Geriyə | Mündəricat | Növbəti |
4. «Qəsəs» surəsinin 83-cü ayəsində oxuyuruq:
تِلْكَ الدّارُ الاْخِرَةُ نَجْعَلُها لِلَّذِينَ لا يُرِيدُون عُلُواً فِي الاَْرْضِ وَلا فَساداً وَالْعاقِبَةَ لِلْمُتَّقِينَ
«Bu axirət evini o kəslərə veririk ki, yer üzündə lovğalığı, qarışıqlıq salmağı sevməzlər. Axirət evində müttəqilərə (təqvalı insanlara) uğurlu tale qismət olar».
Rəyasətə can atmaq lovğalığın bir növüdür. Deməli, bu ayədən mə’lum olur ki, rəyasətə can atan şəxslərə axirət həyatından bir bəhrə yoxdur. Bu ayənin təfsiri o qədər genişdir ki, İmam Əli (ə) buyurur:
اِنَّ الرَّجُلَ لَيُعْجِبُهُ اَنْ يَكُونَ شِراكُ نَعْلِهِ اَجْوَدَ مِنْ شِراكِ نَعْلِ صاحِبِهِ فَيَدْخُلُ تَحْتَها
«Bə’zi vaxtlar bir şəxs hətta ayaqqabısının bağının dostunun ayaqqabısının bağından yaxşı olmasına görə lovğalanır. Bu ayə onlara (lovğalara) şamil olur.»
Hədislərdə rəyasət iki yerə bölünür:
1. Bəyənilən rəyasət.
2 Məzəmmət olunan rəyasət.
Bəyənilən rəyasət odur ki, cəmiyyətdə haqq ilə batili bir-birindən ayırmağa vasitə ola.
Məzəmmət olunan rəyasət isə odur ki, insan onun əsiri olsun. Və insanı münhərif yollara çəksin. Başqa sözlə, hədislərdə yalnız rəyasətə vurğunluq və bağlılıq məzəmmət olunub. Mətləbin daha aydınlaşması üçün aşağıdakı hədislərə diqqət yetirin.
1 İslam Peyğəmbəri (s) buyurur:
لِكُلّ شَـْيء آفَةٌ تُفْسِدُهُ، وَآفَةُ هذا الدّينُ وُلاةُ السُّوء
«Hər bir şeyin zərərverici bir amili var. Bu dinin (islam dinin) zərərverici amili isə nalayiq dövlət rəhbərləridir».
2. Həzrət Əli (ə) Əş’əs ibn Qeys adlı bir işçisinə belə yazır:
وَاِنَّ عَمَلَكَ لَيْسَ لَكَ بِطُعْمَة وَلكِنَّهُ فِي عُنُقِكَ اَمانَةٌ
«Sənin rəis olmağın sərvət yığmağ üçün deyil, bu sənin öhdəndə bir əmanətdir».
3. İmamlardan birinin hüzurunda vəzifəpərəst bir şəxsin haqqında danışılırdı.
İmam buyurdu:
ما ذِئْبانِ ضارِيانِ فِي غَنَم قَدْ تَفَرَّقَ رُعاؤُها بِاَضْرَّ في دِينِ الْمُسْلِمِ مِنْ طَلَبِ الرّياسَةِ
«Rəyasətə can atmağın islam dininə vurduğu zərər başsız qalmış qoyun sürüsünə hücum etmiş iki canavarın ziyanından çoxdur».
İmam Sadiq (ə)-ın ən yaxşı şagirdlərindən biri Vəhəb ibn Əmr idi. O, xalq arasında Bəhlul adı ilə tanınmışdı. Deyirlər ki, bir gün Harun-ərrəşid Bağdad şəhərinə qazi tə’yin etmək istəyirdi. O bir neçə nəfərlə bu barədə məsləhətləşmişdi. Heç kəs bu vəzifəyə Bəhluldan başqasını layiq bilmədi. Harun Bəhlulu çağırıb dedi:
Ey ağıllı alim! Bizə qəzavət işində kömək et!
Bəhlul dedi: Mənim bu işə səlahiyyətim çatmır.
Harun dedi:
Bütün Bağdad camaatı səni bu işə layiq bilirlər.
Bəhlul dedi: Çox təəccüblüdür: Mən özümü onlardan yaxşı tanıyıram. O biri tərəfdən mən ya düz deyirəm, ya yalan. Əgər düz deyirəmsə, deməli, doğrudan da qazi olmaq səlahiyyəti məndə yoxdur. Yox, yalan deyirəmsə, onda yalançı adamın bu işə səlahiyyəti yoxdur».
