Geriyə Mündəricat Növbəti

Fatiməyə ad qoyulması

İmam Sadiq (ə)-dan nəql olunub ki, Allah yanında Fatimənin doqquz adı vardır: «Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Rəziyyə, Muhəddəsə, Zəhra.»

İmam Rza (ə)-dan nəql olunub ki, Allah-təala onu Fatimə adlandırdı. Bəli, ilahi insanların bütün şə’ni, hətta adları da ilahidir. Necə ki, həzrət Məhəmməd (s), həzrət Yəhya (s), həzrət Məsihin (s) adları Allah tərəfindən buyuruldu. Rəvayətlərdə həzrət Fatimə (ə) üçün başqa adlar da nəql olunmuşdur. O cümlədən Bətul, Hisan, Hürrə, Səyyidə, Üzra, Hura, Ünsiyyə, Məryəm, Kübra, Səmaviyyə, Ümmül Hüseyn, Ümmül Möhsin və s. ən gözəli isə, Fatimə «Ümmül-fəzail»dir.

Nə üçün Fatimə adlanıb?

Bunun səbəbi müxtəlif cür izah edilib. İmam Sadiq (ə)-a görə, xalq onu tanımaqda aciz olduğu üçün Fatimə adlanıb.

Əli (ə) həzrət Peyğəmbərdən nəql edir ki, Fatimənin belə adlanmasının səbəbi onun və övladlarının təkallahçı olması, mənə nazil olana iman gətirməsinə görə oddan amanda qalmasıdır.

Yenə o həzrətdən nəql olunur: «Qızım ona görə Fatimə adlanıb ki, Allah onu və onu sevənləri atəşdən ayırıb».

İmam Sadiq (ə)-dan nəql olunur ki, bunun bir səbəbi onun şərdən ayrılmasıdır. «Zəhra sevənlər müvəhhid olsalar, Cəhənnəm əzabından amandadırlar» tə’biri Zəhranın şəfaət məqamına işarədir. Bu şəfaət ona şərait yaradanlara şamildir.

Nə üçün «Tahirə» adlanıb?

İmam Baqir (ə)-dan rəvayət olunub ki, Fatiməni Tahirə də adlandırıblar. Çünki o, bütün nöqsan və çirkinliklərdən uzaq idi. Fatimə (ə) heç zaman heyz və nifas qanı görməmişdi.

Nə üçün «Mühəddəsə» adlanıb?

Fatimə Mühəddəsə də adlanmışdır. Çünki mələklər Məryəmə (s) nazil olduqları kimi Fatiməyə də nazil olub, onunla danışmışlar.

Nə üçün «Bətul» adlanıb?

Fatimə (ə) oxşarsız olduğu üçün «Bətul» da adlandırılıb. Bu onun mübarək və mə’na dolu adlarındandır.

Qızlarımıza Zəhranın (ə) adlarını qoyaq. Zəhranın adlarını daşıyan qızlarla kobudluq etmək, onları sıxıntıya salmaq olmaz. Bu Fatimə ilə eyni adda olmağın bərəkətidir.

Fatimənin (s) tərbiyəsində sə’y

Əvvəldə qeyd olundu ki, övlad tərbiyəsində ata-ananın vərasət (gen), ünsiyyət yolu ilə mühüm rolu vardır. Uşağın formalaşmasında başqa amillər də vardır. Məsələn, uşaqların ünsiyyətdə olduğu başqa bir ailə üzvləri, mədrəsə mühiti, müəllimlər, cəmiyyətə hakim quruluş. Amma ən tə’sirli amil ata və xüsusi ilə anadır. Valideyn o zaman müvəffəqiyyət qazanır ki, ailə məsələləri, tərbiyə üsulu ilə tanış olsun, əməli nümunələr göstərsin. Çünki əməlin tə’siri sözün tə’sirindən daha çoxdur. Tərbiyəçinin sözü ilə əməli uyğun gəlməlidir.

