Geriyə | Mündəricat | Növbəti |
Qur’ani-məcid qadınlar arasında Fatiməni mə’sum bilir. Fatimə (s) ömür boyu günah etməyən bir şəxsdir. O, əsrlər boyu bütün insanlara, xüsusilə qadınlara nümunə olmuşdur. Allah-təala mübarək «Təthir» ayəsi ilə bəşəriyyətin əlinə Əhli-beytin ismətini təsdiq edən sənəd vermişdir: «Siz ey [peyğəmbərin] ev əhli! Allah sizdən çirkinliyi yox etmək, sizi paklamaq istəyir». («Əhzab» surəsi, ayə 33). Allah hər növ çirkinliyi Peyğəmbər (s) ailəsindən dəf etmək iradəsindədir.
Şərif ayə Əhli-beyti bütün nöqsanlardan pak bilir. Bu ailə inayət, yardımla çirkinlikdən uzaqdır. İsmət yolu hamı üçün açıq olsa da, sübhan və agah olan Allah Əhli-beytin qəti şəkildə ismət əhli olduğunu imzalayır. Bu fəzilət ev əhli və səhabələrdən kimsəyə aid deyildir. Çünki nəql edilmiş şiə və sünni rəvayətlərinə görə hətta xalq arasında Əhli-beytdən hesab edilənlər də bu məqamda deyillər. Ayə Əli, Fatimə və onların övladlarına şamil edilir. Xalq arasında Peyğəmbər (s) ailəsi hesab olunan zövcələr də rəvayətlərə əsasən ayədə nəzərdə tutulmayıb. Bir neçə rəvayəti yada salırıq.
İmam Baqir (ə) buyurur: «Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyn (s) haqqında təthir ayəsi Ümmü-sələmənin evində nazil oldu». Ayə nazil olanda həzrət Peyğəmbər (s) Əli, Fatimə, Həsən və Hüseyni bir örtük altına alıb buyurdu: «Xudaya, bunlar mənim Əhli-beytimdir. Onlar haqqında və’də vermisən. Onlardan çirkinliyi uzaq et, onları paklandır».
O vaxt Ümmül-sələmə ərz etdi ki, ya Rəsuləllah, mən də onlarlayam? Həzrət buyurdu: «Sənə müjdə verirəm ki, xeyr və səadətdəsən». Diqqət edin, ürfən el gözündə Əhli-beytdən olan qadın əslində onlardan deyil. Aydın olur ki, bu xüsusi məqama hər kəsdə ləyaqət yoxdur.
Bə’zi rəvayətlərdə nəql olunub: Ümmi-sələmə onlara qatılmaq istəyəndə həzrət Peyğəmbər (s) onda bu ləyaqətin olmadığını anlatdı. Demək, bu ayədə yalnız xüsusi adamlar nəzərdə tutulurlar: Əli, Fatimə, Həsən, Hüseyn və onların doqquz övladı (s).
Sünni əhlindən bir-neçə rəvayət:
Süyutidən iki yönümdə müxtəlif rəvayətlər nəql olunub. Bir qurup rəvayətə görə bu ayə beş nəfərə aiddir və peyğəmbərin zövcələrinə də şamil olunmur. Rəvayətlərə görə həzrət Peyğəmbər (s) onlara qatılmaq istəyən Ümmül-sələməyə icazə verməmişdir. O da nəql edir ki, paklanma-təthir Əhli-beyt ismətinə aiddir.
Maraqlı budur ki, həzrət Peyğəmbər (s) bu məsələyə o qədər əhəmiyyət vermişdir ki, bu ayə nazil olduqdan sonra altı ay ardıcıl sübhlər Fatimənin evinə gəlmiş, ayəni oxuyub, geri qayıtmışdır.
Bu xüsusi məqam Əhli-beytə məxsusdur və onu təsdiq edən sənəd Qur’andır. Onlar kimsənin müvəffəq ola bilməyəcəyi bir ismət dərəcəsinə çatmışlar. Bu sbəbdən də Əhli-beytə itaət əmr olunmuşdur. Qur’anda buyurulur: «Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özümüzdən olan ixtiyar sahiblərinə itaət edin!» («Nisa» surəsi, ayə 59). Yalnız ömür boyu günah və xəta etməmiş şəxslərə mütləq itaət doğrudur.
