Geriyə | Mündəricat | Növbəti |
«Yaxşılıq eləyənə on qat artıq savab verilər. Pislik eləyənsə yalnız etdiyi pislik qədər cəzalandırılar».
Mən iki ədəd çörək və iki nar oğrulamışam. Bu ayəyə əsasən, mənə dörd günah yazılır. O biri tərəfdən isə mən bunları bir xəstə yoxsula verdim. Bunların hər biri üçün 10 savab yazılır. Deməli, mənə 40 savab yazıldı. əvvəlki 4 günahı 40-dan çıxsaq, yerdə 36 savab mənim üçün qalacaq.
Mən onun bu sözlərini eşidəndə dedim:
ثَكَلَتْكَ اُمُّكَ اَنْتَ الْجاهِلُ بِكِتابِ اللهِ، اَما سَمِعْتَ اَنَّهُ عَزَّ وَجَلَّ يَقُولُ: اِنَّما يَتَقَبَّلُ اللهُ مِنَ الْمُتَّقِينَ...
«Anan yasında otursun!» (ərəb dilində bir növ təhqirdir.) Qur’an ayələrindən xəbərsiz sənsən! Bunu eşitməmisən ki, Allah-taala buyurur:
«Allah-taala yaxşı işləri təkcə yaxşı işlərlə məşğul olan adamlardan qəbul edir». Sən iki ədəd nar və iki ədəd çörək oğurladığına görə dörd günah qazanmısan. O biri tərəfdən bunların yiyəsinin icazəsi olmadan bağışlamısan. Bu da dörd günah. Deməli, sən heç bir savab iş görmədən 8 günah qazanmısan. Ona bu sözləri deyəndə özünü itirdi və həsrətlə mənə baxdı. Mən isə ondan ayrıldım».
İmam Sadiq (ə) söhbətinin davamında buyurur:
بِمِثل هذا التَّأْويل القَبيح الْمُسْتَكْرَه يَضِلُّونَ وَيُضِلُّونَ...
«Bu cür çirkin fikirlərlə həm özlərini, həm də camaatı yoldan çıxarırlar».
Bu hadisədən nəticə alırıq ki, yanlış fikirlərin xətəri o qədər böyükdür ki, hətta insanı Allahın kitabı olan Qur’ana da əl gəzdirməyə gətirib çıxarır. Belə ki, Qur’an cahil şəxslərin əlində onu hər şəklə sala biləcəyi bir xəmirə bənzəyir. Ona görə İmam Sadiq (ə) belə şəxslərin Qur’anı mə’na etmələri haqqında xəbərdarlıq edir.
İmam Sadiq (ə) yanlış fikirdə olan o şəxsin işlərini ifşa etdi ki, camaat onun sözlərinə aldanmasınlar. Çünki islam dinində belə şəxslərin ifşası lazımlı iş sayılır. Həzrət söhbətinin sonunda buyurur:
طُوبى لِلَّذِينَ هُمْ كَما قَالَ رَسُولُ اللهِ يَحْمُلُ هذا الْعِلْم مِنْ كُلِّ خَلَف عُدُولُه وَيَنْفونَ عَنْهُ تَحريفَ الْغالِينَ وَاِنْتِحالَ الْمُبطِلِينَ، وَتأوِيلَ الْجاهِلِينَ
«Xoş halına o kəslərin ki, islam Peyğəmbərinin buyurduğu kimidirlər
Yə’ni din elmini adil şəxslərindən öyrənir və bu elmin köməyi ilə özlərini və yaşadıqları cəmiyyəti nahaq şəxslərin təhrif etdiyi işlərdən, batil adamların nahaq sözlərindən və nadan şəxslərin əyri fikirlərindən uzaqlaşdırırlar.
İmam Sadiq (ə)-ın bu şəxsə göstərdiyi münasibətdən aydın olur ki, islam dininin həqiqətlərini dəyişdirmək istəyən şəxslər xalq arasında ifşa olunmalıdırlar. Başqa sözlə, xalq arasında tanınmış və nüfuzlu şəxsiyyətlər əyri yollara çəkilən zaman onlarla əqidə mübarizəsi aparıb iç üzlərini açmaq lazımdır. Belə olmasa onlar öz nüfuzlarından istifadə edib başqalarını da əyri yollara çəkəcəklər.
