Geriyə | Mündəricat | Növbəti |
«And olsun Allaha, Peyğəmbərin silahı, qılıncı və zirehi biz (imamların) yanındadır. And olsun Allaha Fatimənin «müshəfi» bizim yanımızdadır. O müshəfdə Qur᾽andan heç bir ayə də yoxdur. Onu Peyğəmbər (s) imla etmiş və Әli (ə) da öz əli ilə yazmış...[67]
Bə᾽ziləri xəyal ediblər ki, imam Sadiq (ə) bu sözü deməklə bildirmək istəyib ki, bu Qur᾽andan başqa müshəf (Qur᾽an) da vardır və o da imamların yanındadır. Bə᾽zi qərəzli adamlar da bunu bəhanə edib, şiələrin adını ləkələmək istəyirlər. Halbuki, ərəb dilindən bir az xəbəri olan sadə bir adam da bunu anlayır ki, imam Sadiq (ə)-ın «Müshəf» kəlməsini deməkdən məqsədi nə olmuşdur. Bu kəlmənin mə᾽nasını başa düşmək üçün lüğət kitablarına müraciət etmək kifayətdir.
Rağib Isfəhani «Müfrədat» kitabında «Səhifə»kəlməsini belə izah edir: «Hər bir açıq və geniş şeyə səhifə deyərlər, çöhrə səhifəsi kimi və həmçinin üzərində bir şey yazılana da səhifə deyilir ki, bunun cəm forması «Səhaif» və «Suhuf» kəlmələridir. Qur᾽anda da buyurur:
«Elə pak səhifələr oxuyur ki, onda dəyərli və sağlam kitablar vardır.»
Bə᾽zi şəxslər bu «suhuf» (səhifələr) kəlməsinin «Qur᾽an» mə᾽nasında işlənməsini başa düşürlər. Çünki, Qur᾽anda yazılmış səhifələr vardır.
Deməli «Müshəf», daxilində yazılı səhifələr olan şeyə (kitaba) deyilir ki, onun cəm forması «Məsahif» kəlməsidir.[68]
Beləliklə, «Müshəf» kəlməsi müasir dildə «kitab» deməkdir və Qur᾽ana məxsus bir ad deyildir. Yə᾽ni, bir cild içərisində bir miqdar yazılı səhifə olarsa, ona «Müshəf» deyilir. Qur᾽an da bir miqdar səhifələrdən toplandığı üçün ona da «Müshəf» deyilmişdir. Allah-taala bu müqəddəs kitaba «Qur᾽an», «Zikr», «Fürqan», «Kitab» və sairə adlar vermişdir. Amma Qur᾽ana «Müshəf» adını qoymamışdır. Bəlkə, müsəlmanlar Qur᾽an toplandıqdan sonra ona «Müshəf» adını vermişlər.
Xülasə, bu yanlış fikrin yaranmasına səbəb budur ki, onlar Müshəfin ədəbi mə᾽nası ilə lüğətdəki mə᾽nasını qarışdıraraq İmamın (ə) «Müshəf» kələməsindən Qur᾽anı nəzərdə tutduğunu zənn etmişlər. Halbuki, İmam (ə) özü anlaşılmamazlıq yaranmasın deyə, o hədisdə «Onda Qur᾽andan bir ayə də belə yoxdur», deyərək bu fikri izah etmişdir. Yə᾽ni, Fatimənin (ə) Müshəfi Qur᾽an deyildir və onda Qur᾽andan bir şey yoxdur. Ümumiyyətlə o vəhy deyil, Peyğəmbərin (s) imla etdiyi (dediyi) və Әlinin (ə) yazdığı bir kitabdır.
Bə᾽zi alimlər deyiblər ki, «Müshəfe Fatimə» Peyğəmbərin (s) həzrət Zəhraya tə᾽lim və tərbiyə məqsədi ilə öyrətdiyi dua və nəsihətlərdir.