Əgər maarif, elm və tərbiyə üsulu ilə tanışlıq nəzərindən bəşəriyyətə müəllim, tərbiyəçi olan islam Peyğəmbəri (s) atadırsa (onun əməl və rəftarı nümunədirsə), nümunə və mö’minə Xədicə anadırsa, onların qoynunda layiq bir qız yetişər. Bu övlad uca, ilahi, insani kamilliklər və əxlaqi fəzilətlərdən faydalanmış olacaq. Xüsusilə, o zaman ki, ata bu qızı adi bir fərd kimi görmür. Onda kamal və ləyaqət əsərləri əvvəlcədən aşkardır. Ona görə də Peyğəmbər (s) Zəhranın (s) tərbiyəsində çox sə’y göstərər, daima ondan muğayat olardı. Hər gün Zəhranın üzünə elm və fəzilətindən yeni bir qapı açılırdı. Həzrət Peyğəmbər (s) onun qeyb elmi, islami maarif, Qur’anla daha yaxından tanış olması üçün hər bir fürsətdən istifadə edirdi. Fatimə (s) atasının yanına gəlib ev işlərində kömək üçün xidmətçi götürməyə icazə istəyəndə həzrət onun bu istəyi müqabilində ona yeni bir fəzilət - «Təsbiahti Zəhra» adı ilə məşhur olan bir zikr öyrədir. Bu ata tərəfdən qızına ən yaxşı hədiyyə idi. («Kafi» cild 3).

Bu təsbihatdan gözəl hədiyyə olsaydı, həzrət onu Fatiməyə təqdim edərdi. Həzrət (s) qızının tərbiyəsindən heç zaman ayrılmaz, onunla ünsiyyəti qənimət bilərdi. Səfərə çıxarkən sonuncu ayrıldığı, səfərdən qayıdarkən ilkin görüşdüyü kəs Fatimə olardı.

Həzrətin (s) Fatiməylə görüşmədiyi bir gecə yox idi. («Bəhar» cild 43).

Fatimə (s) Peyğəmbərin ən əziz, ən sevimli yaxını idi. («Bəhar» cild 43).

Fatimə Peyğəmbərin gözünün nuru, qəlb meyvəsi idi. («Bəhar» cild 43).

Peyğəmbərin (s) başqa övladları da vardı. Amma onların haqqında bu sözlər deyilməmişdi – deyilənlər Fatiməyə aid idi.

İKİNCİ FƏSİL

FATİMƏNİN (S) BƏ’Zİ FƏZİLƏTLƏRİ

Nümunəni tanıtma

Hər bir məktəb və məram ərsəyə çatdığı zaman ümumi diqqəti cəlb etməyə sə’y göstərir və öz hədəfinə çatmaqdan ötrü müxtəlif üsullardan faydalanır. Peyğəmbər məktəbi, başda Qur’an və islam olmaqla insanların pak fitrətlərinə uyğun maarif və əqidə ərməğan (hədiyyə) gətirdiyindən sağlam insanlarda yaşanmağa nail olur. Ona görə də ümumi fikir cəlb etmək üçün nümunələrin, nurlu çöhrələrin tanıtdırılması üsulundan istifadə edilir. Eləcə də batil yoldan çəkindirmək üçün çirkin və fəsad dolamalar işıqlandırılır. Qur’ani-kərim öz mübarək ayələrinin böyük bir hissəsini təkallahlığı və sabitqədəm kişilərin, qadınların tanıtdırılmasına həsr etmişdir. Onlar müxtəlif şəraitlərdə mehvər olma haqlarını hifz etmiş, doğru yoldan sapınmamışlar. Məryəm (s), Fir’onun zövcəsi, Musanın (ə) anası və bacısı, Şüeybin (s) qızları kimi pak qadınlar müsəlman qadınlara nümunə olmaqla Qur’anda tə’riflənmişlər. Əməli-salehlərin tanıtdırılması üçün layiq insanlar nümunə göstərilmişdir.

Nə üçün nümunə tanıtdırılmalıdır?