Misal üçün, şərab içib sükan arxasında oturan sürücüyə həddini göstərmək lazımdır, çünki onun bu işi cəmiyyətlə bağlıdır və o, sərxoş halda idarə etdiyi maşınla sərnişinlərin canını xətərə salır. Lakin evində gizlin şərab içən şəxsi ifşa etmək və onu xalq arasında rüsvay etmək düz deyil. Çünki o, Allahın qoyduğu yoldan təkcə özü çıxdığı üçün cəzasını da özü alacaq.
İqtisadi səbəbdən törənən günahlara quraşdırılan üzrlərə aşağıda qeyd olunan nümunələri gətirə bilərik:
a) İctimai ədalət bərqərar etmək adı ilə xalqın hüququnu tapdalamaq.
b) Dolanışığın çətin olması adı ilə uşağın ana bətnində məhv edilməsi.
v) Ticarət adı ilə sələm yemək.
q) Hədiyyə adı ilə rüşvət almaq və yaxud vermək.
ğ) Məsləhətli yalan adı ilə haram yalan danışmaq və...
Fikrimizi əsaslandırmaq üçün Qur’anda haqqında bəhs olunan «Səbt» əshabının əzabı əhvalatına nəzər salaq.
Qur’anda gələn hadisələrdə biri də «Səbt» əshabının əhvalatıdır. «Ə’raf» surəsinin 163-166-cı ayələrində bu əhvalatdan bəhs olunur. Bu hadisədə iqtisadi üzrləri bəhanə edərək ilahi qanunlarına əks cəbhəsində dayanıb Allahın əzabına düçar olan şəxslər təsvir olunmuşdur. Onun xülasəsi belədir:
Bəni-İsrail camaatından bir dəstəsi dəniz kənarında yerləşən «İylə» adlı bir yerdə yaşayırdılar. Allah onları imtahana çəkmək məqsədilə öz peyğəmbərləri vasitəsi ilə onlara şənbə günündə balıq tutmalarının qadağan əmrini göndərdi. Onlar isə Allahın bu əmrini yerinə yetirməmək üçün hiyləyə əl atdılar və dənizin kənarında bir neçə hovuz düzəltdilər. Şənbə günü balıqlar dənizdən o hovuzlara gətirdilər. Onlar gün batan vaxtı bu hovuzların qabağını bağlayır və səhəri gün balıqları tuturdular. Əməllərinə isə belə don geyindirirdilər: Allahın balıq tutmaq barəsindəki qadağanı yalnız şənbə gününə aiddir. Biz də həmin gün balıq tutmamışıq. Onlar bu bəhanə ilə öz günahlarını yumaq istəyirdilər. Halbuki, onlar balıq ovunun bütün işlərini şənbə günü görürdülər. əməllərinin cəzası olaraq Allah-taala «İylə» camaatına qəzəb edib onları çətin əzabla həlakətə yetirdi. Mə’sum İmamlarımızın bu əhvalat barəsindəki hədislərində qeyd edilir ki, İylə camaatı bu günah işin törədilməsində üç dəstəyə bölünmüşdü.
1. Birinci dəstə bu işi birbaşa edənlər idi.
2. Başqa bir dəstənin bu işin icrasında əməli fəaliyyəti olmasada, lakin bu günahın qarşısında maneçilik də etmədilər. Yə’ni onu edənləri bu işdən çəkindirmək üçün heç bir tədbir görmədilər.
3. Üçüncü dəstə isə bu günaha qoşulmadı üstəlik bu işi edənləri çəkindirməyə çalışırdılar. İmam Sadiq (ə) buyurur:
هَلَكَتِ الْفِرْقَتانِ وَنَجَتِ الْفِرْقَةُ الثّالِثَة
«Onlardan iki dəstəsi (günahkarlar və günah qarşısında sükut edənlər) həlak oldular. Üçüncü dəstə isə nicat tapdı».
İmam Baqir (ə) buyurur: «İslam Peyğəmbəri Mədinə şəhərinə təzə hicrət etmişdi. Məscidin kənarında yaşayan Sə’d adlı bir müsəlman çox ağır vəziyyətdə yaşayırdı. O həmişə Peyğəmbər ilə birlikdə camaat namazında iştirak edirdi. Heç bir çətinlik onu, ibadətini tərk etməyə vadar edə bilmirdi. Peyğəmbər hər dəfə Sə’di görəndə çox qəmgin olurdu. Onun qərib yerdə həddindən artıq fəqir yaşaması Peyğəmbəri çox narahat edirdi. Bir gün həzrət Sə’də buyurdu: «Əlimə bir şey düşsə, sənə verəcəyəm».
