət hovuzunda Peyğəmbərə (s) qovuşana qədər Qur᾽andan ayrılmayacaqlarına görə əziz tutulmalı və onların hüquqlarına riayət olunmalıdır.[50]

Mərhum əllamə şeyx Məhəmməd-Cavad Bəlaği «Alaur-rəhman fi təfsiril-Qur᾽an» kitabında belə yazır: «Səqələyn hədisi hamı tərəfindən qəbul edilən hədisdir. Onu sünni qardaşlarımız da öz kitablarında yazmış və bu hədisi Peyğəmbərin (s) özündən eşidən səhabələrdən belə rəvayət etmişlər:

Səqələyn hədisini həzrət Peyğəmbərdən (s) eşidib nəql edənlər:

1. Әmirəl-mö᾽minin Әli ibni Әbi-Talib (ə).

2. Abbdullah ibni Abbas.

3. Әbuzər Ğəffari.

4. Cabir Әnsari.

5. Abdullah ibni Ömər.

6. Hüzəyfə ibni Әsad.

7. Zeyd ibni Әrqəm.

8. Әbdürrəhman ibni Of.

9. Zəmirə Әsləmi.

10. Amir ibni Leyla.

11. Әbu Rafe.

12. Әbu Hüreyrə.

13. Abdullah ibni Həntəb.

14. Zeyd ibni Sabit.

15. Ümmü Sələmə.

16. Ümmü Hani (Әlinin (ə) bacısı).

17. Xəzimə ibni Sabit.

18. Səhl ibni S᾽əd.

19. Әdi ibni Hatəm.

20. Әqəbə ibni Amir.

21. Әbu Әyyub Әnsari.

22. Әbu Səid Xidri.

23. Әbu Şureyh Xəzai.

24. Әbu Qədamə Әnsari.

25. Әbu Leyla.

26. Әbu Heysəm ibni Әttihan.

Ümmü Hanidən sonra adları çəkilən səhabələrin hər biri bu hədisi həm ayrılıqda zikr etmişlər və həm də bir gün Qureyşdən yeddi nəfər ilə birlikdə Kufə meydanında yığışaraq bu hədisi həzrət Peyğəmbərdən (s) eşitdiklərini e᾽lan etmişlər.

Deməli, bu yeddi nəfər hesaba alınmaqla səhabədən otuz üç nəfəri bu hədisi Peyğəmbərdən (s) nəql etmiş olurlar.

Bu hədisi Әbu Nəim Isfahani «Mənqəbətul mütəhhərin» kitabında müxtəlif sənədlərlə Cübeyr ibni Müt᾽əm, Әnəs ibni Malik və Bərra ibni Azibdən, Müvəffəq ibni Әhməd də Ömər ibni Asdan nəql etmişlər. Sünni qardaşlarımızın tək-tək hədis kitabları olar ki, bu hədis orada nəql edilməmiş olsun. Hədis kitabları yazılmağa başlayan vaxtdan bu günə qədər bu hədis neçə-neçə səhabələr tərəfindən rəvayət olunmuşdur. Hətta, bə᾽zi kitablarda iyirmiyə yaxın səhabənin adı çəkilərək bu hədis nəql olunmuşdur. Və yaxud, bə᾽zi kitablarda sənədsiz və qısa şəkildə nəql edilmişdir (məsələn, «Әssəvaiqul-məhrəqə» kitabı). Həmçinin, sənədli və geniş şəkildə də nəql olunmuşdur (məsələn, Səxavi, Süyuti, Səmhudi və sairələrin kitablarında).

Sonra mərhum Bəlaği öz sözlərinə əlavə edərək belə yazır: «Şiə alimləri də bu hədisi müxtəlif sənədlərlə imam Baqir (ə), imam Sadiq (ə), imam Kazim (ə) və imam Riza (ə) və onlar da öz babalarından və nəhayət həzrət Peyğəmbərdən (s) rəvayət etmişlər. Digər sənədlərlə də Әmirəlmö᾽minin (ə), Ömər, Übəyy, Cabir, Әbu Səid, Zeyd ibni Әrqəm, Zeyd ibni Sabit, Hüzəyfə ibni Әsid, Әbu Hureyrə və sairələri Peyğəmbərdən (s) rəvayət etmişlər.[51]

