Geriyə Mündəricat Növbəti

«Onlardan eləsi var ki, «mənə izn ver, fitnənin qurbanı eləmə» söyləyir. Beləsi artıq fitnənin qurbanıdır və cəhənnəm kafirləri hər tərəfdən əhatə edibdir».

Yə’ni belə xarab adamlar günaha bulaşmasınlar deyə, müharibəyə getməkdən boyun qaçırırlar. Lakin onlar indidən günaha bulaşıblar. Çünki onlar Allahın düşmənə qarşı mübarizə fərmanına e’tina etmirlər. Görəsən, belə bəhanələrlə Allahın qəti fərmanı ilə müxalifət etmək olarmı?

HÜDEYBİYYƏ SÜLHÜ ƏRƏFƏSİNDƏ BƏHANƏ

Hicrətin 6-cı ili, ziqə’də ayı idi. İslam Peyğəmbəri 1400 nəfərə yaxın müsəlmanla birlikdə ümrə mərasimini yerinə yetirmək üçün Məkkəyə tərəf yollandı. Müsəlmanların bu səfəri kafirləri qorxutmaq üçün bir növ hərbi manevr olduğu üçün Peyğəmbər bütün müsəlmanları bu səfərə çıxmağa də’vət etdi. Müsəlmanlar Peyğəmbərlə birlikdə Məkkəyə tərəf yola düşdülər. Lakin Məkkə şəhərinin yaxınlığında yerləşən Əsfan adlı yerə çatanda kafirlər onların Məkkəyə daxil olmalarına icazə vermədilər. Bu vaxt Peyğəmbər Məkkənin 20 kilometrliyində yerləşən Hüdeybiyyə kəndinə daxil oldu. Orada Peyğəmbərlə Qüreyş qəbiləsinin nümayəndələri arasında İslam dini üçün çox əhəmiyyətli olacaq «Hüdeybiyyə» sülhü imzalandı və Peyğəmbər müsəlmanlarla birlikdə Məkkəyə daxil olmadan Mədinəyə qayıtdı. həzrət bütün müsəlmanların bu səfərə çıxmalarına fərman versə də bə’zi zəif imanlı şəxslər bu səfərdə iştirak etmədilər. Onlar öz hərəkətlərini belə əlaqələndirirdilər:

«Kafirlər hazır vəziyyətdə idilər. Onlar müsəlmanlarla müharibə etməyə fürsət axtarırlar. Müsəlmanların bu səfərdən salamat qayıtmaları mümkün deyil». Lakin onlar müsəlmanların bu səfərdən əlidolu (Hüdeybiyyə sülhü ilə) və sağ-salamat qayıtdıqlarını görüb, bu fikrə düşdülər ki, öz işlərinə bəraət qazandırsınlar. Onlar Peyğəmbərin hüzuruna gəlib «Mədinədə arvad-uşağın keşiyində qalmışdıq» bəhanəsi ilə üzr istəmək qərarına gəldilər. Lakin onların bu niyyəti həyata keçməmişdi ki, «Fəth» surəsinin 11-ci ayəsi nazil oldu və onların bu bəhanəsini şiddətli surətdə rədd etdi. Bu ayədə oxuyuruq:

سَيَقُولُ لَكَ الْمُخَلَّفُونَ مِنَ الاَْعْرابِ شَغَلَتْنا اَمْوالُنا وَاَهْلُونا فَاسْتَغْفِرْ لَنا يَقُولُونَ بِاَلْسِنَتِهِمْ ما لَيْسَ فِي قُلُوبِهِمْ

«Müxalifət edən bədəvilər tezliklə sənə «malımızı-mülkümüzü, ailəmizi qorumaqla məşğul idik. Bizim üçün Allahdan məğfirət dilə» deyəcəklər. Ürəyində olmayanı dilləri deyir.»

Yə’ni onlar yalan deyirlər. Arvad-uşağın, var-dövlətin keşiyində qalmaq bəhanəsi düz deyil. Beləliklə, onlar Peyğəmbərdən üzr istəməmiş «Fəth» surəsinin 11-14-cü ayələri ilə Allah-taala Peyğəmbərə onların qarşısında qəti mövqeydə dayanmaq fərmanını verdi.