Amma onlar Bəhlula dedilər:
«Bu işi qəbul etməsən, səni buraxmayacağıq».
Bəhlul dedi:
İndi ki, məcbur edirsiniz, onda mənə bir gecə möhlət verin.
Bəhlula möhlət verildi. O, evinə gedib həmən gecəni evində qaldı. Səhəri günü əlinə bir uzun çubuq götürüb bazara gəldi. O, özünü dəliliyə vurmuşdu.
Camaat bunu görəndə dedilər: Bəhlul dəli olubdur.
Bu xəbər Haruna çatanda o dedi:
ما جَنَّ وَلكِنْ فَرَّ بِدِينِهِ مِنّا
«Bəhlul dəli olmayıb. O, bu vasitə ilə öz dinini qorumaq üçün bizdən yaxasını qurtarıb».
Bəhlul ömrünün axırına kimi bu vəziyyətdə qaldı. O, bilirdi ki, belə bir vəzifəni bu cür zalım xəlifənin zamanında qəbul etmək onu günaha və cinayətlərə sövq edə bilər. Buna görə də özünü dəliliyə vurdu.
Günaha bəhanə gətirmək günah etməkdən də pisdir. «Qiyamət» surəsinin 14-15-ci ayələrində oxuyuruq:
بَلِ الاِْنْسانُ عَلى نَفْسِهِ بَصِيرَةٌ ـ وَلَوْ اَلْقى مَعاذِيرَهُ
«İnsan özünü tanıyır, zahirdə nə qədər bəhanə və üzr gətirsə də faydası yoxdur.» Yə’ni insan etdiyi cinayət və günahlara nə qədər üzr gətirsə, səbəb göstərməyə qalmasa da lakin onun vicdan məhkəməsi edilən hiylələrə, cinayətlərə görə onu mühakimə edir. Günaha bəhanə gətirmək günahın cəmiyyətdə adiləşməsinə gətirib çıxarır çirkin işləri gözəl təsvir etdirir. Heç bir günah «günaha bəhanə gətirmək» kimi pis deyil. Çünki etdiyi günahı e’tiraf edən şəxs həmişə tövbə fikrindədir. Günahını üzr və bəhanə ilə ört-basdır edən şəxs isə nəinki tövbə etmək fikrində deyil, əksinə tutduğu yolda gün-gündən möhkəmlənir.
Günaha bəhanə gətirmək ümumi bir xəstəlikdir ki, müxtəlif növlərdə zahir olur. Bu xəstəliyin ən böyük xətəri isə budur ki, günahkarı tövbə edib düz yola qayıtmaqdan çəkindirir. Bə’zi vaxtlar isə həqiqətləri onun gözündə batil göstərir. Misal üçün, bir şəxs özündə müəyyən işi görmək üçün qorxu hissi keçirir, lakin bunun adını «ehtiyat» qoyur. Öz zəifliyinin adını «həya» qoyur, yaxud öz tənbəlliyinin səbəbini Allah-taalanın onu bu cür yaratması ilə izah edir. Doğrudan da insan nə üçün bu cür fikirlərlə səadət qapısını öz üzünə bağlamalıdır?
Günaha üzr gətirən şəxs, etdiyi günahı ört-basdır edir ki, sonralar günah etmək onun üçün rahat və maneəsiz olsun.
İslam dinində günaha üzr gətirmək, bir növ özünü və müsəlmanları aldatmaq hesab olunur. Zahiri gözəl, batini isə bulaşıqdır. Məsələn, bazarda meyvə satan bir şəxs yaxşı meyvələri üstə, xarablarını isə aşağı yığa. Günaha üzr gətirən şəxs də bu mövqedədir. Aşağıda qeyd edilən hədisdə İmam Baqir (ə) buyurur:
«Bir gün İslam Peyğəmbəri Mədinə bazarından keçirdi. Ərzaq malları satan bir şəxsi gördü. Peyğəmbər ona buyurdu: Bəh! Bəh! Nə qədər gözəl və təmizdir». Yeyintinin qiymətini soruşdu. Bu vaxt Allah tərəfindən O Həzrətə xəbər gəldi ki, «Əlini yeyintinin içinə sal və altına bax». Peyğəmbər bunu etdi. Bu zaman onun altından bir neçə ədəd xarab yeyinti çıxdı. Peyğəmbər o satıcıya buyurdu:
ما اَراكَ اِلاّ وَقَدْ جَمَعْتَ خِيانَةً وَغِشّاً لِلْمُسْلِمِينَ
«Sən müsəlmanlara həm xəyanət edirsən, həm də onları aldadırsan».
