Geriyə | Mündəricat | Növbəti |
Hər kim Әhli-beyt (ə)-ın təxminən iki əsr yarım (islamın yaranışından İmam Zaman (ə)-ın qeyb olmasına qədər keçən müddət) boyunca siyasi həyat və mübarizələrini mütaliə edərsə, görər ki, Әhli-beyt (ə)-ın siyasi səhnədəki fəaliyyət və davranışları bu prinsiplərə əsaslanır:
1. Ümməti zülm və zalıma qarşı barışmaz etmək, ədalət məfhumunun əhəmiyyətini bildirmək, imamət məntiqini aydınlaşdırmaq və islamda dövlət və onun idarə olunmasını, yə᾽ni islam siyasətinin əsaslarını açıqlamaq.
Bunlardan məqsəd islam ümmətində siyasi şüur və biliyi o dərəcəyə yetişdirmək idi ki, zalımlara düşmən kəsilmək və islamın istədiyi imamın rəhbərliyi ilə ədalət hökumətini bərqərar etməyə doğru hərəkət etsinlər. Әhli-beyt (ə)-dan bu barədə nəql olunan sözlər və onların tarixdə səbt olunan davranışları və Peyğəmbəri-Әkrəmdən (s) nəql etdikləri hədislər onların müsəlmanlarda siyasi hissi oyatmaq və onlara islami şüur və idrakı vermək yolunda atdıqları addımların əhəmiyyətini göstərir...
Burada Әhli-beyt (ə)-ın zülmün qarşısında dayanması və siyasi durğunluğu hərəkətə gətirərək ümmətdə islahatçılıq ruhunu yerləşdirmək barəsindəki fikirləri ilə tanış olmaq üçün onlardan gələn hədis və rəvayətlərdən bir qisminə qısa şəkildə işarə edəcəyik:
«Nəxə qəbiləsindən olan bir yaşlı şəxsdən belə nəql olunubdur: Mən imam Məhəmməd Baqir (ə)-a dedim ki, bir çox müddət Həccac tərəfindən Vali tə᾽yin olunmuşdum. İndi görəsən mənim tövbəm qəbul olar? İmam (ə) bir şey buyurmadı. Mən sualı təkrar etdim. Buyurdu:
«Hər haqq sahibinin haqqını özünə yetirməyənə qədər, yox!»
Әbu Həmzə Somali də imam Məhəmməd Baqir (ə)-dan nəql edibdir ki, babası imam Zeynül-abidin (ə)-ın vəfat zamanı yaxınlaşanda onu bağrına basıb belə deyibdir:
«Ey oğul, sənə babamın vəfat elədiyi vaxtda mənə elədiyi vəsiyyəti edirəm. O da budur: Ey oğul Allahdan başqa heç kimi olmayan bir şəxsə zülm etməkdən uzaq dur».[173]
Və imam Sadiq (ə)-dan da nəql olubdur ki, belə buyurubdur:
«Heç bir zülm Allahdan ayrı bir kəsi olmayan şəxsə edilən zülmdən daha çətin deyildir».
Və yenə imam Sadiq (ə) cəddi Rəsulullahın belə buyurduğunu nəql edibdir:
«Zülm etməkdən uzaq durun ki, (bu dünyada) zülm etmək qaranlığdır». Yə᾽ni, qiyamət günü qaranlıqlarda qalmağa səbəb olar).
