Geriyə | Mündəricat | Növbəti |
İnsan yalnız kamil qanun və onun düzgün icrası nəticəsində günahdan və pozğunluqdan təmizlənə bilər. Kamil qanun elə bir qanundur ki, insanda olan bütün xüsusiyyətləri nəzərə alıb, onu təkamülə və səadətə çatdırsın. Belə bir qanun ilahi qanundan başqası ola bilməz. Çünki Allah-taala insanın xaliqidir onun bütün maddi və mə’nəvi xüsusiyyətlərindən, eləcə də onu səadətə çatdıran bütün qayda və qanunlardan agahdır. Bu səbəbdən bəşər qanunları cəmiyyətdə günaha şərait yaradan amillərdən biridir. Belə qanunların əksəriyyəti naqis olduğları üçün insanları səadətə yox, bədbəxtliyə tərəf sürükləyir.
İmam əli (ə) buyurur:
اِنَّما بَدْءُ وُقُوعِ الْفِتَنْ اَهْواءٌ تُتَّبَعُ، وَاَحْكامٌ تُبْتَدَعُ، يُخالَفُ فِيها كِتابُ اللهِ
«Cəmiyyətdə pozğunluğa səbəb olan amillər nəfsani istəklərə tabe olmaq Allahın kitabı ilə ziddiyyətdə olan qondarma qanunlara tabeçilik etməkdir».[18]
Burada bəşər qanunlarından bir neçəsini qısa şəkildə şərh edək:
1. Qadınların hicabının ləğv edilməsi və onlara hədsiz azadlıq vermək.
2. Qisas, hüdud və diyə kimi ilahi qanunların ləğv edilməsi.
3. Kişinin kişi ilə, qadının qadın ilə evlənməsi.
4. Qadına öz ərini boşamaq ixtiyarını vermək.
5. Qızlarla oğlanların bir yerdə təhsil almaları.
6. Evlənmək qanunlarını çətinləşdirmək.
7. Müvəqqəti evlənməyin qadağan edilməsi və razılıqla zinakarlığa icazə verilməsi.
8. Spirtli içkilərin alış-satışına icazə verilməsi.
9. Xüsusiyyətçiliyin ləğvi.
10. Sələm müamiləsinə icazə vermək.
11. «Yaxşı işlərə də’vət etmək və pis işlərdən çəkindirmək» kimi ilahi qanunları qadağan etmək.
12. Kişi müəlliminin qadınlara və qadın müəlliməsinin kişilərə dərs deməsi.
13. Qumarbazlığa icazə vermək.
14. Seks şəkillərinin və kinolarının yayılmasına icazə vermək və s.
15. Abort və uşaq saldırmaq.
Bu kimi qanunların cəmiyyətdə olması, cəmiyyəti və insanları əxlaqsızlığa yönəldib onların müxtəlif günahlara düşmələrinə şərait yaradır.
İlahi qanunları təhrif etmək günaha səbəb olan amillərdən biridir. Təhrif o deməkdir ki, ilahi bir qanunu dəyişdirib, bəşər qanunlarından ona artırasan. Belə halda ilahi və bəşər qanunlarının birləşməsindən ibarət yeni bir qanun yaranacaq. Bu cür qanunu ilahi bir qanun kimi tanıtdırmağa təhrif və ya bid’ət deyilir. İmam Əli (ə) buyurur: «Əgər batil haqdan tamamilə ayrılsaydı, haqq onu axtaranlara gizli qalmazdı. Və əgər haqq batildən tamamilə saflaşsaydı, daha düşmənlər haqqa qarşı mübarizə apara bilməzdilər.»