Əlbəttə, Fatimənin (s) ismətinə başqa dəlillər də var. Fatimənin (s) peyğəmbərlərdən üstün olduğunu təsdiq edən hədislər növbəti fəsildə deyiləcək.
Məhəbbət aşiqi mə’şuqa tərəf çəkən daxili bir cazibədir. Mə’şuq cilvələnmiş gözəllikləri ilə aşiqi cəzb edir. Varlıq aləminin bütün yaranmışlarının daxilində həqiqətə məhəbbət mövcuddur. Hamı onun gözəlliklərinin aşiqidir, hamı ona doğru hərəkətdədir. Buna əsasən, insana güc verən, onu hərəkətə gətirən məhəbbətdir. Varlıq aləminin hər parçasında haqqın cilvələnən camal və gözəllikləri bütün aşiqləri bihuş edir, kəməndə salır. Mə’şuq bir gözəllikdirsə, aləm bir məhəbbətdir. Əgər bir cövhərin hərəkəti maddəni əhatə edirsə, eşq hərəkəti varlıq nizamını bürüyür. Əgər aləm bir qaynar həyatdırsa, bu qaynarlığın səbəbi ilahi eşq və məhəbbətdir.
Yalnız həqiqi məhəbbət ört-basdır edilə bilmir. Daxilində elə qığılcımlar parlayır ki, iç dünyası açılır, izhar olur və mə’şuqunun eşq ahəngində dilə gətirir. «Elə bir şey yoxdur ki, Allaha tə’rif deyib, Ona şükr etməsin.» («İsra» surəsi, ayə 44). Gözəlliklər və kamilliklərə məhəbbəti yaradan səbəb aşiq nəzərində cilvənən mə’şuqdur.
İstər həqiqi, istər fani məhəbbətin nəticəsi mə’şuqa itaətdir. Mə’şuqə itaətsizlik mümkünsüzdür. Yox, əgər itaət yoxdursa, məhəbbətin həqiqiliyinə şəkk edilməlidir.
Qur’ani-kərim haqqa məhəbbətin ölçüsünü ona itaətdə görür və buyurur: «De ki, Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin». («Ali-imran» surəsi, ayə 31). Əgər Allahı sevirsinizsə, onun Peyğəmbərinə itaət edin. Peyğəmbərə itaət Allaha itaətdir. «Nisa» surəsində buyurulur: «Allahın nazil etdiyinə və peyğəmbərə tərəf gəlin». Mümkün deyil ki, Allahı sevən kəs Onun peyğəmbərinə itaət etməsin. Əgər itaət etmirsə, demək imanında şəkk var. Çünki iman məhəbbətdən ayrı deyil. «Batil ona yol tapa bilməz». («Fussilət» surəsi, ayə 42).
Məhəbbətin əhəmiyyəti ora qədərdir ki, vəhy ona istiqamət versin və məhbubun seçilməsində aşiq səhv yol getməsin. Haqq aşiqinin yol göstərəni peyğəmbərlərdir. Peyğəmbərlər əql sahiblərinə xatırladırlar ki, mə’şuq seçərkən səhv etməsinlər. Onların gəlişində məqsəd xalqı həqiqi mə’şuqa tərəf istiqamətləndirməkdir.
Haqqın ifadəsinə məhəbbət haqqa məhəbbətdən ayrı deyil. Mümkün deyil ki, Allahı sevən kəs onun məzhərini, ifadəsini sevməsin. Çünki həqiqət bir şəxsdə ifadə olunanda, onun bütün həyatı həqiqətə köklənəndə, ilahi yardımla ismət məqamına çatmaqla hərəkəti, duruşuğu, rəftarı, danışığı, sükutu, fəryadı haqq olanda, belə bir şəxsə məhəbbət həqiqətə məhəbbətdir. Ona itaət haqqa itaət hesab olunur. Bu səbəbdən də Peyğəmbərin (s) ismət məqamlı Əhli-beyti haqdır. Batil Qur’ani-kərimdə yer tapmadığı kimi Əhli-beyt həyatına da yaddır. Bəli, «batil ona yol tapa bilməz.»
