Geriyə | Mündəricat | Növbəti |
Әbu Cə᾽fər (imam Cavad) dedi:
«Ey əmi, Allah mərhəmət eləsin, otur».
Amma Әli ibni Cə᾽fər dedi:
«Sən ayaq üstə durduğun halda mən necə oturum?»
Әli ibni Cə᾽fər öz məclisinə qayıdandan sonra səhabələri ona müraciət edərək dedilər:
«Sən onun atasının əmisisən, onunla niyə belə davranırsan?»
Әli ibni Cə᾽fər—«Sakit olun»—dedi, sonra əli ilə saqqalını tutub dedi:
«Әgər Allah-taala bu ağarmış saqqalı (imamlıq məqamına) layiq bilməyib, bu gənci layiq bilibsə və öz istədiyi şəxsə imamlıq məqamını ehsan edibsə, mən necə onun üstünlüyünü inkar eləyim... Mən onun bir quluyam».[123]
Hənəfi məzhəbli Məhmud ibni Vəhib bağdadi də imam Məhəmməd Təqi (ə) barəsində belə deyibdir:
«Məhəmməd Cavadın (ə) künyəsi Әbu Cə᾽fərdir...O, elm və fəzilətdə öz atasının varisi idi və qardaşları arasında kamal cəhətdən hamıdan üstün idi».[124]
10. İmam Məhəmməd Cavadın (ə) oğlu imam Әliyyəl Hadi (Nəqi) (ə); Hicri 212 ci ildə dünyaya gəlib, 254 ci ildə isə vəfat etmişdir.
İmam Hadi (ə) isə imam Məhəmməd Cavadın (ə) oğludur. O həzrətin künyəsi Әbül Həsəndir. Elm, təqva fəzilət və uca məqamı cəhətindən pak atalarında olan vəsflər onda da mövcud idi.
Mö᾽min Şiblənci deyibdir ki, «Onun (imam Hadinin (ə)) münacatları çox idi». «Səvaiq» kitabının müəllifi də belə yazmışdır:
«Әbül Həsən Әsgəri (yə᾽ni, imam Hadi (ə)) elm və səxavətdə atalarının varisi idi».[125]
Hənbəli məzhəbli Әbdu-həyy ibni Imad da belə deyibdir:
«Әləvi və Hüseyni olan (yə᾽ni, həzrət Әli və imam Hüseynin övladlarından olan), Hadi ləqəbi ilə tanınmış Cə᾽fər Sadiqin oğlu Musa Kazimin oğlu Әli Rzanın oğlu Məhəmmədin oğlu Әli Әbülhəsən çox ibadət eləyən bir fəqih və imam idi».[126]
Hafiz İmadəddin Әbül-fəda İsmail ibni Ömər ibni Kəsir də imam Hadi Әliyyən Nəqi (ə)-ın barəsində belə qeyd etmişdir:
«Və amma Әbül Həsən Әliyyəl Hadi (ə): O, Әli ibni Әbi Talibin oğlu Şəhid Hüseynin oğlu Zeynül-abidinin oğlu Məhəmməd Baqirin oğlu Cə᾽fər Sadiqin oğlu Musa Kazimin oğlu Musər Rzanın oğlu Məhəmməd Cavadın oğludur. O, on iki imamdan biridir və imam Həsən Әsgərinin atasıdır. Abid və zahid idi. Mütəvəkkil onu Samirraya gətirdi. O Həzrət (ə) iyirmi ildən bir neçə ay çox orada sakin oldu və Hicri 254-cü ildə orada vəfat elədi».[127]
Abbasi xəlifələrindən olan Mütəvəkkilin imam Hadini (ə) Mədinədən Samirra şəhərinə gətirmək üçün yolladığı Yəhya ibni Hərsəmədən də belə rəvayət olunubdur:
«Mən Mədinəyə getdim. Elə ki, Mədinə şəhərinə daxil oldum, oranın camaatı Әli Hadi (ə) üçün qorxduqlarından misli görünməmiş bir şəkildə ah-fəğan etməyə başladılar. Beləliklə, vəziyyət təhlükəli şəkil aldı, çünki O, onlara yaxşılıq edən, məsciddən ayrılmayan və dünyaya meyli olmayan bir şəxs idi. Mən onları sakitləşdirməyə məcbur qaldım və and içdim ki, mənə onun barəsində xoşagəlməyən bir iş görmək əmri verilməmişdir. Sonra evini axtardım. Lakin orada da müshəfdən (Qur᾽andan), dua və elmi kitablardan başqa bir şey tapmadım. Beləliklə, onun məqamı mənim gözümdə böyük oldu».[128]
11. İmam Әliyyən Hadi (ə)-ın oğlu imam Həsən Әsgəri (ə); Hicri 232-ci ildə dünyaya gəldi, 260-cı ildə isə vəfat etmişdir.
