Geriyə Mündəricat Növbəti

«And olsun Allaha, qarışqanın ağzından bir buğda qabıqını almaq qədər Allaha günah eləmərəm, əvəzində mənə 7 iqlimi və bütün yerin altında olan sərvətləri versələr, yenə mən bu işi (qarışqadan buğda qabığını almağı) eləmərəm. Sizin vurğun olduğunuz bu dünya sərvətləri mənim gözümdə çəyirtkənin ağzında olan çeynənmiş yarpaqdan da qiymətsizdir». Budur, İmam Əlinin ona hədiyyə adı ilə rüşvət vermək istəyən münafiqin qarşısında olan mövqeyi!

HİYLƏGƏRƏ MÖHKƏM CAVAB

İmam Əli (ə)-la Müaviyə arasında baş verən «Siffeyn» müharibəsi 18 ay çəkdi. Bu müharibədə Peyğəmbərin ən böyük səhabələrindən olan Əmmar Yasir İmam Əlinin qoşununda idi. Müsəlmanlar Peyğəmbərin Əmmara xitab edib buyurduğu:

تَقْتُلُكَ الْفِئَةُ الْباغِيَةُ

«Səni zülmkar bir dəstə qətlə yetirəcək» kəlamını bilirdilər. Əmmar bu müharibədə şəhid oldu. Onun şəhid olmasından sonra Müaviyə və onun qoşununun zülümkar olması hamıya mə’lum oldu. Çünki Əmmarı onlar qətlə yetirmişdilər. Bu vaxt Müaviyə hiyləyə əl ataraq e’lan etdi ki, Əmmarı Əli öldürüb. Çünki onun bu müharibəyə gəlib qətlə yetirilməsinə səbəb Əlidir. Müaviyə bu hiylə ilə bir dəstəni aldatdı. Bu xəbər İmam Əli (ə)-a çatdı. İmam buyurdu: Müaviyənin dediyi söz düz olsa, onda Həmzəni (Peyğəmbərin Bədr müharibəsində şəhid olan əmisi) Peyğəmbər öldürüb. Çünki onun müharibəyə gəlməsinə səbəb Peyğəmbər idi. Əmr-Asın oğlu Əbdullah İmamın bu cavabını Müaviyəyə çatdırdı. Müaviyə bu cavabı eşidəndə elə qəzəbləndi ki, Əmr-Asa dedi: Axmaq oğlunu məsciddən çıxart!

Əmmarın şəhid olması Müaviyənin qoşununun ruhiyyəsini zəiflətmişdi. Çünki onlar Peyğəmbərin Əmmar haqqında buyurduğu hədisi bilirdilər. Lakin bununla belə, Müaviyənin işlətdiyi hiylə onları elə aldatdı ki, öz xeymələrindən çıxıb qışqırırdılar: «Əmmarı müharibəyə gətirən şəxs qətlə yetirdi».

TARİXDƏ DAHA BİR HADİSƏ

Qədim zamanlarda (Adəm peyğəmbərin dövranı kimi) qurban kəsənlər öz qurbanlıqlarını dağın başına qoyurdular. Bu vaxt bir atəş gəlib o qurbanlığı yandırsaydı, deməli qurbanlıq qəbuldur. Yox, heç bir atəş gəlib onu yandırmasaydı deməli, qurbanlıq qəbul olunmayıb.

Həccac ibn Yusif Səqəfi xəlifə tərəfindən İraqın hakimi idi. O tarixin ən böyük cinayətkarlarından hesab olunur. Həccac öz müxalifləri ilə müharibə edərkən müxaliflərin Kə’bə evinə pənah aparmalarını gördü. Lakin o Kə’bənin hörmətini sındırıb onu darmadağın etdi. Kə’bənin yandırılmasından narahat olan, qorxuya düşən dəstə üzvlərini sakitləşdirmək məqsədi ilə onlara dedi: Bu atəş sizin nahaq olmağınızın əlaməti deyil, qurbanlığı yandırıb onun qəbul olunmasını bildirən atəşdir. Deməli, sizin də bu işiniz Allah dərgahında qəbuldur. Bununla da o, özünün və dəstəsinin etdiyi ən böyük cinayətə bəhanə gətirdi.

