Geriyə | Mündəricat | Növbəti |
«O gün hər kəs qardaşını, anasını, atasını, arvadını, oğul-uşağını qoyub qaçar, hamı öz hayına qalar».
Bunlar Qur’anda qiyamət günü haqqındakı ayələrdən bir neçəsi idi. Elə bir gün ki, günahkarlar o gündə peşman olacaqlar. Hamı bu dünyada etdikləri işlərin nəticəsini görəcək. Bu barədə olan mühüm vəzifələrdən biri də odur ki, qiyamət günü həmişə bizim yadımızda olsun. Çünki qiyamət gününə tam yəqinliyimiz olsa onu yada salmaq bizim tərbiyəmizin doğru istiqamətə yönəlməsinə güclü tə’sir edəcəkdir.
«Mütəffifin» surəsinin 5-7-ci ayələrində oxuyuruq:
اَلا يَظُنُّ اُولئِكَ اِنَّهُمْ مَبْعُوثُونَ ـ لِيَوْمِ عَظِيم ـ يَوْمَ يَقُومُ النّاسُ لِرَبِّ الْعالَمِينَ
«(Az satanlar və tərəzidə camaatı aldadanlar) Məgər bilmirlər ki, o böyük gün gələndə diriləcəklər?! O gün insanlar qəbirdən qalxaraq aləmlərin Rəbbinin hüzuruna axışarlar.»
Peyğəmbərlər, İmamlar və böyük İlahi şəxsiyyətlər həmişə axirət həyatı haqqında fikirləşir və bir an da bu fikirdən qafil olmurlar. Peyğəmbər və imamlar camaatı Allah yoluna də’vət edərkən Allaha əqidə və axirət aləminə inamlı olmağı iki mühüm məsələ kimi qeyd edirdilər. İlahi şəxsiyyətlər günəş hərarətini görəndə də qiyamət gününü xatırlayırdılar. Bir gün İmam Əli (ə)-ın qardaşı Əqil o Həzrətdən müsəlmanların pulundan (beytül-maldan) ona kömək etməsini xahiş etdi. İmam odda qızmış bir dəmiri götürüb qardaşının əlinə tərəf apardı. Əqil qorxub bu işə e’tiraz edəndə İmam buyurdu: «Sən insan əlində oyuncaq olan bir atəşdən qorxursan, amma qardaşını Allahın qəzəbi ilə şö’lələnən atəşə tərəf çəkmək istəyirsən».
İmam Əli (ə) başqa bir söhbətində buyurur:
وَاتَّقُوا ناراً حَرُّها شَدِيدٌ وَقَعْرُها بَعِيدٌ وَحِلْيَتُها حَديدٌ، وَشَرابُها صَدِيدٌ
«Qorxun o atəşdən ki, hərarəti və dərinliyi çoxdur. Onun zinəti dəmir zəncir və içkisi qaynar sudur».
Bir gün Salman Kufənin dəmirçi bazarından keçirdi. Gözü nə’rə çəkib huşsuz halda yerə yıxılan bir cavana sataşdı. Camaat o cavanın ətrafına toplaşdılar. Amma Salmanı orada görəndən sonra ona dedilər: Deyəsən bu cavanın beynində xəstəlik var. Onun qulağına bir dua oxu. Bəlkə sağaldı. Salman dua oxudu və cavan ayağa qalxdı. O, Salmanı görəndə dedi:
Mən xəstə deyiləm. Lakin dəmirçilərin bazarından keçərkən onların qızmış dəmirləri döymələrini görüb bu ayəni xatırladım:
وَلَهُمْ مَقامِعُ مِنْ حَدِيد
«Cəhənnəm mə’murlarının şallaqları varlarıdır». (“Həcc”, 21)
Allahın əzabının qorxusundan ağlım başımdan çıxdı və yerə yıxıldım.
Salman onun bu sözlərindən sonra onunla dost oldu. Bu hadisədən bir müddət keçdi. Salman bir neçə gün dostunu görmədi. Bildi ki, xəstədir. Onun evinə getdi. Başı üstünə çatanda onu can verən halda gördü. Bu vaxt Salman əzrailə xitab edib dedi:
يا مَلَكَ الْمَوْتِ اِرْفَقْ بِاَخِي
«Ey ölüm mələyi! Mənim dostumla mehriban ol»
Əzrail dedi:
اِنّي بِكُلِّ مُؤْمِن رَفِيقٌ
«Mən bütün mö’minlərlə mehribanam».