İmam Həsən Әsgəri (ə) isə atası imam Hadi (ə) və pak babaları kimi idi və elm, bilik, təqva və cihadda onların varisi idi.
Alim və tarixçilər bu həqiqətə şahidlik edirdilər. Biz bunlardan bə᾽zisinə işarə edəcəyik. Şəmsəddin Әbül Müzəffər Yusif ibni Fərağlı, Sebt ibni Cövziyə belə deyibdir:
«O bir e᾽tibar olunan alim idi. Atası və babasından hədis nəql etmişdir».[129]
Әli ibni Səbbağ Maliki belə deyibdir:
«Ağamız Həsən Әsgərinin həyatı onun fəzilətinə və fəzilətli bir ağanın oğlu olduğuna sübutdur. Onun imamlığında heç kim şəkk-şübhə edə bilməz. Әgər kəramət və dəyərlər satılsa, dəyərləri satan ayrılarıdır. Amma O, daima dəyərlərə müştəridir. O, zəmanəsinin tayı olmayan yeganə şəxsiyyəti idi. Gözəl əxlaq baxımından misilsiz idi. O əsrdə yaşayanların ağası, o zamandakı xalqın həqiqi imamı idi. Sözləri sağlam və düzgün, əməlləri isə gözəl idi».[130]
12. İmam Həsən Әsgəri (ə)-ın oğlu imam Məhdi (ə) (ki, ləqəbi Məhdi və adı Həzrət Peyğəmbərin (s) adı ilə eynidir.); Hicri 255-ci ildə dünyaya gəlmişdir və Allahın iradəsi ilə islam dinini bütün yer üzünə hakim edəcəkdir, o Həzrət qeybdədir.
Әhli-beyt (ə)-a tabe olan müsəlmanların əqidəsinə görə 12-ci imam Həzrət Әli ibni Әbi Talibin oğlu, Seyyidüş-şühəda Həzrət imam Hüseynin oğlu, Həzrət Zeynül-abidinin oğlu, Həzrət imam Məhəmməd Baqirin oğlu, Həzrət imam Cə᾽fər Sadiqin oğlu Həzrət Musa Kazimin oğlu, Həzrət imam Rzanın oğlu Həzrət Məhəmməd Təqinin oğlu Həzrət imam Әliyyən Nəqinin oğlu Həzrət imam Həsən Әsgərinin oğlu imam Məhdi (ə)-dır. Adı Həzrət Peyğəmbəri-əkrəmin (s) adı ilə eynidir. Hicri 255-ci ilin şaban ayının 15-də dünyaya gəlmişdir. O həzrət Allahın iradəsi və təqdiri ilə sağdır, amma qeybdədir. O, yer üzü zülm ilə dolduqdan sonra Allahın iradəsi ilə zühur edəcək və dünyanı bərabərlik və ədalət ilə dolduracaq. Həzrət İsa (ə) isə gəlib onun arxasında namaz qılacaq.
Həzrət Peyğəmbər (s) buyurmuşdur:
«Bir gün gələr Allah-taala mənim Әhli-beytimdən göndərər ki, onun adı mənim adım kimidir. O, yer üzünü zülm ilə dolduğu kimi ədalət və bərabərliklə doldurar».[131]
Həzrət Әli (ə)-da həzrət Peyğəmbərdən (s) belə nəql etmişdir:
«Әgər dünyanın ömründən bir gün qalsa da belə, Allah mənim Әhli-beytimdən olan bir nəfəri göndərəcək. O, yer üzünü zülm ilə dolduğu kimi ədalət ilə dolduracaqdır».