HARUN-ƏRRƏŞİDİN XAİNCƏSİNƏ BƏHANƏSİ

Tarix boyu quldurların və cinayətkarların işlətdiyi şüarlardan biri də «təhlükəsizliyi qorumaq lazımdır» şüarıdır. Harun (beşinci Abbasi xəlifəsi) Bağdaddan Məkkəyə, oradan da Mədinə şəhərinə getdi. Mədinə şəhərində olarakən İmam Musa ibn Cə’fəri (şiələrin yeddinci imamı) zindana salmaq qərarına gəldi. Odur ki, Peyğəmbərin qəbrinin yanına gəlib bu böyük günaha bu cür bəhanə gətirdi:

يا رَسُولَ اللهِ، اِنّي اَعْتَذِرُ اِلَيْكَ مِنْ شَـْيء اُرِيدُ اَنْ اَفْعَلُهُ، اُرِيدُ اَنْ  اَحْبس موسى بن جَعْفر فَاِنَّهُ يُرِيد التّشتّت بَيْنَ اُمّتِكَ وَسَفْكَ دِمائِها

«Ey Allahın Rəsulu! Mən səndən edəcəyim işə görə üzr istəyirəm. Musa ibn Cə’fəri zindana salmaq istəyirəm. Çünki o, sənin ümmətinin arasında təfriqə yaradıb onların qanını tökmək istəyir».

Sonra o Həzrətin qollarını zəncirlə bağlatdırıb əvvəlcə Bağdada, sonra isə Bəsrə şəhərinə göndərdi.

Beləliklə, cinayətkar Harun «təhlükəsizliyi qorumaq lazımdır» bəhanəsi ilə ən böyük tarixi bir cinayətə əl atdı.

İMAM HÜSEYN ƏLEYHİSSƏLAMIN QATİLLƏRİNİN BƏHANƏSİ

İmam Hüseyn (ə)-ın qətlə yetirilməsi ilə əlaqədar düşmənlərin gətirdiyi bəhanələrdən biri də bu idi: «O, dinindən çıxıb, ixtilaf yaratmaq istəyir». Düşmən ordusunun sərkərdəsi Ömər Sə’d, İmamla müharibəyə gedəndə deyirdi: «Sülh yaratmaq məqsədi ilə gedirəm. Müharibə qurtardıqdan sonra onun döyüşçülərindən biri İmam Hüseyn əleyhissəlamın ordusunun əmlakını qarət edərkən ağlayırdı. Bu zaman İmam Hüseyn (ə)-ın övladlarından biri onun ağlamasının səbəbini soruşduqda, belə cavab verdi:

«Törətdiyim cinayətlərə görə ağlayıram».

Uşaq dedi: «Belədirsə, öz cinayətindən əl götür!» (Qarət etmə). O isə cavabında dedi:

اَخافُ اَنْ يَأْخُذَهُ غَيْرِي

«Qorxuram bu qiymətli əşyaları başqası götürə».

Bəli, Ömər Sə’din ordusu öz cinayətlərini e’tiraf etmələrinə baxmayaraq, öz çirkin əməllərindən əl götürməyib, tutduqları günah yollarını davam etdirirdilər.

3. İCTİMAİ BƏHANƏLƏR

Günahkarların öz günahları üçün gətirdiyi bəhanələrdən biri də ictimai üzrdür. Belə ki, hər hansı günahkar şəxsə «nə üçün günah edirsən?»- sualını verdikdə, belə cavab verir: «Camaatın çoxu bu işlərlə məşğuldur, mən də onlardan biri».

İndiki zamanda bu cür yersiz bəhanələrlə özlərinə haqq qazandırmaq istəyən şəxslər çox olduğu kimi, keçmiş zamanlarda da az deyildi. Belə ki, Şüeyb peyğəmbərin zamanında camaat bütpərəstlik, xurafat, (alış-satışda başqalarını aldadıb) az satmaq, sələm yemək və bu kimi günah işlərlə məşğul idilər. Şüeyb peyğəmbər onları Allah yoluna də’vət edib, günahlardan çəkinməyə çağırdıqda, onlar bu çağrışa e’tina etməyib deyirdilər: Ayənin tərcüməsi: Onlar dedilər: Ey Şueyb! Qıldığın namaz sənə əmr verirmi ki, ata-babalarımızın pərəstiş etdiklərini tərk edək?

