Geriyə Mündəricat Növbəti

İmam cavabında buyurdu:

لا يَصْلَحُ وَلا لَبَنِ اِبْتَتِها الَّتي وُلِدَتْ مِنَ الزِّنا

«O qadının və onun zinadan doğulmuş qızının belə süd verməsi düz deyil».[36]

4. Məhəmməd ibni Mərvan deyir: İmam Baqir (ə) mənə buyurdu:

اِسْتَرْضِعْ لِوَلَدِكَ بَلَبَنِ الْحِسانِ وَاِيّاكَ وَالْقِباحَ فَاِنَّ اللَّبَنَ قَدْ يَعْدِي

«Uşağına gözəl qadınlar süd versinlər. Heç vaxt uşağının eybəcər qadından süd əmməsinə icazə vermə. Çünki bə’zi vaxtlar süd uşaqda tə’sir qoyur və süd verən qadının xüsusiyyətləri ona keçir».

İmamlarımızdan nəql olunan bə’zi hədislərdə isə şərab içən qadının süd verməsinə kəskin e’tiraz olunmuşdur. Eləcə də süd verən vaxt təmizliyə riayət etmələrinə tə’kid olunmuşdur. Bu hədislərin bə’zisində isə belə oxuyuruq:

«Uşağınızı süd əmmək üçün təmizliyə riayət etməyən qadına verməyin».

5. İmam Əli (ə) buyurur:

تَخَيَّرُوا لِلرِّضاعِ كَما تَتَخَيَّرُونَ لِلنِّكاحِ فَاِنَّ الرِّضاعَ يُغَيِّرُ الطِّباعَ

«Qadınları evlənəndə seçdiyiniz kimi, süd vermək üçün də seçin. Çünki süd uşağın təbiətini dəyişir».

Peyğəmbərlərdən, Musa peyğəmbər ilə İslam Peyğəmbərinin başqa qadınlardan süd əmməmələri onu göstərir ki, insanın həyatının birinci yeməyi halal və pak yerdən gəlməlidir. «Qəsəs» surəsinin 12-ci ayəsində oxuyuruq:

وَحَرَّمْنا عَلَيْهِ الْمَراضِعَ مِنْ قَبْلُ

«Musaya anasının döşündən savayı özgənin döşünü əmməyi öncədən haram etmişdik».

Təfsirçilərdən bə’zisi bu ayənin şərhində belə yazırlar:

Musa peyğəmbər uşaqlıqda heç bir süd verən qadının döşünü qəbul etmədi. O, özünü başqa qadınların qucağından yerə atırdı. Bu işin səbəbi isə Allahın o qadınların döşlərini Musaya haram etməsi idi. Çünki Allah-taala Musanın haram süd yox, anasının halal və pak südünü əmməsini istəyirdi. Ona görə ki, sonralar Musa zülm və haqzızlıqla mübarizə aparacaqdı.

GÜNAHIN İQTİSADİ AMİLLƏRİ

Bə’zi hallarda iqtisadi məsələlər günahın yaranmasına səbəb olur. Günahın iqtisadi amilləri iki qismdir:

1. Mal-dövlət.

2. Yoxsulluq.

Bə’zi vaxtlar insan pulsuzluq üzündən tüğyan edir. Bə’zən isə mal-dövlət insanı yoldan azdırır. Lakin burada bir mətləbə diqqət yetirmək lazımdır. O budur ki, kommunistlər mal-dövlət və sərvəti tüğyan etmənin səbəbindən hesab edir və inanırdılar ki, sərvət çox olan zaman mütləq insan yolunu azmalıdır. Amma islam baxımından belə deyil. İslamda sərvət müəyyən mə’nada günaha zəmin yaradan amil kimi hesab olunur. Yə’ni sərvət çox olsa, günah ehtimalı var. Amma sərvətli olmaqla günah etməmək də olar. Allahın qoyduğu qanunlarla sərvət qazanıb, onu dinin yaşaması və yayılması yolunda xərcləyənlər də az deyil.

«Ələq» surəsinin 6-7-ci ayələrində oxuyuruq:

اِنَّ الاِْنْسانَ لَيَطْغى ـ اَنْ رَآهُ اسْتَغْنى

«Amma insan özünü qəni hesab etdikdə azğınlığa başlayır».

Bu ayədə ki, sərvətli olmaq bir şərtlə azğınlığa səbəb olur: o da insanın özünü varlı sanan zaman. İnsan əgər mal-dövlətə bu nəzərlə baxmasa heç vaxt azğınlaşmaz.