Bu hədisi Әbu Davud öz «Müsnəd»ində belə nəql edibdir. Yenə Әbu Davud və Termezi öz «Sünən» kitablarında Səid Xidiridən belə nəql ediblər:
«Mən həzrət Peyğəmbərdən (s) eşitdim ki, belə buyurdu:
«Məhdi məndəndir, alnı (geniş və ) parlaqdır, burnunun üstünün orta qismi dikdir. O, yer üzünü zülm ilə dolduğu kimi bərabərlik və ədalət ilə doldurar».
Әbu Davud bu cümləni də əlavə edibdir ki, «yeddi il hökm sürəcək» və qeyd edibdir ki, bu hədis sabit və səhih bir hədisdir.
Bu Әhli-beyt (ə)-ın haqqında qısa bir izahat idi ki, onların kimliyi, məqam və dərəcələri haqda qısa şəkildə danışıldı.
Biz fiqh, hədis, təfsir, əqidə, şəriət və digər elmlərimizi bunlardan alırıq.
Həzrət Әli (ə) buyurmuşdur:
«Dinin əvvəli Onu (Allahı) tanımaq, Onu tanımağın kamil olması Onun təkliyinin qəbul etmək, tövid və Onun təkliyinin qəbul olunmasının kamilliyi isə tam xalisliklə Ona ibadət etməkdən ibarətdir».[132]
İmam Cə᾽fər Sadiq (ə) buyurmuşdur:
«Allah-taala haqqı tanımaqla birlikdə olmayan əməli qəbul etməz və əməl üçün isə mə᾽rifətdən başqa heç bir şey deyildir. Hər kim haqqı tanısa onun o mə᾽rifəti onu əməl etməyə vadar edər. Bəs hər kim əməl etməzsə, onun mə᾽rifəti də (haqq tanımağı) yoxdur. Bilmək lazımdır ki, imanın bə᾽zi hissələri digər hissələrini tamamlayır»
Tövhid islam dininin təməli və müsəlmanların inam, düşüncə, elm və əməllərinin əsasıdır. O, şəriətdəki qanun və dəyərlərin, həmçinin təfəkkür və düşüncənin mehvəridir. Tövhid anlayışı islamın şirkdən uzaq və tövhidə əsaslanan mədəniyyətin meydana gəlməsində ən mühüm amildir. İslam mədəniyyətinin bəyəndiyi rəng və daşıdığı nişanə, ilahi rəng və tövhid nişanəsidir. Allah-taala Qur᾽anda «Bəqərə» surəsi, 138-ci ayədə buyurmuşdur:
«(Bu) Allahın verdiyi bir rəng və nişanədir və kimdir ki, rəng və nişanəsi Allahdan daha gözəl ola! Və biz Ona (o Allaha) ibadət edirik».
İslam mədəniyyətinin tövhid rəngi və nişanəsi onu xurafat, mövhumat və cahiliyyət dövrünə aid olan mədəniyyətlərdən ayırır. Və onun ilahi məs᾽uliyyət və hədəflərini tə᾽yin edir.