قالُوا يا شُعَيْبُ اَصَلوتُكَ تَأْمُرُكَ اَنْ نَتْرُكَ ما بَعْبُدُ آباؤُنا

Fir’on Misirdə çox qüdrətli padşah idi. Onun hökmranlıq etdiyi bu ölkənin camaatı qorxu içində yaşayırdı. Xalqın çox hissəsi, camaatla birgə olanlar və onlardan ayrılmaq istəməyənlər Fir’ona itaət edirdilər. Lakin camaatda yaranmış bu yanlış fikir Fir’onun həyat yoldaşı Asiyanı öz tə’siri altına ala bilmədi. O, özünün polad iradəsi ilə Allaha bəslədiyi əqidə və imanı qoruyub saxladı. Amma Nuh peyğəmbərin həyat yoldaşı və oğlunun hərəkətinə, həmçinin Lut peyğəmbərin həyat yoldaşının tutduğu yola diqqət edək. Onlar Nuh və Lut peyğəmbəri xalqı Allah yoluna də’vət etdikləri üçün istehza edir, peyğəmbərlərə müxalif çıxırdılar.

İslam Peyğəmbəri və İmamlar (ə) həyatda çoxlu düşmənlərlə mübarizə apardılar. Onlar heç vaxt yaşadıqları cəmiyyətdə pozğunluğu, hərc-mərcliyi qəbul etməyir və ən çətin vəziyyətdə belə pozğun cəmiyyətlə mübarizə aparırdılar. Deməli, nəticə alırıq ki, yaşadığımız cəmiyyətin tə’siri nəticəsində günah edib, haqq yolundan çıxmaq əqlən qəbul deyil.

4. PSİXOLOJİ BƏHANƏLƏR

Günah edənlərin gətirdiyi üzrlərdən biri də psixi üzrlərdir. Bu üzrlər müxtəlifdirlər.

1. Naümid olmaq. Günahkara «nə üçün bu işlərdən əl çəkmirsən? deyəndə, cavabında deyir: «Biz daha bu bataqlıqda batmışıq». Başqa bəhanələr gətirənlər də olur. Və yaxud qocalmış bir şəxsə «nə üçün namaz qılmırsan?» deyəndə, cavabında deyir: «Məndən daha keçib, mənim yaddaşım zəifləyib, namazı öyrənə bilmərəm» və bu kimi üzrlər.

2. Adət etmək. Günah bir işə adət etmiş şəxsə deyirlər: «Nə üçün bu işi tərk etmirsən?» O deyir: «Mən adət etdiyim bu işi nə cür tərk edim?!». Lakin həmin şəxsə bir miqdar pul versən və adət etdiyi hər hansı işi tərk etməsini istəsən, o adətindən asanlıqla əl çəkəcək. Deməli, mə’lum olur ki, o şəxsin adət etdiyi işi tərk etməyə iradəsi çatır. Amma o «bu işə adət etmişəm» bəhanəsini daha rahat deyə bilir və yolundan dönmür.

3. Bir şəxsə deyirsən: «Başqalarını pis işlərdən çəkindirmək vacibdir. Nə üçün filankəsi pis yoldan çəkindirmirsən?!» Cavabında deyir: «Qorxuram, mənim bu sözüm onun qəlbinə dəysin»

4. Başqalarını istehza edən bir şəxsə deyirsən: «Nə üçün istehza edirsən?»

O isə deyir: «Mən zarafat edirəm» və bu sözlə öz günahını yumaq istəyir.

5. Bir şəxsə deyirsən: «Sənin atan və yaxud qardaşın kafirlərin yolunu gedir. Nə üçün onlarla oturub-durursan?» Cavabında deyir: «Onlarla nə cür əlaqəni kəsim?»

Qur’anda bu kimi üzr və bəhanələrin hamısına cavab olaraq belə oxuyuruq:

قُلْ اِنْ كانَ آبائُكُمْ وَاَبْنائُكُمْ وَاِخْوانُكُمْ وَاَزْواجُكُمْ وَعَشِيرَتُكُمْ وَاَمْوالٌ اقْتَرَفْتُمُوها وَتِجارَةٌ تَخْشَوْنَ كَسادَها وَمَساكِنُ تَرْضَوْنَها اَحَبَّ اِلَيْكُمْ مِنَ اللهِ وَرَسُولِهِ وَجِهاد فِي سَبِيلِهِ فَتَرَبَّصُوا حَتّى يَأْتِي اللهُ بِاَمْرِهِ واللهُ لا يَهْدِي الْقَوْمَ الْفاسِقِينَ

«De ki, əgər atalarınızı, oğullarınızı, qardaşlarınızı, həyat yoldaşlarınızı, qohumlarınızı, qazandığınız mal-dövləti və kasadlığa düşəcəyindən qorxduğunuz bazarınızı Allahdan, Rəsulundan və Onun yolunda cihad eləməkdən daha çox sevirsinizsə, onda Allahın (əzab) əmrini gözləyin. Allah günahkarları doğru yola yönəltməz»

Bu ayədən məqsəd odur ki, bütün varlığımız Allahın əmrinə qurban olmalıdır. Və bu yolda hər cür bəhanə gətirmək qadağandır.