İnsanı günah qarşısında nəzarətdə saxlayan amillərdən biri də bütün işlərin Peyğəmbər və İmamlara təqdim edilməsinə əqidəli olmaqdır. Yə’ni Allah-taala müəyyən yollarla insanların işlərini İslam Peyğəmbərinə və İmamlara təqdim edir. Bu işlər yaxşı olsa, onlar sevinir; yox əgər günah işlər olsa, onlar narahat olurlar. Biz insanlar belə bir əqidədə olsaq əməllərimizə qarşı daha diqqətli olarıq. Çünki biz öz Peyğəmbərimiz və İmamlarımızın narahatlığını istəmirik. «Tövbə» surəsinin 105-ci ayəsində oxuyuruq:
وَقُلِ اعْمَلُوا فَسَيَرى اللهُ عَمَلَكُمْ وَرَسُولُهُ وَالْمُؤْمِنُونَ وَسَتَرَدَّوْنَ اِلى عالِمِ الْغَيْبِ وَالشَّهادَةِ فَيُنَبِئُّكُمْ بِما كُنْتُمْ تَعْمَلُون
«De ki, işinizdə olun, onsuz da etdiyiniz işləri Allah, Rəsulu və mö’minlər (İmamlar) görəcəkdir. Tezliklə aşkarda və gizlində edilən işləri bilənin dərgahına qayıdacaqsınız. Sizi etdiyiniz işlərdən xəbərdar edəcək».
Bu barədə çoxlu hədislər də vardır. «Üsuli-kafi» kitabında bu barədə bir bölmə var ki, altı hədisdən ibarətdir. Bu hədislərin bə’zisində oxuyuruq:
İnsanların yaxşı və pis işləri hər gün sübh çağı İslam Peyğəmbərinin hüzuruna təqdim olunur. Lakin bu hədislərdən bə’zisində təqdim olunma vaxtı cümə axşamı kimi qeyd olunmuşdur. Həmçinin, bu hədislərin müəyyən hissəsində əməllərimizin İmamların hüzuruna çatmasını da qeyd edirlər.
Şübhəsiz, insanı günahlardan qoruyan bir amil də həmişə ölümü yada salmaqdır.
İslam Peyğəmbəri buyurur:
اَكْثِرُوا ذِكْرَ الْمَوْتِ، فَاِنَّهُ يُمَحِصُّ الذُّنُوبَ
«Ölümü tez-tez yada salın. Çünki bu iş günahları təmizləyir».
İmam Əli (ə) buyurur:
اَلْمَوْتُ اَلْزَمُ لَكُمْ مِنْ ظِلِّكُمْ
«Ölümlə rabitə sizə kölgənizdən də möhkəmdir». (Yə’ni ölümlə əlaqəniz sizə kölgənizdən də yaxındır).
Günahları təmizləyən amillərdən biri də günahların tə’sir və nəticəsindən qorxmaqla Allahdan həya etməkdir. İmam Sadiq (ə) buyurur: Bir şəxsin ki, Allahın onu gördüyündən, söhbətini eşitdiyindən və bütün gördüyü pis, yaxşı işlərdən xəbərdar olmasından yəqinliyi var, o şəxs pis işlər görməz, və öz Allahından həya edib, günahlardan qorunar.»
O Həzrət başqa hədisdə buyurur:
«Allahdan elə həya et ki, elə bil onu görürsən və sən Onu görməsən də O səni görür».
İslam Peyğəmbəri buyurur:
«Mö’min günahı belə təsəvvür edir: Sanki böyük bir daşın altında durub və o daşın uçmağından qorxur. Amma kafirin günaha münasibəti onun burnunun yanından keçən bir milçəyin vızıltısına bənzəyir».
İmam Əli (ə) buyurur:
لا تَخَفْ اِلاّ ذَنْبَكَ
«Öz günahından savayı heç bir şeydən qorxma!»
İmam Sadiq (ə) buyurur:
اَلْعَجَبُ مِمَّنْ يَخافُ الْعِقابَ وَلَمْ يَكُفَّ
«Təəccüb edirəm o şəxsə ki, Allahın əzabından qorxur, bununla belə günah edir».