Yenə imam Cə᾽fər Sadiq (ə)-dan nəql olunubdur ki, belə buyurdu:
«İzzət və cəlal sahibi olan Allah bir zalımın hökumət etdiyi məmləkətdə yaşayan, öz peyğəmbərlərindən birinə vəhy elədi ki, get o zalıma de ki, Allah belə buyurur: «Mən səni qan tökmək və xalqın malını əllərindən almaq üçün başa gətirmədim. Mən sənə hökm etdim ki, məzlumların fəryadının Mənə tərəf ucalmasına mane olasan. Həqiqətən Mən onların məzlumiyyət fəryadını yerdə qoymaram. Hətta o məzlumlar kafir də olsalar».[174]
Həmçinin o Həzrətdən (ə) nəql olunubdur:
«Zülm edən, ona yardım edən və ona razı olanların üçü də zülmdə şərikdirlər».[175]
Və yenə buyurubdur ki:
«Hər kim bir zalımı zülmündə üzürlü göstərməyə çalışsa, Allah ona zülm edən bir şəxsi müsəllət edər və əgər o, «Allah, bu zülmü məndən uzaq eylə» deyərək dua eyləsə də, Allah onun duasını qəbul etməz və məzlumluğuna görə də Allah yanında bir mükafatı (savabı) olmaz».[176]
İmam Sadiq (ə)-ın səhabələrindən olan Әbu Bəsr nəql edibdir:
«Aralarında alver üstündə münaqişəsi olan iki nəfər imam Sadiq (ə)-ın hüzuruna gəldilər. İmam (ə) onların sözlərinə qulaq verdikdən sonra belə buyurdu:
«Heç bir şəxs zülm ilə ələ gətirdiyi şeydən bir xeyir tapmaz. Bilin ki, zalım bir şəxsin məzlumun malından aldığından çox, məzlum şəxs zalımın dinindən alar».
Sonra buyurdu:
«İnsanlara pislik edən, özünə pislik olanda onu inkar etməz! Bilin ki, insan öz əkdiyini biçər və heç bir şəxs acı toxumdan şirin bir məhsul və nə də şirin toxumdan acı məhsul götürməz». (İmamın bu söhbətindən sonra o iki şəxs oradan qalxıb bir-birləri ilə razılaşdılar).[177]
Әhli-beyt (ə) həzrət Peyğəmbərdən (s) nəql ediblər ki:
«Hər kim bir zalımın zülm etdiyini bildiyi halda ona yardım etmək üçün onun yanına getsə «islam»dan çıxıbdır».[178]
Həzrət Peyğəmbərdən (s) belə rəvayət olunubdur:
«Bir saat ədalət ilə hökm etmək, yetmiş il ibadətdən (gecələrini yatmayıb, ibadət ilə keçirib, gündüzləri də oruc tutmaqdan) daha xeyirlidir. Və bir saat ədalətsizliklə hökm etmək, Allah yanında altımış ilin günahlarından daha çətindir».[179]
Və Cabir ibni Әbdullahi Әnsari Rəsulullahdan (s) belə rəvayət edibdir:
«Kim Allahın qəzəb edəcəyi bir yol ilə bir sultanı razı edərsə, Allahın dinindən çıxıbdır».[180]
Həmçinin Rəsulullahın belə buyurduğu da nəql olubdur:
«Hər kim on nəfərin başçılığını öhdəsinə ala və onlar arasında ədalət ilə davranmaya, qiyamət günü əli, ayağı və başı baltanın küpündəki kimi bir deşikdən keçmiş halda məhşərə gələcəkdir».[181]
Әmirəl-mö᾽minin Әli ibni Әbi Talibdən (ə) isə belə nəql olubdur:
«Hər kim müsəlmanların işlərindən bir işin başında ola, amma qapısını onların üzünə bağlaya və pərdəsini çəkə, belə bir şəxs qapısını ehtiyac sahibinin və şikayəti olanın üzünə açmadıqca Allahın qəzəb və lə᾽nətinə giriftar qalar».[182]
Göründüyü kimi Әhli-beyt (ə) öz səhabələrini və digər müsəlmanları zülmdən və zalımdan şiddətlə uzaq durmaq prinsipinə əsaslanaraq tərbiyə etmək istəmiş və bu yolla onları yaşadıqları cəmiyyəti islah etmək üçün hərəkətə gəlməyə və siyasi səhnəyə daxil olmağa lazımı yolla təşviq etmişdir.
2. Rabitə və əlaqəni kəsmək üsulu:
Zalım idarəçilər müqabilində Әhli-beyt (ə)-ın istifadə etdikləri mühüm üsullardan biri də əməldə onlarla əlaqəni kəsmək və onlardan uzaq durmaq idi.