Әllamə Firuzabadi nəql etmişdir ki, «Səqələyn» hədisini Müslim öz «Səhih»ində, Әhməd ibni Hənbəl «Müsnəd»ində (4-cü cild, səh. 366), Beyhəqi «Sünən»ində (2-ci cild, səh. 431), Müttəqi «Kənzul-ümmal»da (1-ci cild, səh. 45 və 7-ci cild, səh. 102), Təhavi «Muşkilul-asar» da (4-cü cild, səh. 308), ibni Әsir «Üsdül-ğabə»də (2-ci cild, səh. 12), Süyuti «Dürrül-mənsur» da «Şura» surəsində «Məvəddət» ayəsinin təfsirində və «Müstədrəküs-səhihəyn»də (3-cü cild, səh. 109), Nisai «Xəsais» də (səh. 21) və «Müstədrəküs-səhihəyn»də (3-cü cild, səh. 148), Hənbəl «müsnəd»də Әbu-Səid Xidridən və o da Peyğəmbərdən (s) rəvayət etmişlər:

Bu hədis zahiri cəhətdən Qur᾽an və Әhli-beyti (ə) bir-birində birləşdirdiyi kimi, mə᾽nəvi cəhətdən də bunların arasında vəhdət oluğunu izah edir. Çünki, Qur᾽andan sonra, müsəlmanların müraciət edəcəkləri mənbə Әhli-beytdir (ə). Eyni zamanda Qur᾽anı onlardan artıq başa düşən bir kimsə yoxdur.

SƏFİNƏ HƏDİSİ

«Səqələyn» hədisi bizə Әhli-beyti (ə), Qur᾽anın mə᾽na və həqiqətlərini, hikmət və sirlərini bəyan edən şəxslər kimi tanıtdırdı. «Səfinə» hədisi isə onların müsəlmanlar üçün nicat gəmisi və qurtuluş yolu olduqlarını müəyyən edir. Bu hədisdə izah olunur ki, hər kim bu gəmidən istifadə etməzsə və onunla birgə hərəkət etməzsə, şübhə yoxdur ki, günah dənizində bataraq məhv olacaqdır. Eyni zamanda Әhli-beytin (ə) nicat gəmisinə minməyən şəxs insanları hidayət və mənəviyyat sahilləinə aparan ilahi rəhbərləri rədd edir və bununla da özünün əbədi bədbəxtçilik dənizində boğulmasına razı olur.

Şəbravi Şafeyi, Әbuzər Ğəffarinin xidmətçisindən belə rəvayət edir: «Bir gün Әbuzər Kə᾽bənin astanasına çıxdı və qapının halqasını tutub özünə tərəf çəkdi və belə dedi: Ay camaat! Hər kim məni tanıyırsa tanıyıb, tanımayanlar bilsinlər ki, mən Әbuzərəm! Mən Peyğəmbərdən (s) eşitdim ki, O, buyurudu:

«Mənim əhli-beytim Nuhun gəmisi kimidir. Hər kim ondan uzaq düşsə cəhənnəm oduna düşər.»

Yenə də Peyğəmbərdən eşitdim:

«Mənim əhli-beytimi bir bədəndə baş və yaxud bir başda gözün yerində fərz edin. Şübhəsiz bədən başsız və baş da gözsüz heç bir zaman bir iş görməyə qadir deyildir.»[52]

Әbu Nəsim öz sənədi ilə Səid ibni Cübeyr və ibni Abbasdan belə rəvayət edir: Peyğəmbər (s) buyurdu:

«Mənim əhli-beytim sizin aranızda Nuhun gəmisi kimidir. Hər kim ona minsə nicat tapar və hər kim ondan üz döndərsə məhv olar.»[53]

Bu hədisi Hakim öz «Müstədrək»ində (2-ci cild, səh. 343) nəql etdikdən sonra demişdir: «Bu hədis «Səhihi Müslim» nöqteyi nəzərindən də düzgün bir hədisdir.» Bu hədis Әnəs ibni Malikdən də bu şəkildə rəvayət edilmişdi: Həzrət Peyğəmbər (s) buyurmuşdur:

«Mən və mənim Әhli-beytim Nuhun gəmisi kimiyik, hər kim ona minsə nicat tapar və hər kim ondan üz döndərsə həlak olar.»