İnsanların arasında günahlara müxtəlif üzrlər gətirirlər. Misal üçün: İnsanın əqidəsinə aid üzrlər, siyasi üzrlər, ictimai üzrlər, psixi üzrlər, mədəni üzrlər, itisadi üzrlər, hərbi üzrlər və başqaları.
İnsanların əqidəsi ilə bağlı olan üzrlərdən biri qəza və qədər məsələsidir. Günahkar şəxsə «nə üçün günah etdin?»-deyəndə, cavabında deyir: «Allahın təqdiri belə imiş, qismətdən qaçmaq olmaz, ata-babalarımız bu yolu getdilər, ona görə biz də onların davamçılarıyıq». Bu kimi üzrlərlə Allahın onların üzərinə qoyduğu vəzifədən boyun qaçırmaq istəyirlər. «Maidə» surəsinin 148-ci ayəsində kafirlərin üzr gətirmələri haqqında belə oxuyuruq:
لَوْ شاءَ اللهُ ما اَشْرَكْنا وَلا آباؤُنا وَلا حَرَّمَنا مِنْ شَـْيء
«Bununla da onlar öz günahlarını Allahın boynuna yıxırdılar.»
«Nəhl» surəsinin 35-ci ayəsində və «Zuxruf» surəsinin 20-ci ayəsində də buna oxşar sözlər gəlmişdir. «Zuxruf» surəsinin 20-ci ayəsində belə oxuyuruq:
وَقالُوا لَوْ شاءَ الرَّحْمانُ ما عَبَدْناهُمْ
«Əgər Allah istəsəydi, biz onlara (bütlərə) sitayiş etməzdik».
Allah-taala isə onların bu bəhanələrini rədd edərək buyurur:
اِنْ هُمْ اِلاّ يَخْرُصُونَ
«Onlar yalnız yalan danışırlar».
İmam Hüseyn əleyhissəlamın mübarək başını Şam şəhərində Yezid ibn Müaviyənin yanına gətirdilər. Yezid əvvəlcə bir şe’r oxudu. Sonra üzünü orada toplaşanlara tutub dedi:
Bu başın sahibi deyirdi: «Mən rəhbərlik etməyə Yeziddən üstünəm. Deyəsən o, Qur’anda Allahın göndərdiyi bu ayədən xəbərsiz olub:
قُلِ اللّهُمَّ مالِكَ الْمُلْكَ تُؤْتِي الْمُلْكَ مَنْ تَشاءُ وَتَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشاءُ وَتُعِزُّ مَنْ تَشاءُ وَتُذِلُّ مِنْ تَشاءُ...
«De ki, İlahi, ey mülklərin sahibi! Sən istədiyin şəxsə hökumət verərsən, istədiyin şəxsdən hökuməti alarsan, istədiyin şəxsi əziz edərsən və istədiyin şəxsi zəlil edərsən».
Yezid tarixin ən böyük və dəhşətli cinayətlərini etdikdən sonra belə deyir: «Allah-taala bizi hökumətə çatdırdı.» O, bu sözlə özünün dəhşətli cinayətlərini ört-basdır etmək istəyirdi.
Cəbr və ixtiyar bəhsi islam aləmində ən qədim və mübahisəli məsələlərdəndir. Lakin bu barədə bir nöqtəyə diqqət yetirmək lazımdır. O da insanların azad və işlərində ixtiyar sahibi olmağıdır. Biz vicdanımızla dərk edirik ki, əlimizin hərəkəti ürəyimizin döyünməsi ilə fərqlidir. Çünki ürəyimizin döyünməsi öz ixtiyarımızda deyil. Amma əlimizin hərəkəti öz ixtiyarımızdadır. Digər bir misal: şəhərə çəkilmiş su borularını təsəvvür edin. Borular əvvəlcə su mənbəyindən şəhərə, sonra küçələrə, daha sonra isə evlərə çəkilir. Borularla axan suyun əvvəlcə şəhərə gəlib, sonra evlərə axması bizim əlimizdə deyil. Amma suyu açıb işlətmək və ya bağlamaq bizim ixtiyarımızdadır. Bizim həyatdakı işlərimiz də belədir. Onların bir miqdarı Allahın ixtiyarında, bir miqdarı isə öz əlimizdədir. Deməli, gördüyümüz işləri tam Allahın boynuna yıxmaq düz deyil. Eləcə də bütün hadisələri insanların iradəsinə bağlı etmək də düzgün deyil.
