Geriyə | Mündəricat | Növbəti |
Nəticə:
Yaşadığımız cəmiyyəti və yaxud özümüzü günahdan təmizləmək istəsək, gərək nəfsin istəklərindən və heyvani xislətlərdən düzgün yolda istifadə edək. Qeyd etmək lazımdır ki, bu kimi qərizələri narmal hala salıb adiləşdirməyin əhəmiyyətini digər iş və xarakterlərin formalaşmasında da görürük.
Qur’anda və çoxlu hədislərdə insanın qəlbindən danışılmışdır. Qəlb dərk edici hisslərin, idrak qüvvənin mərkəzidir. Yaxşı işlər sağlam qəlbdən, əksinə pis işlər isə qəlbin çirkinliyindən xəbər verir. Biz insanlar Allaha ibadət etmək və günahlardan qorunmaqla yanaşı, öz qəlbimizin sağlamlığı ilə də məşğul olmalıyıq. Qur’anda 132 dəfə «qəlb» sözü işlənmişdir. Çoxlu ayələrdə kafirlər, münafiqlər (iki üzlülər) və günahkarların qəlbi möhürlənmiş, xəstə, həddən ziyadə (mənfi mə’nada) yolunu azmış və bu kimi ibarələrlə qeyd edilmişdir.
«Qəlb» barədə söz çoxdur. Lakin bu mətləbi qeyd etmək istəyirik ki, qəlbimizi təmiz saxlamalıyıq, çünki İmam Sadiq (ə) buyurur:
ما مِنْ مُؤْمِنِ اِلاّ وَلِقَلْبِهِ اُذُنانِ فِي جَوْفِهِ، اُذُنٌ يَنْفُثُ فِيها الْوَسْواسُ الخنّاسُ وَاُذُنٌ يَنْفُثُ فِيهَا الْمَلَكُ...
İmanlı şəxsin qəlbi iki hissədən ibarətdir:
1. Şeytanın vəsvəsə etdiyi yer.
2. Mələklərin daxil olduğu hissə. Ona görə Allah-taala buyurur: «Allah mö’minlərə ruhun vasitəsi ilə (bir mələyin adıdır) kömək etdi».[9]
Yaxşı niyyət yaxşı işlərə səbəb olur, əksinə pis niyyət çirkin işlərə zəmin yaradır. Çünki çirkin bulaqdan axan su, çirkin olacaqdır. Bu vaxt suyu təmizləmək istəsək, gərək bulağın suyunu saflaşdıraq. İslam Peyğəmbəri (s) buyurur:
نثيَّةُ الْمُؤْمِنِ خَيْرٌ مِنْ عَمَلِهِ وَنِيَّةُ الْكافِرِ شَرٌّ مِنْ عَمَلِهِ وَكُلُّ عامِل يَعْمَلُ عَلى نِيَّتِهِ
«Mö’minin niyyəti onun əməlindən yaxşıdır. Kafirin niyyəti isə onun əməlindən pisdir və hər bir şəxs öz niyyəti əsasında iş görür».[10]
Bu hədisin izahında çoxlu nəzərlər vardır. Lakin düzgün nəzər budur ki, insanın niyyəti və fikri onun həyatında gördüyü bütün işlərin mənşəyi və mərkəzidir. Əgər bu mərkəz sağlam olsa, onda insan yaxşı işlərlə məşğul olacaq, yox əgər çirkin olsa, onda insanın günah və fəsadla məşğul olmasına gətirib çıxaracaq.
Mö’min şəxsin fikri və niyyəti sağlam olduğu üçün onun işləri də düzgün və təmiz olar. Onun sağlam fikri həyatında yalnız yaxşı əməllərlə məşğul olmasına zəmin yaradır. Əksinə kafir şəxsin çirkin fikri və bəd niyyəti, pis işlərin yaranmasına səbəb olur. Onun fikri o qədər bulaşıqdır ki, hər bir zaman ən böyük günahları belə etməkdən çəkinməz.
İmam Sadiq (ə) buyurur:
«Cəhənnəm əhli ona görə həmişəlik cəhənnəmdə yanacaqdır ki, onların fikirləri bu idi ki, dünyada əbədi qalsalar da Allahın əmrindən boyun qaçırıb, günah etsinlər. Və behişt əhli ona görə həmişəlik behiştdə qalacaqlar ki, onlara dünyada əbədi ömür nəsib olsaydı, Allaha itaət və ibadət etmək niyyətindən dönməzdilər. Ona görə hər iki dəstə öz niyyətlərinə görə qiymətləndirilir».