Həmçinin müsəlman şəxsin ictimaiyyətdəki nümunəvi davranış və fikirlərini istiqamətləndirir! Qur᾽ani-kərim və pak sünnə müsəlmanın əqidə və düşüncə qaynağıdır ki, aşkar şəkildə tövhid əqidəsini, əzəmət sahibi olan Allahın varlığını, Onun kamal sifətlərinin nədən ibarət oduğunu və Onun hər növ çirkinlik və naqislikdən uzaq olmağını bəyan etmişlər. İlk müsəlmanlar da bunu Allahın Peyğəmbəri və Qur᾽ani-kərimin bəyan etdiyi kimi öyrənib iman gətirmişlər. Zaman keçdikcə islam dini yayılmış, ölkələr bir-birinin ardınca fəth olunmuş və cahil mədəniyyətlərin tə᾽siri altında olan millətlər də müsəlmanların sırasına daxil olmuşlar. Ayrı-ayrı dinlərə və millətlərə mənsub olmuş şəxslər islama daxil olduqca, Yunan və digər fəlsəfələrin müsəlmanlar arasında yayılması nəticəsində tövhid əqidəsinə xurafatlar daxil olmağa başladı. Tövhidi əqidə barəsində bə᾽zi yersiz mücadilə və şübhələr meydana gəlmişdir. Məsələn, insanın öz işlərində məcbur (iradəsiz) və ya ixtiyarlı (iradəli) olması, Allahın cism olub-olmaması və ya me᾽rac haqqında meydana gələn mübahisələri göstərmək olar. Bunun nəticəsində də fikir ayrılığı və müxtəlif məzhəb və firqələr yaranmışdır. Әhli-beyt (ə) bu dövrlərdə islamın həqiqətini qorumaq və onun yanlış, batil və xurafi inamlardan uzaq qalması, çox geniş bir elmi və fikri mübarizə aparmışlar. Bu mübarizələr nəticəsində o batil firqələrdən çoxu müsəlmanlar arasında yayılmış və tarixdə bilinməz olmuşdur. Әhli-beyt (ə) Allahın verdiyi elm və mə᾽rifət sayəsində Allahın kitabını və Peyğəmbərin (s) sünnəsini həqiqi mə᾽nada bildiklərindən, tövhid anlayışını müdafiə edərək, batil və zəlalətə düşmüş firqələrin fikri əsaslarını rədd etməkdə və şübhələrin təməlini qazmaqda ən mühüm məs᾽uliyyəti və rolu öz öhdələrinə almışlar. Bu barədə Әhli-beyt (ə)-ın mübahisələri, hədisləri, Qur᾽anın tövhid haqqındakı ayələrinə söylədikləri təfsirləri mö᾽təbər mənbələrdə mövcuddur. Onlar müasir dövrdə tövhid haqqındakı şübhələri yox etməkdə, islami fikirləri öz orjinallığına qaytarmaqda və yolunu azmış adamaların ayələri öz şəxsi fikirlərinə əsaslanaraq təfsir etmələrinin müqabilində dayanmaq üçün mühüm bir rola malikdirlər. Hər kim tövhid əqidəsinin nəzəriyyələrindən xəbərdar olsa və Әhli-beyt (ə) məktəbi nöqteyi-nəzərindən tövhid inamının fikir və ideoloji planındakı yerini tədqiq etsə, onda bu məktəbin özünə məxsus üstünlüyünü dərk edə bilər. O zaman anlamaq olar ki, tövhid əqidəsinin əsası kamalın bütövlüklə Allah-taalaya məxsus olmasına, onun hər bir çatışmamzlıqdan pak bilinməsinə və onun şəriki, misalı və ziddinin olmaması üstündə qurulmuşdur. Həzrət Әli (ə) bu tövhidi istiqamətin əsaslarını bu cümləsində bəyan etmişdir:
«Tövhid odur ki, Onu (Allahı) dərrakəndə sığışdırmayasan və ədalət odur ki, Ona töhmət vurmayasan».[133]