O Həzrət sözünün davamında buyurur:
وَ لكِنْ يُؤْخَذُ مِنْ هذا ضِغْثٌ، وَمِنْ هذا ضِغْثٌ، فَيُمْزَجانِ فَهُنالِكَ يَسْتَوْلِي الشَّيْطانُ عَلى اَوْلِيائِهِ
«Lakin (çox təəssüf ki,) haqdan bir hissə və batildən bir hissəni seçib bir-biri ilə qatışdırırlar. Elə bu vaxt şeytan öz dostlarına qələbə çalır».[19]
Müqəddəs islam dinində qanuna ehtiram göstərmək ən mühüm məsələlərdən biridir. Hər bir kəs qanuna e’tinasızlıqdan və yaxud qanuna əl gəzdirib onu dəyişdirməkdən ciddi surətdə çəkinməlidir. Bu məsələ islam dinində o qədər əhəmiyyətlidir ki, bu dində ilahi qanunu dəyişdirən şəxs üçün e’dam hökmü tə’yin olunmuşdur. Qanunu dəyişdirmək o deməkdir ki, bir şəxs islam dinində olan ilahi qanunlardan hər hansı birini azaltsın və yaxud özündən ona bir şey artırsın, yaxud dində halal olan bir şeyi haram və ya haram bir şeyi halal etsin. Qur’anda və hədislərdə qanuna ehtiram qoymağın əhəmiyyətli olmasına gözəl bir nümunə Əyyub peyğəmbərlə onun həyat yoldaşının həyatıdır. Orada belə oxuyuruq: «Əyyub peyğəmbər (ə) çoxlu müsibətlərə mübtəla oldu. Lakin bunların hamısına qarşı sinə gərib müqavimət göstərdi. Günlərin bir günü (həyat yoldaşının evə gec qayıtdığından) çox narahat oldu və and içdi ki, sağaldıqdan sonra həyat yoldaşını yüz şallaq zərbəsi ilə tənbeh etsin. Amma sağaldıqdan sonra həyat yoldaşının ona göstərdiyi mehribançılıqlara görə onu bağışlamaq istədi. (Lakin o bunu edə bilməzdi) Çünki o, Allaha and içmişdi. Allaha and içdikdən sonra ona əməl etmək isə bir ilahi qanundur. Onu pozmaq olmaz. Bu vaxt ona Allah tərəfindən belə xitab edildi:
وَخُذْ بِيَدِكَ ضِغْثاً فَاضْرِبْ بِهِ وَلا تَحْنَثْ اِنّا وَجَدْناهُ صابِراً نِعْمَ الْعَبْدُ اِنَّهُ اَوّابٌ
«Əyyuba dedik: Əlinə bir dəstə çubuq götür, onunla vur ki, öz andını pozmayasan», həqiqətən biz onun səbrini gördük. O, nə gözəl bəndə idi! Şübhəsiz, Allaha üz tutan idi».[20]
Əyyub peyğəmbərin həyat yoldaşı çox mehriban və ərinə vəfalı bir qadın idi. Ona görə də onun bu xətasının cəzası yüngül oldu (və o, nazik bir xurma ağacı ilə, yüngül tənbeh olundu). Lakin o biri tərəfdən andı pozmağa və qanunsuzluğa da yol verilə bilməz. Yüngül də olsa, and yerinə yetirilməli idi. Deməli, Əyyub öz həyat yoldaşına Allah tərəfindən azaldılsa da, cəza verdi, həm də andına əməl edib, qanunu pozmadı.[21]
İslam dinində cəza tədbirinin bu formada azaldılması bə’zi vaxtlar xəstə cinayətkarlara da şamil edilir. Bə’zi rəvayətlərdə belə oxuyuruq: Xəstə bir zinakarı Peyğəmbərin hüzuruna gətirdilər. Bu vaxt o şəxsə yüz şallaq zərbəsi vurulmalı idi, (İslam dininin cəza qanunlarına əsasən). Lakin Peyğəmbər yüz şaxəsi olan bir xurma budağı ilə o xəstəyə bir dəfə vurub, bununla kifayətləndi.
Hədislərin birində isə belə oxuyuruq: Qarın və budları xəstə olan bir zinakar kişini xəstə bir qadınla zina etdiyi üçün Peyğəmbərin hüzuruna gətirdilər.
Peyğəmbər əmr etdi:
فَاَمَرَ رَسُولُ اللهِ يَعَذْق فِيهِ شِمْراخٌ فَضَرَبَ بِهِ الرَّجُلَ ضَرْبَةً، وَضَرَبَتْ بِهِ الْمَرْئَةَ ضَرْبَةً ثُمَّ خُلِيِّا سَبِيلَهُما
«Üstündə yüz xurma yarpağı olan bir ağac gətirin. Həzrət onunla bir zərbə kişiyə, bir zərbə də qadına vurub onları azad etdi».[22]
Bir məsələni qeyd etmək lazımdır ki, bu cür güzəştlər istisna halındadır. Başqa vaxtlar isə heç bir güzəşt yoxdur: qanun hökmən icra olunmalıdır. Hətta güzəştə getməyin vacib olduğu məqamlarda belə qanunun icrası tamamilə tərk olunmur. Çünki islam dinində qanunsuzluqlara qarşı ciddi surətdə mübarizə aparılır və əgər qanun icra olunmazsa, bütün cəmiyyət buna öz e’tirazını bildirəcəkdir.