Yə’ni Allahın əzabından qorxan şəxs, heç vaxt günah etməz.
İslamda düzgün ibadətin digər mə’nəvi faydaları ilə birlikdə insanı günahdan qorumaqda da mühüm rolu vardır. Ümumiyyətlə ibadət etməkdə məqsəd Allahı tanımaqdan sonra günahlardan qorunmaqdır. İslam dinində bütün ibadətlər təkcə Allaha görə olmalıdır. Bu niyyətlə hər gün ibadət etmək insanın Allahla rabitəsini möhkəmləndirir. İnsanı Ona daha yaxın edir. «Bəqərə» surəsinin 183-cü ayəsində oruc tutmağın son məqsədi günahlardan təmizlənmək kimi qeyd olunmuşdur. «Ənkəbut» surəsinin 45-ci ayəsində isə namaz qılmaqdan məqsəd günahlardan uzaqlaşmaq kimi bildirilmişdir. Bu barədə bir çox hədislər də vardır:
1. İslam Peyğəmbəri buyurur:
مَثَلُ الصَّلواةِ كَمَثَلِ النَّهْرِ الجارِي، كُلَّما صَلّى، كُفِّرَتْ ما بَيْنَهُما
«Namaz axar su kimidir. İnsan namaz qılarkən etdiyi günahlar təmizlənir».
2. İmam Sadiq (ə) buyurur:
مَنْ اَحَبَّ يَعْلَمَ اَقُبِلَتْ صَلاتُهُ اَمْ لَمْ تُقْبَلْ فَلْيَنْظُر: هَلْ مَنَعَتْ صَلاتُهُ عَنِ الْفَحْشاءِ وَالْمُنْكَرِ؟ فَبِقَدْرِ ما مَنَعَتْهُ قُبِلَتْ مِنْهُ
«Namazının Allah dərgahında qəbul olub-olmamasını bilmək istəyən şəxs namazına baxmalıdır. İbadət edənin namazı onu günahdan nə qədər çəkindirirsə, bir o qədər də Allah dərgahında qəbuldur».[81]
3. İmam Əli (ə) buyurur:
وَالصَّلاةَ تَنْزِيهاً عَنِ الْكبْرِ... واَالنَّهيَ عَنِ الْمُنْكَرِ رَدْعاً لِلسُّفَهاء
«Allah-taala namazı lovğalıqdan (təkəbbürdən) uzaq olmaq üçün vacib etdi».
Günahlardan təmizlənməkdə diqqət olunası mövzulardan biri də günahların müalicə yollarıdır.
Hər bir günahın öz dərmanı və öz müalicə yolu vardır. Bu mövzu əxlaq elmində geniş surətdə araşdırılır. Lakin biz burada bir neçə mövzunu açmağa kömək edən hədisə işarə edirik.
1. Əmmar Yasir deyir: «Kufə şəhərinin küçələrinin birindən keçirdim. Bu zaman İmam Əli (ə)-ı gördüm. Bir dəstə adam onun başına toplaşmışdı. O Həzrət isə günahların hər birinin müalicə yollarını onlara öyrədirdi».
İmam Əli (ə) başqa bir hədisdə buyurur:
لا وَجَعَ اَوْجَعُ لِلْقُلُوبِ مِنَ الذُّنُوب
«Qəlblərin ən çətin dərdi günah dərdidir».[82]
2. İmam Baqir (ə) buyurur:
لِكُلِّ داء دَواءٌ، وَدَواءُ الذُّنُوبِ اَلاِْسْتِغْفارُ
«Hər dərdin dərmanı var. Günahların dərdi isə tövbədir».
3. İmam Əli (ə) buyurur:
داوُوا بِالتَّقْوى اَلاَْسْقامَ
«Təqvanın (günah etməməyin) vasitəsi ilə dərdlərinzə dərman edin».
Burada günahların müalicə yollarından biri haqqında söhbət açacağıq.
Belə ki, qeybət etməyə adət edən şəxs bu günahı iki yolla müalicə edə bilər.
1. Qeybət haqqında olan ayə və hədisləri oxusun və onun haqqında deyilən ilahi əzablar barədə fikirləşsin.
2. Qeybəti diqqətlə araşdırıb və təhlil etsin. Sonra qeybətə səbəb olan həsəd, lovğalıq, paxıllıq və bu kimi amilləri tanısın, daha sonra bu amilləri məhv etməyə çalışsın. Bu vaxt qeybətə səbəb olan amillərin məhv olmasına görə qeybəti də tərk etmək asan olacaq.