Kamil insanların tanıtdırılmasında Qur’ani-kərimin tə’kidləri tarixin bəyanı üçün deyil. Çünki Qur’an tarix kitabı yox, hidayət və nur kitabıdır. İlahi simaların təqdimində məqsəd başqalarının nümunə götürülməsidir. Onların yolu, üsulu öyrənilməklə təkamül yolu tapılmalıdır. Qur’an kamil insanın simasını təsvir edir və bu təsvirin fəlsəfəsini buyurur: Nümunəni tanıtma kamil insan xarakterinə uyğunlaşma üçündür. İnsan onu nümunə götürməklə doğru yoldan azmamalıdır. Qur’ani-kərim Peyğəmbər (s) və onun zümrəsindən olan Zəhra (s) simasını işıqlandırmaqla onları kamal qülləsinə ucaldaraq, son məqsədə yönəldəcək səbəb bildirir. Qırılmaz ipə sarılmaqla özümüzə cəhalətdən nicat vermək, haqq yola çıxmaq bizim öhdəmizə düşür.

İndi siz əzizlərlə birgə fəzilət dünyasının kənarında «Ümmül-əimmə»nin (imamlar anasının) simasının tamaşasına əyləşirik. Ümid edək ki, Zəhra (s) ulduzunun nuru qaranlıq və xəstə könüllərimizi işıqlandırıb şəfa verəcək, cəmiyyətimizin qadın və kişiləri üçün nümunə olacaq.

Fatimənin (s) iman və ibadəti

İbadət nədir? İbadət mə’bud qarşısında bəndənin təvazökarlığı və kiçilməsidir. İbadət qadir, əziz, kamil və mütəal Yaradan müqabilində zəlil və zəif mövcudun acizanə səcdəsidir. Naqis mövcudların təkamül yolu ibadətdir. Bu təvazökarlığın əvvəli insanın mə’rifət və inamıdır. Allahı tanıma və qəlb imanı güclü olduqca ibadətdə də daha dəyərli olur. İbadətdə sabitlik və keyfiyyət imana möhkəmlik verir, yəqinliyi gücləndirir. «Ölənəcən Allahına ibadət et» («Hicr» surəsi, ayə 99).

İbadət məqsəd deyil, yoldur. Çünki məqsəd kamala çatmaq, Allaha yaxınlaşmaqdır. Din və şəriətə uyğun ibadət məqsədə doğru bir yoldur. Əgər Qur’an «sizi yalnız ibadət üçün yaratdım» deyə buyurursa, bu ibadətin məqsəd olması demək deyil. İbadət yol, abid yolçu və məqsəd Allaha çatmaqdır. Buna görə də din insanı məqsədə çatıracaq doğru yoldur. («Siratəl-mustəqim»)

İbadət kamala çatmaq yoludur

Kamala çatmağın yeganə yolu ibadət və xalisanə bəndəlikdir. Naqis və aciz insan bu yolu getməklə haqq sifətlərinin, qüdrət və izzətin zühur məhəlli olur. Bütün ne’mətlər Allahdandır. Bu ne’mətlərdən faydalanmağın şərti ne’mət sahibinə, kamillik məbdə’sinə diqqət göstərilməsidir. «Nəhl» surəsinin 53-cü ayəsində buyurulur: «Sizə gələn hər bir ne’mət Allahdandır.» Bütün qismətlər, ibadətlər, paklanmalar Onun fəzl və ehsanındandır. «Nur» surəsinin 21-ci ayəsində buyurulur: «Əgər Allahın sizə ne’məti və mərhəməti olmasaydı, sizlərdən kimsə pak olmazdı.»

Kamillik məbdəsi olan Allaha daimi diqqət etdikdə insanın nəsibi «xəlifətullah» məqamı, doğru yol olur. Ona görə də hər bir kamilliyi onun məbdə’sində axtarmaq lazımdır.