Bid’ət (dində olmayan şeyi qanun kimi dinə daxil etmək) islam dinində böyük günahlardan biri sayılır. Bu işə dinimizdə qanuna təcavüz kimi baxılır. Bu barədə aşağıdakı hədislərə nəzər salaq:
1. İmam Əli (ə) buyurur:
وَاِنَّ شَرَّ النّاسِ عِنْدَ اللهِ اِمامٌ جائِرٌ ضَلَّ وَضُلَّ بِهِ فَاَماتَ سُنَّةً مَأْخُوذَةً وَاَحْيا بِدْعَةً مَتْرُوكَةً
«Allah dərgahında insanların ən pisi, özü əyri yolda olub, camaatı da bu yola çəkən və xalqın qəbul etdiyi adət-ən’ənələri götürüb, yerinə yabancı adət-ən’ənələri gətirən dövlət rəhbəridir».[23]
2. İslam Peyğəmbəri Həzrəti Məhəmməd (s) buyurur:
اِذا ظَهَرَتِ الْبِدَعُ فِي اُمَّتِي فَلْيُظْهِرُ الْعالِمُ عِلْمَهُ فَمَنْ لَمْ يَفْعَلْ فَعَلَيْهِ لَعْنَةُ اللهِ
«Ümmətimin arasında bid’ətlərin çoxaldığı zaman din alimlərinin vəzifəsidir ki, öz elmlərini camaata aşkar etsinlər (bid’ət qoyan adamların əleyhinə mübarizə aparsınlar). Onlar bunu etməsələr, onda Allahın lə’nəti onlara olsun».
3. O həzrət başqa bir hədisdə belə buyurur:
كُلُّ بِدْعَة ضَلالَةٌ وَكُلُّ ضَلالَة سَبِيلُها اِلَى النّارِ
«(İslam dinində qoyulan) hər bir bid’ət yaratmaq, azğınlıq və haqq yolundan çıxmaqdır. Bütün bu azğınlıqların da nəticəsi cəhənnəm atəşidir».[24]
4. İmam Əli (ə) buyurur:
مَنْ مَشى اِلى صاحِبِ بِدْعَة فَوَقَّرَهُ فَقَدْ سَعى فِي هَدْمِ الاِْسْلامِ
«Hər kəs bid’ətçi bir şəxsin görüşünə getsə və ona hörmət göstərsə İslam dininin məhv olmasına çalışır».[25]
Faris ibni Hatəm zəmanəsinin ən məşhur yalançısı və bid’ətçisi idi. O, xalqı özünün yaratdığı fasid və eybəcər məzhəbə də’vət edirdi. İmam Hadi (ə) Əba Cünəydə onu e’dam etmək fərmanını verdi. İmam Həsən əskəri (ə) da onun qanını hədər bilib onu öldürənin behiştə getməsinə zamin olduğunu e’lan etdi. Əba Cünəyd o əmri yerinə yetirərək həmin bid’ətçini qətlə yetirdi.[26]
İslam fikir azadlığı dinidir. Bu dində bir kəs öz əqidəsini başqasına məcburən qəbul etdirə bilməz. Lakin belə bir sual yarana bilər ki, onda nə üçün bu dinin qayda və qanunlarını rədd edən və islamla mübarizə aparan kitabların oxunması haram və onların satışı qadağandır? Bu sualın qısa cavabı belədir: Bu cür kitabların oxunması islam dinini çox dərindən bilməyən müsəlmanlara haramdır. Çünki onların dünya görüşü və islam dininin kökləri və qanunları haqqındakı fikir səviyyələri aşağı olduğundan belə kitabların oxunması, onların əqidələrinin pozulmasına səbəb ola bilər.
Cəmiyyətdə günaha zəmin yaradan səbəblərdən biri də elə bu növ kitabların oxunmasıdır.
Sualın izahlı cavabı isə belədir: İnsanların bədən qüvvəsi müxtəlif olduğu kimi, onların fikir səviyyələri də eyni deyil. Məsələn, onlardan bə’zisi sadə bir riyaziyyat məsələsini həll etməkdə acizdirlər, amma bə’ziləri isə kompüter sür’əti ilə ən çətin məsələləri belə həll etməyə qadirdirlər.
