Geriyə | Mündəricat | Növbəti |
يا عَلِيُّ وَفا لِي وَاللهُ صاحِبُكَ
«Ey Əli! Allaha and olsun ki, sənin dostuna verdiyimiz və’dəyə əməl etdik».
Dedim: «Sənə qurban olum, düz buyurdun. Allaha and olsun dostum ölüm vaxtı bu xəbəri mənə vermişdi.»
İctimai mühiti pozan amillərdən biri də günahkar şəxsə yaxşı münasibət göstərib, (cəzasız buraxmaq) onu günah işlərə daha meyilli etməkdir. Çünki belə adamla yaxşı rəftar etmək ona qol-qanad verir, bundan əlavə, belə rəftar başqalarının da günaha meyilli olmasına rəvac verir. Bu barədə bir neçə hədisə diqqət yetirək:
1. İmam Əli (ə) Malik Əştərə yazdığı məktubun bir hissəsində buyurur:
وَلا يَكُونَنَّ الْمُحْسِنُ وَالْمُسِيئُ عِنْدَكَ بِمَنْزِلَة سَواء
«Heç vaxt yaxşı adamla günahkar şəxsə eyni gözlə baxma. Çünki onların hər ikisi ilə bir münasibətdə olmaq, yaxşı adamı yaxşı işlərinə meylsiz, pis adamı isə pisliyinə qarşı daha meyilli edər. Bunların hər biri ilə əməllərinə görə qanun çərçivəsində rəftar et!»[67]
2. Başqa bir hədisdə buyurur:
اَلثَّناءُ بِاَكْثَرَ مِنَ الاْسْتِحْقاقِ مَلَقٌ، وَالتَّقْصِيرُ عَنِ الاْسْتِحْقاقِ عِيٌّ اَوْ حَسَدٌ
«Bir şəxsi həddən artıq tə’rifləmək yaltaqlıq, həddindən az tə’rifləmək isə ya acizlikdən, ya da ona həsəd aparmaqdandır».[68]
3. İslam Peyğəmbəri (s) buyurur:
اِذا مُدِحَ الْفاجِرُ اِهْتَزَّ الْعَرْشُ وَغَضِبَ الرَّبُّ
«Günahkar tə’riflənəndə Allahın ərşi titrəyir və Allah qəzəblənir».[69]
4. İslam Peyğəmbəri başqa bir hədisdə buyurur:
اُحْثُوا فِي وُجُوهِ الْمَدَّاحينَ التُّرابَ
«Günahkar şəxsi tə’rifləyənlərin üzünə torpaq atın».[70]
5. İmam Əli (ə) buyurur:
اَمَرَنا رَسُولُ اللهث اَنْ نُلْقِيَ اَهْلَ الْمَعاصِي بِوجُوه مُكْفَهِرَة
«Peyğəmbər bizə əmr etmişidr ki, günahkar adamlarla qaş-qabaqlı davranaq».
6. İmam Sadiq (ə) buyurur:
Allah-taala iki mələyi bir şəhəri alt-üst etmək üçün mə’mur etdi. Onlar şəhərə daxil olanda Allaha dua edən bir kişini gördülər. Onlardan biri Allaha ərz etdi: «İlahi mən bu şəhərdə bir nəfəri Sənə dua edən halda gördüm».
Allah-taala buyurdu:
اِمْضِ لِما اَمَرْتُكَ بهِ فَاِنَّ ذا رَجُلٌ لَمْ يَتَمَعَّرْ وَجْهُهُ غَيْظاً لِي قَطُّ
«Sizə əmr etdiyim işi yerinə yetirin. Çünki bu kişi bir dəfə də olsun Mənə görə günahkarlara qarşı qəzəblənməyib».[71]
Deməli, Allaha ibadət və dua edən şəxs də bu ümumi bəlaya düçar olmalıdır. Çünki onun günahkarlarla mülayim davranışı, onların günaha daha da batmasına səbəb olurdu. Yeri gəlmişkən deyək ki, kitabın 4-cü hissəsində əmr be mə’ruf və nəhy əz münkər bəhsində bu mövzu haqqında danışacağıq.