Müvəhhidlikməhz tək Allaha təslim olmaq kamilliyin, qüdrətin məbdə’si olmaqla insanın təkamül yolunu hamarlayır. Çünki kamala çatmağın yolu mərifət və ibadətdir. Mərifət nə qədər çox olarsa, xüzu və xüşu (təvazö) da bir o qədər çox olar. Həqiqəti tanıdıqca insanın acizliyi daha da aşkarlanır, insan özünü möhtac və borclu bilir. Elə bu səbəbdən də övliya və peyğəmbərlərin ah-naləsi uca, yandırıcı olur, daim zikr, ibadətdə olurlar. Kamil insanlara yüksək məqama çatmaq üçün gecə namazına durmaq göstərişi verilir. «İsra» surəsinin 79-cu ayəsində buyurulur: «Gecənin bir vaxtı qalxıb, ancaq sənə xas olan namazı qıl. Olsun ki, Rəbbin səni həmd olmuş bir məqama göndərə». Bu namazın məhz Allaha diqqət olan həmd olmuş məqama çatmanın fəlsəfəsi «Muzəmmil» surəsində belə bəyan olur: «Şübhəsiz ki, gecə söz demək üçün daha əlverişlidir». Nəfsə səfa verən, ruhu ilahi feyzlərin qəbuluna hazırlayan gecə namazlarıdır. Qur’andan feyz almaq üçün gecələr qalxmaq zəruridir. Elə ki, gecə qaxmaq həqiqətə çevrildi, ruh qəbul üçün hazırlandı, o vaxt ilahinin gecə feyzi nazil olar. Qısası, ilahi övliyalar gecə yarı nalələri, göz yaşları hesabına nəsibinə çatdı.

Fatimə (s) mehrabda

İbadət mehrabından Zəhraya (s) elə kamilliklər nəsib oldu ki, onları nəzərə almaqla onun gecələr oyaq qalması nümunə olmalıdır.

Fatimənin (s) iman və ibadəti haqqında müxtəlif rəvayətlər nəql olunub. «Bəhar» da deyilir: Fatimə xalqın ən çox ibadət edəni idi. Çox vaxt gecəni sübhədək oyaq qalar, namaz qılardı. İmam Həsəndən (ə) nəql olunub ki, anamı sübhədək namaz halında gördüm. Başqaları üçün dua edərdi. Soruşdum ki, özün üçün niyə dua etmirsən? Buyurdu ki, əvvəl qonşulardır.

O xanım mehrabda o qədər dayanar, namaz qılardı ki, mübarək ayaqları şişərdi.

Fatimənin (s) ibadətinin həqiqəti

Fatimə (s) sadəcə quru, ruhsuz ibadət etmirdi. O, bir alim kimi idi. İbadəti yüksək mə’nalı və xalis idi. Belə ibadət ruhun təkamülünə bais olur. Qur’ani-kərim xalis ibadəti tə’rif edir. «Mö’minun» surəsində buyurulur: «O kəslər ki, namazlarında müt’i olub, boyun əyərlər». İlahi hüzurda xalisliklə, qəlbin iştirakı ilə müşayət olunan ibadət tə’rifə layiqdir. Demək, ibadətin ruhu, keyfiyyəti əhəmiyyət daşıyır. Zəhra (s) mehrabda dayananda təlatümdə olar, ilahi qorxu vücudunu bürüyər, göz yaşlarında qərq olardı. («Bəhar» cild 43).

İxlas və isar

Zəhranın (s) övladları Həsən və Hüseyn (ə) xəstələndilər. Həzrət Peyğəmbər (s) Fatimənin (s) evində idi. Həzrət buyurdu ki, əgər onların şəfası üçün nəzr etsəniz, münasibdir.

Əli (ə) və Fatimə (s) nəzr etdilər ki, övladları sağalanda üç gün oruc tutsunlar. Allah-təala onlara şəfa əta etdi. Nəzrə görə oruc tutmalı idilər. Həsən, Hüseyn və xidmətçi Fizzə də onlara qoşuldular. Birinci gün başa çatdı. İftar üçün Fatimə (s) beş çörək hazırlamışdı. İftar zamanı bir miskin qapını döyüb kömək istədi. Əvvəlcə Əli (ə), sonra Fatimə (s), daha sonra Həsən, Hüseyn (ə) və Fizzə öz çörək paylarını miskinə verdilər. Səhəri gün nəzrə görə oruc tutdular. Yenə iftar vaxtı bir yetim qapını döydü və yardım istədi. Əvvəlki günü əhvalatı yenə də təkrar oldu, beş çörəyin beşini də yetimə verdilər və su ilə oruclarını açdılar. Üçüncü günün orucunu tutdular! İftar vaxtı bir əsir gəlib, kömək istədi. Yenə öz çörəklərini əsirə verdilər. Beləcə peyğəmbər ailəsi öz orucunu ac qarın, solğun çöhrəylə başa vurdu!