Buna əsasən yüksək düşüncəyə malik olan (və islam dinini dərindən bilən) alimlər üçün belə kitabların oxunması haram deyil. Çünki onlar öz elmi bilikləri ilə düzgün və batil sözləri bir-birindən seçməyə qadirdilər. Lakin savadı az olan və yüksək bilik səviyyəsinə malik olmayan şəxslərə bu cür kitabların oxunması və yaxud belə sözlər haqqında mə’lumat verilməsi xətərli və zəhərləndiricidir. İslam düşmənləri haqq dinlə mübarizədə bu üsuldan müntəzəm istifadə ediblər və edirlər. Onlar yalan və riya ilə yoğrulmuş fikirlərlə dolu olan belə kitabları yaymaqla müsəlmanları əyri yollara sövq edirlər. Yuxarıda qeyd etdiklərimizin şahidi kimi bu nümunəyə diqqət edək. İslam dini zühur edəndə yəhudi alimləri öz mövqelərini itirəcəklərindən qorxub, Tövratda qeyd olunan və İslam Peyğəmbərinə aid olan əlamətləri dəyişdirdilər. Özlərindən başqa əlamətlər artırdılar ki, guya bu nişanələrə malik şəxs peyğəmbər olacaq! Bu əlamətlər Tövratdakı əlamətlərlə zidd idi. Onların bu işdə məqsədi yəhudi xalqını islam dinindən uzaqlaşdırmaq idi. Əks halda yəhudilər axirəz-zəman Peyğəmbərə məxsus nişanələri məhz Həzrəti Məhəmməd (səlavatullah)- da görüb bunu mö’cüzə kimi qəbul edəcək və İslam dininə daxil olacaqlar. (Çünki o əlamətlər İslam Peyğəmbərində var idi). Bu vaxt «Bəqərə» surəsinin 78-ci ayəsi belə alimlərin haqqında nazil oldu.
Allah-taala bu ayədə buyurur:
فَوَيْلُ لِلَّذينَ يَكْتُبُونَ الْكِتابِ بَاَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هذا مِنْ عِنْدِ اللهِ لَيَشْتَرُوا بِهِ ثَمَناً قَلِيلاً فَوَيْلٌ لَهُمْ مِمّا كَتَبَتْ اَيْدِيهِمْ وَوَيْلٌ لَهُمْ مِمّا يَكْسِبُونَ
«Vay o adamların halına ki, əlləri ilə kitabı yazıb sonra onu dəyər-dəyməzinə satmaq naminə «Bu Allahın göndərdiyidir» deyərlər. Vay əllərinin yazdıqlarına! Vay qazan-dıqlarına».
Bu ayənin təfsirində oxuyuruq:
Bir tacir Fars vilayətinə gəlib Rüstəm və İsfəndiyarın dastanını öyrəndi və Ərəbistana qayıtdı. Qayıtdıqdan sonra o, hər yerdə belə deyirdi: Əgər Məhəmməd Ad və Səmud qovmünün başına gələn faciəni (dindən döndüklərinə görə) deyirsə, mən də Rüstəm və İsfəndiyarın dastanını deyirəm. Bu vaxt «Loğman» surəsinin 6-cı ayəsi bu kişinin məzəmmətində nazil oldu.
Təlqin etmək və bir şəxsə kor-koranə tabeçilik insanların tərbiyəsində rol oynayan ən mühüm məsələlərdən biridir. Bu iki amildən düzgün istifadə olunsa insanın həyatında yaxşı işlərə meyl etməsinə səbəb olacaq, əks halda isə cəmiyyətdə günahın çoxalmasına gətirib çıxaracaq. Bu iki ifadənin hər birinin ayrı-ayrılıqda izahına diqqət yetirək.
TƏLQİN
Qur’anda bə’zi kəlmələr və yaxud ayələr tez-tez təkrar olunmuşdur. Belə təkrarların böyük faydası var. Lakin ən mühüm faydası da odur ki, Qur’an təlqin məsələsindən istifadə edərək, insanları bu ayələrin və ya kəlmələrin haqqında daha çox fikirləşməyə də’vət edir. Misal olaraq, «Allah» və «İlah» kəlmələri Qur’anda 2807 dəfə təkrar olubdur. Yaxud (Allah hər şeyə qadirdir.)