Görürük ki, bə᾽zi müsəlmanlar bu sadə şeyi səhvən və yaxud da qəsdən düzgün olmayan bir şəkildə düşünərək bəyan etmişlər.
Allah hamımızı xəta və günahlardan hifz etsin!
Bunu onların həyati yaradıcılıqlarında, rəvayətlərində, tövsiyə və nəsihətlərində, səhabələrinə, tələbələrinə və bütün müsəlmanlara verdikləri tə᾽limatlarında açıqca görmək olar. İmam Cə᾽fər Sadiq (ə) babası həzrət Peyğəmbərdən (s) belə rəvayət etmişdir:
«Ey insanlar! Siz müvəqqəti bir evdəsiniz və elə bir dəvəyə minmisiniz ki, sizi sür᾽ətlə aparır. Görürsünüz ki, gecə-gündüz, günəş və ay (öz hərəkət və fırlanmaları ilə) bütün təzə şeyləri köhnəldir və hər bir uzaqlığı yaxınlaşdırırlar. Verilən və᾽dlərin hamısını (bir-bir) gətirib çatdırırlar. Bəs (bu) uzaq səfər üçün tədarük görün».
Rəvayət edən deyir:
O halda Miqdad ibni Әsvəd qalxıb dedi: Ey Allahın Peyğəmbəri (s)! (Buyurduğunuz) bu keçici ev nədir? Peyğəmbər (s) cavabında buyurdu:
Bu (dünyadır) ki, səfər cehizini hazırlayıb, köç etmək evidir. Bəs fitnələr qaranlıq gecə parçaları kimi sizə gölgə saldığı vaxt Qur᾽ana üz tutub, ondan yapışın, çünki Qur᾽an şəfaəti qəbul olan bir şəfaətçi və şikayəti qəbul olan bir şikayətçidir. Kim onu öz qarşısında (yol göstərən) qərar versə, onu cənnətə aparar və kim onu arxada tutsa, onu cəhənnəmə sövq edər. Qur᾽an ən yaxşı bir yola hidayət edən dəlildir. O bir kitabdır ki, onda (həqiqətlər) yazılaraq bəyan edilmişdir. O ciddi və qəti bir kitabdır, əyləncə və zarafat kitabı deyildir. Onun bir zahiri və bir batini vardır. Zahiri hökmdür, batini isə elm, zahiri gözəldir, batini isə dərin. Onun ulduzları vardır. O ulduzların da ulduzları vardır.[69]
O Qur᾽anın təəccüb doğuran işləri saysız-hesabsız və qəribəlikləri isə köhnəlməzdir. O Qur᾽anda hidayət çıraqları və hikmət məş᾽əlləri vardır. Qur᾽an, onun sifətlərini tanıyan adamlar üçün mə᾽rifət yoludur. Demək (hər bir inamlı şəxs) onun xüsusiyyət və keyfiyyətlərini bilmək gərəkdir ki, bununla həlak olmaqdan nicat tapa və bəlalardan qurtara. Şübhəsiz, düşünmək bəsirətli qəlbin həyatıdır, necə ki, qaranlıqda olan adam nur ilə yol gedər...».[70]
İmam Sadiqdən (ə) belə nəql edilmişdir:
«Qur᾽anı əzbərləyib ona əməl edən şəxs, Allahın yaxın mələkləri ilə məşhur olar.»[71]
İmam Zeynəl-abidin (ə) Peyğəmbərdən (s) belə nəql etmişdir:
«Әgər Allah bir adama Qur᾽an ne᾽mətini (Qur᾽an öyrənməyi və ona əməl etməyi) versə və o adam başqa bir adama daha yaxşı bir şey verildiyini güman etsə, onda o şəxs böyük bir şeyi kiçik və kiçik bir şeyi böyük hesab etmiş olar.[72]
İmam Baqir (ə) Peyğəmbərdən (s) belə nəql etmişdir: «Ey Qur᾽an oxuyanlar! Allahın sizlər üçün verdiyi bu Qur᾽an (ne᾽mət) üçün Allahdan qorxun. (Qiyamət günündə) mən və siz sorğuya tutulacağıq. Məni risalətimin təbliği haqqında və sizi isə öyrəndiyiniz Qur᾽an və mənim sünnəm (dediklərim və elədiklərim) haqqında sorğuya tutacaqlar.»[73]
İmam Sadiqdən (ə) nəql edilmişdir:
«Mö᾽min adama layiq olan iş budur ki, ölümündən qabaq Qur᾽anı öyrənsin və ya onu öyrənmək halında olsun.»[74]
Yenə imam Sadiqdən (ə) belə rəvayət edilmişdir:
«Qur᾽an Allahın məxluqatı ilə olan əhdi-peymanıdır. Şübhəsiz, hər bir müsəlmana layiq olan iş budur ki, Allahın əhdinə baxsın və hər gün ondan əlli ayə oxusun.»[75]
Aşağıdakı rəvayətlər də imam Sadiqdən (ə) nəql edilmişdir:
«Üç şey Allah-taalaya şikayət edər: 1. Xarab olan məscid ki, onun əhli onda namaz qılmayalar. 2. Cahillər içərisində qalan alim. 3. Divara asılıb, üstünə toz qonan və oxunulmayan Qur᾽an.»[76]
«Şübhəsiz, Qur᾽an ölməz və diridir. O Qur᾽an gecə-gündüz və günəş-ay cərəyan edən kimi cərəyan edər. Bizim əvvəlimiz (Qur᾽an ilə) birlikdə olduğu kimi, axırımız da onunla bərabər olar.»
Həzrət Әmirəl-mö᾽minin Әli ibni Әbi Talibdən (ə) belə rəvayət edilmişdir:
«Sonra ona (Məhmmədə (s)) kitab nazil etdi! Kitab (Qur᾽an) işıqları sönməyən bir nurdur. Alovları azalmayan bir çıraqdır. Elə bir yol ki, işığı zülmətə dönməz. Dəlil və bürhanı rədd edilməyən bir fürqandır (haqqı batildən ayıran). Sütunları yıxılmayan bir bina, xəstəliklərdən çəkinməyən bir şəfadır. Köməkləri məğlub edilməz, izzət vasitəsi və tərəfdarları tək qalmayan bir həqiqətdir. O, (Qur᾽an) imanın mə᾽dəni və mərkəzi, elmin və biliyin qaynaqları və dənizləridir. Әdalətin bağları və çeşmələri, islamın əsas damları və binasıdır. Həqiqət və ədalətin vadiləri və düzənlikləri və su götürənlərin suyunu tükəndirə bilməyən bir dəryadır. Su götürmək onun azalmasına səbəb olmayan bir qaynaqdır, gələnlərə nə qədər su verilərsə, yenə də qurtarmaq bilməyən bir yerdir. Yolçuların yolu itirmədikləri mənzillər, yol gedənlərin gözündən yayınmayan nişanələrdir. Elə yüksəklikləri vardır ki, hər istəyən o ucalıqlardan keçə bilməz.
Allah onu (Qur᾽anı) alimlərin susuzluğunu aradan aparmaq vasitəsi, fəqihlərin qəlblərinin baharı və saleh insnlara yol göstərmə vasitəsi qərar vermişdir. Elə bir dərmandır ki, ondan sonra dərd olmaz və elə bir nurdur ki, yapışılacaq halqası möhkəm və elə bir sığınacaqdır ki, ona bir şey nüfuz edə bilməz. Ona dost olana izzət və ona daxil olan kimsəyə təhlükəsizlik vasitəsidir. Ona inananlara yol göstərən və ona mənsub olanlara üzr vasitəsi olar. Onunla danışanın dəlil və bürhanı və onunla (düşmənə qarşı) vuruşanın şahididir. Onunla sübut gətirənə qələbə qazandırır və ona əməl edənləri qoruyar. Onu icra edəni özü ilə daşıyar. Kim onu özünə nişanə etsə, onu hidayət edər və onu vücuduna alanın olar. Qur᾽an başa düşənlərə və dərk edənlərə elm və bilikdir. Ondan rəvayət edənə hədis, söz və onunla mühakimə edənə hökmdür.»[77]
Bəli, budur Qur᾽anın Әhli-beyt (ə) məktəbində qiymət və dəyəri, Qur᾽anın əhəmiyyəti və onun həyati rolu. Biz bu əhəmiyyət və həyati rolu Qur᾽anın bir cümləsində öz əksini tapdığını görürük:
«Həqiqətən bu Qur᾽an ən sağlam və ən doğru yola hidayət edir.» (Әsra surəsi, 9-cu ayə).