Mətləbin izahı: Bə’zi vaxtlar sual olunur ki, mal-dövlət insanı azğınlığa və günaha tərəf çəkən amildirmi?

Cavabında deyirik: İki şərtlə mal-dövləti insanı yolundan azdırar:

1. İnsan yığdığı mal-dövlət təkcə özününkü bilsin.

2. Əqidəsi bu olsun ki, onu hansı yolla istəsə, qazanar və hansı yolda istəsə, xərcləyər.

Amma bunun müqabilində Qur’an ayələri və hədislərdə oxuyuruq ki, qazandığımız mal-dövlət bizim yox, Allahındır və onu Allah bizə ruzi veribdir. Qur’anda 7 dəfə «Biz sizə ruzi verdik» cümləsi, 13 dəfə «Biz onlara ruzi verdik» cümləsi və 5 dəfə «Allah sizə ruzi verir» cümləsi gəlmişdir.

İslam dinində mal-dövləti hansı yolla qazanmaq da müəyyən olunub. Sələm, rüşvət, yalan, zülm və s. yolları ilə sərvət yığmaq olmaz.

Mal-dövlət bıçaq kimidir. Bıçaq pis adamın əlində olsa, onunla cinayət törədər. Mö’min şəxs isə ondan yaxşı işlərdə istifadə edər.

Başqa bir misal. Havanın soyuq olması nəticəsində insan xəstələnir. Lakin əgər isti paltar geysəydi, xəstələnməzdi. Deməli, təkcə havanın soyuq olması insanı xəstələndirmir. İnsanın öz səhlənkarlığı və diqqətsizliyi də buna şərait yaradır.

Mal-dövlət də belədir. Firo’n və Qarun kimi zalım şəxslərin əlində olsa, cinayət törədəcəklər. Amma Davud və Süleyman kimi peyğəmbərlərin əlində olsaydı bu var-dövlət cəmiyyətin iqtisadi və ictimai çətinliklərini həll edəcəkdir.

QUR’ANDAN NÜMUNƏLƏR

Qur’anda iki varlı şəxsin əhvalatı gəlibdir. Onlardan biri Süleyman peyğəmbər, digəri isə Qarun adlı bir şəxsdir. Süleyman peyğəmbər mal-dövlətini Allah tərəfindən göndərilən ruzi bilib, onu Allahın razılığına çatmaq üçün vasitə hesab edirdi. Qarun isə mal-dövlətini yalnız yeyib-içmək vasitəsi bilirdi. Süleyman peyğəmbər öz var-dövləti haqqında belə deyir:

هذا مِنْ فَضْلِ رَبِّي لَيَبْلُوَنِي ءَاَشْكُرُ اَمْ اَكْفُرُ

«Rəbbimin mənə bağışladığı paydır. O məni imtahana çəkir, görsün Ona şükr edirəm, yoxsa nankorluq». («Nəml» 40) Süleyman peyğəmbər özünün bütün var-dövlətini Allah tərəfindən olan pay bilib özünü Allah dərgahında yoxsul hesab edir.

Amma daha bir varlı şəxs, yə’ni Qarun özünə çoxlu var-dövlət yığıb. Musa peyğəmbər Allahın əmri ilə ondan malının zəkatını istəyəndə, Musa peyğəmbərə cəsarətlə deyir:

اِنَّما اُوتِيتُهُ عَلى عِلْم عِنْدِي

«Bunları mən öz elmimlə qazanmışam» («Qəsəs», 78)

Yə’ni mən öz biliyimlə bu var-dövləti qazanmışam və heç kimin onda haqqı yoxdur.

«Qəsəs» surəsinin 81-ci ayəsində Allahın ona qəzəb etməsini oxuyuruq:

فَخَسَفْنا بِهِ وَبِدْارِهِ الاَْرْضَ فَما كانَ لَهُ مِنْ فِئَة يَنْصُرُونَهُ مِنْ دُونِ اللهِ وَما كانَ مِنَ الْمُنْتَصِرِينَ

«Qarunu qəsriylə bərabər torpağa çəkdik. Allahın əzabı qarşısında ona kömək edən heç bir dəstə yox idi. O özü də özünə kömək edə bilmədi».

QUR’ANDA «İTRAF» VƏ «MÜTRƏF» KƏLMƏLƏRİ

Qur’anda «itraf» və «mütrəf» kəlmələri 8 dəfə təkrar olunmuşdur: «Mütrəf» sözü «tərfə» sözündən tutulub. «Tərfə» sözünün mə’nası ne’mət artıqlığıdır. Mütrəf isə ne’mət çoxluğundan məst olub Allaha asi olan şəxsə deyilir.