Bir müddət keçdi. Peyğəmbər Sə’də kömək göstərə bilmədiyi üçün narahat idi. Allah-taala Peyğəmbərin qəmgin olduğu üçün Cəbraili ona nazil etdi.
Cəbrail iki dirhəm pulla Peyğəmbərin hüzuruna gəlib dedi: «Allah-taala sənin qəmgin olmağını bilir. Sə’din ehtiyacını ödəmək istəyirsənmi?
Peyğəmbər buyurdu: «Bəli».
Cəbrəil dedi: «Bu iki dirhəmi Sə’də ver və ona de ki, bu pulla ticarət etsin». Peyğəmbər o iki dirhəmi aldı və günorta namazı üçün məscidə tərəf yollandı. Yolda Sə’di gördü. Peyğəmbər ona buyurdu:
«Ey Sə’d! Ticarət edə bilərsənmi»?
Sə’d dedi:
«Allaha and olsun, ticarət etməyə heç bir şeyim yoxdur».
Peyğəmbər iki dirhəmi ona verdi və buyurdu:
«Bu iki dirhəmlə ticarət et və Allahın ruzisini qazan».
Sə’d o pulu aldı və Peyğəmbərlə birlikdə məscidə getdi. Namazdan sonra Peyğəmbər ona buyurdu:
قُمْ فَاطْلُبِ الرّزْقَ فَقَدْ كُنْتُ بِحالِكَ مُغْتَمّاً يا سَعْد
«Ey Sə’d! Qalx ayağa və ruzi dalınca get. Mən sənin bu vəziyyətindən narahatam».
Sə’d ticarətə başladı. İki dirhəm o qədər bərəkətli oldu ki, o pulla alınan hər bir şey çoxlu qazanc gətirirdi. Bu yolla Sə’d çoxlu sərvət qazandı. Onun ticarəti gündən-günə rövnəqlənirdi. O, məscidin kənarında özünün ticarəti üçün bir yer düzəltmişdi. Bilal azan deyəndə Peyğəmbər məscidə gəlirdi, lakin Sə’di əvvəlki kimi namazda görmürdü.
Peyğəmbər vəziyyəti belə görüb Sə’də müraciət etdi:
يا سَعْدُ شَغَلَتْكَ الدِّنْيا عَنِ الصَّلاةِ
«Ey Sə’d, dünya malı səni namazdan ayırdı!»
O isə Peyğəmbərin cavabında bəhanə gətirib deyirdi:
ما اَصْنَعُ؟ اضيع مالِي، هذا رَجُلٌ قَدْ بَعْتُهُ فَتُرِيدُ اَنْ اَسْتَوْفِي مِنْهُ، وَهذا رَجُلٌ قَدْ اشْتَريتُ مِنْهُ فُاريدُ اَنْ اوُفيه
«Nə edim? Malımı tələf edimmi? Bir kişiyə mal satmışam, pulunu almaq istəyirəm, digərindən mal almışam, pulunu vermək lazımdır. (Bu vəziyyətdə nə cür namaza gəlim?)
Peyğəmbər Sə’din bu vəziyyətindən o qədər narahat olmuşdu ki, onun bu narahatçılığı Sə’din kasıblığına görə keçirdiyi nigaranlıqdan da çox idi.
Bu vaxt Cəbrəil Peyğəmbərə nazil olub ərz etdi:
«Allah-taala sənin Sə’d barədə narahat olmağını bilir. Sə’din bu iki vəziyyətindən hansını xoşlayırsan? O fəqir olanda namaza və ibadətə diqqətli idi. Amma indi o, namaza çox diqqətsiz olubdur.»
Peyğəmbər buyurdu: Onun birinci vəziyyətdə olmağını xoşlayıram. Çünki onun sərvətli olması dinini əlindən aldı.
Cəbrəil dedi:
اِنّ حُبَّ الدِّنْيا وَالاَْمْوالِ فَتْنَةٌ وَمَشْغِلَةٌ عَنِ الاْخِرَةِ
«Dünya sərvətinə vurğun olmaq xətərdir və insanı axirət işlərindən yayındırar. Sonra Peyğəmbərə xitab edib dedi:
«Ona verdiyin iki dirhəmi ondan al. Bundan sonra onun vəziyyəti əvvəlki kimi olacaq».