İslam dinində bütün camaata vacibdir ki, tam qüdrətlə günahkarları pis yoldan və etdiyi günahlardan çəkindirsinlər. Bu məsələ o qədər əhəmiyyətlidir ki, İmam Sadiq (ə) buyurur:
اِنَّ الاَْمْرَ بِالْمَعْرُوفِ وَالنَّهْيَ عَنِ الْمُنْكَرِ سَبِيلُ الاَْنْبِياء وَمِنْهاجُ الصُّلَحاء فَرِيضَةٌ عَظِيمَةٌ، بِها تُقامُ الْفَرائِضُ وَتَأمَنُ الْمَذهِبُ وَتُحِلُّ الْمَكاسِبُ وَتُرَدُّ الْمَظالِمُ وَتُعْمَرُ الاَْرْضُ وَيُنْتَصَفُ مِنَ الاَْعْداء وَيَسْتَقِيمُ الاَْمْرُ
«Əmr be mə’ruf (yaxşı işlərə də’vət etmək) və nəhy əz münkər (pis işlərdən çəkindirmək) Peyğəmbərin və saleh adamların yolu və iki böyük ilahi vaciblərdəndir. Bu iki vacibin vasitəsi ilə başqa vaciblərə əməl olunur, yollarda əmin-amanlıq yaranır, camaatın qazandığı pullar halal olur və xalqın hüququ tə’min olunur. Həmçinin, bu iki vacibin köməyi ilə yerlər abad olur, düşmənlərdən intiqam alınır və bütün işlər öz yoluna düşür».
İslam dinində insanları pis işlərdən çəkindirib, düz yola hidayət etməyin yolları müxtəlifdir. Allah-taala öz Peyğəmbəri Həzrəti Məhəmməd (s)-ə xitab edib buyurur:
اُدْعُ اِلى سَبِيلِ رَبّكَ بِالْحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ وَجادِلْهُمْ بِالَّتي هِيَاَحْسَنُ
«Onları hikmətlə, gözəl-gözəl öyüdlərlə Allah yoluna də’vət et və onlarla mübahisədə ən yaxşı yollardan istifadə et!» («Nəhl», 125)
«Mö’minun» surəsinin 96-cı ayəsində buyurur:
اَدْفَعْ بِالَّتي هِيَ اَحْسَنُ السَّيِّئَةِ
«Pisliyi özündən kənar edəndə daha yaxşı bir üsulla bunu et».
İslam dinində bə’zi vaxtlar günahkar şəxs ictimai cəhətdən tənbeh olmalıdır. Bu barədə bir neçə nümunəyə diqqət yetirin.
1. «Nur» surəsinin 3-cü ayəsində qeyd olunur ki, zinakarların tənbehi budur ki, onlar pak qadınlarla evlənə bilməzlər.
2. Həmin surənin 4-cü ayəsində isə göstərilir:
«Pak və iffətli şəxslərə şahid olmadan böhtan atan şəxsin tənbehi budur ki, onların bu sözü qəbul edilmir və onlara şallaq vurulmalıdır».
3. «Tövbə» surəsinin 28-ci ayəsinə görə müşriklər Məscidül-Hərama daxil ola bilməzlər.
4. Həmin surənin 118-ci ayəsinə əsasən, İslam Peyğəmbəri, müsəlmanlar və hətta onların arvad-uşaqları, cihadda iştirak etməkdən boyun qaçıran üç şəxslə danışmamalıdır. Bu üç şəxs yaranmış vəziyyətə dözə bilməyib tövbə etdilər. Allahın fərmanı ilə Peyğəmbər onların tövbəsini qəbul etdi.
5. «Nisa» surəsinin 140-cı ayəsinə görə Qur’an ayələrini inkar və istehza edənlərlə oturub-durmaq qadağandır.
Günahkarla necə davranmaq haqqında çoxlu hədislər var. Onlardan bir neçəsini qeyd edirik.