Qur’an və Əhli-beyt eyni həqiqətdir və batil onlardan uzaqdır. Bu həqiqət təkcə Əliyə (ə) yox, bütün Əhli-beytə aiddir. Həqiqət olduqları üçün də bəndələrə doğru yol və ölçüdürlər. İmam Rzadan (ə) nəql olunub: «Xalqın əməllərini dəyərləndirmək üçün Allahın mizanı Əlidir. Mizana qarşı qiyam etməmək dedikdə imamın əmrinə qarşı çıxmamaq nəzərdə tutulur» («Əl-qədir» «Nurus-səqəleyn»)
Beləcə, imanın ölçüsü Əhli-beytə məhəbbət, nifaqın ölçüsü Əhli-beytə düşmənçilikdir. Mö’min şəxs bütün hallar və şəraitlərdə Əhli-beyt aşiqidir. Nifaq əhli (münfaiq) heç zaman Əhli-beyt aşiqi ola bilməz. Allah dostuyla dostluq (təvəlla) və Allah düşməniylə düşmənliyin (təbərra) ölçüsü Əhli-beytdir. Əli (ə) buyurur: «Əgər görsən bir mö’mini şəmşirlə vururam ki, mənə düşmən olsun, heç zaman düşmən olmaz. Dünyanı münafiqə versəm ki, mənə dost olsun, heç zaman dost olmaz. Çünki bu həqiqət həzrət Peyğəmbərin dilindən çıxıb ki, heç bir mö’min sənə düşmən, heç bir münafiq sənə dost olmaz». («Əl-qədir» cild 3).
Bunun nümunəsinə həzrətin öz dövründə təsadüf olunur. Üsvəd adlı bir şəxsin oğurluğa görə əli kəsilir. Bundan öz pis niyyəti üçün istifadə etmək istəyən İbni Kəva əli kəsilmiş Üsvədi görüb, onu sındırmaq üçün «sənin əlini kim kəsdi» deyir. Əli (ə) aşiqlərindən olan Üsvəd onun cavabında Əlini (ə) elə tə’rif edir ki, İbni Kəva peşiman olur. («Bəhar» cild 40).
Əhli-beyt məhəbbətinin əhəmiyyətinə diqqət edərkən Qur’anın bu barədə israr etməsinin sirri aydınlaşır. Nə üçün Qur’an həzrət Peyğəmbərin (s) risalətinin haqqını Əhli-beyti tanımaq, sevmək, onun yolunu seçməklə buyurur: «Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir [ya Peyğəmbər!] de ki, mən sizdən bunun [peyğəmbərliyimin] müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm». («Şura»surəsi, ayə 23). Çünki Əhli-beyt haqqın məzhəri, ifadəsidir. Onlarla dostluq, onları qəbul etmək iman ölçüsü, onlarla düşmənlik doğru yoldan sapmaqdır.
Fatimə (s) Əhli-beyt zümrəsindəndir. Ona məhəbbət bir ölçü və atasının peyğəmbərlik haqqıdır.
Həm şiə, həm də sünni rəvayətlərinə görə Əhli-beyt haqqında ayə nazil olanda həzrət Peyğəmbərdən (s) soruşdular: «Bizə sevgisi vacib buyurulmuş Əhli-beyt kimlərdir?» cavab vermişdir: «Əli, Fatimə və onların iki övladı.»
Əhli-beyt məhəbbəti ölçü olandan sonra «Zəhra aşiqləri odda yanmaz» deyən rəvayətlərin qəbulu asanlaşır. Çünki Zəhra həqiqət mehvəridir və ona məhəbbət haqqa məhəbbətdir. Zəhraya məhəbbət iman deməkdir. Atəş ilahi bağça güllərindən olan mö’min üçün xəlq edilməyib. Atəş odun qalamaq üçündür və bu odun həmin güllərin inkişafına, ilahiliyinə əngəl törədən ağaclar, ot-ələfdir. «Cin» surəsində buyurulur: «Haqq yolundan çıxanlar isə Cəhənnəm üçün odun olacaqlar». Atəş çır-çırpıtək alovlanacaq insanlara aiddir. «Allah murdarı pakdan ayırd etsin, sonra murdarları bir-birinin üstünə yığmaqla toplansın və Cəhənnəmə atsın». («Ənfal» surəsi, ayə 37).
İndi isə Fatimə (s) məhəbbəti haqqında bir-neçə rəvayət:
«Qızım ona görə Fatimə adlanıb ki, Allah onu və onun aşiqlərini atəşdən uzaq saxlayıb». («Bəhar» cild 43).
