Geriyə Mündəricat Növbəti

İslam və fikir dirçəlişi

Bu sual-cavab uyğun şübhələri cavablandırır. Bu sual o qədər cəlbedici və yığcam ünvanlanır ki, həzrət Peyğəmbəri (s) belə «əhsənə» vadar edir. Bəli, İslam cəmiyyətin fikir dirçəlişində bu qədər tə’sirlidir. Qadının insan hesab edilmədiyi bir əsrdə islam qadını dəyərli suallar vermək səviyyəsinə ucaldır.

Yəzid Ənsarinin qızı Əsma qadınların nümayəndəsi kimi Peyğəmbərin (s) hüzuruna gəlib, ərz edir: Sizə özüm, atam-anam fəda, bu mənim və bütün qadınların sözüdür ki, Allah səni kişi və qadınlara məb’us etdi və biz sənin peyğəmbərliyinə, Allahına iman gətirdik. Amma biz evlərdə dustağıq və çox fəzilətlərə əlimiz çatmır. Biz evdə oturub, kişilərin istədiyini ödəyir, sizin üçün övladlar yetiririk. Kişilər isə bizdən üstündür. Çünki onlar cümə, camaat namazlarında iştirak edir, xəstələri yoxlayır, dəfndə olur, həccə gedir, amma biz evdə məhrum otururuq. Kişilər cəbhəyə gedəndə onların mülkünü qoruyan, paltarlarını toxuyan, övladlarını tərbiyə edən bizik. Bəs bizim fəzilət və mükafatımız nədir?

Bu sualın hər bir hissəsi daha geniş bir cavab istəyir. Amma tərcümə ilə kifayətlənməli oluruq. Əsmanın sualının sonunda bir nöqtə diqqəti daha çox cəlb edir. O da budur ki, həmin qadın ad-sandan, şöhrətdən yox, mükafatdan danışır. Hər bir müsəlman qadın üçün Peyğəmbərin (s) cavabı, şəksiz ki, qənaətbəxş olacaqdır.

Sual bitdikdən sonra həzrət Peyğəmbər (s) əvvəlcə ətrafdakılara nəzər saldı və soruşdu: «Qadından öz dini məsələsi haqqında belə gözəl sual eşitmisinizmi?» Cavab verdilər ki, bir qadının belə kamal mərtəbəsinə çata biləcəyini güman etmirdik. Sonra həzrət (s) üzünü həmin qadına tutub buyurdu: «Nümayəndəsi olduğun bütün qadınlara e’lan et ki, ərə yaxşı baxmaq, ona itaət etmək, onun razılığını qazanmaq kişinin bütün fəzilətlərinə bərabərdir». Bu vaxt qadın tam razı və xoşhal vəziyyətdə «La İlahə İlləllah» deyərək Peyğəmbərin (s) hüzurundan mürəxxəs oldu.

Bəli, söhbət ad-san yox, fəzilətdən gedir. Həzrət Peyğəmbərin (s) buyurduğu kimi bu, kişinin cihadı müqabilində qadının cihadıdır. Göründüyü kimi vəzifə fərqi heç də fəzilət fərqi deyildir. Hər kəs öz vəzifəsini layiqincə, xalis niyyətlə yerinə yetirsə, daha çox fəzilət əldə edər. Kişi cümə, camaat namazında, həcdə, cihadda iştirak etməklə, qadın da insan haqlarını, cəmiyyətin namusunu qorumaqla buna nail olar. Kişi döyüş silahını səsləndirməklə, qadın isə körpənin beşiyini tərpətmək, tərbiyəli, mübariz, mücahid övlad böyütməklə fəzilətə çatır.

Qısası, birinci hissə budur ki, xilqət baxımından qadın və kişi eyni həqiqətə malikdirlər. İnsanın təkamülü və tənəzzülü onun ruhuna aid olduğundan təkamül yolu hər iki cins üçün eynidir. Qadın və kişi arasında bu iki cəhətdən fərq yoxdur. Vəzifə fərqi bu iki mühüm mövzuya zərər yetirmir.