Süyuti də bu hədisi «Dürrül-mənsur» kitabında aşağıdakı ayənin təfsirində nəql etmişdir:

«Biz (Bəni Israilə) bu qəsəbəyə girin dediyimiz zaman, onlara söylədik ki, oradan arzuladığınız şeyləri yeyin. Qəsəbənin qapısından girən zaman səcdə edin və «Ilahi, bizi bağışla» söyləyin və biz də sizi bağışlayaq.» (Bəqərə surəsi, 58-ci ayə)

Süyuti bu ayənin izahında ibni Әbi-Şeybədən, o da həzrət Әlidən (ə) belə izah edir:

«Həqiqətən biz (Әhli-beyt) bu ümmətin içərisində Nuhun nicat gəmisi və Bəni Israilin «məğfirət qapısı» (bağışlanma qapısı) misalındayıq.»[54]

Bu hədisi Müttəqi də «Kənzul-ümmal» kitabında (6-cı cild, səh. 216) bu şəkildə nəql etmişdir:

«Mənim əhli-beytim sizin aranızda Nuhun gəmisi kimidir. Kim ona minsə xilas olar və hər kim ondan üz döndərsə həlak olar. Həmçinin, ((Әhli-beytim) Bəni-Israilin «məğfirət» qapısına bənzəyər.»

Bu hədisi Təbərani də Әbuzər Ğəffaridən nəql etmişdir.

AMAN HƏDİSİ

Bu şərəfli hədis də öz növbəsində həzrət Peyğəmbərin (s) əhli-beytinin müsəlmanlar arasında siyasi-e᾽tiqadi mahiyyətini izah edir. Hər hansı bir millətin ən təhlükəli və xətərli məsələsi, onun siyasi-e᾽tiqadi məsələlərdə ixtilaf və təfriqələrlə üzləşməsidir. Həzrət Peyğəmbər (s) də öz ümmətinin gələcəkdə belə vəziyyətlərə düçar olmaması üçün və yaxud bu kimi şəraitlərdən çıxış yolu tapmaları üçün xüsusi bir layihə hazırlamışdır. O layihə Allahın əmri ilə ümməti Әhli-beytə (ə) tərəf sövq etdirmək və onların ətrafında birləşdirməkdən ibarət idi. Әvvəldə söylədiyimiz hədislərdə Әhli-beyt (ə) «nicat gəmisi» və «bağışlanma qapısı» kimi təqdim edildi. Indi söyləyəcəyimiz hədis isə Әhli-beyti (ə) ümmətin vəhdət mərkəzi və onları ixtilaf və azğınlıqdan qoruma vasitəsi kimi müəyyən edir. Әgər ümmət onların yolu ilə getsələr daimi olaraq ixtilaf və təfriqələrdən amanda qalarlar. Məhz, buna görə də bu hədisin adına «Aman hədisi» deyilmişdir.

Təbərani ibni Abbasdan rəvayət edir ki, Peyğəmbər (s) buyurmuşdur:

«Ulduzlar yer sakinlərini (gecələr dənizlərə gedərkən yolu tapmaqda) qərq və həlak olmaqdan amanda saxlayarlar, mənim isə əhli-beytim yer üzünün sakinlərini ixtilafdan amanda saxlayır.»[55]

Təbəri də Әlidən (ə) rəvayət etmişdir ki, Peyğəmbər (s) belə buyurdu:

«Ulduzlar asiman sakinlərinin əmin-amanlıq vasitələridir, onlar yox olub getsələr, sakinləri də aradan gedər. Mənim Әhli-beytim (ə) də yer əhlinin əmniyyət vasitəsidir, onlar aradan getsə, yer üzünün sakinləri də aradan gedər.»

Sonra artırır ki, Hənbəl də öz «Müsnəd»ində (mənaqib fəslində) bu hədisi nəql etmişdir.[56]

KӘSA HӘDISI

«Kəsa» sözü əba mə᾽nasındadır. Bu hədisin «Kəsa» adlandırılmasının səbəbi budur ki, Peyğəmbər (s) öz Әhli-beytini toplayıb əbasını onların üzərinə çəkdi və bu hədisi buyurdu.

Həzrət Peyğəmbər (s) bu hədisi «Təthir» ayəsi nazil olan zaman Әhli-beyt (ə) (Әli, Fatimə, Həsən və Hüseyn) haqqında buyurmuşdur. Biz əvvəldə «Qur᾽anda Әhli-beyt» fəslini yazarkən, Təthir ayəsinin izahında bə᾽zi təfsirçilərin sözlərini və bu barədə olan hədisləri söyləyərək bu mövzunu bəyan etdik. Burada isə bu mətləbi daha aydın işıqlandırmaq və Peyğəmbərin (s) bu mövzuya föqəl᾽adə əhəmiyyət verdiyi üçün bu hədisi izah edən digər rəvayətləri də siz əziz oxuculara təqdim edirik.