Həzrət Peyğəmbər (s) Əliyə (ə) buyurdu: «Bilmirsənmi o niyə Fatimə adlanıb? Çünki Allah onu və onun ardıcıllarını atəşdən qoruyub. Fatiməylə dostluq, onun şiəsi olmaq Allaha itaət və Allahla dostluqdur. Necə ki, Peyğəmbərlə dostluq Allahla dostluqdur». («Bəhar» cild 43).
Məhəbbət qarşılıqlıdır. Haqqa məhəbbət, onun ifadəsinə məhəbbət qəlbin ziynəti, insanın yaraşığı və islam e’tiqad üsulunun əslidir.
Bu əslin, əsasın kənarında başqa iki əsas da vardır: Əvvəla, məhəbbət qarşılıqlıdır – insan Allahını sevərsə, Allah da onu sevər. «Allah onları, onlar da Allahı sevərlər.» («Maidə» surəsi, ayə 54). Allah sevimlisi olmaq elə bir uca məqamdır ki, hər kəs ona yetişə bilməz. Yola qədəm qoymuş aşiq mə’şuquna çatmaq üçün cihad edib, sə’y göstərməlidir. «Səf» surəsində buyurulur: «Şübhəsiz ki, Allah öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər.» Təqva və paklıq yolundan addımca uzaqlaşmaq olmaz. «Hər kəs əhdinə vəfa edib, pis əməldən çəkinsə, şübhəsiz ki, Allah belə müttəqqiləri sevər.» («Ali-imran» surəsi, ayə 76). Qısası, Allahın dostluğunu qazanmaq üçün Allah dostlarının – peyğəmbərlərin, həzrət Məhəmmədin (s) yolunu keçmək lazımdır. «Allahı sevirsinizsə mənim ardımca gəlin». («Ali-imran» surəsi, ayə 31). Allah dost tutduğu şəxsdə öz qüdrətini əks etdirəcək, o şəxs Allahın elm, iradə, qüdrət və izzətinin ifadəsi olacaq.
Mö’min şəxs haqq və onun ifadələrinə məhəbbət bağladığı kimi küfr və onun ifadələrindən də bizar olmalıdır. Hər ikisinin məhəbbəti bir yerdə toplanmaz. Bir qəlbdə iki məhəbbət mümkün deyil: «Allah bir adamın köksündə iki ürək yaratmamışdır». («Əzhab» surəsi, ayə 4). Qəlbi həqiqətə məhəbbətlə dolu olan şəxs hər zaman haqsızlığa qarşı nifrətlidir. «Hücürat» surəsində buyurulur: «Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, asi olmağa qarşı nifrət yaratmışdır.» Başqa bir ayədə: «Hər kəs Şeytanı inkar edib, Allaha iman gətirərsə, o artıq ən möhkəm ipdən yapışmış olur». («Bəqərə» surəsi, ayə 256). Sübhan Allah həqiqət və onun ifədələrinə rəğbətləndirdiyi kimi batildən bizarlığa çağırır və batil məhəbbətin xətərələrini dəfələrlə xatırladır. Allah, onun peyğəmbər və övliyaları batildən zara gəlmişlər: «Allahdan və Onun Peyğəmbərindən saziş bağladığınız müşriklərə bir xəbərdarlıq!...» «Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü insanlara bildirmişdir. Allahın və Onun peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur.» («Tövbə» surəsi, ayə 1-3). İbrahim peyğəmbərin (s) dili ilə buyurulur: «Mən həqiqətən batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən şərik qoşanlardan deyiləm.» («Ən’am» surəsi, ayə 79). «Mumtəhinə» surəsində isə buyurulur: «İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə heç bir əlaqəmiz yoxdur. Biz sizin dinizi inkar edirik.»