Sonra o həzrət bu ayəni oxudu.
قُلْ كُلٌّ يَعْمَلُ عَلى شاكِلَتِهِ
«De (ey Peyğəmbər) hər bir kəs öz fikri, niyyəti əsasında iş görür».
Bəhsimizin davamında yemək, dost, mühit və bu kimi amillərin insanın fikrinin formalaşmasında mühüm rolu olduğunu qeyd edəcəyik. Məsələn: Yemək halal, yaşayış mühiti və eləcə də dost yaxşı olarsa, insanın fikrinin sağlam olmasına səbəb olacaq, yox əgər yemək haram, mühit qeyri-sağlam və dost pis yoldadırsa, onda insan istər-istəməz düşdüyü vəziyyətə uyğun tərbiyələnəcək və dünyadakı pis əməllərinin sayı artacaq.
İslam dinində yalnız xalis və pak niyyətlə görülən işlər Allah dərgahında qəbul olunur. İslam Peyğəmbəri (s) bu barədə buyurur:
اِنَّ الله لا يَقْبَلُ عَمَلاً فِيهِ مِثْقالَ ذَرَّة مِنْ رِيا
«Allah-taala hətta zərrə qədər riyakarlıqla qarışıq olan işləri qəbul etmir».
Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur: «Mö’min bir şəxs yaxşı işi niyyət edib amma onu yerinə yetirə bilməzsə, həmin şəxs üçün Allah dərgahında bir savab yazılar (fikrin savabı); və əgər o işi yerinə yetirərsə, on bərabər savab yazılar. Lakin pis işi niyyət edib onu etməzsə, onun üçün heç bir cəza olmayacaqdır».[11]
İnsanın yaxşı və ya pis əməl sahibi olmasının səbəblərindən biri də məhəbbət və ədavət hissləridir. Bir şeyə məhəbbət ona aludə olmağa və bir şeyə ədavət etmək ondan çəkinməyə səbəb olar. Bu məsələ o qədər əhəmiyyətlidir ki, İmam Sadiq (ə) buyurur:
وَهَلِ الاْيمانُ اِلاّ الْحُبُّ وَالْبُغْضُ
«Allaha iman gətirmək, məhəbbət və ədavətdən başqa bir şey deyil».
Deməli, insandakı bu iki xüsusiyyət islam dininin qayda və qanunları əsasında formalaşmalıdır (yə’ni islamın əmr etdiyi şeylərə məhəbbət bəsləməli və çəkindirdiyi əməllərdən nifrətlə uzaqlaşmaq lazımdır). Mətləbin daha da aydın olması üçün aşağıdakı misallara diqqət yetirin:
Evində oturmuş bir şəxs evinə pişik gəldiyini görür. Gələn pişik onun aldığı yarım kilo əti götürüb qaçır. Bu vaxt həmin şəxs qəlbində əti yemək istəyi olduğu üçün pişiyin ardına düşür. Lakin pişiyin küçəyə çıxdığını gördükdə daha onu qovmaq fikrikdən dönür və evinə qayıdır. Ona görə ki, onun yarım kilo ətə olan istəyinin həddi bura qədər idi.
Başqa bir misal. Tülkü hinə girib toyuqlardan birini oğurlayır. Ev sahibi tülkünü hətta küçədə də tə’qib edir, lakin tülkü çöllüyə üz qoyduqda, bu şəxs öz fikrindən yayınır. Deməli onun bir toyuğa olan istəyi bura kimi idi.
Üçüncü misal: Canavar bir şəxsin tövləsindən bir qoyunu oğurlayır. O, evindən tutmuş çöllüyə qədər canavarın ardına düşür. Amma canavarın gözdən itdiyini gördükdə daha özünə zəhmət vermək istəmir. Bu da onun bir qoyuna olan istəyini göstərir.
Amma yırtıcı bir heyvan körpə uşağını oğurlasa, onun gecəsi-gündüzü olmur. Bütün yerləri axtarır. Hətta uşağının ölüsünü tapmaq üçün də çalışır. Bu da məhəbbətin digər bir dərəcəsidir.