CƏMƏL MÜHARİBƏSİNDƏ BƏHANƏ

«Cəməl» müharibəsində İmam Əli (ə)-ın qoşunundan bə’ziləri bu müharibəni qardaş qırğını adlandırmaqla müharibəyə getmədilər. Onlardan bə’zisi İmam Əli (ə)-ı «Cəməl» müharibəsini törədənlərlə mübarizə apardığına görə tənqid atəşinə tuturdular. İmam Əli (ə) bu müharibədə Cəməl qoşununu aşkarda lə’nətlədi. Bu zaman İmamın qoşunundan bir nəfər o Həzrətə müraciət edərək dedi: Cəməl qoşununda olan mö’minləri öz lə’nətindən istisna et! İmam Əli (ə) bu sözü eşidəndə o şəxsə xitab etdi və buyurdu:

وَيْلَكَ ما كانَ فِيهِمْ مُؤْمِنٌ

«Vay olsun sənə! onların arasında mö’min yoxdur»

Həmçinin «Siffeyn» müharibəsində də bə’ziləri «Müsəlmanları öldürmək düz deyil» bəhanəsi ilə İmam Əli (ə)-ın köməyinə gəlmədilər. İmam Əli (ə) belə yersiz bəhanələri rədd edir və deyirdi: Müaviyə və onun qoşunu müsəlman deyillər. Onlar zahirdə islam dinini qəbul etmiş kafirlərdir. Lakin bunu gizlədirlər.

Müharibə gedən zaman bir şəxs Əmmar Yasirə dedi: «Peyğəmbər buyurmuşdur ki, «Kafirlərlə vuruşun, amma onlar müsəlman olsalar canları və malları amandadır». Əmmar dedi: «Düzdür, Peyğəmbər belə bir kəlam buyurmuşdur. Lakin Müaviyənin dəstəsi müsəlman deyillər. Onlar özlərini müsəlman kimi qələmə verirlər. Amma həqiqətdə kafirdirlər».

İmam Əli (ə)-ın etdiyi bu müharibələrdən bir neçə il sonra da yanlış fikirlilər bu müharibələri müsəlmanlara qarşı müharibə adlandırırdılar. İmam Baqir (ə) belə şəxslərin cavabında buyurur:

لَوْ اَنَّ عَلِيّاً قَتَلَ مُؤْمِناً واحِداً لَكانَ شَرّاً عِنْدي مِنْ حِمارِي هذا

«İmam Əli (ə) bir (zahiri) mö’mini qətlə yetirirdisə, o mö’min mənim nəzərimdə bu ulaqdan (öz ualğına işarə edərək) pisdir.»

DAHA BİR DƏHŞƏTLİ BƏHANƏ

1945-ci ildə Yaponiyanın iki şəhəri Amerika cinayətkarları tərəfindən atılan atom bombasına mə’ruz qaldı. Amerika prezidenti Trumenin fərmanı ilə birinci atom bombası Xirosima şəhərinə atıldı. Bu partlayışın nəticəsində 150 min nəfər həlak oldu. Bu partlayışdan üç gün sonra isə ikinci bomba Naqasaki şəhərinə atıldı. Bu dəfə də partlayış nəticəsində çoxlu insan tələfatı oldu.

Trumen beynəlxalq aləmdə özünün bu dəhşətli əməlinə haqq qazandırmaq məqsədi ilə belə bir arayış verdi:

«Mən bu fərmanı yüz minlərlə amerika əsgərinin, təyyarəçisinin, gəmiçisinin canını qurtarmaq üçün verdim».

Beləliklə, Trumen bu aydınlaşdırma ilə özünün ləkəli vicdanını bütün dünya xalqlarının nəzərində pərdələmək istədi. Lakin çox çəkmədi ki, dünyanın sülhsevər insanları ayağa qalxıb onun bu cinayətini məhkum etdilər və bu qara ləkə əbədi olaraq onun adının üstünə yazıldı.