Günaha zəmin yaradan ictimai amillərdən biri də nalayiq rəhbərlərin hakimiyyətdə olmasıdır. Eləcə də ölkədə nalayiq işçi və icraçıların olması günahın çoxalmasına artıq tə’sir göstərir. «İsra» surəsinin 16-cı ayəsində oxuyuruq:
وَاِذا اَرَدْنا اَنْ نُهْلِكَ قَرْيَةً اَمَرْنا مُتْرَفِيها فَفَسَقُوا فِيها فَحَقَّ عَلَيْهَا الْقَوْلُ فَدَمَّرْناها تَدْمِيراً
«Hər hansı şəhəri məhv etmək istəsək, dövlətli başçıları doğru yola çağırırıq, əmrimizdən çıxarlar. Onlar əzab çəkməyə layiq olandan sonra bu şəhəri darmadağın edərik».
Bu ayədən belə aydın olur ki, ictimai pozğunluqların çox hissəsi Allahdan xəbərsiz varlılar tərəfindən törənir. Onlar başqalarını istismar edib öz tə’sirləri altına alırlar. Camaat da onların yolunu gedir, nəticədə ilahi əzaba düçar olurlar. Hər halda, insanlar arasında nüfuzlu şəxsiyyətlər cəmiyyətə daha çox tə’sir etməyə malikdirlər. Elə buna görədir ki, hədislərin birində oxuyuruq:
النّاسُ عَلى دينِ مُلُوكِهِمْ
«İnsanlar öz rəhbərlərinin dinindədirlər».
Başqa bir hədisdə İmam Əli (ə) buyurur:
النّاسُ بِاُمَرائِهِمْ اَشْبَهُ مِنْهُمْ بِآبائِهِمْ
«İnsanlar öz atalarından çox rəhbərlərinə oxşayırlar.»
«Nəhl» surəsinin 100 –cü ayəsində oxuyuruq:
اِنَّما سُلْطانُهُ عَلَى الَّذِينَ يَتَوَلَّوْنَهُ وَالَّذِينَ هُمْ بِهِ مُشْرِكُونَ
«Şeytanın şərri ancaq ona (şeytana) qulaq asanlara və müşriklərə çatar».
Bu ayə onu göstərir ki, şeytansifət rəhbərlərə itaət etmək cəmiyyəti günaha tərəf çəkir, fəsadın və pozğunluğun yayılmasına səbəb olur. «Kəhf» surəsinin 28-ci ayəsində oxuyuruq:
وَلا تُطِعَ مَنْ اَغْفَلْنا قَلْبَهُ عَنْ ذِكْرِنا وَاتَّبَعَ هَواهُ وَكانَ اَمْرُهُ فُرُطاً
«Bizi unudub həvayi-nəfsinə qul olan və hər işində həddi aşan adamlara itaət etmə!»
Bu mövzuya aid bir neçə hədisi nəzərinizə çatdırırıq.
İslam Peyğəmbəri (s) buyurur:
اِنَّما اَخافُ عَلى اُمَّتي ثَلاثاً: شُحّاً مُطاعاً وَهَوىً مُتَّبَعاً وَاِماماً ضالاً
«Ümmətimin üç işindən qorxuram:
A. Paxıllıq etmələrindən.
B. Nəfsani istəklərinə itaət etmələrindən.
V. Nalayiq rəhbərlərə itaət etmələrindən.»
Başqa bir hədisdə İmam Əli (ə) buyurur:
فَلَيْسَتْ تَصْلُحُ الرِّعِيَّةُ اِلاّ بِصَلاحِ الْوُلاة
«Camaatın düz yola gəlməsi onların rəhbərlərinin düz yola gəlməsinə bağlıdır.»
