Geriyə Mündəricat Növbəti

Ikincisi, o hədislər yalnız o vaxt qəbul edilir ki, ravi hansı tayfa və ya məzhəbdən olduğundan aslı olmayaraq, doğru danışan və mö᾽təbər adam olsun. Bu metodu aşkar şəkildə görmək istəyənlər «Üsul», «Fiqh» və «Rical» elmləri haqqında yazılan kitablara müraciət edə bilərlər.

Bu elmi və tənqidi metod, şəriətin əsaslarının orjinallığını qorumaqda və müsəlmanlar arasında vəhdət yaranmasında, həmçinin kor-koranə təəssübkeşlikdən, cahillikdən, mövhumat və xurafatdan uzaqlaşmaqda böyük rol oynaya bilər. Çünki, tənqidə əsaslanan elmi metod real, sədaqətlik yoludur. Bu yolun cahillik, kor-koranə təəssübkeşlik, xurafat və zorla bir şeyin qəbul etdirilməsi ilə uyğunluğu yoxdur.

ƏHLİ-BEYT (Ә) HӘZRӘT PEYĞӘMBӘRIN (S) HӘDISLӘRINI RӘVAYӘT EDӘNLӘRDIR

Әhli-beyt (ə) Peyğəmbərin (s) xanədanıdır və Səqəleyn hədisinə əsasən, Peyğəmbər (s) onlara tabe olmağı öz ümmətinə vacib etmişdir.

Elə buna görə də onlardan nəql olunan hər bir şey həqiqi «sünnə»dir. Onlardan hər biri öz atasından, o da öz atasından və nəhayət həzrət Peyğəmbərə (s) yetişənə qədər bir-birindən nəql etmişlər.

Bu barədə imam Sadiq (ə) belə buyurur:

«Mənim hədisim atamın hədisidir, atamın hədisi babamın hədisidir. Babamın hədisi isə atasının hədisidir. Onun hədisi də Әli ibni Әbi-Talib hədisidir. Әli (ə)-ın hədisi isə həzrət Peyğəmbərin (s) hədisidir və həzrət Peyğəmbərin (s) hədisi Allah-taalanın sözüdür.[100]

Qutəybədən belə nəql olunubdur ki:

«Bir adam imam Cə᾽fər Sadiq (ə)-a bir məsələ haqqında sual verdi. İmam Sadiq (ə) onun cavabını verdi. O adam dedi: «Әgər məsələ başqa cür olarsa, sənin nəzərinə görə onun hökmü nə olar?» O Həzrət belə cavab verdi:

«Sakit ol! Mənim sənə verdiyim cavabların hamısı Allahın Peyğəmbərindəndir. Bizlər, «sənin nəzərinə görə necədir?» deyə biləcəyin adamlardan deyilik». (Yə᾽ni, bizlər güman üzrə və özümüzdən yox, Peyğəmbərin (s) öz nəzərindən agah olaraq cavab veririk.)[101]

Bu barədə mərhum Şeyx Bəhai belə demişdir:

«Bizim bütün hədislərimiz, az bir hissəsini çıxmaq şərtilə, on iki imamımızdan birinin vasitəsi ilə bizə yetişmişdir. Onlar da bu hədisləri Peyğəmbərdən (s) rəvayət etmişlər. Çünki, onlar (imamlar) elmdə günəşdən (Peyğəmbərdən (s)) nurlanırlar».[102]

Beləliklə, Әhli-beyt (ə) doğru hədis və rəvayətlərin qaynağıdır və islam şəriətinin hökmlərinin olduğu kimi bəyan edən yol və eyni zamanda düzgün yol göstərən çıraqdırlar.

Onların mübarək həyatları bir-birinin ardınca gələn, bir-birinə sıx şəkildə bağlı və həzrət Peyğəmbərə (s) qədər uzanan zəncirvari silsilənin fasiləsiz halqalarını təşkil etdiyindən həzrət Peyğəmbəri (s) xatırladır. Bu silsilədə həmin halqaların arasında örtülü və təəccübləndirici bir məsələ yoxdur ki, Peyğəmbərə (s) bağlı olan bu möhkəm münasibəti pozsun. Onların həyatı islamın həqiqi mə᾽nada canlı bir nümunəsi və diri məktəbi olmuşdur. Bu da bu çeşmənin paklığının, ondan irəli gələn hədislərin sağlamlığının ayrı bir dəlilidir.