1. İmam Əli (ə) buyurur:
اَدْنَى الاِْنْكارُ اَنْ تُلْقى اَهْلَ الْمَعاصِي بِوُجُوه مُكْفَهرَة
«Günahkarları pis işlərdən çəkindirməyin ən aşağı dərəcəsi, onlarla ağıllı (və qaşqabaqlı) davranmaqdır»
2. İmam Sadiq (ə) Haris ibn Müğəyrə adlı bir səhabəsinə buyurdu:
«Nə üçün filan dostunun pis iş törətdiyini eşidəndə onu tənbeh edib günahdan çəkindirmədin?»
Haris dedi:
«O mənim sözümü qəbul etməz».
İmam Sadiq (ə) buyurdu:
اُهْجُرُوهُمْ وَاجْتَنِبُوا مَجالِسَهُمْ
«Onunla oturub-durma və ondan uzaqlaş».
3. İmam Kazim (ə) zalım padşah haqqında buyurur:
«Mənim uca bir binanın üstündən düşüb parça-parça olmağım zalım padşahın sarayında işləməkdən və ya onların xalçasının üstünə qədəm qoymaqdan yaxşıdır»
Davud ibn Əli (Mədinə şəhərinin rəisi və cinayətkar şəxslərdən biri idi) Müəlla ibn Xünəysi (İmam Sadiqin böyük şagirdlərindən biri idi) öldürdü və onun bütün var-dövlətini müsadirə etdi.
İmam Sadiq (ə) bu xəbəri eşidəndə Davudun yanına gedib dedi:
«Sən mənim dostumu öldürdün və onun varını qarət etdin Allaha and olsun, sənə nifrin (qarğış) edəcəyəm».
Davud İmamın bu sözünə istehza edib dedi:
«Sən məni qarğış etməklə qorxudursan?!»
İmam Sadiq (ə) evinə qayıtdı və bütün gecəni namaz qılmaqla keçirtdi. Sübh vaxtı Allaha belə xitab etdi: «Ey qüdrətlilərin qüdrətlisi olan Allah! İlahi, Sənin elə bir izzətin var ki, bütün yaranışlar Sənin qarşında acizdirlər. Mənim intiqamımı bu zalımdan al!» Bu nifrindən bir saat keçməmişdi ki, Davudun ölüm xəbəri gəldi.
Bə’zən günahkarla mülayim və mehribanlıqla davranılmalıdır. Çünki belə davranış onları düz yola hidayət edəcək. Bu barədə maraqlı bir əhvalata diqqət yetirək. İmam Kazim (ə)-ın vaxtında xəlifənin yaxın adamlarından biri O Həzrəti görəndə ədəbsizlik edir və imama nalayiq sözlər deyirdi. Həmçinin o İmam Əli (ə)-a da xəyanət edirdi. Bir gün İmam Kazim (ə)-ın dostlarından bir neçəsi İmama dedilər: İcazə ver, onu öldürək! İmam isə qətiyyətlə bu işi məsləhət görmədi. O kişinin yerini soruşdu. Onun bir əkin sahəsində işlədiyini dedilər. İmam öz ulağına minib əkin yerinə tərəf yollandı və onun əkin sahəsinə girdi. Kişi uzaqdan qışqırdı: «Mənim yerimi ayaqlama». İmam isə yenə də öz ulağı ilə hərəkət edib o kişinin yanına gəldi. Ulaqdan düşüb xoş üzlə salam verdi. Sonra şirin-şirin sözlərlə onunla söhbətə başladı. İmam ondan soruşdu: Bu əkin yerinə nə qədər xərcin çıxıb?
Kişi cavab verdi: Yüz dinar.
İmam soruşdu: Bəs bu yerdən nə qədər məhsul götürməyə ümidin var?
O dedi: Mənim qeybdən xəbərim yoxdur!
İmam dedi: Mən səndən soruşdum ki, nə qədər məhsul götürməyə ümidin var?
Kişi cavabında dedi: 200 dinarlıq məhsul götürməyə ümid edirəm.
İmam Kazim (ə) içində 300 dinar pul olan bir kisəni ona verib buyurdu: Bunu al, götürəcəyin məhsul da sənin olsun!
İmamın bu davranışı o kişiyə o qədər tə’sir etdi ki, yerindən qalxıb İmamın alnını öpdü və dedi: «Məni bağışla, mənim təqsirlərimdən keç!»
Geriyə | Mündəricat | Növbəti |