Bu misallarla insanda məhəbbət, nifrət və onun dərəcələri, insanın həyatında nə qədər tə’sirli olması daha çox aydınlaşır. Çünki insanın bir şeyə nə qədər məhəbbəti olsa, bir o qədər də onu əldə etməyə çalışır. Eləcə də nə qədər bir şeyə nifrətli olsa, bir o qədər də ondan qorunmağa, uzaq olmağa çalışar. İslam dini də məhəbbət və nifrətin insanın gördüyü işlərdə yüksək tə’sir qoyduğu üçün onların öz qanunları əsasında formalaşmasına çalışır.
İnsanın gördüyü işlərə daha bir səbəb onun düşüncə tərzidir. Sağlam düşüncə təmiz məhsul verər. Əksinə pis dünyagörüşün nəticəsi də zay məhsul olar. «Qəsəs» surəsinin 83-cü ayəsində oxuyuruq:
تِلْكَ الدّارُ الاْخِرةِ نَجْعَلُها لِلَّذِينَ لا يُرِيدُونَ عُلُوّاً فِي الاَْرْشِ وَلا فَساداً وَالْعاقِبَةُ لِلْمُتَّقينَ
«Odur axirət evi! Onu o kəslərə verərik ki, yer üzündə lovğalıq etməyiblər və qarışıqlıq salmaq və fəsad törətmək fikrində deyillər, gözəl aqibət də təqvalılara məxsusdur.»
Bu ayəni izah etmək istəsək, lovğalıq və fitnə-fəsad törətməyin haqqında fikirləşməyin belə günah olduğunu görərik.
İmam Əli (ə) buyurur:
«Hər kəs öz ayaqqabısının bağının dostunun ayaqqabısının bağından yaxşı olmasından qürrələnsə, (və bunu özünə fəxr bilsə) bu ayə o kəsə şamildir».[12]
O həzrət başqa bir hədisdə buyurur:
مَنْ كَثُرَ فِكْرَهُ فِي الْمَعاصِي دَعَتْهُ اِلَيْها
«Hər kəs günah etmək haqqında çox fikirləşsə, (bu fikirlər) onu günah etməyə vadar edər».
Bu barədə İsa peyğəmbər (ə) «Həvariyyun» adlanan səhabələrinə belə buyurur:
وَاَنَا آمُرُكُمْ اَنْ لا تُحَدِّثُوا اَنْفُسَكُمْ بِالزِّنا فَضلاً مِنْ اَنْ تَزْنُوا...
«Mən sizə əmr edirəm ki, ruhunuz da belə zinadan uzaq olsun (zina fikri etməyin), nəinki zina edəsiniz». Çünki öz fikrini zina etmək fikri ilə bulaşdıran şəxs rəngli bir otaqda od yandıran bir şəxs kimidir. Belə ki, odun hisi otağın divarlarını qaraldacaqdır.
Yə’ni günah haqqında fikirləşmək insanın fikir mərkəzini bulaşdırır. Bu halda o, Allaha ibadət nuruna deyil, günahın qaranlığına daha yaxındır.
«Günahları tanımaq» bəhsində ən mühüm mövzulardan biri, günaha zəmin yaradan işlərin araşdırılması mövzusudur. Alimlər deyirlər ki, insan şəxsiyyətinin formalaşmasında başlıca amillərdən biri onda olan qabiliyyətdir.
Günahdan uzaqlaşmaq istəyən kəs əvvəlcə günaha zəmin yaradan səbəbləri tanıyıb onların inkişafına mane olmalıdır. Necə ki, vitamin çatışmamazlığı ilə üzləşən insan bədəni müxtəlif mikroblar qarşısında müqavimət göstərə bilməyib, cürbəcür xəstəliklərə mə’ruz qalır. Bu vaxt xəstəlikləri müalicə etmək üçün bədəni lazım olan vitaminlərlə tə’min etmək lazımdır. Deməli, bu yolda həm günaha zəmin yaradan amilləri, həm də onları məhv etməyin yollarını bilməliyik. Günaha səbəb olan amilləri araşdırdıqda görürük ki, hər biri bir növ günaha zəmin yaradırlar. Biz isə burada onlardan ən əhəmiyyətli olanlarını araşdırmağa çalışacağıq.
Bu amillər aşağıdakılardır:
1. Günahın mədəniyyət və tərbiyə ilə bağlı amilləri.
2. Ailə mühiti ilə bağlı amillər.
3. İqtisadi məsələlərlə bağlı amillər.
4. İctimai mühitlə bağlı amillər.