Deməli Әhli-beyt (ə)-ın hədis, təfsir, əqidə, tövhid və sairə elmlərdəki məktəbləri, Peyğəmbərə (s) nazil olanları əmanət kimi bizə çatdırmaqdan başqa bir şey deyil. Әhli-beyt (ə) məktəbi peyğəmbərlik ilə gələn maarif və elmlərin davamıdır.

Burada lazımdır ki, öz ümmətimizə Әhli-beyt (ə)-ın elmi və mə᾽nəvi məqamını bəyan edib Әhli-beyt (ə) məktəbini vücuda gətirən bu pak silsilənin halqalarını həzrət Peyğəmbərə (s) qədər qeyd edək:

1. İmam Әli ibni Әbi Talib (ə); «Ammül-fil» adlanan tarixdən 30 il sonra dünyaya gəlib, 40-cı Hicri ildə isə vəfat edibdir.

2. Həzrət Әlinin oğlu olan imam Həsən Muctəba (ə); Hicri 3-cü ildə dünyaya gəlib, hicri 50-ci ildə isə vəfat etmişdir.

3. İmam Həsənin qardaşı imam Hüseyn Seyyidüş-şühəda (ə); Hicri 4-cü ildə dünyaya gəlib, 61-ci ildə vəfat etmişdir.

Bu üç imam haqqında əvvəlki fəsillərdə danışıb onların Qur᾽ani-kərim və sünnədəki məqamlarını öyrəndik.

Keçən söhbətlərdən mə᾽lum oldu ki, bunların sözlərinə e᾽tibar etmək barədəki dəlillər misli olmayacaq dərəcədə aşkardır.

4. İmam Hüseynin (ə) oğlu imam Әli Zeynül-abidin (ə); Hicri 38-ci ildə anadan olub, 95-ci ildə isə dünyadan getmişdir.

Şeyx Müfid «Әl-irşad» adlı kitabında rəvayət edibdir ki, sünnilərin məhşur alim və şəxsiyyətlərindən sayılan Zohəri belə dedi:

«Mən, Peyğəmbərin (s) Әhli-beyti (ə) içərisində Әli ibni Hüseyndən (imam Zeynül-abidin) daha fəzilətli olan birini görmədim».[103]

Səid ibni Müseyyibdən nəql olunubdur ki, imam Zeynül-abidin (ə) haqqında belə deyibdir:

«İbni Әbi Talibin oğlu Hüseyn oğlu Әli, abidlərin ağası və böyüyüdür».[104]

İbni Hacər «Әssəvaiqul-məhreqə» adlı kitabında imam Zeynül-abidini belə vəsf edir:

«İmam Zeynül-abidin bir kəsdir ki, elmdə, təqvada və ibadətdə atasının yerini tutmuşdur».[105]

Әbi Hazim və Süfyan ibni Oyəynənin belə dedikləri nəql olunmuşdur:

«Haşimilərdən Әli ibni Hüseyndən daha fəzilətli və daha fəqih olan bir şəxsi görmədik».[106]

Doğrudan da ümmətin imamlıq məqamında olan belə bir misilsiz şəxsiyyət, alimlər tərəfindən belə vəsf olunduqda hədis, fiqh, təfsir, əqidə və digər islami elmlərdə müsəlmanlar tərəfindən iqtida olunmağa layiqdir.

İmam Hüseyn (ə) imamətə aid olan nişanələri özündən sonra imam Zeynül-abidin (ə)-a verilməsini vəsiyyət etməyi, həqiqətdə onun belə üstün bir məqama sahib olduğuna və ondan gələn elm, maarif və hədislərə tabe olmağa layiq olduğuna ən aşkar dəlildir.