«Səbə’» surəsinin 34-cü ayəsində oxuyuruq:

وَما اَرْسَلْنا فِي قَرْيَة مِنْ نَذير اِلاّ قالَ مُتْرَفُوها اِنّا بِما اُرْسِلْتُمْ بِهِ كافِرونَ

«Biz hansı bir şəhərə xəbərdarlıq eləyən elçi göndərmişiksə, oranın varlı olan başçıları «biz sizinlə göndərilən şeyləri danırıq» -demişlər.»

Qur’anda insanı bu cür məst edib günaha tərəf çəkən sərvət pislənib. Bu cür varlı şəxslərə isə şiddətli surətdə xəbərdarlıq edilib. «Qəsəs» surəsinin 58-ci ayəsində oxuyuruq:

وَكَمْ اَهْلَكْنا مِنْ قَرْيَة بَطِرَتْ مَعِشَتَها فَتِلْكَ مَساكِنُهُمْ لَمْ تُسْكَنْ مِنْ بَعْدِهِمْ اِلاّ قَلِيلاً

«Keçirdiyi güzərana naşükür olan neçə-neçə şəhəri yer üzündən yox elədik. Odur evləri! Onlardan sonra bu evlərdə az-az qalarlar».

«Təkasür» surəsinin birinci ayəsində oxuyuruq:

اَلْهاكُمُ التَّكاثُر

«(Mallarınızı, canlarınızı) çoxaltmaq işi sizləri qafil etdi».

İslam Peyğəmbəri mal-dövlət toplamaq barədə buyurur:

التَّكاثُر (فِي) الاَْمْوالِ جَمْعُها مِنْ غَيْرِ حَقِّها وَمَنْعُها مِنْ حَقِّها، وَشَدُها فِي الاَْوْعِيَةِ

«Malını çoxaltmaq-sərvəti haram yoldan yığıb haqqını verməmək və sandıqlarda saxlamaq deməkdir».

YOXSULLUĞUN GÜNAHLA ƏLAQƏSİ

Yoxsulluq günaha zəmin yaradan bir amildir. Hədislərdə bə’zi vaxtlar yoxsulluq bəyənilib, bə’zi vaxtlar isə pislənibdir. Pislənən yoxsulluq, iqtisadi cəhətdən yoxsul olmaqdır. Elə bir yoxsulluq ki, ya varlıların kasıblara müsəllət olmasından, ya da insanın özünün tənbəlliyindən irəli gəlir.

Yoxsul ehtiyac üzündən narkotik maddələrə qurşanmaq və oğurluq kimi günahlara çəkilə bilər. Atalar demişkən «Acın imanı olmaz». Deməli, cəmiyyətimizi günahdan təmizləmək istəsək, yoxsulluqla ciddi mübarizə aparmalıyıq.

Burada imam Əli (ə)-dan bir neçə hədisə diqqət yetirək.

1. İmam Əli (ə) buyurur:

اَلْفَقْرُ اَلْمَوْتُ الاْكْبَرُ

«Yoxsulluq böyük ölümdür».

2. O həzrət oğlu Məhəmməd Hənəfiyyəyə buyurur:

«Oğlum! Sənin yoxsul olmağından qorxuram. Ondan Allaha pənah apar! Çünki yoxsulluq, insanın dinini naqis, fikrini nigaran, camaatı ona və onu camaata bədbin edər».

3. Başqa bir hədisdə buyurur:

اَلْقَبْرُ خَيْرٌ مِنَ الْفَقْرِ

«Qəbrə getmək yoxsul olmaqdan yaxşıdır.»

İSLAM İQTİSADİYYATININ QANUNLARI

İslam iqtisadiyyatının bünövrəsini aşağıda qeyd olunan iki qanun təşkil edir;

1. İslam cəmiyyətində israfa yol verilməməlidir.

2. Müsəlmanlar yaşayan cəmiyyətdə yoxsul adam olmamalıdır.

Müsəlmanlar bu iki qanuna əməl etsələr, onların iqtisadi çətinliklərinin əksəriyyəti həll olunacaqdır. Lakin bu iki qanundan əlavə islam iqtisadiyyatında bə’zi cü’zi məsələlər də vardır ki, onların düzgün icrası bütün iqtisadi problemləri aradan qaldıracaqdır. Nəticədə cəmiyyət yoxsulluqdan yaranan günahlardan saflaşacaqdır. Bu məsələlər aşağıdakılardır:

1. İslam dinində var-dövlət və sərvət «əmanət» hesab olunur.