Әhli-beyt (ə)-dan nəql olunan bir çox hədislərdə tövhid əqidəsinin möhkəm əsasları aydınlaşdırılmış və Deysani, ibni Әbil Әvca, ibni Müqfə kimi onu inkar edənlərin və ya «Ğülat», «Mufəvvəzə», və «Cəbriyyə» kimi Allaha inanan, lakin yolunu azmış firqələrin şübhələri batil edilmişdir. Aşağıda Әhli-beyt (ə) tərəfindən tövhid əsasları haqqında söylənən bir sıra hədisləri olduğu kimi təqdim edəcəyik. Elə bu qısa işarələrlə aydın olacaq ki, Әhli-beyt (ə)-ın bəyan etdiyi tövhid anlayışı, həmin Qur᾽anda olan tövhid əqidəsinin özüdür. İmam Sadiq (ə)-dan rəvayət olunubdur ki, həzrət Әmirəl-mö᾽minin Әli ibni Әbi Talib (ə) belə buyurubdur:
«Allahı Özü ilə, Peyğəmbəri (s) peyğəmbərliyi ilə və «ulul-əmri» (imamları) isə ədalət və yaxşı işlərə əmr etmələri ilə tanıyın...»[134]
Fəth ibni Yəzid imam Rza (ə)-dan belə rəvayət etmişdir:
«Mən imam Rza (ə)-dan mə᾽rifətin (Allahı tanımağın) ən aşağı mərtəbəsinin nədən ibarət olduğunu soruşdum. O həzrət belə cavab verdi:
«O (mə᾽rifət) Allahdan başqa bir tanrının olmaması, Onun oxşarı və bənzərinin olmaması, qədim (əzəldən) olması, sabit (dəyişməz və yox olmaz) olması və Onun misalının və bərabərinin olmamasını iqrar etməkdən ibarətdir».[135]
Nafe ibni Әzrəq imam Məhəmməd Baqir (ə)-dan soruşdu:
«Allah-taala nə vaxtdan var?» İmam cavabında buyurdu:
«Allah nə zaman yox olub ki, mən sənə Onun nə vaxtdan var olduğunu xəbər verəm? Әzəldən var və əbədi olacaq, hər bəndənin möhtac olduğu və özünə bir yoldaş və övlad götürməyən Allah bütün çatışmamazlıqlardan pakdır».
İmam Cə᾽fər Sadiq (ə) rəvayət etmişdir ki, bir yəhudi alim imam Әli (ə)-ın yanına gəlib soruşdu:
«Ey Әmirəl-mö᾽minin! Sənin rəbbin nə zamandan var?» İmam (ə) buyurdu:
«Vay olsun sənə! Bir zaman yox olan bir şeyə nə vaxtdan var, deyə soruşarlar? Mənim Allahım ilkinlərin ilkini və ondan qabaq bir vücud olmayan bir varlıqdır. O, nəhayətsiz və sonların sonudur.[136]
O, nəhayətsiz və həm də nəhayəti də nəhayətsizdir. Bütün nəhayətlər Onda qurtarır və O nəhayətlərin müntəhasıdır».
O yenə soruşdu:
«Ey Әmirəl-mö᾽minin! Sən də peyğəmbərsənmi?» İmam cavab verdi:
«Mən Məhəmməd peyğəmbərin xidmətçilərindən biriyəm».[137]
İmam Baqir (ə)-dan belə nəql olunmuşdur:
«Allahın zatı haqqında fikirləşməyin. Lakin, Onun böyüklüyünə baxmaq istəsəniz, Onun yaratdıqlarının əzəmətinə baxın».[138]
İmam Cə᾽fər Sadiq (ə) səhabəsi, Məhəmməd ibni Müslümə belə vəsiyyət edibdir:
«Ey Məhəmməd! Həqiqətən, insanlar o qədər danışarlar ki, nəhayət Allahın zatı haqqında da söhbət edərlər. Bu sözləri eşidən zaman deyin: Oxşarı və bənzəri olmayan Allahdan başqa bir Allah yoxdur».[139]
İmam Məhəmməd Baqir (ə) buyurmuşdur:
«Hər bir şeyin haqqında danışın, ancaq Allahın zatı haqqında danışmayın».[140]
Həzrət imam Әlidən (ə) Allahın, məxluqatın yaranışdan qabaq harada olduğunu soruşdular. O Həzrət (ə) cavabda buyurdu:
«Allah-taalanın zaman və məkana ehtiyacı yoxdur. Həqiqətən, O Allah bütün çatışmamazlıqdan pak-pakizədir».[141]
Bir şəxs həzrət Әlidən (ə) soruşmuşdur:
«Rəbbimiz yeri və göyü yaratmazdan əvvəl harada idi?» İmam (ə) cavab vermişdir:
«Allah-taala «Məkan» yaranmazdan qabaq var olduğu halda, Onun məkanı haqqında necə sual edirsiniz?»