اِنَّ اللهَ عَلى كُلِّ شَـْيء قَدِير
ayəsi və bu məzmunda olan ayələr 45 dəfə gəlmişdir. «Ərrəhman» surəsinin 78 ayəsi var. Bu surədə
فِبَاَيِّ آلاء رَبُّكُما تُكَذِّبانِ
«Elə isə Rəbbinizin hansı ne’mətini danırsınız?» ayəsi 31 dəfə təkrar olunmuşdur.
«Mürsəlat» surəsində aşağıdakı ayə 10 dəfə təkrar olunmuşdur:
وَيْلُ يَوْمَئِذ لِلْمُكَذِّبِينَ
«O gün vay halına haqqı danan şəxslərin!»
Bu ayə «Tur» surəsinin 11-ci və «Mütəffifin» surəsinin 10-cu ayəsində də gəlmişdir. Nəhayət «Qəmər» surəsində aşağıdakı ayə 4 dəfə təkrar olub:
وَلَقَدْ يَسَّرْنا لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِر
«Biz Qur’anı yaddaş üçün asan (sadə) elədik. Kim bu Qur’andan istifadə etmək istəyir». Dediyimiz kimi Qur’andakı bu təkrarlar təlqin üçündür. Yə’ni Allah-taala bu mətləbləri çoxlu təkrar edir ki, bizim qəlbimiz və ruhumuzla qaynayıb qarışsın. Təlqinin izahına Peyğəmbərimizin bir hədisi ilə yekun vururuq:
O həzrət buyurur:
لا تُلَقِّنُوا الْكَذّابَ فَتَكْذِبُوا...
«Yalan danışan adamlara yalanın yolunu təlqin etməyin (öyrətməyin). Necə ki, Yə’qub peyğəmbər öz oğlanlarına canavarın insanı da yeməsini öyrətməsəydi, onlar bunu bilməzdilər». (Nəticədə qardaşları Yusifi quyuya atdıqdan sonra atalarına yalandan «onu canavar yedi» xəbərini verməzdilər).
TABEÇİLİK
Günahın yaranmasının mühüm amillərindən biri də başqasına gözü bağlı, kor-koranə tabeçilik edib onun sözünə qulaq asmaqdır. Bir kimsəyə tabe olmağın bir neçə növü var:
1. Alimin alimə tabeçiliyi.
2. Alimin nadan (cahil) şəxsə tabeçiliyi.
3. Nadanın nadana tabeçiliyi.
4. Nadan şəxsin alimə tabeçiliyi.
Bunların arasında nadanın alimə tabeçilik etməsi daha düzgündür. Birinci növ tabeçilik isə bə’zi vaxtlar düzgün, bə’zi hallarda isə səhv nəticələr verir. Lakin cahil və nadan şəxsin başqa bir nadana tabe olması, yə’ni onun hər əmrinə kor-koranə tabe olması və eləcə də alimin nadana itaət etməsi gözübağlı tabeçilik adlanır. Bu növ tabeçilik bə’zi hallarda cəmiyyətdə ən ağır cinayətlərə səbəb olur. Gözübağlı tabeçilik o deməkdir ki, insan həyatda müstəqil olmasın və həmişə başqalarına zillətli bir bağlılıqla yaşasın. Bu isə insanın həyatının puç və mə’nasız olmasına gətirib çıxaracaq. «İbrahim» surəsinin 10-cu ayəsində oxuyuruq: «Allahın peyğəmbərləri camaatı bütlərə yox, yeganə Allaha pərəstiş etməyə də’vət edirdilər. Bütpərəstlər isə onların cavabında deyirdilər:
اِنْ اَنْتُمْ اِلاّ بَشَرٌ مِثْلُنا تُرِيدُونَ اَنْ تَصُدِّونا عَمّا كانَ يَعْبُدُ آبائُنا
«Siz də bizim kimi sadəcə bir bəşərsiniz. İstəyirsiniz bizi ata-babalarımızın dinindən döndərəsiniz».
Keçmiş ata-babalara gözü bağlı, kor-koranə tabe olmaq və onların yolunu davam etdirmək müşriklərin peyğəmbərlərin qarşısında əsassız məntiqləri və dəlilləri idi. Elə məhz bu cür mənfi fikirlər onlara öz əxlaqsızlıqlarından və əyri yollarından dönüb islam dinini qəbul etməyə icazə vermirdi.
«Bəqərə» surəsinin 170-ci ayəsində oxuyuruq:
Geriyə | Mündəricat | Növbəti |