(İsar – öz ehtiyacın olan bir şeyi başqa ehtiyaclıya verməkdir).

Allah-təala vəhy ailəsinin xalisliyini, isarını tə’rifləmiş, onların şə’ninə Qur’anda ayələr nazil etmişdir, onları başqalarına nümunə seçmişdir. İnsanlar bu ailəyə, «Ürvətül-vüsqaya» (qırılmaz ipə) bağlanmaqla zülmət quyularından azadlığa çıxmalıdırlar. «Dəhr» surəsində buyurulur: «Onlar özləri yemək istədikləri halda yeməyi yoxsula, yetimə və əsirə yedizdirdilər».

Onlar öz peymanlarına və’d edər, qiyamət gününün şərindən və əzabından qorxar, isar göstərərlər. Onların əməllərinin dəyəri xalislikdir. Qur’anda buyurulur: «Biz sizi ancaq Allah rizasından ötrü yedizdirdik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik». («Dəhr» surəsi, ayə 9). «Həşr» surəsindən bir ayə: «Özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin xəsisliyindən qorunan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır!» Bunlar Zəhra isarı, ixlası və ibadətinin nümunləridir. Bu bütün vücudu Allah eşqi ilə dolu olan Zəhradır. Peyğəmbər (s) onun haqqında buyurur: «Fatimənin bütün vücudu, onun qəlb imanı yəqinliklə doludur». («Bəhar» cild 43). Fatimənin iman və qorxu məqamından onun mə’rifəti də işıqlanır. Çünki ilahi məqama dərin mə’rifət olmadan iman və qorxu müyəssər deyil. «Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar.» («Fatir» surəsi, ayə 28).

Burada bir məsələnin də yada salınması münasib görülür ki, bə’zi alimlərin buyuruqlarına əsasən Əhli-beyt məqamından bir dərəcəsinə xadimə Fizzə kimi nail olmaq olar. Eyni halda bə’zi dərəcələr yalnız Əhli-beytə məxsusdur və adi adamlar o məqama müvəffəq ola bilməzlər. Qarşıda bu barədə inşəallah danışacağıq.

Fatimənin (s) mələklərlə söhbəti

Nəfslə mübarizə, şeytani vəsvəsələrin dəfi, doğru yolun seçilməsi hesabına əldə edilən nəfs paklığı ruhun ilahiləşməsi, Allaha yaxınlaşma ilə nəticələnir. İmanlı insan o qədər yüksələ bilər ki, mələklər aləmi ilə əlaqədə olar. Allaha xalis, müt’i bəndə olmaqla insanda ilahi sifətlər cilvələnər, insan vilayət məqamına çatar. Bu vaxt ona mələklər nazil olar. Mələklərin gəlişi vilayət məqamına çatmağın əlamətidir. Bu əlamət hansısa bir dəstəyə aid deyil. Vilayət qapısı hamı üçün açıqdır. Hətta peyğəmbərlərə də mələklərin nazil olması onların vilayət məqamından bəhrələnməsi ilə bağlıdır. Bu məqama kim çatarsa, qeyb aləmi ilə əlaqəsi olar və ilahi maarifə yiyələnər. «Fussilət» surəsində buyurulur: «...düz olan kəslərə mələklər nazil olub, belə deyəcəklər: Qorxmayın və kədərlənməyin...»

Əlbəttə, mələklərin nazil olub, şəriət xəbəri gətirməsi peyğəmbərlərə aiddir və son peyğəmbərin risaləti ilə sona çatıb. Amma Qur’an qeyri-peyğəmbərlərə də mələklərin nazil olduğunu xəbər verir və həzrət Məryəm (s) barədə buyurur ki, mələk Məryəmə nazil olub, onunla danışdı. («Məryəm» surəsi, ayə 17).