Yenə də bir nəfər Həzrət Әlidən (ə) soruşdu:
«Ey Әmirəl-mö᾽minin! Sən Allaha ibadət edən zaman Onu görürsənmi?» İmam (ə) cavab verdi:
«Vay olsun sənə! Mən görmədiyim Allaha ibadət etmərəm».
O yenə soruşdu:
«Sən Onu necə görürsən?» İmam (ə) cavab verdi:
«Onu (zahiri) gözlər vasitəsi ilə müşahidə etmək olmaz, lakin qəlblər öz həqiqi inamları ilə Onu görə bilərlər».[142]
Məhəmməd ibni Həkim də rəvayət etmişdir:
«İmam Musa Kazim (ə) atama belə yazmışdı:
«Allah-taala, Onun haqqında söylənən sifətlərin hamısından daha uca, daha üstün və daha böyükdür. Demək, Onu özü vəsf etdiyi kimi vəsf edin və bununla da kifayətlənin.»
Müfəzəl nəql edibdir:
«İmam Musa Kazim (ə)-dan Allahın sifətlərindən bə᾽ziləri haqqında soruşdum. İmam (ə) buyurdu:
«Bu barədə Qur᾽anda olanlarla kifayətlənin».[143]
Әbdürrəhman ibni Әtik deyir:
«Әbdül Məlik ibni Ә᾽yənin vasitəsi ilə imam Cə᾽fər Sadiq (ə)-a yazdım:
«İraqda bir dəstə adamlar var ki, Allahı şəkil və cizgilərlə vəsf edirlər. Sizə qurban olum, əgər məsləhət bilsəniz tövhid haqqında olan doğru anlayışı mənə yazasınız». İmam (ə) cavabında mənə belə yazmışdı:
«Allah sənə mərhəmət eləsin ki, özündən qabaqkıların tövhid barəsində olan fikirlərini məndən soruşursan. (Bil ki,) Allah-taala hər bir şeydən ucadır və Onun misli və bənzəri yoxdur. O, eşidən və görəndir. Vəsf edənlərin vəsfindən uca və pakdır. Bil ki, o şəxslər ki, Allahı məxluqata bənzədirlər, Allaha iftira deyirlər. Allah sənə mərhəmət eyləsin, tövhid haqqında doğru anlayış Qur᾽anda zikr olduğu Allahın sifətləridir. Bəs Allah-taalanın fani olmağını, Onu bir şeyə bənzətməyi unut. Çünki, Onun haqqında bir şeyi inkar etmək və Onu bir şeyə bənzətmək düzgün deyildir
O Allah sabitdir və vəsf olunan sifətlərin hamısından yüksəkdir. Bu barədə Qur᾽anda olanlarla kifayətlənin ki, həqiqət aşkar olan bir halda yoldan azmayasınız».
Bu barədə Həmzə ibni Məhəmməd deyir:
«Mən imam Musa Kazim (ə)-a məktub yazaraq (Allahın) cism və surəti haqqında soruşdum. İmam (ə) cavabında belə yazdı:
«O (Allah), hər bir çatışmamazlıqdan uzaq, bənzəri və surəti olmayan bir varlıqdır».[144]
Beləliklə Qur᾽anın ruhunu təfsir edən Әhli-beyt (ə) məktəbində tövhid əqidəsinin, Allahı mütləq şəkildə çatışmamazlıqlardan pak bilmək prinsipinə əsaslandığını görürük. Bu yolla Әhli-beyt (ə) batil əqidələri, islami anlayışlara qarşı yaranmış şübhələri və xurafatları aradan aparmışlar....
Bu dediklərimiz «Ğülat», «Müfəvvəzə», «Mücəssəmə», «Hülul» kimi xurafatların rədd olunmasında öz əksini tapmışdır.
Әhli-beyt (ə)-ın bu izahları sayəsində Әhli-beyt (ə) məktəbinin həqiqi ardıcılları ilə bu yoldan azmış və ya özlərini qeyri-rəsmi olaraq, bu yolun davamçıları hesab edənlər (Ğülat, Müfəvvəzə, Hülul, Ittihad kimi firqələr) fərqlənirlər.
Geriyə | Mündəricat | Növbəti |