Necə ki, əvvəldə nəql etdiyimiz rəvayətlərdən də bu mə᾽na anlaşılırdı. Məsələn, «Hər kim bir zalımın zalım olduğunu bildiyi halda ona yardım üçün onun yanına getsə, islamdan çıxıbdır» və «Zülmü edən, ona yardım və ona razı olan şəxslərin hər üçü zülmdə şərikdirlər» və sairə bu kimi hədislər.
Әhli-beyt (ə) zalımlardan uzaq durmağa və onlarla rabitəni kəsməyə və onlara yardım etməməyə açıq şəkildə əmr etmişdirlər. Bir hədisdə nəql olunubdur ki:
«Qiyamət günü olanda (bir münadi) nida edəcək ki, zalımlar və zalımlara yardım edənlər haradadır. (Hətta) o kəslər ki, onlara minik hazır ediblər, ya onların kisələrinin ağzını bağlayıblar və ya qələmlərini onlar üçün mürəkkəbə batırıblar. Onların hamısını birlikdə məhşur eləyin».[183]
Әhli-beyt (ə) Әməvi və Abbasi hakimləri müqabilində bu üsula yə᾽ni, zalımlarla rabitəni kəsmək, onlardan uzaq durmaq və onlara yardım etməmək üslubuna əhəmiyyət vermişlər. Yə᾽ni, imam Zeynül-abidin (ə), sonra imam Məhəmməd Baqir (ə), sonra imam Cə᾽fər Sadiq (ə), sonra imam Musa Kazim (ə), sonra imam Musər-Riza (ə), sonra imam Məhəmməd Cavad (ə) və daha sonra imam Hadi (ə) və sonra da imam Həsən Әsgəri (ə) öz zamanlarının Әməvi və Abbasi sülaləsindən olan zalım hakimlərinin müqabilində zalımlardan uzaq durmaq, onlarla rabitəni kəsmək və onlara heç bir surətdə yardım etməmək (prinsiplərinə) əməl etmişlər. Bu (məsələnin aydınlaşması üçün) daşürəkliyi və qan tökməsi ilə məşhur olan Abbasi xəlifəsi Mənsurun müqabilində imam Cə᾽fər Sadiq (ə)-ın tutduğu mövqeyə işarə edəcəyik.
Tarixçilər yazıblar ki, Mənsur, imam Sadiq (ə)-a bir məktub yazaraq imamdan istədi ki, onun yanına gedib onunla birlikdə olsun. O, öz xəyalında imamı da saray mühitinə gətirmək istəyirdi. Amma İmam (ə) şiddətlə onun bu istəyini rədd elədi. Әlbəttə zülm və zor hakim olan bir şəraitdə belə bir şeyi rədd etmək çox çətin bir iş hesab olurdu.
Mənsurun imam Cə᾽fər Sadiq (ə)-a yazdığı məktubda qeyd olunmuşdur:
«....Ayrılarının (xalqın) bizim ətrafımızı bürüdüyü halda, sən niyə bizim yanımızda olmursan?»
İmam Sadiq (ə) cavabında yazdı ki:
«Bizim nə səndən qorxmağımıza səbəb olacaq bir şeyimiz var (ki, onu əlimizdən almayasan deyə sənin yanına gələk) və nə də səndə axirətə aid olan bir fəzilət var ki, ona görə sənə bir ümidimiz ola... Və nə sən bir ne᾽mətdəsən ki, səni təbrik edək və nə də onu bir əzab görürük ki, sənə başsağlığı verək...»
Mənsur bu cavabı oxuduqdan sonra İmam (ə)-a yazdı ki:
«Məqsədim budur ki, bizimlə olasan və bizə nəsihət edəsən.»