Fərqlər

Başqa bir sual da verilə bilər: Axı qadın və kişi arasında aşkar fərqlər olduğu halda bu iki fərd həqiqətinin eyni olma iddiası nə dərəcədə doğrudur? Bu iddia həm də uyğun fərqi aşkar bəyan edən Qur’an ayələrinə ziddir. «Nisa» surəsində buyurulur: «Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər.» Yə’ni qadınlara rəhbərlik kişilərin öhdəsindədir. Çünki həm fiziki, həm də iqtisadi cəhətdən kişilər üstündür. «Kişilər onlardan bir dərəcə üstündürlər.» («Bəqərə» surəsi, ayə 228). Bu ayələri oxuyaraq necə demək olar ki, bu iki cins eyni bir həqiqətdəndir?!

İkinci hissəni bu suala cavab verməklə başlayırıq: Qadın və kişi yaranış, insani həqiqət, təkamül yolunu keçməkdə eyni olsalar da, bədən və ruhiyyəcə açıq-aşkar fərqlənirlər. Qadın bədəncə zərif, ruhiyyəcə lətif, hissiyyatlı, məhəbbətli məxluqdur. Qadın söz qəbul edən, tə’sirlənəndir. Bəlkə də ayədə elə buna işarə olunub: «Bər-bəzək içində böyüdülüb, mübahisə zamanı dəlil gətirə bilməyən qızlar». («Zuxruf» surəsi, ayə 18). Kişi möhkəm bədən, böyük ruha malikdir. Məhz ağır, çətin siyasi və ictimai vəzifələrdən danışılanda ruhun və cismin qüvvəsi əsasdır. «Allah sizdən ötrü onu seçmiş, elm və bədəncə ona üstünlük vermişdir». («Bəqərə» surəsi, ayə 247). Beləcə, qadının ruh və bədən incəliyinə münasib olaraq, vəzifələr tə’yin olunmuşdur. Qadında zərif və gözəl işlərə, məsələn, gül hazırlamaq, tikiş, toxuma sənətinə meyl var. Əksinə, kişilərdə qüvvə tələb edən işlərə maraq çoxdur. Bu sayaq mövcud fərqlərin sirri aydınlaşır. Cəmiyyətdəki vəzifələr heç zaman eyni cür, zərif və ya çətin olmur. Evdə və ya bayırda həm zərif, həm də çətin işlərlə qarşılaşırıq. Evin zərif işləri sənət və övlad tərbiyəsi, çətin işləri əkinçilik, faydalı qazıntıların çıxarılması, düşmənlə döyüş, digər həyat zərurətləridir. Cəmiyyətdəki bu fərqləri nəzərə alaraq ağıl necə hökmə edər ki, bə’zi vəzifələr icraçısız qalsın?! Qüvvəli ruh və cism tələb edən bir iş zərif ruhlu və bədənli bir fərdin öhdəsinə düşə bilərmi?! Heç şübhəsiz, yaranış nizamına uyğun gələn üçüncü yoldur. Belə bir nöqtə də aydınlaşır ki, qadın-kişi rabitələrində, qadının fərdi və ictimai hüquqlarında istər ifrata varmaq, istərsə də üzdən getmək (təfrit) səhvdir. Çünki bədən və ruhiyyədəki fərqlər vəzifə seçimində fərq tələb edir. Bu yönümdə bərabərlik tələbi yaranış nizamındakı həqiqətlərin inkarıdır.

Çox vaxt hüquqlarda fərq qoyulması inkişaf nizamından doğur. Çünki vəzifə seçimində qadın və kişiyə fərq qoyulmaması bu iki fərdin ruhi və cismi tənasübünə ziddir. Beləcə, kişilərə uyğun olan ağır vəzifələri qadınların öhdəsinə qoymaq məntiqi deyildir.