Fatimə (s) vilayət məqamına malik olmaqla qeyb aləmi ilə əlaqədə olan kamil insanlardandır. Mələklər ona nazil olub, söhbət etdilər və onu ilahi biliklərlə maarifləndirdilər. Bu səbəbdən də Fatimə (s) «Mühəddisə» (hədis söyləyən) adlandırılıb. («Bəhar» cild 43).

Həzrət Məhəmməddən (s) nəql olunub ki, «Fatimə (s) dünya qadınlarının bəhrəsidir. İbadət mehrabında dayanarkən müqərrəb mələklərdən yetmiş mini nazil olub, onunla danışarlar. Allah Fatiməni seçdi, pakladı və üstünlük verdi». («Bəhar» cild 43).

Fatimə (s) mələklər aləmi ilə əlaqədə olmaqla yanaşı qeybi ruzilərdən də faydalanırdı. İlahi yaxınlıq və qeybi ruzilər Fatimə (s) ibadətinin təcəllası idi.

«Bəhar»da nəql olunur: Əli (ə) otağa daxil olanda Peyğəmbər (s) əyləşmişdi, Fatimə (s) namaza məşğul idi. Kənarda üstü örtülü qab vardı. Fatimə (s) namazını bitirib, tabağın üstünü açdı. Orada qeybi ruzilər vardı. Əli (ə) bunların haradan gəldiyini soruşdu. Fatimə (s) cavab verdi ki, Allah istədiyi kəsə hesabsız ruzi verər.

Bəli, bütün bunlar Fatiməyə (ə) uca məqam bəxş etmiş mehrabın bərəkətləridir.

Fatimə (s) Məhəmmədin (s) kövsəridir

Kövsər nədir? «Kövsər» böyük xeyir, ilahi maarif və bərəkətdən faydalanmaqdır. «Təkasür» isə əksinə, Allahı və qiyamət gününü unutduran mənsəbpərəstlik, dünya məhəbbətidir.

«Təkasür» surəsində buyurulur: «Var-dövlət, oğul-uşaq çoxluğu ilə öyünmək sizi azdırdı». Amma həzrət Peyğəmbərə (s) müraciətlə buyurulur: «Biz sənə kövsər əta etdik». («Kövsər» surəsi, ayə 1).

Peyğəmbərin (s) kövsəri

Peyğəmbərin (s) kövsəri ən kamil din kimi nazil olmuş, həmin ilahi maarif, hökmlərdir. Qur’ani-kərim bütün digər ilahi kitabları hifz edəndir. Başqa bir tərəfdən əbədidir, qiyamətədək xalq ondan faydalanar. Bu ilahi fəzilət heç vaxt insanlardan kəsilməz. O, kövsərdir. Əksinə, düşmən puç köpükdür, köksüz, əsassız, dayanacaqsızdır. Qur’anda buyurulur: «Köpük heç bir şey olmadığı üçün uçub gedər.» Başqa bir ayədə buyurulur: «Pis söz isə qoparılmış, köksüz pis bir ağaca bənzəyir». («İbrahim» ayə 26).

Fatimə (s) kövsər oxşarı

Məhəmməd (s) kövsərinin digər bir nümunəsi Zəhradır (s). Çünki Peyğəmbər (s) nəslinin davamı onun vasitəsi ilə gerçəkləşmiş, Fatimədən (s) on bir imam doğulmuş, onların bərəkəti şərqi, qərbi bürümüşdür. Onlar dinin sütunu olmuş, dinin davamı və varlığı onların vücudunun bərəkəti ilə şərtlənmişdir. Onlar imamətin qaynar bulağı kimi şəriət susuzluğunu doyurmuşlar. Bütün fəzilətlər Əhli-beyt və ilahi vəhydəndir.