Bu hədis, təfsir və hədis kitablarında müxtəlif şəkildə nəql edilmişdir. Biz onlardan yalnız bir neçəsinə işarə edəcəyik:

Әhməd ibni Hənbəl öz «Müsnəd» ində Ümmü-Sələmədən belə rəvayət etmişdir: «Bir gün Peyğəmbər (s) mənim evimdə olarkən, xidmətçi gəlib ona dedi ki, Әli və Fatimə (ə) qapıda gözləyirlər. O həzrət mənə buyurdu: «Qalx ayağa və mənim Әhli-beytimdən (ə) kənarda dur. Mən də qalxdım və evin yaxın bir guşəsinə çəkildim. Sonra Әli və Fatimə və hələ də xırda uşaqlar olan Həsən və Hüseyn (ə) otağa daxil oldular. Peyğəmbər (s) Həsən və Hüseyni (ə) qucağında oturdub öpdü, sonra bir qolunu Әlinin, digər qolunu isə Fatimənin boynuna saldı və üstlərini qara bir əba ilə örtüb belə dua etdi:

«Ilahi, mən və Әhli-beytim sənə sarı üz tutmuşuq, cəhənnəmə sarı yox!

Ümmü Sələmə dedi: «Mən də, ey Allahın Peyğəmbəri!» Peyğəmbər (s) buyurdu:

«Sən də.»

Vahid də «Әsbabün-nüzul» kitabında Ümmü Sələmədən bu şəkildə rəvayət etmişdir:

Bir gün Peyğəmbər (s) mənim evimdə idi. Bu zaman Fatimə (ə) bir qab dolusu yeməklə Peyğəmbərin (s) yanına gəldi. Peyğəmbər (s) buyurdu:

«Get ərini və övladlarını da çağır.»

O da Әli (ə) və övladları Həsən və Hüseyni çağırdı. Onlar birlikdə əyləşib yeməyə başladılar. Peyğəmbər (s) yerdə əyləşmişdi və altında bir xeybər əbası var idi. Ümmü Sələmə deyir ki, mən də otaqda idim. Gördüm ki, o həzrət əbanı götürüb onların üstünə örtdü və belə dua etdi:

«Ey Allah! Bunlar mənim Әhli-beytim və seçilmişlərimdir. Onları bütün pislik və çirkinliklərdən uzaqlaşdır və pak-pakizə et.»

Ümmü Sələmə deyir: «Mən də başımı örtüyün altına daxil etdim və dedim: Ey Allahın Peyğəmbəri! Mən də sizinlə birlikdəyəm?» Peyğəmbər (s) buyurdu:

«Sən də xoşbəxt və səadətlisən (Amma Әhli-beytdən deyilsən.)»

Bu vaxt Allah-taala tərəfindən «Təthir» ayəsi nazil oldu.[57]

MƏVƏDDƏT HƏDİSİ

Biz əvvəlki söhbətlərimizdə Qur᾽anın Məvəddət ayəsi barəsində danışarkən Məvəddət hədisi barəsində olan rəvayət və sənədləri təqdim etdik. Burada isə yenidən o hədisi və Peyğəmbərdən (s) Әhli-beyt (ə) barəsində nəql olunan digər hədisləri də gətirməyi lazım bilirik:

Әhməd, Təbərani və Hakim ibni Abbasdan rəvayət etmişlər ki, Məvəddət ayəsi Peyğəmbərə (s) nazil olan zaman müsəlmanlar dedilər: «Ey Allahın Peyğəmbəri! Әqrəbalarından bizlər üçün dostluq və məhəbbətləri vacib olanlar kimlərdir? O həzrət cavab verdi:

«Onlar Әli, Fatimə və oğlanlarından ibarətdir»

Bəzzaz və Təbərani nəql edirlər: «İmam Həsən ibni Әli (ə) bir gün xütbə oxuyaraq belə buyurdu:

«Məni tanıyanlar tanıyır, tanımayanlar da bilsinlər ki, mən Məhəmməd (Peyğəmbər (s)) oğlu Həsənəm. Bilin ki, mən sizləri (Cənnətlə) mükafatlandıran və (Cəhənnəmlə) qorxudan şəxsin balasıyam. Mən o Әhli-beytin övladıyam ki, Allah onları sevməyi bütün müsəlmanlara vacib etmişdir. (Ey Peyğəmbər müsəlmanlara) söylə ki, mən sizlərdən (çəkdiyim zəhmətlərin müqabilində) əqrabalarımı sevməkdən başqa bir şey istəmirəm. Hər kim yaxşı əməl etsə, biz də o əməlin yaxşılığını artırarıq. Ayədə işarə olunan yaxşı əməldən məqsəd biz Әhli-beytin məhəbbət və dostluğudur.»[58]