Burada müəyyən sualların, o cümlədən nə üçün bütün peyğəmbərlər kişi olub, nə üçün qadınlar cəmiyyətdə rəhbərlik vəzifəsindən məhrumdurlar, nə üçün qadın və kişinin «irs» kimi bə’zi iqtisadi hüquqları fərqlidir, suallarının cavabı mə’lum olur. Bu fərqlər qadın və kişinin bədən və ruhundankı fərqlərə əsaslanır.

Əgər bə’zən irsdən qadının payı az olarsa, qadın rəhbərlik vəzifəsindən məhrum edilirsə, cihadda iştirak etmirsə, səbəb onun bədən və ruhunun ağır vəzifələrə uyğun olmamasıdır. Qadının az irs alması ailədə bütün xərclərin, eləcə də qadının öz xərclərinin kişinin öhdəsinə düşməsidir. Əslində qadının aldığı az miqdar irsin xərclənməsi nəzərdə tutulmur. Amma çox miqdar irsə sahib olan kişi bütün ailə xərclərini ödəməyə borcludur.

Keçək cəza qanunlarına. Cəzaların insan şəxsiyyəti, ruhuna aidiyyatı yoxdur. Cəza bədən üzvünə aiddir. Əgər kişiyə ikiqat artıq cəza tə’yin edilirsə, bu qadının kişidən ikiqat əskik olması deyildir. Bu məsələdə Peyğəmbər (s) və İmamlar (ə) da adi müsəlmanlarla eyni hüquqa malikdirlər. Əgər burada ruh nəzərə alınsaydı, Peyğəmbərlə sadə müsəlmanın hüququ fərqli olardı.

Fərq üstünlük deyil

Bu fərqlər üstünlük, imtiyaz hesab olunmur. İnsanın üstünlüyü onun tutduğu vəzifəyə görə yox, təqva (pəhrizkarlıq) və fəzilətinə görə qiymətləndirilir. Mümkündür ki, evdar və pak bir qadının işi bir rəhbərin işi qədər dəyərli olsun. İlahi insan tərbiyə edən, ərinin və cəmiyyətin adını uca tutan tərbiyəçi bir xanım işinin dəyəri sinəsini düşmən gülləsinə sipər etmiş bir kişinin cihadı ilə bərabər ola bilər. Həzrət Peyğəmbərin (s) Əsmaya cavabını yada salın. Nə çox öz vəzifəsini məs’uliyyətlə yerinə yetirib, behişt əldə edən qadınlar və ağır ictimai-siyasi vəzifələri icra etməklə o məqama yüksəlməyən kişilər!

Beləcə, döyüş meydanında kişi üçün müəyyən edilmiş dərəcələr qadına da və’d olunmuşdur. Bir qadın həzrət Peyğəmbərdən (s) soruşdu ki, cihaddan qadına nə pay (savab) düşür? Həzrət buyurdu: «Qadın üçün hamilə olandan azad olanadək Allah yanında mücahidin savabı qədər savabı var. Əgər bu aralıqda dünyadan köçsə, şəhid məqamında gedər». («Bəhar» cild 101).

Digər bir rəvayətdə imam Sadiq (ə)-dan rəvayət olunub ki, azad olarkən (doğuş zamanı) dünyadan köçən qadın üçün qiyamətdə hesab kitabı açılmaz. Bu növ üstünlüklər digər iki ayədə də bəyan olunur. Üstünlük qadın və kişi arasında yox, ailə çərçivəsində nəzərdə tutulur. Kişi bədən və ruhiyyəcə qüvvəli olduğu üçün evin müdiriyyəti, iqtisadi məsələlərin həlli onun öhdəsinə düşür. Qadın da öz qüvvəsinə uyğun vəzifələr daşıyır. Beləliklə, bu qəbildən olan fərqlər ailə həyatı, bəşərin ictimai nizamından doğur və ilkin iki əsasa nöqsan gətirmir.