İmam Cə᾽fər Sadiqdən (ə) nəql olunmuşdur:

«Həzrət imam Hüseyn (ə) İraqa tərəf hərəkət edəndə (imamət məqamına məxsus) kitabları və vəsiyyəti Ümmi Sələmənin yanında əmanət qoydu. İmam Zeynül-abidin (ə) qayıdandan sonra Ümmi Sələmə onları ona verdi».[107]

5. İmam Zeynül-abidin (ə)-ın oğlu imam Məhəmməd Baqir (ə); Hicri 57-ci ildə dünyaya gəlib, 114-cü ildə isə vəfat etmişdir.

İmam Zeynül-abidin (ə)-ın oğlu imam Məhəmməd ibni Әli (ə) elm və maarifdəki üstünlük və dərinliyinə görə «Baqir» (yə᾽ni, elmləri yaran və açıqlayan) ləqəbini almışdır. O da atası kimi müsəlmanların haramdan uzaq durmaq, Allahdan uzaqlaşdıran dünya ne᾽mətlərinə göz yummaq, təqva, elm və bilikdə tanınmış və ən məşhur şəxsiyyət olmuşdur. Alimlər, mühəddislər və dahilər buna şəhadət veriblər. Hətta məşhur və məqamı yüksək səhabələrdən olan Cabir ibni Әbdullah Әnsari rəvayət edibdir ki, həzrət Peyğəmbər (s) ona Məhəmməd Baqir adlı bir övladının dünyaya gələcəyi vaxta qədər sağ qalacağı barədə xəbər vermiş və Ona salamını yetirməsini Cabirdən istəmişdir.

Cabir ibni Әbdullah Әnsarinin rəvayəti belədir:

«Həzrət Peyğəmbər (s) mənə dedi ki, sən gələcəkdə Hüseynin nəslindən olan mənim övladımdan birini görənə qədər sağ qalacaqsan. Onun adı Məhəmməddir. O, elmləri misli görünməmiş bir şəkildə yaracaq və açıqlayacaqdır. Onunla görüşən zaman mənim salamımı ona yetir».[108]

Bu səhabə Peyğəmbərin (s) buyurduğu kimi imam Məhəmməd Baqiri (ə) uşaq vaxtında gördü və babası Peyğəmbərin (s) salamını ona yetirdi. Həzrət Məhəmmədin (s) bu şahidliyi, imam Baqirin (ə) məqamını tanımaq, o imamdan bizə gəlib çatan hədislərə e᾽tibar etmək üçün kifayətdir. Xüsusilə də bu imam və onun oğlu imam Cə᾽fər Sadiq (ə)-ın yaşadığı zaman islam tarixində hədis, rəvayət və islami elmlərin inkişaf etməsində ən zəngin mərhələni təşkil edir. Belə bir mərhələdə yaşayan alim, ravi və təfsirçilər elm, bilik və fəzilət baxımından imam Məhəmməd Baqir (ə)-ın varlığında misli görünməmiş ucalıq və yüksəklik gördülər. Bir ucalıq gördülər ki, hər ucadan daha da uca idi.

İbnil Imad Hənbəli, imam Məhəmməd Baqir (ə)-ı belə vəsf etmişdir:

«Әbu Cə᾽fər Məhəmməd Baqir Mədinədəki fəqihlərdən idi. Ona Baqir (yaran) ləqəbini vermişdilər. Çünki, o, elmi yarıb, elmin əsasını bilib, elmi genişlətmişdir».[109]

İbni Cövzi böyüklərdən olan «Әta»nın imam Məhəmməd Baqir (ə) haqqında belə dediyini nəql etmişdir:

«Mən alimləri heç kəsin yanında elmi cəhətdən imam Məhəmməd Baqirin elmi məclisində kiçildikləri qədər kiçik görməmişəm...»[110]

6. İmam Məhəmməd Baqirin (ə) oğlu imam Cə᾽fər Sadiq (ə); Hicri 83-cü ildə anadan olub, 148-ci ildə isə dünyadan getmişdir.

Әhli-beyt (ə) məzhəbi, bu imamın adına nisbət verilərək «Cə᾽fəri məzhəbi» adlanır.