2. Təbiətdən (su, hava, dəniz, meşə, dağ, səhra) istifadə etməkdə hamı bərabərdir.

3. Təkcə fiziki işin köməyi ilə deyil, həm də yüksək ixtisaslı kadrların və elmi axtarışların da güclü fəaliyyəti iqtisadi yoxsulluğu aradan qaldırar.

4. Xeyirxah iş görmək ibadət hesab olunur.

5. İslam dinində həm cəmiyyətin hüquqları qorunur, həm də fərdi hüquqlar (başqa qruplarda isə təkcə fərdi hüquqlara ehtiram qoyulur).

6. İslamda hər hansı iş görmək müqəddəs məqsədlər üçündür. Qazanılan mal-dövlət də bu müqəddəs hədəflə bağlı olmalıdır.

7. İslam dinində qazanc dalınca getmək izzət və şərəf dalınca getmək deməkdir. Bunu İmamlarımızın hədislərində də görmək olur. İnsanın izzət və şərəfli olması isə onun düşmən qarşısındakı müqavimətini artırır. Deməli, nəticə alırıq ki, yoxsulluq düşmənin nüfuz etməsinə yol açır. Əksinə halal sərvət düşmənin nüfuzunun qabağını alır.

8. Fəhlənin muzduna xəyanət etmək ən böyük günahlardan sayılır.

9. Bu dünya və onda olan var-dövlət insan üçün son məqsəd yox, haqqa qovuşmaq üçün vasitədir.

10. Müsəlman olan şəxs həm dünyasını, həm də axirətini tə’min etməlidir. Amma dünyanı buraxaraq təkcə axirətə yapışmaq və yaxud axirəti yaddan çıxarıb təkcə bu dünyanı fikirləşmək düz deyil.

11. Həm kişi, həm də qadın özlərinə münasib bir işdə işləməlidirlər. Mə’sum imamlardan biri buyurur:

طَلَبُ الْحَلالِ فَريضَةٌ عَلى كُلِّ مُسْلِم وَمُسْلِمَة

«Halal sərvət qazanmaq hər bir müsəlman kişiyə və qadına vacibdir».

12. İslamda dilənçilik qadağandır. İmamlardan birisi bir şəxsə buyurdu:

اِحْمَلْ عَلى رأسِكَ وَاسْتَغْنِ عَنِ النّاسِ

«Camaatın yükünü daşı, amma dilənçi olma».

13. İslamda yalançı və sün’i işlər qadağandır, (lazımsız dəllallar kimi).

14. Bütün din qabaqcılları işləyən adamlar olublar. Nuh peyğəmbər dülgər, Hud peyğəmbər tacir, İdris peyğəmbər dərzi və çoxları qoyunçuluq, əkinçilik və çobanlıqla məşğul idilər. Şüeyb peyğəmbərlə Musa peyğəmbərin əhvalatı bu baxımdan çox maraqlıdır:

Şüeyb Musaya dedi: Qızlarımın ikisindən birini sənə ərə vermək istəyirəm. Bu şərtlə ki, 8 il mənim üçün işləməlisən (çobanlıq etməlisən).

Sonra dedi:

وَما اُرِيدُ اَنْ اَشُقَّ عَلَيْكَ سَتَجِدُني اِنْشاءَ اللهِ مِنَ الصّالِحِينَ

«Səni çətinə salmaq niyyətim yoxdur. İnşaallah, məni yaxşı adamlardan biri kimi tanıyarsan.» («Qəsəs» surəsi, ayə 27).

15. İslamda əkinçilik və qoyunçuluq kimi işlərə xüsusi diqqət yetirilir. İmamlardan nəql olunan bə’zi hədislərdə oxuyuruq:

اِنَّكُمْ لَمَسْئولُونَ فِي الْبِقاعِ وَالْبَهائِم

«Sizdən (Qiyamət günü) əkin yerləri və heyvanlar haqqında soruşacaqlar».

16. Tənbəllik, iş dalınca getməmək və nəticədə öz yaşayış xərcini başqasının boynuna yıxmaq islamda ən böyük günahlardan biridir.