Hörmətli oxucular, söylədiyimiz bu hadisələr tarix boyu gətirilən bəhanə və üzrlərin bir qismi idi.

Mö’minlər və bütün vicdanlı insanlar çalışmalıdırlar ki, bu cür bəhanələri ilə nə özlərini, nə də başqalarını aldatmasınlar.

GÜNAHIN SƏRHƏDLƏRİNİ TANIMAQ

Günahın sərhədlərini tanımaq günah haqqında edilən mühüm bəhslərdən biridir. Başqa sözlə, bə’zi hallarda yaxşı işləri pis işlərdən ayırmaq çətindir. Elə buna görə də bə’zi şəxslər günahların sərhəddini tanımadıqları üçün günah işləri həqiqi əməl kimi görüblər. Və yaxud əksinə; çox yaxşı və bəyənilən bir işi günah bilib tərk ediblər. Nəticədə belə səhvlər onların həyatına çox pis tə’sir bağışlayıb. Əvvəlcə biz xülasə şəkildə bu bəhsdə olan bir neçə ünvana işarə edəcəyik. Sonra isə bunlardan birini geniş şəkildə araşdıracağıq.

Sərhədləri yaxın olan aşağıdakı bir neçə ünvana diqqət yetirək:

1. Zəlil olmaq; - Təvazökarlıq etmək.

2. Vüqarlı və izzətli olmaq; - Təkəbbürlü və lovğa olmaq.

3. Dünyaya vurğun olmaq; - Siyasətçi olmaq.

4. Paxıllıq (həsəd); - Qənaət.

5. Sükut; - özünü ələ almaq.

6. Qorxmamazlıq; - Şücaət

7. Təbii ehtiyacları tə’min etməmək; - İsmətli olmaq.

8. İsrafçılıq; - Səxavətli olmaq.

9. Müsavat; - Ədalət.

10. Tərki-dünyalıq; - Dünya yaşayışına vurğun olmamaq.

11. Tənbəllik; - Allaha təvəkkül etmək.

12. Yaltaqlıq; - Başqasını doğrudan tə’rifləmək.

13. Rüşvət; - Hədiyyə.

14. Başqasının zülmünə təslim olmaq; - Məcburi təslim olmaq.

15. Qeybət etmək; - Pis adamları ifşa etmək.

16. Haqq qarşısında dayanmaq; - Nahaq qarşısında mübarizə etmək.

17. Dünya malına həris olmaq; - Ailə-uşağının ehtiyaclarını ödəmək üçün çalışmaq.

18. Aciz olmaq; - Səbirli olmaq.

Çox vaxt bə’zi şəxslər söylədiyimiz bu xarakterləri bir-biri ilə səhv salırlar. Misal üçün, qənaət adı ilə paxıllıq edirlər. Səxavətli olmaq adı ilə israfa yol verirlər. İzzətli və vüqarlı olmaq adı ilə lovğa olurlar. Təvazökarlıq adı ilə başqasının əlində zəlil olurlar. Özünü ələ almaq adı ilə sükut edib haqqı müdafiə etməkdən çəkinirlər. Və yaxud bir şəxsi düzgün tə’rifləmək adı ilə yaltaqlığa düçar olurlar. Çox təəssüflər olsun ki, belə səhvlər cəmiyyətdə tez-tez baş verir. Bu məsələni geniş şəkildə tədqiq etmək bu kitabın imkanları daxilində deyil. Lakin dediyiniz kimi, söylədiyimiz ünvanlardan birini burada geniş surətdə araşdırırıq:

Dünya yaşayışından tam üz döndərmək və dünya yaşayışına vurğun olmamaq:

İslam dinində zahidlik, yə’ni dünya malına və yaşayışına vurğun olmamaq çox gözəl, bəyənilən bir xislətdir. Həmçinin bu dində dünyadan üz döndərmək (tərki-dünyalıq) və rahiblik bəyənilmir.

İmam Əli (ə) buyurur:

طُوبى لِلزَّاهِدينَ فِي الدُّنْيا، الرَّاغِبينَ فِي الاْخِرَةِ

«Xoş o kəslərin halına ki, bu dünyanın yaşayışına vurğun deyillər. Lakin axirət həyatına meyillidirlər».