İmam Sadiq (ə) cavabında yazdı:
«Hər kim dünyanı istəsə sənə nəsihət etməz, hər kim axirəti istəsə sənin yanında durmaz (səninlə həmsöhbət olmaz)».[184]
Allahın hökmlərini icra etməyən zalım hakim və sultanlara qarşı Әhli-beyt (ə)-ın bu aşkar mövqe və davranışına bağlı qalan şiə fəqihləri zalımlara yardım etməyin və onlar tərəfindən bir işi qəbul etməyin haram olduğuna fətva vermişlər. Şiə müctehidlərinin «Məkasibi muhərrəmə» (haram kəsblər) fəslində bu barədə fətvaları şiə fiqhini bilənlərin nəzərində mə᾽lumdur.
Məsələn, Şəhid Әvvəl[185] ləqəbi ilə məşhur olan Məhəmməd ibni Cəmal Məkki Amili (r.ə.) «Lüm᾽ə» adlı kitabında haram kəsbləri sayarkən «zalımlara zülmlərində yardım etməyi» də sayıbdır. Adı çəkilən kitabın şərhində mərhum Şəhid Sani izah üçün qeyd edibdir ki, «məsələn, zalımlar üçün bir yazı yazmaq və ya məzlumu onların yanına gətirmək kimi...»[186]
Həmçinin fəqihlər zalım tərəfindən bir iş və vəzifə qəbul etməyi haram bilmişlər, yalnız bir şəxs bu yolla islama xidmət etməyə və ayrılarını zülmə düçar olmaqdan qurtarmağa imkanı olsa, müstəsna xarakteri daşıyır.
3. Qiyam etmək və qiyam edənlərdən himayə etmək:
Zalımın müqabilində qiyam etmək və onun zülmünə boyun əyməmək bir əsasdır ki, islam onu «mə᾽rufa əmr etmək və münkərdən çəkindirmək» ünvanı ilə rəsmən tanıtmış və ona çox əhəmiyyət vermişdir.
Həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunubdur:
«Şəhidlərin ağası bir «Həmzə»dir və bir də o şəxsdir ki, bir zalım sultanın müqabilində qiyam edə və ona əmr be mə᾽ruf və nəhy əz münkər edə və nəhayət (sultan onu) öldürə»[187]
Hər kim Әhli-beyt (ə)-ın həyatlarında apardıqları siyasi mübarizələrini tədqiq etsə görər ki, Әhli-beyt (ə) xüsusi bir mübarizə və qiyam xəttini vücuda gətirmişlər. Ayrı ifadə ilə desək, onlar qiyam və mübarizələrin rəhbərliyini öhdələrinə almışdılar.
Müaviyə islamın təməlini qazmaq məqsədiylə müsəlmanları idarə etmək üçün lazım olan şərtlərdən heç birini özündə daşımayan oğlunu özündən sonra müsəlmanların xəlifəsi e᾽lan etməsi müqabilində, imam Hüseyn ibni Әli (ə) sakit qalmayıb qiyam etdi. Mədinədən hərəkət edib Məkkəyə gəldi və orada dörd ay qalıb, xalqa Yəzidin iş başına gəlməsinin islam və müsəlmanlar üçün böyük təhlükə olduğunu bəyan etdikdən sonra, İraqa doğru hərəkət etdi və İraqda, Kərbəla çölündə, Yəzidin sayı çox olan ordusunun müqabilində təslim olmayıb, yetmiş iki nəfər ilə birlikdə şəhadətə çatdı və öz müqəddəs qanının tökülməsinə, övlad və səhabələrinin məzlumcasına şəhid olmalarına və uşaqlarının əsir düşməsinə razı oldu. Amma razı olmadı ki, zalımlar Peyğəmbərin (s) dinini paymal edələr, haqq və ədaləti ayaq altına salalar.
Bu pak qanlar islam ümmətinin yatan vicdanını oyatdı və onların zülm müqabilindəki süstlüyünü aradan apardı.
Bəli, bu qiyam zalım hakim və sultanlar müqabilində və onlara bey᾽ət edib boyun əymək qarşısında həyata keçirilən ilk inqilab idi. Bu inqilab təslim və sazişə çağıran, zülmü qanuni göstərən pula satılmış alimlərin islamdan və dindən uzaq olduqlarını göstərən ilk hərəkat idi.