İslam Peyğəmbəri buyurur:

مَلْعُون مَنْ اَلْقى كَلَّهُ عَلَى النّاسِ

«Allahın lə’nətinə gəlsin o şəxs ki, öz yaşayış xərcini ayrısının boynuna yıxır».[37]

Peyğəmbərimizin etdiyi dualardan biri də bu idi:

اَللَّهُمَّ بارِكْ لَنا فِي الْخُبْزِ وَلا تُفَرِّقْ بَيْنَنا وَبَيْنَهُ، فَلَوْلا الْخُبْز ما صَلَّيْنا وَلا صُمْنا وَلا اَدَّيْنا فَرائِضَ رَبّنا

«İlahi! Çörəyimizə bərəkət ver. Bizi heç vaxt çörəysiz qoyma. Əgər çörək olmasa namaz qılmarıq, oruc tutmarıq və vacib olan əməlləri yerinə yetirə bilmərik».[38]

Əli ibni Həmzə deyir: Atam deyirdi ki, bir gün İmam Kazimi ayaqları tərləmiş halda işləyən gördüm. Ona yaxınlaşıb dedim: «Sənə qurban olum, bəs sənin səhabələrin haradadırlar» (ki səni işləməyə qoymasınlar).

O Həzrət buyurdu:

يا عَليُّ قَدْ عَمِلَ بِالْيَدِ مَنْ هُوَ خَيْرٌ مِنّي فِي اَرْضِهِ وَمِنْ اَبِي

«Ey Əli! Məndən və mənim atamdan da böyük insanlar öz əkin yerlərində əlləri ilə işləyirdilər.

Dedim: Onlar kim idilər?

O həzrət buyurdu:

رَسُولُ اللهِ وَاَميرُ الْمُؤْمِنينَ وَآبائِي كُلُّهُمْ قَدْ عِمِلُوا بَاَيْدِيهِمْ وَهُوَ مِنْ عَمَل النِّبِيِّينَ وَالْمُرْسَلِينَ وَالاْوْصِياء الصّالِحِينَ

«Onlar: İslam Peyğəmbəri, -İmam Əli və mənim bütün ata-babalarım. Onlar öz əlləri ilə işləyirdilər. Çünki bu cür işlər peyğəmbərlərin və Allahın saleh bəndələrinin işləridir».[39]

TARİXİ TƏCRÜBƏLƏR

Tarix boyu insanlar dünyaya bağlılıq və sərvətə olan hədsiz məhəbbət üzündən çox acı hadisələrlə üzləşiblər. Bu hadisələrin bə’zisi onları nəinki günaha tərəf çəkmiş, hətta kafirliyə qədər aparıb çıxarmışdır. Bu hadisələrdən bir neçəsini nəzərdən keçirək:

1. Qarun «yoxsullara kömək et!» əmri gələndə üsyan etdi və Musa peyğəmbərin qarşısında durdu. (Deməli, Allaha kafir oldu).

2. İslam Peyğəmbərinin Sə’ləbə adlı səhabələrindən birinin əkinçilik və qoyunçuluq nəticəsində sərvəti çoxaldı. O, bütün var-dövlətini Mədinədən kənara apardı. Bu sərvət onun başını o qədər qatdı ki, yavaş-yavaş cümə və camaat namazına getməkdən məhrum oldu: O yoxsul olan zaman Allahla əhd etmişdi ki, varlı olarsa yoxsullara əl tutsun. Amma iş o yerə çatdı ki, zəkat almaq üçün Peyğəmbər tərəfindən gələn şəxsin üstünə qışqırıb dedi:

«Məgər mən yəhudi, ya məsihi olmuşam ki, cizyə verəm» (Çünki islam dövlətində yaşayan yəhudi və məsihilər müsəlmanlara vergi verməli idilər. Buna «cizyə» deyilirdi). Bu vaxt «Tövbə» surəsinin 75-76-cı ayələri onu məzəmmət etdi.

3. Ühüd düyüşünün qurtarmağına az qalırdı. Müsəlmanların bir hissəsi qənimət yığmaq tamahı ilə qorunması lazım olan yeri boşlayıb qənimət yığmağa başladılar. Düşmən bunu görəndə güclü bir hücuma keçdi. Bu müharibədə Peyğəmbərin dodaqları yaralandı və dişlərindən bir neçəsi sındı. Bundan əlavə müsəlmanlardan bir çoxu, o cümlədən Peyğəmbərin sevimli əmisi Həmzə şəhid oldu. Bu hadisələrin hamısının səbəbkarı isə bir neçə müsəlmanın dünya malına olan hərisliyi idi.

Geriyə Mündəricat Növbəti