Fərqlərin olması zəruridir

Qadın və kişi arasında bu növ fərqlər eynən kişilər arasında və qadınlar arsındakı iste’dad fərqi kimidir. Bu şəraitlərin bə’zilərində bərabərliyə hökm etmək yaranış nizamını saymamaq, zülmdür. Eləcə də, qadın və kişi arasındakı fərqləri təsdiq etmək yaranış, ailə, cəmiyyət nizamına uyğundur. İnsanların ictimai həyatının davamı üçün düşüncələr və iste’dadlar müxtəlifdir. Kimisində sənət, kimisində təbabət, kimisində əkinçilik iste’dadı vardır. İctimai həyatda həkim əkinçinin bəhrəsindən, əkinçi həkimin elmindən, sənətkar hər ikisinin bacarığından faydalanır. «Zuxruf» surəsinin 32-ci ayəsində buyurulur: «Məgər sənin Rəbbinin mərhəmətini onlarmı paylaşdırırlar?! Dünyada onların dolanacaqlarını aralarında biz bölürük. Biri o birinə iş gördürsün deyə, birinin dərəcəsini digərindən üstün etdik. Rəbbinin mərhəməti onların yığdıqları dünya malından daha yaxşıdır».

İste’dadların fərqi bir tərəfli deyil, qarşılıqlıdır. Hamı bir-birindən faydalanır və nəticədə həyat tarazlanır. Bu fərqlər və vəzifələr kimsəyə üstünlük verməmişdir. Kimsə öz sərvətinə və kimsə də öz sən’ətinə görə məğrur olmamalıdır. Həkim öz elm və biliyinə görə başqalarına minnət qoymamalıdır. Çünki bu bacarıq üstünlük yox, ilahi bir imtahandır. Allah-təala buyurur: «Verdiyi ne’mətlərlə sınamaq üçün sizi yer üzünün varisləri tə’yin edən, dərəcələrə görə birinizi digərinizdən üstün edən Odur.» («Ən’am» surəsi, ayə 165).

Qadın və kişi arasında mövcud olan bütün insanlar arasında olan fərq onların insani həqiqətləri arasında fərq yaratmırsa, qadın və kişi arasında olan fərq də onların həqiqətinin eyniliyinə mane olmaz. Əksinə, mövcud fərqlər ictimai həyatın davamı üçün zəruridir.

Nəticə

Yuxarıdakı söhbətlərdən altı nəticə əldə edirik:

1-Qadın və kişi yaranış baxımından eyni bir həqiqətdəndirlər;

2-Təkamül, yüksəliş yolu kişi və qadın üçün eyni dərəcədə hamardır;

3-Qadın və kişi arsında mövcud olan fərqlər onların insani həqiqətinə aid deyil;

4-Qadın və kişinin vəzifələrində mövcud olan fərq onların bədənində, ruhiyyəsində olan fərqlərdən doğur. Bu fərqlər fəzilət, üstünlük deyil. Üstünlük yalnız iman, saleh əməl, təqvaya görədir;

5-Heç bir kamal və mə’nəvi fəzilətdə kişi olmaq şərt deyil, eləcə də qadın heç bir fəzilətdən məhrum deyil. Fəzilət əldə etməkdə qadın da kişi kimi azaddır;

6-Nə qadın, nə də kişi fəsad törətməkdə, günaha batmaqda azad deyil;

Bu nöqtələr qarşıda bir daha aydınlaşacaqdır. Çünki növbəti hissələrdə fəzilətdən danışarkən söhbət islamın nümunəvi xanımı Fatimeyi Zəhra (s)-dən gedəcək. Söhbətimiz kamal meydanında böyük ilahi kişilərlə çiyin-çiyinə irəliləmiş, ülul-əzm Peyğəmbərlə tay, bəlkə onlardan da üstün bir qadından, Fatimədəndir (s).

Əgər bu müqəddimə olmasaydı, kimsə qadının kişilərlə çiyin-çiyinə fəzilətə çatmasına şübhə edə bilərdi. Amma təkamül yolunda qadın və kişi arasında heç bir fərq olmaması sübuta yetdikdən sonra, bu yolu adlamış nümunəvi bir qadının haqqında danışmaq asan olacaq.