Qur᾽an ümmətin əsas qanunu, elm və hidayət qaynağı, mə᾽rifət və mədəniyyət me᾽yarıdır. Yalnız, düşüncə və anlayış vasitəsi olan Qur᾽anla insan həyatının nizama salınması üçün elmi bir qanun hazırlamaq olar.
Biz əvvəldə qeyd etmişdik ki, Qur᾽an Әhli-beyt (ə) nöqteyi-nəzrindən əbədi bir kitab hesab olunur və ona təhrif əli yetişə bilməz və Qur᾽an ilahi qanunların qaynağı olaraq əbədi yaşayacaqdır. Qur᾽an şəriət hökmlərinin kökü və mənbəyidir. Hətta, hədislərin və doğru və ya səhv olduğunu və ümumiyyətlə hər bir şeyin doğruluğunu Qur᾽anla müəyyənləşdirmək lazımdır. Bu mövzuda həzrət Peyğəmbərdən (s) belə rəvayət edilmişdir.
«Məndən (Peyğəmbər) sizə bir hədis gəlib çatsa, siz onu Allahın kitabı ilə yoxlayın, Qur᾽anla müvafiq olanı qəbul edin və müxalif olanı vurun divara (rədd edin).»[78]
Bütün bunlardan sonra, bu nəticəyə yetişirik ki, bu əsas və islami üslub müsəlmanlara, o cümlədən elm və mə᾽rifət əhlinə Qur᾽anı necə anlayacaqlarını aşkar və müəyyən edir, Qur᾽anın ayələri ilə necə davranacaqlarını onlara göstərir.
Qur᾽anı başa düşmək və onu təfsir, tə᾽vil etmək çox mühüm bir məsələdir. Çünki, düşüncə sağlamlığı, islami inamın və əqidənin doğruluğu ona bağlıdır. Ona görə də Qur᾽anı başa düşən, şəriət və əqidə qaynaqlarını ələ gətirmək, ictimai, siyasi, iqtisadi, tərbiyəvi, hüquqi və sairə qanunları Qur᾽andan və şəriət mənbələrindən çıxarmaqda hər hansı əyinti və qüsurun üz verməsi, müsəlmanların səhv etmələrinə və yoldan çıxmalarına və nəhayət onların parçalanıb ayrılmaqlarına, islami dəyərlərin və paklıqların aradan getməsinə səbəb olar.
Bu mühüm və əsaslı mətləbin önündə hər şeydən əvvəl «təfsir» və «tə᾽vil» arasındakı fərqi izah etmək lazımdır. Lüğət yazanlar «təfsir» sözünün tə᾽rifini belə izah etmişlər: «Təfsir» - sözün mə᾽nasını kəşf edib, onu aşkar etməkdir.
«Tə᾽vil» kəlməsinin mə᾽nası isə belə izah edilmişdir: «Tə᾽vil» - sözün iki ehtimaldan birisinin layiqli bilinməsidir. Qur᾽anın zahiri ilə müvafiq olmaq şərtiylə.
Әhməd Riza, təfsiri belə izah edir: «Təfsir» «fəssərə» fe᾽lindən alınmışdır və mə᾽nası da «meydana çıxmaq» və ya «aşkar olmaq»dır. Әslində isə bu söz, aşkarlıq mə᾽nasında olan «səfr» sözündən alınmışdır. Məsələn, ərəb dilində sübh vaxtı aşkar olan zamana və yaxud qadın üzünü aşkar edəndə ona «səfr» deyərlər.