«Vəsail» və «Bəhar»dan rəvayətlərə əsasən iman həqiqətən və onun ifadəsinə məhəbbət, haqsızlıq və onun ifadəsinə nifrətdən başqa bir şey deyil. Məhz bu məhəbbət və nifrətin ölçüsünə görə insanlar quruplaşdırılır. Bir qurupun əməllərindən razı olmaq elə həmin qrupdan olmaqdır. Qur’an Bəni-israil tayfasından danışarkən bir dəstənin öz babalarının talehi ilə rastlaşdığını bəyan edir və səbəb olaraq göstərilir ki, onlar öz babalarının əməllərindən razı qalmışdılar. «Bəqərə» surəsində buyurulur: «Cahillər dedilər: Nə olaydı ki, Allah bizimlə də danışaydı, bizə də bir ayə gələydi – onlardan əvvəl gələn cahillər də belə sözlər demişdilər. Onların qəlbləri bir-birinə bənzəyir.» Məhəbbət və nifrət xarakter və talehlərin eyni sonluğuna dəlil olacaq. Bu səbəbdən təvəlla (Allah dostuyla dost) və təbərra (Allah düşməniylə düşmənlik) islamda e’tiqad əsaslarındandır. Hər bir müsəlman həqiqəti sevdiyi kimi haqsızlığa da nifrət etməlidir. Hətta zülmlə razılaşan, zalımlarla razılaşan kəslərlə də əlaqə saxlamamalıdır. Mö’min insanın istər sevgisi, istərsə də nifrəti Allaha görədir. Allaha görə dostluq, Allaha görə düşmənlik imanın kamillik nişanəsidir. «Vəsail» cild 11).
Bu səbəbdən mö’min insan haqqa bağlanacaq, həqiqəti ifadə edəcək, dostluğu və düşmənliyi haqqa əsaslanacaq, nəfsani istəklər həyatına yol tapmayacaq. Allah rızılığından savay bir şey istəməyəcək. «Dəhr» surəsində buyurulur: «Allah istəməsə, siz istəyə bilməzsiniz». Peyğəmbər (s) ailəsi ismət məqamına çatdığı üçün onların razılığı və qəzəbi, tutduqları mövqe həqiqət ölçüsü, Allahın razılığı və ya qəzəbidir. Müxtəlif firqələr bu mövzuya əsaslanmışlar. Əhli-beytin mövqeyi Peyğəmbərin (s) mövqeyidir. (İbni Mace) həzrət Peyğəmbər (s) buyurmuşdur: «Fatiməyə əziyyət verən mənə əziyyət verir». («Səhihe Buxari» cild 3). Hədis Fatimə həqiqətini təsdiqləyir, çünki Fatimə haqqın ifadəsidir. Onu qəzəbləndirənlər Allahın qəzəbinə gələrlər. Bunu inkar etmək qeyri-mümkündür. Hər kəs başqa söz desə iftiradır, özünü yorur və günahını artırır. Parlaq günəşə pərdə çəkmək olmaz.
Bütün müsəlmanlar qəbul etmişdir ki, həzrət Peyğəmbər (s) buyurub: «Mən sizin üçün iki əmanət qoyuram – biri Qur’an, digəri Əhli-beytimdir. Bu iki şeylə əlaqəniz olanadək yolunuzu azmayacaqsınız. Kovsərdə mənə yetişənədək bu iki şey bir-birindən ayrılmaz».
Bəli, bu iki şey qiyamət gününədək Adəmdən Xatəmə peyğəmbərlərin irsidir. Şərif «Səqəleyn» hədisi heç bir şübhə olmayan, hətta kəlmələri həzrət Peyğəmbərin (s) dilindən çıxmış mö’təbər hədislərdəndir. Rəvayət mənbələrinə müraciət etdikdə bu həqiqət günəş tək işıqlanır, hətta kor şəxslər də bu həqiqəti hiss edirlər. Bu həqiqəti inkar edənlər özlərini korluğa vurmuşlar və bu xəstəliyin müalicəsi çətindir (bəlkə də mümkün deyil).
Qur’ani-kərim heç bir təhrif və dəyişikliyə uğramamış Peyğəmbər (s) mö’cüzəsi, böyük əmanətdir. O, qiyamətədək insanların ixtiyarındadır və heç bir nöqsan onun qüdsiyyətini ləkələyə bilməz. Çünki Qur’anı bütün təhriflərdən qoruyan ilahi qüdrətdir. «Hicr» surəsində buyurulur: «Şübhəsiz ki, Qur’anı biz nazil etdik və sözsüz ki, biz də onu qoruyub saxlayacağıq».