Əlbəttə, e’tiraf etməliyəm ki, mənim (müəllif) qələmim islamın nümunəvi olan kamil bir qadınının fəzilətlərini yazmaqda acizdir. Çünki yer əhlinin mələkut əhlinin əzəmətinə yolu yoxdur. Həqiqət budur ki, Zəhranın (s) nurlu çöhrəsini işıqlandıran kimsənin qələmi deyil, Qur’an vəhyidir. Zəhra (s) səmavi bir həqiqətdir. Vəhydən başqa heç nə onun əzəmətinə vara bilməz, fəzilətini qələmə almaz. Elə bu səbəbdən də o yüksək və ilahi şəxsiyyət Fatimə adlanmışdır.

BİRİNCİ FƏSİL

FATİMƏ (S) HƏYATINA BİR BAXIŞ

Fatimə (s) dünyaya gəlməmişdən

İnsan talehində, onun səadət və bədbəxtliyində əbi-əcdadın, xüsusi ilə ata və ananın necəliyi tə’sirli amillərdəndir. Övladın talehində ata-ananın iki rolu vardır. Bunun biri genetik (vərasət) amilidir. Valideynin cismi və ruhi xüsusiyyətləri gen yolu ilə övlada ötürülür. İkinci amil isə övladın formalaşmasında ata-ananın birbaşa təmas yoludur.

Övladın talehində ananın rolu hamıya aydındır. Çünki hamiləlik dövründə körpənin mayası (cənin) ananın bir üzvü kimi qida və ana ruhiyyəsindən faydalanır. Uşaqlıq dövrü də ardıcıl şəkildə ananın himayəsində keçir. Buna görə də dini yazılarda ananın əhəmiyyətli rolu gözəl və dəqiq ibarələrlə vurğulanır.

Həzrət Peyğəmbərdən (s) nəql olunmuşdur: «Hər kəsin səadət və xoşbəxtliyi ana bətnində müəyyənləşir.» («Bəhar» cild 5). Yenə buyurulur: «Övladın dünya və axirət səadətinin müəyyənləşməsində öz tərbiyəvi rolunu ifadə edən anadır.» («Vəsail» cild 15).

Ananın diqqətsizliyi övladın azğınlığı və bədbəxtliyi ilə nəticələnir. Dini yazılarda valideynin əhəmiyyətli roluna əsasən göstərişlər verilir və haram tikənin təhlükəsi qeyd edilir. Yaxınlıq, hamiləlik, çağalıq, hətta nütfənin formalaşması dövrünə aid göstərişlər vardır ki, övlad cismən və ruhən sağlam doğulsun, cəmiyyətə düzgün tərbiyə ilə qədəm qoysun.

Fatimənin (s) atası

Fatimənin (s) atası bəşəriyyətin ən şərəflisi, rəhbəri və müəllimi, hətta ülul-əzm peyğəmbərlərin üstünüdür.

İlk yaranmış o həzrətdir. («Bəhar» cild 15). Varlıq aləmi ona xatir xəlq edilmişdir. («Bəhar» cild 15). Bütün insanlar, hətta peyğəmbərlər onun rəhmət və kamal bayrağı altındadır. («Bəhar»cild 39). Həzrət ilk və son peyğəmbərdir. («Bəhar» cild 16).

Fatimənin (s) atası o şəxsdir ki, adı və fəziləti aləmi bürümüşdür. Həmin şəxsdir ki, xarkteri sübhan Allah tərəfindən imzalanmışdır. Həmin şəxsdir ki, yaranmış üçün mümkün olan son yaxınlıq dərəcəsinə yüksəlmişdir. Bu həmin məqamdır ki, müqərrəb vəhy mələyi Cəbrəil (ə) onunla yoldaşlığa dözmür və «bir az da yaxınlaşsam qanadların kül olar» deyə e’tiraf edir. («Bəhar» cild 18).