Bəhanələrin bir qismi də ondan ibarətdir ki, bə’zi günahkarlar əvvəlcə etdiyi haram işə halal donu geyindirə və sonra o işi görələr. Misal üçün: Bir şəxsin qeybətini etmək istəyəndə əvvəlcə «qeybət olmasın» və yaxud «Allah qeybətə yazmasın» ifadəsini işlədib sonra qeybət etməyə başlayırlar. Keçmiş alimlərdən biri mərhum Ayətullahül-üzma Seyyid Məhəmməd Höccət belə deyirmiş: «Mənim qeybətimi edənlərin hamısını bağışlayıram. Lakin mənim ardımca danışan bə’zi tələbələrdən keçmirəm. Çünki onlar əvvəlcə qeybət etməyi halal edir, sonra qeybət edirlər».

Günahkar şəxsin belə bəhanələr gətirməsinə səbəb isə odur ki, o günah etmək üçün qarşısında heç bir maneə görmək istəmir. Öz vicdanını bu cür bəhanələrlə müvəqqəti də olsa rahat və asudə etmək istəyir: Ölümdən sonrakı həyata və qiyamət gününün hesab-kitabına əqidə bəsləmək və inanmaq insanı günahlardan çəkindirən bir amildir. Amma insan sərbəst günah etmək üçün ölümdən sonrakı həyatı və hesab-kitabı, yə’ni axirəti inkar edir. «Qiyamət» surəsinin 5 və 6-cı ayələrində oxuyuruq:

بَلْ يُرِيدُ الاِْنْسانُ لِيَفْجُرَ اَمامَهُ ـ يَسْئَلُ اَيّانَ يَوْمُ الْقِيامَةِ

«Ancaq insan qiyaməti danmaq istər, soruşar: «Axı qiyamət günü nə vaxt gələcək?»

5. MƏDƏNİ BƏHANƏLƏR

Günahın üstünü örtən və günahkarı öz yolunda daha da möhkəmləndirən bəhanə və üzrlərdən biri də mədəni üzrlərdir. Misal üçün:

1. Günahkar şəxs özünə bəraət qazandırıb günahını yumaq üçün deyir: «Savadsız idim. Bilmirdim» Bu bəhanə də başqa bəhanələr kimi əsassızdır, çünki Allah-taala bir tərəfdən insana əql, vicdan və fitrət veribdir ki, o bunların vasitəsi ilə günah işləri tanıyıb, onlardan qoruna bilər. O biri tərəfdən də Peyğəmbər və İmamlarımızın vasitəsi ilə onu düz yola də’vət edibdir. Deməli, təqsir insandadır ki, düz yolda hərəkət etməyib. «Ən’am» surəsinin 149-ci ayəsində oxuyuruq:

قُلْ لِلّهِ الْحُجَّةُ الْبالِغَةُ

«De ki, qəti dəlil Allahın əlindədir».

Bir şəxs İmam Sadiq (ə)-dan bu ayənin açıqlamasını xahiş etdi. İmam o şəxsin cavabında buyurdu: Allah-taala qiyamət günü öz bəndəsinə deyər: «Ey mənim bəndəm! Gördüyün işin günah olduğunu bilirdinmi?» Bəndə bu sualın cavabında «Bəli» desə, Allah-taala yenə soruşar:

«Bəs nə üçün günah etdin?» Amma bəndənin cavabı «yox, bilmirdim» olsa, onda Allah-taala ona xitab edib deyər: «Nə üçün öyrənmədin?» Bu vaxt bəndə Allahın bu məhkəməsi qarşısında heç bir söz deyə bilməz. Budur, Allahın inanmadığı və qəti dəlili.

Nəticə alırıq ki, «başa düşmədim, bilmədim» və bu kimi bəhanələrlə günahın məs’uliyyətindən boyun qaçırmaq olmaz. Və bu qədər hidayət nurları ilə yanaşı yolu azmağın nəticəsi, əzab quyusuna düşməkdir.