Әbulhəsən Bəğəvi öz təfsirində ibni Abbasdan belə rəvayət edir: Allah-taala Məvəddət ayəsini nazil etdiyi zaman (müsəlmanlar) dedilər: «Ey Allahın Peyğəmbəri! Bu ayədə Allah tərəfindən bizlər üçün dostluq və məhəbbətləri vacib olan şəxslər kimlərdir?! Buyurdu:

«Onlar Әli, Fatimə və iki oğlanlarıdır.»

Sədi, ibni Malikdən o da ibni Abbasdan nəql edərək deyir:

«Hər kim bir yaxşı əməl edərsə, biz də onun o əməlinin yaxşılığını artırarıq» ayəsindəki «yaxşı əməl»dən məqsəd Məhəmmədin (s) övladlarını, Әhli-beyti (ə) sevməkdir.[59]

Әhli-beyti (ə) sevmək, onlara itaət etmək və yollarından çıxmamaq haqqında nəql olunan hədislərin hamısını bu kitabda yazmaq mümkün deyildir. Biz onların bə᾽zilərini seçib siz əziz oxuculara təqdim etdik. Әlbəttə, onu da qeyd edək ki, yazdığımız hədislərin tarix və hədis kitablarında özünəməxsus yeri vardır.

Oxucuların bu barədə mə᾽lumatlarının artırılması və Әhli-beytə (ə) qarşı olan məhəbbətlərinin dərinləşməsi, həmçinin onların yolunda hərəkət etməyə təşviq olunmaları və şəfaətlərinə ümüdlərinin artırılaması üçün o müqəddəslərin haqqında söylənən hədis və rəvayətlərdən bir neçəsini nəql etmək istəyirik.

Təbərani «Mö᾽cəmul-ovsət» kitabında ibni Həcərdən nəql etmişdir: «Peyğəmbər (s) ömrünün axır anlarında söylədiyi sözlər bunlar idi:

«Məndən sonra Әhli-beytimi (hüquqlarını) riayət edin.»[60]

Təbərani «Mö᾽cəmul-ovsət» kitabında Cabir ibni Abdullah Әnsaridən, o da Peyğəmbərdən (s) belə nəql edir:

«Ey insanlar! Hər kim biz Әhli-beytlə düşmən ola, Allah-taala qiyamət günü onu yəhudi şəklində məhşur edər.»[61]

Müslim, Termezi və Nisai, Zeyd ibni Әrqəmdən Peyğəmbərin (s) belə buyurduğunu rəvayət etmişlər:

«(Ey müsəlmanlar!) Әhli-beytimin haqqında (düşünərkən) Allahı yaddan çıxarmayın.»[62]

Xətib Bəğdadi öz tarixində həzrət Әli (ə) vastəsilə Peyğəmbərdən (s) belə rəvayət etmişdir:

«Mənim şəfaətim ümmətimdən o şəxslərə yetişəcək ki, Әhli-beytimi seviblər.»[63]

Qeyd etdiyimiz hədislər Әhli-beytin (ə) dostluğu və onları sevərək yollarında hərəkət etməyin vacib olmasını izah edən bə᾽zi nümunələr idi.

DİGƏR HƏDİSLƏR

Әhli-beytin (ə) barəsində daha bir neçə hədisi də nəzərinizə çatdıraraq bu hissəni tamamlayırıq. Peyğəmbər (s) belə buyurmuşdur:

«Biz Әhli-beytlə heç kəs müqayisə oluna bilməz.»

Göründüyü kimi bu şərəfli hədisdə Peyğəmbər (s) Әhli-beytinin (ə) ülvü məqamını və nəhayətsiz dərəcələrini göstərərək, ümməti onlara tərəf istiqamətləndirir. Həmçinin, ümmətlə onların arasında olan müqayisəolunmaz fərqləri açıqlayaraq, onları insaniyyət, şərafət, ülviyyət və mədəniyyət xəzinələrinə doğru hərəkət etməyə təşviq edir.

Geriyə Mündəricat Növbəti