İmam Sadiq (ə) buyurur:
مَنْ اِدَّعى اِمامَةً مِنَ اللهِ لَيْسَتْ لَهُ، وَمَنْ جَحَدَ اِماماً مِنَ اللهِ، وَمَنْ زَعَمَ اَنَّ لَهُما فِي الاِْسْلامِ نَصِيباً
«Allah-taala qiyamət günü üç dəstə insanla danışmaz, onların günahını bağışlamaz və onları çətin əzaba düçar edər:
1. Özlərini yalandan Allah tərəfindən tə’yin olunmuş rəhbər kimi tanıtdıran şəxslər.
2. Allah tərəfindən tə’yin olunmuş rəhbəri inkar edən şəxslər.
3. Bu iki dəstəni müsəlman bilən şəxslər.»[72]
Bir şeyə diqqətli olmaq lazımdır ki, ali rütbəli şəxslərin cəmiyyətdə böyük rolu olduğu kimi, kiçik dövlət işçiləri də öz səviyyələrinə uyğun cəmiyyətdə yer tuturlar. Deməli, onlar düz adam olsalar, rəhbərlik etdikləri cəmiyyətin də doğru yolda, düzgün inkişafını tə’min edəcəklər. Yox əksinə olsa, onların cəmiyyətdə mənfi tə’sir qoyması şübhəsizdir.
İslam Peyğəmbəri (s) buyurur:
«Mənim ümmətimin iki dəstəsi fasid (pozğun) olsa, camaat da fasid olacaqdır. Yox, saleh olsa, camaat da saleh və düz yolda olacaqlar:
اَلْفُقَهاءُ وَالاُْمَراءُ
Din alimləri və ölkə rəhbərləri.»
İslam dinində düzgün ölkə rəhbərlərinin bir xüsusiyyəti də islam qanunlarını düzgün icra etməkdir. Çünki qanunların ölkədə düzgün icrası cəmiyyətdəki hərc-mərcliyin qabağını müəyyən qədər alır. əksinə qanunun ümumiyyətlə icra olunmaması, yaxud düzgün icra olunmaması cəmiyyətin sağlamlığına birbaşa mənfi tə’sir göstərir.
Elə buna görədir ki, İslam Peyğəmbəri (s) buyurur:
ساعَةُ اِمام اَفْضَلُ مِنْ عِبادَةِ سَبْعِينَ سَنَةً وَحدٍّ يُقامُ للهِ فِي الاَْرْضِ اَفْضَلُ مِنْ مَطَرِ اَرْبَعِينَ صَباحاً
«Adil rəhbərin bir saat rəhbərlik etməsi, 70 ilin ibadətindən fəzilətlidir. Allahın əmrinə görə bir ilahi qanunun icrasının faydası isə 40 gün yağan yağışdan çoxdur».[73]
İmam Əli (ə) buyurur:
اِنَّ شَرَّ النّاسِ عِنْدَ اللهِ اِمامٌ جائِرٌ ضَلَّ وضُلَّ بِهِ، فَاَماتَ سُنَّةً مَأخُوذَةً وَاَحْيا بِدْعَةً مَتْرُوكَةً
«Allah dərgahında insanların ən pisi özü pis olub, camaatı da pis yola çəkən və gözəl adət-ən’ənələri məhv edib, yerinə pis adət ən’ənələr gətirən dövlət rəhbəridir».