İmam Məhəmməd Baqir (ə)-ın oğlu imam Cə᾽fər Sadiq (ə)-ın məqamı haqqında alimlərin sözləri olduqca çoxdur. Biz həmin sözlərdən bə᾽zilərini eyni ifadələrlə nəql edəcəyik.

Әllamə seyyid Möhsün Әmin nəql edir ki, Hafiz ibni Әqdi öz «Rical» kitabında rəvayətləri e᾽tibarlı sayılan dörd min şəxsin adını çəkmişdir ki, hamısı imam Cə᾽fər Sadiq (ə)-dan rəvayət nəql etmişdirlər. Və müəllif eyni zamanda onların yazdığı əsərlərin də adını çəkmişdir.[111]

İbni Şəhr Aşub «Mənaqibi ali Әbi-Talib» adlı kitabında İbni Nəimin «Әl-hilliyyə» adlı kitabından belə nəql etmişdir:

«Cə᾽fər Sadiq (ə)-dan bu şəxsiyyətlər rəvayət nəql etmişlər: Malik ibni Әnəs, Şö᾽bə ibni Həccac, Süfyan Suri, İbni Cərih, Abdullah ibni Ömər, Ruh ibni Qasim, Süfyan ibni Әyniyyə, Süleyman ibni Bilal, İsmail ibni Cə᾽fər, Hatəm ibni İsmail, Әbdül Әziz ibni Muxtar, Vəhəb ibni Xalid, İbrahim ibni Təhan və başqaları».

Müslüm öz Səhihində o İmam (ə)-dan hədis nəql etmişdir və hədisi e᾽tibarlı saymışdır. Ayrıları da deyiblər ki, Malik Şafeyi, Həsən ibni Saleh, Әbu Әyyub Bəcistani, Ömər ibni Dinar və Әhməd ibni Hənbəl ondan hədis nəql etmişdir.

Әnəs ibni Malik demişdir:

«Fəzilət, elm, ibadət və haramlardan uzaq durmaqda Cə᾽fər Sadiqdən daha üstün olan bir şəxsi nə bir göz görmüş, nə bir qulaq belə bir şəxsin olduğunu eşitmiş və nə də bir bəşərin qəlbindən keçmişdir».[112]

Misirin «Әl-əzhər» universitetinin şeyxi ustad Məhmud Әbu Zohrə «İmam Sadiq» adlı kitabının müqəddiməsində belə yazmışdır:

«Bizim qəsdimiz budur ki, Allahın yardımı ilə imam Cə᾽fər Sadiq (ə) haqqında yazaq. Daha öncə yeddi ayrı imam haqqında yazmışdıq. Biz bu imam haqqında yazmağı, onun ayrılarından əskik olduğu üçün axıra saxlamadıq. Әksinə, onun çoxlarına nisbət öncə olmaq haqqı vardır. Onun böyük imamlara görə özünəməxsus bir fəziləti var. Әbu Hənifə ondan rəvayət edirdi və onun hər kəsdən çox məzhəbi ixtilafları bildiyini qeyd edirdi.

Malik (sünni məzhəblərinin birinin başçısı) ondan dərs almaq və rəvayət öyrənmək üçün hüzuruna gəlirdi. Onun Әbi Hənifə və Malikə ustadlıq etmək üstünlüyü var və bu üstünlük ona kifayətdir. Onu axıra saxlamaqda heç bir əskik cəhət yoxdur ki, bu cəhətdən başqalarından soruşula. Başqalarının da ona nisbət bir fəziləti yoxdur ki, ondan üstün tutula. O, öz dövründə Mədinə əhalisinin fəzilət, şərəf, din və elmdə ağası olan Әli Zeynül-abidin (ə)-ın nəvəsidir. Yə᾽ni, İbni Şəhab Zohəri və tabeyindən çoxları onun babasının yanında dərs oxumuşdur.