Mərhum şeyx Təbərsi də məşhur «Məcməül-bəyan» təfsirində «təfsir» və «tə᾽vil» kəlmələrini belə izah edir: «Təfsir» sözü çətin bir kəlmənin məqsədini izah etməkdir. «Tə᾽vil» də iki ehtimaldan birini kəlamın zahiri ilə müvafiq olmaq şərtilə təsdiq etməkdir. Ayrı ifadə ilə təfsir, bəyan etmək mə᾽nasındadır.»[79]
Әbül-Әbbas Mübərrəd belə deyir: «Təfsir» və «tə᾽vil» sözlərinin mə᾽nası birdir. Bə᾽ziləri deyiblər ki, «təfsir» bir şeyin üstündə örtüyün götürülməsi və «tə᾽vil», məqsədə nail olmağa və bir şeyin sona çatmasına deyərlər.
Qur᾽anın təfsiri, onun kəlmə və cümlələrinin mə᾽nalarını bəyan və həqiqətləri aşkar etməkdən ibarət olduğunu və həmçinin Qur᾽an ayələrindən neçə-neçə mə᾽naların ehtimal verildiyini nəzərə almaq, «tə᾽vil» isə bu ehtimalların hansının məqsədə uyğun olduğunu bəyan etməkdir. Yə᾽ni «tə᾽vil» bir ayənin batini mə᾽nasını (bir neçə mə᾽na ehtimalı olarsa) ayənin zahirinə münasib olan bir mə᾽na ilə əlaqələndirməkdir. Buradan belə aydın olur ki, ayə elə izah olunmalıdır ki, tə᾽vili ayənin zahiri təfsiri ilə zidd olmasın. Yə᾽ni, tə᾽vil ilə təfsir nəticə e᾽tibarı ilə eyni olsun. O da Qur᾽anın batini, gizli mə᾽nasını aşkar etmək və Allahın öz bəndələrinə yetirmək istədiyi məqsədi bəyan etməkdir. Təfsir kitablarını və təfsirçilərin nəzərlərini tədqiq edərkən görürük ki, bə᾽zi təfsirçilər özlərini necə də dərin quyuya salmış və təfsirdə tutduqları xüsusi metodun nəticəsindən əsil məqsəddən və ayələrlə münasib və layiqli rəftarlardan uzaq düşmüşlər. Bə᾽zisi də şəxsi fikirlərindən istifadə edərək, Qur᾽anı öz fikir və əqidələrinə müvafiq təfsir etmiş və ayələri nəzərdə tutulmayan hadisələrə və şəxslərə aid etmişlər. Üstəlik bunun adını tə᾽vil də qoymuşlar.
Məsələn, «Fəlsəfə» və «Kəlam» alimlərindən bə᾽ziləri Qur᾽an ayələrini yeri gəldi-gəlmədi öz fəlsəfi və kəlami nəzərlərinə uyğun bir şəkildə tə᾽vil etmişlər.
Yenə görürük ki, bə᾽zi yazıçılar və təfsirçilər Qur᾽anın ayələrini həqiqi və münasib olmadığı halda zorla olsa da, o əsrin məşhur elmi, iqtisadi, ictimai və siyasi hadisələri ilə əlaqələndirmək istəmişlər. Habelə, Qur᾽anı öz ürəkləri istəyən kimi təfsir etmişlər. Bu xətalara bir çox təfsirçilər (istər şiə olsun, istərsə də sünni) düçar olmuşlar. Sonra da öz səhv nəzərlərini müdafiə etmək üçün bir sıra dəlil və qondarma vasitələrdən istifadə etmişlər.
Amma, biz təfsirdəki əsas və ali metoda nəzər saldıqda görürük ki, bu metod o təfsir üsullarını necə rədd edir və Qur᾽an təfsiri üçün doğru və sağlam bir əsas hazırlayır.