O alimlər ki, Peyğəmbərin (s) aşkar sünnəsini qoyub, xalqı zalıma bey᾽ət etməyə və ya zalım nə iş görsə də bey᾽ətə vəfalı qalmağa də᾽vət edirdilər. Halbuki, Peyğəmbər (s) aşkar buyurmuşdur ki:
«Allahın əmrinə üsyan edən şəxsin and içməsi və söz verməsi qəbul olunmaz».
Və yenə buyurmuşdur ki:
«Xaliqə (yaradana) üsyan etmək işlərində məxluqa (yaradılana) itaət olunmaz».
Allah-taala Qur᾽ani-kərimdə buyurubdur:
«Və zülm etmiş şəxslərə ürək bağlamayın ki, atəş (cəhənnəm odu) sizi də yandırar».
Həzrət Peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə) qiyam edib, 61-ci hicri ilində Kərbəlada şəhid olaraq müsəlmanları düz yoldan uzaqlaşdıran və onları zülmün müqabilində təslim olmağa, ona razı olmağa çağıran fikirləri batil etdi və qiyam, şəhadət səsini dünyada satılıb zülmə boyun əymək çağırışından uca etdi.
İmam Hüseyn (ə) öz qiyam və inqilabının əsas amillərini bu hərəkatdakı hədəfini islam ümmətinə açıqca bəyan edərək buyurmuşdur:
«Mən təkəbbür, azğınlıq, fəsad və zalımlıq üçün qiyam etməmişəm. Mən qiyam etmişəm ki, cəddim Rəsulullahın (s) ümmətini islah etməyə çalışam və istəyirəm ki, «Mə᾽rufa» əmr və «münkərdən» nəhy edəm. Və öz cəddimin və atamın getdiyi yolla gedəm».[188]
Kufə əhlinə yazdığı məktubda da müsəlmanlara rəhbərlik edən şəxsin hansı sifətlərə malik olduğunun lazım olmasını bəyan edərək buyurmuşdur:
«And olsun canıma ki, ədalət və bərabərliyi əsas tutmayan, həqiqi dinə bağlı olmayan və Allah xatirinə öz nəfsinin qabağını ala bilməyən hakim imam ola bilməz».
Bəsrənin böyüklərinə yazdığı məktubda da bu cümlələri qeyd etmişdi:
«Və mən sizi Allahın kitabına və Peyğəmbərin sünnəsinə də᾽vət edirəm. Çünki, həqiqətən sünnə məhv edilib və bid᾽ət dirildilibdir. Әgər mənim sözümə qulaq versəniz və əmrimə itaət etsəniz sizi kamal və səadət yollarına hidayət edərəm».[189]
Beləcə imam Hüseyn (ə), zalım olan hakimin müqabilində qiyam etməyin caiz və qanuni olduğunu isbat etdi və xalqı bir müqəddəs iş olaraq zalımların müqabilində mübarizə aparmaq fikri ilə tanış etdi.
Әhli-beyt (ə)-ın siyasi fəaliyyətləri göstərir ki, onlar imam Hüseyn (ə)-ın qiyamından sonra islam məmləkətlərində iki yüz il boyunca Әləvilər (seyyidlər) tərəfindən vücuda gətirilən qiyamları himayə etmişlər.
Nümunə olaraq imam Zeynül-abidin (ə)-ın oğlu «Zeyd»in qiyamı ki, islam tarixində çox mühüm tə᾽sirləri olan bir qiyamdır. Bu qiyam imam Cə᾽fər Sadiq (ə)-ın zamanında baş vermişdir. İmam Sadiq (ə) onun hərəkatını təsdiq etmiş və «Zeyd»in şəhadəti imamı çox narahat etmişdir.
Füzeyli Rəssan nəql edir ki:
«Zeyd ibni Әlinin şəhadətindən sonra imam Cə᾽fər Sadiq (ə)-ın yanına gəldim. O Həzrət (ə) məni bir otaqdan ayrı bir otağa apardı. Sonra mənə dedi:
«Ey Füzeyl, əmim Zeyd şəhid olubdur?»
Dedim ki, sənə fəda olum, bəli.