Peyğəmbər Sə’dlə rastlaşanda ona dedi:
«Mənim iki dirhəmimi vermək istəmirsən?»
Sə’d dedi: «Onun əvəzinə iki yüz dirhəm verməyə hazıram».
Peyğəmbər isə buyurdu:
«Mən təkcə iki dirhəmimi istəyirəm.»
Sə’d Peyğəmbərin iki dirhəmini verdi. Bundan sonra Sə’din yığdığı var-dövlət azalmağa başladı. Onun vəziyyəti əvvəlki səviyyəyə qayıtdıqdan sonra, ibadəti də tənzimləndi.
Bu hadisədən nəticə alırıq ki, özünü tam dünya malı ilə məşğul etmək və var-dövlətə həris olmaq insanı Allah yolundan qafil edib çəkindirər. Müasir dövrdə də belə şəxslər az deyil. Onları namaza və məscidə getməyə də’vət edəndə Sə’din gətirdiyi bəhanədən gətirirlər. Misal üçün, deyirlər: «Məscid bekarların yeridir. Biz isə iş adamıyıq.» Görəsən bu cür bəhanələr nə dərəcədə məntiqə uyğundur?! Nə üçün müsəlman olan şəxs vaxtını düzgün nizamlamır ki, öz dini vəzifələrini də yerinə yetirə bilsin?!
Hər müsəlman şəxsin ən ümdə vəzifəsi onu yaradan Allah qarşısında olan borcudur. Bir halda ki, Ulu Tanrıya ən əziz ne’mət olan canını belə borclusan, o zaman Onun göndərdiyi qanunlara riayət etməyə tələs! Bir sözlə, Peyğəmbər zamanında baş verən bu hadisə dünya malına vurğun olub ibadətdən uzaqlaşan şəxslərə xəbərdarlıqdır.
Ümumiyyətlə çətin işlərdə məs’uliyyətdən boyun qaçırmaq məqsədiylə bəhanələr çoxalır. Cihad və düşmənlə müharibə etmək ağır və məs’uliyyətli işlərdən biridir. İmanı zəif olan şəxslər bu müqəddəs vəzifədən boyun qaçırmaq, eləcə də bu günahlarına din çərçivəsində haqq qazandırmaq üçün müxtəlif bəhanələr gətirirlər. Ya ata-analarının qocalığını, ya ailəsinin sahibsizliyini, ya səhhətlərinin xəstəlik səbəbindən imkan verməməsini, hətta havanın istiliyini, soyuqluğunu və bu kimi ucuz bəhanələri əllərində dəstək tutaraq həm dini, həm də dövləti mükəlləfiyyətlərdən boyun qaçırırlar. Həmçinin zahirdə müsəlman olanlarla müharibə edən zaman «biz müsəlman qardaşlarımızla müharibə edə bilmərik» deyərək bu müqəddəs işdən yayınırlar.
Nümunə kimi Təbuk müharibəsinə getməkdən boyun qaçırmaq üçün edilən bəhanəni qeyd edək. Hicrətin doqquzuncu ilində islam Peyğəmbəri tərəfindən bütün müsəlmanlara Rum təcavüzkarlarının qarşısını almaq üçün Təbuk deyilən yerə hərəkət etmələri əmr edildi. Müsəlmanlardan bə’zisi öz canlarını və mallarını islam dininin müdafiəsi yolunda qurban verməyə hazır olmadıqları üçün Peyğəmbərin bu əmrinə itaət etmədilər. Onların bəhanəsi bu idi: Hava çox istidir və belə isti havada uzaq səfərə çıxıb müharibə edə bilmərik. Onlar bu sözlərlə başqalarını da müharibəyə getməkdən çəkindirirdilər.
«Tövbə» surəsinin 81-ci ayəsində oxyuruq:
وَقالُوا لا تَنْفِرُوا فِي الْحَرِّ قُلْ نارُ جَهَنَّمَ اَشَدُّ حَرّاً لَوْ كانُوا يَفْقَهُونَ
«Peyğəmbərin əmrindən boyun qaçıranlar «bu istidə cihada getməyin» dedilər. De: «Cəhənnəm odu daha istidir», əgər başa düşsələr».