Peyğəmbərin (s) və Әhli-beytin (ə) hədislərindən və onların yolunu səmimiyyətlə gedən təfsirçilərin üslubundan başa düşüldüyü kimi, Qur᾽an təfsirinin bir sıra özünəməxsus qayda və rəsmiyyətləri vardır ki, məhz onlara riayət etməklə müfəssirlər Qur᾽anı doğru-düzgün təfsir edər və nəzərdə tutulan nəticəyə yetişə bilərlər. Bununla da təfsir elmi öz mühüm rolunu insanlıq dünyasında ən yaxşı şəkildə ifa edər və müfəssirlər xəta və əyintilərdən, şəxsi fikirlərlə təfsir etmək və daxili ehtiraslara tabe olmaqdan xilas olarlar.
Biz burada hədislərdən və bu yolu doğru bir şəkildə gedən alimlərin sözlərindən istifadə edərək, bu qayda və düzgün təfsir üslubunu qısa şəkildə bəyan etməyə çalışacağıq...
Mərhum Təbərsi «Məcməül-bəyan» təfsirində yazır: «Səhih sənədlə Әhli-beyt (ə) Peyğəmbərdən (s) belə rəvayət etmişlər:
«Qur᾽anı ancaq doğru əsər (hədis) və aşkar nəss (ayələr) ilə təfsir etmək cayizdir.»[80]
Әhli-beyt (ə) həmin üslub üzrə hərəkət etmiş və bu iki əsasdan uzaq olan Qur᾽an təfsirlərini qəbul etməmişlər:
1. Qur᾽anı Qur᾽an ilə təfsir etmək (yə᾽ni, Qur᾽anın bir ayəsini digər ayəsi ilə təfsir etmək.)
2. Qur᾽anı doğru-düzgün hədislərlə təfsir etmək.
Bəli, həqiqi Qur᾽an təfsirçisi bu iki əsasa kamil şəkildə bağlı olmalıdır. Әlbəttə buna da diqqət yetirmək lazımdır ki, ağılın da Qur᾽anın məqsədlərini dərk etməkdə və mə᾽nalarını aşkar etməkdə böyük əhəmiyyəti vardır. Amma bu şərtlə ki, Qur᾽an və sünnənin hüdudlarından və onların ümumi qaydalarından kənara çıxmasın.[81]
Həzrət Peyğəmbər (s) özü də Qur᾽anı təfsir etməkdə ağıldan istifadə etməyə əhəmiyyət vermiş və bu işə təşviq etmişdir. Məsələn, bir hədisdə buyurur:
«Qur᾽an aramdır və onda müxtəlif ehtimallar vardır. (Ağlınızı işə salıb), onu ən yaxşı ehtimallara aid edin.»[82]
Yenə o Həzrətdən (s) nəql edilmişdir:
«Qur᾽anı bəyan edin və əsrarəngiz mətləblərinə yiyələnməyə çalışın.»[83]
Qur᾽ani-kərim də ağlın təfsirdəki rolunu aydınlaşdırmış və Qur᾽anı analiz edərək, ondan istifadə edən ağıl sahiblərini tə᾽rifləmişdir:
«O Qur᾽anı (yalnız) o şəxslər tanıyırlar ki, onda istinbat (tədqiqat və araşdırma) etmiş olsunlar.»
Digər yerdə də Qur᾽anın ayələri haqqında düşünməyən və ağıllarını kütləşdirib, təfəkkür etməyən adamları məzəmmət etmişdir:
«Qur᾽anda fikirləşməzlərmi? Yoxsa, qəlblərə qıfıl vurulmuşdurmu?»[84]
Bəs mə᾽lum oldu ki, Әhli-beyt (ə) məktəbində təfsir üç şeyə əsaslanır.
1. Qur᾽anı Qur᾽anla təfsir etmək;
2. Qur᾽anı sünnə mə᾽sumların davranışı və doğru hədisləri ilə təfsir etmək;
Geriyə | Mündəricat | Növbəti |