O, elmi yaran, həqiqətə yetişən Məhəmməd Baqir (ə)-ın oğludur. Sözün qısası, Allah-taala Peyğəmbər (s) nəslindən olduğu üçün, şərafətin və kəramətin nəhayət dərəcəsini ona təqdim etmişdir. O, haşimilərdən idi və Peyğəmbərin (s) öz yaxınlarından və övladlarından olmaq məqamına birlikdə sahib idi».[113]

Ömər ibni Meqdam belə demişdir: «Cə᾽fər ibni Məhəmmədə baxan kimi başa düşürəm ki, o, Peyğəmbər (s) övladlarındandır».[114]

Məşhur tarixçi Yə᾽qubi onu belə vəsf eləmişdir:

«O, (imam Cə᾽fər Sadiq (ə)) insanların ən fəzilətlisi və Allahın dinini ən yaxşı bilən idi. Ondan rəvayət eşidən alimlər ondan rəvayət nəql etmək istədikdə «alim bizə belə xəbər verdi» deyərək, nəql edərdilər». [«Tarixi Yə᾽qubi» 2-ci cild, səh.381 (Әhməd ibni Әbi Yə᾽qub)].

Yuxarıda qeyd etdiyimiz alim, ravi və hədisçilərin bu barədə yazdıqlarının az bir qismidir. Onların bu sözləri Әhli-beyt (ə)-ın məqamlarını, elm və imandakı misilsiz yerlərini göstərir.

7. İmam Cə᾽fər Sadiq (ə)-ın oğlu imam Musa-Kazim (ə); Hicri 128-ci ildə dünyaya gəlib, 183-cü ildə isə vəfat etmişdir.

İmam Musa ibni Cə᾽fər (ə) isə imam Cə᾽fər Sadiqin (ə) oğludur. O, atasının əli altında böyüdü; ondan tərbiyə aldı; elm və gözəl əxlaqları qazandı. Buna görə də atası onun məqamının ucalığına şəhadət vermişdir.

İmam Sadiq (ə)-dan oğlu haqqında bə᾽zi səhabələrinə belə buyurduğu nəql olunmuşdur:

«Mənim bu oğlumdan əgər mushəfin (Qur᾽anın hamısını əhatə edən kitab) içərisində olan hər hansı bir ayə haqqında soruşsan, sənə cavab verər».[115]

Rical və tarix alimləri də onun həqiqi elm, təqva, gözəl əxlaq və uca məqamla məşhur olan bir abid olduğunu yazmışlar.

Hafiz Razi «Rical» kitabında bu barədə belə deyibdir:

«(Әli ibni Әbi Talibin oğlu Hüseynin oğlu Әlinin oğlu Məhəmmədin oğlu Cə᾽fərin oğlu) Musa Kazim öz atasından hədis rəvayət etmişdir və oğlu Әləyyibni Musa və qardaşı Әliyyibni Cə᾽fər də ondan rəvayət nəql etmişlər. Mən atamdan eşitdim ki, Әbdür-Rəhman belə deyirdi:

«Atama onun haqqında sual verdilər, atam isə belə cavab verdi: «Siqədir (hədisinə mö᾽təbər olun) və doğru danışandır və müsəlmanların imamlarından biridir»».[116]

Məhəmməd ibni Әhməd Zəhəbi də bu barədə demişdir ki:

«Musa hikmət sahiblərinin ən yaxşılarından və Allahın təqvalı bəndələrindən idi».[117]

Kəmaləddin Məhəmməd ibni Təlhə Şafeyi də belə demişdir:

«O, məqamı böyük bir imamdır; ictihadında çox ciddiyyəti olan bir müctəhiddir; ibadəti ilə məşhurdur; itaətini qoruyandır; kəramətləri ilə məşhurdur; gecələri səcdə və qiyam halında ibadət ilə keçirər, gündüzlər isə sədəqə verib oruc tutar, çox güzəştli olduğu və haqqını tapdalayanları bağışladığı üçün ona Kazim (qəzəbini udan) ləqəbi veriblər».[118]

Mö᾽min Şiblənci də onun haqqında belə demişdir:

«Musa Kazim (Allah ondan razı olsun) öz zamanının ən çox ibadət edəni və ən çox elmli olanı idi».[119]

8. İmam Musa Kazimin (ə) oğlu imam Musər-Riza (ə); Hicri 148-ci ildə anadan olub, 203-cü ildə isə vəfat etmişdir.