Fatimənin anası

Fatimənin anası qaranlıq cahiliyyət şəraitində islam Peyğəmbərinə iman gətirmiş ilk müsəlman qadın idi. O, bütün sərvətini islamın genişlənməsi üçün Peyğəmbərin (s) ixtiyarında qoydu. Həmin bu pak və düşüncəli qadın bütün insanların həqiqətlə vuruşduğu cəhalət və xurafat dövründə risalətə, vəhyə, Qur’ana iman gətirdi. Bu qadının haqqında həzrət Peyğəmbər (s) buyururdu: «Xədicənin misli harada tapılar! O məni elə bir vaxtda təsdiq etdi ki, hamı təkzib edirdi.» («Səfinətül-bihar» cild 1). Həmin bu qadındır ki, dünya qadınlarının nümunəvi və böyük xanımlarından biri və Allahın seçilmişi. «Bəhar»-ın 43-cü cildində deyilir: «Sübhan Allah qadınlar arasından dördünü (Məryəm, Asya, Xədicə, Fatimə) seçdi.

Fatimənin (s) vücuda gəldiyi zaman

Məhəmməd (s) kimi ata, Xədicə (s) kimi anadan, Peyğəmbərin (s) həssas nübuvvəti dövründə, yə’ni qırx gün ev və ailədən uzaqlıqdan, ibadətə vardıqdan, qeybi feyzlərdən faydalandıqdan, me’racda behişt meyvələrini daddıqdan sonra Zəhra (s) nütfəsi yoğruldu. Bəli, Zəhra (s) behişt meyvələrindən bir şirədir ki, yer aləminə qədəm qoymuşdur.

Həzrət Peyğəmbər (s) buyurur: «Me’raca getdiyim zaman Cəbrail (ə) məni behiştə daxil edəndə behişt xurmalarından daddım. Meyvələr nütfəyə döndü. Yerə qayıtdıqdan sonra Xədicə ilə yaxınlıq etdim və Fatimənin nütfəsi yoğruldu. Fatimə insan simasında bir huridir. Behişt qoxusu arzulayanda onu Fatimədən alıram».

Bəli, Fatimə (s) behişt meyvələrinin şirəsidir. Orada meyvələrin qəbulu, burada Fatimənin yaranışı! Həzrət Peyğəmbərin (s) qeybi və ilahi elm və maarifə vardığı həssas bir dövrdə Zəhranın (s) nütfəsi yoğrulur. Bu xüsusiyyətlər dünya qadınlarının tacı olan fərdin tərbiyəsinə şərait yaradır. Bu Fatimə vücudunun özünəməxsusluğudur ki, mə’na aləminə bir belə bağlıdır. Amma Fatimə (ə) xilqətinin həqiqəti və nuru zaman, məkan tanımır.

Fatimənin (s) anadan olması və ya əbədi günəşin doğması

Be’sətdən (peyğəmbərliyə çatandan) beş il sonra Cəmadiüs-sani ayının iyirmisində qeybi ruzilərin bəhrəsi yer üzündə təcəlli etdi, Zəhra ulduzu doğuldu. Məhəmməd (s) və Xədicə (s) evi Fatimənin mələkuti nuru ilə işıqlandı. Pak və oxşarsız atadan, pakizə bir anadan bir körpə dünyaya gəldi ki, aləmi sahilsiz kamillik dəryasında qərq etdi. Qısa və bərəkətli ömründə bəşəriyyəti təəccüb və heyrətə gətirdi. Əgər mələklər insan xilqətinin əsrarından xəbərdar olsaydılar, bilsəydilər ki, Adəm nəslindən belə bir əxlaqi fəzilətli, ilahi sifətli insan ərsəyə gələcək, ilahi məhzərdə «Adəmi nə üçün yaratdın?» deyə sual verməzdilər. («Bəqərə» surəsi, ayə 30). Çünki mələklər insan deyildikdə yalnız günahkar və fəsad törədən adamları təsəvvür edirdilər. Onlar insanın Fatimə sayaq uca məqamından xəbərsiz idilər. Qarşısında səcdə qıldıqları Zəhra (s) indi də mələklərin sevimlisidir.