2. Günaha səbəb olaraq gətirilən mədəni üzrlərdən biri də insanın öz nəsli ilə iftixar etməsidir. Məsələn: Mö’min qardaşı ilə küsən bir şəxsi barışmağa də’vət edəndə, deyir: «Mənim bu cür ailə mövqeyim var. Mən bu mövqeylə onunla barışa bilmərəm.»

Belə şəxslər özlərini əşraf və varlı-karlı ailələrdən hesab etdiklərinə görə başqalarını təhqir edirlər. Bu nümunələrdən islam tarixində də görmək olur. Peyğəmbərin zamanında özlərini hamıdan üstün tutan kafirlər Bilal, Süheyb və Cuybər kimi təzə müsəlman olan şəxsiyyətləri geridə qalmış adlandırırdılar, həmçinin özlərini zahirdə müsəlman göstərən bə’zi şəxslər Salmanı ərəb olmadığına görə təhqir edirdilər. Allahın dərgahından uzaqlaşdırılan Şeytan da özünün oddan Adəmin isə torpaqdan yaranmasına iftixar etdi. Bu isə onun Adəmə səcdə etməyib Allahın əmrindən boyun qaçırmasına səbəb oldu. «Ə’raf» surəsinin 12-ci ayəsində belə oxuyuruq:

قَالَ ما مَنَعَكَ اِلاّ تَسْجُدَ اِذْ اَمَرْتُكَ قالَ اَنَا خَيْرٌ مِنْهُ خَلَقْتَنِي مِنْ نار وَخَلَقْتُهُ مِنْ طِين

«Allah-taala (şeytana) buyurdu: Sənə əmr etdiyim zaman səcdə etməməyinə səbəb nə oldu? Şeytan dedi: Mən ondan (Adəmdən) üstünəm. Məni oddan yaratmısan, onu isə torpaqdan.»

Öz nəsilləri ilə iftixar edən şəxslər də şeytanın yolunun davamçılarındandır. Çünki Allah-taala insanların bir-birinə üstünlüyünü nəsildə deyil, təqvada və günahlardan qorunmaqda bilir. Səhv təəssüblər və bə’zi yanlış fikirlər də bunun kimidir. Cahiliyyət zamanında (İslam dininin zühurundan qabaq) qızları diri-diri torpağa basdırırdılar. Onların bu işdə bəhanələri bu idi ki, gələcək müharibələrdə bizim qızlarımız əsir düşüb başqa qəbilələrdə uşaq dünyaya gətirə bilərlər. Onlar bu bəhanə ilə minlərlə günahsız qız uşağını vəhşicəsinə diri-diri torpağa basdırırdılar. Hətta onların nalələrinə də qulaq asmırdılar. Deməli, bə’zi bəhanələr günahı o qədər adi şəklə salır ki, ən iyrənc işlər belə cəmiyyətdə ümumi bir qanuna çevrilir. Bu yanlış fikir onlara elə qalib gəlmişdi ki, qızları olması xəbərini eşidəndə üzləri qəzəbdən qaralır və dərhal onu gizlincə bir yerdə basdırmaq fikrinə düşürdülər. «Nəhl» surəsinin 58-ci və «Zuxruf» surəsinin 17-ci ayəsində bu barədə oxuya bilərik.

3. Mədəni üzrlərdən biri də «səhv» düşüncə tərzidir. Qadınlara «örtüyünüzü qoruyun!», kişilərə isə “Özgə qadınlara baxmayın” deyəndə cavabında deyirlər: «Sənin qəlbin təmiz olsun!» Onlar bu cür düşünməklə özlərinin pis fikirdə olmadıqlarını, qəlblərinin təmiz olduğunu vurğulayır, lakin etdikləri əməlin və gördükləri işlərin Allah qarşısında günah olduğunu nəzərdən qaçırırlar. Deyəndə ki, toy məclislərində qadınlarla kişilərin bir yerdə olması haramdır, bundan qaçın, cavabında deyirlər: «Biz hamımız bacı-qardaşıq.» Onlar bu kimi mə’nasız bəhanələrlə Allahın haram etdiyi işləri zorla halal edirlər.

Başqa bir halda görürük ki, iki küsülü şəxsdən biri digəri ilə barışmayacağına and içir və bu andı pozmayaraq ona sadiq qalacağını söyləyir.