Qur’ani-kərim ilahi maarifin əhatəli nuru, geniş dəryasıdır. Düşüncə və təfəkkürlə onun dərinliyinə varmaq, qəvvaslıq etmək mümkündür. Bu yolla qiymətli qeybi gövhərlər və dürrlər əldə edilir. Qur’ani-kərim özünü nur kimi tanıtdırır. «O özünü Peyğəmbərə iman gətirən, yardım göstərən və onunla nazil edilmiş nurun ardınca gedənlər – məhz onlar nicat tapanlardır». («Ə’raf» surəsi, ayə 157).
Nurun xüsusiyyəti işıqlanmaq və işıqlandırmaqdır. Buna görə də Qur’an özünü təfsir edir, ayələr bir-birini aydınlaşdırır. «Allah sözün ən gözəlini bir-birinə bənzər, təkrarlanan bir kitab şəklində nazil etdi». («Zumər» surəsi, ayə 33).
Bununla belə Qur’anın dərin maarifi ilə tanış olmaq üçün agah təfsirçiyə ehtiyac vardır. Çünki üzməyi yaxşı bacarmayanlar üçün dənizin dərinliyinə getmək xətərdir. Qur’an maarifindən səmərəli bəhrələnmək üçün Qur’anla tamamlanacaq yolla gedilməlidir. Bu halda Qur’an yönəldici və işıqlandırıcı olar. Əks təqdirdə, kifayət qədər xətərlər ortaya çıxa bilər. «İsra» surəsində buyurulur: «Biz Qur’andan mö’minlər üçün şəfa və mərhəmət olan ayələr nazil etdik. O, zalimlərin ancaq ziyanını artırır».
Əgər Qur’ani-kərimin təfsirçiyə ehtiyacı vardırsa, ən üstün təfsirçi Qur’anın vəhy olunduğu həzrət Peyğəmbərdir. O, qeyb sirlərindən və Qur’an maarifindən agah olmuşdur. Bu səbəbdən də Qur’an Peyğəmbəri öz təfsirçisi kimi tanıtdırır. «Nəhl» surəsində buyurulur: «Sənə də Qur’anı nazil etdik ki, insanlara onlara göndəriləni izah edəsən ki, bəlkə düşünüb dərk edələr».
Həzrət Peyğəmbər (s) öz əməlləri, rəftarı, əxlaqı və danışığı ilə Qur’anı bəyan və təfsir edib, Qur’anla tanışlıq yolunu da göstərmişdir. Qur’anla məhz onun yaxını olan Əhli-beyt baxışıyla tanış olmalıyıq. Əhli-beyt Qur’anla qoşadır. Mələkut aləmi ilə əlaqəli olan, Qur’anın danışdığı Əhli-beyt eynən Peyğəmbər (s) kimi Qur’an təfsirçisi bilinir. Əhli-beyt Qur’anın dili, ona çatmağın yoludur. Çünki Qur’an dilsiz, Əhli-beyt isə natiq bir vəhydir. Həqiqətdə hər ikisi vəhydir. Qur’an və Əhli-beyt iki surətdə cilvələnmiş eyni bir həqiqətdir. Həm Əhli-beyt, həm də Qur’an eyni risalət və vəhydir. «Bu ancaq nazil olan bir vəhydir». («Nəcm» surəsi, ayə 4). Ayə Qur’an, onun məzmunu Əhli-beyt haqqındadır. Əhli-beytin sözü, sükutu, xarakteri, əməli həm vəhy, həm də xalqa gətirilən dəlilidir. Hər ikisi Allahın ipidir və ondan yapışmaq gərək! «Hamınız bir yerdə Allahın ipindən möhkəm yapışın». («Ali-imran» surəsi, ayə 103).
Bu ipin bir tərəfi Allah-təala, digər tərəfi xalqın qarşısındadır. Yalnız ona möhkəm sarınmaqla təbiətin qaranlıq quyusundan çıxmaq, azğınlıqdan qurtulmaq olar. Qur’an və Əhli-beyt həmin qırılmaz ipdir. («Ürvətül-vüsqa»).