1. Tərəddüd: Bir işi görmək istəyəndə tərəddüd edirik. yə’ni bu işi görüm, yoxsa görməyim. Bu, bizim ixtiyarlı olmağımıza dəlalət edir.
2. Peşman olmaq: Gördüyümüz bə’zi işlərdən peşman oluruq. Deməli, bu işi etməyə də bilərik.
3. Ədəbləndirmək: Bir şəxsi ədəbləndirmək istəyirik. Bu onu göstərir ki, o şəxsdə də ədəblənmək qabiliyyəti və iradəsi mövcuddur. Deməli, o ixtiyar sahibi olan bir şəxsdir.
4. Tənqid: Bir-birimizin işlərimizi tənqid edirik. Deməli, biz insanlar tənqid olunmamaq üçün düzgün hərəkət edə bilərdik. Nəticə alırıq ki, müxtəlif bəhanələri, «biz məcburuq», «bizi Allah bu cür yaradıb», «dostlarım məni pis yola çəkdi» və bu cür üzrlər və yalançı pərdələrlə günah məs’uliyyətindən boyun qaçırmaq olmaz.
Siyasi məsələlərlə bağlı üzrlər də çoxdur. Onlardan biri budur ki, ruhani və din xadimi siyasətbazlıq kimi işlərə qarışmamalıdır. Çünki bu onun cəmiyyətdə tutduğu mövqeyə xələl gətirər. Lakin islam düşmənləri bə’zən buna nail olaraq, bə’zi savadlı, amma gözü ac ruhaniləri öz çirkin məqsədlərinə vasitə edə bilirlər. Və yaxud şahın mə’murları camaata nə qədər zülm etsələr də özlərini günahkar bilmirlər. Çünki şah tərəfindən onlara əmr olunub. Başqa bir misal: Böyük şəxsiyyətlərdən birini qətlə yetirən şəxsə «Nə üçün bu işi gördün?»-deyəndə, cavabında dedi: «Mənə bu cür əmr olunmuşdu». Bu üzrlərdən kafirlər də gətirəcəklər.
«Əhzab» surəsinin 67-ci ayəsində oxuyuruq:
وَقالُوا رَبَّنا اِنّا اَطَعْنا سادَتَنا وَكُبَرائَنا فَاَضَلُّونا السَّبِيلا
«Kafirlər deyərlər: Ey Rəbbimiz! Ağalarımıza, böyüklərimizə itaət eləmişdik. Onlar bizi yolumuzdan azdırmışdılar deyərlər.
Bu cür üzrlər Allah dərgahında qəbul olunmur.
Zirar məscidinin macərası «İslam Peyğəmbərinin zamanında baş verən məşhur hadisələrdəndir. Belə ki, Mədinə şəhərində yaşayan münafiqlərdən (İslam dinini zahirdə qəbul edənlərdən) bir dəstəsi «Qüba» məscidinin yaxınlığında bir məscid tikdilər. Onlar özlərini İslam dininin tərfdarları kimi qələmə verirdilər. Lakin onların bu məscidi tikməkdə məqsədləri müsəlmanlar arasında ixtilaf yaratmaq və dinə qarşı mübarizə aparmaq idi. Onlar Peyğəmbərin hüzuruna gəlib öz məqsədlərini bu cür izah etdilər: Bəni-salim qəbiləsinin yaşadığı yerlə «Məscidül-həram» arasında fasilə çoxdur. Biz qocalar və xəstələr üçün məscid tikmək istəyirik ki, orada namaz qılsınlar. Həm də yağışlı günlərdə orada məzhəbi mərasimlərini təşkil etsinlər. Hətta onlar and içdilər ki, İslam dininə xidmət etməkdən başqa ayrı məqsədləri yoxdur.