İmam Sadiq (ə) buyurmuşdur: «Harada fəzilətdən bir söz olsa, biz Əhli-beytdəndir». Bir halda ki, bütün bu fəzilətlərin anası, kökü Fatimədir (s), nə üçün də kövsər olmasın?! Nə üçün belə bəhrəli budaqları olan pak bir ağac kövsər sayılmasın?! Buna görə də Məhəmməd (s) kövsərinin bariz nümunəsi Fatimədir. Onun Əhli-beyti və övladları dinin pak ağacının daim suvarıldığı kövsərdirlər.

Fatimə (s) şəfaəti

Vilayət, Allah dərgahına yaxınlıq məqamına çatanların faydalandığı mərtəbələrdən biri də şəfaətdir. Şəfi’ (şəfaət verən), Allah qarşısında hörmətinə əsasən şəfaətə uyğun günahkarların bağışlanmasını istəyir. Əgər şəfaəti olmasaydı, Allah günahkar insanlarla ədalətə əsasən rəftar edərdi. Amma şəfi’nin bir günahkar üçün istədiyi şəfaətə əsasən Allah öz fəzl və mərhəməti ilə cəzalandırmadan keçir. Şəfaətin əsası budur və ona heç bir eyb tutulmur. Çünki şəfaətin tohid və ilahi elmlə heç bir ziddiyyəti yoxdur.

Şəfaət məqamı peyğəmbərlərə, ilahi övliyalara (İmamlar və Əhli-beyt), şəhidlərə, mələklərə və sabit alimlərə aiddir. Fatimə (s) Əhli-beyt zümrəsindən, ilahi övliyalardan, hətta peyğəmbərlərdən üstün idi. Buna görə də Fatimənin (s) şəfaət məqamının sübutuna ehtiyac qalmır. Bununla belə, bu məqamın əhəmiyyətini qeyd etmək üçün bir neçə rəvayətə müraciət edək.

«Bəhar»da nəql olunur: Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Hər bir qadın beş vaxt namazını qılsa, Ramazan orucunu tutsa, Allah evinin vacib həccini yerinə yetirsə, malının zəkatını versə, ərinə itaət etsə, məndən sonra Əlini (ə) imam və rəhbər bilsə, qızım Fatimənin şəfaəti ilə behiştə daxil olcaq. Fatimə dünya qadınlarının seyyidəsi və sərvəridir».

İmam Baqir (ə) həzrət Peyğəmbərdən (s) belə nəql edir: «Qiyamət günü Allah tərəfindən nida ucalar ki, ey Fatimə, nə istəsən, kimə şəfaət istəsən qəbuldur».

Fatimə (s) isməti

İnsan ömür boyu iki yol ayrıcındadır – fitrətinin də’vəti ilə Allah yolunu seçə bilər, ya da vəsvəsə və nəfsinin havasına tabe olub, günaha batar, Şeytanın ardınca gedər. (Zəlalət və azğınlıqda süqut edər). Ən əsası bu iki yoldan birini seçən insanın iradəsidir. Xəta və günaha düçar olsalar da, mö’minlər xeyr və səadət yolunu seçərlər. Çox az adamlar ömürləri boyu günahdan qorunub, ismət məqamına çata bilərlər. İlahi peyğəmbərlər və imamlar (ə) bu məqama çatanlardandırlar. Lakin ismət yolu təkcə peyğəmbərlərə yox, hamı üçün açıqdır. Çünki nə peyğəmbər, nə də imam olmayıb, bu məqama çatanlar vardır. Qur’an ismət məqamına çatmış, mələklərin nazil olduğu Məryəmi (s) bu zümrədən bilir. «Məryəm» surəsində buyurulur: «Biz öz ruhumuzu Məryəmin yanına göndərdik». Məryəm bütün nöqsanlardan pak təqdim edilir: «Allah həmçinin ismətini qoruyub saxlamış İmranın qızı Məryəmi misal çəkir». («Təhrim» surəsi, ayə 12). O, pak və Allahın seçilmişi kimi tanınmışdır: Yada sal ki, bir vaxt mələklər belə dedilər: «Ey Məryəm, həqiqətən Allah səni seçmiş, təmizləmiş və dünya qadınlarından üstün tutmuşdur». («Ali-imran» surəsi, ayə 42).

Geriyə Mündəricat Növbəti