Qeyd etdiyimiz kimi islam dinində rahiblik də rədd edilir Bu barədə aşağıdakı hədisə diqqət yetirək:

Osman ibn Məz’unun arvadı Peyğəmbərin hüzuruna gəlib ərindən şikayət edərək ərz edir: Osman gündüzlər oruc tutur, gecələr isə ibadətlə məşğul olur. (Ailə yaşayışına qarşı e’tinasızdır.)

Peyğəmbər bu sözü eşidəndə əsəbiləşir və birbaşa Osmanın evinə gedib onu namaz qılan halda görür.

Osman namazı qurtardıqdan sonra Peyğəmbər ona xitab edib deyir:

يا عُثْمانُ لَمْ يُرْسِلْنِيَ اللهُ بِالرُّهْبانِيَّةِ وَلكن بَعَثَني بِالْحَنِيفِية السَّمْحَةِ، اَصُومُ وَاُصَلِّي وَالْمِسُ اَهْلِي...

«Ey Osman! Allah məni röhbaniyyəti (səhralara, dağlara çəkilib ibadət etməyi) təbliğ etməyə göndərməyib. Məni, asan və təbii olan təkallahlıq dinini təbliğ etmək üçün peyğəmbər seçib. Namaz qılıram, oruc tuturam və həyat yoldaşımla da əlaqədə oluram. Deməli, mənim dinimi istəyənlər mənim yolumla getməlidirlər».

Mə’lum olur ki, zahid olmaqla dünyanı tam tərk etməyin arasındakı fasilə çox azdır. Elə buna görə də İslam tarixində çox şəxsiyyətlər zahidlik adı ilə dünyadan, siyasətdən və maddi ne’mətlərdən əl çəkib rahiblik-asket həyat tərzini seçiblər. Onlar islam dinində bəyənilən zahidlərin həqiqi simasını dəyişdirib, İslam Peyğəmbərinin rədd etdiyi yola çəkiliblər. Başqa sözlə, zahid olmaq dünyanı tərk etmək yox, dünyaya vurğun olmamaq mə’nasındadır.

İbrahim Ədhəm və Bayəzid Bəstani kimi şəxslərin dünyanı tərk etmələri İslamın dediyi zahidlik deyil. İslam dinində tövsiyə olunan zahidlik İmam Əli (ə)-ın simasında və onun həyatında görmək mümkündür. O Həzrət ən böyük zahid olmaqla eyni zamanda, siyasi və ictimai sahələrdə tam fəal idi. Gecələri ibadət etməklə bərabər gündüzləri əkinçilik edirdi. İmam Əli (ə) dünya həyatını axirət həyatına bir körpü və vasitə bilirdi. Kəlamlarının birində zahid olmağı belə izah edir:

اَلزَّهْدُ كُلُّهُ بَيْنَ كَلِمَتَيْنِ مِنَ الْقُرْآنِ، قالَ اللهُ سُبْحانَهُ لِكَيْلا تَأْسُوْا عَلى ما فاتَكُمْ وَلا تَفْرَحُوا بِما آتاكُمْ

«Zahid olmağın bütün həqiqəti Qur’anın iki cümləsində gəlib. (Allah-taala buyurur:) Keçmişə təəssüflənməyin, gələcəkdə gələnə isə sevinməyin».

İmam Əli (ə) bu qanunla bizə öyrətdi ki, zahidliklə dünyanı tərk etməyin fərqini bilək. Çünki bunların fərqini bilməmək bə’zilərini, çox şəxsiyyətləri, hətta mə’sum İmamı tənqid etməyə vadar edib. Nümunə olaraq bu hədisə diqqət yetirək:

Məhəmməd ibn Münkədir deyir: «İsti yay günlərinin birində Mədinə şəhərindən çıxdım. əkin sahələrinin birində İmam Baqir (ə)-ı yorulmadan işləyən gördüm. öz-özümə dedim: Qüreyş qəbiləsinin ən böyük şəxsiyyətlərindən biri belə isti havada dünya malının dalıncadır. Gedib ona nəsihət verməliyəm. O Həzrətin hüzuruna gəlib salam verdim. Onun üz-gözündən tər damcılarının axdığını gördüm. Ona dedim: Allah sənə kömək olsun! Belə bir isti havada Qüreyşin şəxsiyyətlərindən birisinin dünya malı dalınca düşməsi düzdürmü? Bu halda sənin əcəlin çatsa, Allaha nə cavab verərsən»?