Məhəmməd ibni Müslüm Zühəri məşhur alimlərdən idi. O, Peyğəmbərin səhabələrindən on nəfərini görüb ziyarət etmişdi. O, hicri tarixi ilə 185-ci ildə Bağdad şəhərində dünyadan köçdü. (Qəbri Babüt-tin qəbiristanlığındadır). Məhəmməd ibni Müslüm Zühəri zəmanəsinin zalım padşahları ilə oturub-durur, bə’zi vaxtlar onların məclislərində iştirak edirdi. İmam Səccad (ə) bu işinə görə ona tənbehedici bir məktub yazıb islam dininin belə alimlərə qarşı münasibətini aydınlaşdırdı. O məktubun bir hissəsini nəzərdən keçirək:
«Onların (zalım padşahların) səni özlərinə tərəf çəkməsi sənin (elmi və mə’nəvi cəhətdən) ləyaqətinə görə deyildir. Onlar sadəcə olaraq sənin nüfuzundan sui-istifadə edirlər. Həqiqətən, daha düzgün (e’tiqadlı) alimlər yoxdur. Nadanlıq sənə və onlara qələbə edibdir. Səni onlara bağlı edən şey dünya malına və böyük məqamlara vurğunluqdan başqa bir şey deyil. Nə üçün qəflət yuxusundan ayılmırsan? Niyə öz səhvini başa düşmürsən? (Sən səhvini başa düşsən belə deyərsən:)
«Allaha and olsun! İndiyə kimi bir dəfə də olsun, Allahın dininin müdafiəsindən ötrü və yaxud batil işlərin əleyhinə ayağa qalxmamışam, səsimi qaldırmamışam».
Budurmu, Allahın sənə verdiyi biliyin müqabilindəki vəzifən?!
Mən qorxuram ki, sən də bu ayəyə şamil olasan:
اَضاعُوا الصَّلوةً وَاتَّبَعُوا الشَّهَواتَ فَسَوْفَ يَلْقَوْنَ غَيّاً
«Namazdan əl çəkdilər, şəhvətlərə uydular. Tezliklə (onlar) cəhənnəmə düşəcəklər».[74]
Bu məktubun başqa bir hissəsində belə oxuyuruq:
اَوَلَيْسَ بِدُعائِهث اِيّاكَ حِينَ دَعاكَ جَعَلُوكَ قُطْباً اَدارُو بِكَ رِحى مَظالِمِهِمْ وَجِسْراً يَعْبرُونَ عَلَيْكَ اِلى بَلاياهُمْ، وَسُلَّماً اِلى ضَلالَتِهِمْ، داعِياً اِلى غَيِّهِمْ...
«Onların səni saraya də’vət etməsi buna görə deyilmi ki, səni dəyirman daşı kimi öz zülmkarlıqlarına vasitə etsinlər?! Onlar səni camaatın başına gətirdikləri bəlalar üçün körpü etmək istəyirlər. Onların məqsədi budur ki, səni bataqlıq yollara körpü etsinlər, sən də onların getdiyi əyri yolu düz yol kimi camaata təbliğ edəsən. Ey dinini satmış alim! Onların sənin əlinlə gördüyü işlər ən təcrübəli vəzirlərin belə əlindən gəlmir. Sən onların pis və yaramaz işlərini ört-basdır edib xalqı onlara tərəf yönəldirsən».[75]
İnsanı günah işlərə tərəf yönəldən işlərdən biri də pis və nalayiq adamlarla dost olmaqdır. Əksinə yaxşı dost da insanı yaxşı işlərə yönəldən bir vasitədir. Həm elm, həm də təcrübə yolu ilə təsdiq olunmuşdur ki, insan öz yoldaşından müəyyən tə’sirləri qəbul edir. Pis yoldaş onun şəxsiyyətini, ləyaqətini və heysmyyətini məhv edir, yaxşı dost isə onun şəxsiyyətinin düzgün formalaşmasında müstəsna rol oynayır. Pis insanlar hətta Nuhun oğlunu pis yola çəkməyə nail oldular. Lakin əshabi-Kəhfin iti bir neçə gecə-gündüz pak şəxslərlə olduqdan sonra insanda olan bə’zi müsbət xüsusiyyətləri mənimsədi.