Bu gün söhbət Məhəmməd (s) «kövsərinin» cari olmasından, sahilsiz kamal dəryasının sədasından, nəhayətsiz mələkut rəhmətindən, daim yaşıl qol-budaqlı, dərin kök atmış paklıq şəcərəsinin (ağacının) yüksəlməsindən gedir. «Xoş bir söz kökü yerdə möhkəm olub, budaqları səmaya ucalan gözəl bir ağac kimidir». («İbrahim» surəsi, ayə 24). Bütün bəşəriyyət onun səmərəsindən faydalanır.

Zəhranın (s) doğum günü kamil insan simasının parladığı, islamın nümunəvi xanımının doğulduğu gündür. İmamətin on bir parlaq ulduzunun anası odur. Bə’zi rəvayətlərə görə Zəhra Qədr gecəsidir. Ustadların tə’birincə, axı necə də Qədr gecəsi olmasın, məgər on bir natiq, danışan Qur’an bu gecədə (Fatimədə) nazil olmadımı!

Bu gün söhbət fəzilətlər anasının, dünya qadınlarının tacı, Məhəmmədin (s) gözünün nuru, yarı canı, qəlb meyvəsi Zəhranın viladətindən gedir. Həzrət onun haqqında buyurub: «Atan sənə fəda olsun». Bu gün söhbət əbədi parlaq fəzilət günəşindən, imamət ulduzlarının mehvərindəndir. Zəhra nuru zaman və məkana sığmadığından bu doğulmuş hansı il, hansı günə düşdüyünü araşdırmağa ehtiyac görmürük. Bu tarixçilərin işidir. Buna görə də bu viladətlə bağlı yalnız bə’zi nöqtələri xatırlayırıq.

Fatimə necə doğuldu?

İmam Sadiq (ə)-dan nəql olunub: Xədicə (s) həzrət Məhəmmədə (s) ərə gedəndə Məkkənin varlı qadınları tərəfindən məzəmmət olundu. Çünki cahiliyyət ən’ənələrinə görə Xədicə kimi varlı bir qadın Məhəmməd (s) kimi kasıb bir şəxsə uyğun deyildi. Bu səbəbdən də Xədicə (s) tənha qaldı.

Xədicə (s) Fatiməyə hamilə oldu. Fatimə ansının bətndə olan vaxtlarda, anası ilə danışardı, onu səbirli olmağa ruhlandırardı. Xədicə bu məsələni həzrət Məhəmməddən gizlətsə də, bir gün həzrət otağa daxil olanda Xədicənin kiminləsə danışdığını gördü. Peyğəmbərin sualı qarşısında Xədicə məsələni açdı. Həzrət (s) buyurdu: «Cəbrail mənə xəbər verib ki, bu körpə qızdır və mənim nəslim onun vasitəsi ilə davam edəcək. O, imamların, mənim canişinlərimin anası olacaq».

Hamiləlik dövrü başa çatdıqdan sonra doğum məqamı yaxınlaşdıqda Xədicə bə’zi Qureyş qadınlarından kömək istədi. Amma müsbət cavab almadı. Bu onu kədərləndirdi. Bu vaxt Xədicə dörd qadın müşahidə etdi. Onlardan biri dedi: «Biz sənin bacılarınıq – Sarə, Asya, Məryəm, Gülsüm (Musa (ə)-ın bacısı). Allah bizi sənə yardım üçün göndərib». Bəli, dünyanın ən pak qadınları Xədicəyə yardıma gəldi. («Bəhar»)

Fatimə (s) doğulanda Məkkənin, eləcə də dünyanın bütün evlərində nuranilik vardı. Zəhra nurunun saçılmadığı guşə yox idi. Əlində teştlər, kovsər dolu qablar on huri otağa daxil oldu. Fatiməni (s) kovsər suyunda çimirib, ağ və ətirli parçalara bürüdülər. Zəhra dilə gəlib, şəhadət kəlmələrini dedi: «Şəhadət verirəm ki, bir Allahdan başqa mə’bud yoxdur və atam onun peyğəmbəridir».

Fatimə (s) belə doğuldu. Bir günəş doğdu ki, bütün dünyanı nura boyadı və heç zaman qürub etməyəcək.

Geriyə Mündəricat Növbəti