İmam mənim cavabımda buyurdu: «Mənim əcəlim bu halda çatsa, Allaha ibadət edən halda dünyadan gedəcəyəm. Çünki mən bu işimlə özümü və ailəmi sənə və başqalarına möhtac olmağa qoymuram. Mənim qorxum ondadır ki, Allaha günah edən zaman əcəlim çatsın».

Məhəmməd ibn Münkədir deyir:

O Həzrətin bu cavabını eşidəndə dedim:

صَدَقْتَ يَرْحَمَكَ اللهُ، اَرَدْتُ اَنْ اَعِظَكَ فَوَعَظْتَنِي

«Düz dedin, Allah öz rəhmətini sənə şamil etsin. Sizə nəsihət vermək istədim, lakin siz mənə nəsihət verdiniz».

Başqa bir hədisdə oxuyuruq:

Əbu Bəsir deyir: İmam Sadiq (ə)-dan eşitdim ki, buyururdu:

اِنّي لاَعْمَلُ فِي بَعضِ ضِياعي حَتّى اَعْرَقَ، وَاِنَّ لِي مَنْ يَكْفِينِي، لِيَعْلَمَ اللهُ عَزَّ وَجَلَّ اِنّي اَطْلُبُ الرِّزْقَ الْحَلالِ

«Mən bə’zi əkin sahələrimdə elə işləyirəm ki, bədənimdən tər axır. Halbuki, bu işi mənim üçün görənlər də var. Lakin bu işi özüm öhdəmə alıram ki, Allah-taala mənim halal ruzi qazanmağımı görsün».

Bütün qeyd edilənlərdən belə nəticəyə gəlirik ki, zahid olmaq dünyada qazanc üçün çalışmaqla ziddiyyətdə deyil. Bunların hər ikisi bir həyat qurmaq üçün lazımdır.

GÜNAHLARDA İSTİSNA

Günahlardakı istisnaları tanımaq bu barədə mühüm bəhslərdəndir. Hər bir hadisə və hərəkətdə istisna məsələsi olduğu kimi, günahlardan da bir çoxu bə’zi vaxtlar caiz, hətta vacib olur. Məsələn: yalandan and içmək böyük günahlardan biridir. Lakin bir müsəlmanın canını zalım bir şəxsin əlindən xilas etmək üçün yalandan and içməyə məcburdursa, bu vaxt yalandan and içmək günah sayılmır. Əks halda yalan danışmaq haram və günahdır. İmam Sadiq (ə)-dan nəql olunan bir hədisə əsasən, üç yerdə yalan danışmağın eybi yoxdur. İmam Sadiq (ə) buyurur:

«Hər bir yalandan ötrü bir gün (Qiyamət günü) sual olunacaq. Amma üç yerdə yalan danışmağın eybi yoxdur:

1. Bir şəxsin din düşmənləri ilə müharibədə yalanla hiylə işlətməsi. Bu şəxsə heç bir günah yazılmır.

2. İki nəfər küsülünü barışdırmaq məqsədi ilə yalan danışmaq.

3. Bir şəxs öz həyat yoldaşına bir şey və’də verə, amma onun almaq fikrində olmaya.

QEYBƏT VƏ ONUN İSTİSNALARI

Günahlarda olan istisnalarla daha yaxından tanış olmaq üçün qeybətdə olan istisnalara diqqət edək. Qeybət etmək və müsəlmanların eybini onların ardınca danışmaq böyük günahlardan sayılır. Qur’an ayələrində və hədislərdə qeybət şiddətli surətdə qadağan olunmuşdur. Qeybət bir müsəlmanın ardınca danışıb, onun gizli eyblərdən birini faş etməyə deyilir. Amma başqasının aşkarda olan eybini danışmaq məzəmmət məqsədi ilə olmasa, eybi yoxdur.