Buyurdu: «Allah ona rəhmət eləsin! Bil ki, o, mö᾽min, arif, alim və doğru danışan idi. Bil ki, əgər o, zəfər çalsaydı, (əhdinə) vəfa edəcəkdi və imaməti öz sahiblərinə verəcəkdi. Həqiqətən, əgər o, dövləti və qüdrəti əlinə keçirsəydi, onu kimə təslim edəcəyini yaxşı bilirdi».[190]
Göründüyü kimi Әhli-beyt (ə) qiyamlardan himayə edirdilər... Və imamlarla Әləvi qiyamçıları arasında qarşılıqlı əməkdaşlığı var idi.
Bu siyasi himayənin ən gözəl nümunələrindən biri də imam Musa Kazim (ə)-ın məşhur «Fəxx» qiyamının rəhbəri Hüseyn ibni Әlinin hərəkat və qiyamını himayə etməsidir. Bu qiyam 169-cu hicri ilinin Zil-qə᾽də ayına təsadüf edir.
Tarixin yazdığına görə, imam Musa Kazim (ə) bu hərəkatın lazımı zəminə və şəraiti olmadığına görə zəfərə yetişməyəcəyini bildiyi halda, yenə də qiyamçıların yanında mövqe seçir və onları himayə edirdi.
Buna görə də İmam (ə) qiyam rəhbərinə buyurmuşdu:
«Sən qətlə yetiriləcəksən, silahı iti saxla! Çünki, bu qövm fasiqdir və özlərini imanlı göstərirlər. Amma qəlblərində nifaq və şirki gizlədirlər. Bəs mən sizi Allahın öhdəsinə qoyuram».[191]
Elə ki, Hüseyn Fəx qiyamının rəhbəri və əshabı şəhid oldular və onların başını zalım Abbasilərə gətirdilər, imam Musa Kazim (ə)-a dedilər: «Bu Hüseynin başıdır.»
İmam (ə) buyurdu: «Bəli!
«Allaha and olsun ki, o saleh müsəlman, oruc tutan, xeyir işlərə də᾽vət edən və pis işlərdən çəkindirən olduğu halda, dünyadan getdi və öz sülaləsində özü kimisi yox idi.»[192]
Hüseyn xalqı qiyama də᾽vət edəndə belə deyirdi:
«Mən sizi Ali Məhəmməddən (s) olan bəyənilmiş bir şəxsə tabe olmağa də᾽vət edirəm və içinizdə Allahın kitabı və Peyğəmbərin sünnəsi ilə əməl etməyə, xalqın arasında ədaləti hakim etməyə də᾽vət edirəm.»[193]
Göründüyü kimi «Fəxx» qiyamının rəhbəri Hüseynin də᾽vəti, Peyğəmbərin (s) sülaləsindən imamətə layiq olan, bəyənilmiş bir şəxsə tabe olmaqdır. Və ola bilər ki, onun məqsədi imam Musa Kazim (ə)-ın özü imiş... Necə ki, «Zeyd»in qiyamı da eyni hədəflər yolunda idi. İmam Sadiq (ə) da buna görə ona rəhmət göndərib, onun xilafəti öz yerinə qaytarması üçün qiyam etdiyini bildirmişdi.
Abbasi sultanları da Әhli-beyt (ə)-ın bu qiyamları müdafiə etdiyini bilirdilər. Әllamə Məclisi bu barədə nəql etmişdir ki, «Fəxx» qiyamından sonra Abbasi sultanı o qiyamda iştirak edənləri və onu himayə edənləri sayıb onların əleyhinə danışırdı ki, imam Musa Kazim (ə)-dan söz açıldı. O, imamın əleyhinə danışıb dedi: «And olsun Allaha ki, Hüseyn onun əmri ilə qiyam etmişdir. Çünki, Әhli-beyt arasında vəsiyyət sahibi odur. Mən əgər onu (Musa Kazim (ə)-ı) öz halına qoysam, Allah məni öldürsün.»[194]
Geriyə | Mündəricat | Növbəti |