Qur’an və Əhli-beyt o qədər yaxındır ki, yalnız birlikdə qırılmaz ipdirlər. Biri digərindən üstün deyildir. Birinin böyük, o birinin kiçik adlanmasının səbəbi Qur’anın Əhli-beytdən üstünlüyü demək deyil. Səqəleyn hədisinə görə heç bir üstünlük yoxdur. Burada fərq yalnız odur ki, Allah kəlamı olan Qur’anın e’tibarı zatıdır (yə’ni özündədir). Əhli-beytə isə bu e’tibar bağışlanmışdır. Qur’anda buyurulur: «Peyğəmbərlərin əmrinə itaət edin, qadağasından çəkinin».
Qur’anın böyük əmanət hesab edilməsi yalnız qeyd etdiyimiz səbəbdəndir. Məqam və mərtəbə nəzərindən kitab və Əhli-beyt bir-birindən ayrılmaz eyni bir həqiqətdir.
Qur’an və Əhli-beyt elm və fəzilət şəhərinə aparan bir yoldur. Bu fəzilət şəhərinə daxil olmaq istəyən kəs bu yolla getməlidir. («Əl-qədir» cild 6). İnsanı fəzilətə çatdıracaq ikinci bir yol yoxdur. Beləcə, Əhli-beytsiz Qur’ana üz tutmaq faydasızdır. Əhli-beytsiz Qur’an sanki yazısız bir kitabdır. Əhli-beytdən uzaqlıq Qur’andan uzaqlıqdır. Çünki müxtəlif firqələrin yekdil fikrinə görə Peyğəmbər (s) buyurmuşdur ki, Qur’an və Əhli-beyt birdir və bir-birindən ayrılmazdır. Qur’an isə peyğəmbərə itaəti əmr edir. Demək, bu həqiqətin inkarı azğınlıqdır. Ona bağlanmaq heç zaman yoldan sapmamaqdır.
Aydınlaşdırıldı ki, fəzilətlərə çatmaq yolu Qur’an və Əhli-beytdir. Eləcə də, Əhli-beyt Qur’anın təfsirçisidir. Əhli-beyt Qur’anla ən sıx münasibətdə olan pak insanlardır. Pak olmayanlar üçün Qur’ana yol yoxdur. «Vaqiə» surəsində buyurulur: «Ona yalnız pak olanlar toxunar». Qur’an özü Əhli-beytin paklığına şəhadət verir: «Siz ey ev əhli, Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istəyir». («Əhzab» surəsi, ayə 33). Əhli-beyt bu paklıq xüsusiyyətlərinə görə Qur’anla birdir. Başqaları da paklıqdan faydalandıqları qədər Qur’andan faydalanarlar. Yə’ni bu Qur’ana çatmağın şərtidir. Daxilən paklanmadan kimsə Qur’ana çata bilməz. Lakin paklığın da mərtəbələri vardır. Onun ə’la mərtəbəsi Əhli-beytdir. Başqa mərtəbələr insanlara aiddir. Əhli-beyt həmin ə’la mərtəbəyə çatdığı üçün Qur’an həqiqətlərinə nail olmuş, Qur’an təfsir etmişlər. Başqaları da Əhli-beyt yolundan paklıqları ilə Qur’ana çatarlar. Ona görə də Qur’anın dərin maarifi və Əhli-beytə çatmağın şərti paklıqdır. İnsan pak qəlb, müvəhhid fitrət, puç düşüncələrdən uzaq zehnlə Qur’an xidmətinə gəlmişdir. Yalnız bu xüsusiyyətlər ödəndikdə Qur’an yol göstərən, hidayət edəndir. Qur’an özünü hamı üçün nur bildirir. («Bəqərə» surəsi, ayə 185). Yalnız pak və saleh mö’minlər bu nurdan faydalanarlar. («Bəqərə» surəsi, ayə 2).
Lakin bir şəxs öz səhv düşüncələri ilə Qur’ana yaxınlaşıb, öz «toxuduqlarını» Qur’an buyuruğu hesab etsə, yolunu azacaq və başqalarını da azdıracaq. «O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı iş gördüklərini zənn edirlər». («Kəhf» surəsi, ayə 104).
Səhv yolla Qur’andan öz istəklərini almaq istəyənlər zülmət toruna düşəcək, öz yanlış düşüncələrinə əsir olacaqlar. Əgər müxtəlif yönümlü təfsirlərə müraciət etsək, mə’lum olar ki, bu sayaq adamlar heç də az deyil.
Geriyə | Mündəricat | Növbəti |