Qur’an ayələrində bu mövzu diqqət mərkəzindədir. Burada onlardan bir neçəsini nümunə gətiririk:
1. İslam Peyğəmbərinin zamanında Məkkə şəhərində Əqəbə və Übəyy adında iki bütpərəst bir-biri ilə dost idilər. Əqəbə həmişə səfərdən qayıdanda evində süfrə açır və öz qohum-qəbiləsinin böyük şəxsiyyətlərini evinə də’vət edirdi. O, müsəlman olmasa da, bu süfrəyə Peyğəmbəri də də’vət edirdi. Bir gün Əqəbə səfərdən qayıtdı. Həmişə olduğu kimi, bu dəfə də böyük şəxsiyyətləri Peyğəmbərlə birlikdə evinə də’vət etdi. Qonaqlar gəldilər. Süfrə hazır idi. Bu vaxt Peyğəmbər üzünü Əqəbəyə tutub dedi: «Allahın birliyinə və Onun göndərdiyi Peyğəmbərə iman gətirməsən, sənin yeməyindən yeməyəcəyəm» Əqəbə Peyğəmbərin sözünü qəbul edib müsəlman oldu. Onun müsəlman olması xəbəri dostu Übəyyə çatdı. O, Əqəbəyə e’tiraz edib dedi: «Sən öz dinindən (bütpərəstlikdən) münhərif olmusan!».
Əqəbə dedi:
Mən münhərif olmamışam. Lakin bir kişi mənim evimdə müsəlman olmasam, yemək yeməyəcəyini bildirdi. Onun evimdən ac getməməsinə görə müsəlman oldum.
Übəyy dedi: O kişinin müqabilində dayanıb ona xəyanət etməsən, səndən razı olmayacağam».
Əqəbə dostunun sözünə aldandı və mürtəd oldu. O, Bədr müharibəsində, dostu Übəyy isə Ühüd müharibəsində kafirlərin qoşununda həlak oldu. Bu hadisədən sonra «Furqan» surəsinin 27, 28 və 29-cu ayələri pis dostun sözünə qulaq asıb münhərif olan şəxslərin haqqında nazil oldu. O üç ayə bunlardır:
وَيَوْمَ يَعَضُّ الظّالِمُ عَلى يَدَيْهِ يَقُولُ يا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلاً
يا وَيْلَتى لَيْتَنِي لَمْ اَتَّخِذُ فُلاناً خَلِيلاً
لَقَدْ اَضَلِّني عَنِ الَّذكْرِ بَعْدَ اِذْ جائَنثي وَكانَ الشَّيْطانُ لِلاِنْسانِ خَذُولاً
27: «Zalım kəs o gün dizlərinə döyər, «kaş Peyğəmbərin ardınca gedib doğru yolu tutaydım!»- deyər.»
28: «Vay olsun mənə, kaş mən filankəsi özümə dost tutmazdım!»
29: «Agahlıq gəlmişdi mənə, (filankəs) məni haqq yoldan azdırdı.»
«Şeytan da həmişə insanı düz yoldan azdırır». Bu ayələrdən Əqəbə və onun kimi, pis adamlarla dost olanların qiyamət günündəki vəziyyətləri aydın olur. 29-cu ayədən mə’lum olur ki, pis adamlarla dost olmaq şeytana itaət etməyin nəticəsidir. Şeytan bu yolla insanı Allah dərgahından uzaqlaşdırır. Başqa sözlə bu ayə insanlara bir növ xəbərdarlıq edir ki, şeytan pis dost vasitəsi ilə onları əyri yollara çəkməsin.
2. «Ən’am» surəsinin 68-ci ayəsində oxuyuruq:
وَاِذا رَاَيْتَ الَّذِينَ يَخُوضُونَ فِي آياتِنا فَأَعْرِضْ عَنْهُمْ حَتّى يَخُوضُوا فِي حَدِيث غَيْرِهِ...
«Ayələrimizə istehza edənləri görsən, onlardan üz çevir ki, başqa söhbətə keçsinlər».
Geriyə | Mündəricat | Növbəti |