İmam Əli (ə) yalan bəhanələrlə müqəddəs cihaddan qaçanları tənqid atəşinə tutmuşdur. O həzrət söhbətlərinin birində (Müaviyənin qoşunu) ilə müharibəyə getməkdən boyun qaçıran İraq camaatına xitab edərək buyurur:
«Üzünüz qara olsun! Həmişə düşmən hücumu qarşısında aciz olduğunuz üçün qəmli və kədərli olasınız! Düşmən sizə hücum edir, siz isə susursunuz, sizinlə müharibə edir, siz isə ayağa qalxmırsınız. Onlar Allaha bu qədər günah edirlər, siz isə bu günahlara razısınız.»
Sonra o Həzrət buyurur:
فَاِذا اَمَرْتُكُمْ بِالسَّيْرِ اِلَيْهِمْ فِي اَيّامِ الْحَرِّ قُلْتُمْ هذه حَمارَّهُ الْقَيْظِ، اَمْهِلْنا يفسَبَّحُ عَنّا الْحَرُّ
«Sizə yayda düşmənə hücum etmək əmrini verdim, siz isə dediniz: Bizə möhlət ver, havalar sərinləşsin».
وَاِذا اَمَرْتُكُمْ بِالسَّيْرِ اِلَيْهِمْ فِي الشِّتاءِ قُلْتُمْ هذِهِ صَبارَّةُ الْقُرِّ، اَمْهِلْنا يَنْسَلُخ عَنّا الْبَرْدُ...
«Sizə qışda düşmənlə müharibə fərmanını verdim, siz isə dediniz: İndi hava çox soyuqdur. Möhlət ver hava istiləşsin».
Sonra buyurur:
فَاِذا كُنْتُمْ مِنَ الْحَرِّ وَالْقُرِّ تَفِرُّونَ فَاَنْتُمْ وَاللهِ مِنَ السَّيْفِ اَفَرُّ
«Siz havanın soyuğundan və istisindən qaçırsınız, Allaha and olsun ki, düşmənin qılıncından daha çox qorxacaqsınız».
Vətənin müdafiəsi və düşmənlə cihad etmək dini vəzifələrin çoxundan əhəmiyyətlidir. Dinimizə görə, canı qorumaq vacibdir. Amma cihad zamanı hətta canı belə qorumaq vacib deyil. Deməli, bu barədə olan heç bir üzr və bəhanələr düz deyil. Və yaxud müharibə zamanı bə’zi şəxslər evlərinin təhlükəli bir ərazidə olduğunu bəhanə edərək döyüşdən yayınırlar. Guya evlərini pis adamların şərrindən qorumaq üçün evdə qalırlar. Belə üzrlər bə’zi şəxslər tərəfindən Xəndək müharibəsində (hicrətin beşinci ilində) baş verdi. Bə’zi pis adamlar müharibədən boyun qaçırmaq üçün deyirdilər: «Bizim evimiz möhkəm deyildir. Ona xəsarət dəyə bilər». Amma İslam Peyğəmbəri onların bu bəhanəsini rədd etdi.
«Əhzab» surəsinin 13-cü ayəsində oxuyuruq:
وَيَسْتأْذِنُ فَرِيقُ مِنْهُمْ النَّبِيَّ يَقُولُونَ اِنَّ بُيُوتَنا عَوْرَةٌ وَما هِيَ بِعَوْرَة اِنْ يُرِيدُونَ اِلاّ فِراراً
«Bə’ziləri də «evimiz düşmən üzünə açıq qalmışdır» deyərək, Peyğəmbərdən icazə istəyirdilər. Halbuki, evləri açıq deyildi; onlar ancaq müharibədən qaçmaq istəyirdilər».
Cədd ibn Qeys adlı bir münafiq müharibəyə getməmək üçün bəhanə gətirərək Peyğəmbərə dedi:
«İcazə ver, bu müharibədə iştirak etməyim. Çünki mənim qadınlara qarşı istəyim çoxdur. Xüsusilə də qorxuram ki, rum qızlarını görəndə ağlım başımdan çıxa və onlara aldanam. Bu da məni öz müqəddəs vəzifəmdən ayıra bilər».
Bu gülməli bəhanəni rədd etmək üçün «Tövbə» surəsinin 49-cu ayəsi nazil oldu. Ayədə oxuyuruq:
وَمِنْهُمْ مَنْ يَقُولُ اِئْذَنْ لِي وَلا تَفْتِنّي اَلا فِي الْفِتْنَةِ سَقَطُوا وَاِنّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكافِرِينَ
Geriyə | Mündəricat | Növbəti |