5. Psixi cəhətlərlə bağlı amillər.
Günaha səbəb olan amillərdən biri nadanlıqdır. Allaha, yaranışdan olan hədəfə, günahın zərərli tə’sirinə və bu kimi şeylərə qarşı nadan olmaq insanı günaha tərəf yönəldir. Məsələn, tibb elmindən başı çıxmayan bir şəxs mikrobla dolu bir yeməyi asanlıqla yeyir, lakin savadlı bir həkim heç vaxt bu işi görmür.
Cahiliyyət dövründə də (islam dinindən qabaqkı dövrə cahiliyyət dövrü deyilir) insanların həyatının bütün sahələrini bürümüş günahların çoxu cahillik səbəbindən və nadanlıq nəticəsində baş verirdi. Mətləbin aydınlaşması üçün aşağıdakı ayələrə diqqət yetirin:
1. «Ə’raf» surəsinin 138-ci ayəsində oxuyuruq:
قالُوا يا مُوسى اِجْعَلْ لَنا اِلهاً كَما لَهُمْ آلِهَةٌ قالَ اِنَّكُمْ قَوْمٌ تَجْهَلُون
«Musanın qövmü dedi: Ey Musa! Bunların bütləri olduğu kimi, bizə də bir tanrı düzəlt!» Musa dedi: «Siz həqiqətən cahil bir qövmsünüz».
2. «Nəml» surəsinin 55-ci ayəsində Lut peyğəmbərin dilindən özünün livatla məşğul olan qövmünə etdiyi xitabını oxuyuruq:
اَئِنَّكُمْ لَتَأْتُوا الرِّجالَ شَهْوَةً مِنْ دُونِ النِّساءِ بَلْ اَنْتُمْ قَوْمٌ تَجْهَلُونَ
«Qadınları qoyub kişilərlə şəhvətə uğraşırsınız. Siz cahil bir qövmsünüz».
3. «Yusif» surəsinin 89-cu ayəsində oxuyuruq:
قالَ هَلْ عَلِمْتُمْ ما فَعَلْتُمْ بِيُوسُفَ وَاَخِيهِ اِذْ اَنْتُمْ جاهِلُونَ
«Yusif dedi: Cahil olduğunuz zaman Yusifə və onun qardaşına nə elədiyinizi bilirsinizmi?
Bu ayələrin şərhinə diqqətlə yanaşsaq bilərik ki, nadanlıq günahı törədən mühüm səbəblərdəndir.
Bu barədə olan hədislərin əksəriyyətində nadanlıq günaha zəmin yaradan amil kimi qeyd olunmuşdur. Burada onlardan bir neçəsini nəzərdən keçirək:
1. İmam Əli (ə) Malik Əştərə göndərdiyi məktubda buyurur:
لاَ يَجْتَرِىءُ عَلَى اللهِ اِلاّ جاهِلٌ شَقِيٌّ
«Allahın əmrindən cahil və bədbəxt insanlardan başqa heç kəs boyun qaçırmaz».[13]
O Həzrət başqa bir hədisdə buyurur:
اَلْجَهْلُ مَعْدِنُ الشَّرِّ، اَلْجَهْلُ اَصْلُ كُلِّ شَرٍّ، اَلْجَهْلُ يُفْسِدُ الْمَعادَ
«Nadanlıq (cəhalət) pis işlərin mərkəzidir; nadanlıq pisliklərin köküdür; Nadanlıq insanın axirət həyatını xarab edər.»
Yuxarıda qeyd etdiyimiz kimi, «Üsuli-kafi» kitabında (1-ci cild, səh: 21) belə oxuyuruq:
İmam Sadiq (ə) öz səhabələrindən olan Səmaəyə buyurur:
«Əql və onun qoşununu tanı. Eləcə də (cəhalət) və onun növlərini».
Sonra o həzrət 75 cür pis xüsusiyyəti nadanlığın növləri kimi qeyd etdi. Bu hədisdən nəticə çıxarmaq olar ki, nadanlıq dünya malına hərislik, xəyanət, sələm yemək, pozğunluq, hiylə, lovğalıq, ata və ananı incitmək, əhdə vəfa qılmamaq, səbirsizlik, düşmənlə cihad etməkdən boyun qaçırmaq, yüngüllük, kin saxlamaq, düşmənçilik etmək və s. kimi çirkin xüsusiyyətlər böyük günahlara səbəb olur.