İmam Musa Kazimin (ə) oğlu imam Әliyyibni Musər-Riza (ə) da elm, təqva və gözəl əxlaq baxımından babaları kimi idi. Atasından sonra o, dini rəhbərlik, yə᾽ni imamlıq məqamını öhdəsinə aldı.

Onun məqamı və xalq içində nüfuzu elə bir yerə çatdı ki, abbasi xəlifəsi Mə᾽mun, özündən sonra onu vəliəhd (canişin) e᾽lan etməyə məcbur qaldı. Halbuki, abbasilərin Әhli-beyt (ə) ilə düşmənçiliklərini hamı bilirdi.

Elm və danışıq məclislərində imam Rza (ə) ilə qarşılaşan alim, fəqih və filosoflar Həzrətin (ə) qarşısında boyun əyməkləri tarixdə məşhurdur. Rical və tarix haqqında yazılmış kitablarda imam Rza (ə)-ın elmi məqamı və üstün səviyyəli təqvası haqqında sübutlar çoxdur. Biz bunlardan bə᾽zilərinə işarə edirik:

Vaqidi demişdir ki:

«O (imam Rza (ə)) siqə (hədisinə e᾽tibar olunan bir şəxs) idi. İyirmi neçə yaşında idi ki, Peyğəmbərin (s) məclisində oturub fətva verərdi. O, Mədinə əhalisindən olan tabeinlərin (Peyğəmbəri (s) öz gözləri ilə görməyənlərə deyilir.) səkkizinci təbəqəsində idi».[120]

Bu mətləbi Hafiz Razi «Әl-cərhu vət-tə᾽dil» kitabında imam Rza (ə)-ın atası imam Musa Kazim (ə) barəsində yazdığı məqalədə qeyd etmişdir.

İmam Musa Kazim (ə)-ın özü də oğlu imam Rza (ə)-ın elmi məqamına şəhadət verib, o biri oğlanlarına xitab edərək belə buyurmuşdur:

«Bu qardaşınız Әli ibni Musa Ali-Məhəmmədin alimidir. Dininiz haqqında ondan soruşun və sizə dediyini qəbul edin».[121]

9. İmam Musər-Riza (ə)-ın oğlu imam Məhəmməd Cavad (Təqi) (ə); Hicri 195-ci ildə dünyaya gəlib, 220 ci ildə isə dünyadan getmişdir.

İmam Məhəmməd Cavad (ə) da elm, təqva pərhizkarlıq və başqa gözəl xüsusiyyətlərdə öz pak babaları kimi idi.

Sibt ibni Cövzi belə demişdir:

«Məhəmməd Cavad, Әli ibni Әbi Talibin oğlu Hüseynin oğlu Әlinin oğlu Məhəmmədin oğlu Cə᾽fərin oğlu Musanın oğlu Әlinin oğludur. Kunyəsi Әbu Әbdullah və Әbu Cə᾽fər idi. Hicri 195 ci ildə dünyaya gəlmiş və 220 ci ildə isə vəfat etmişdir. O da elm, təqva, pərhizkarlıq və səxavətdə öz atasının yolunu tutmuşdur».[122]

Məhəmməd ibni Әmmar belə rəvayət edibdir:

«Mən, (imam) Məhəmməd Baqirin oğlu Cə᾽fər (Sadiqin) oğlu Әlinin yanında idim. [Әli ibni Cə᾽fər imam Cavadın (ə) babası imam Rzanın (ə) əmisidir. Və rəvayət və hədisçilərin yanında e᾽timad olunan rəvayətçilərdəndir.]

Mən iki il onun yanında qalıb qardaşı Musa Kazimdən eşitdiyi hədisləri yazırdım. (Mən Әli ibni Cə᾽fərin yanında oturduğum bir vaxtda) Әbu Cə᾽fər Məhəmməd ibni Әli (yə᾽ni, imam Məhəmməd Cavad (ə)) məscidə girdi. Әli ibni Cə᾽fər tez ayağa qalxdı, əbasını geyinmədən gəlib Məhəmməd Cavadın əlindən öpdü və onun qarşısında baş əydi.

Geriyə Mündəricat Növbəti