İmam Sadiq (ə) buyurur:

اَلْغِيْبَةُ اَنْ تَقُولَ فِي اَخِيكَ ما سَتَرَهُ الله عَلَيْهِ

«Qeybət odur ki, müsəlman qardaşının haqqında Allahın gizli saxladığı eybini faş edəsən».

«Hücürat» surəsinin 13-cü ayəsində oxuyuruq:

وَلا يَغْتَبْ بَعْضُكُمْ بَعْضاً اَيُحِبُّ اَحَدُكُمْ اَنْ يَأكُلَ لَحْمَ اَخِيهِ مَيْتاً فَكَرِهْتُمُوهُ

«Bir-birinizin qeybətini etməyin. Hansı biriniz ölmüş qardaşının ətini yeməkdən zövq alır? Əlbəttə, heç biriniz. Sizin bu işdən acığınız gəlir».

Qeybət eləməyin pislənməsinə aid hədislər çoxdur. Lakin burada iki hədislə kifayətlənirik.

1. İslam Peyğəmbəri buyurur:

اَلْغِيْبَةُ اَسْرَعُ فِي دِينِ الرَّجُلِ الْمُسْلِمِ مِن الاكِلَةِ فِي جَوْفِهِ

«Müsəlmanın dininin məhvində qeybətin tə’siri xora xəstəliyinin insan bədənindəki tə’sirindən çoxdur».

2. Allah-taala Musa peyğəmbərə belə vəhy etdi:

مَنْ ماتَ تائِباً مِنَ الْغِيْبَةِ فَهُوَ آخِرُ مَنْ يَدْخُلُ الْجُنَّةَ، وَمَنْ ماتَ مُصِرّاً عَلَيْها فَهُوَ اَوَّلُ مَنْ يَدْخُلُ النّارَ

«Qeybət etməkdən tövbə edib dünyasını dəyişən şəxs hamıdan axırda behiştə daxil olacaq. Qeybətlə məşğul olduğu halda dünyasını dəyişən şəxs isə hamıdan birinci cəhənnəmə daxil olacaq».

Qeybətin bu cür ağır günahlardan olmağına baxmayaraq, bə’zi hallarda qeybət etmək caiz və hətta vacib olur. Böyük alim, mərhum Şeyx Ənsari özünün «Məkasib» kitabında yazır:

Müsəlmanın qeybətini etməkdən məqsəd düzgün və mühüm hədəf olarsa, belə ki, bu mühüm hədəfə qeybətdən savayı heç bir şeylə nail olmaq mümkün olmazsa, bu vaxt qeybət etmək günah deyil. Deməli, qeybətdəki istisnaların sayı məhdud deyil. İstisnalardan bir neçəsini qeyd edirik:

1. Aşkarda günah edən şəxsin etdiyi günahlar haqqında qeybətini etmək.

2. Zalım şəxsin qeybətini etmək.

3. Bir kəsə məsləhət verən zaman qeybət etmək.

4. Günahdan çəkindirmək üçün bir şəxsin qeybətini etmək.

5. Mühüm və böyük bir fəsadın qarşısını almaq üçün qeybət etmək. Misal üçün bid’ətçi şəxsin qeybəti.

6. Məhkəmə zamanı şahidlərin qeybətini qazinin hüzurunda etmək.

7. Bir şəxsi ziyandan qorumaq üçün onun qeybətini etmək.

8. Bir şəxsi elə bir eybli adla yad edəsən ki, təkcə o adla tanınır. Misal üçün kar, kor, şil, keçəl və s..

9. Yanlış fikirli bir kitabı və yaxud məqaləni tənqid edərkən qeybət etmək.

«Nisa» surəsinin 148-ci ayəsində oxuyuruq:

لا يُحِبُّ اللهُ الْجَهْرَ بِالسُّوءِ مِنَ الْقَوْلِ اِلاّ مَنْ ظُلِمَ

Geriyə Mündəricat Növbəti