4. İmam Əli (ə) buyurur:
قَصَّمَ ظَهْرِي رَجُلان: عالِمٌ مُتَهَتِّكٌ وَجاهِلُ مُتَنَسِّكٌ
«İki şəxs mənim belimi sındırdı: imansız alim, özünü dindar kimi qələmə verən nadan».
Sonra o həzrət buyurdu:
«Nadan dindar şəxs insanı özünün yalançı zahidliyi ilə aldadır. Dinsiz alim isə insanı özünə cəzb edir».[14]
5. Yenə o həzrət buyurur:
اِيّاكُمْ وَالْجُهّالَ مِنَ الْمُسْتَعْبِدينَ وَالْفُجّارَ مِنَ الْعُلَماءِ فَاِنَّهُمْ فِتْنَةٌ كُلِّ مَفْتُون
«Özünü abid kimi göstərən nadanlardan və günahkar alimlərdən uzaq olun. Çünki onlar cəmiyyətdə olan bütün çaxnaşmaların mənşəyidirlər».[15]
6. O həzrət başqa bir hədisdə buyurur:
لا تَرَى الْجاهِلَ اِلاّ مُفْرِطاً اَوْ مُفِرّطاً
«Nadan şəxs ya həddini aşar (ifrata varar), ya da həddindən az iş görər (təfrit edər) (yə’ni nadan şəxs normal şəxsiyyətə malik deyildir)».
7. İmam Əli (ə) başqa bir hədisdə nadan şəxslərdən şikayətlənərək buyurur: «Nadanlıqda yaşayan insanlardan Allaha şikayət edirəm».
8. Qur’anda Musa peyğəmbərlə sehrbazların əhvalatının bir hissəsində buyurulur: «Onlar iplərini, dəyənəklərini yerə atanda cadunun tə’siri ilə ona elə görünürdü ki, sanki sürünürlər».
فَاَوْجَسَ فِي نَفْسِهِ خِيفَةً مُوسى
«Musa özündə qorxu keçirdi».
İmam Əli (ə) Musa peyğəmbərin qorxması məsələsini belə izah edir:
لَمْ يُوجِسْ مُوسى عَلَيْهِ السَّلامُ خِيفَةً عَلى نَفْسِهِ بَلْ اَشْفَقَ مِنْ غَلَبَةِ الْجُهّالِ وَدُولِ الضَّلالِ
«Musa (ə) öz canından ötrü qorxmadı. Onun qorxusu bundan ötrü idi ki, olmaya nadan insanlar və batil hökumətlər qələbə çalsınlar.»
İmam Əli (ə)-ın bu izahında nadanların əyri əməllərlə məşğul olmalarını, eləcə də nadanlığın Peyğəmbərlə açıq mübarizə və zalımları himayə etmək kimi böyük günahlara səbəb olmasını nəticə alırıq.
Nadanlıq haqqında olan hədislərə İmam Sadiq (ə)-dan nəql olunan gözəl bir hədislə yekun vururuq. O həzrət buyurur:
اِنَّ بَنِي اُمَيَّةَ اَطْلَقُوا لِلنّاسِ تَعْلِيمَ الاِْيمانِ وَلَمْ يُطْلِقُوا تَعْلِيمَ الشِّرْكِ لِكَي اِذا حَمَلُوهُمْ عَلَيْهِ لَمْ يَعْرِفُوهُ
«Bəni-Üməyyə xəlifələri[16] xalqa, Allaha imanın necə olmasını öyrənməyə icazə verdilər, lakin camaata Allaha müşrik olmağın necəliyini öyrətmədilər ki, camaatı müşrik olmağa də’vət etdikdə onlar bunu anlamasınlar[17] və asanlıqla müşrik olsunlar.»
Bu hədisdən aydın olur ki, Bəni-Üməyyə xəlifələri xalqı, Allaha müşrik olmaq və onun növlərini tanımaqdan çəkindirirdilər. Çünki əgər camaat bunu başa düşsəydi, müşriklik bataqlığında batmış Bəni-Üməyyə xəlifələrindən üz döndərib Əhli-Beyt məktəbinə tərəf yönələcəkdilər. Deməli, zalım padşahlar həmişə xalqı müqəddəs islam dininin yatmış kütlələri oyadan qayda və qanunlarından xəbərsiz qoyub onların haqq yoldan uzaq düşmələrinə şərait yaradırdılar.
Geriyə | Mündəricat | Növbəti |