Bu cür andlar islam dinində səhv andlar hesab olunur. Çünki bu kimi yerlərdə and içdiyin işin olması olmamağından faydalı və yaxşıdır. Çəkdiyimiz misalda da mö’min qardaşla küsülü qalmaq onunla barışmaqdan daha pisdir».

Hər halda cəmiyyətdə olan günahların bir hissəsi də səhv düşüncələrdən irəli gəldiyini söylənilənin nəticəsi kimi qəbul edə bilərik.

İMAM SADİQ (Ə)-IN SƏHV DÜŞÜNCƏLİ BİR ŞƏXSLƏ RƏFTARI

İmam Sadiq (ə) Allahın insanı düz yola hidayət etməsi mövzusunda söhbət edərkən belə bir əhvalat buyurdu: Öz nəfsinin istəklərinə qulluq edən və nadan camaatın ehtiram qoyduğu bir kişi kimdir? (İmam burada bir şəxsin əhvalatını danışdı).

Həmin kişinin fəzilətlərindən mənə o qədər danışdılar ki, onunla görüşmək fikrinə düşdüm. Qərara aldım ki, onu gizlində görüb işlərini yoxlayam. Onun dalınca getdim. Uzaqdan avam camaatın onun ətrafına toplaşdığını müşahidə etdim. Məni tanımasınlar deyə üzümü örtdüm. Sonra daha yaxına getdim. Diqqətlə camaatın həmin şəxslə və o şəxsin camaatla rəftarına nəzər saldım. O şəxsin camaatı öz hiylələri ilə aldatmasını anladım. Sonra o, camaatdan ayrıldı. Mən isə üzüm örtülü halda onun ardınca hərəkət etdim. Gördüm ki, o bir çörək dükanına daxil oldu. Çörək satanın başını qatıb iki ədəd çörək oğurladı. Öz-özümə dedim ki, bəlkə də çörəklərin pulunu vermişdir. Sonra o çörək dükanından çıxıb nar satılan bir dükana daxil oldu. Burada da nar satanı aldadıb iki ədəd nar oğurladı. Mən onun bu işindən təəccüb etdim. Lakin yenə onun bu narları pulla alması ehtimalını verdim. Amma öz-özümə dedim: Belədirsə, nə üçün oğurluq edir? O, nar dükanından çıxıb getdi. Mən isə onun ardınca yola düşdüm. Yarı yolda o bir xəstənin yanına döndü. Çörəklə narı ona verib getdi. Bu vaxt ona yaxınlaşım, dedim.

“Ey Allahın bəndəsi! Sənin çox yaxşı adam olduğunu eşitmişəm. Camaat səni tərifləyirlər. Ona görə səninlə görüşməyi qərara aldım. Bu gün sənin bütün işlərinə nəzər saldım. Amma sənin gördüyün işlər mənim ürəyimi narahat etdi. Sənə bir sualım var. Onun cavabını desən, mən rahat olaram.

O dedi: Sualın nədir?

Dedim: Sənin çörək və nar dükanından oğruluq etdiyini gördüm. (Bunun səbəbi nədir?)

O dedi: Hər şeydən əvvəl de görüm sən kimsən?

Dedim: Adəm övladıyam və islam Peyğəmbərinin ümmətindənəm.

O dedi: Hansı tayfadansan?

Dedim: Nübüvvət (Peyğəmbərin) tayfasındanam.

Məndən soruşdu: Harada yaşayırsan?

Dedim: Mədinədə.

O dedi: Sən Cə’fər ibn Məhəmməd Sadiq deyilsən?

Dedim: Bəli.

Mənə e’tiraz edərək dedi: Sənin Peyğəmbər tayfasından olmağının heç bir faydası yoxdur. Çünki sən ata-babalarından çatan elmi tərk etmisən və lazım olan elmdən xəbərsizsən.

Dedim: Hansı elmdir o?

Dedi: Allahın göndərdiyi kitab, Qur’an.

Dedim: Qur’anın hansı ayəsindən xəbərim yoxdur?

Dedi: Bu ayədən («Ən’am» surəsinin 162-ci ayəsindən) xəbərin yoxdur ki, Allah-taala buyurur:

مَنْ جاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرَ اَمْثالِها، وَمَنْ جاءَ بِالسَّيِّئَةِ فَلا يُجْزى اِلاّ مِثْلَها

Geriyə Mündəricat Növbəti