Peyğəmbər onlara məscid tikməyə icazə verdi. Bu zaman Təbuk müharibəsi meydana çıxdı. Peyğəmbər müharibəyə yola düşdü. Müharibədən qayıdan zaman hələ Mədinə şəhərinin darvazasına çatmamışdı ki, münafiqlər özlərini Peyğəmbərə çatdırıb o Həzrətdən məscidin açılışında iştirak etməsini və orada namaz qılmasını xahiş etdilər. Bu vaxt Cəbrəil «Tövbə» surəsinin 107-110-cu ayələrini Peyğəmbərə nazil etdi:
وَالَّذِينَ اتَّخَذُوا مَسْجِداً ضِراراً وَكُفْراً وَتَفْرِيقاً بَيْنَ الْمُؤْمِنينَ وَاِرْصاداً لِمَنْ حارَبَ اللهَ وَرَسُولُهُ مِنْ قَبْلُ وَلَيَحْلِفُنَّ اِنْ اَرَدْنا اِلاّ الْحُسْنى وَاللهُ يَشْهَدُ اِنَّهُمْ لَكاذِبُونَ
«O şəxslər ki, zərər vermək, küfr eləmək, mö’minlərin arasına təfriqə salmaq naminə məscid tikirlər və öncə Allaha və Rəsuluna qarşı müharibə edənlərə gizlənmək yeri düzəldirlər, bizim «yaxşılıqdan savayı başqa niyyətimiz yoxdur»- deyə and- aman edəcəklər. (Lakin) Allah onların yalan dediyinə şahiddir». Bununla da o məscidə «Zirar» (zərər vermək) məscidi adı verildi. Peyğəmbər bu ayə nazil olduqdan sonra, zahirdə məscid adlanan o yeri yandırmaq və ərazisini Mədinənin zibilxanası etmək əmrini verdi. Beləliklə, düşmənlərin bu hiyləsinin də qarşısı alındı. Bəli, onlar xəstə və zəif adamlara məscid tikmək bəhanəsi ilə ən böyük cinayətə, əl atıb müsəlmanlar arasında təfriqə salmaq, və islam hökumətini yıxmaq istəyirdilər. Lakin İslam Peyğəmbərinin o yeri yandırmaq əmri buna mane oldu.
İslam Peyğəmbəri İmam Əli (ə)-la etdiyi söhbətlərinin birində buyurur: «Fitnəkar şəxslərin bir əlaməti də budur ki, Allahın haram etdiyi işləri puç və yalançı bəhanələrlə halal edirlər. Onlar şərabı kişmiş suyu, rüşvəti hədiyyə və sələm almağı ticarət adı ilə halal etməyə çalışarlar. Yə’ni onlar bu cür bəhanələrlə ən böyük günahları ört-basdır edirlər».
İmam Əli (ə) və böyük bir hiyləgər haqqında hədisə diqqət edək.
Əş’əs ibn Qeys hiyləgər münafiqlərin başçılarından biri idi. O, İmam Əli (ə)-ın hökumətinə nüfuz etmək niyyəti ilə gecə yarısı çox ləzzətli halva ilə dolu bir qabı götürüb İmam Əli (ə)-ın evinə getdi və onu hədiyyə adı ilə O Həzrətə təqdim etmək istədi. (Halbuki, bu rüşvət idi və onu hədiyyə adı ilə vermək istəyirdi.) İmam Əli (ə) bu hadisəni belə bəyan edir: O, (Əş’əs) mənə o halvanı verəndə məndə o qədər nifrət hissi oyandı ki, elə bil o halva ilanın ağzının suyuna bulaşmışdı. Ona dedim:
اَصِلَةٌ اَمْ زَكاةٌ اَمْ صَدَقَةٌ...
«Gətirdiyin halva hədiyyədir, zəkatdır, yoxsa sədəqədir? Zəkat və sədəqə bizə (Yə’ni əhli-beytə) haramdır».
Əş’əs dedi:
لاذا وَلاذاكَ وَلكِنَّها هَدِيَّةٌ
Nə zəkatdır, nə də sədəqə; sizə bir hədiyyədir. Ona dedim: Sən məni hədiyyə ilə aldatmaq istəyirsən, yoxsa ağlını itirib dəli olmusan?
وَاللهِ لَوْ اُعْطِيتُ الاَْقالِيمَ السَّبْعَةَ بِما تَحْتَ اَفْلاكِها عَلى اَنْ اَعْصِيَ اللهَ فِي نَمْلَة اَسْلُبُها جُلْبَ شَعِيرَة ما فَعَلْتُهُ...
Geriyə | Mündəricat | Növbəti |